ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
BÜLBÜLÜN
III-cü AŞIQ QURULTAYINDAKI
MƏRUZƏRI 1961-ci IL

.
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
BÜLBÜLÜN
III-cü AŞIQ QURULTAYINDAKI
MƏRUZƏRI 1961-ci IL

.
AZƏRBAYCAN MUSIQŞÜNASLARININ
TƏDQIQATLARINDA XALQ MUSIQISININ
JANR TƏSNIFATI

Yeganə ƏSƏDOVA
AZƏRBAYCAN XALQ
MUSIQISININ TOPLANILMASI VƏ
YAZIYA ALINMASINDA NIYAZININ ROLU

Fəttah XALIQZADƏ
MIRZƏ FƏRƏC
HAQQINDA XƏTIRƏLƏRIM

Ruqiyyə RZAYEVA

 


       Məncə artıq bu yeniliklərdən danışmağın vaxtı gəlib çatmışdır. Indi ki belədir, yığışmış ikən, gəlin, aşıqlarımızın qarşısında qoyulan sənət tələbatını aydınlaşdıraq, bədii ifadə məsələsini sənətkarlarımıza başa salaq.

       Sovet hökümətinin başçısı N.S.Xruşşov yoldaşın Bakıya gəlməsi, bizim 40-ci baharımızda iştirak etməsi, mədəniyyətimizə və incəsənətimizə verdiyi böyük qiymət məğribdən – məşriqə, cənubdan şimala, hər tərəfə yayıldı, hər tərəfdə səsləndi. Xalqımızın mədəniyyətinə və yüksəlişinə verilən belə qiymətlər qarşıya yeni bədii axtarışlar, yeni yüksəliş yolları tapmaq, böyük sovet ailəsində daha əzəmətli musiqi mədəniyyəti yaratmaq məsələsi qoyur. Həyatımızın nəbzinə uyğun yeni aşıqlıq məsələsi də meydana çıxır.

       Yoldaşlar! Bildiyiniz kimi bu 40 ilin ərzində Azərbaycan aşıqlarına cox böyük fikir verilmiş, onlar xırda mərəkələrdən, çayxanalardan, Moskvanın Böyük teatr səhnəsinə cıxmağa qədər yüksəlmişlər. Moskvada keçirilən altıncı ümumdünya festivalında Azərbaycanın dörd gənc sənətkar aşıqı qızıl və gümüş medallara layiq görülmüşdür. Aşıqlarımızdakı bu yüksəliş, qarşıya ilk baxışda bir elə gözə çarpmayan, həqiqətdə isə çox lazımlı və vaxtı çatmış məsələlər qoyur.

       Bu 40 ildə aşıq şe’rlərində olan canlanma, orjinallıq və yenilik musiqidə, mahnıda ifaçılıqda, bir sözlə aşıq yaradıcılığında şe’rlik qədər qabarıqdırmı? Mənə elə gəlir ki, şe’rdə olan canlanma, musiqidə, ifaçılıqda o qədər qabarıq deyildir. Rejissorların konsert proqramı düzəltdiyi zaman bir necə aşığı bir yerdə oxutmaları və yaxud 10-12 aşıqdan xor düzəltmələri yenilik deyildir. Bu sadəcə olaraq zahiri effektdir. Yaxşı bilirsiniz ki, aşıq yaradıcılığının istiqaməti fərdidir, şəxsidir. Çünki aşıq istiqamətinin ana xətti şe’rdir. Özü çalıb, özü oynamaqdır. Aşıq öz həyəcanlırının təcrümanıdır. Aşığın sazı, sözü, səsi olmalıdır, təbii ki, əsas budur. Gözəl, geniş səsli şair, yaxşı saz çalan aşıq olsa züy tutan tez tapılar. Ona görə də xor oxutmaq, birgə saz çalmaq, aşıq ansamblı düzəltmək aşıq istiqamətini çaşdıra bilər. Bundan elə çıxmasın ki, mən bunların əleyhinəyəm. Xeyr. Dediyim odur ki, bu, aşıq yaradıcılığının ana xətti deyildir. Əsas məsələ fərdi aşıq yetişdiril məsidir. Bu barədə ciddi danışmalıyıq.

       Yeniyetmə aşıqlarımızın qarşısında duran ən ciddi məsələ elmli olmaqdır. Musiqi elminə və ümumi elmlərə yiyələnməkdir. Indi bir necə dil bilmədən böyük sənətkar olmaq, yalnız xəyaldır. Ələlxüsus rus dilini bilmədən! Sadəcə bir misal gətirim. 1943-cü ildə bizim bədii briqadamız Bryanski çəbhəsində idi. Aşıq Mirzə də bizim dəstəmizdəydi. Biz aşıq Mirzənin vətənpərvər şe’rlərini, lirik mahnılarını ruscaya tərcümə etmişdik. Aşıq sənətinin nümunələrini yığcam surətdə rusca dedikdən sonra aşıq Mirzə öz məlahətli səsilə saz çalıb oxuyur, oynayır, çoxmillətli sovet ordusunun bütün təbəqələrinə xoş təsir bağışlayırdı. Odur ki, aşıq Mirzəni hamı dönə-dönə alqışlayırdı. Indi yoldaşlar, təsəvvür eləyin, 20-25 yaşında çavan bir aşıq ruscanı gözəl bilsə, ali musiqi təhsili alsa, öz oxuduğunu özü ruscaya tərcümə eləyə bilsə, bu nə qədər gözəl və müasir olar.

       Belə sənətkar oxusa, oynasa, meydanda gəzsə, gözəl zəngulələr vursa, səs oynatsa, saz oynatsa onu bütün xalqlar sevər. Mən qarşımda bu yaxın illərdə konservatoriya qurtarmış aşıq görmək istəyirəm. Axı mən də 23-24 yaşında xanəndə idim, mən də aşıq idim. Bax, özüm kimi aşıq görmək istəyirəm. Indi qarşımızda aşıqlara musiqi elmi almaq şəraiti yaratmaq durur. Təcrübə bizə göstərdi ki, xırda sazçı qızlar ansamblı düzəltmək, bayağı fikirlərlə böyük aşıq istiqamətini ucuzlaşdırmaq yaxşı nəticə vermədi.

       Yoldaşlar! Vaqifin, Bidadinin, Zakirin, Səməd Vurğunun anası olan klassik aşıqlarımız şe’rlərini sevgi məhəbbət, eşq sərçeşməsindən almışlar.

       Tufarqanlı Abbas Pərinin eşqinə şe’r demiş: Pəriyə aşiq olmuşdu. Aşıq Abdulla Cahanın eşqindən çox acılar çəkərək, şe’rlər, dastanlar demişdir. Aşıq Kərəm Əslinin aşığı olmuşdur. Xəstə Qasım sevgilisinin ardınca Təbrizdən Dərbəndə gəlmişdir. Xoşbaxt Azərbaycan xalqına qismət olan bu böyük şe’rlər sözün əsil mənasında Azərbaycan şe’r məktəbinin sərceşməsidirlər. Sonra gələn aşıqlar gözəl səsi, danışan sazı, cırpınan ürəyi, nəğməkarlıq qabiliyyəti sayəsində, nə vaxt anadan olub, nə vaxt öldükləri bizə məlum olmayan aşıqlarımızın şe’r xəzinəsini sevə-sevə mühafizə eləyib bizə çatdırmışlar. Izn verin, sizə bu böyuk şa’rlərin bir necə şeirini oxuyum. Görün Tufarqanlı Abbas üç-dörd yüz il əvvəl necə deyib:

       Qədəm qoyub yar yanına gələndə,
       Elə gəl, elə get yol inciməsin.
       Şəkər ləblərindən mənə bir busə
       Dodaq tərpənməsin, dil inciməsin.
       Bağcalarda əsən gözəl
       Dur gəl sallana-sallana.
       Aşiqindan küsən gözəl,
       Dur gəl sallana-sallana.
       Yanaqların güldür solmaz,
       Aşıq sənsiz eşqə dolmaz,
       Bu qədər işvə naz olmaz,
       Bur gəl sallana-sallana.
       Dərmansız dərdini billəm
       Sənsiz çətin deyib, gülləm
       Sən gəlməsən, yəqin ölləm
       Dur gəl sallana-sallana.
       Aşıq Əlinin bu şe’ri gəlib dönüb indi oxunan Nazlana – nazlana mahnısı olubdur.

       Aşıq yaradıcılığı həmişə diqqət mərkəzində durur, öyrənilir, toplanır, kitab və məcmuələr şəkilində xalqa çatdırılır. Budur, məsələn, 1937-çi ildə Hümmət Əlizadənin, 1939-cü ildə isə C.Aslanov və M.Təhmasibin «Aşıqlar» məcmuə və kitabları çapdan buraxılmışdır. 1957-ci ildə Respublika Xalq Yaradıcılıqı Evi tərəfindən, 1959-cu ildə Azərbaycan Elmlər Akadeiyası tərəfindən «Koroglu» dastanı kitab halında çapdan çıxmışdır. Azərbaycan aşıqlarının yaradıcılıqını əhatə edən belə qiymətli kitabların buraxılması, əlbəttə, təqdirəlayiqdir. Bununla belə, hələ aşıq yaradıcılığını öyrənmək, tədqiq etmək, yaymaq sahəsində görülən işlər qənaətləndirici deyildir. Arada birdən-birə düz 18 il durğunluq olmuşdur. Görünür bu keçən 18 il bu sahədə az – çox fəaliyyət göstərən Həmid Araslı, Təhmasib yoldaşlar üçün müəyyən axtarış dövrü olmuşdur. Biz onun bircə məhsulunu – ancaq «Koroğlu» kitabını görmüşük. Fəqət aşıq yaradıcılığının ana xətti olan musiqi, nəğmə, çalıb oynamaq 4-5 ünsürün bir ləşməsi kimi bir vəhdəti tamamlayan digər əsərlər buraxılmamışdır. Bu alim yoldaşlar, aşıq yaradıcılığını öyrənmək sahəsində çalışan mütəxəssislər ədəbiyyatcı olduqları üçün ancaq aşıq yaradıcılığındaki ədəbi irsə fikir vermişlər. Şübhəsiz, bu çox qiymətli, dəyərli təşəbbüsdür, bu əsərlər ilk mərkəzdir, cavan nəsl bunlardan çox şey öyrənib biləcəkdir. Amma, bizcə indiki mərhələ sintetik aşıq sənətinin əsas ana xəttindən başlamalıdır. Yəni saz, söz, şe’r, nəğmə, rəqs bir də oynamaq? Bu, böyük vəzifə birinci növbədə Azərbaycan Elmlər Akademiyasının Nizami adına dil-ədəbiyyat institutunun öhdəsinə düşür.

       Yeri gəlmişkən, Akademiyanın buraxdığı «Koroğlu» kitabı barəsində bir necə söz demək istəyirəm.

       Əlbəttə, Azərbaycan SSR Elmlər Akademiyasının nəşr etdiyi «Koroğlu» dastanı aşıq yaradıcılığı tariximizə gözəl bir hədiyyədir. O, Koroğlu dövrünün aşıqlıqına aid məlumatımızı genişləndirir və aydınlaşdırır. Çünki Koroğlu şe’rlərinin, sual cavablarının hamısının başlanğıcında oxuyuruq ki, «Koroğlu telli sazı basır döşünə», «Koroğlu aldı sazı», «görək Koroğlunun sazı nə deyir», «Koroğlu sazla cavab verdi», «Koroğlunun sazı gəldi dilə», «Koroğlunun nərəsi», «Koroğlunun Qır atı», «misri qılınıcı», «Koroğlunun oynaması», "saz çalıb deyib gülməsi», bu günkü aşıqlar kimi deyişməsi, Koroğluya aid bütün dastanlarda, nağıllarda birinci yer tutur.

       Hər kəs Akademiyanın buraxdığı «Koroğlu» dastanlarını diqqətlə nəzərdən keçirsə yəqin edər ki, Koroğlunun sazı, səsi, sözü, şe’ri, oynamağı, bizim aşıqlarımıza xas olan sifətlərdir.

       Hayıf ki, yazıçılarımız və aşıqlarımız Koroğlunun aşıqlıq sənətinə az fikir vermişlər. Ancaq qolları toplayıb çap etmişlər. Halbuki, Koroğlu öz musiqi formalarını belə özü yaratmışdır.

       1. Koroğlunun dava havası
       2. Koroğlunun döşəməsi
       3. Koroğlunun cəngisi
       4. Koroğlunun qaytarması
       5. Koroğlu bozuğu
       6. Koroğlu deyişməsi
       7. Koroğlu nağarası və i.a. buna misaldır.

       Bu günə qədər aramızda yaşayan bu havalar Koroğlunun adı ilə bağlıdır. Yəqin ki, Koroğlu dava zamanı dava havası oxumuş, istirahət vaxtları döşəmə, gəraylı və buna bənzər havalar oxuyaraq, şe’rlər demişdir. Koroğlu nağıllarından belə məlum olur ki, nəinki Koroğlunun özü, onun dəlillərinin hamısı saz çalıb oxumuşlar. Məsələn, Bəlli Əhməd sazını saz ustasına verib belə deyir:

       Cənlibeldən səni deyib gəlmişəm
       Usta qulun ollam, al düzəlt sazı
       Qırılıbdır sazım, mətəl qalmışam
       Usta qulun ollam, al düzəlt sazı.
       Sazının düzəldilməsi barəsində uzun uzadı şe’rlər deyir. Koroğlu ilə aşıq Cünunun deyişməsində belə bir cümlə var. Aşıq Cünun deyir:

       Mən aşığam şonqara
       Şahid gərək şonqara
       Cik-cik deyən sərçələr
       Neylər şahin şonqara.
       Sonra üzünü tutub Koroğluya deyir:

       Mən aşıq ləngəridir
       Gəmidi, ləngəridi
       Çox bilib az danışmaq
       Iyidin ləngəridi.

       Mən aşıq Ordubada
       Salmasdan Ordubada
       Sərkərdə qocaq olsa
       Heç verməz ordu bada.
       Axırda deyir:
       Mən aşığam bu daşa
       Bu qaydaya bu daşa
       Elə vur ki, yağını
       Kəlləsindən bud aşa.

       Bu cinaslar aşıq şe’rlərinin ölməz nümunələrirdir. Koroğlunun özünün, aşıq Cununun, Dəli Həsənin, Bolu bəyin, Eyvazın, Dəmirci oğlunun qəhrəmanlıqları sazla, sözlə əlaqədardır. Onların şe’r üslubları, şe’r qaydaları həqiqətən qəhrəmanlıq simfoniyasını tərənnüm edir. Əgər XVII əsrdən bu günə qədər olan şe’rləri yığmışıqsa, bunun üçün birinci növbədə aşıqlara minnətdar olmalıyıq. Çünki bu nağıllar, bu dastanlar, bu qollar, bu tarixi qəhrəmanlıq eposları onların sinəsində saxlanılmış onların dili ilə yayılmışdır.

       Ümidvaram ki, aşıq yaradıcılığı ilə məşqul olan, onu öyrənən və tədqiq edən yazıcı və alimlərimiz keçmişdən bizə miras qalan bu sənət nümunələrinin təhlilinə diqqət yetirəcəklər.

       Burada əsas bir prinsip olmalı, zaman və dövr də unudulmamalı, nəzərə alınmalıdır. Məsələn, biz XVI-XVII əsrdən başlayırıqsa, Arazın o tayı aşıqlarını bu tayın aşıqlarından ayırmamalıyıq. Çiddi elmi axtarışlar sayəsində ədəbiyyat xəzinəmizin dəyərli inciləri olan aşıq yaradıcılığını xalqımızın böyük təfəkkürünün məhsulunu kimi meydana çıxarmalıyıq. Neçə ki, yuxarıda demişdim, aşıq ədəbiyyatı məktəbi Koroğludan, aşıq Cunundan başlayaraq Vaqifi, Vidadini, Zakiri yetişdirmiş, aşıq Ələsgərin başına şe’r tacı qoymuşdur. Böyük şairimiz S.Vurğun öz zəkası ilə, şe’r dühası ilə Nəsimi, Nizami, Xaqani, Füzulinin şe’r xəzinəsindən ilham alaraq, Tufarqanlı Abbas, Xəstə Qasımdan başlayaraq Vaqifə qədər olan aşıq şeiriyyatinin vəhdəti olmuşdur. S.Vurğun bu iki böyük ədəbi şeir məktəbinin təcəssümüdür. Nə qədər biz bu xalq şe’r və mədəniyyətinin bütün janrlarını təhlil edib gəncliyimizin malı etsək, ədəbiyyatımızın tarixi və ədəbiyyatçılarımız üçün böyük xidmət göstərmiş olaraq. Biz gərək aşıq yaradıcılığını 5 sənətin birləşməsi və vəhdəti kimi təhlil edək.

       Bildiyiniz kimi opera dramaturgiyamızın inkişafında aşıq yaradıcılığının çox böyük əhəmiyyəti vardır. «Əsli və Kərəm», «Aşıq Qərib» və «Şah Ismayıl» kimi operalarımız bu dastanlar əsasında səhnələşdirilmişdir. «Leyli və Məcnunun» ən gözəl parçaları aşıq havalarıdır. Bu günə qədər də bu operaları yaşadan o aşıq dastanlarının cazibədar qüvvəsidir. Hətta Qliyerin «Şahsənəm» operasında ən gözəl səhnəni aşıq deyişməsi təşkil edir. Arazbarı ilə başlanan uvertüranın ana xəttini təşkil edən aşıq havaları böyük bəstəkar Qliyeri məftun etmişdi. «Koroğlu» operasının dördüncü pərdəsindəki aşıq ariyası böyük bəstəkarımız Üzeyir Hacıbəyovun aşıq havalarına verdiyi böyük diqqətin qabarıq təcəssümüdür. Demək olar ki, bu, musiqi ədəbiyyatımızın ən gözəl nümunəsidir. Bu üç hissəli ariya Üzeyir yaradıcılığında ariya formasının ən mükəmməlidir. Eyni pərdədə Koroğlu şikəstəsi, Mirzə Cani şikəstəsi üstündə yazılmışdır. Böyük bəstəkarımız bu şikəstəni çox orijinal və Koroğlu surətində uyğün bir şəkildə tamamlamışdır.

       Məruzədə ancaq bu qədər deyə bilərəm ki, ölməz bəstəkar Üzeyir bütün yaradıcılığında aşıq sənətkarlığına böyük fikir vermiş və bir necə əsərində aşıq formalarından necə istifadə etmək yollarını aydınlaşdırmışdır. Bəstəkarımız Səid Rüstəmovun da yaradıcılığında aşıqlar mühüm rol oynamışdır. Səid Rüstəmov fəaliyyətinin ilk dövründə aşıq havalarının məşhurlarını nota salmış və ilk dəfə olaraq çap etdirmişdir. «Durna» musiqili komediyasında Muradın ariyası üç hissəli klassik aşıq formasında çox qəşəng yazılmışdır. Forma mükəmməlliyi aşıqlıq ənənəsini çox yaxşı saxlamışdır.

       Aşıq sahəsinə meyl göstərən bəstəkarlarımızın sayı artır. Bu dediklərim ilk yaradıcılıq müjdəsidir. Bizcə, bəstəkarlarımız yaradıcılıqlarınıda bu sahəyə hələ ciddi girişməmiş və bu yaradıcılığı geniş mənada öz yaradıcılıq süzgəclərindən keçirməmişlər.

       Maraqlı burasıdır ki, mən simfonik muğamların sərbəst xalq forması kimi səslənməsini və canlanmasını meydana qoyanda heç bir bəstəkar, hətta yazan bəstəkar özü də simfonik muğam formasının bir simfoniya təfəkkürü kimi qəbul olunacağına inanmırdı. Çünki, bu forma və təffəkkür yalnız muğamata aiddir. Bəstəkarlarımız cürbəcür adlar təklif eləyirdilər. Bəzi bəstəkarlarlar deyirdi ki, kapriççio adı verək, başqaları deyirdi rapsodiya adlandıraq, qorxurdular ki, geniş musiqi ictimaiyyəti simfonik muğam formasını başa düşməsin, cünki bu forma simfoniya qanunlarına, qaydalarına oxşamır. Bir hissəli, 2, 3, 4 və ya 5 hissəli simfoniya qanunlarına tabe deyildir. Deyirlər ki, musiqi təfəkküründə simfoniya musiqi dramaturgiyasının öz qanunları vardır.

       Simfonik muğam bu qanunlara uyğun olmadığı üçün Moskvada buna lazımi qiymət verməzlər. Bildiyiniz kimi, çox istedadla yazılmış bu simfonik muğam hər cür maneəni dağıdıb, bütün dünyada səslənməyə başladı. Bu formanın bir musiqi təfəkkürü kimi qəbul olunması öz-özünə olmadı. Həmişə olduğu kimi, partiyamız və hökümətimiz bu sahədə də bizə çox kömək elədi. Nə üçün aşıq yaradıcılığını da biz bu yol ilə inkişaf etdirməyək, aşıq yaradıcılığını simfonikləşdirməyək! Əgər bəstəkarlarımız bunu dərk etsələr, onların qarşısında böyük bir perspektiv açılar. Cünki, böyük və əzəmətli simfoniya yaratmaq üçün 5 ünsürdən ibarət olan aşıq yaradıcılığı zamanın nəbzi ilə vurur. Bu çox maraqlı və əhəmiyyətli təfəkkür, musiqi ictimaiyyətımızı maraqlandırmalıdır.

       Yoldaşlar! Bizim əxlaqımızın ölçüsu gördüyümüz işin, fəaliyyətimizin sosialist quruluşumuz üçün nə qədər xeyirli olmasıdır. Indinin aşığı kommunizm quruculuğunun tərənnümçüsüdür.

       Əgər keçmiş aşıqlar məhəbbət lirikası: Başına döndüyüm gül üzlü Sona; Sallana-sallana gələn Salatın; Başına döndüyüm qurban olduğum; Başına döndüyüm gül üzlü Pəri; Nazlana-nazlana, sallana-sallana;

       Boylana, boylana və i.a. Ay lələ, ay Gülgəz, ay pəri, ay reyhan, ay cahan, naz, qəmzə, işvə və i.a. və i.a. kimi ölməz əsərlər yaradıbsa, bunlarda gözəl ibarələr, təbirlər, cinaslar, ovşalar, bənzətmələr əsas yer tutubdur. Əlbəttə, həmişə qaynayan bulaqlar bizə klassik formalar, bədii istifadə yolları öyrədir. Amma bu günün aşıqları başına döndüyüm, sallana-sallana, nazlana-nazlana deməklə çox irəli gedə bilməzlər. 50-60 il bundan əvvəl bir kürd oğlunu Gəncəyə yola salırmış. Gətirir rus saldatlarına qoşur. Oğluna bərk-bərk tapşırır ki, oğul çarığını, patavanı bərk bağla. Bu saldatlar marş deyib gedəcəklər. Patavan acılsa bunlardan geri qalarsan, çarığın çıxsa evin yıxılar, mənzilə çata bilməzsən.

       Indi aşıq qardaşlar, patava, çarıq dövrü deyildir. Yaradıcılığa da dövrün tələbi, gözü ilə baxmalısınız. Yuxarıda dediyim kimi savadsız olaraq həyatla ayaqlaşmaq olmaz. Indi sosializm, kommunizm aşıqı olmaq lazımdır. Vətən aşıqı, xalq aşığı, elm, mərifət aşığı olmaq lazımdır. Indi neçə gündür, sizin barənizdə radioda, televizorda, mətbuatda tərifnamələr deyilir, yazılar gedir. Paytaxtımızın ən gözəl səhnələri üzünüzə açıqdır. Görürsünüz ki, görkəmli alimlər sizinlə yanaşı bu yaradıcılığa təkan vermək istəyirlər. Xahiş edirəm, bu qurultayın əhəmiyyətini yaxşı başa düşəsiniz. Budur, indi də söz sizindir, bu tribunadan məruzələr haqqında fikrinizi deyin. Yaradıcılığa aid, sənətkarlığa aid məsələlər qoyun, öz çıxışınızla bizim məruzələrimizi tamamlayın. Həmişə olduğu kimi, yenə partiya və hökümətimiz bu sahəyə aid hər cür şərait yaradır və yaradacaqdır.

       Bizim arzumuz budur ki, bu sənət yeni zirvəyə qalxsın, həyatımızın nəbzi ilə birgə vursun!

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page