ÏÎÐÒÐÅÒËßÐ
ZEMFIRA SƏFƏROVANIN
XOŞBƏXTLIK FORMULU

Zümrüd DADAŞZADƏ
Search

ÏÎÐÒÐÅÒËßÐ
MÜSLÜM MAQOMAYEV
– ESTRADA SƏHNƏSININ
SÖNMƏZ ULDUZUDUR

Gülnaz ABDULLAZADƏ
ZEMFIRA SƏFƏROVANIN
XOŞBƏXTLIK FORMULU

Zümrüd DADAŞZADƏ
BAŞLIĞINI TAPMADIĞIM ÜRƏK SÖZLƏRI
Azad Ozan KƏRIMLI

 


       Əslinə qalsa Z.Səfərovanın bütün fəaliyyəti həmin məqsədə xidmət edir. O, məqalələrindən birində yazır: «Hər bir xalqın musiqi mədəniyyətindən, irsindən yalnız o vaxt danışmaq olar ki, o xalq ilk növbədə özü öz irsini qiymətləndirib yaşatmağı bacarsın». Başqa yerdə Azərbaycanın musiqisinin dərin kökləri və qədim tarixinin araşdırılmasının indiki şəraitdə – Azərbaycanın müstəqillik və suverenlik qazandığı dövrdə – labüdlüyünü qətiyyətlə bəyan edərək öz kredosunu belə ifadə edir: «Yalnız zəngin irsin dərindən öyrənilməsi nəticəsində xalqın maddi mədəniyyətinin demokratiya, sosial və iqtisadi təkamül yolu ilə gələcək hərtərəfli inkişafı mümkündür».

       Z.Səfərovanın elmi araşdırmalarının daha bir qəhrəmanı alim, şair, musiqişünas, rəssam, görkəmli maarifçi Mir Möhsün Nəvvabdır. Bu adın elmi ictimaiyyətə tanıtdırılmasında Zemfira xanımın xidməti əvəzsizdir. Azərbaycan dilində ilk musiqi risaləsi – Nəvvabın «Vüzuhül ərqam»ını giriş sözü və şərhlərlə nəşr etdirən Z.Səfərova Azərbaycanda mənbəşünaslığa böyük töhfə bəxş etmişdir (Bakı,1989). Alimin bir neçə il əvvəl Nəvvab haqqında yazdığı kitab (Bakı, 1983, rus dilində), habelə Səmərqənd beynəlxalq simpoziumunda oxuduğu məzmunlu məruzə – burada müvafiq musiqi nümunələrini görkəmli tarzən Bəhram Mansurov öz təkrarsız çalğısı ilə illüstrasiya etmişdir – müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərdə maraq doğurmuşdur. Məsələn, A.Cumayev kimi tanınmış özbək musiqişünasının öz məqalələrində Zemfira xanımın yuxarıda adı çəkilən işlərinə istinad etməsi faktı çox səciyyəvidir.

       Maraqlıdır ki, Nəvvab haqqında araşdırmanı Zemfira xanım sənətkarın vətənində – Şuşada yazmağa başlamışdır. O zaman musiqişünas Şuşanın görməli yerlərini saatlarla seyr edər, Nəvvabın yaşadığı evə tez-tez baş çəkər, yəni şəhərin qeyri-adi, sanki musiqinin özündən yoğrulmuş ab-havasından ilham alarmış. Odur ki, kitab belə səmimi, isti, oxunaqlı alınmış, Nəvvabı bizə sevdirmiş, doğmalaşdırmışdır.

       90-cı illərdə Zemfira xanımın yaradıcılığında daha bir mövzu da səslənir. Özü də necə – etirazedici, ehtirasla! Alim «Şuşa – musiqimizin məbədidir» mövzusunda tədqiqat işi apararaq, topladığı, ümumiləşdirdiyi qiymətli materiallarla ictimaiyyəti tanış edir – məruzələr oxuyur, məqalələr dərc etdirir, həm də təkcə Azərbaycanda deyil. Onun Şuşa haqqında yazısının bu il Moskvada «Muzıkalnaya akademiya» kimi mötəbər, bütün dünyada yayımlanan jurnalın ilk nömrəsində dərc olunması müstəsna əhəmiyyətli hadisədir. Məqalə aşağıdakı prinsipial sətirlərlə başlanır: «Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlər Avstriyanın Vyana, Italiyanın Neapol, Qarabağın da Şuşa şəhəridir.

       Qarabağın ən füsünkar guşələrindən biri Şuşa – Azərbaycan musiqisinin məbədi və beşiyidir. Şəhər haqlı olaraq «Qafqazın konservatoriyası» adlandırılmışdır. Bir çox məşhur Azərbaycan musiqiçiləri – müğənnilər, ifaçılar, bəstəkarlar Şuşanın yetirmələridirlər». Sonra Zemfira xanım emosiyaya qapılmayaraq, təmkin, qürur və ləyaqətlə Şuşanın zəngin musiqi həyatından, bu şəhərdə yetişmiş böyük sənətkarlardan bəhs edir. Bütün mülahizələr sənədlərlə, özü də təkcə Azərbaycan deyil, rus musiqişünaslarının şəhadətnamələri ilə təsdiq olunur. Ümumiyyətlə, burada Zemfira xanım bir alim kimi mühüm keyfiyyətlərini – tam obyektivliyini, yalnız yaxşı yoxlanılmış faktlarla işləmək, mötəbər mənbələrə arxalanmaq istəyini, hər bir fikri isbat etmək bacarığını bir daha nümayiş etdirir.

       Odur ki, məqalənin sonunda Z.Səfərova «Biz inanırıq, əminik ki, gün gələcək, Qarabağda, Şuşada, onun «Cıdır düzün»də, «Isa bulağı»nda yenə «Qarabağ şikəstəsi» səslənəcək, yenə xalq mahnısı «Qarabağda bir dənəsən» oxunacaq və yenidən yeni «Qarabağ bülbülləri» cəh-cəh vuracaq!» - yazanda biz müəllifin qətiyyətinə qoşulur, onun bir vətənpərvər , bir vətəndaş kimi mövqeyini alqışlayırıq.

       Burada haşiyəyə çıxaraq onu da söyləmək istərdim ki, 70-illik tarixi boyu ilk dəfə səhifələrinin böyük hissəsini Azərbaycana həsr edən «Muzıkalnaya akademiya» jurnalının göstərilən sayının (burada «Azərbaycan: 10 il sonra» bölməsində çeşidli materiallar dərc olunaraq ölkəmizin kifayət qədər dolğun musiqi panoramını təqdim edir) ictimaiyyətimiz tərəfindən laqeyd qarşılanması ən azı təəccüb doğurur. Bu gün milli dəyərlərimizin təbliğatı haqqında çox danışırıq, amma həmin təbliğatın real nümunəsi –böyük zəhmət, enerji hesabına ərsəyə gələn iş, faktiki, kölgədə qalır. Yeri gəldi-gəlmədi rəngbərəng prezentasiyalar keçiririk, lakin Azərbaycan sənətinin bu gününü, onun dərin köklərini, ənənəlirini işıqlandıran ciddi, hörmətli nəşri diqqətsiz qoyuruq. Qəribədir, anlamaq çətindir…

       Hər bir adamın həyatında zirvə anları olur. Zemfira xanım üçün həmin an 1996-cı ilə təsadüf etdi. Məhz o zaman alimin həyatının başlıca işi –«Azərbaycanın musiqi elmi» fundamental tədqiqatı doktorluq dissertasiyası kimi müdafiə olundu, iki il sonra isə kitab şəkilində işıq üzü gördü. Jurnal bu tədqiqata xüsusi məqalə həsr etdiyi üçün (bax: Ü.Talıbzadə, Azərbaycan musiqisinin tarixi yaranır. 1999, ¹1) mən yalnız onun əhəmiyyətini əyani nümayiş etdirən bəzi prinsipial məqamlara toxunmaq istərdim. 584 səhifəlik (36 ç.v.) bu nəhəng – başqa epitet tapmaq çətindir – nəşr (belə ki, kitabda əsas, analitik həssədən başqa, «Qədim musiqi terminləri lüğəti», habelə Marağayinin musiqi əsərlərinin açıqlamalarından ibarət əlavələr də vardır) Azərbaycan ictimaiyyətində böyük əks-səda doğurdu, mətbuatda vacib elmi hadisə kimi dəyərləndirildi, sorağı xarici ölkələrə çatdı. Alim tədqiqatını müxtəlif elmlərin-tarix, musiqişün aslıq, kulturologiya, estetika – çarpazında həyata keçirərək, faktiki, Azərbaycan musiqi tarixinin bu vaxtacan kölgədə qalan böyük bir mərhələsini səbrlə, səriştə ilə bərpa edə bildi. Bu iş professional keyfiyyətlərdən başqa hünər, qeyrət də tələb edirdi.

       Kitabın təqdimat mərasimində çıxış edənlər – S.Ələsgərov, F.Bədəlbəyli, F.Əlizadə, Elçin, R.Hüseynov, H.Abbaszadə, F.Köçərli, G.Əlibəyova, R.Zöhrabov, Ü.Imanova – musiqiçilər, yazıçılar, filosoflar, qürur hissini gizlətmir, Azərbaycan elminin qələbəsinə ürəkdən sevinirdilər. Tarix elmləri doktoru O.Əfəndiyev çoxcildlik Azərbaycan tarixini hazırlayarkən, müvafiq bölmələrdə musiqişünasın materiallarından bəhrələnmək zəruriyyətini vurğulayırdı.

       Alim Tofiq Hacıyev isə « Ədəbiyyat qəzeti»nin səhifələrində yazırdı: «Azərbaycan musiqi elmi» kitabı məndə belə bir təəssürat yaratdı ki, xanım tədqiqatçımızın XIII-XV və XIX-XX əsrlər musiqi mədəniyyətinin dahiləri ilə bağlı yaratdığı təsəvvür, məsələn, böyuk ədəbiyyatşünasların və tədqiqat institutlarının bütövlükdə ədəbiyyat tariximizdəki həmin səviyyəli nəhəng söz ustaları haqqında verdikləri məlumatdan dərin və müfəssəldir. Mən bilmirəm, bu kitab Musiqi Akademiyasında tədris olunurmu, ya yox, ancaq istərdim ki, universitetlərimizin filologiya fakültələrində ixtisas (seçmə) kursu şəklində keçilsin. Bu, ədəbiyyat tarixinin öyrənilməsində filoloq tələbələr üçün çox faydalı olardı».

       Əlbəttə, Zemfira xanımın «Azərbaycanın musiqi elmi» kitabı, başqa elmi işləri BMA müəllimləri və tələbələri üçün əvəzsiz vəsaitdir. Bu gün «Azərbaycanın musiqi tarixi», «Azərbaycan xalq musiqisinin əsasları», bir sıra başqa kursların hərtərəfli, dolğun tədrisi həmin tədqiqatlardan kənarda qeyri-mümkündür. Z. Səfərovanın tədqiqatları Azərbaycandan uzaqda Rusiyada, Mərkəzi Asiya respublikalarında, Iranda, Türkiyədə də maraqla qarşılanmış, mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir. Məsələn, musiqişünas, professor Firat Qızıltuğ «Ayulduz» jurnalında yazır: «Zemfira Səfərovanın «Azərbaycanın musiqi elmi» adlı kitabını böyük bir həyəcanla qarşıladıq. Çünki Türk musiqisi tarixinin indiyəcən bilmədiyimiz səhifələrindən bir bölümünü işıqlandıran daha bir əsər qazanmış olduq». Istambul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müdiri bəstəkar Yalçın Tura Zemfira xanımın çalışmalarının Şərq musiqi elminə önəmli töhfə olduğunu qeyd edir. Nəhayət, həmin konservatoriyanın musiqişünaslıq bölümünün müdiri Süleyman Şenel yazır ki, Z.Səfərovanın «Azərbaycanın musiqi elmi» kitabı «təkcə Azərbaycan və türk dünyası deyil, eyni zamanda dünya musiqişünaslığı üçün də bir qazancdır». Beləliklə, Z.Səfərova öz dərin araşdırmaları ilə bütövlükdə Azərbaycan elminə böyük qələbə qazandırmışdır.

       Musiqi irsimizin tədqiqatçısı… Zemfira xanımı çox zaman bu sözlərlə səciyyələndirirlər. Lakin alimə hər hansı bir mövzu məhdudiyyəti yabancıdır: o, müasir sənətdən də yazır, yeri gələndə bəstəkar və ifaçılarımız haqqında da öz professional rəyini bildirir.

       80-ci illərdə Z.Səfərova Q.Qarayevin elmi-publisistik irsinin tədqiqi ilə məşğul olmağa başlayır. Zahirən asan görünə bilən bu vəzifəni – axı Qarayev müasirimizdir – həll edərkən alim müəyyən ciddi çətinliklərlə üzləşir. Çünki dahi bəstəkarımız heç zaman arxiv toplamadığından, onun müxtəlif çıxışları, məqalələri pərakəndə vəziyyətdə idi. Alim mövzu ilə bağlı zəngin, çoxçeşidli materialları səbrlə yığır, sistemləşdirir, təhlil edir və 1988-ci ildə gördüyü mürəkkəb işin nəticələrini kitab şəklində oxuçulara təqdim edir. Həmin kitab XX əsrin böyük bəstəkarını həm də alim, tamamlanmış estetik konsepsiyaya malik sənətkar kimi tanıtdırmaq baxımından əhəmiyyətli hadisə adlandırıla bilər. Zemfira xanımın hələ 1967-ci ildə «Ədəbiyyat və incəsənət» həftəliyində dərc etdirdiyi «Üçüncü simfoniya haqqında düşüncələr» məqaləsi onun Azərbaycan musiqisinin müasir mərhələsində törəyən problemlərə varmaq bacarığını, mütəxəssis kimi uzaqgörənliyini, mütəhərrikliyini aşkarlayır. Xatırladım ki, həmin məqalə sovet musiqisin də yeni avanqard yazı üsullarının istifadəsi barədə diskussiyaların hələ səngimədiyi bir dövrdə yazılmışdır. Zemfira xanım simfoniyanın musiqi dilinin yeniliyini çağdaş həyatın mürəkkəbliyi ilə müqayisə edib yazır: «Üçüncü simfoniyanın mərkəzində dayanan obraz Azərbaycan milli xarakterinin müasir mərhələsini əks etdirir. Müasir azəri intellektual cəhətdən zəngin, dünyaduyumu və dünyagörüşü etibarilə mürəkkəb bir xarakterdir. Bu insan öz yurdunun, öz vətəninin oğlu olmaqla bərabər, həm də əsrin oğludur». Zemfira xanım ehkamlardan azad olaraq, bizi sənətin dinamikasını duymağa səsləyir.

       Məqalə boyu qəhrəmanımızı mümkün qədər dolğun səciyyələndirmək məqsədilə bir sıra önəmli sözlərdən – səbr, təkid, inadkarlıq, qeyrət – istifadə etdik. Mən həmin sıraya «narahatlıq» sözünü də əlavə edərdim.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page