FIKRƏT ƏMIROV
AZƏRBAYCAN MUSIQISININ KORIFEYI

Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
Search


FIKRƏT ƏMIROV
AZƏRBAYCAN MUSIQISININ KORIFEYI

Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
AZƏRBAYCANIN ILK
QADIN BƏSTƏKARI

Fəttah XALIQZADƏ
BÖYÜK BƏSTƏKAR, ƏSL VƏTƏNDAŞ
Lalə HÜSEYNOVA
RAUF HACIYEV 80
ONUN MUSIQISI HƏMIŞƏYAŞARDIR

Ramiz ZÖHRABOV
BƏZƏN BIR ÜMID, BƏZƏN GÖZ YAŞI
(Emin Sabitoğlu yarıdıcılığı
və şəxsiyyəti haqqında lirik d&uum

Zümrüd DADAŞZADƏ

 


Xalqımızın böyük bəstəkarı, SSRI və Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fikrət Əmirovun anadan olmasının 80 illiyi tamam olur. Adətən yubileyə hazırlıq dövründə bəstəkarın yaradıcılıq yolu bir daha yada salınır, musiqi kollektivləri onun əsərlərinə müraciət edir, yubiley tədbirləri çərçivəsində konsertlər, konfranslar, xatirə geçələri keçirilir... Bütün bunlar təbii haldır. Lakin Fikrət Əmirov kimi bir sənətkar haqqında yada salınır ifadəsini işlətmək mümkünsüzdür. Çünki onun musiqisi xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Və bu musiqiyə məhəbbət xalqın qəlbində daima yaşayacaqdır.

Xalq üçün yazıb-yaratmaq, onunla birlikdə nəfəs alıb işləmək sənətkar üçün ən böyük səadətdir. F. Əmirovun bu sözləri onun sənət devizidir. Və biz bu sözlərin təsdiqini onun yaratdığı irili-xırdalı bütün əsərlərində, onun həyatının bütün anlarında, fəaliyyətinin bütün sahələrində müşahidə edirik, görürük.

Azərbaycan professional bəstəkarlıq məktəbinin korifeylərindən biri olan Fikrət Əmirov zəngin yaradıçılığı ilə musiqimizin inkişafında yeni mərhələ açmış, musiqimizi dünya miqyasında tanıtmış, əsərlərilə dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

F. Əmirovun yaradıçılığı geniş və çoxşaxəlidir. O, musiqinin bir çox janrlarında əsərlər bəstələmişdir. Bəstəkarın Sevil operası, Min bir gecə, Nəsimi dastanı, Nizami baletləri, Şur, Kürd-Ovşarı, Gülüstan Bayatı-Şiraz simfonik muğamları, Nizami simfoniyası, Azərbaycan kapriççiosu, skripka və fortepiano üçün Müğam-poeması, süitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azərbayçan mədəni irsinin qiymətli inçiləridir.

F.Əmirovun əsərləri dərin köklərlə milli zəminə bağlıdır. Bəstəkar xalqın musiqi dilini, musiqi təfəkkürünü elə dərinliklə dərk edir ki, onlar bəstəkarın özünəməxsus dəst-xəttinin, musiqi dilinin xüsusiyyətlərinə çevrilir. Yəni xalq musiqisi F. Əmirovun öz fikir və hisslərini ifadə etmək üçün doğma dildir. Eyni zamanda, xalq musiqisinin qanunaüyğunluqları F.Əmirovun yaradıcılığında inkişaf etdirilərək, dünya klassik musiqi ənənələri və müasir bəstəkarlıq texnikası ilə rövnəqlənmiş, cilalanmışdır. F.Əmirovun yaradıçılıq üslubu iki özəyin Şərq və Qərb musiqi ənənələrinin qovuşmasından yaranmışdır.

Öz sənət amallarının təcəssümü üçün yeni yollar axtaran bəstəkar forma və ifadə vasitələrinə görə novator əsərlər yazmışdır. Hər şeydən əvvəl, qeyd edək ki, o, Azərbaycan musiqi tarixinə iki janrın simfonik muğam və muğam-poema janrlarının yaradıcısı kimi daxil olmuşdur. Artıq bunların adından xalq musiqi yaradıcılığının üzvi surətdə klassik formalara tətbiq olunduğu aydın görünür. Demək lazımdır ki, simfonik muğam janrı simfonik musiqiyə, muğam poema isə kamera musiqisinə aiddir. Beləliklə də bəstəkar professional musiqinin şifahi və yazılı ənənələrə əsaslanan iki təbəqəsinin qovuşdurulmasına nail olmuşdur. Məhz buna görədir ki, F.Əmirovun dərin milli ruhlu əsərləri ümumbəşəri keyfiyyət kəsb edir.

F.Əmirovun əsərləri dünyanın ən böyük konsert salonlarında səslənərək, Niyazi, Stokovski, Münş, Abendrot, Svetlanov, Rojdestvenski, Raxlin kimi görkəmli dirijorların repertuarını bəzəmişdir. Bu əsərlərə xas olan humanistlik, fəlsəfi dərinlik, parlaq obrazlılıq, bədii kamillik dinləyiçini valeh etməyə bilmir.

F.Əmirovun musiqisini ilk dinləyişdən tanımamaq qeyri-mümkündür. Onun musiqisi dərin məzmunu, zənginliyi, incəliyi, parlaq və şəffaf orkestrləşdirilməsi, təravətliliyi və sözün əsl mənasında xəlqiliyi ilə özünə cəzb edir.

Bəstəkar milli musiqi zəminində müasir əsərlər yaratmaq üçün iki mühüm amilin vacibliyini vurğulayırdı: xalq musiqisini dərindən bilmək və sevmək; müasir musiqi səviyyəsində dayanmaq. Bu iki çəhətin vəhdəti musiqinin inkişafı üçün, milli musiqinin ümumbəşəri mahiyyət əldə etməsi üçün yeganə yoldur.

Xalq musiqisini Tükənməz ilham mənbəyi, sənətkara qüvvət verən dirilik çeşməsi adlandıran F.Əmirov hesab edirdi ki, əsl sənət əsəri doğma xalqının yaradıçılıq çeşməsindən qidalanmalı, bəhrələnməli və bununla da sənətkar və sənət doğma xalq qarşısında insani və vətəndaşlıq borcunu yerinə yetirməlidir1. Həmçinin, onun fikrincə, cəmiyyəti düşündürən mühüm məsələlərə vaxtında cavab vermək, bu günün qəhrəmanlarının səmimi hisslərini, təmiz duyğularını, böyük ideallarını musiqinin ecazkar dili ilə tərənnüm etmək bəstəkarın umdə vəzifəsi olmalıdır.

Sənətkarın yetişməsində, dünya görüşünün formalaşmasında onun boya-başa çatdığı mühitin böyük rolu vardır. Belə ki, xalq musiqisi uşaqlıqdan F.Əmirovun qanına hopmuşdur. Dövrünün məşhur muğam bilicisi, görkəmli tarzən Məşədi Cəmil Əmirovun oğlu olan Fikrət muğam və xalq musiqisi mühitində tərbiyə olunmuş, özü də musiqi sənətinə tar çalan kimi gəlmişdi. F. Əmirovun etiraf etdiyi kimi, tar və muğam onun ürəyinə uşaqlıqdan daxil olmuşdu. Evlərində tez-tez təşkil olunan musiqi məclislərinə qulaq asmağı sevən F.Əmirov xoşladığı melodiyaları yadda saxlamış, calğıçıların ifa tərzi, muğam sənətinin əlifbası onun şüurunda əbədi kök salmışdır. Sonralar bütün bunlar F.Əmirovun xalq musiqisinin gözəl bilicisinə çevrilməsi və onun yaradıcılıq dəst-xətti üçün əsaslı zəmin olmuşdur.

Fikrət Əmirov Azərbaycan bəstəkarlarının elə nəslinə mənsubdur ki, onlar bilavasitə musiqimizin patriarxı Üzeyir Hacıbəyovun xeyir-duası ilə sənət yoluna qədəm basmış, onun ideyalarının təsiri altında formalaşmış, onun yaradıçılığından bəhrələnmiş və Üzeyir bəyin açdığı yollarla inamla irəliləyib onun ənənələrini inkişaf etdirmişlər. F.Əmirovun aforizmə çevrilmiş Biz hamımız Üzeyir məktəbindən çıxmışıq2 sözləri bunun sübutudur. Zənnimizcə, Azərbaycan musiqisində məhz Fikrət Əmirovu Üzeyir bəyin birbaşa varisi adlandırmaq olar: sənət prinsiplərinə, yaradıcılıq üslubunun, musiqi dilinin bir çox amillərinə görə.

Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə ixtisas müəllimləri Üzeyir Hacıbəyov və Boris Zeydman onun bir bəstəkar kimi yetişməsində böyük rol oynamışlar. Xüsusilə Ü.Hacıbəyov sənəti, Ü.Hacıbəyov şəxsiyyəti F.Əmirov üçun bir etalon idi və o, hər işdə Ü.Hacıbəyovdan nümunə götürməyə çalışırdı.

Müğamlara və xalq musiqisinə yaradıcılıqla yanaşmağı, bununla belə dünya klassik musiqisinin mütərəqqi prinsiplərinə əsaslanmağı, özünün dediyi kimi, milli musiqimizin incəliklərini o, xalqımızın bu qüdrətli sənət korifeyindən öyrənmişdi. O, Üzeyir bəyin dahiliyini də onda görürdü ki, xalqımıza xas olan qəhrəmanlıq, vətənpərvərlik, insansevərlik kimi mühüm keyfiyyətləri xalqın öz ruhuna uyğun, xalqın özünə doğma olan bir musiqi dili ilə ifadə edə bilmişdir. Beləliklə, artıq sənətdə ilk addımlarından F.Əmirov dərk etmişdi ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafının mühüm şərtlərindən biri yaradıcılıqda xalq musiqisinə dayaqlanmaqdan ibarətdir. Sonralar F.Əmirov öz məqalələrində dönə-dönə bu məsələyə qayıtmışdır. O, Ü. Hacıbəyovun yolunu davam etdirərək, xalq musiqisindən yaradıcılıqla bəhrələnməyi təbliğ edirdi. O özü Üzeyir bəyin tövsiyə etdiyi kimi, xalq üçün, həm professionala, həm də ən geniş dinləyici kütləsinə eyni dərəcədə anlaşıqlı olan bir musiqi dilində əsərlər yazmaq yolunu tutmuşdu. B una görə də onun əsərləri xalqımıza bu qədər yaxın və doğmadır.

F.Əmirov yaradıcılığında xalqımızın daha bir sənət korifeyi Bülbülün də böyük rolu olmuşdur. O, Bülbülü Azərbaycan musiqisi haqqında dərin, mənalı bir kitaba bənzədərək, onu əsərlərinin ən yaxşı dostu, məsləhətçisi və köməkçisi3 adlandırırdı.

Ilk növbədə qeyd edək ki, Bülbül onun diqqətini folklorşünaslığa yönəltmişdi. Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Bülbülün rəhbərliyi altında Elmi Tədqiqat Musiqi Kabinəsi fəaliyyət göstərirdi. Burada Azərbaycan xalq mahnı, rəqs və muğamlarının nota köçürülməsini F. Əmirov incəsənət tarixində görkəmli hadisə kimi qiymətləndirmişdir. F.Əmirov özü həmin kabinənin işində iştirak etmiş, ekspedisiyalarda olmuş, xalq musiqiçilərinin ifasından muğamlarımızı və xalq mahnılarımızı nota salmışdır. Bəstəkarın dediyinə görə, o, yüzdən artıq xalq mahnısını nota yazmış və onlardan bir çoxu Bülbülün redaktəsi ilə nəşr olunmuş Azərbaycan xalq mahnıları məçmuəsində verilmişdir. Bu işi F.Əmirov sonralar da davam etdirmiş, görkəmli muğam ustadlarının ifasından muğamları nota salmış, bu da onun yaradıcılığı üçün əsil xammal olmuşdur. Bütün bunlar simfonik muğamların meydana gəlməsinə zəmin yaratmışdır. F.Əmirov məqalələrində də qeyd etmişdir ki, onu xalq musiqisi incilərini toplayıb nota salmağa və simfonik muğamları yaratmağa məhz Bülbül sövq etmişdir.

1948-ci ildə F.Əmirovun yaratdığı Şur və Kürd Ovşarı simfonik muğamları musiqi ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Dahi bəstəkarımız Qara Qarayev F.Əmirovun Şur və Kürd Ovşarı simfonik muğamları ilə musiqi ədəbiyyatında yeni səhifə açıldığını qeyd edərək, yazırdı ki, F.Əmirov böyük yaradıcılıq təşəbbüsü göstərərək, qədim muğama yeni məzmun vermiş, muğamı başqa xalqlar üçün anlaşıqlı etmişdir4. Görkəmli rus bəstəkarı T. Xrennikov isə belə hesab edirdi ki, F.Əmirovun simfonik muğamları Şərqin geniş dinləyici kütləsini onun musiqi təfəkkürünə yaxın bir forma vasitəsilə simfonik musiqi mədəniyyətinə qovuşdurmuşdur5.

Haşiyə çıxaraq qeyd etmək istərdik ki, XX əsrin əvvəllərində Azərbaycanda bəstəkar yaradıcılığının formalaşması üçün muğam sənəti bünövrə rolu oynamışdır. Musiqimizin dahi klassiki Üzeyir Hacıbəyovun yaratdığı ilk Azərbaycan operası Leyli və Məcnun muğamlara əsaslanırdı. Bu, opera sənətində yeni bir janrın muğam operanın əsasını qoydu və adından da göründüyü kimi, bu, muğamın bəstəkar yaradıcılığı üçün əhəmiyyətini çox gözəl əks etdirir. Məhz Şərq və Qərb musiqi ənənələrinin qovuşmasından yaranan bu əsər Azərbaycanda professional bəstəkar yaradıcılığının inkişafına təkan verdi. Sonralar da muğama əsaslanan bir sıra yeni musiqi janrlarının meydana gəlməsi üçün zəmin yaratdı. Bunun ən bariz nümunəsi F.Əmirovun simfonik muğamlarıdır.

Əlbəttə ki, özündən əvvəlki bəstəkarların bu sahədəki nailiyyətləri, Ü.Hacıbəyovun, M.Maqomayevin, A.Zeynallının əsərləri, onların muğamdan istifadə yolları F.Əmirov üçün bir örnək olmuşdu. Əgər adlarını çəkdiyimiz bəstəkarlar öz simfonik əsərlərində muğamlardan epizodik şəkildə istifadə etmişdilərsə, F. Əmirov irəliyə doğru böyük bir addım ataraq, musiqi tariximizdə misilsiz nümunələr yaratdı. Onun simfonik muğamları əsil muğam, ənənəvi muğam-dəstgahları əsasında yazılmış sırf simfonik əsərlərdir. Burada bir tərəfdən, muğamın obrazlı məzmunu, ifa tərzi, digər tərəfdən isə simfonik musiqinin forma və ifadə vasitələri öz təcəssümünü tapmışdır. Bəstəkar, sözün əsl mənasında Şərq və Qərb musiqisinin sintezinə nail olmuşdu. Və bununla da simfonik muğam məfhumu musiqimizdə kök salaraq, simfonik musiqinin müstəqil janrı kimi əhəmiyyət qazanmışdır.

F.Əmirov belə hesab edirdi ki, bir xalqın musiqisinin təkcə özünün deyil, digər xalqların da mənəvi sərvətinə çevrilməsi üçün onun məhz professional səviyyədə işlənməsi və zamanın tələbləri ilə səsləşməsi vacibdir. Onun fikrincə, muğam Şərq xalqlarının bu böyük neməti simfonik libas geyinərsə, öz gözəlliyi, öz incəliyi, ahəngi, təravəti, ritmik xüsusiyyətləri ilə dünya xalqlarının mənəvi xəzinəsinə daimi yol tapa bilər6. Bu düşüncələrində böyük bəstəkarımız haqlı idi.



ƏDƏBIYYAT

1. F.Əmirov. "Musiqi aləmində". B., 1983, səh. 244.
2. F.Əmirov. "Musiqi aləmində". səh. 145.
3. F.Əmirov. "Musiqi düşüncələri". B., 1971, səh. 137.
4. K.Karaev. Simfoniçeskie muqamı F. Amirova. "Sovetskaə muzıka", 1949, 3, s. 43.
5. Sitat: V.Vinoqradov. "Mir muzıki Fikreta" - kitabındandır. B., 1983, səh. 39.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page