IFAÇILIQ...
Search


INTERNET SƏHIFƏLƏRINDƏ...
.
YARADICILIQ...
.
MUZEYLƏRDƏ...

IFAÇILIQ...

 


"CAZ VƏ BLYUZ 2002" FESTIVALI ILƏ BIRLIKDƏ

       Sözün doğrusu, aprel ayının 13-ü yarıdan çox zal toplamış Respublika Sarayında "Amerika səsləri" təşkilatının prezidenti Con Fergüssonun "I Caz və Blyuz" festivalını açıq və respublikada keçirilən bu kimi ilk tədbir elan edərkən məni dərhal bürüyən təəccüb hissini uzun müddət boğa bilmədim. Axı, ümumən, caz festivalların keçirilişi Azərbaycanda ənənə halını almasa da, hələ 60-cı illərdən mövcuddur. Bakının və keçmiş SSRI-nin caz dinləyiciləri isə 1988-ci il paytaxtımızda Yaşıl teatrda keçirilmiş və bu kimi tədbirlərin sonuncusu olmuş Ümumittifaq caz-festivalını tez-tez xatırlayırlar

       Lakin son on iki ilin gedişatı gətirdiyi siyasi, iqtisadi və mədəni dəyişiklikləri yaxud bunların ucbatından getdikcə mənəvi və zövq cəhətdən sustalan caz dinləyicilərimizin müqəddəratını düşündükcə və Azərbaycanda ilk dəfə beynəlxalq səviyyədə təşkil olunduğunu biləndə bu tədbirin həqiqətən də ilkin və zəruri olduğunu anladım. Caz cəmiyyəti - daşıyıcı və dinləyicisi üçünsə festival öz ənənəsini qoruyub saxlayaraq əsl bayrama çevrildi: onun qədəmi bütün ilin sonük musiqi həyatını xeyli dirçəltdi, bir-sıra susmuş, illərlə karıxıb qalmış problemləri yerindən titrətdi. Həmçinin çoxdandan bütün dünyanın caz müsiqiçiləri üçün əbədi və son on ildən bəri bizim caz həyatımızın normal nəbzini yavaşıdan əngəllərdən biri maddi-təşkili yonümlü problemləri bir qədər keyitdirib musiqiçilər üçün qarşılıqlı mədəni mübadilə, birgə əməkdaşlıq kimi çox vacib məqamları, bir növ nemətləri b əxş etdi.

       Caz və Blyuz festivalının verdiyi böyük bir töhfə kimi master-klasslar və seminarları xüsusi vurğulasam mənimlə caz auditoriyasının müxtəlif təbəqələri professionallarından tutmuş qeyri-professionallarınadək razılaşar. Çünki bu tədbirlərin nəticəsi təkçə vaxt otdükçə caz səhnəmizə qismən daxil ola bilmiş, az ya da çox vaxt ərzində caz sənətinin praktiki səmtinə yönələn, başqa sözlə az-çox formalaşmış gənc istedadlarla bərabər, uşaqların, məktəblilərin iştirakı oldu. Bu, haradasa S.Stanislavskinin tez-tez eşitdiyim Məktəb oxusa, xalq da oxuyar! kəlməsində nəzərdə tutulan xalqın oxumasını xatırlatdı

       Master-klassların keçirilişi bu prinsip üzrə qurulmuşdu: Caz və Blyuzun elə ilk günü, aprelin 8-n etibarən Bülbül adına orta ixtisas musiqi məktəbi, BMA-nın müxtəlif auditoriyalarında, Caz-klubda caz instrumentlərinin əsas sahələrini fortepiano, kontrabas, nəfəç, zərb alətləri və vokal üzrə festivalın qərbi qonaqlarının seminarları başlandı.

       Hələ əvvəlcədən keçirdikləri beşgünlük seminarların naqisliyini etiraf edən həmin musiqiçilərin təvazökar cestinə baxmayaraq, ölkəmizdə cazın tədrisi ilə məşğul olan təcrübəli müəllimlər bu görüşlərdən müəyyən nəticələr əldə edə bilərdi.

       Master-klassların müxtəlif otaqlarda sinxron keçirilməsi səbəbindən seçməyə məcbur idim, buna görə də onların doğurduğu təəssüratları bölüşərkən bəzi təfərrüatları nəzərdən qaçırdığımı boynuma alıram.

       Zənnimcə, müəyyən maraqla, məsuliyyət hissilə Əminə Fiqarovanın fortepiano, Kim Prevostun vokal, Rut Deyvisin kontrabas, Bill Solinin gitara, Kris Strikin zərb alətləri üzrə keçirdiyi seminarlar daha da müfəssəl təşkil olunmuş, daha canlı, həvəsləndirici mühitdə keçirdi. Müxtəlif musiqi (R.Behbudov adına 2, 6) məktəblərinin şagirdləri əvvəlcədən öyrənilməyə verilmiş mövzuların (məşhur Satin Doll və Summertime) sxematik notlarını musiqiçilərlə birlikdə təkrarən, daha təfsilatlı nəzərdən keçirdilər: bu zaman elementar caz fakturasının nümunələri başa salınırdı; vokalçı iştirakçılara isə əsasən səhnədə sərbəstlik duyumu təlqin edilirdi. Sırf nəzəri biliklərin qavranılmasından sonra bilavasitə ifa prosesinə başqa bir sinifdə fleytaçı B.Plattonun yaratdığı seçilmiş iştirakçılardan ibarət kiçik band-inə göndərilən uşaqlar aldığı biliklərin dərhal tətbiqini tapırdılar. Qərbi musiqi tədris sisteminə aid bu sadə və adi metodun, deməli, ekspozisiyaya ehtiyacı var imiş!

       Digər seminarlarda aparıcılardan aldığım səthi məlumat uşaq və gənclərin olduqca istedadlı, bir çox lazımi musiqi qabiliyyətinə, duyumuna malik olması və bu musiqini böyük yanğı, sevgi hissilə ifa etmək həvəsi məni təəccübləndirmədi (bizim xalqın fitri musiqi istedadından əlavə, caz musiqisinə olan qeyri-şüuri, bəlkə də genetik meylini həmişə qeyd edirəm). Deyilənlərin eyforiyasına qapılmayaraq sadəcə həmin dərslərdə fərqləndirilən bəzi iştirakçıların pianoçular Emil Məmmədov, Şahin Növrəsli, Anar Yusifov, Riad Məmmədov, Fərid Nağıyev, Nərminə Ilyasova, Rüstəm Quliyev, vokalçılar Aliyə Orucova, Renarə Şəmsiyeva, kontrabasist Ruslan Məmmədov, zərb alətləri üzrə Rüfət Seyfətdinov və başqalarının adını çəkmək istərdim.

       Gəldiyim daha bir qənaət o oldu ki, gələcəkdə bu və ya başqa yönümlü layihələrdə daha səmərəli, yaradıcı master-klasslara nail olmaq lazımdır və bunun üçün qabaqcadan hazırlıq görülməli, qarşılıqlı aktivlik, dəqiqlik, məqsədəyönlülük güdülməlidir. Yeri gəlmişkən, seminarlar zamanı gənclərin əsas qismində mənfi bir xüsusiyyət diqqətimi cəlb etdi: ya bu görüşlərə hazırlıqsız gəlməkdən yaranan qeyri-şüuri məyusluq, ya da həddindən ziyadə diqqətin yayınması kimi səbəblərdən onlar qəribə, çox hallarda demaqoci ruh alan mübahisələrə, isbatlara aludə olurdular. Bu söz-söhbətlər arxasında gizlənən bəzi məqsədlərin müsbətliyini heç də inkar etməyərək, onların master - klasslara ayrılmış vaxta faydasız mənasızlığını təsbit edirəm: bu tip görüşlər əsas vəzifəsinə uyğun olaraq məlumat və biliklərin artmasına istiqamətləndirməlidir.

       Zənnimcə, deyilənlər kontur üzərində ayrı-ayrı nöqtəciklər kimi bir relyefi qabardır: çoxdandan bəri qanımıza, canımıza hopmuş, lakin əsaslı surətdə dərk edilməmiş caz musiqisinin tədrisə ehtiyacı açıq-aydın özünü büruzə verir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page