25 YAŞLI MƏKTƏB
Raziyyə ƏLIYEVƏ, Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
Search


25 YAŞLI MƏKTƏB
Raziyyə ƏLIYEVƏ, Cəmilə HƏSƏNOVA-ISMAYILOVA

 


Bu il Abşeron rayonunun mərkəzi sayılan Xırdalan qəsəbəsində fəaliyyət göstərən 7 illik Uşaq musiqi məktəbinin 25 yaşı tamam olur. Milli, eləcə də dünya klassik musiqisini özünəməxsus şəkildə ləyaqətlə yaşadaraq, onun sirlərini gələcək nəsillərə çatdıraraq bu məktəb şərəfli bir tarixi yol keçmişdir. Xırdalan musiqi məktəbinin uşaq və gənclərin musiqi tərbiyəsində, respublikamız üçün çox dəyərli, istedadlı musiqiçilər yetişdirilməsində mühüm rolu vardır. Təkcə elə bunu qeyd etmək kifayətdir ki, səsi-sorağı düqyanın bir çox ölkələrindən gələn, özünün qeyri-adi ifaçılıq məharəti ilə seçilən, xalqımızın sevilən xənandəsi Alim Qasımov ilk musiqi təhsilini məhz bu musiqi məktəbində almışdır.
Xırdalan Uşaq musiqi məktəbi 1977-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına və Mədəniyyət Nazirliyinnin müvafiq əmrinə əsasən yaradılmışdır. O zamanlar bu məktəb Abşeron rayonunda musiqi təhsili verən yeganə tədris ocağı idi. Ətraf kəndlərdən, o cümlədən, Ceyranbatan, Mehdiabad, Saray, Qobu, Masazır kəndlərindən musiqi isitedadı olan uşaqlar məhz Xırdalan musiqi məktəbinə gəlirdilər. Həqiqətən də Abşeronun mərkəzində musiqi məktəbinin fəaliyyəti nəinki qəsəbənin, eləcə də bütöv bir rayonun mədəni həyatında əlamətdar hadisə idi.
Milli musiqi tariximizdə öz ifaçılıq dəst-xətti ilə seçilən görkəmli pedaqoq və tarzən Əhsən Dadaşovun yetirməsi olan Nazim Hüseynov məktəbin ilk direktoru kimi fəaliyyətə başlayarkən öz ətrafına müəllimlik peşəsinə tam məsuliyyətlə və vicdanla yanaşan bir kollektiv topladı.
Məktəbin müəllimləri A.Zeynallı adına Bakı musiqi texnikumunun və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının məzunları idi. Ilk dəfə bu məktəbdə pedaqoji fəaliyyətə başlayan gənc müəllimlər Rafael Qəhərəmanov, Iradə Rəfizadə, Nahidə Səmədova, Nadir Əlişov, Ilham Züqfüqarov tez bir zamanda burada yaradıcı, tərbiyəedici bir mühitin təməlini qoydular.
Ilk illər məktəbdə fortepiano, skripka, tar, kamança, klarnet, qarmon, akkordeon, nağara ixtisasları tədris edilir və musiqi nəzəriyyəsi üzrə dərslər aparılırdı. Həmin dövrdə məktəbdə 100-ə yaxın şagird təhsil alırdı. Yüksək peşə hazırlığı ilə seçilən müəllimlər Nəzakət Vəliyeva, Sevinc Pişnamazzadə, Mahirə Qocayeva, Iradə bağırova, Rahiz Məmmədov, Iradə Məmmədova, Lyudmila Musabəyova, Mübariz Paşayev, Seyidməmməd Zakirzadə, Raziyyə Əliyeva, Ofelya Osmanova, Nigar Əliyeva və başqaları əzmə çalışırdılar. Onlar bir həqiqəti yaxşı dərk edirdilər ki, musiqi məktəbi uşaqlar üçün sənət yollarına atılan ilk addımdır. Uşağın sonradan musiqini özünə sənət seçib-seçməyəcəyindən asılı olmayaraq, musiqi onun estetik tərbiyəsində, dünyagörüşünün genişləndirilməsində böyük rol oynayır. Əgər musiqi müəllimi az-çox istedadlı uşağa musiqini qavramaq, musiqini duymaq qabiliyyətini aşılaya bilirsə, bununla o, gələcək nəslin estetik zövqünün formalaşmasına xidmət göstərmiş olur. Buna görə də məktəbin müəllimləri öz şagird lərinin istedadlarının üzə çıxması və inkişafı üçün əllərindən gələni əsirgəmirdilər.
Illər ötdükcə, Xırdalan musiqi məktəbində həm müəllimlərin, həm də şagirdlərin sayı artdı. Əsas binası Xırdalanda olan musiqi məktəbinin Mehdiabadda, Qobuda, Novxanıda filialları açıldı.
Məktəbin işinin daha da canlanmasında və fəaliyyət dairəsinin genişləndirilməsində 1994-95-ci illərdə məktəbin müdiri vəzifəsinə təyin olunmuş Ilham Manafovun böyük rolu vardır. Yüksək təşkilatçılıq qabiliyyəti və ali insani keyfiyyətləri ilə seçilən Ilham Manafovun təşəbbüsü ilə məktəbdə bir sıra tədbirlər həyata keçirildi.
Digər ixtisaslarla yanaşı, burada saz, milli rəqs, xanəndəlik sinifləri açıldı və peşəkar müəllimlər dəvət olundu. Məktəbin nəzdində bir sıra ifaçı kollektivlər fəaliyyət göstərməyə başladı. Bunlardan Rafael Paşayevin rəhbərliyi ilə şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri və Mübariz Paşayevin rəhbərliyi ilə müəllimlərdən ibarət ansambl xüsusi qeyd olunmalıdır.
Abşeron rayonunda keçirilən bütün bayram tədbirlərində və el şənliklərində məktəbin müəllimləri və şagirdləri böyük həvəslə iştirak edirlər.
Ilham Manafov, həmçinin, rayon miqyasında keçirilən bir sıra tədbirlərin təşəbbüskarı olmuşdur. Bu baxımdan dahi bəstəkarımız Qara Qarayevin 80 illik, xalq şairi Nəbi Xəzrinin 75 illik, görkəmli xanəndə Xan Şuşinskinin 100 illik yubileylərinin qeyd olunması təqdirəlayiqdir. Bundan əlavə, Muğam gecələrinin keçilməsi də ənənə halını almışdır və bütün bunların klassik musiqi sənətimizin yüksək səviyyədə təbliğində və xalqa çatdırılmasında böyük əhəmiyyəti vardır.
Incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, konsertlərin təşkili rayonun mədəni həyatını çox canlaşdırmış və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Məktəbin kollektivi dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyovun evmuzeyi ilə sıx yaradıcılıq əlaqələri saxlayır. Muzeydə keçirilən tədbirlərdə çox zaman məktəbin şagirdləri maraqlı proqramla çıxış edirlər. Bu işdə müəllim Qasım Əliyevin rəhbərlik etdiyi xanəndəlik sinfi fəal iştirak edir.
Hər ilin aprel-may aylarında bu muzeydə məktəbin hesabat konserti keçirilir. Əvvəlcə uşaqlar Üzeyir bəyin tələbələri olmuş bəstəkar Şəfiqə xanım Axundova, Məmməd Cavadov, Ruqiyyə xanım Rzayeva Əminə xanım Eldarova kimi qocaman musiqişünaslarımız qarşısında öz istedadlarını nümayiş etdirirlər, sonra muzeylə tanış olur, muzeyin kinozalında dahi bəstəkar haqqında çəkilmiş sənədli və bədii filmlərə baxır, tələbələrinin dahi bəstəkar haqqında söhbətlərini maraqla dinləyirlər.
Məktəbin kollektivi yaxınlıqda yerləşən N saylı hərbi hissə ilə də sıx əlaqə saxlayır, tez-tez orada şəxsi heyət qarşısında maraqlı konsert proqramı ilə çıxış edir.
Məktəbin fəaliyyət göstərdiyi müddətdə müəllim kollektivi gənc müəllim qüvvəsi hesabına genişlənmişdir. Onlar arasında məktəbin məzunları da var. Belə ki, Ali və orta ixtisas musiqi məktəblərində təhsil aldıqdan sonra onlar yenidən doğma məktəbə dönərək, öz müəllimlərilə çiyin-çiyinə çalşırlar. Təkcə bunu qeyd etmək kifayətdir ki, bu məktəbdə uzun illər boyu çalışan 58 nəfər müəllimlə yanaşı, məktəbin 12 nəfər məzunu da fəaliyyət göstərir. Onlardan Sevinc ibrahimova, Yeganə Mustafayeva, Elşən Hüseynova, Sarvan Şirinov, Yeganə Musayeva, Günel Vəliyeva, Fəridə Əliyeva və başqalarının adını çəkə bilərik. Şübhəsiz ki, belə bir ünsiyyət yalnız müsbət nəticələr verir.
Belə ki, böyük iş təcrübəsi olan bacarıqlı müəllimlərlə istedadlı gənc müəllimlərin birgə səyi nəticəsində qabiliyyətli şagirdlər üzə çıxarılır, onlarla çox ciddi hazırlıq işləri aparılır. Bu baxımdan dərs hissə müdiri Nəzakət Vəliyevanın, xalq çalğı alətləri şöbəsinin müdiri Mübariz Paşayevin, fortepiano şöbəsinin müdiri Iradə Bağırovanın, nəzəriyyə şöbəsinin müdiri Raziyyə Əliyevanın əməyi təqdirəlayiqdir.
Müəllimlərin səyi və zəhməti sayəsində məktəbin şagirdləri mütəmadi olaraq, Bakı şəhəri musiqi məktəbləri arasında keçirilən müxtəlif müsabiqələrdə, Qönçə uşaq musiqi festivallarında fəal iştirak edərək uğurlar qazanırlar.
Əlamətdardır ki, 1999-cu ilin martında keçirilən musiqi məktəblərinin ümumrespublika müsabiqəsinin yekunlarına görə Azərbaycan Respublikasının Mədəniyyət naziri Polad Bülbüloğlu Azərbaycanın musiqi mədəniyyətinin çiçəklənməsində Xırdalan uşaq musiqi məktəbinin rolunu xüsusi qeyd etmişdi.
Əlbəttə ki, bütün bu nailiyyətlərin qazanılmasında müəllimlərinbütün həyatını musiqiyə həsr etmiş, xalqımızın övladlarının yüksək zövqlü insanlar kimi yetişməsi və istedadlarının çiçəklənməsi yolunda əməyini əsirgəməyən, gələcəyin layiqli vətəndaşlarına, vətənimizin şöhrətini ucaldacaq gənc musiqiçilərə sənətdə düzgün yol göstərən müəllimlərin rolu əvəzolunmazdır.
Ümumiyyətlə, Xırdalanın musiqi həyatı və musiqiçiləri haqda söz açarkən, məktəbin yetirmələri olan Manafov qardaşlarınıIslamı, Ilhamı və Ikramı xüsusi qeyd etmək lazımdır. Onların atası Abuzər Manafov musiqini çox sevdiyinə görə oğlanlarına musiqi təhsili vermişdir. Islam pianoçu, Ilham tarzən, Ikram isə kamançaçalandır. R.I.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra böyük qardaş Islam Manafov bir müddət Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbində və Bakı Musiqi Akademiyasında çalışmışdır. 1999-cu ildən o, Türkiyənin istanbul şəhərinə müəllim kimi dəvət olunmuşdur. Hal-hazırda o Istanbul Yedditəpə Universitetinin musiqi bölməsinin müdiridir. Onu da deyək ki, bu bölmə məhz Islam Manafovun təşəbbüsü nəticəsində dövlətin rəsmi sərəncamı ilə yaradılmışdır.
Ortancıl qardaş Ilham Manafov BMA-nı bitirdikdən sonra tarzən kimi fəaliyyət göstərmiş və Xırdalan musiqi məktəbinə rəhbərlik etmişdir. Bacarıqlı təşkilatçı kimi tanınan Ilham Manafova rayon rəhbərliyi tərəfindən etimad göstərilərək Abşeron rayon Mədəniyyət şöbəsinin müdiri kimi məsul bir vəzifə tapşırılıb.
Hal-hazırda Xırdalan musiqi məktəbinə kiçik qardaş, öz ecazkar sənəti ilə tanınmış kamança çalan Ikram Manafov rəhbərlik edir.
Ilk gündən öz işinə böyük məsuliyyət hissi ilə başlayan Ikram Manafov var qüvvəsini gənc nəslin mənəvi estetik tərbiyəsinin düzgün istiqamətdə aparılmasına sərf edir, məktəbin lazımi avadanlıqla mümkün qədər təmin olunması üçün çox çalışır. Bundan əlavə Ikram Manafov bütün kollektivlə birgə məktəbin 2002-ci ilin aprel ayında keçiriləcək 25 illik yubileyinə böyük hazırlıq işləri görür.
Bəli, 25 il bir musiqi məktəbi üçün o qədər də qısa bir tarix deyil. Bu illər ərzində məktəbin məzunlarını, görülən işləri sadalasaq, böyük bir siyahi alınar. Bu, sadəcə adlar, rəqəmlər deyil, məktəbin tarixinin səhifələri, məktəb həyatının anları, müəllimlərin ömrünün bir hissəsidir.
Vaxtilə musiqimizin patriarxı Üzeyir Hacıbəyov Azərbaycanda musiqi təhsilinin genişlənməsi və musiqimizin uca mərtəbələrə qədər irəliləməsi uğrunda yorulmadan mübarizə aparmışdı və onun uzaqgörənliyi sayəsində Azərbaycan musiqisi həqiqətən də yüksək zirvələrə çatmışdır. Bu yolun özülünün uşaq musiqi məktəblərində qoyulduğu isə artıq sübut olunmuş həqiqətdir.
Fərəhlənirik ki, respublikamızda fəaliyyət göstərən yüzdən artıq musiqi məktəbləri arasında Xırdalan uşaq musiqi məktəbinin öz yeri vardır. Inanırıq ki, 25 illik yubileyini qeyd edən məktəb bundan sonra da yeni-yeni uğurlar qazanaraq musiqi mədəniyyətimizə layiqli töhfələr bəxş edəcək.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page