ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
MIRZƏ FƏRƏC
HAQQINDA XƏTIRƏLƏRIM

Ruqiyyə RZAYEVA
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
BÜLBÜLÜN
III-cü AŞIQ QURULTAYINDAKI
MƏRUZƏRI 1961-ci IL

.
AZƏRBAYCAN MUSIQŞÜNASLARININ
TƏDQIQATLARINDA XALQ MUSIQISININ
JANR TƏSNIFATI

Yeganə ƏSƏDOVA
AZƏRBAYCAN XALQ
MUSIQISININ TOPLANILMASI VƏ
YAZIYA ALINMASINDA NIYAZININ ROLU

Fəttah XALIQZADƏ
MIRZƏ FƏRƏC
HAQQINDA XƏTIRƏLƏRIM

Ruqiyyə RZAYEVA

 


       Babam çox ailəcanlı idi. Heç birimizin əyin-başı onun yadından çıxmazdı. Indi Nizami küçəsində (əvvələr ora Torqovı deyərdilər) çoxlu mağazalar vardı. Mənimlə qardaşım Nəsiri aparardı, bizə qış gəlməmişdən çəkmə üstündən də qaloş alardı. Böyük bir mağazada ayaqqabılar yerdən tavana qədər yığılardı. Bir nəfər satıcı olurdu, babama hörmətlə çoxlu ayaqqabı yerə töküb göstərərdi. Babam isə ən yaxşısını bizə geyindirib, baxıb heç qiymətini də soruşmadan pulunu verərdi. Satıcı çox razı qalardı.

       Persidski (indiki Poluxin) küçəsində balaca dalanda Əliağa adında çox bacarıqlı, zərif əl işləri olan məşhur zərgər vardı. O, bizim ev zərgərimiz olub. Bütün bəzək əşyaları ona sifariş olunarmış. 60-cı illərdə sınmış üzüyü düzəltmək üçün onun evində olanda mənə babamla əlaqədar olan maraqlı söhbət danışdı: «Mirzə Fərəc bizim kimi kişilərin tayı döyürdü. Arvadı istəmək olar, ancaq bu qədər də ərköyün etmək olmaz. Tez-tez mənə sifariş edərdi, Güləndam gərək hər toya gədəndə ayrı cürə qızıl taxaydı. Bir sırğanı bir az taxandan sonra ürəyini vurardı, salıb həvəng-dəstədə əzərdi, deyərdi apar, Əliağa ayrı cürə düzəltsin. Nənəm çox xoşbəxt idi. Mən onunçun cürbəcür üzüklər, bilərziklər – şəbəkəli, zəncirvari, gül-gül, ən axırda həsir bilərzik düzəltdim. Taca oxşayan başlıq – ona cutqabağı deyərdilər – zümrüd, yaqut, almazla bəzəmişdim, şarlı, minalı, şəbəkəli, zəngli sırğalar mənim işim idi. Sonra soruşdu ki, yəqin mənim işlərimdən qalanı olar. Bu sözlə elə bil mənim yarama toxundu. Bir balaca dəmir sandıq vardı, hamısı orada idi. Babam vəfat edəndən sonra 30-cu illər bahalıq illəri idi, nənəm bəzi şeyləri satdı ki, uşaqlarım tənglik çəkməsin, 30-cu illərin əvvəlində hökumət evləri almaq üçün bir siyasət yürütdü. «Vərəsəlik naloqu» qoydu. Böyük miqdarda pul 3 günün ərzində əgər maliyyə şöbələrinə verilməsə, onda evin kupçisini gətirsin təhvil versin. O pulun miqdarı o qədər çox idi ki, məhəlləmizdə çoxusu evi hökumətə verdi. Özü öz evində kirayənişin oturdu. Nənəm iki gün ağladı. Yemədi, içmədi, dedi ki, Fərəcin qəbri od tutub yanar ki, mən onun evini saxlaya bilmədim. Sandıqcanı götürüb verdi atama, dedi ki, apar Zərgərpalana (Qasım Ismayılov küçəsinə Zərgərpalan deyirdilər) ver, naloqun pulunu düzəlt, ver hökumətə. Nənəmin etdiyi o böyüklükdə səhvi heç bağışlamaq olmur. Yerdə qalanlarının da o vaxt yenicə açılmış «Torqsin»ə verib parça və ərzaq alırdı.

       Yaşadığımız evi babam çox səliqəli tikdirmişdi. Yuxarıda qeyd etdiyim kimi, binanın tən yarısı, bir küçə qapısı, otaq, dəhliz, şüşəbənd ancaq babamın özünə məxsus idi.

       2-ci küçə qapısı və 4 otaq,böyük mətbəx, iki cərgə şüşəbənd isə ailəyə aid idi. Küçədən birinci otaq atamın və Ağabacı ilə mənim dərs hazırlamaq otağımız idi. Böyük divar şkafı Azərbaycan və rus dillərində bədii kitablarla dolu idi. «Dəbistan», «Şərq qadını», «Füyuzat», «Həyat», «Inqilab və mədəniyyət» jurnalları, «Kaspi», «Yeni yol» və başqa qəzetlər. Köhnə əlifba ilə «Hophopnamə», ərəbcə-rusca-azərbaycanca lüğətlər, «Qar qız», «Əhmədin ad günü», «Tülkü Həccə gedir», «Qoğal», «Əlcək», «Cəfər və Bəşir» və başqa uşaq kitabları var idi. Ikinci böyük otaq qonaq otağı idi. Buranın öz səliqəsi vardı. Böyük sumağı rəngində xalça, tavana qədər qara çərçivədə ayna (qabağı balaca hovuz kimi düzəlmişdi. Atam oraya balaca qızıl balıqlar buraxardı, dövrəsinə isə rəngli balaca lampalar düzülmüşdü, yananda qəribə mənzərə alınınırdı.) Divan dəsti (bir divan, 4 kreslo), qramofon, çoxlu vallar, böyük masa, divarda isə Repinin, Şişkinin gözəl rəngli böyük sənət əsərləri vurulmuşdu. Ta xta çərçivə içərisində olan böyük divar saatı (bu saatı indi də qoruyub saxlayırıq, dəqiq işləyir), iki həftədən bir qurulardı, zəngi isə bütün evlərdən eşidilərdi. Tavandan asılmış böyük çilçıraq vardı. Onu babam çıxarıb bizdən bir az aşağıda olan Qubalılar məscidinə göndərdi. Sonra müasir, bir qədər yığcam çilçıraq alındı. 3-cü otaq yataq otağı idi. Burada o vaxt dəbdə olan kamod qoyulmuşdu. Üstündə isə anamın ən sevdiyi fransız ətirləri, sürmədan, göy rəngdə zərli ətir dəsti (indi də qalır) qoylmuşdu. Onu da görürdüm ki, məhəllənin qadınları toya, nişana gedəndə gəlib anamın bu otağında bəzənərdilər.

       4-cü otaq isə öz səliqə-səhmanı ilə ayrılırdı. Yerdə böyük xalça, üstündə döşəkçələr. Qışda isə bu otağın tən ortasında kürsü qoyulardı. Yanmayan ağacdan hazırlanmış kürsünün içərisində manqal qoyulardı. Manqalın içərisində kömür xəkəsindən (xırdalarından) hazırlanmış şar formasında bir neçə dənəsini qoyub yandırardılar. Onun istisi bütün günə bəs edərdi. Kürsünün üstünə xüsusi hazırlanmış böyük yorğan salırdılar Onun üstünə isə böyük məcməyi (indi də evdə saxlanılır) qoyub içərisinə isə püstə, badam, qoz, fındıq, piskəndə (qabığı soyulmuş əncir qurusu), şirbədüşəndə (qabığı qurudulmuş əncir qurusu), mövüc, innab, iydə, ləbləbi, tökərdilər, şabalıd və qovurğa isə kürsünün içində qoyulardı ki, isti qalsın. Küçədən soyuqdan gəlmiş hər kəs kürsünün dörd tərəfinə salınmış dör-döşəyin üstündə oturub yorğanı üstünə çəkərdi, qızınardı. Elə buna görə də hər gün qonşu qadınlar nənəmin yanına toplanardı, axşamları şöhbətlə keçirərdilər. Ancaq onda mənimlə Ağabacıya bu məclisdə oturmağa icazə verməzdilər. Onlar yığışan kimi biz öz otağımıza gedib kitab oxuyar, şer əzbərlərdik. Babam deyərdi ki, kürsü bədəndə olan yel xəstəliyinin ən yaxşı müalicəsidir. Evdə kənar adam olmayanda özü də oturardı kürsüdə. Isti kürsü, soyuq qarlı hava. Kürsünün üstündə bir mis tava xəşil, yanında kərə yağı və üzüm doşabı (ancaq Abşeron bağlarında bişmiş əsl doşab). Bu nemətdən kim imtina edərdi?

       Babamın qış vaxtında ən çox sevdiyi yeməkləri vardı. Onu da deyim ki, bütün yeməklər quyruq yağı ilə bişərdi, plovdan başqa. Quyruğu əridəndə qalan cızdağı nənəm əzib kündələr edib qazana yığardı, qışa saxlayardı. Səhər-səhər çay vaxtı bunlardan bir dənəsini mis tavada əzərdi, odun üstündə bir maskora doşabı ona qatıb yaxşı qarışdırardı. Qoz ləpəsi döyüb səpərdi üstünə. Babama görə bu ən faydalı səhər yeməyi idi. Fevral ayında isə o nənəmə Isfahan halvası (Səməni halvası) bişirtdirərdi. Bunun hazırlanması isə çətin idi, çox vaxt aparırdı. Əvvəlcə buğdanı isladıb bir neçə nimçədə səməni qoyub göyərdərdilər. Səməni 2-3 santimetr qalxvanda onu ət taxtasının üstündə qiyməkeşlə döyərdilər, suyunu sıxıb unıla xəmir yoğurardılar. Sonra xəmiri böyük teştin içərisinə salıb zəif od üzərində, iki-üç qadın əllərində ərsin tutub xəmiri tez-tez çevirərdilər. Hərdən bir az yağ tökərdilər. Xəmir yavaş-yavaş qızarardı, bişərdi, dadardılar, əgər çiy dadmırsa, bişibsə, yerə qoyardılar. Içərisinə doşab və ədva (istiot, darçın, sarıkök, razyana) əlavə edib möhkəm qarışdırardılar. Ələ yağ çəkib kündələr hazırlardılar. Onların üzərinə qoz ləpəsi yapışdırıb taxta tabağa düzərdilər. Isfahan halvası bu qayda ilə hazırlanardı. Bu halvalardan nənəm çoxlu paylardı (qohum və qonşulara).

       Əvvəllər Nəcibə adında bir tatar qızı xörəyimizi bişirərdi. Axşamlar isə evinə gedərdi. Otaqların hamısından mətbəxə zəng çəkilmişdi. Sabahkı menyunu atam kağıza yazıb mətbəxdə qoyardı. Ev qonaqlı-qaralı idi. Babamın yanına gələnlərdən başqa nənəmin də öz tay-tuşları toplanırdı. Şən məclislər keçirilərdi.

       Nəcibə gedəndən sonra xörəkləri bişirmək üçün nənəmin Səadət bacısının gəlini gəlib kömək edərdi. Çərkəs adlı qız isə ev işlərini görürdü. Bir dəfə babam evə gələndə yanında bir oğlan gəldi. O, bazardan alınmış ərzaq zənbilini gətirmişdi. Babam dedi ki, bu oğlan körpüdə yük daşıyırdı. Söz-söhbətdən sonra öyrəndilər ki, heç kəsi yoxdur, əsli isə Lənkərandandır, adı da Hacıbabadır. Nənəmin xoşuna gəldi, dedi ki, yazıqdır, ay Fərəc, qoy bizdə qalsın, bayır-bacaq işinə yarayar. Onun üçün təzə paltarlar alındı. Atam onu evimizə yaxın Qasım Ismayılov küçəsində olan 19 nömrəli məktəbə yazdırdı (Süleyman Sani Axundovun məktəbinə). Hacıbaba çox sədaqətli və mehriban oğlan idi. O özünə çörək pulu qazanmaqdan əlavə bir ailə tapdı.

       Babamın qayğısı sayəsində biz – Ağabacı və mən maraqlı və şən yaşayırdıq. Hər ikimiz poeziya vurğunu idik. Bir neçə kitabxanaya üzv olmuşduq – Sabir, Əzizbəyov, Abbas Səhhət, Karl Marks. Mən çox həvəslə bədii kitabları toplayırdım. Çox sonralar 1936-cı ildə Musiqi məktəbində oxuyanda mən o kitabları məktəbə apardım, orada kitabxana düzəltmək istədim. Arzumu Uzeyir bəyə bildirdim, onun çox xoşuna gəldi və mənə bir şkaf, bir də ən aşağı mərtəbədə otaq ayırdı. Müəyyən saatlarda orada oturardım. Mən istəyirdim ki, illər boyu alıb yığdığım kitablar istifadəsiz qalmasın və hamı mənim kimi kitabı sevsin, oxusun.

       Babam tək musiqi elmi ilə deyil, təbabət elmilə də maraqlanırdı. Ona görə də o, Əbu Əli ibn-Sinanın (980-1037) təbabət elminə aid kitablarını da tapıb oxutdurub öyrənərdi. O heç vaxt dərman içməzdi, ancaq cibində özvay olardı (qurudulmuş aloye), yeməkdən sonra bir kristal atardı. Zökəm xəstəliyindən çox qorxardı. Bir adam xəstəliyin adını çəksə idi, onun yanında dayanmazdı. Nənəmə umac bişirtdirər, içinə çoxlu nanə, sarıkök, istiot tökərdi. Başını örtüb xörəyin buğunu üzünə verərdi, zəncəfil çayı içərdi.

       Küçəmizdən tez-tez səhləb satan keçərdi. Babam tapşırmışdı ki, hər gün bizə səhləb gətirsin. Böyük mis çaydanda isti halda gətirərdi. Stəkana töküb üstünə də bir çimdik zəncəfil səpirdi. Babam alıb hamımıza içirdədrdi. Bütün xörəklərə tökülərdi. Həftədə bir dəfə isə abqora aşı bişirtdirdərdi. (Düyü sıyığının içərisinə bir maskora abqora tökülərdi.) Tavakabab bişirəndə isə qızarmış ətləri və kartofu bir çüyün qaba yığıb üzərinə yarım stəkan abqora töküb qapağının qoyub bir az qaynadardılar.

       Babam nənəmə üzünü sabunla yumağı məsləhət görməzdi. O deyərdi ki, sabun dərini qırışdırır, üzü yumurta sarısı, ya da xna ilə yumaq lazımdır. Onlar dərini təravətli, şəfəqli edir. Saçın ağarmaması üçün isə çoxlu noxud yeməyi məsləhət görərdi. Yəqin ona görə də nənəm 74 yaşında vəfat edəndə sarı saçları heç ağarmamışdı.

       Babam kök ilə qozu əzib qat-qat nimçəyə töküb səhərə qədər saxlayıb tezdən ac qarnına yeməyi məsləhət görərdi. Üzümün şirəsini də düzəldib ayaza qoyub səhər bizə içməyə verərdilər.

       Babam xəsislik etməzdi. Necə halal zəhmət ilə qazanırdısa, elə də xərclərdi. Ailəni firavan saxlardı. Kasıbları da heç vaxt yaddan çıxarmazdı. O bu işi nənəmə həvalə etmişdi. Istər pulla, istər geyimlə, ərzaqla nənəm kasıblara əl tutardı. Qoçular isə tində dayanırdılar ki, Fərəc dayıdan gündəlik haqqlarını alsınlar.

       Evimizdən bir az aşağı «Qubalılar məscidi» vardı. Ora kasıblar yığışardı, onların da haqqını göndərərdi.
       Bizim yaşadığımız Aşağı priyut küçəsinin özünün qəribə bir taleyi vardı. Bu küçəni «Incəsənət xadimləri küçəsi» adlandırmaq səhv olmazdı. Elə bil gələcəyin məşhur musiqi xadimlərinin qədəmlərinin izləri bu küçədə həkk olub qalmışdı. Mərhum unudulmaz xanəndəmiz Zülfü Adıgözəlovun ailəsi bizdən bir qədər yuxarıda yaşayırdı. Hər gün o, iki balaca oğlunun – Vasifin və Raufun əlindən tutub bizim qapıdan keçib onları musiqi məktəbinə aparardı. Skripka çalan Hacıyev Ələsgər də bu küçədən keçərdi. Qocaman violonçel çalan Krupkin və fortepiano çalan həyat yoldaşı da bizim tində (Poluxin tinində) yaşayırdılar. Yolları bizim qapıdan idi. Məşhur violonçel çalan Sabir Əliyev, onun fortepiano çalan həyat yoldaşı və bacısı bizim evdən iki ev yuxarıda yaşardılar. Qocaman musiqiçi Fedyanın (simfonik orkestrdə nəfəsli alətdə çalardı) və qızı Anya (kontrabas və fortepiano) bizimlə üzbəüz evdə yaşardılar. Bir az yuxarıda musiqişünas Xanlar Məlikov və iki musiqiçi qardaşları – Nəriman və Teymur yaşardılar. Hər gün çox ciddi balaca bir oğlan əlində skripka qapımızdan keçərdi. Kimin fikrinə gələrdi ki, bu balaca oğlan gələcəyin adlı-sanlı böyük bəstəkarı Cövdət Hacıyev olacaq. Musiqi məktəbində Ağabacının və mənim hörməti müəllimimiz olacaq. Evimizə ən yaxın bir 7 nömrəli dalan vardı. Dalanın ağzında çavan uşaqlar yığışıb söhbət edərdilər. Kim bilərdi ki, onların arasında olan balaca oğlan gələcəyin görkəmli yazıçısı, əməkdar incəsənət xadimi olan Hüseyn Abbaszadə kimi məşhurlaşacaq. Mirzə Baba Almaszadə də o dalanda yaşayırdı. O, həm rəssam idi, həm də gözəl tar çalardı (tar çalmağı mənim atam ona öyrətmişdir). Orada yaşayan həvəskar rəssam Ibrahim Babayev indi də yaradıcılıqla məşğuldur, yenə də həmən evdə yaşayır. Kamo küçəsi ilə Q.Ismayılov küçəsinin tinində 95 nömrəli evin qənşərində XIX əsrin ikinci yarısı XX əsrin birinci yarısında yaşamış Bakının ilk nağaraçalarından biri Gülhüseyn Hüseynov (ona sadəcə olaraq Gülü deyərmişlər) ailəsi ilə olurdu. Indi də nəvə-nəticəsi orada yaşayır. Ka mo ilə Poluxin küçələrinin tinində balaca dalanda XX əsrin birinci yarısında məşhur kamança çalan Qılman Salahov yaşayırdı. Qarmon çalan məşhur qadın Izzətin evi də orada idi. Onların qonşuluğunda Cabbar Qaryağdı oğlunun qızı Zərəfşan olurdu. O, gözəl piano çalardı. Bizim öz ailəmizdə isə babam Mirzə Fərəc, atam Ismayıl tarzən, bacım Ağabacı tarzən və bəstəkar, bacım Rəfiqə musiqişünas idi və mən kamança çalırdım. Qardaşım Nəsir sənətşünaslıq doktoru, həyat yoldaşı Məsumə xanım sənətşünaslıq namizədi olub.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page