ĞÖYÇƏ AŞIQ MƏKTƏBI (ARDI)
Azad Ozan KƏRIMLI
Search


ILISUNUN MUSIQI ETNOQRAFIYASI DÜNƏN
VƏ BU GÜN

Fəttah XALIQZADƏ
ĞÖYÇƏ AŞIQ MƏKTƏBI (ARDI)
Azad Ozan KƏRIMLI

 


Aşıq Hacının şagirdliyi 1951-ci ildə, orduya çağırılanda bitir. 4 il əsgərlikdən sonra 1955-ci il öz doğma vətəni Daşkəndə qayıdaraq aşıqlığa başlayır. Xatırlayır ki, Aşıq Mehdinin, ondan savayı, o zamanlar daha iki şagirdi varıymış. Birincisi, Subasan kəndindən Aşıq Adıgözəl imiş ki, 1965-ci ildə, olsa-olsa 50 yaşında dünyasını dəyişib. Ikincisi isə, Dərələyəzin Sallı kəndindən Aşıq Mirzalıymış (Sallı Aşıq Cəlilin nəvəsi). Hər ikisi ilə yoldaşlıq edib, məclislər keçiribmiş.
1960-ci illərin başlanğıcında Daşkəndli Aşıq Hacının özü də ustadlığa başlayır. Onun ilk şacirdi, Aşağı Şorcalı Islam (1948-ci ildə anadan olub) 20 il ustada qulluq edəndək sonra dolu bir aşıq kimi tanınıb. Qanlılı Aşıq Qaraş da, Daşkəndli Aşıq Nuriddin də sonralar ondan saz-söz sənətini mənimsəmişlər. Sonuncu hazırda da: ustadın ətəyini buraxmır.
Aşıq Hacının Şərqi Azərbaycanda tanınmağı, çox yazıqlar olsun ki, 1980-ci illərin ortalarına düşüb. Həmin dövrdə onun ifasında Aşıq Alı dastanının kassetinin xalq arasında geniş yayılması sonucunda adı-sanı yalnız Göyçəylə çevrələnən ustad geniş dinləyici - tamaşası dairəsinin maraq mərkəzində, nəhayət ki, özünə layiq yer tutdu. 1992-cu ildə onun Aşıq Mahmudla Türkiyə səfəri isə, vaxtı ilə Qızılvəngli Aşıq Alının (ustadının ustadı) Türkiyə səfərindən daha uğurla başa çatıb, daha geniş səs-küylə sonuçlandı (1992-ci ilin oktyabrın 24-ü ilə 30-u arası Türkiyənın Konya şəhərində Ümumtürk aşıqlar musabiqəsində Aşıq Mahmud, Aşıq Hacı, Gülarə Azaflı və balabançı Əkbər Həsənov iştirak etmişlər. Hər iki ustad qızıl medallara layiq görülüblər). Və, nəhayət, Daşkəndli Aşıq Hacının ifası radio və televiziyamızın fondunda ən sayımlı sənətkarlarla bir sıradadır.

Burada ayrıca vurğulamaq istərdim ki, Göyçə ustadlarının özəlliyi olan həddən artıq təvazökarlıq və gurultulu ad-sana soyuqluq Aşıq Hacı simasında özünü daha qabarıq göstərir. Baxmayaraq ki, haqqında söhbət gedən ustadın kökü sazlı-sözlü soydan çıxıb. Əmisi Aşıq Bayram hazırda çıxış eləməcə də, onun oğlanları, - Aşıq Alqayıt və onun kiçik qardaşı Aşıq Seyid artıq tanınmış sənətkarlardır.
Daşkəndli Aşıq Hacının ifaçılıq sənəti haqqında saatlarla danışmaq olar. Lakin mən bu qısa bilgidən sonra onun qocalıq haqqında şerini, daha sonra isə şagirdi Aşıq Islamın ustada yazdığı şerşəkilli ürək sözlərini oxucunun nəzərinə çatdırmaq istərdim:

Aşıq Hacı. Indi.

Qocalığın ovsarından tutmuşam,
Alıbnan yedəyə çəkirəm indi.
Yornuğ öküzlərnən, qırıq bir cütnən,
Ömrün bağçasını əkirəm indi.

Səhralarım tor görünür gözümə,
Durammıram, əl vururam dizimə.
Oğul-uşaq daha baxmır sözümə,
Ağlayıb göz yaşı tökürəm indi.

Hacıyam, qocalıqdan giley eylədim,
Sərgi güddüm, sərçələri teylədim.
Nə qədər qazandım, axır neylədim,
Oturub hesabım çəkirəm indi.

Baş Laysqılı Aşıq Sirac

Çağdaş saz-söz sənətinin ən parlaq simalarından və ağsaqqallarından biri, - Aşıq Sirac (Abuzər oğlu Həbibullayev) bu günümüzdə də ən yetkin və dolğun, sözün sözün tam yozumunda ustad aşıqlığı, coşqun söz zərgəri səviyyəli şairliyi və ən yüksək bədii zövqlü sazbəndliyi öz sənət azmanlığında birləşdirib yaşatmaqdadır.
Molla Cumanın doğma kəndi Baş Laysqıda 1930-cu ildə dünyaya göz açan Aşıq Siracın atası Həbibullayev Abuzər (1907-1939) o zamanın ən qabaqcıl maarifçi ziyalılarından olub, Şəkidə müəllimlər seminariyasına başçılıq edibmiş. Özünün söylədiyinə görə, atası kommunist imperiyanın milli ziyalılara qarşı apardığı söyqırımın qurbanı olub.
Aşıq Sirac 1934-cu ildən Qax rayonunun Qorağan kəndində yaşayan bibisinin tərbiyəsinə keçib, 1955-ci ildə Zaqatalaya köçənədək orada yaşayıb. Yeri gəlmişkən, deməliyəm ki, ilk dəfə saz çamağı da Şorağandan başlayıb.
1946-cı ildə o Zaqatala baytarçılıq sovxoz-texnikumuna girsə də, məktəbdəki haqsızlıqlara qarşı yazdığı kəskin şerə görə oradan qovulur. 1947-ci ildən isə gənc Sirac Zaqatalada yaşayan Şişqayalı Aşıq Rəhim və Aşıq Əli ilə tanış olub, 1952-ci ildək şagirdlik edir. Həmin illərdə o Şəki-Balakən bölgəsində tez-tez məclis keçirən Babacanlı Aşıq Şükür və Aşıq Bəşir Bayramoğlu ilə yoldaşlıqda bulunur.
1956-cı və 1957-ci illərdə Aşıq Sirac tələbə və gənclərin respublika festivallarında iki dəfə sayımlı diplom alır, çıxışlarının coğrafiyası Ağbaba və Başkeçiddən Dağıstanın quzey bölgələrinədək genişlənir. 1950-ci illərin II yarısında onun məclis yoldaşı, Molla Cumanın şagirdi Şəkili Aşıq Musa imiş. Nəhayət, 1965-ci ildə ustad aşıq kimi tanınaraq, Gəncədə birdəfəlik yurd salır.
Azərbaycan aşıqlarının III (1961) və IV (1984) qurultaylarının iştirakçısı olan Aşıq Sirac fitri istedadı ilə yanaşı, misilsiz yaddaşı, dərin bilikləri və yüksək bədii zövqü ilə seçilir. Ifaçı kimi o Azərbaycanın bütün aşıq bölgələrinin havacatını bilir və ifa edir: Şəki dübeyti, Alıxanı, Molla Cuma gəraylısı, Molla Cuma gözəlləməsi, Aşıq Cuma dübeyti kimi havalar hazırda yalnız onun yaddaşında yaşayır. Eyni zamanda o, sazda muğamları böyük yetkinliklə çalır.
El şairi kimi Aşıq Sirac yaradıcılığında söz örnəklərinə sədaqətlə yaradıcı axtarışlarda yeniçiliyin qırılmaz birliyini əks etdirir. Bütün aşıq şeri quruluşlarında aztapılan sənət inciləri qoşan sənətkar (o cümlədən, müsəlləs, mürəbbə, müsəddəs!) daha çox onların çətin quraşdırmaları (cığalı və cığasız təcnis, qapalı təcnis, nöqtəsiz təcnis, təkrar təcnis, dodaqdəyməz, dildönməz, müstəzad-müsəddəs) çevrəsində çalışır. Aşıq Siracın Abbas Tufarqanlı, Xəstə Qasım, Ağ Aşıq, Aşıq Ələsgər, Molla Cuma və çox-çox digərlərinin təcnislərinə yazdığı nəzirələr də oxşarsızlığı ilə seçilirlər. O həmçinin Humay xan və Sərgüşə xanım dastanını yaratmışdır. Bütövlükdə götürsək, Aşıq Sirac şəxsiyyətində Göyçə aşıq ənənələri ilə, korşalmasına baxmayaraq, Molla Cuma ruhunu daşıyan quzeybatı bölgələri saz-söz ənənələrinin çarpazlaşmasından doğan çox özəl və parlaq olay cörünür ki, bu olay onun bitkin savadı, ensiklopedik bilikləri və son dərəcə geniş dünyagörüşü sayəsində gerçəkləşmişdir. Ustad aşıqlardan qalan tükənməz i rslə yanaşı, klassik Şərq ədəbiyyatı və Quran biliciliyi ayrıca vurğulanmalıdır. Cildlədiyi kitablar əsil sənət örnəkləri sayıla bilər.
Ən nəhayət, Aşıq Sirac Quzey Azərbaycanda ən tanınmış sazbəndlərdən biri və ən öncül sədəf ustasıdır. Onun saz hazırlamağı elmi yaradıcılıq kimi yozulmalıdır-desək, yanılmarıq. Düzəltdiyi sazlar səs çalarlarının zənginliyi, pərdə bağlanışının qeyri-adiliyi və son dərəcə dəqiqliyi ilə seçilir. Sazın çalğı imkanlarını genişləndirməyə çalışan, axtarıb-arayan ustadın öz sazı 22 pərdəlidir və 5 əski kökdən savayı 20-dən artıq saz kökü işlədir ki, onlardan çoxu özünün tapıntısıdır.
Bir sədəf ustası kimi Aşıq Siracın simasında rəssamlıqla zərgərlik biri-birini tamamlayır.


   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page