ƏLAQƏLI HÜQUQLAR
Kamran IMANOV
Search


ƏLAQƏLI HÜQUQLAR
Kamran IMANOV
AZƏRBAYCANDA MÜƏLLIF HÜQUQLARININ TƏMINATI MƏSƏLƏLƏRI
Natiq ISAYEV

 


       1. Əlaqəli hüquqlar anlayışı və yaranma səbəbləri.
       Əlaqəli hüquqların özünü Azərbaycan qanunvericiliyində təsbit etməsi yalnız 1996-cı ildən, yeni Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanunun qüvvəyə minməsi ilə bağlıdır. Təbiidir ki, müəllif hüququ məkanında əlaqəli hüquqlara dair problemlər ilk növbədə nəzəri cəhətdən kifayət qədər işlənməmiş problem kimi qalır və nəticə etibari ilə hüquq-tətbiqi təcrübəsi zəif olan sahə kimi səciyyələnir.
        Qeyd etmək lazımdır ki,əqli mülkiyyət hüquqlarının bu vacib növünün hüquqi anlayışa çevrilməsi və onun tənzimlənməsi Azərbaycan rəhbərliyinin son illər apardığı müəllif-hüquq sahəsindəki uğurlu addımlardan biri kimi səciyyələnməlidir. Həqiqətən, müəllif-hüquq qanunvericiliyinin 3-cü bölməsi əlaqəli hüquqlara aiddir və bu normaların yaranması, təsnifatı və tənzimlənməsi bir neçə səbəblərlə izah olunur.
       Müəllif mənafeyinin qorunma və müdafiəsi onun əsərlərinin yalnız qeyri-qanuni istifadəsinin qarşısını almaqdan ibarət deyil. Əsərlərin əksəriyyəti son nəticədə, geniş auditoriyaya çatdırılmaq məqsədi ilə yaranır. Pyes səhnədə qoyulmaq üçün, mahnı ifa edilmək, yaxud səsyazma, eləcə də efirdə səsləndirmək məqsədi ilə yaradılır. Həmçinin elmi və ədəbi əsərlər də bu qəbildəndir. Lakin bu təbii, şübhəsiz ümumi mədəniyyətin yüksəlişinə yönəldilmiş istəyin həyata keçirilməsi heç də bilavasitə müəllifin gücü ilə mümkün olmur. Elə bu səbəbdən əsərlərin müxtəlif növləri ayrı-ayrı üsullarla auditoriyaya yol tapırlar, bu yolları arayanlar və əsərləri ütlərə çatdıranlar müəyyən vasitəçilərdir. Vasitəçilərin əsərləri kütləyə çatdırmaq üçün çalışmaları təqdirə layiq olduğu kimi, bu vasitəçilik qeyri-qanuni istifadədən də qorunmalıdır. Məsələn, əgər naşirlərin maraqları onlara müəllif müqaviləsi əsasında müəlliflərin verdikləri hüquqlar və müəllif-hüquq qanunvericiliyi çərçivəsində q orunursa, bu, təbii hal kimi qəbul olunur, ona görə ki, naşir müəllif yaradan əsərə heç bir əlavə etmir. Buna görə bu hal üçün müəlliflik hüququ bir tərəfdən yaradıcı fəaliyyətin stimulu kimi, digər tərəfdən isə nəşriyyat işinin ittisadi əsası kimi qanunla tanınır. Lakin dramaturgiya, musiqi və digər əsərlərə münasibətdə vəziyyət dəyişilir: bu əsərlər gütləyə çatdırılmaq üçün səhnədə qoyulmalı və ifaçıların vasitəçiliyi ilə ifa olunmalıdır. Beləliklə, ifaçılar öz fərdi interpretasiyasının istifadəsinin maraqlı tərəfinə çevrilirlər və onların fərdi maraqlarının qorunması aktuallaşır. Elm və texnikanın tərəqqisi, o cümlədən rəqəmli texnologiyanın inkişafı nəticəsində səsyazmanın, televiziya və videoyazının imkanları artmış və məntiqi olaraq fonoqram istehsalçılarının və radio-televiziya təşkilatlarının verilişlərinin istifadəçilərinin sayı və tərkibi genişlənmiş və beləliklə, ifaçıların maddi maraqları da formalaşmaqa başlamışdır. Əslində səsyazısının, radio, kino, TV-nin, videoyazının, peyklərin ixtirası ilk növbədə ifaçıların maraqlarına böyük zərbə vurdu. Artıq, ifanın bitməsi ilə onun nümayişi bitmirdi və istənilən saylı auditoriya qarşısında istifadə oluna bilərdi. Deməli, reproduksiya imkanlarının inkişafı ifaçı olmadığı halda, ifaçıdan istifadə ilə bağlı icazə almadan, ifaların geniş istifadəsinə gətirdi və nəticədə peşəgar artistlər arasında texnoloji işsizliyə səbəb oldu. Oxşar səbəblərlə bağlı olaraq fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının qorunması məsələsi də araya atıldı.
       Beləliklə, istər fonoqram istehsalçılarının, istərsə də yayım təşkilatlarının xüsusi maraqlarının qorunması əqli mülkiyyət problemi kimi qarşıya çıxdı.
       Ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqları müəlliflik hüququ ilə sıx əlaqədə olduğuna görə sonuncu ilə oxşar, yaxud qonşu olması səbəbindən beynəlxalq müəlliflik hüququ məkanında əlaqəli hüquqlar kimi izah olunmağa başlandı. Əlaqəli hüquqların tanınması beynəlxalq Saziş-Roma Konvensiyası ilə bağlıdır. Roma Konvensiyası milli qanunların toplusuna, sintezinə əsaslanan digər beynəlxalq Konvensiyalardan fərqli olaraq, yeni dairəni təmzimləyən beynəlxalq normaların irəli sürülməsi cəhdi idi. Özü də o zaman ki, bu sahəyə aid milli qanunvericiliklərin əksəriyyəti ibtidai vəziyyətdə idi. Yeni əksər ölkələr bu Konvensiyaya qoşulmaq üçün ilk növbədə milli qanunvericiliklərində əlaqəli hüquqlara aid əlavələr və əsaslı dəyişiklər aparmalı idilər. Nəticədə belə də oldu və deməliyik ki, əlaqəli hüquqlar beynəlxalq arenada tanınması üçün məhz Roma Konvensiyasına minnətdar olmalıdır.
       Milli müəllif-hüquq qanunvericiliyimiz əlaqəli hüquqların sahiblərini qeyd etdiymiz 3 kateqoriyaya ayırmaqla da həmin 1961-ci ildən fəaliyyətdə olan əlaqəli hüquqlara dair Roma Konvensiyasının ənənəsinə əsaslanmışdır.
       Qeyd etdiyimiz kimi, həmin hüquqlar əqli mülkiyyət hüquqları tərkibində yeni bir növdür. Ədalət naminə deməliyik ki, keçmiş Sovet Ittifaqı dövlətində əlaqəli hüquqların mahiyyəti ilə bağlı geniş və uzunmüddətli diskussiyalar aparılmışdır. Mütəxəssislərin bir qismi həmin anlayışı müəlliflik hüququna daxil etmək məqsədilə belə qənaətdə idilər ki, əsərin yaradıcı istifadəsi nəticəsində yeni müəlliflik hüququ obyekti yaranır, lakin onun qorunması müəyyən məhdudiyyətlərlə bağlanmalıdır. Digərləri isə bunu rədd edərək, bu hüquqların müəlliflik hüququna aid olmamasının tərəfdarları kimi çıxış edirdilər.
       Ümumiyyətlə beynəlxalq məkanda əlaqəli hüquqların xronologiyasına əsasən ilk tanınan ifaçıların hüquqları olmuşdur. Lakin bu hüquqlar heç də şübhəsiz qəbul edilmirdi. Bunun səbəbləri ifanın ötəri, müvəqqəti xarakteri, onun digər tərkibilə təkrarlanmaq imkanları, ifaçıların böyük sayı və kontrakt ilə işləmə statusu və s. idi. Nəhayət, müəllif hüquqları ilə ifaçı hüquqlarının nəzərə çarpmayan gizlin ziddiyyət təşkil edən münasibətlərdə olması. Deməli, ifaçılar statusunun şübhəli olması və onların müəlliflik hüququ ilə ziddiyyətə girməsi qanunvericiləri bu hüquqların tanınmasında ehtiyatlı olmağa vadar edirdi.
       Bir sözlə, beynəlxalq müəllif-hüquq məkanında əlaqəli hüquqların ayrıca hüquqlar kimi yaranması və inkişafı ilk addımlardan başlayaraq onların müəllif hüquqlarından törəmə xarakteri, lakin həmin hüquqların sahiblərinin bilavasitə müəlliflərdən alınmış hüquqlarının gətirilməməsinə əsaslanması vurğulanmışdı. O xüsusiyyət də vacibdir ki, yaradıcı xarakter daşıyan ifaçıların hüquqları digər əlaqəli hüquqlardan fərqlənərək yalnız texniki xarakter daşımırdılar.
        2. Əlaqəli hüquqların xüsusiyyətləri.
       Müstəqil olmağına baxmayaraq əlaqəli hüquqlar müəlliflərin hüquqlarından törəmə və asılı əqli mülkiyyət növüdür. Müəllif-hüquq Qanunun 32-ci maddəsində əlaqəli hüquqların bu səviyyədə qəbul olunmasına bir-başa göstəriş mövcuddür, belə ki bu hüquqlar müəlliflik hüququna, zərər vurmadan həyata keçirilir, ifaçı öz hüquqlarını ifa olunan əsərin müəllifinin hüquqlarına riayət etmək şərti ilə həyata keçirir və fonoqram istehsalçısı (yayım təşkilatları) nəzərdə tutulan hüquqları ifaçı və fonoqrama yazılan və ya efirə, yaxud kabel televiziyası ilə verilən əsərin müəllifi ilə bağlanan müqavilə üzrə aldığı hüquqlar həddində həyata keçirir.
       Beləliklə, ifaçının hüquqları yalnız onun müəllifin hüquqlarına riayət etdiyi halda tanınır. Fonoqram istehsalçısı və ya yayım təşkilatı ifaçı və müəlliflə sazişdə təyin edilən hüdudlarda onlara keçən hüquqları həyata keçirirlər.
       Digər tərəfdən, əlaqəli hüquqlar o zaman müstəqil əhəmiyyətə malik olurlar ki, ifa olunan, yazılan və yaxud efirlə (kabel ilə) yayımlanan əsər qorunmayan əsərdir və yaxud ümumiyyətlə yaradıcı fəaliyyət olmayan obyekt kimi çıxış edir.
       Nəhayət, əlaqəli hüquqlara məxsus olan digər vacib xüsusiyyətlərdən biri də ondan ibarətdir ki, geniş miqyasda hüquqların konkret növlərinin bir hüquq sahibləri kateqoriyasından digərlərinə keçid üçün qanunverici xususi imkanlar yaradır. Qeyd edilməlidir ki, belə müxtəlif hüquq növlərinin keçməsi bir tərəfdən müəyyən hüquqi faktların əmələ gəlməsi ilə, digər tərəfdən isə avtomatik surətdə yaranır.
       Məsələn, ifaçının fonoqram yazısı ilə bağlı surət çıxarma və fonoqram yazısını kirayəyə vermə hüquqları ifaçının ifasının yazılmasına verilən razılıq anından fonoqram istehsalçısına keçir. Burada hüquqi fakt kimi hüquq sahibləri arasındakı müqavilə çıxış edir. Müqavilənin məqsəd və təyinatı hüquqların keçidinin təmzimlənməsini nəzərə alaraq, qeyd etdiyimiz kimi sadə və təbii görünə bilər. Lakin əsas xüsusiyyət elə bundan ibarətdir ki, qanuna əsasən hüquqların geçidi imperativ xarakter daşımaqla tərəflərin məsələnin həllində ayrı bir variant seçimini inkar edir. Səbəb ondan ibarətdir ki, ifaçının ifasının fonoqram yazısının istifadəsi, yaxud efirlə yayımlanması hüquqları həyata keçirilərkən qanunla qorunan yeni əlaqəli hüquqlar obyektləri yaranırlar. (fonoqram, veriliş). Təzə yaranan əlaqəli hüquqlar obyektlərinə istifadə hüquqları, təbii olaraq, onları yaradanlara məxsus olmalıdır (fonoqram istehsalçısı, yayım təşkilatı). Elə buna görə də yeni hüquq sahibləri öz hüqu qlarını həyata keçirmək imkanlarına malik olmalıdırlar. Bunun üçün isə bu hüquq sahiblərinə yeni yaranan obyektin tərkib hissəsi olan ilkin əlaqəli hüquqlar obyektinin istifadəsi ilə bağlı müəyyən hüquqların əldə edilmə imkanları verilməlidir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page