ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADICILIQ...
.
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...
.
YARADICILIQ...
.
MUZEYLƏRDƏ...

IFAÇILIQ...

 


       Tamaşada əsərin məzmununun musiqi və xoreoqrafiya ilə yanaşı, rənglər vasitəsilə də təcəssümünün şahidi oluruq. Sözsüz ki, burada yüksək səviyyəli bədii tərtibatın böyük rolu vardır. Quruluşçu rəssamlar Tahir Tahirov və Ağarəhim Əliyev baletin süjet xəttini çox dolğun canlandıran bir kompozisiya qurmuş və əsərin dramaturgiyasını rənglərin dili ilə həll etməyə nail olmuşlar. Bacarıq və zövqlə seçilmiş zəngin rəng palitrasında hər bir obraz özünəməxsus çalarlar kəsb edir: dəniz mavi-göy, qağayılar ağ, neft qara-bənövşəyi, od sarı-qırmızı. Onlar gah günəşin parlaq qızılı şüaları altında bərq vurur, gah axşamın alatoranında işartı saçır. Bütün rənglərin qovuşduğu və əsərin kulminasiyasını təşkil edən «Yanğın» səhnəsini isə möhtəşəm bir pannoya bənzətmək olar.

       Balet musiqisinin yaradılması bəstəkarın adı ilə bağlıdırsa, onun səhnə təcəssümü, yəni tamaşanın meydana gəlməsi, necə deyərlər, kollektiv əməyin məhsuludur. Burada bəstəkarla yanaşı, libretto müəllifi, baletmeyster, rəssam, dirijor, rejissor, balet truppası və ümumiyyətlə, teatrın bütün işçilərinin birgə yaradıcılıq səyi tələb olunur. Və deməliyik ki, teatrın kollektivi bu işin öhdəsindən bacarıqla gəlmiş, çox maraqlı bir tamaşa hazırlayaraq, musiqisevərlərə təqdim etmişdir.

       Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsü sayəsində son vaxtlar Opera və Balet teatrının kollektivi musiqi mədəniyyətimizin gözəl incilərinə müraciət edərək, teatrın direktoru Akif Məlikovun rəhbərliyi ilə yeni-yeni tamaşalar hazırlayır. Vaxtilə böyük sənətkarlarımız tərəfindən yaradılmış, musiqi tariximizin qiymətli səhifələrini təşkil edən, bir vaxtlar hər tamaşası musiqimizin bayramına çevrilən sənət nümunələrinə yeni həyat verilməsi, onların unudulmaq təhlükəsindən xilas edərək, xalqa qaytarılması çox şərəfli və təqdirəlayiq bir işdir.

       Yəqin mənimlə razılaşarsınız ki, indiki gənc nəsil bir çox əsərlər haqqında əsasən kitablardan və lent yazılarından məlumat alır. Həmin əsərlərin səhnədə görünməsi yeni nəslin dünyagörüşünün və zövqünün artırılmasında mühüm əhəmiyyətə malikdir. Bu əsərlər bizim milli sərvətimizdir. Biz musiqi mədəniyyətimizi qoruyaraq, zənginləşdirərək, inkişaf etdirərək gələcək nəsillərə çatdırmalıyıq. Yeni gələn nəsirlər də ruhən məhz bu əsərlərdən qidalanmalı və müstəqil respublikamızın musiqi mədəniyyətinin yüksəlişi naminə əzmlə çalışmalı, sənət korifeylərimizin layiqli davamçıları kimi yetişməlidir.

       Hal hazırda möhtərəm prezidentimiz Heydər Əliyevin yürütdüyü daxili və xarici siyasət sayəsində Azərbaycanın dünyanın böyük dövlətləri arasında daha artıq nüfuz qazandığı bir dövrdə musiqi mədəniyyətinin yüksəldilməsinə xidmət etmək hər birimizin müqəddəs borcumuzdur.

       Inanırıq ki, dünya xalqları tərəfindən tanınmış və dəyərləndirilmiş Azərbaycan musiqisinin yüksək zövqlü bədii sənət nümunələri yeni zirvələr fəth edəcək. Tərcüməyə ehtiyacı olmayan musiqi dili ilə vətənimizin dünəni, bu cünü, sabahı haqqında düşüncələrini, düyğularını, arzularını tərənnüm edən sənətkarlarımız insanların bir-birini daha yaxşı başa düşməsinə, sülh və əminəmanlığa rəvac verəcək.

Cəmilə HƏSƏNOVA-ISMAYILOVA






SEYIDOVA SƏADƏT AĞA MƏMMƏD QIZI – 60



1942-ci ilin yanvar ayında Bakı şəhərində dünyaya göz açan Səadət xanım, Azərbaycan musiqi elmi sahəsində xidmətləri olan, xüsusilə dini musiqi üzrə tədqiqatları ilə nəzərdiqqəti cəlb edən musiqişünaslıq məktəbinin layiqli davamçılarından biridir.

       Səadət Seyidova 1949-cu ildə hal-hazırki Bülbül adına orta ixtisas musiqi məktəbinin skripka sinfinə daxil olub oranı müvəffəqiyyətlə bitirdiyinə baxmayaraq, daha böyük maraqla musiqi nəzəriyyəsi, musiqi ədəbiyyatı və Azərbaycan xalq musiqisinin əsasları fənnlərinə yanaşır. O, bu marağı onda oyadan müəllimlərinə – Ədilə xanım Hüseynzadəyə, Qəmər xanım Ismayılovaya, Nazim Əliverdibəyova ömrü boyu minnətdar olduğunu bildirir.

       1954–1964-cü illərdə isə o, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının musiqi tarixi və nəzəriyyəsi fakültəsində təhsilini davam etdirərək, oranı müvəffəqiyyətlə bitirib musiqişünas adına layiq görülür.

       Səadət xanım konservatoriyada oxuduğu illəri belə xatırlayır: «1959–1964-cü illərdə konservatoriyada təhsil aldığım ərəfədə görkəmli musiqişünas və bəstəkarlardan dərs almışam. Soltan Hacıbəyov, Zakir Bağırov, Məmməd Saleh Ismayılov, Xanlar Məlikov, Qəmər xanım Ismayılova, Solmaz xanım Qasımova, Izabella Vladimirovna Abezqauz, Georgi Zaxaroviç Burşteyn və başqalarına çəkdikləri zəhmətə, verdikləri biliyə, tə’lim-tərbiyəyə görə borcluyam. 1960-cı illərdə müəyyən yeniliklərin irəli atıldığı dövr olduğundan musiqişünaslığa yiyələnən tələbələrə ilk dəfə muğam dərsi də tədris edilirdi. Bu niyyətlə Azərbaycan Dövlət Konservatoriyasında Əhmədxan Bakıxanov və Əlikram Hüseynov də’vət edilirlər. Bu müəllimlərdən isə muğam sənətinin incəliklərini öyrənmişəm …».

       Səadət Seyidova 1966-cı ildə Azərbaycan Akademiyasının Incəsənət və Me’marlıq Institutunun musiqi şö’bəsinin aspiranturasına daxil olur və şö’bə müdiri Qubad Qasımovun məsləhəti ilə dini musiqi sahəsində məşğul olmağı qərarlaşdırır. Demək olar ki, uzun illər ərzində bir sıra obyektiv və subyektiv səbəblərə görə Azərbaycan musiqişünaslığında orta əsrlərin musiqi tarixi öyrənilməmişdi və bu sahədə yaranmış böyük boşluq Azərbaycan musiqisinin tam mənzərəsini verməyi çətinləşdirirdi. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli kimi böyük şəxsiyyətlər öz mə’ruzə və çıxışlarında dəfələrlə bu barədə söz açmış və Azərbaycan musiqişünaslığının ən ümdə vəzifələrindən biri kimi qeyd etmişlər. Tamamilə öyrənilməmiş və hələ ki, öz tədqiqatını gözləmiş bu sahə iste’dadlı musiqişünas Səadət xanımı maraqlandırır və gələcəkdə onun tədqiqat dairəsinin ən önəmli sahəsinə çevrilir. Məhz bununla əlaqədar Gürcüstan Dövlət Konservatoriyasının kafedra müdiri, musiqi folklorşünaslığının veter anı, görkəmli sovet musiqişünası Qriqori Zaharyeviç Çxikvadzenin rəhbərliyi altında «Azərbaycanda dini musiqi» adlı dissertasiya mövzusu təsdiq olunur.

       1970-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar S.Hacıbəyovun təşəbbüsü ilə xalq musiqisi laboratoriyası açılır və Səadət xanım ora müdir vəzifəsinə işə qəbul olunaraq, eyni zamanda «Xalq musiqisinin tarix və nəzəriyyəsi» kafedrasının müəllimi kimi də fəaliyyət göstərir.

       Sənətini sevən işgüzar, zəhmətkeş Səadət xanım üçün xalq musiqisi laboratoriyasında da iş maraqlı idi. Tələbələri ekspedisiyaya hazırlayıb onlarla Azərbaycanın rayonlarına, ucqar kəndlərinə gedir, musiqi folklor nümunələrini toplayır, sonra onları nota köçürür, tələbə və müəllimlərin istifadəsinə verirdi.

       Böyük insani keyfiyyətlərinə malik olan nəcib yubilyarımız laboratoriyanın fəaliyyətində yaxından iştirak edən, musiqişünas və bəstəkar mərhum Bayram Hüseynlinin şəxsi əməyinin də böyük olmasını qeyd edir.

       Dissertasiya işi ilə bağlı meydana çıxan çətinlikləri Səadət xanım belə açıqlayır: «Dini musiqinin tədqiqi ilə məşğul olmağımı rəğbətlə qarşılayan və mənə müxtəlif köməklik edib, işimə müsbət rəy verən Fikrət Əmirova, Soltan Hacıbəyova, Əfrasiyab Bədəlbəyliyə, Mikayıl Hüseynova Allah rəhmət eləsin, onların yaxşılığını heç vaxt unutmaram. 1973-cü ildə işim Gürcüstan Dövlət Konservatoriyasının Elmi Şurasında müzakirə edilib müdafiyəyə təqdim olunur. Müdafiə ilə bağlı Azərbaycan Elmlər Akademiyasından bə’zi sənədlər tələb olunduqda mə’lum olur ki, ateizmin tüğyan elədiyi bir dövrdə «Azərbaycanda dini musiqi» adlı mövzunun müdafiəsi məsləhət görülmür. Yeddi il davam edən əngəllər nəticəsində nəhayət 1980-ci ildə Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr Institutunda «Azərbaycan qədim mərasim musiqisi» adı altında dissertasiya işimi müdafiə edib, sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görüldüm».

       O, həmin ildən kafedranın baş müəllimi, 1986-cı ildən dosenti vəzifəsində çalışır.

       1991–1996-cı illərdə Səadət Seyidova Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixi və nəzəriyyəsi fakültəsinin dekanı vəzifəsini, hal-hazırda isə Bakı Musiqi Akademiyasının «Musiqi nəzəriyyəsi» kafedrasının müdiri və professoru vəzifəsini icra edir. Bu illər ərzində sənətini sevən qayğıkeş Səadət xanım bir sıra iste’dadlı musiqişünas kadrları yetişdirmişdir. Lakin, elmi fəaliyyəti başlıca olaraq musiqi tarixi və nəzəriyyəsi çərçivəsində olsa da, onu qədim dövr və milli musiqimizin nəzəri xüsusiyyətləri, din və musiqinin daimi əlaqəsi, Azərbaycan musiqisi və türk xalqlarının musiqisinin oxşar məsələləri maraqlandırır.

       Onun elmi tədqiqat işlərindən «Mərsiyə, dini musiqi janrlarından biridir», «Azərbaycan xalq musiqisi və «şəbih» misteriya tamaşası», «Azərbaycan xalq professional və dini oxuma sənətinin qaynaqları», «Islam və Azərbaycan musiqisi», «Muğam janrının formalaşmasında dini musiqinin rolu», «Azərbaycan milli musiqimizin təsnifat məsələlərinə dair», «Din və musiqi», «Üzeyir Hacıbəyov və dini musiqi» elmi məqalələri, «Qədim Azərbaycan mərasim musiqisi» və «Azərbaycan xalq professional musiqisi» kitabları, bir sıra qəzet və jurnal səhifələrindəki tənqidi məqalə və resenziyaları geniş maraq doğurmuşdur.

       Könüllü olaraq bu məs’uliyyətli, lakin gərəkli işi öz öhdəsinə almış mütəxəssis kimi Səadət xanımın xidməti çox böyükdür. Onun simasında, davranışında cəzb edən əsas xüsusiyyətlərdən biri də odur ki, o, iş yerində, həyatda, məişətdə, bir sözlə harada olursa olsun, insanlarla ünsiyyətdə olduğu zaman, nəzakət qaydalarına riayət edərək insani keyfiyyətləri nümayiş etdirir.

       Səadət xanımın həm orta məktəb və həm də ali məktəb illərini çox yaxşı xatırlayıram. Gözəl, sakit, təmkinli və «mənəm-mənəm» deyən tələbələrin (müəllimlərin də) əksi olaraq çox təvazökar tələbə idi. Böyük məmnunluq hissi ilə vurğulamalıyam ki, o indi də bu keyfiyyətlərini itirməmişdir.

       Səadət xanım bütün zamanlarda dəyişməz, öz üslubuna sadiq qalan, sənətdə öz dəst-xətti, öz mövqeyi olan xeyirxah bir insandır.

       Şübhəsiz ki, musiqinin cəmiyyətdə, o cümlədən də yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafında, onların estetik tərbiyəsində nə qədər böyük rol oynaması hamıya mə’lumdur. Sənətini, peşəsini sevən bir çox vıcdanlı, şərəfli müəllimlər kimi, Səadət xanım da gənc kadrların bir musiqiçi-sənətkar kimi yetişməsi üçün, yuxarıda sadalanan bütün imkan vasitələrindən istifadə edərək, onları doğru-düzgün yola istiqamətləndirir. «45 yaşında» 60-illik yubileyini qeyd edən, hamımızın sevimlisi Səadət xanıma xoş məramlar, can sağlığı, uzun ömür, ailə səadəti və tutduğu mövqedə yeni-yeni uğurlar arzulayıram. O gün olsun ki, yubilyarımız «60 yaşında» 100-illik yubileyini qeyd etmiş olsun!

Gövhər HÜSEYNOVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page