ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
YARADIJILIQ...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Azərbaycan hərbi orkestr
Aydın Öğüt (Türkiye)
INTERNET SƏHIFƏLƏRINDƏ...
Pərviz QULIYEV
YARADIJILIQ...
-
QÖRÜŞLƏR...
-
MUZEYLƏRDƏ...
-

 



        Sənatşünaslıq namizədi, Trabzon Qara Dəniz Universitetinin professoru Nazim Bağırovdan söz düşəndə ilk növbədə xatirimizə 1957-ci il düşür ... Həmin il Nazim böyük maestro Niyazinin idarəsilə Y. Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin müşayiətilə dünya musiqisinin incilərindən sayılan P. Çaykovskinin fortepiano ilə simfonik orkestr üçün I saylı «Konserti»ni Azərbaycan Dövlət Filarmoniyasında çalmışdı. Açığını deyək ki, bu mürəkkəb əsərin ifası dövrü mətbuatda geniş işıqlandırıldı. Axı, o zaman Nazim 12 saylı uşaq musiqi məktəbinin 7-ci sinfində təhsil alırdı. Əsər isə Konservatoriyanın yuxarı kurslarının proqramına daxil idi. Həmin il Nazim ifaçılıq sənəti üzrə Respublika festivalının laureatı adına da layiq görüldü.
        Sonrakı illərdə Nazim A. Zeynallı adına musiqi texnikumunu bitirdi və Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. O, görkəmli pianoçu-pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Q. Şaroyevin sinfində təhsilini uğurla davam etdirərək oranı əlaçı kimi qurtarır.
        Müstəqil yaradıcılıq yoluna qədəm qoyduqdan sonra o, A. Zeynallı adına musiqi texnikumunda müəllim kimi çalışmaqla yanaşı, tələbələrin Azərbaycan dilində dərsliklərinin yazılmasına da böyük əmək sərf edir.
        Təəssüflə onu qeyd etməliyik ki, nə tərcümədə, nə də milli dilimizdə orta ixtisas musiqi məktəblərinin Azərbaycan bölməsində təhsil alan tələbələr üçün musiqi nəzəriyyəsi (harmoniya, polifoniya, əsərlərin təhlili, elementar musiqi nəzəriyyəsi), eləcə də musiqi tarixi üzrə dərsliklər cüzidir. Adətən, bu fənləri aparan müəllim rus dilində olan dərsliklərdən istifadə edir.
        Bu çatışmazlığı görən Nazim əvvəl musiqi texnikumları üçün nəzəriyyə və musiqi tarixi fənlərindən dərsliklər yazır. Onun ilk sanballı dərsliyi orta ixtisas musiqi məktəblərinin tələbələri üçün nəzərdə tutulan «Musiqinin elementar nəzəriyyəsi» (Bakı, Maarif, 1882) idi.
        Bundan sonra orta ixtisas musiqi məktəblərinin tələbələri üçün harmoniya kursu sahəsində ilk dərsliyi də yazdı. Bu iri həcmli «Harmoniya dərsliyi»ndən («Maarif», 1989) Bakı Musiqi Akademiyasının tələbələri də istifadə edirlər.
        N. Bağırovun həmmüəllif S. Qasımova ilə yazdığı azərbaycan və rus dillərində «Azərbaycan Sovet musiqi ədəbiyyatı» (Bakı, Maarif, 1985, 1986) dərslikləri Azərbaycanda, eləcə də onun hüdudlarından uzaqlarda tanınan bəstəkarların həyat və yaradıcılıq yoluna həsr olunmuşdur.
        1983-cü ildə Bakıda çap etdirdiyi «Solfecio» fənni üçün «Tək və iki səsli imlalar»da maraqlı dərs vəsaitidir.
        Qeyd etdiyimiz dərslik və dərs vəsaitlərin çapı bu sahədə çatışmazlığı müəyyən dərəcə ödəyə bildi.
        Onu da deyək ki, tədqiqatçının dərsliklərində aydın, səlis, sadə ifadə tərzi diqqəti çəkir. Bu ümdə cəhətlər Nazim müəllimin pedaqoci fəaliyyətində önəmli yer tutur.
        N. Bağırovun maraq dairəsi genişdir. O, özünü dərsliklər və dərs vəsaitlərinin, elmi-metodiki işlərlə məhdudlaşdırmır. O, həmçinin xalq musiqisinin tədqiqinə də elmi yaradıcılığı boyu xüsusi müraciət edir. 80-cı illərdə Azərbaycan EA-nın Memarlıq Incəsənət Institutunun dissertantı olan N. Bağırov, eyni zamanda «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» şöbəsində elmi işçi vəzifəsində də çalışırdı. 1985-ci ildə o, «Azərbaycan bəstəkarlarının fortepiano konsertlərində xalq musiqi qaynaqları» mövzusunda dissertasiyanı Daşkənddə müvəffəqiyyətlə müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə yekdilliklə layiq görüldü. Bu sətirlərin müəllifi dissertantın opponenti kimi müdafiədə iştirak edərək N. Bağırovun dissertasiya işinə elmi şura tərəfindən ciddi marağın şahidi oldu.
        N. Bağırovun elmi yaradıcılığının bir şaxəsini xalq musiqi incilərinin toplanması və nota yazılması işi təşkil edir. Məhz onun daha çox aşıq musiqisinə marağı vardır. Bunun nəticəsidir ki, N. Bağırov «Aşıq havaları» məcmuəsini Bakıda, «Aşıq Qərib» dastanını isə nota yazıb 1999-cu ildə Trabzonda nəfis şəkildə çap etdirmişdi. O, «Aşıq havaları»nı görkəmli aşıqlar - Şəmşir və Kamandarın ifasından, «Aşıq Qərib» dastanını isə aşıq Aslan Kosalının ifasından nota köçürmüşdür. Hər iki əsər fortepiano üçün işlənilmişdir. Bu məcmuələr xüsüsilə tədris üçün çox dəyərlidir. Onlardan Bakı Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin musiqi fakultəsində, eləcə də respublikamızda fəaliyyət göstərən musiqi texnikumlarında tədris olunan «Azərbaycan xalq musiqisinin əsasları», «Azərbaycan xalq musiqi yaradıcılığı» kurslarında istifadə olunur.
        Yeri gəlmişkən onu da deyək ki, «Aşıq Qərib» dastanının not yazısı Azərbaycanda ilk örnəkdir. Bu dastanı vərəqlədikcə hiss olunur ki, müəllif not yazısı sahəsində səriştəli bir mütəxəssisdir. Bu məcmuə aşıqşünaslığı zənginləşdirən dəyərli bir töhfədir.
        Burada ən əsas cəhət odur ki, o, aşığın ifasını olduğu kimi, bütün təfsilatı və təfərrüatı ilə geniş imkanlara malik fortepiano aləti üçün köçürmüşdür. Bu keyfiyyət imkan vermişdir ki, aşıq dastanının not yazısından dünya musiqiçiləri və tədqiqatçıları, eləcə də Ali və orta ixtisas musiqi təhsili alan tələbələr istifadə edə bilsinlər.
        N. Bağırov əmisi, görkəmli bəstəkar Zakir Bağırova bir monoqrafiya da həsr etmişdir. O, bəstəkarın opera, simfonik, kamera-instrumental, kamera-vokal əsərlərini təhlil etmiş, üslubunu yığcam və obrazlı bir dildə araşdırmağa nail olmuşdur. Müəllif Z. Bağırovun musiqi folklorundan hansı yollara bəhrələndiyini dəlillər və faktlarla açıb göstərə bilmişdir.
        1972-ci ildə N. Bağırov estrada musiqisi sahəsində «Qızıl payız» Ümumittifaq müsabiqəsində birinci dərəcəli diploma layıq görülmüşdür.
        N. Bağırov 1994-cü ildən Trabzon Qara Dəniz Universitetində professor vəzifəsində çalışır. Onu da xatırladaq ki, 36 min tələbəsi olan Trabzon Universiteti Türkiyə Respublikasında üçüncü yer tutur.
        Trabzonda çalışdığı dövrdə o, həm fortepiano ixtisas sinfində, həm də nəzəri fənlər üzrə dərsləri də aparır. Müəllimliklə yanaşı o, dərsliklər və dərs vəsaiti yazıb türk dilində çap etdirir. Bu mə nada biz tək və çoxsəsli «Musiqi imlalarını» (Trabzon, 1994), «Azərbaycan xalq rəqsləri»ni (fortepiano üçün işləmələr), fortepiano üçün «Pyeslər», Fortepiano üçün çalışmalar» (1997), «Musiqi nəzəriyyəsi»ni, «Aşıq Qərib» dastanını (1999) xüsusi qeyd etmək istərdik. Hazırda bu kimi dərslik və dərs vəsaitlərindən Türkiyə Respublikasının Universitetlərinin musiqi fakultələrində istifadə olunur.
        N. Bağırov Trabzon Universitetində vaxtaşırı solo konsertləri ilə də çıxış edir. Onun repertuarında dünya musiqi klassiklərinin və müasir bəstəkarların əsərlərilə yanaşı, mütləq olaraq Azərbaycan bəstəkarlarının fortepiano üçün müxtəlif janrlı əsərləri də əsas yer tutur. O, harada olursa-olsun Azərbaycan bəstəkarlarının əsərlərini, həmçinin xalq musiqisi nümunələrinin mahir təfsirçisi və təbliğatçısı kimi çıxış edir.
        N. Bağırov daim öz üzərində işləyən, özünə tələbkar, gündən-günə sənətkarlığını artıran musiqiçidir. Istedadlı musiqiçi-alim, bacaraqlı pedaqoq N. Bağırov elmi və pedaqoji fəaliyyətinin çiçəklənmə və müdriklik çağlarını yaşayır. Bu il zəhmətkeş alimin 60 yaşı tamam olur. Söz yox ki, bundan sonrakı illərdə də onun elmi işləri, pedaqoji və ifaçılıq fəaliyyəti bəhrəli olacaqdır. Biz bu yolda ona möhkəm cansağlığı, daha böyük uğurlar diləyirik.

Ramiz ZÖHRABOV


        Ilhamlı çıxışları ilə musiqi ictimaiyyətinin diqqətini cəlb etmiş Bakı Musiqi Akademiyasının müəllimləri N. M. Sadıqzadə və F. B. Əhmədbəyovadan ibarət fortepiano duetinin ifası əsərlərin maraqlı təfsiri, gözəl ansambl duyumu ilə fərqlənir. Xüsusilə bu duet tərəfindən I. S. Baxın iki fortepiano üçün Do major konsertinin ifası (dirijor – respublikanın əməkdar artisti Teymur Göyçayev) bəstəkar üslubunun dərin yozumu və yüksək ifaçılıq keyfiyyətlərinin nümayişi ilə dinləyiciləri heyran etmişdir.
        Bu yaxınlarda Azərbaycan pianoçuları N. M. Sadıqzadə və F. B. Əhmədbəyova Isveçrədə olmuş, Neşatel şəhərində keçirilən Redinq – Piett beynəlxalq fortepiano duetləri seminarında iştirak etmişlər. Bu, Azərbaycan fortepiano duetinin beynəlxalq səviyyədə ilk çıxışı idi.
        Seminarı tanınmış fransız pianoçusu Janin Redinq təşkil etmişdi. Burada Rusiya, Bolqarıstan, ABŞ, Israil, Çin və başqa ölkələrdən gəlmiş duetlər iştirak edirdi. Seminar çox yüksək səviyyədə təşkil olunmuşdu, dəbdəbəli konsert zalı, professionalların qiymətləndirdiyi "Bösendorfer" royalları iştirakçıların ixtiyarına verilmişdi.
        Lakin ifaçılar qarşısında qoyulmuş tələblər də ciddi idi. Belə ki, mütləq iki royal üçün yazılmış əsərlər notsuz (əzbər) ifa olunmalı idi. Onu da deyək ki, Azərbaycanlı fortepiano dueti bu tələblərin öhdəsindən bacarıqla gəldi. Duetin repertuarı Bax, Motsart, Sen-Sans, Miyo kimi bəstəkarların əsərlərindən ibarət idi.
        Bizim fortepiano duetinin çıxışları seminarın sədri Janin Redinqin diqqətini cəlb etmiş və o, Azərbaycan pianoçuları ilə yaxından maraqlanmışdır. O, həmçinin, imkan düşdükcə, Bakıya gələcəyini və burada sənətkarlıq dərsləri verəcəyini də və'd etmişdir. Seminarın iştirakçıları və dinləyiciləri də bizim pianoçuları hərarətlə qarşılamış, onların müəllimləri ilə maraqlanmışlar.
        Seminarda Rusiya, Israil pianoçuları ilə yanaşı, Azərbaycanın fortepiano dueti də diploma (sertifikat) layiq görülmüşdür.
        N. M. Sadıqzadə və F. B. Əhmədbəyovanın parlaq çıxışları Azərbaycan pianoçuluq sənətinin yüksək səviyyəsini bir daha təsdiq etmişdir. Biz də onlara gələcəkdə yeni yaradıcılıq uğürları arzulayırıq.

Tofiq BAKIXANOV

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page