ĞÖYÇƏ AŞIQ MƏKTƏBI (ARDI)
Azad Ozan KƏRIMLI
Search


ILISUNUN MUSIQI ETNOQRAFIYASI DÜNƏN
VƏ BU GÜN

Fəttah XALIQZADƏ
ĞÖYÇƏ AŞIQ MƏKTƏBI (ARDI)
Azad Ozan KƏRIMLI

 


       Ardanış işıqları
       Söyləyirlər ki, Ardanışda Aşıq Niftalıdan öncə peşəkər saz-söz sənətkarı yox imiş. Lakin bütün toylar və toplantılar saz-sözlə başlayıb, saz-sözlə bitdiyindən, Göyçə aşıq sənətinin azmanlarının yolu bu kəndə tez-tez düşərmiş. Böyük məclis üçün Ağkilsəyə, Böyük Ustadın qapısına atlı göndərərmişlər, o da tapşırarmış ki, ay filan aşıq, get Ardanış camaatını özü Qazağa gedərkən yolunu Ardanışdan salıb, orada gecələyərmiş.
       Aşıq Niftalı çox boylu-buxunlu, şəxsiyyətli, necə deyərlər, şirin aşıq imiş. Gözəl səsi, yetkin çalğısı var imiş. Yaxşı ustad tərbiyəsi və ustad şilləsi görməklə yanaşı, yaxşı da savadı və gözəl xətti varıydı. Onun ustadı, Aşıq Alının qohumu və yetirməsi, hekayətimizin Aşıq Alının şagirdləri bölməsində adı çəkilən Qızılvəngli Quluydu. Aşıq Qulu onu 4 il evində saxlayıb sənət öyrətsə də, ölənədək Niftalı onun yanına gedərmiş. Və ustadından öyrəndiklərini qələmə alıb saxlayarmış. Yəni, yazılı yatırı, - arxivi varıymış. Ona şagirdlik etmiş, özündən çox-çox kiçik xalası oğlu Aşıq Kərim sonralar belə bir olay söyləyirdi.
       Niftalı deyirdi ki, bir gün kəndə aşıqlar gəldi. Mən də dədəmnən məclisə getdim. Dədəm dedi aşıqlara ki, Qurbanın nağılını danışın. Mən də həmin nağılı ustadım Aşıq Quludan yazıb götürmüşəm (bundakı iradəyə, dözümə bax ey! A.O.K.). Istəyirəm yoxluyam bunların metodunu (yəni ifa yolunu, ifa səpgisi, dəsti-xəttini!).
       Aşıqlardan biri yekəydi, biri isə xırda. Yekə aşığın danışdığı mənim Quludan yazdığım kimiydi, amma xırda aşığın oxuduğu heç yazdığımnan düz gəlmirdi. Sözün qısası, öz-özümə hirsləndim ki, ya nağılı səhv yazmışam, ya da ustad mənə səhv yazdırıb.
       Məclis dağılanda qaldıq dədəmnən mən və aşıqlar. Dədəm dedi: Ay aşıq, mənim oğlum sənəti təzə öyrənir. Qurbanın nağılında danışdığın və oxuduğun sözlər bu oğlumda var. Amma sənin yoldaşının, - o xırda aşığın danışıb oxuduğu yerli dibli yoxdur. Burda xırda aşıq deyir: Ay qardaş, sən düzgün öyrənibsən nağılı. Mən Qurbanın nağılında sözləri, yeri gəldikcə, özümdən düzəldirəm. Onun sinədəftərliyinə lap məəttəl qaldıq. Sən demə, yekə aşıq Musa imiş, xırdası isə Növrəs Iman. Ikisi də Aşıq Ələsgər tayfasından.
       Niftalı Kərbəlayı Ismayıl oğlu Süleymanov 1913-cü ildə Ardanışda dünyaya göz açıbmış. Ustad şilləsi yeyəndən sonra həm təklikdə, həm də arasıra qonşu kəndlərin sənətkarlarıyla, - ən çoxu isə Cilli Aşıq Yunusla məclis keçirərmiş. Artıq 1930-cu illərdə o dərəcədə tanınmışdı ki, özunə iki Kərim adlı şagird götürmüşdü. Onlardan biri yaxşı ifaçı idi, digəri isə sinədəftər söz deyirdi. Hər ikisi də 1925-ci ildə anadan olmuşdu. Sinədəftən Kərimin atası isə el hairi Mahmud idi ki, 1953-cü ildə 80-ə yaxın yaşında dünyasını dəyişmişdi. 1941-ci ildə II dünya savaşı başlayanda. Aşıq Niftalını cəbhəyə apardılar, daha sonra, - 1943-cü ildə hər iki Kərimi. Onlar bir ordu hissəsinə düşdülər, lakin sinədəftər Kərim komandirlərlə yola getmədiyindən, onu ştrafnoy, yəni cərimə batalyonuna göndərirlər. Orada da həlak olur. Aşıq Niftalı isə 1944-cü ildə boğazından yaralanaraq qayıdır. 1945-ci ildə ifaçı Kərim də kəndə gəlib çıxır, 1950-ci ildə isə həmin Kərim Niftalıdan yağlı bir ustad şilləsi yeyir.
       Aşıq Niftalı, çox yetkin sənətkar olduğuna baxmayaraq, söz demirdi. 1996-ci ildə onun şagirdi, ermənilərin zorla Göyçədən qovduğu, 1988-ci ildən Bakının M. Rəsulzadə qəsəbəsində yaşayan və 2000-ci ildə dünyasını dəyişən Aşıq Kərim mənə belə bir olay söylədi:
        Mən şagirdliyi təzə başlayanda, - 1939 yaxud 1940-ci il olardı, - Borçalıda, Qaratəhlədəyik. Toyda Aşıq Niftalı Qurbanını danışır, hərdənbir də məni qaldırıb oxudurdu. Kərim sinədəftər də orada idi.
       Məclisin qızğın yerində içəri bir adam girdi, amma yadımda deyil, deyəsəm adı Şair Novruz idi. Dedi: Aşıq, nədir o yandan, bu yandan danışırsınız?! Aşıqsansa, özündən de!.
       Aşıq Niftalının sinəsi dolu olsa da, şairliyi yoxuydu. Məclisdəki ağsaqqallar dedilər: Mane olma, qoy nağılı danışsın!. Həmin şair də iki ayağını dirəyib ki, qoy hərə özünnən desin!.
       Gördüm, ustadım bu şairdən çəkinir. Amma o zamankı şairlərin heç də hamısı sinədəftən deyildi, evdən hazır söznən gələni də varıydı. Bu vaxt Kərim Aşıq Niftalını qapının dalına çağırıb deyir: A kişi, sən niyə ondan çəkinirsən? Özün çəkil qırağa, məni ver qabağa. Özün də de ki, lap əvvəlcə şəyirdimnən deyiş, hələ görək bir şey qanırsanmı?.
       Aşıq Niftalı gətirib sazı taxtın üstünə qoydu, özü də qəlyan çəkmək adıyla çölə çıxdı. Qayıdanda gördü ki, Kərim Novruzun sözələrinə bəndəbənd cavab verir, Novruz da pərt olub. Ağsaqqallar durub dedilər: Sən şəyirdiynən bacara bilmirsən, ustadnan neyləyəcəksən? Dur, çölə çıx, bura sənin meydanın deyil. Itələyib çölə saldılar.
       Aşıq Niftalı 1961-ci ildə Bakıda keçirilən Azərbaycan aşıqlarının III qurultayında iştirak edib (Eldar Ismayıl. Oğuz yurdun ovladları. I kitab. Bakı, Təbib, 1999, səh. 290-291) və elə həmin zaman radio fondundu öz yadigar lent yazısını qoyub gedib (31.811. Irəvan cuxuru. 3. 20). Və 1976-cı ildə dünyasını dəyişib. Deyilənə görə, ölənədək səsini saxlayıbmış.

       Qaraqoyunlu Aşıq Cahad
       Kimi qan ağlayır, kimi kef çəkir,
       Bilmirəm, bu fələk nə həvəsdədi.
       Sıyırıb qılıncı, alıb əlinə,
       Məqamdı, başımı kəshakəsdədi.

       Tacirəm, mətahım dünyanın qəmi,
       Heç pərgar olmadı işimin cəmi.
       Daima nizamdı könlümün simi,
       Kərəmi kökdədi, Dilqəm üstədi.

       Mən Aşıq Cahadam, dost yorğunuyam,
       Ilqar qədəhinin tam dolğunuyam.
       Elə vurulmuşam, el vurğunuyam,
       Eldən ötrü hey qulağım səsdədi.

       Bəli, eldən ötrü qulağı hər zaman səsdə olan Qaraqoyunlu Aşıq Cahaddır ki, böyük, geniş və yaddaqalan sənət yolu keçib. Aşıq Cahad bizim nəzərimizdə ilk sayda Böyük Ustad Aşıq Ələsgər sənətinin hazırda ən sayımlı və ən dolğun yadigarıdır. Sayımlılığı onun fitri istedadı və şəxsiyyəti ilə ölçülürsə də, dolğunluğa gələndə deməliyəm ki, o yaşamı ən dolğun, ən danılmaz, ən örnək ustadlara, - öncədən, Tovuza könçə belə, 1930-cu illərin sonunadək yay aylarını Göyçədə keçirəm Aşıq Əsədə, daha sonra isə Aşıq Talıb və onun əmisi oğlu Aşıq Nəcəfə can-başla qulluq edib. Buradan da istər-istəməz belə bir deyim ortaya çıxır: de, ustadın kimdi, - deyim, özün kimsən və, hətta, nəçisən.
       Aşıq Cahad (Nacıyev) 1917-ci ildə Qaraqoyun kəndində dünyaya göz açıb. Söylədiyinə görə, atası Camal kişi (1884-1965) savadlı olub, bir neçə dil bilməklə yanaşı, saz-söz sənətinin gözəl bilicisi olduğundan, artıq 15 yaşında yaddaşıyla tutumlu saz-dastan yatırına yiyələnmiş. Deyildiyi kimi, havacatı hər yayı Göyçədə keçirən Aşıq Əsəddən öyrənsə də, 30-cu illərin II yarısında Aşıq Talıb və Aşıq Nəcəf onu həmişəlik şagirdliyə götürürlər. Əldə olan bilgiyə görə, o 1947-48-ci illərdə artıq qocalmış Aşıq Əsədin evində qalıb, onunla da məclis keçirirmiş. Daha sonralar Aşıq Cahad Göyçəyə qayıdaraq Böyük Ustadın oğlu və qardaşı oğlu ilə məclislərə gedərmiş. Ozü də sonuncu ilə, - Aşıq Nəcəflə daha çox.
       Aşıq Cahad da, artıq yaşı ötdukdən sonra, Şərqi Azərbaycanda, lap elə Bakının özündə, tanınmağa başlayıb. Belə ki, televiziya və radionun fondunda onun 1990-cı illərədək bircə lent yazısı yox idi. 1987-ci ildə Göyçə aşıqlarının və ed şairlərinin Haqverdi Ələsgəroğlunun, onun özünün, Daşkəndli Aşıq Hacının, Babacanlı Aşıq Mikayılın, Zəki Islam, Eldar Ismayıl və digərlərinin Bakı səfəri zamanı televiziya və radionun saymazyanalığı və yekəxanalığından qəzəbləndim və Dövlət səs yazıları arxivinin direktoru Yaqub Mədətovun milli qeyrətindən faydalanmalı oldum. Məhz onun köməyi ilə Aşıq Cahad və Ağbabalı Aşıq Iskəndər 3 dekabr 1987-ci il tarixdə ilk dəfə səs və çalğılarının studiya lent yazılarını eşidə bildilər.
       Aşıq Cahadın söylədiyinə görə, Kəlbəcərin Gecmək kəndindən Aşıq Bəhmən onun ilk şagirdi olub və sonralar Sarıyaqubdan və Dağıstandan daha bir neçə nəfəri öyrədib. Onun haqqında qısa bilgini elə yuxarıda göstərdiyim unudulmaz tarixdə mənə dediyi qoşması ilə bitirmək istəyirəm:

       Bir sirri-xudadı, bilin, bu dünya,
       Nə tarixi, nə də yaşı bilinməz.
       Bu gün qan ağladan, sabah qan ağlar,
       Bu çərxi-fələyin işi bilinməz.
       Gündüz işıq olur külli-kainat,
       Gecə zimistandı, olur zulumat.
       Yəqin ki, qopacaq bir gün qiyamat,
       Nə bahardı, nə də qışı bilinməz.
       Adam var, hər yerdə öyür özünü,
       Adam var, məclisdə bilmir sözünü.
       Aşıq Cahad deyər sözün düzünü,
       Dar günə düşməmiş işi bilinməz.

       Aşıq Hacı Daşkəndli

       Şair Məmmədhüseyn, Aşıq Nəcəf və Aşıq Islamdan sonra Göyçə mahalında Daşkənd kəndinin yetirdiyi ən sayımlı sənətkar 1931-ci ildə dünyaya göz açmış Aşıq Hacıdır. Aşıq Hacı çox yetkin, gözəl səsiylə, çalğısı və biliyi, tutumlu dastan və söz yatırı ilə seçilən bir şəxsiyyətdir. Onun, öz söylədiyinə görə, üç ustadı varıymış. Birinci ustadı, elə öz kəndçisi Aşıq Abbasəlinin (Nəzərov 1905-1910-cu iilər arası dünyaya gəlib), söylədiyinə görə, şagirdlik etdiyi yarpızlı Aşıq Islam çox yaxşı söz deyərmiş, - sinədəftər imiş. Islamın isə ustadı Aşıq Əsədin şagirdi və yeznəsi, II dünya savaşından qayıtmayan Aşıq Ziyad (o da Daşkəndlidi! A.O.K.) imiş.
       Aşıq Abbasəliyə, (özü də o 1945-ci ildə əsirlikdən qayıdıb gəldikdən sonra), 1 il qulluq etdikdən sonra atası onu Bala Məzrəli Aşıq Hüseynin yanına aparır. Bir il də onun yanında qaldıqdan daha sonra, nəhayət, Qanlılı Aşıq Mehdi onu şagirdliyə götürüb, dörd il yanında gəzdirir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page