ÁČÁËČÎĂĐŔÔČÉŔ
ELMDƏ VARISLIYIN TƏZAHÜRÜ
Kamilə DADAŞZADƏ
Search

ÁČÁËČÎĂĐŔÔČÉŔ
ƏFRASIYAB BƏDƏLBƏYLININ
IZAHLI MONOQRAFIK MUSIQI LÜĞƏTI

Babək QURBANOV,
Əhməd ISAZADƏ

MILLI-MƏDƏNI DƏYƏRLƏRIN
TƏDQIQINDƏ QIYMƏTLI NAILIYYƏT

Ariz ƏLIOĞLU
ELMDƏ VARISLIYIN TƏZAHÜRÜ
Kamilə DADAŞZADƏ
YENI TƏDQIQAT IŞI
Şəhla MAHMUDOVA
AZƏRBAYCAN MUSIQI
MƏDƏNIYYƏTI HAQQINDA
YENI ƏSƏRLƏR

Imruz ƏFƏNDIYEVA
SÜLEYMAN ƏLƏSGƏROV
XATIRƏLƏRDƏ

Azad ZAHID

 


       Orijinallıqdan uzaq olsa da, yazımızı nə vaxtsa Çaykovskinin Qlinkanın əsəri haqqında söylədiyi məşhur bir kəlamı Ü.Hacıbəyovun elmi irsinə şamil etməklə başlamaq istərdik. “Palıd ağacı qozadan əmələ gəldiyi kimi”, Azərbaycan musiqişünaslığının əksər ideyaları Üzeyir bəyin əsərlərindən meydana gəlmişdir. Həqiqətən də, Azərbaycan musiqişünaslığında hətta son dövrdə belə ərsəyə gələn araşdırmalar birbaşa və yaxud da dolayısı ilə Ü.Hacıbəyovun hansısa elmi-nəzəri fikrini təsdiqləyir. Məsələn, Azərbaycan musiqisində çoxsəslilik məsələsinə toxunarkən, Ü.Hacıbəyov klassik əsəri olan “Azərbaycan xalq musiqisinin əsasları” tədqiqatında yazırdı: “Azərbaycan ladlarının müntəzəm sistemi və mənalı melodiyalar əmələ gətirməyin ciddi qanunları çoxsəsli musiqinin yaranmasına nəinki mane olur, əksinə bunlar quru, cansız qammalar əsasında [...] deyil, Azərbaycan xalq musiqisinin canlı və həyati ladları əsasında böyük formal ı çoxsəsli musiqi əsərləri üçün möhkəm bir bünövrədir. Azərbaycan musiqisində çoxsəslilik problemini düzgün həll etmək məsələsi hal-hazırda bəstəkar və musiqişünasları düşündürməkdədir”.

       Lakin Azərbaycan musiqişünaslığında bu fikrin mövcudluğuna baxmayaraq, hələ 1960-1970 illərə qədər Şərq musiqisinin polifonik ünsürlərlə uzlaşması şübhə altına qoyulurdu. Yalnız bir neçə beynəlxalq səciyyəli konfrans və simpoziumların səmərəli yekunları nəticəsində musiqişünaslıqda nəhayət ki, monodik şərq musiqisinin polifonik ünsürləri haqqında elmi görüş qərarlaşmışdır. Gənc musiqişünas, sənətşünaslıq namizədi Gülzar Mahmudovanın “Şifahi ənənəli Azərbaycan musiqisində ostinatlıq” (B., Elm, 2001-151 s.) başlıqlı monoqrafiyası məhz bu elmi-nəzəri problemin həllinə həsr olunmuşdur. Qətiyyətlə təsdiq etmək olar ki, təqdim olunmuş monoqrafiya bu mürəkkəb və uzun tarixçəyə malik olan elmi problemin araşdırılması prosesində mühüm bir mərhələdir. Təsadüfi deyil ki, müəllif öz əsərini elmi rəhbəri, professor Nərminə Əliyevanın xatirəsinə ithaf etmişdir. Çünki Azərbaycan musiqişünaslığında həm şifahi ənənəli, həm də bəstəkarlıq musiqisinin polifonik ünsürlərinin araşdırılması məhz N.Əliyevanın adı ilə bağlıdı r. Bu baxımdan G.Mahmudovanın tədqiqat işi elmdə varislik prinsipinin parlaq təzahürüdür.

       Barəsində rəy yazdığımız kitab polifonik üsulun yalnız bir aspektinə - ostinatlıq prinsipinin işıqlandırılmasına həsr olunmuşdur. Ostinato sözü musiqi elminə XVIII əsrdə daxil olsa da, bu musiqi üsulunun köklərini incəsənətin erkən formalarında axtarmaq lazımdır. Maraqlıdır ki, ədəbiyyatşünasların fikrincə poeziyanın ilkin nümunələri məhz təkrar ostinatlıq zəminində yaranmışdır. Sonrakı tarixi mərhələləri nəzərdən keçirərək, biz daha çox ostinatlığın sufi sənətində ekstatik halın yaranmasında mühüm funksiyalarını vurğulamaq istərdik. XX əsrin musiqisinə gəldikdə isə, burada ostinato prinsipinin müxtəlif semantik çalarlar dairəsinin genişlənməsini qeyd etmək lazımdır. Beləliklə, tarixin hər bir mərhələsində musiqi dilinin bu ünsürü çeşidli semantik funksiyalar yerinə yetirmişdir. Bir həqiqət də danılmazdır ki, hər bir xalqın musiqi janrları sistemində ostinato prinsipinin özünəməxsus mövqeyi və mənadaşıyıcı funksiyaları mövcuddur. G.Mahmudovanın təqdim etdiyi monoqrafiyanın təqdirəlayiq cəhəti məhz onda n ibarətdir ki, müəllifin ostinatlıq haqqında konsepsiyası Azərbaycan şifahi ənənəli musiqisinin bütün janr sisteminin müfəssəl təhlili üzərində qurulmuşdur. Belə ki, induktiv üsula əsaslanan tədqiqatçı Azərbaycan xalq musiqisini kiçik həcmli janrlardan (mahnı, rəng, təsnif) başlayaraq aşıq sənəti, zərb-muğamları, muğam dəstgahlarına qədər bütün rəngarəngliyilə öz tədqiqat obyektinə çevirmişdir. Maraqlıdır ki, bəzi hallarda bu ünsürün mahiyyətini açmaq üçün müəllif təhlil prosesində ostinato-dinamika əksliyinə uğurla müraciət edir.

       Ostinato prinsipinin geniş, funksional mənada təfsiri müəllifə Azərbaycan xalq musiqisi çərçivəsində bu prinsipin həm açıq növlərini (orqan punkt, burdon fon, daimi metro-ritmik şəkilçi), həm də üzdə olmayan təzahürlərini aşkarlamağa imkan yaratmışdır. Belə ki, müəllifin müşahidəsinə görə, xalq mahnılarının kadensiya dönmələrində ostinato prinsipi özünü gizli şəkildə üfqi xətt üzrə biruzə verir. Belə hallarda “ostinatlıq” istilahı şərti olaraq, psixoloji amil kimi tətbiq olunmalıdır.

       “Şifahi ənənəli Azərbaycan musiqisində ostinatlıq” araşdırmasının dəyərli cəhətlərindən biri də ondan ibarətdir ki, müəllif tədqiq etdiyi hər bir janr çərçivəsində ostinato prinsipinin ifadəli, kommunikativ özəlliklərini açıb-göstərmişdir. Məsələn, zərbi-muğamlara aid bölmədə müəllif ostinato prinsipinin çeşidli təzahür şəkillərini göstərməklə yanaşı, onlardan bəzilərinin “janr simvolu” səviyyəsinə yüksəlməsindən də söhbət açır. Yaxud da rənglərə aid bölmədə G.Mahmudovanın tamamilə haqlı olaraq, muğam şöbələrində ostinato növlərinin müəyyən məqam-intonasiya dayaqlarının təsdiqlənməsində mühüm rol oynadığını vurğulayır.

       Lakin, zənnimizcə, bəzi hallarda bu və ya digər ostinato prinsipindən danışarkən, onun tarixi-genetik qaynaqlarını da işıqlandırmaq faydalı olardı. Məsələn, təsniflərin metroritmik şəkilçilərinin ostinato prinsipinin araşdırılması, şübhəsiz ki, əruz vəzninin dəqiq qəliblərinin təsirindən kənarda aparılmamalıdır. Yaxud da qazax etnoorqanoloqlarının tədqiqatlarında olduğu kimi, ostinatlığın forma-mənadaşıyıcı özəlliklərinin sırf milli musiqimizin təbiətində (alətlərin quruluşunda, xalq istilahlarında və s.) axtarışı səmərəli nəticələr əldə etməyə imkan yaradardı. Yəqin ki, bu diaxronik səciyyəli məsələlər müəllifin gələcək tədqiqatlarında öz əksini tapacaq.

       Hazırkı tədqiqat mövzusunun perspektiv inkişafı yollarından danışarkən, bir məsələ üzərində də dayanmağı vacib saydıq. Etnomusiqişünas A.Yusfinin araşdırmalarına görə, müxtəlif xalqların folklor musiqisində oxşar tipli örnəklər - alimin təbirincə, “ostinat formalar” mövcuddur. Bu qəbildən olan örnəklər hansısa lakonik bir initonasiyanın, melodik dönmənin çoxsaylı təkrarı əsasında qurulur. Istənilən qədər səslənən və məhz buna görə də açıq xarakter daşıyan bu musiqi quruluşunu kuplet formasının “əcdadı” da hesab etmək olar. “Ostinat formalar”ın semantik tutumu - eyni bir obrazın, bir emosiyanın açılmasına yönəldilib. Bu baxımdan Azərbaycan xalq musiqisinə nəzər salsaq, müxtəlif növlü zümzümələri, əski mərasim nəğmələrini, müəyyən zurna havalarını “ostinat formalar” qəbilinə aid edə bilərik. Bununla yanaşı təəssüflə qeyd etməliyik ki, Azərbaycan xalq musiqisinin bu nadir inciləri hələ etnomusiqişünaslar tərəfindən kifayət qədər toplanılıb, tədqiq olunmayıb. Zənnimizcə, gələcək araşdırmalara daha fəal şək ildə “ostinat formalar”ın daxil edilməsi dəyərli elmi nəticələrə gətirib çıxarardı. Ümid edirik ki, Gülzar Mahmudovanın ciddi elmi nəticələrlə, maraqlı müşahidələrlə zəngin olan monoqrafiyası bir daha elmi ictimaiyyətimizin diqqətini xalq musiqisinin nəzəri problemlərinə yönəldəcək. Biz də yazımıza yekun vuraraq, ümidvar olduğumuzu bildiririk ki, Azərbaycan xalq musiqisinin əsl elmi əsaslarla toplanılması və müasir elm səviyəsində araşdırılması musiqişünaslığımızın ostinat prinsipinə çevriləcək.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page