ƏSRIN YAŞIDI, ƏSRI YASADI
Sərdar FƏRƏCOV
Search


YADDAŞLARDA HƏKK OLMUŞ SƏNƏTKAR
Azər RZAYEV
ƏSRIN YAŞIDI, ƏSRI YASADI
Sərdar FƏRƏCOV

 


1985-ci ildən bir bəstəkar kimi tez-tez yaradıcılıq ezamiyyətlərinə getməli olurdum. Keçmiş SSRI-nin və bir-neçə xarici ölkənin müxtəlif şəhərlərində keçən bir-sıra musiqili tədbirlərin iştirakçısı olmuşdum. Hər səfərdən qayıdanda təəssüratlarımı Ramazan bəylə bötüşürdüm. Hərdən bu təəssüratlar onun özüylə bağlı olurdu... 1988-ci ildə Özbəkistanın gənc bəstəkarları ilə görüşmək üçün Daşkəndə getmişdik. Orda M.Əşrəfinin ev muzeyinə dəvət olunmuşduq. Muzeyin divarlarında Üzeyir bəyin şəkillərini görüb, baş mühafizdən bu şəkillərin necə bura gəlib çıxmasını soruşdum. Bakıdan olduğumu bilən baş mühafiz (o M.Əşrəfinin qohumu idi) sevindi və bu şəkillərin Bakıdan Ü.Hacıbəyovun ev-muzeyindən aldığını dedi. Məlum oldu ki, M.Əşrəfinin ev muzeyini necə təşkil etmək üçün baş mühafiz dəfələrlə Bakıya gəlib və məhz Ramazan Xəlilovun özündən dəyərli məsləhətlər alıbmış və Ramazan bəyi böyük xeyirxah kimi onlar həmişə yad edirdilər. Doğrusu onun neçə-neçə şəhərlərdə hörmətlə məhəbbətlə xatırlanmasının şahidi olmuşam. Onu bir dəfə görən, heç vaxt unutmazdı.
O,Üzeyir Hacıbəyovun səxavətindən, alicənablığından, geniş ürəyindən təvazökarlığından saatlarla söhbət edərdi. Bu keyfiyyətlər onun özündə də əksini tapmışdı. Onda hər kəsə nəsib olmayan bütovlük, tamlıq, harmoniya mövcud idi. Çox nadir hallarda işə gəlməyən Ramazan Xəlilov hər ilin son həftəsində mütləq 1-2 gün evdən çıxmazdı. Çünki dekabrın 27-də onun ad günü idi. Təvazökar və alicənab olduğu üçün istəməzdi ki, işçiləri onu təbrik edəndə hədiyyə alsınlar, xərcə düşsünlər. Belə şeyləri qəbul etməzdi. Özü isə əksinə, işçilərin ad günündə, xeyir-şərində mütləq özünü göstərərdi. Ancaq bir dəfə 1991-ci ildə onun 90 illik yubileyi xüsusi təntənə ilə keçdi. Bunun da məzəli tarixçəsi vardı. O dövrdə Ramazan bəyin oğlu Rüfət ABŞ-da yaşayıb-işləyirdi. Atasının həmişə son dəblə və zövqlə geyinməyi sevdiyini bilən Rüfət ad günü ərəfəsində ona gözəl bir kostyum göndərmişdi. Ramazan bəyin qızı Nərgiz xanım da atasının geyimlərini xüsusi olaraq Fransadan, Izraildən, ABŞ-dan gətirərdi. Kostyum Bakıya gəlib-çıxandan sonra Rüfət atasına telefon açıb, soruşur ki, kostyum xoşuna gəldi ya yox... Atası kostyumu geyinib, bəyəndiyini dedikdə Rüfət -əlin cibində olsun - deyir.
Ata-oğul arasında həmişə zarafatla işlənən bu sözdən sonra Ramazan bəy əlini təzə kostyumun cibinə salır və orda xeyfi ABŞ dolları olduğunu görür... Rüfət isə atasından israrla xahiş edir ki, bütün dostlarını, ürəyi istəyən kəsləri restorana dəvət edib, öz 90 illik yubileyini keçirsin...
Yubiley Köhnə Inturistdə keçirildi. Bu qeyri-adi, gözəl səmimi bir məclis idi. Məclisin tamadaları xalq yazıçısı Mirzə Ibrahimov və xalq artisti bəstəkar Tofiq Quliyev idi. T.Quliyev məclisdə R.Xəlilovun Azərbaycan Bəstəkralar Ittifaqının fəxri üzvü seçildiyini bəyan edib üzvlük kitabçasını sahibinə verdi. Məclisdə xalq rəssamı Mikayıl Abdullayev, bəstəkar Vasif Adıgözəlov, şair Vladimir Qafarov və onlarla teatr, kino, musiqi, ədəbiyyat, incəsənət xadimləri iştirak edirdi. Demək olar ki, bütün məclis boyu Ramazan bəy ayaq üstdə olaraq, qonaqlardan heç kimi diqqətindən kənar qoymadı, hər kəsin ünvanına mənalı, layiqli, gözəl sözlər söylədi. O axşam Ramazan Xəlilovun ünvanına deyilən sözlər də bu böyük insanın şərəfli, çoxşaxəli fəaliyyətinə və həyat yoluna çıraq tutdu, onun Azərbaycan xalqı üçün, cəmiyyətimiz üçün, mədəniyyətimiz üçün nə qədər dəyərli, əziz olmasını dönə-dönə vurğuladı.
Ancaq R.Xəlilov öz ömrünə hələ yekun vurmaq fikrindən uzaq idi. Çünki görmək istədiyi işIəri, həyata keçməyən arzuları çox idi və o hər gün onlara yetmək üçün çalışırdı. Müxtəlif instansiyalara məktublar yazır, telefon açır, başa salır, tələb edirdi...
... Ən böyük arzusu Ü.Hacıbəyovun xatirə ev-muzeyini genişləndirib, təmir etdirmək, yeni ekspozisiya zalları, konsert-kino salonu daha nələr, nələr yaratmaq idi. 1975-ci ildə muzeyin açılışı zamanı Heydər Əliyevin dediyi sözləri tez-tez təkrar edərdi: Bu muzey Üzeyir Hacıbəyov üçün çox darısqaldır.... Sözünün əvvəli də, sonu də Üzeyir bəy idi. Onu ulu məbədlərin səcdəgahında duran müdrik kahinlərə bənzətmək olardı. Sağlığında Üzeyir bəyin özünə, ailəsinə, sonra isə onun əməllərinə, müzeyinə, xatirəsinə bütün qəlbiylə sadiq olmuşdu. Və bu saf xidmətində öz həyat amalını görür, ondan zövq alırdı. Özünə qarşı heç bir təltif, xüsusi diqqət ummayan Ramazan Xəlilov istər-istəməz şöhrətin zirvəsinə ucalmışdı. Əməkdar mədəniyyət işçisi, professor fəxri adları və nəhayət respublikamızın prezidentinin əlindən Şöhrət ordeni alması, onun həyət və fəaliyyətinə verilən ədalətli qiymət idi. Kinorejissor Zaur Məhərrəmov onun haqqında sənədli film yaratdı. Şair Səyavuş Məmmədov ona neçə şer həsr etdi. Mstislav Rost ropoviç atasının Üzeyir bəyə yazdığı naməlum məktubu aşkar etdiyi üçün Ramazan Xəlilovu bağrına basdı... Neçə-neçə jurnalitstlər, teleproqramlar onun haqqında oçerklər hazırlamaq üçün növbədə durdu... O isə öz işində idi. 1996-cı ildə Üzeyir bəyin Ensiklopediyasının işıq üzü görməsində, sonra isə Üzeyir bəyə həsr olunmuş şerləri toplayıb Şöhrət tacı kitabının nəşrində (Səadət Qarabağlı ilə) böyük zəhmət, səy və əzmkarlıq göstərmişdi.
98 yaşına qədər hər gün işə gələn Ramazan Xəlilovun son zamanlar üzündə yorğunlur, kədər hiss olunurdu. Ümumiyyətlə, şikayət etməyi sevməyən Ramazan bəy hərdən yorulmuşam - deyə piçıldayırdı. Biz bunu yaşı ilə əlaqəli bilirdik. Ancaq demə məşum xəstəlik onu içindən kəsə-kəsə yeyirmiş.
Bütün ağrılara mərdənəliklə dözən Ramazan bəy çəkdiyi əzabları heç biruzə vermirdi. Son aya qədər işə gəlib-gedirdi. 1998-ci ilin dekabrında məni bir bəstəkar kimi Istanbula əsərimin ifasına dəvət etmişdilər. Səfər ərəfəsində bəzi sənədləri hazırlamaq üçün ora-bura qaçmalı olurdum. Hətta 1-2 gün işə də çixa bilmədim. Evinə zəng vurdum. Telefonu Ramazan bəy özü götürdü. Hal-əhval tutdu. Soruşdu: Eşitdim Istanbula gedirsən?. ... Görünür mənim həmişəlik və ya uzun müddətə gedəcəyimi zənn edibmiş. Birdən kədərli, ağrılı bir səslə - Yəni mən səni daha görməyəcəyəm? - deyə soruşdu. Bu günə kimi qulaqlarımda hüznlə səslənən o səs ürəyimi yerindən oynatdı. Iki həftəlik gedirəm, mütləq görüşəcəyik - dedim.
Istanbulda isə bizim hamımız üçün ağrılı-acılı, təəssüf döğuran bir həqiqətdən agah oldum; Türk musiqişünası Şənel Önaldı Üzeyir Hacıbəyovun Azərbaycan musiqisinin əsasları kitabını türkcəyə çevirib və öz adına çıxarıb nəşr etdirərək dərs vəsaiti kimi universitetlərdə tədris üçün yaymışdı... Həmən kitabı və bu xəbəri yayan Hürriyyət qəzetini əldə edib, Bakıya qayıtdım. Ilk öncə bu xəbəri Ramazan Xəlilova necə çatdıracağımı götür-qoy edirdim. Muzeydə mənə dedilər ki, Ramazan bəy xəstədir, evdə yatır. Mən hələ də xəstəliyin ciddiliyinə inana bilmirdim. Evinə telefon açdım. Özüylə danışıb, məsələni xəbər verdim. Narahat oldu. Təcili məqalə yazıb, qəzetə verməyimi, sabah isə mütləq görüşməyimizi tapşırdı. Ancaq nə sabah, nə o biri gün mən onu görə bilmədim. 12/1-1999 tarixli Xalq qəzetində Üzeyir bəyin əsərləri talan olunur adlı məqaləm çıxdığı gün, bütün Bakı ziyalıları, mədəniyyət və incəsənət xadimləri XX əsrin yaşıdı, canlı tarix, Üzeyir bəyin yadigarı olan Ramazan Xəlilovu son mənzilə yola s alırdı. Ölkə prezidenti Heydər Əliyevin imzatadığı nekroloq bu böyük insanın şərəfli həyatını, gözəl əməllərini, geniş fəaliyyətini bir daha bəyan edirdi.
O, Bakıda, Fəxri xiyabanda, xalqımızın bu dünyadan göçmüş ən layiqli övladlarının, elmi, sənət, mödəniyyət xadimlərinin arasında dəfn olundu.
XX əsr öz yaşıdını, özündə saxladı.
Ramazan bəy muzeyin işçilərinə bir gözəl adət aşılamışda. Əlamətdar tarixlərdə, bayramlarda, müqəddəs, əziz günlərdə hamılıqla Üzeyir Hacıbəyovun, Məleykə xanımın və digər görkəmli şəxsiyyətlərimizin məzarını ziyarət edib, ruhlarını şad edərdik. Indi isə ziyarətimizə daha bir ünvan əlavə olunub ... Onun məzarı...
... Ruhun şad olsun - Ramazan bəy.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page