ĎÎĐŇĐĹŇËßĐ
ZEMFIRA SƏFƏROVANIN
XOŞBƏXTLIK FORMULU

Zümrüd DADAŞZADƏ
Search

ĎÎĐŇĐĹŇËßĐ
MÜSLÜM MAQOMAYEV
– ESTRADA SƏHNƏSININ
SÖNMƏZ ULDUZUDUR

Gülnaz ABDULLAZADƏ
ZEMFIRA SƏFƏROVANIN
XOŞBƏXTLIK FORMULU

Zümrüd DADAŞZADƏ
BAŞLIĞINI TAPMADIĞIM ÜRƏK SÖZLƏRI
Azad Ozan KƏRIMLI

 


       Bu ilin yayında Azərbaycan Dövlət Televiziyasının musiqi redaksiyası mənə musiqişünas, alim Zemfira Səfərovanın ad günü münasibətilə veriliş hazırlamağı həvalə etdi. Mən Zemfira xanımın özü, eyni zamanda elmi fəaliyyəti ilə çoxdan, həm də, zənnimcə, yaxşı tanış idim. Lakin verilişi hazırlayarkən Z.Səfərovanın ömür yoluna, onun təxminən 40 il ərzində gerçəkləşdirdiyi işlərə bir daha nəzər salıb heyran qaldım. Alim necə dolğun həyatla yaşayır! Nə qədər iş görülüb – kitablar, məqalələr yazılıb və ən önəmlisi – indinin özündə də bu iş – ilhamlı, gərgin – davam etməkdədir!

       Nəticədə mənim ərsəyə gətirdiyim material verilişə ayrılan vaxtın çərçivəsini xeyli aşdı. Hətta redaksiya məcburiyyət qarşısında qalıb 15 dəqiqə artırsa da, bu, kifayət etmədi. Biz çəkdiyimiz bəzi dəyərli fraqmentlərdən ürək ağrısı ilə imtina etməli olduq.

       Bir məqama də toxunmaq istərdim. Tamaşaçılar öz ekranlarında əsasən bəstəkar və ifaçıları görməyə vərdiş ediblər. Odur ki, çeşidli verilişləri seyr edənlər musiqişünaslarımızın fəaliyyətindən bixəbərdirlər. Halbuki məhz bu peşə sahibləri musiqi tarixi və nəzəriyyəsinin qəliz məsələləri üzərində baş sındırır, bədii prosesdə nizam axtarır, ayrı-ayrı bəstəkar və ifaçıları dürüst dəyərləndirməyə səy göstərirlər və bütün bu vəzifələri həyata keçirərək özləri kölgədə qalırlar. Odur ki, mənim əsas məqsədim Azərbaycan musiqişünaslığının ən ləyaqətli, ən nüfuzlu nümayəndələrindən birinin fəaliyyətini işıqlandırmaq, onun mümkün qədər dolğun və cazibədar portretini yaratmaq idi. Deyəsən, bu vəzifənin həllinə nail olduq. Veriliş maraqla qarşılandı, geniş rezonans doğurdu. Tamaşaçıları alimin fədakar əməyi, miqyaslı fəaliyyəti həqiqi mənada heyrətləndirdi.

       Bu gün Z.Səfərova 17 kitab, 100-dən artıq elmi məqalə müəllifidir. Onun sorağı bir çox mötəbər beynəlxalq konfrans və simpoziumlardan gəlir. Alim müxtəlif elmi şuraların, redaksiya heyətlərinin (o cümlədən, «Musiqi dünyası»nın) üzvüdür. Milli Elmlər Akademiyasının Memarlıq və Incəsənət Institunda «Musiqinin tarixi və nəzəriyyəsi» şöbəsinə rəhbərlik edir. Sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimidir. Lakin ən önəmlisi məxsusi mövqeyə malik, heç kimin nail olmadığı zirvələri fəth edən, heç kimin aramadığı mövzuları təhlil edən alimdir.

       Zemfira xanımın yaradıcılığına həsr olunmuş müxtəlif məqalələrin başlıqları çox səciyyəvidir: «Musiqi irsimizin ilhamlı tədqiqatçısı», «Ənənələri yaşadan alim», «Əsrlərə həsr olunmuş illər»… Həqiqətən, Z.Səfərova həyat illərini əsrlərə həsr edib, bir arxeoloq kimi musiqimizin ən dərin qatlarına nüfuz etməyi, tariximizin zülmətə qərq olmuş səhifələrinə nur saçmağı qarşısına məqsəd qoyaraq bu məqsədə doğru inamla addımlayıb.

       Yaradıcılıq yolunun lap əvvəlində, hələ konservatoriyanın tələbəsi ikən Üzeyir Hacıbəyovun elmi əsərlərini araşdırmağa başlayaraq Z.Səfərova sonralar da onun irsinə, şəxsiyyətinə dönə-dönə üz tutub, hər dəfə bu dahinin portretinə yeni mühüm ştrixlər əlavə etməyə müvəffəq olub. Bu gün Üzeyirşünaslığı alimin çeşidli işlərindən kənarda təsəvvür etmək olmaz. Özü də sənətkar haqqında Zemfira xanımın yazdıqları janr rəngarəngliyi ilə fərqlənir: burada sanballı elmi tədqiqatlar, populyar broşüra, sərbəst, esse səciyyəli jurnal məqalələri də vardır. Həmin çeşidli işlərində Z.Səfərova Ü. Hacıbəyovun yaradıcılığını, şəxsiyyətini, nəzəri və estetik görüşlərini, publisistik yazılarını geniş kulturoloji kontekstdə təhlilə məruz qoyaraq, nəinki Azərbaycan, dünya sənəti qarşısında Ustadın xidmətlərini inandırıcı şəkildə isbat edə, göstərə bilmişdir. Bu baxımdan alimin ilk iri araşdırması – «Üzeyir Hacıbəyovun musiqi - estetik baxışları» kitabının (M.,1973) Moskvada nəşri faktını bir daha vurğulamaq istərdik. Bu, əsl ində Üzeyir bəyi o dövrün geniş oxucu kütləsinə nəinki bəstəkar, həm də alim, mütəfəkkir kimi hərtərəfli təqdim edən ilk ciddi və sanballı kitabdır.

       Tədqiqatda Ü.Hacıbəyovun elmi konsepsiyasının kamilliyi, estetik baxışlarının sərrastlığı və uzaqgörənliyini qabarıq göstərən Z.Səfərova eyni zamanda bütün müddəalarını bəstəkarın konkret musiqi əsərlərindən nümunələrlə parlaq surətdə əsaslandırır. Çünki Üzeyir bəy üçün doğma xalqının musiqisi, Zemfira xanımın yazdığı kimi, «ölü kapital deyil, canlı, bütöv sistemdir ki, xalq öz «musiqi barigahını» onun əsasında qurur. Əgər Ü.Hacıbəyov «Azərbaycan xalq musiqisinin əsasları»nı yazmaqla milli musiqimizin gizli kodunu açıqlayırsa, Z.Səfərova öz tədqiqatı ilə Üzeyir bəyin qənaətlərinin qlobal əhəmiyyətini təsbit edir.

       Tədqiqatı bir çox alimlər – I.Rıjkin, A.Dmitriyev, L.Karagiçeva yüksək qiymətləndirmişdirlər. Dahi bəstəkar Q.Qarayev isə kitaba yazdığı giriş sözündə onun əhəmiyyətini düzgün müəyyənləşdirmişdir: «Müasir Azərbaycan musiqişünaslıq ədəbiyyatında Azərbaycan musiqisinin estetik problemləri ötəri şəkildə – bu və ya digər elmi mövzu ilə əlaqədar tədqiq edilmişdir. Z.Səfərova üzərinə çətin iş götürmüş – tədqiqatını bütövlükdə bu mövzuya həsr etmişdir… Kitabın müəllifi Ü.Hacıbəyovun çox mürəkkəb və çoxcəhətli, Azərbaycanın keçmişi, bu günü və gələcəyi ilə bağlı vacib problemlərə toxunan (vurğulama mənimdir – Z.D.), estetik konsepsiyası haqqında qanunauyğun və doğru əks edilmiş nəticələrə gəlir».

       Maraqlıdır ki, Z.Səfərovanın bu tədqiqatı indi də mütəxəssislərin diqqətini cəlb edir. Məsələn, tanınmış yazıçı G.Qaçevin 2002-ci ildə Moskvada işıq üzü görmüş «Dünyanın milli obrazları. Qafqaz. Rusiyadan Gürcüstan, Azərbaycan və Ermənistana intellektual səyahət» kitabında müəllif bir çox mətləbləri kulturoloji aspektdə xırdalayaraq, o cümlədən milli xarakter və musiqi qanunauyğunluqları arasında ortaq nöqtələr axtarır və bu zaman Z.Səfərovanın kitabından ayrı-ayrı mülahizələrdən bəhrələnir. Yəni Ü.Hacıbəyovun üzə çıxardığı qanunauyğunluqlara Zemfira xanımın gözü ilə baxıb onları (məsələn, musiqinin kəskin sıçrayışlardan kənar rəvan inkişafını, ritmik xüsusiyyətlərini) azərbaycanlıların dünyaduyumu, temperamenti ilə əlaqələndirir.

       Mən Z.Səfərovanın 1983-cü ildə, musiqişünasların Səmərqənd beynəlxalq simpoziumu ərəfəsində ilk dəfə çapdan çıxan, iki il sonra Üzeyir bəyin 100-illik yubileyi münasibətilə tərcümə olunaraq 7 dildə nəşr olunan «Üzeyir Hacıbəyov» kitabçasını da qeyd edərdim. Burada Zemfira xanım başqa yazı üslubu seçərək geniş oxucu kütləsi ilə rabitəyə girir və Ustadın tarixi xidmətlərindən yığcam, maraqlı şəkildə, mən deyərdim, ilhamla bəhs edir. Həmin yubiley ilində (1985) alim «Üzeyir Hacıbəyov yaradıcılığında nəzəri və estetik problemlər» monoqrafiyasını nəşr etdirərək, sanki əvvəlki araşdırmaların təcrübəsini ümumiləşdirir, Ü.Hacıbəyov elmi konsepsiyasının hərtərəfli, dolğun, mükəmməl təhlilini təqdim edir.

       Mən burada ilk bəstəkarımızın irsinin akademik nəşrinin ərsəyə gəlməsində Z.Səfərovanın misilsiz xidmətlərini də xatırlatmaq istərdim. Biz haqlı olaraq musiqi tariximizdə yeni, bəstəkarlıq mərhələsini 1908-ci ildən - «Leyli və Məcnun» operasının ilk tamaşasından başlayırıq. Lakin bu faktı sənədləşdirmək baxımından opera partiturasının nəşri çox zəruri idi. Bu böyük zəhmət, vaxt tələb edən işin həyata keçirilməsini boynuna götürən Z.Səfərova (təkcə onu söyləyək ki, nəşrin baş redaktoru Q.Qarayevlə məsləhətləşmək, habelə nəşriyyatda notların yığılmasını tənzimləmək məqsədilə Zemfira xanım dəfələrlə Moskvaya səfər etməli olur) nəinki yaradıcılıq, təşkilati, hətta diplomatik vəzifələri həll etmək məcburiyyəti ilə qarşılaşır. Alimin qeyri-adi inadkarlığı nəticəsində Şərqdə ilk opera – «Leyli və Məcnun»un mükəmməl partiturası 1983-cü ildə işıq üzü görür. Bu nəhəng iş həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yüksək qiymətləndirilir, ruh yüksəyliyi, qürur hissi doğurur. Fikrət Əmirov 1984-cü ildə « Kommunist» qəzetinin səhifələrində emosional tərzdə yazırdı: «Ilk opera – ilk partitura! Bu iki faktın bir-biriylə bağlılığı, məntiqi əlaqəsi qəlbimizi fərəh hissiylə çırpındırır…» F.Əmirov Z.Səfərovanın, birinci cildin xüsusi redaktoru bəstəkar N.Əliverdibəyovun xidmətlərini xüsusi qeyd edərək, akademik nəşr üçün «düzgün, dəqiq iş üsulunun müəyyənləşdirilməsi» fikrini vurğulayır.

       Sonrakı illərdə akademik nəşr üzərində iş davam etdirilir: bir-birinin ardınca «Leyli və Məcnun»un klaviri, «Koroğlu»nun I-III pərdələrinin partituraları da çapdan çıxır. Lakin 90-cı illərin əvvəlində ölkəmizin ictimai-siyasi durumunun qeyri-sabitliyi və bunun nəticəsi kimi törəyən iqtisadi, deməli, maliyyə çətinlikləri ucbatından nəşrin çapı müvəqqəti dayandırılmışdır.

       Zemfira xanım bu məsələni bir an belə diqqətindən kənarda qoymayaraq, hal-hazırda partituranın IV və V pərdələrinin nəşrini xüsusi redaktor – dirijor R.Abdullayevlə birgə reallaşdırmaq əzmindədir. Çünki bu gün Azərbaycan xalqının mənəvi irsinin qorunub saxlanılması, təbliği, gələcək nəsillərə mümkün qədər tam şəkildə çatdırılması ən aktual məsələlərdəndir. Mədəniyyətimizin «intellektual qarətə» məruz qaldığı indiki şəraitdə həmin qarətin əsas hədəflərindən birini – Ü.Hacıbəyovu mühafizə etmək, sənət sahəsində əks-təbliğatı gücləndirmək gərəkdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page