YARADICI ÖMÜR
Nailə RƏHIMOVA
Search


YARADICI ÖMÜR
Nailə RƏHIMOVA

 


       Elmin həddi üfüqə bənzər: ona yaxınlaşdıqca o uzaqlaşır

       Pyer Klod Buast

       Azərbaycan musiqişünaslıq elmi qədim və müasir musiqi irsimizin dərin köklərindən və yüksək əhəmiyyətindən xəbər verən görkəmli musiqişünas alimlərlə zəngindir. Hər bir yeni söz, yeni təfəkkür, elmi qiymət musiqi mədəniyyətimizi əsrbəəsr irəli istiqamətləndirən, inkişaf etdirən doğru yol və əsaslı məktəbdir. Bu məktəbin layiqli davamçıları həyat və yaradıcılığı boyu Azərbaycan musiqisinin tarixi və nəzəri əsaslarını tədqiq edən böyük sənət fədailəridirlər.

       Musiqi elmini fikirləriylə daima dolğunlaşdıran - Elmira Abasova məhz belə şəxsiyyətlərdəndir!

       Görkəmli alim pedaqoq, publisist, mühazirəçi və maarifçi, ictimai musiqi xadimi Elmira xanım öz yaradıcı dəst-xətti ilə Azərbaycandan çox-çox uzaqlarda tanınıb. Musiqi elminin dərin bilicisi o, Azərbaycan musiqişünaslığının təlim-tərbiyə məktəbinin yaradıcısı və onun inkişaf yolunda böyük nailiyyətlər əldə edən bənzərsiz şəxsiyyətdir. Onun elmi zirvəsinə doğru inamla irəliləməsi və bu yolda müstəqil düşüncəli fikirləri zəngin tədqiqatlara təminat vermişdir. Bu tədqiqatlar Azərbaycanda və başqa dövlətlərdə yüksək qiymətləndirilib və gələcək musiqişünas alimlərin formalaşmasında lazımı təsiri olmuşdur. Elmira xanımın diqqət mərkəzinə çevrilən hər bir elmi-nəzəri və tarixi problemlər son nəticədə bütün dəqiqliyi və fərdi həll etmə qabiliyyətilə araşdırılır, təsdiq olunur. O, Azərbaycanda musiqişünaslıq elmində öz sözü, sərbəst fikirləri olan alimdir.

       Elmira Abasova 10 yanvar 1932 ildə Bakıda adi fəhlə ailəsində dünyaya gəlib. Atası Əbdülhəmid Abasov dəmiryolçu idi. Anası Mariya Petrovna isə yüksək mədəniyyətə malik dərin intellektual səviyyəli qadın timsalı idi. O, həmin illərdə K.Marksın adını daşıyan kitabxanada oxucu zalının müdiri vəzifəsində çalışırdı. Anasından bir dəqiqə belə ayrı olmayan Elmira xanım uşaqlıq çağlarını kitablar aləmində yaşayıb. Nağıllarla bərabər daha iri həcmli klassik dramaturgiyanı həvəslə oxuyan, mənimsəyən uşaq sanki gələcəkdə mütaliə ilə, axtarışlarla zəngin həyata hazırlaşırdı. Mən məktəb tətillərini kitabxanada keçirirdim. Oxumaq, yeni bəddi aləmi fəth etmək məndə günbəgün artan arzu idi Mən xoşbəxt uşaqlıq həyatı yaşamışam. Atam, anam və iki çox əziz olan xalalarım məni düzgün tərbiyə etmişlər, mənə məsuliyyət və intizam hisslərini aşılamışlar - söyləyən Elmira xanım uşaqlıq xatirələrini məhz belə incə duyğularla xatırladı.

       Bakıdakı 18 li orta məktəbi əla oxuyan şagird Elmira 1li musiqi məktəbində də fəallığı və musiqiyə olan dərin həvəs və istedadı ilə fərqlənirdi. Həmin istedad onu orta ixtisas musiqi texnikumuna gətirdi. Lakin orta məktəbi qızıl medalla bitirən gənc Elmira xanım riyaziyyat elminə üstünlük verərək təhsilin ali məktəblərin birində davam etdirmək istəyirdi. Beləliklə o, Azərbaycan Neft və Kimya Institutuna qəbul olundu. Iki təhsil ocağında oxumaq sözsüz ki, maraq və bacarıqla bərabər xeyli vaxt tələb edirdi. Gecəli-gündüzlü bir-birindən fərqlənən elmlərə yiyələnən Elmira xanım yalnız biliyə doğru yüksək zirvələrə nail olmaq arzusunda idi. Bu zaman onun həyatının müqəddəratını həll edən dönüş yarandı. Böyük məhəbbətlə və hörmətlə bu gün adını çəkdiyi sevimli müəllimi N.S.Çumakov ona professional musiqi təhsilinə əsaslı diqqət yetirməsini və bütövlüklə musiqi elmini gələcəkdə öz yaradıcılıq prosesinin özəyi sayıb inkişaf etdirməsini tövsiyyə etdi. Böyük şəxsiyyət, mus iqiçi, yüksək mənəvi keyfiyyətli insan Nikolay Semyonoviç Çumakov şəxsən Azərbaycan müasir professional musiqi sənətinin banisi, milli bəstəkarlıq məktəbinin təməl qoyucusu, alim Uzeyir Hacıbəyovun böyük hörmət və etimadını qazanmışdır. N.S.Çumakov Azərbaycan Konservatoriyasında musiqi nəzəriyyəsi fənnlərinin pedaqoji məktəbinin əsasını qoyaraq Azərbaycan musiqişünaslıq elminin inkişafında misilsiz xidmətləri olan, üslub ənənələri ilə seçilən Pedaqoq idi. Və bu böyük insan Elmira xanımın həyatında başlıca rol oynamışdır. O, təhsilini yalnız musiqinin tarixi və nəzəriyyəsi istiqamətində davam etdirəcəyini qətiyyətlə qərara aldı. Həmin qərar onu 1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının tarixi nəzəriyyə fakültəsinə qəbul olmağa vadar etdi və 1955-ci ildə Elmira xanım musiqişünas ixtisası üzrə fərqlənmə diplomu ilə təhsilini bitirdi. Həmin ildən o, təhsil aldığı ali məktəbdə pedaqoji fəaliyyətinə başladı. Lakin Azərbaycanın musiqi tarixinə maraq professional musiqimizin atası Üzeyir bəy Hacıbəyo vun bəstəkarlıq irsini dərindən və geniş tədqiq etmək onun ən başlıca məqsədi idi. Elmira xanım 1958-ci ildə elmi işçi vəzifəsində çalışdığı Azərbaycan Elmlər Akademiyasının Incəsənət və Memarlıq Institutunun daxilində aspiranturanı bitirir və 1962-ci ilin yanvar ayında Moskvada sənətşünaslıq doktoru, professor I.Y.Rıjkinin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edir. Görkəmli musiqişünas, sənətşünaslıq doktoru Yuriy Vsevolodoviç Keldışın sədrliyi ilə Ümumittifaq Incəsənətşunaslıq Institutunda keçirilən Şurada Elmira xanım Abasova Üzeyir Hacıbəyovun opera və musiqili komediyaları mövzusunda fundamental elmi işini böyük uğurla təqdim etdi. Beləliklə, dahi Üzeyir irsinə ilk dəfə elmi qiymət verildi və elmin haqq gözü ilə onun böyüklüyü, Azərbaycan mədəniyyətində əvəzolunmaz xidməti bir daha açıqlandı. Azərbaycan musiqi mədəniyyətinin tarixi inkişafında Üzeyir Hacıbəyovun xüsusi yeri vardır. Dahi bəstəkar, görkəmli ictimai musiqi xadimi, alim-publisist, pedaqoq o, Azərbaycan bəstəkarlıq məktəbin in yaranması və inkişafı yolunda əsaslı rol oynamışdır. Üzeyir Hacıbəyovun yaradıcılığında təşəkkül tapan yeni intonasiyalı quruluş yeni nəsil Azərbaycan bəstəkarlarının müxtəlif yaradıcılıq axtarışlarının əsasını təşkil etmişdir1.

       1971-1977-ci illər ayrıcında Elmira Abasova Azərbaycan Elmlər Akademiyasının Incəsənət və Memarlıq Institutunda musiqi şöbəsinə başçılıq etmişdir. Bu illər ayrıcında qarşıya qoyulan ən mühüm məqsəd isə keçmişimizdən bizlərə miras qalan musiqi yaradıcılığını bərpa etmək, öyrənmək və qorumaq idi. Həmin dövrlərdə onun təşkil etdiyi Ümumittifaq konfraslarda da bu mövzu maraqla qarşılanır, elmi mübadilələr çərçivəsində müzakirə olunurdu. Yaxın və Orta Şərq xalqlarının musiqi sənəti problemlərinə və Üzeyir Hacıbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş konfranslar belə yaradıcı proseslərin inkişafında mühüm rol oynamışdır. Digər tərəfdən konfranslar doğma Bakımıza təklif buyuran elm xadimlərinə onun qədim tarixiylə, mədəniyyətiylə, Içəri şəhərin daşlarından gələn əsrlərin səsini duymaq imkanı yaradırdı. Bu da şübhəsiz ki, xalqlararası dostluq və yaradcılıq əlaqələrinin daha da möhkəmlənməsinə, ənənələrin qarşılıqlı inkişafına səbəb olurdu.

       Elmira Abasovanın ömrünün ən məsuliyyətli dövrü onun 1977-1991-ci illər ayrıcında Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etdiyi vaxta təsadüf edir. Üzeyirin yaratdığı bu mədəniyyət ocağının günbəgün müvəffəqqiyyətə doğru inkişafında onun əməyi böyükdür. O, tələbələrin pedaqoji və istehsalat təcrübələrinin istiqamətini yeniləşdirmiş və zənginləşdirmişdir. Elmira xanım tələbələrin gündəlik konsert fəaliyyətini yüksək səviyyəyə qaldırmış, Azərbaycan bəstəkarlarının əsərlərinə diqqəti artırmaqla daha geniş təbliğinə nail olmuşdu. Belə ki, Moskva, Sankt-Peterburq, Kiyev, Daşkənt, Aşqabad, Düşənbə, Tallin, Novosibirsk, Minsk, Tbilisi, Riqa, Vilnyus, Alma-Ata və bir çox başqa şəhərlərdə tələbələrdən ibarət ifaçı qrupları müntəzəm olaraq çıxış edir, Azərbaycanın professional ifaçılıq mədəniyyətini layiqincə nümayiş etdirirdilər. Tələbələrdən ibarət kamera orkestrinin (Q.Qarayevin təşəbbüsü ilə) və violonçelistlər ansamblının yaranması da məhz həmin i llərin yaradıcı bəhrəsidir. Tələbələri ansambl, orkestr ifasına cəlb etməklə, onlara professional ifaçılığın qaydalarına yiyələnmək imkanı yaradılırdı. Elmira Abasovanın təşəbbüsü ilə keçirilən müsabiqələr təcrübə-fikir mübadilələrinə səbəb olurdu. Qısa müddət ərzində gənclər arasında yaranan yaradıcılıq ünsiyyəti başqa xalqların musiqi mədəniyyətinə maraq və diqqəti artırırdı. Qafqaz musiqi müsabiqələri qonşu respublikalar arasında keçirilən mədəniyyət köopüsü idi. Bunlardan əlamətdar olan müsabiqə və konfrans Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı idi. Iştirakçılar arasında Zakavqaziya dövlətlərindən başqa Orta Asiya və başqa xalqların nümayəndələri də vardı. Dahi bəstəkarın yaradıcılığına dair elmi məruzələr onun irsinin milli professional musiqimizin ən parlaq numunələri kimi təhlili böyük maraqla qarşılanırdı.

       Qeyd etmək lazımdır ki, Elmiar Abasovanın rəhbərliyi ilə Konservatoriyada ilkin olaraq Şərq xalq çalğı alətləri ifaçılarının respublikalarası müsabiqəsi, nəfəs alətləri ifaçılarının Qafqaz müsabiqəsi və nəfəs alətləri ifaçılarının Qafqaz festivalı keçirilmişdir. Bunlar ayrı-ayrılıqda gənc ifaçılar üçün əsl yaradıcılıq bayramı idi. Çünki illərlə istedad və bacarıqlarını əzmlə inkişaf etdirən ifaçı geniş dinləyici auditoriyası qarşısında nailiyyətlərini nümayiş etdirmək və qiymətləndirilmək imkanı əldə etmişdir.

       Elmira Abasova Konservatoriyanın müəllim və tələbələri tərəfindən aparılan elmi-tədqiqat işlərini səviyyə baxımından dahada yaxşılaşdırmış və yeni ideyalarla zənginləşdirmişdir. Bunların nəticəsi olaraq, Konservaitoriyada daimi Yaxın və Orta Şərq xalqlarının musiqisinin öyrənilməsinə aid Ümumittifaq və Respublikalararası konfransların keçirilməsi əhəmiyyətli hadisə kimi musiqi elminin inkişafında silinməz iz qoymuşdur.

       Uşaqların musiqi estetik tərbiyəsi mövzusunda təşkil olunmuş konfransı xüsusi olaraq vurğulamaq lazımdır. Gələcəyin idarəedici qüvvəsi olan bu günün uşaqları mənəvi cəhətdən sağlam böyüməli, həyatın palitrasında rəngləri aydın seçməlidirlər. Bunun üçün isə uşaqlarda məhz musiqi yönəmli estetik tərbiyənin nə dərəcədə düzgün aparılması vacibdir. Qarşıya qoyulan bu problem məruzəçilərin, tədqiqatçıların elmi-metodik işlərində öz geniş əksini tapmışdır. Keçirilən konfransda səslənən məruzələr bu baxımdan lazımı məsələyə aydınlıq verərək həllində öz rolunu uğurla oynamışdır.

       Elmira Abbasovanın rektor vəzifəsində çalışdığı zaman onun quruculuq fəaliyyətini və zəhmətini qeyd etmək yerinə düşərdi. O, 1984-cü ildə Opera studiyasının inkişafını başa çatdırır və bununla Bakıya yeni iri musiqi sənət ocağını bəxş edir. Yeni mədəniyyət səhnəsinə Azərbaycanın vokal məktəbinin görkəmli nümayəndəsi Şövkət xanım Məmmədovanın adı verilir. Musiqişünasın təşəbbüsü ilə Opera studiyasında uşaq musiqi teatrı yaradılır. Teatr Ş.Çalayevin Mauqli, S.Hacıbəyovun Isgəndər və çoban, S.Ibrahimovanın Nənəmin nağılları və digər uşaqlar üçün yazılmış operaları böyük məharətlə səhnələşdirilmişdir. Həmçinin burada başqa şəhərlərin konservatoriyalarından Bakıya təşrif buyurmuş nümayəndələrin konsertləri və ilk dəfə keçmiş Ittifaq respublikalarının musiqi sənətinin xalq çalğı alətlərində nümayiş etdirilməsi təşkil olunmuşdu.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page