ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
FIKRƏT ƏMIROV –
AZƏRBAYCAN MUSIQISININ KORIFEYI

Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
FIKRƏT ƏMIROV –
AZƏRBAYCAN MUSIQISININ KORIFEYI

Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
AZƏRBAYCANIN ILK
QADIN BƏSTƏKARI

Fəttah XALIQZADƏ
BÖYÜK BƏSTƏKAR, ƏSL VƏTƏNDAŞ
Lalə HÜSEYNOVA
RAUF HACIYEV – 80
ONUN MUSIQISI HƏMIŞƏYAŞARDIR

Ramiz ZÖHRABOV
BƏZƏN BIR ÜMID, BƏZƏN GÖZ YAŞI…
(Emin Sabitoğlu yarıdıcılığı
və şəxsiyyəti haqqında lirik d&uum

Zümrüd DADAŞZADƏ

 


       Bəstəkarın milli ladlardan istifadə üsulları çox müxtəlifdir. Demək olar ki, melodiyalar lad pillələri üzərində hərəkətdən yaranır. Çox zaman lad modulyasiyalarına geniş yer verilir. Bir laddan digərinə keçid ladlar arasındakı ortaq pillələr və ya pillələrin xromatizmə üğraması vasitəsilə həyata keçirilir. Bəzi hallarda isə musiqi materialında müxtəlif lada əsaslanan melodiyaların təbəqələşməsini, kontrapunkt şəklində verilməsini görürük. Müxtəlif lad əsasına malik mövzuların birgə səslənməsi poliladlıq əmələ gətirir.

       Operada qəhrəmanların musiqi xasiyyətnamələrinin yaradılmasında da milli ladlardan istifadə mühüm əhəmiyyətə malikdir. Belə ki, F.Əmirov Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» kitabında göstərdiyi ladların emosional şərhinə13 əsaslanır. Bu baxımdan Sevil obrazının musiqi xasiyyətnaməsinə diqqət yetirsək görərik ki, bu obraz əsərin əvvəlində ailə-məişət fonunda şur ladında yazılmış melodiyalarla (1-ci pərdədən Sevilin ariozosu, laylası) xarakterizə olunursa, onun daxili aləmini, iztirablarını, kədərini ifadə edən leytmövzuları şüştər və humayun ladlarına əsaslanır. 2-ci pərdədən Sevilin ariyası bu mövzular üzərində qurulmuşdur. Lakin daha sonra dərin kədər hissi oyadan şüştər həyəcanlı, ehtiraslı çahargahla (Sevilin monoloqu) əvəz olunaraq, Sevilin özünə inamını, mübarizə əzmini ifadə edir. Operanın sonunda, (Sevillə Balaşın duet səhnəsində) Sevilin partiyasında rast ladında səslənən mövzu xoşbəxt bir insanı gözümüz qarşısında canlandırır.

       Göründüyü kimi, bəstəkar xalq və şifahi ənənəli professional musiqidə öz dəst-xətti üçün, əsərlərinin musiqi dili üçün zəngin çalarlar tapmışdır.
       F.Əmirovun yaradıcılığında və eləcə də Azərbaycan musiqisində mərhələ təşkil edən «Sevil» operasından başqa bəstəkar daha bir neçə səhnə əsəri yaratmışdır. Bunlar yaradıcılığının ilkin dövrünə aid olan «Ürəkçalanlar» və «Gözün aydın» musiqili komediyaları, yetkin dövrün məhsulu olan «Nəsimi dastanı», «Minbir gecə», «Nizami» baletləridir.

       «Nəsimi dastanı»nı müəllif özü vokal-xoreoqrafik poema kimi dəyərləndirsə də burada balet janrına məxsus ünsürlər, yəni dramatik süjet xətti, geniş inkişaflı musiqi və s. özünü qabarıq büruzə verir. Bəstəkar bu janrı inkişaf etdirərək, ona yeni cizgilər gətirir. Belə ki, xor, solist-müğənni, qiraətçi balet janrına əlavə olunmuşdur. Burada bəstəkar musiqi, xoreoqrafiya və poeziyanın üzvi vəhdətini yarada bilmişdir. F.Əmirov əsəri belə səciyyələndirirdi: «Baletin əsasını Nəsiminin dərin, insani fikirləri, vüsal həsrətini ifadə edən poetik sözün qüdrəti haqqında, məhəbbət və onun ülviyyəti haqqında düşüncələri təşkil edir».

       Böyük şairin anadan olmasının 600 illiyinə həsr olunmuş bu əsər böyük maraqla qarşılanmış və Dövlət mükafatına layiq görülmüşdür.
       F.Əmirovun «Min bir gecə» baleti milli balet janrının inkişafında böyük rol oynamışdır. Bu balet Azərbaycan Dövlət Opera və Balet teatrında müvəffəqiyyətlə səhnələşdirildikdən sonra keçmiş SSRI-nin bir çox şəhərlərində və xarici ölkələrdə də tamaşaya qoyulmuş və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Əsər SSRI Dövlət mükafatına layiq görülmüşdür.

       «Min bir gecə» baletinin əsasını eyniadlı Şərq nağıllarının motivləri təşkil edir. Baletin librettosu Maqsud və Rüstəm Ibrahimbəyovlara məxsusdur. Əsərdə müxtəlif süjetli nağıl epizodlarının bir-birini əvəz etməsinə baxmayaraq, o, ideya cəhətdən bitkin əsər olub, tam halında qavranılır. Musiqişünas R.Zöhrabovun qeyd etdiyi kimi, bəstəkar «Şəhrizadın nağıllarını məharətlə musiqi və rəqs dilinə tərcümə etmişdir»14.

       Əsərin musiqisi obrazlılığı, parlaqlığı, koloritliyi ilə diqqəti cəlb edir. Bu, zəngin obrazlar qalereyasına, yaddaqalaq maraqlı səhnələrə malik bir əsərdir.

       Balet tamaşasının yaradıcı heyəti də xüsusi qeyd olunmalıdır. Çünki baletmeyster Nailə Nəzirova, rəssam Toğrul Nərimanbəyov baletin musiqisinin xoreoqrafiya və rənglər vasitəsilə yozumunu verməyə nail olmuşlar.

       «Min bir gecə» baletində F.Əmirov ərəb mövzusuna müraciət etməsinə baxmayaraq, öz milli zəminində dayanmış, bu xalqın musiqisini öz təfəkkür süzgəcindən keçirmişdir. Yaxın və Orta Şərq xalqlarının mədəniyyəti arasındakı çox yaxın və ümumi cəhətlərin mövcud olması bəstəkarın yaradıcılıq fantaziyasına qol-qanad vermişdir.

       «Nizami» baleti isə bəstəkarın son əsəridir. F.Əmirov onu klavir şəklində tamamlamış, onun vəfatından sonra isə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi bəstəkar Musa Mirzəyev əsəri orkestrləşdirmişdir. Qeyd edək ki, «Nizami» baleti dahi şairin yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Opera və Balet teatrında tamaşaya qoyulmuşdur. Lakin baletin səhnə ömrü çox qısa olmuşdur. Ümidvarıq ki, daima repertuarını zənginləşdirməyə can atan Opera və Balet teatrı bu əsərə bir daha müraciət edəcək.

       F.Əmirov üçün Nizami poeziyası bütün yaradıcılığı boyu tükənməz ilham məhbəyi olmuşdur. Təsadüfi deyildi ki, ilk böyük sənət təcrübəsi «Nizami» simfoniyası (1947) da dahi şairin obrazının təcəssümü ilə bağlı idi. Vokal musiqisi nümunələri arasında Nizaminin sözlərinə «Gülüm» qəzəl-romansı şairin poeziyasının incə duyumu ilə fərqlənir. Və nəhayət, ürəyindəki coşub-daşan yaradıcılıq planlarını reallaşdırmağa imkan tapmayan F.Əmirovun bizim üçün son əsəri sayılan «Nizami» baleti də Nizami dünyasına həsr olunmuşdur. Əlbəttə ki, bu əsərlər Azərbaycan musiqisində Nizami mövzusu ilə bağlı sənət nümunələri arasında önəmli yer tutur.

       F.Əmirov qələmini publisistika sahəsində də sınamışdır. Onun «Musiqi səhifələri», «Musiqi aləmində», «Musiqi düşüncələri» kitablarında toplanmış məqalələri bəstəkarın dünyabaxışlarını, sənətə münasibətini əks etdirən qiymətli mənbədir. Öz məqalələrində bəstəkar onu əhatə edən mühit, sənət aləmi, insanlar haqqında fikir söyləyir, musiqi ilə, yaradıcılıq, ifaçılıq, təhsil problemlərilə bağlı, Azərbaycan musiqisinin inkişaf yolları ilə bağlı mülahizələr yürüdür. Bəstəkarın toxunduğu məsələlər bu gün də çox müasir səslənir və aktuallığını saxlayır. Bütün bünlar F.Əmirovun sənətkarlığını, onun böyüklüyünü dərk etməyə imkan verir.

       Təəssüflə qeyd etməliyik ki, F.Əmirovun yaradıcılığı musiqişünaslığımızda çox az öyrənilib. Şübhəsiz, onun əsərləri, yaradıcılıq üslubu, müxtəlif aspektli neçə-neçə elmi tədqiqatların mövzusu ola bilər. Və ümid edirik ki, bu boşluq yaxın gələcəkdə aradan qaldırılacaqdır.

       Bəli, bütün həyatı boyu yaradıcılıq axtarışları ilə yaşamış F.Əmirovun əsərlərinin mövzu dairəsi çox geniş, yaradıcılıq palitrası rəngarəngdir. Sözsüz ki, onun bütün əsərlərinin adını çəkməyi və onları səciyyələndirməyi bir məqalənin həcminə sığışdırmaq imkan xaricindədir. Lakin ötəri də olsa qeyd etmək istərdik ki, simfonik musiqi və səhnə janrları ilə yanaşı, vokal və instrumental musiqi sahəsində də F.Əmirovun yaratdığı əsərlər Azərbaycan musiqi xəzinəsini zəngiləşdirən incilərdir. Kiçik həcmli instrumental və vokal miniatürlərdən tutmuş iri həcmli konsert janrına kimi F. Əmirovun əsərləri ifaçıların tədris və konsert repertuarlarını bəzəyir. Istər uşaq musiqi məktəblərində, istərsə də orta ixtisas və ya Ali musiqi məktəblərində. Kiçik yaşlı musiqiçilər onun «Uşaq albomu»na daxil olan pyeslərini, prelüdlərini həvəslə ifa edirlər. Onun E.Nəzirova ilə birlikdə yazdığı «Ərəb mövzuları əsasında fortepiano və orkestr üçün Konserti» isə gənc ifaçıların proqramında daimi yer tutur. Professional sənətkarlar isə, həm azərbaycanlılar, həm də xarici ölkə ifaçıları öz repertuarlarına F.Əmirovun əsərlərini daxil edir və hər bir musiqiçi onun əsərlərinin özünəməxsus yeni təfsirini yaradır.

       Və hazırda Fikrət Əmirovun əsərləri özünün yeni ifaçılarını tapır, yeni yozumda səslənir, özünün yeni həyatını yaşayır. F.Əmirovun əsərlərinin səhnəyə qoyulması, ifa olunması, lent yazılarının radio dalğalarından və mavi ekrandan səsləndirilməsi yetişən gənc nəslin dünyagörüşünün formalaşmasında, estetik zövqünün yüksəldilməsində mühüm əhəmiyyətə malikdir. Bu əsərlər bizim milli sərvətimizdir. Gələcək nəsillər ruhən məhz bu əsərlərdən qidalanmalı və müstəqil respublikamızın musiqi mədəniyyətinin yüksəlişi naminə əzmlə çalışmalı, sənət korifeylərimizin layiqli davamçıları kimi yetişməlidir.

       Əminik ki, dünya xalqları tərəfindən tanınmış və dəyərləndirilmiş Fikrət Əmirov musiqisi tərcüməyə ehtiyacı olmayan bir dil kimi insanlar arasında ünsiyyət vasitəsinə çevriləcək, onların bir-birini daha yaxşı başa düşməsinə, xalqların yaxınlaşmasına, sülh və əmin-amanlığa rəvac verən qüvvə kimi daim yaşayacaq və səslənəcək.



ƏDƏBIYYAT

13. Ü. Hacıbəyov. "Azərbaycan xalq musiqisinin əsasları". B., 1985, səh. 16.
14. R. Zöhrabov. Bəstəkarlarımızın portreti. B., 1997, səh. 28.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page