MUZEYLƏRDƏ...
-
Search


Azərbaycan hərbi orkestr
Aydın Öğüt (Türkiye)
INTERNET SƏHIFƏLƏRINDƏ...
Pərviz QULIYEV
YARADIJILIQ...
-
QÖRÜŞLƏR...
-
MUZEYLƏRDƏ...
-

 



Bu yaxınlarda Respublikanın qaynar musiqi ocaqlarından birində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində aşıq-sazbənd Qəzənfərin yaradıcılığı və hərbiçi şairə Məleykə Səmanın "Sazbənd Qəzənfərin sazsöz dünyası" adlı kitabının təqdimetmə mərasimi keçirilmişdir. Tədbir Azərbaycan Misuqi Mədəniyyəti Dövlət Muzeyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə təşəbbüsü sayəsində təşkil edilmişdir. Musiqi məclisində Azərbaycanın bir çox bölgələrinin el sənətkarları iştirak etmişlər. Bu sənətkarlar öz ifalarında adət-ənənələrimizi, xalqımızın sevinc və kədərini tərənnüm edir, daima el arasında olurlar. Bu tamamilə təbii və qanuna uyğundur. Çünki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının ən qədim və geniş yayılmış qollarından biridir. Aşıq yaradıcılığı öz kökləri ilə xalqın həyatı, məişəti, onun arzu və istəkləri ilə sıx bağlıdır. Məhz buna istinad edərək Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ulu tariximizi yaşadan sənətə və sənətçilərə mütəmadi müraciət edir, rəngarəng tədbirlər keçirir. Bu ya xınlarda muzeyin Xalq çalğı alətləri sərgisində görkəmli saz-söz üstası aşıq Hüseyn Saraclının xatirəsinə həsr olunmuş tədbir keçirilmiş, el sənətimiz bütün çalarları ilə açıqlanmışdır. Eyni zamanda muzey vaxtaşırı olaraq Tovuzda fəaliyyət göstərən Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti muzeyinə də metodiki köməklik göstərir.
Sazbənd Qəzənfərin anadan olmasının 50 illiyinə həsr olunmuş ədəbi musiqili gecəni giriş sözü ilə muzeyin şöbə mudiri Hicran Sadıqzadə açdı. O, ulu aşıq sənətinin qədim tarixindən, muzeyin bu sənətin təbliği sayəsində gördüyü işlərdən, keçirdiyi müxtəlif tədbirlərdən danışaraq gecəni aparmaq üçün sözü saz-söz vurğunu, Azərbaycan Rəssamlar Ittifaqının üzvü, tanınmış rəssam Qafar Sarıvəlliyə verdi. Q. Sarıvəlli Qəzənfərin keçdiyi çətin, lakin şərəfli yaradıcılıq yolundan, onun uğurlarından, şairlik və müəllimlik fəaliyyatindən geniş söhbət açdı. Tədbirdə professor Mürsəl Həkimov, şair-publisist Knyaz Aslan, folklorşünas professor Vaqif Paşayev, sair Cəfər Şınıxlı, jurnalist Fəridə Ləman və Respublikanın digər tanınmış şəxsləri iştirak edirdilər. Onlar Qəzənfərin yaradıcıdığı haqqında ürək sözlərini söyləyərək, qədim aşıq sənətini qoruyub yaşatmaq yolunda ona uğurlar arzuladılar. Eyni zamanda ustad sazbəndin düzəltdiyi sazların həm estetik gözəlliyə, həm də aydın, ürəyə yatımlı, incə səs tembrinə ma lik olduğunu qeyd etdilər. Gecədə şairə Məleykə Səmanın yenicə çapdan çıxmış "Sazbənd Qəzənfərin saz-söz dünyası" adlı kitabı ilə tanışlıq daha bir əlamətdar hadisə kimi qarşılandı. Kitaba sazbənd Qəzənfərin şerlərindən nümunələr, eləcə də ona həsr olunmuş məqalə və şerlər daxil edilmişdir. Gecədə çıxış edən Məleykə Səma Qəzənfərin yaradıcılığından geniş söhbət açaraq, onun ulu aşıq sənətinin inkişafındakı xüsusi dəsti-xəttini qeyd etdi. Şairə ustad sazbənd Qəzənfərin gözəl bir insan, şair, müəllim, aşıq kimi keçdiyi zəngin yaradıcılıq yolundan danışaraq yazdığı "Sazbənd Qəzənfərin saz-söz dünyası" adlı kitabını geniş tamaşaçı auditoriyasının ixtiyarına verdi.
Həmin gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi qərinələrdən süzülüb gələn, qədim tariximizi yaşadan sazın təkrarsız səsinə qərq olunmuşdu. Muzey aşıqlardan Azər Fərmayil oğlunun, Tərmeyxan Sədi oğdunun, Telli Borçalının, Xanım Göyçəlinin, Gülabı Xındı Məmməd oğlunun və bir çox digər aşıqların saz-söz meydanına çevrilmişdi. Qəzənfərin sazlı-sözlü dünyasının işığı bu ulu sənətdə kövrək addımlarını atan yeni nəsl nümayəndələrinin yolunu hələ uzun müddət işıqlandıracaqdır.

Hicran SADIQZADƏ

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page