ÈÐÑÈÌÈÇ «ØÓØÀ – 250»
Bülbül Azərbaycan professional vokal sənətinin banisidir
S. Həsənova-Ismayılova.
Search

ÈÐÑÈÌÈÇ «ØÓØÀ – 250»
Şuşa Azərbaycan musiqisinin məbədidir
Z.Səfərova.
Natəvan və musiqi
A. Ziyadlı.
Bülbül Azərbaycan professional vokal sənətinin banisidir
S. Həsənova-Ismayılova.
Azərbaycan incəsənətində Bədəlbəylilərin rolu
N. Rəhimova.
Ağalar Əliverdibəyovun musiqişünaslıq fəaliyyəti
haqqında

F. Xalıqzadə.
Şuşa musiqi təhsili
Y. Vəliyev

 


         Ustad xalq sənətkarları ilə şöhrət qazanmış, "Qafqazın konservatoriyası", Azərbaycanın musiqi beşiyi kimi məşhurlaşmış Şuşa şəhəri bizə digər sənət korifeyləri ilə yanaşı, həm də Azərbaycanda professional vokal məktəbinin banisi, qüdrətli müğənnimiz Bülbülün vətəni kimi əzizdir.
         Ecazkar səsi ilə hamını heyran qoyan, öz şaqraq zəngulələrilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə Bülbül kimi tanınmışdır. O, 1897-ci ildə Şuşada anadan olmuş və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olmuşdur. O, ilk təhsilini də burada mədrəsədə almış, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla Ibrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını öyrənmişdir. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdı oğlundan o, sənətin çox sirlərini əxz etmişdir. Xalqın sevimlisinə çevrilmiş gənc Bülbülün şöhrəti doğma yurdunun sərhədlərini aşmış, professional xanəndə kimi o, ilk Azərbaycan operalarında da çıxış etmişdir.
         Bülbül daima öz sənətini təkmilləşdirməyə çalışırdı. Buna görə də o, 1921-ci ildə təşkil olunmuş Azərbaycan Dövlət Konservatoriyasında ilk azərbaycanlı tələbə kimi vokal təhsili alır, burada rus və Avropa klassik musiqisini öyrənir, dünyagörüşünü kenişləndirir. Moskva və Peterburq şəhərlərinə qastrol səfərləri zamanı isə dinlədiyi görkəmli rus müğənnilərinin, xüsusilə Sobinov və Şalyapinin yaradıcılığı ona çox böyük təsir göstərir. 1927-ci ildə isə Bülbül vokal sənətinə dərindən yiyələnmək üçün Italiyaya gedir, burada 4 il müddətində dövrünün tanınmıq musiqiçilərindən dərs alır, məşhur italyan müğənnilərinin yaradıcılığından bəhrələnir.
         Vətənə qayıtdıqdan sonra Bülbül sənətin zirvələrinə doğru aparan yolla inamla irəliləyir. Klassik vokal sənətinə ustalıqla yiyələnən Bülbül milli köklərdən ayrılmayaraq, xalq musiqisi üçün səciyyəvi olan xüsusiyyətləri, ənənələri pozmayaraq, yeni üslub yaratmağa can atırdı. O, italyan və rus vokal məktəblərinin ən yaxşı cəhətlərini əxz edir və onları milli ifaçılıq üslubu ilə əlaqələndirirdi. Qərb və Şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənni xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olurdu. Bununla da o, Azərbaycanda ilk olaraq, professional vokal ifaçılığının bünövrəsini qoydu. Qeyd etmək lazımdır ki, bunu o, həm nəzəri cəhətdən işləmiş, həm də praktiki cəhətdən həyata keçirmişdir. Belə ki, o, dəfələrlə bu məsələyə həsr olunmuş mühazirələrlə çıxış edir, konsertlərində isə həm ariya və romansları, həm də xalq mahnılarını və muğamları eyni şövqlə oxuyurdu. O, sübut edirdi ki, musiqi təhsilinin inkişafı və dünya klassik musiqi təcrübəsinin öyrənilməsi milli ifaçılıq mədəniyətinin yüksəlməsinə təkan verir. Beləlikdə də Bülbül Azərbaycan musiqisində yeni səhifə açmış, onun yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olmuşdur.
          Bülbül sənətinin gücü onun geniş diapazonlu, məlahətli səsində idi. Səlis bədii diksiyaya, böyük səhnə mədəniyyətinə malik malik olması onun ən ümdə xüsusiyyətlərindən idi. Daim axtarışda olan, yeni zirvələrə can atan Bülbülün repertuarı çox zəngin idi. O, xarici ölkə bəstəkarlarının opera ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini özünəməxsus üslubda, aydın tələffüzlə ifa edirdi. Klassik əsərləri bir neçə dildə ifa edən Bülbül ən çox Azərbaycan dilinə böyük fikir verirdi və həmişə deyirdi ki, "öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər".
         Bülbülün yaradıcılığını yüksək qiymətləndirən dahi bəstəkarımız Üzeyir Hacıbəyov qeyd edirdi ki, "Bülbül kimi musiqi təhsili alan, həm şərq üslubunda, həm də operalarda oxumağı bacaran ifaçılar musiqi sənətimiz üçün qiymətli kadrlardır".
         Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəyovun şah əsərində – "Koroğlu" operasında Koroğlu rolunun ilk, həm də ən yaxşı ifaçısı olmuşdur. Və indi də "Koroğlu"dan söhbət düşəndə gözümüz önündə Bülbül canlanır. Burada aşıq sənəti xüsusiyyətləri ilə professional vokal ifaçılığını qovuşduran Bülbül əfsanəvi xalq qəhrəmanının monumental obrazını yarada bilmişdir. Bununla yanaşı, Bülbül həm də digər Azərbaycan bəstəkarlarının operalarında yaddaqalan obrazlar yaratmışdır.
         Azəraycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olmuş, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrətmişdir. Bülbülün sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və kamera ifaçılığı sahəsində layiqli yer tutmuşlar.
         Bülbül eyni zamanda, vokal sənətinin əsaslarını və öz pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən də işləmişdir.
         Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərmiş, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır. Onun vokal sənətindəki tarixi rolu yalnız Üzeyir Hacıbəyovun bəstəkarlıq sənətindəki rolu ilə müqayisə oluna bilər.
         Bülbülün musiqi tariximizdəki xidmətlərindən danışarkən, onun folklorşünaslıq sahəsindəki fəaliyyətin qeyd etməliyik də. O, xalqın hafizəsində qorunan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi ilə cilalamaq və fövqəladə bir ifa ilə xalqa qaytarmaq istəyi ilə yaşayırdı. Indi əzbər bildiyimiz bir çox xalq mahnılarına Bülbül yeni həyat vermişdir. Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Elmi-Tədqiqat Musiqi Kabinetinin təşkili və burada Azərbaycan xalq musiqi incilərinin bəstəkarlarımız tərəfindən məşhur xalq sənətkarlarının ifasından nota göcürülməsi musiqi tariximizdə mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu kabinet 1932-ci ildən 1943-cü ilə kimi fəaliyyət göstərmiş, xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota göçürülüb çap olunması ilə məşğul olmuşdur. Bülbül o dövrdə konservatoriyada təhsil alan tələbələri, sonradan musiqimizi dünyaya tanıtmış bəstəkarlarımızı – Niyazini, Qara Qarayevi, Cövdət Hacıyevi, Fikrət Əmirovu, Səid Rüstamovu, T ofiq Quliyevi və bir çox başqılarını musiqi kabinetində fəaliyyətə cəlb etmişdir ki, bu da xalq yaradıcılığına dərindən nüfuz edən bəstəkar və musiqişünasların yetişməsində, eləcə də Azərbaycan musiqi irsinin öyrənilməsində və yayılmasında böyük rol oynamışdır. Yeri gəlmişkən deyək ki, xalq musiqi kabineti 1971-ci ildə yenidən təşkil olunaraq, Bakı Musiqi Akademiyasının nəzdində bu gün də fəaliyyət göstərir.
         Ümumiyyətlə, Bülbül bir çox bəstəkarları xalq üçün yeni əsərlər yazmağa ruhlandırmışdır. Məsələn, F. Əmirov dönə-dönə qeyd edirdi ki, onu simfonik muğamları yaratmağa məhz Bülbül sövq etmişdir. F. Əmirov Bülbülü Azərbaycan musiqisi haqqında "dərin, mənalı bir kitaba "bənzədərək yazırdı ki, "Azərbaycan musiqisini həm sevməkdə, həm də sevdirməkdə böyük müğənnümiz Bülbülə çatmaq çox çətindir. Bunun üçün gərək Azərbaycan torpağının Bülbülü olasan".
         Bəli, Bülbülün qüdrəti onun sənətinin xəlqiliyində idi. O, sənəti müqəddəs bilir və bu işə ürəyinin bütün hərarətini verir, fitri istedadını və əməyini əsirgəmirdi.
         Xalqımız xüsusi qədirbilənliklə Bülbülün xatirəsini əziz tutur, gələcək nəsillər üçün onun adını əbədiləşdirir. 1961-ci il sentyabrın 26-da Bülbül dünyasını döyişəndən bu günə kimi, radioda hər ayın 26-da onun nadir səsi yazılmış lent yazıları verilir və biz hər dəfə onu eyni maraqla, məhəbbətlə dinləyirik.
         Professional musiqiçilərimizin əksəriyyəti ilk təhsillərini Bülbülün adını daşıyan və həmişə yüksək səviyyəsi ilə seçilən orta ixtisas musiqi məktəbində alaraq, sənətdə ilk addımlarını sanki Bülbülün xeyir-duası ilə atırlar.
         Bülbülün 100 illik yubileyi həm xalqımız tərəfindən, həm də Bülbül sənətinə pərəstiş edən bir çox xalqlar tərəfindən geniş qeyd olundu. Və həmin ildən başlayaraq, mütəmadi olaraq, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirilir, burada dünyanın bir çox ölkəsindən gəlmiş vokalçılar sənət yarışına çıxırlar.
         Bəli, xalqımız öz qüdrətli sənətkarını – Şuşa torpağının yetirməsi olan, yüksək zirvələri fəth etsə də öz yurddaşlarını yaddan çıxarmayaraq son konsertlərini də Şuşada vermiş və ruhu bəlkə bu gün də Şuşanı dolaşan Bülbülün adını, sənətini yaşadır. Və Azərbaycan xalqı yaşadıqca, Bülbül də yaşayacaqdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page