ELMI FIKRIN INKIŞAFI NAMINƏ
Ariz ABDULƏLIYEV
Search


CAHARGAH ALƏMINDƏ GƏZIŞMƏLƏR
Fəttah XALIQZADƏ
ELMI FIKRIN INKIŞAFI NAMINƏ
Ariz ABDULƏLIYEV
ƏFRASIYAB BƏDƏLBƏYLININ ELMI YARADICILIĞINDA NIZAMININ ŞERIYYƏTI
Babək QURBANOV, Əhməd ISAZADƏ
AZƏRBAYCAN MUSIQI NƏZƏRIYYƏSI ELMININ TƏDRISINDƏ YENI BIR NAILIYYƏT
Səadət SEYIDOVA
MUĞAM TƏDRISINƏ DAIR QIYMƏTLI METODIK TÖVSIYYƏ
Ariz ABDULƏLIYEV
XXI ƏSRIN DƏRS VƏSAITI
Kamilə DADAŞZADƏ

 


Şifahi ənənəli musiqinin elmi öyrənilməsi sahəsində yüksək səviyyəli alim-mütəxəssislərdən biri də Elxan Babayevdir. Sənətşünaslıq doktoru, professor, Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, musiqişünas E.Ə.Babayev sənət aləmində, ziyalılar və elmi ictimaiyyət mühitində zəngin təcrübəyə və istedada malik alim və pedaqoq kimi tanınır. Ixtisası üzrə kifayət qədər yüksək səviyyəli mütəxəssis və alim nüfuzu qazanmış Elxan Babayev belə bir nüfuza respublikamızın hüdudlarından kənarda da malikdir. Musiqişünas-alimin ABŞ-da, Almaniyada, eləcə də Bağdad, Tehran, Moskva, Yekaterinburq, Düşənbə, Almatı və b. şəhərlərdə keçirilən beynəlxalq elmi məclislərdəki uğurlu məruzə və çıxışları, Türkiyədə, Rusiyada, Qazaxıstanda, Tacikistan və Iraqda nəşr olunmuş elmi məqalələri görkəmli elm və sənət xadimləri tərəfindən müsbət qiymətləndirilmiş və həmyerlimizə müasir beynəlxalq musiqi elmində şöhrət qazandırmışdır. Bu baxımdan alimin Azərbaycan dəstgahının ritmikası (B., 1990, rus dilində) monoqrafiyasının sanballı tədqiqat əsəri kimi 1991-ci ildə Moskvada musiqişünasların beynəlxalq müsabiqəsində birinci mükafata təqdim olunmasını, həmçinin Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri (B.,Elm,1998) monoqrafiyasının 1998-ci ildə Bakılı Beynəlxalq cəmiyyəti tərəfindən Humay mükafatına layiq görülməsini qeyd etmək məqamına düşər. Ümumiyyətlə, 4 monoqrafiyanın, 6 elmi-metodik nəşrin, tədris proqramlarının, çoxsaylı elmi və elmi-publisistik məqalənin, onlarla televiziya və radio verilişlərinin müəllifi olan professor E.Babayev öz çoxillik elmi, pedaqoji, publisistik, musiqi-maarifçilik fəaliyyəti ilə respublikada müasir musiqi elminin inkişafına əhəmiyyətli təsir göstərmiş, bu tərəqqidə özünəməxsus rol oynamışdır.
E.Babayevin elmi işləri, qeyd etdiyimiz kimi, şifahi ənənəli Azərbaycan musiqisinin nəzəri problemlərinə həsr olunub. Ədalət naminə etiraf etməliyik ki, şifahi ənənəli musiqinin nəzəriyyəsi sahəsində həllini gözləyən problemlər, diskussiya və mübahisə doğuran məsələlər hələ də mövcuddur. Ü.Hacıbəyovdan sonra M.S.Ismayılovun, R.Zöhrabovun, R.Məmmədovanın, T.Məmmədovun, S.Abdullayevanın xalq musiqisinin müxtəlif nəzəri məsələlərinin həlli istiqamətində samballı tədqiqatları nəzəri musiqişünaslığımızı xeyli inkişaf etdirmişdir. Lakin, sırf etnomusiqişünaslıq metodologiyasının, etnomusiqişünaslığa məxsus təhlil və tədqiq metodlarının xalq musiqimizə tətbiqinə hər zaman ehtiyac duyulubdur. Yazılı ənənəyə malik bəstəkar musiqisinin analizi və müxtəlif yönümlərdən öyrənilməsi sahəsində qərarlaşmış metodika və metodologiyaların xalq musiqisinin öyrənilməsinə tətbiqində musiqişünaslıq elmi zəngin təcrübəyə malikdir. Bu zəngin tarixi-nəzəri təcrübədən kifayət qədər bəhrələnən milli musiqi elmimizin uğurları böyü kdür. Lakin xalq musiqisinin nəzəri öyrənilməsində etnomusiqişünaslığın da özünəməxsus zəngin nəzəri təcrübəsi, elmi-tədqiq ənənələri mövcuddur. Xalq musiqisinin intonasiya, ritm, şer-musiqi əlaqələri, lad, melodika və s. bu kimi mahiyyətli xüsusiyyətləri nəzəri musiqişünaslıqdan fərqli olaraq etnomusiqişünaslıqda özünəməxsus təhlil və öyrənilmə aspektlərinə, üsullarına, yanaşılma tərzinə, problemlər dairəsinə malikdirlər. Bu məsələlər E.Babayevin tədqiqat işlərində də öz təsdiqini tapır.
E.Babayevin elmi tədqiqatlarında qaldırılan məsələlərin, tədqiqata cəlb olunan mövzu və problemlərin işlənilmə səviyyəsi müəllifin etnomusiqişünaslıq sahəsində geniş bilik, informasiya və nəzəri hazırlığını, onun analitik müşahidə və mülahizə qabiliyyətini, peşəkar təhlil ustalığını nümayiş etdirir. Rusiya, xarici ölkə və Azərbaycan musiqişünaslığının şifahi ənənəli musiqiyə dair tədqiqat üsullarını və metodologiyalarını, nəzəri təhlil metodlarını, elmi üslub və yanaşmaları, problemin qoyuluşu və həlli məsələlərini özünün peşəkar təhlil bacarığına, analitik təfəkkürünə və əhatəli informasiyasına əsasən düzgün ümumiləşdirən, burada ortaq, uzlaşan məsələləri öyrəndiyi problemin həlli istiqamətində əlaqələndirə bilən E.Babayev xalq musiqimizin ayrı-ayrı sahələrinin nəzəri xüsusiyyətlərinə dair elmə maraqlı mülahizələr, fikir və nəticələr gətirmişdir. Intonasiya, lad, melodiya, ritmintonasiya, lad-intonasiya kimi nəzəri anlayış və kateqoriyaları xalq musiqimizdə etnomuzıkoloji aspektlərdən araşdıran alimin məqalə və kitabları bu sahədə ən qiymətli nailiyyətlərdəndir. Qeyd edək ki, xalq musiqimizin peşəkar ənənəli növ və janrlarına xas olan ritmintonasiya, tembrintonasiya kimi keyfiyyətlər öz problem qoyuluşunu və nəzəri həllini ilk dəfə məhz E.Babayevin tədqiqatlarında tapıbdır. Burada təhlil konkret nümunələr əsasında aparılır, təqdim olunan hər hansı mülahizələrdə konkret nümunələrə istinad edilir; elə bu səbəbə görə də aparılan təhlil və ümumiləşdirmələr, əldə edilən nəticələr məntiqli, inandırıcı və əsaslıdır. Onun məqalə və kitabları müəllifin yalnız musiqiyə dair nəzəri bilgiyə deyil, filologiya və dilçilik sahələrində də biliklərə malik olduğunu sübut edirlər. Yeri gəlmişkən, qeyd edək ki, E.Babayevin elmi tədqiqatlarında, özünəməxsus elmi üslubunda, yazı manerasında məsələyə, mövzuya səthi yanaşma, cümləpərdazlıq, həcm xatirinə təkrarçılıq, özünütəkrar, fikir xatirinə yersiz söyləmələr, saxta alimnümalıq, mövzudankənar ladlarda improvizasiyalar, diletantlıq, əlaqəsizlik, ümumilər arxasında gizlənmək , həmkarları şəxsi münasibət zəminində tənqid etmək və s. bu kimi cəhətlər yox dərəcəsindədir. Belə bir xüsusiyyət alimin özünə qarşı son dərəcə tələbkarlığından, elmin etik normalarına riayət etməsindən, professional səviyyəsindən, alimlik məsuliyyətindən irəli gəlir.
E.Babayevin tədqiqatlarında elmi fikrin inkişafına təkan verən bir məsələ də onun xalq musiqimizin təsnifatına baxışı və münasibətidir. XX əsrdə ilk dəfə Ü.Hacıbəyov tərəfindən aparılan təsnifat daha sonra onun tələbəsi, hörmətli alim və müəllimimiz M.S.Ismayılov tərəfindən davam və inkişaf etdirildi. Lakin bununla yanaşı görkəmli alim və pedaqoq Ramiz Zöhrabovun təklif etdiyi təsnifat elmdə daha uğurlu və uzunömürlü oldu. Həmin təsnifat uzun zaman Azərbaycan musiqişünaslığında xalq musiqisinə dair tədqiqatlar üçün alternativsiz metodoloji oriyentirə çevrilibdir. Lakin elm məhz mübahisə və diskussiyalar, sağlam tənqid və fikir müxtəlifliyi zəminində inkişaf edir. E.Babayevin təklif etdiyi təsnifata mütəxəssislərin reaksiyası, bu təsnifatın doğurduğu tənqid, müzakirə və mübahisələr, belə qənaətə gəlməyə əsas verir ki, müəllifin mövqeyi heç də uğursuz deyildir və təsnifat özünü təsdiq edə bilər. Elmdə hər hansı yeni fikir diskussiya, maraq, tənqid doğurursa, deməli uğurlu tapıntıdır və onun hamılıqla qəb ul olunacağı ehtimalı da böyükdür. (Ulu əcdadlarımızdan qalma müdrik kəlamı xatırla: Barsız ağaca daş atmırlar). Ən pisi budur ki, elmi təklifə, yeni baxış və mülahizələrə heç bir reaksiya verilməsin. E. Babayevin təklif etdiyi təsnifat prinsipinə münasibət və reaksiyalar isə bu təklifin elmi-metodoloji baxımdan məqbul hesab oluna bilməsinə real zəmanət verirlər.
Bir neçə kəlmə də alimin bəzi tədqiqatlarını doğma Azərbaycan dilində yazması barədə. Azərbaycan dilində musiqişünaslıq tədqiqatı yazmaq, nəzəri təhlil aparmaq heç də asan deyildir. Bu məsələnin özü də milli musiqi elmimiz üçün bir problemdir. Çünki bu məsələ bilavasitə anlayış və terminlərin uzun illər rusdilli mənbələrdən əxz edilməsi ilə və musiqi tədqiqatlarının məhz rus dilində yazılması ilə bağlıdır. Son bir əsr ərzində yalnız rusdilli elmi ədəbiyyat, rusdilli dərslik, rusdilli elmi-terminoloji baza əsasında ixtisas tərbiyəsi və təhsili alan, dissertasiyaları, məqalələri rus dilində yazan, məruzə və çıxışları rus dilində aparan musiqişünaslarımız hazırda azərbaycandilli elmin üslubi, nəzəri, terminoloji əsaslarını yaradarkən, bir çox çətinliklərlə üzləşirlər. Sevindirici haldır ki, iki dildə - həm azərbaycan, həm rus dillərində eyni dərəcədə peşəkarlıqla tədqiq və təhlil aparmağa, elmi məruzə oxumağa qadir alimlərimiz az da olsa, yox deyildir. Onlardan biri də E.Babayevdir. O, doğma dilimizdə yaz dığı elmi kitablarında belə bir mövcud çətinliyi peşəkarlıqla dəf etmişdir. Alim rus dilində olduğu kimi, Azərbaycan dilində yazdığı işlərində də özünə xas üslubunu saxlaya bilir və dil qayda-qanunlarına eyni dərəcədə bələdlilik nümayiş etdirir.
Bütün bu yazdıqlarımdan sonra professor E. Babayevin sonuncu nəşr olunmuş kitabı üzərində dayanmaq istəyirəm: Ənənəvi musiqimiz. Müşahidələr və mülahizələr. (B., Elm, 2000). Haqqında yazmaq istədiyim bu kitab üzərində nə üçün məhz sonda dayanmağımın səbəbini göstərim. Belə fikirdəyəm ki, E.Babayevin tədqiqatları, professional, təcrübəli alim keyfiyyətləri, araşdırdığı mövzu və problemlər, əsaslandığı üsul və metodologiya, alimin etnomuzıkoloji təhlil ustalığı, analitik təfəkkürü haqqında ümumi yazdıqlarım həmin kitab barəsində təsəvvür yaratmaq üçün çox əhəmiyyətlidir. Çünki əvvəlki kitabların elmi məziyyətləri digər tədqiqatlarla, qoyulan mövzu və məsələlərin həlli üsulları, üslubiyyat, oxucu ilə ünsiyyətdə səmimilik, fikirlərin konkretliliyi, məna tutumunun lakonikliyi və əhatəliliyi, oxunaqlıq, ifadə tərzinin aydınlığı, təhlil peşəkarlığı və s. bütün bu kimi keyfiyyətlər müəllifin bu kitabı üçün də səciyyəvidir. Məhz bu səbəblərə görə E.Babayevin həmin kitabı barədə bəzi ümumi müşahidələrimizdən sonra yazmağı daha məqbul hesab etdim.
Müəllifin ayrı-ayrı illərdə yazdığı məqalələrdən ibarət bu topluda onun bəzi mübahisəli, bəzi həllini gözləyən mövzu və anlayışlar, bəzi məsələlər üzərində müşahidə və mülahizələri öz əksini tapıbdır. Kitabın mündəricatına diqqət etsək, bu mündəricat vasitəsilə də onun nə qədər maraqlı olduğunu, elmimiz üçün nə qədər vacib, aktual problemlərə həsr olunduğunu yəqin etmək olar. Bu baxımdan güman edirik ki, kitabın adındakı Müşahidələr və mülahizələr hissəsini müəllif yazmaya da bilərdi və kitabı sadəcə, məqalələr toplusu kimi də təqdim edə bilərdi. Lakin eyni zamanda bu fikirdəyik ki, E.Babayevin seçdiyi elmi mövzu və məsələlərə münasibətdə son dərəcə tələbkarlığı, ciddi mövqeyi, professional məsuliyyəti bu dəfə kitabın məhz Müşahidələr və mülahizələr adında da öz ifadəsini tapıbdır. Digər tərəfdən, etiraf edək ki, aktual mövzu və məsələlərə, mübahisəli anlayışlara mülahizələrlə, müzakirə təriqilə yanaşmaq elmin inkişafına həmişə müsbət təsir göstərir. Bu gün Azərbaycan musiqişünaslarının ayrı-ayr ı məsələlər üzərində mülahizə və müşahidələrini işıqlandıran belə kitablara ehtiyac vardır. Ənənə və ənənəvilik, müasir lad nəzəriyyəmiz, muğam ailələri, şərq monodiyası kimi köklü məsələlər üzərində E.Babayevin dəyərli müşahidə və mülahizələrini təqdim edən bu kitab, şübhə yox ki, həmin mövzuların gələcəkdə daha da müstəqilləşməsinə, aktuallaşmasına, diskussiyalar yaratmasına, ayrıca tədqiqat mövzularına çevrilməsinə səbəb olacaqdır. Bu gün ənənəvi musiqimizə aid elmi ciddi düşündürən bəzi nəzəri məsələlər, anlayışlar üzərində dəyərli müşahidə və mülahizələrini mütəxəssislərlə səmimi və həm də peşəkar bir səviyyədə bölüşdürən E.Babayev bu kitabı ilə şifahi ənənəli musiqimiz sahəsində gələcək tədqiqatlar üçün daha bir zəmin yaratmış, elmə qiymətli ideya və nəticələr vermiş, musiqi elmini daha bir dəyərli tədqiqatla zənginləşdirmişdir. Onu da əlavə edək ki, alimin bütün monoqrafiyaları dərs vəsaiti kimi də istifadə olunmaq səviyyəsinə malikdirlər.
Ötən əsrin son ilində nəşr olunan bu kitab müəllifin əsrə, həm də əsrin musiqi elminə layiqli töhfəsi və hesabatıdır - desəm, məncə yanılmaram. Və sonda: musiqi ictimaiyyəti bu istedadlı alimdən yeni əsrdə yeni tədqiqatlar gözləyir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page