INTELLEKTUAL MÜLKIYYƏT ANLAYIŞI VƏ ONUN HUQUQI QORUNMA SISTEMI (1-ci məqalə)
Natiq ISAYEV
Search


INTELLEKTUAL MÜLKIYYƏT ANLAYIŞI VƏ ONUN HUQUQI QORUNMA SISTEMI (1-ci məqalə)
Natiq ISAYEV

 



        Mülki hüququn subyektləri arasında əqli mülkiyyətin nəticələrindən istifadə ilə bağlı hər hansı hüquqi münasibətlərin qurulmasında digər hüquqlarla yanaşı, əqli yaradıcılığın nəticələrinə olan müstəsna hüquqların əhəmiyyətli yeri vardır.
        Bir çox ölkələrin qanunvericilik aktlarında bu hüquqları ifadə etmək üçün adətən ümumiləşmiş formada əqli mülkiyyət terminindən istifadə edirlər. Əqli mülkiyyət qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada vətəndaşın, yaxud hüquqi şəxsin intellektual yaradıcılığın nəticələrinə, yaxud ona bərabər tutulan məhsulların, yerinə yetirilən iş və xidmət növlərinə (firma adı, əmtəə nişanı, xidməti nişan və s.) müstəsna hüquqlar kimi tanınır.
        Lakin intellektual mülkiyyət termininin hansı formada şərh edilməsindən asılı olmayaraq, dünya hüquq elmində bu anlayışa münasibətdə iki yanaşma üsulu üstünlük təşkil edir. Bəzi alimlər bu anlayışın qanunvericilik sənədlərində möhkəmlənməsini normal hal kimi qəbul edir, bir qrup alim isə belə hesab edir ki, bu termindən ancaq siyasi aktlarda istifadə edilməsi düzgündür və praktiki yönümlü hüquqi normalara daxil edilməsi məqsədəuyğun deyil.
        Qeyd etmək lazımdır ki, bu cür yanaşma üsullarının formalaşmasının tarixi əsasən 19-cu əsrin sonlarından başlayır. Bu illərdə intellektual mülkiyyət anlayışının və onun tərkibinə daxil olan ədəbi (bədii) və sənaye mülkiyyətlərinin artıq bir çox ölkələrin qanunvericiliklərində və vacib beynəlxalq konvensiyaların mətnlərində geniş şəkildə istifadə olunmasına baxmayaraq, hələ də o, alimlərin bir hissəsi tərəfindən kəskin tənqid olunmaqda davam edirdi. Lakin bu anlayışın tərəfdarları da çoxalırdı.
         Intellektual mülkiyyət termininin mənşəyi haqqında qısaca nə demək olar? Elmi ədəbiyyatda bu termini daha çox 18-ci əsrin sonunun fransız qanunvericiliyi ilə bağlamaq meyli daha güclüdür. Həqiqətən həmin dövrün fransız qanunvericiliyində müəllif hüququ və patent hüququ təbii hüquqlar kimi qəbul edilir və hər hansı yaradıcılıq nəticəsinə (ədəbi, bədii, elmi əsər, sənaye mülkiyyəti) olan hüquqlara yaradıcının ayrılmaz, yəni təbiətin verdiyi hüquqlar kimi baxılırdı. Dövlət hakimiyyətinin bu huquqları tanımasından asılı olmayaraq, bu hüquqların mövcudluğu qəbul edilirdi. Maraqlıdır ki, yaradıcının yaradacılıq əməyinin nəticəsinə olan hüquqları ilə sahibkarın, yaxud material daşıyıcını öz əməyi ilə yaradan şəxsin həmin əmlaka olan hüquqlarına bərabər baxılırdı. Mülkiyyət hüququ kimi yaradıcılıq fəaliyyətinin nəticəsinə olan hüquq da öz sahibinə bu nəticədən öz istəyinə uyğun qaydada istifadə üçün müstəsna imkanlar yaratmağı təmin etməli, hər hansı digər şəxs in həmin hüquq sahibinin müstəsna hüquqlardan istifadə dairəsinə qarışmasını istisna etməlidir.
        1791-ci il tarixli fransız patent qanununda elan olunması və həyata keçirilməsi cəmiyyət üçün faydalı olan hər hansı yeni ideyanın onu yaradana məxsus olması, yeni sənaye ixtirasına onu yaradanın mülkiyyəti kimi baxılması bir norma kimi qəbul edilir, buna əməl edilməməsinə insan hüquqlarının məhdudlaşdırılması kimi baxılırdı. Bu yanaşma üsullarının qanunvericiliklərdə öz əksini tapması ədəbi və sənaye mülkiyyəti anlayışlarının da mövqelərinin möhkənlənməsinə səbəb olurdu.
        Qeyd etmək lazımdır ki, müəllif hüququna mülkiyyətin ən müqəddəs növü kimi baxılması ideyası öz əksini ABŞ-ın bəzi ştatlarının qanunlarında, o cümlədən Massaçuses ştatının 17 mart 1789-cu il tarixli qanununda da tapmışdı. Burada göstərilirdi ki, insana məxsus olan onun əqli əməyinin nəticəsindən daha dəyərli olan mülkiyyət yoxdur. Müəllif hüququ ilə bağlı eyni məzmunlu fikirlər həmin dövrdə artıq Saksoniya, Prussiya, Danimarka, Norveç və bir sıra digər ölkələrin qanunlarına da daxil edilmişdi.
        Lakin müəllif və patent hüquqlarının obyektlərinə mülkiyyət kimi baxılmasının və bu obyektlərə hüquqların mülkiyyət hüququ ilə eyniləşdirilməsinin səbəblərini ancaq təbii hüquqlarda axtarmaq o qədər də düzgün olmazdı. O zaman bu cür yanaşmanı kapitalizmin inkişafından doğan mülkiyyət münasibətlərinin tənzimlənməsi məsələsi diqtə edirdi.
        Çap dəzgahının ixtira edilməsi və manufakturaların meydana çıxması kapitalizmin sürətli inkişafının nəticəsi kimi vəziyyəti kəsgin şəkildə dəyişdirdi. Yaranmış şəraitdə hər hansı əlyazması, yaxud hər hansı maddi daşıyıcıya köçürülmüş əsər artıq sənaye üsulu ilə çox tez və nisbətən ucuz çoxaldıla və yayıla bilərdi. Getdikcə istehsalata daha tez-tez yeniliklər tətbiq olunur və manufakturaların sahiblərinə rəqibləri qarşısında nəzərəçarpacaq üstünlüklər verirdi.
        Əlbəttə kitabın çapını və ixtiranın tətbiqini ilk dəfə həyata keçirənlər bu işə müəyyən sərmayə qoyur və vaxt sərf edirdilər. Təbii ki, onlar bu və ya başqa şəkildə əsər və texniki yeniliklərin yaradıcılarının əməyini ödəyir, kitabın nəşrə hazırlanması və s. işlərin görülməsi üzrə məsrəfləri öz üzərlərinə götürürdülər. Ilk dəfə bazara çıxarılan mal öz sahibinə başqaları qarşısında müəyyən üstünlüklər qazandırırdı. Lakin bəzən bu üstünlüklər bir anın içində heçə enir, bu işə sərmayə qoyanlar külli miqdarda ziyana düşür, bütöv bir mexanizm sərfəsiz işə çevrilirdi. Bəs bunun səbəbləri nədə nədə idi? Bir çox hallarda nəşr olunmuş kitablar və istehsalatda tətbiq olunmuş yeniliklər istifadə üçün artıq hazır şəkildə kənar şəxslər tərəfindən mənimsənilir və aydındır ki, yuxarıda qeyd etdiyimiz xərcləri çəkmədiklərindən, onlar bazara özünün daha ucuz mallarını çıxarırdılar.
        Tədricən belə vəziyyət texniki tərəqqinin və mədəni dəyərlərin yayılmasının qarşısında ciddi maneəyə çevrilirdi. Ədəbi və texniki yaradıcılığın nəticələrinə cəmiyyətin maraqları naminə ilkin olaraq vəsait qoyan, yeni ideya və baxışları yayan və təbliğ edən şəxslərin maraqlarının qanunla müdafiə olunmasına obyektiv zərurət yaranırdı. Ilk dövrlərdə bu şəxslərin maraqlarının qorunması ayrı-ayrı nəşriyyatlara və manufaktura sahiblərinə müəyyən əlavə imtiyazlar verilməklə təmin olunurdu. Lakin kapitalizmin mövqelərinin getdikcə güclənməsi ilə Ali hakimiyyət orqanları tərəfindən verilən imtiyazlar sisteminin qanunlarla əvəz olunması prosesi də sürətlənir, əsərlərin və texniki yeniliklərin yaradıcıları və onların hüquqi varislərinə qanunla müəyyən edilən müddətdə onlara məxsus yaradıcılıq nəticələrinə müstəsna hüquqlar tanınır və bu hüquqlardan istifadə üçün hüquqi əsaslar yaradılırdı.
        Müasir anlamdakı ilkin müəllif və patent qanunlarının yaranması tarixinin 17-ci əsrin əvvəllərində Ingiltərə ilə bağlanması elmi ədəbiyyatda artıq özünə yer tutmuş faktdır. 1623-cü ildə kral Yakob Stüartın hakimiyyəti dövründə qəbul olunmuş Monopoliyalar haqqında status qanunu ilə texniki nailiyyətləri yaradanların və tətbiq edənlərin müstəsna və heç kimdən asılı olmayan hüquqları tanınır və və həmin şəxslərin öz yaratdıqlarına 14 il müddətində müstəsna hüquqlarının olduğu bəyan edilirdi.
        1710-cu ildə Ingiltərədə daha bir qanun- ilk müəllif hüququ qanunu meydana çıxdı. Bu qanunla müxtəlifə əsərin nəşri üçün onun yaradıldığı andan 14 il müddətinə müstəsna hüquq verilir və həmin müddətin müəllifin sağlığında daha 14 il müddətinə uzadılması da nəzərdə tutulurdu. Ingiltərə ilə yanaşı elə həmin dövrlərdə kiçik zaman fərqi ilə bir sıra Avropa ölkələrində və ABŞ-da da müəllif və patent hüququ qanunları qəbul edildi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page