ÈÐÑÈÌÈÇ «ØÓØÀ – 250»
Şuşa Azərbaycan musiqisinin məbədidir
Z.Səfərova.
Search

ÈÐÑÈÌÈÇ «ØÓØÀ – 250»
Şuşa Azərbaycan musiqisinin məbədidir
Z.Səfərova.
Natəvan və musiqi
A. Ziyadlı.
Bülbül Azərbaycan professional vokal sənətinin banisidir
S. Həsənova-Ismayılova.
Azərbaycan incəsənətində Bədəlbəylilərin rolu
N. Rəhimova.
Ağalar Əliverdibəyovun musiqişünaslıq fəaliyyəti
haqqında

F. Xalıqzadə.
Şuşa musiqi təhsili
Y. Vəliyev

 



       Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, Italiyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir. Hətta xalq arasıqda məşhur kəlam vardır ki, "Şuşada görpələr bələkdə belə muğam üstündə ağlarlar".
       Musiqimizin məbədi və beşiyi olan füsünkar Şuşa şəhərinin əsası 1750-ci ildə Qarabağın ilk xanı Pənah xan tərəfindən qoyulmuşdur. Pənah xanın qala üçün seçdiyi yer əvvəllər tamamilə meşə ilə örtülü bir sahə idi və üç tərəfdən sıldırım qayalarla əhatə olunduğundan, gələcək şəhər üçün əlverşli təbii səngər rolunu oynayırdı. Pənah xan tərəfindən qısa bir müddət ərzində salınan bu şəhər əvvəllər öz banisinin adı ilə "Pənahabad" adlanırdı. Lakin sonralar şəhərin yaxınlığında yerləşən Şuşakəndin adıyla "Şuşa qalası" adlanmağa başlandı.
       Tarix boyu bu qala düşmən basqınlarına, hücumlarına məruz qalmışdırsa da, heç vaxt əyilməmiş, həmişə alınmaz olmuşdur.
       Ona görə bu gün işğal altında olan Şuşa qalasının, Şuşa şəhərinin 250 illiyi münasibətilə danışmaq və yazmaq çox çətindir.
       Əfsuslar ki, biz bu mədəniyyət, musiqi məbədimizi qoruya bilmədik. Təsəllimiz odur ki, bu məbəd statik, qoruq kimi qalmamışdır, əsrlər boyu zəngin musiqi ənənələriylə, musiqi məktəbiylə Şuşadan çox-çox uzaqlarda məşhur olmuşdur.
       Şuşa – Zaqafqaziyanın konservatoriyasıdır, təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.
       Şuşa – Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi Isinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, Islam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Primovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behdudovun vətənidir. Bu, əlbəttə Şuşa musiqiçilərinin tam siyahısı deyil, onu sadalamaq üçün daha çox vaxtınızı ala bilərdim. Şübhəsiz ki, bu mövzü bir məruzənin, hətta bir məqalənin deyi, böyük tədqiqat əsərinin mövzusudur.
       Şərq musiqisinin məşhur tədqiqatçısı V. Vinoqradov hələ 1938-ci ildə Üzeyir bəy haqqında kitabında yazırdı: "Şuşada musiqi çoxdur Azərbaycanın hər hansı rayonundan daha çox xalq mahnılarını, rəqslərini, xanəndə və sazəndələrini burada eşitmək olar. Şuşa qədim zamanlardan musiqinin beşiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq musiqi istedadlarının tükənməz bulağı kimi şöhrət qazanmışdır. "Şuşa musiqiçiləri" Azərbaycan musiqisinin tarixini yaradırdılar və onu yalnız vətənlərində deyil, digər Şərq ölkələrində təqdim edirdilər"1.
       XIX əsrin ikinci yarıcında Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunurdu. Belə ki, Bakıda Məşədi Məlik Mənsurovun məclisi, Şamaxıda Mahmud Ağanın, Şuşada isə Xarrat Qulu Məhəmməd oğlunun və Mir Möhsün Nəvvabın musiqi məclislərinin Azərbaycan musiqisinin inkişafında önəmli rolu olmuşdur.
        Şuşada birinci musiqi məclisi Şərq musiqisinin bilicisi Xarrat Qulu (1823-1883) tərəfindən təşkil edilmişdi. Bu məclis dini məqsədlə yaranmışdır, lakin burada həm də muğam sənəti öyrənilirdi. Məhərrəmlik qurtarandan sonra (onun keçirilməsinə bir neçə ay hazırlaşırdılar) xanəndələr bu muğamları artıq toylarda və başqa yerlərdə ifa edirdilər.
       Musiqişünas Xarrat Qulunun məclisi Azərbaycanın muğam sənətinin inkişafında böyük rol oynamışdır. Bu məclisin üzvlərindən olan Hacı Hüsü, Məşədi Isi, Əbdülbağı Zülalov, Dəli Ismayıl, Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu Şuşa vokal məktəbinin parlaq nümayəndələridir.
       Xarrat Quludan sonra 80-i illərdə Şuşada "Məclisi-Fərəmuşan" (Unudulmuşların məclisi) və "Musiqiçilərin məclisi" yaranır ki, onların rəhbəri, Azərbaycanın XIX əsrinin mütərəqqi xadimi, alimi, şairi, musiqişünası, rəssamı Mir Möhsün Nəvvab idi. Nəvvab Şuşada doğulmuş, yaşamış, yaratmış və orada da vəfat etmişdi (1833-1918).
       Ensiklopedik biliyə və nadir istedada malik olan M. M, Nəvvab Azərbaycan elmini, musiqi sənətini, ədəbiyyaiını xeyli zənginləşdirmişdir. Onun çoxşaxəli fəaliyyəti, elmi müddəaları və tədqiqatları, müəllifin iyirmidən artıq əsərində öz əksini tapmışdır. Bizim üçün M. M. Nəvvabın musiqi ifaçılığı və musiqi elmi sahəsindəki fəaliyyəti xüsusilə maraqlıdır. Keçən əsrin 80-ci illərində məşhur xanəndə Hacı Hüsü ilə birlikdə yaratdığı "musiqiçilər cəmiyyəti"ndə musiqi sənətinin estetik problemləri, xanəndələrin ifaçılığı, klassik müğamları müşayiət edən şerlər müzakirə olunurdu. Cəmiyyətə öz vaxtının məşhur xanəndə və sazəndələri Hacı Hüsü, Məşədi Cəmil Əmirov, Islam Abdullayev, Seyid Şuşinski və b. daxil idi. Bir çox musiqiçilər özlərinin ilk təhsilini məhz bu cəmiyyətdə almışlar. Burada müzakirə olunan problemlərdən bəziləri öz əksini və sonrakı inkişafını M. M. Nəvvabın "Vüzuhül-ərqam" risaləsində tapmışdır. Mir Möhsün Nəvvab musiqi sənəti haqqında "Vüzuhül-ərqam" risaləsini (Rəqəmlərin izahı) 1884-cü i ldə Şuşada yazmışdır2.
       "Vüzuhül-ərqam" XIX əsrin sonunda Azərbaycan musiqisi haqqında Azərbaycan dilində (ərəb əlifbasıyla) yazılmış və çap edilmiş yeganə risalə idi. Bu risalənin Şərqdə ümumən risalələrin az yazılan bir dövründə yaranması və Şuşanın muğam nəzəriyyəsinin ənənələrinin "Vüzuhül-ərqam" risaləsində davam etdirilməsi faktı artıq böyük maraq doğururdu. Nəvvab risaləsində ifaçılıq qaydalarına da böyük əhəmiyyət vermiş, onun estetika, akustika məsələlərini əsas şərtlərdən hesab etmişdir. Bu, həm də onu sübut edir ki, M. M. Nəvvabın dövründə Qarabağda, Şuşada yüksək səviyyəli ifaçılıq sənətinə tələbat da olduqca böyük idi3.
       Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü idi (?-1898). O, şuşalılar qarşısında ilk dəfə "Xandəmirovun teatrı" binasında "Xeyriyyə gecəsi"ndə tarzən Sadıxcanın müşayətilə çıxış edərək "Çahargah"ı elə oxumuşdur ki, onun şöhrəti hər yerə yayılmışdır. Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə dəvət olunurdu. Məsələn, 1880-cı ildə Iran şahı Nəsrəddin Hacı Hüsünü öz oğlunun toyuna Təbrizə dəvət etmişdir. Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıxcan və kamançaçı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur Iran musiqiçəliriylə bərabər çıxış etmişdir. Lakin toyun sonunda şah tərəfindən verilən birinci mükafata məhz Hacı Hüsü layiq görülmüşdür.
       Hacı Hüsü gözəl xanəndə olmaqla bərabər, həm də Şərq və Azərbaycan muğamlarını əla bilən musiqişünas və müəllim kimi də məşhur idi. O, bir sıra muğamları təkmilləşdirmiş, onların yeni variantlarını yaratmışdır. Məsələn, o, "Kürdi" muğamına "Şahnaz"ı əlavə etmiş və yeni "Kürdi-Şahnaz" muğamını yaradıb oxumuşdur. Cabbar Qaryağdıoğlunun yazdığına görə, Hacı Hüsü Sadıxcanın tarda müşayiətilə "Qatar" muğamının da yaradıcısıdır.
       Hacı Hüsü xan qızı Natəvanın sevimli xanəndəsi olmuş, onun məclislərində iştirak etmişdi. Hacı Hüsü şamaxılı Mahmud ağanın və bakılı Məşədi Məlik Mənsurovun məclislərinə tez-tez dəvət olunardı. Deyilənə görə məşhur Qaçaq Nəbi də Hacı Hüsünün səsinə qulaq asmaq üçün xüsusi olaraq onun oxuduğu toy məclislərinə gələrdi.
       Hacı Hüsünün həyatının son illəri çox da uğurlu olmamışdır. O, Ərəbistandan qayıtdıqdan sonra mollaların təzyiqi altında Şuşada Göhər ağa məscidində minacat verməyə məcbur olmuşdur. Şuşa camaatı ətraf yerlərdən onu dinləmək üçün axışıb məscidə gələrdilər. Bu barədə C. Bağdadbəyov xatirələrində belə yazır: "Qış mövsümündə, yüzlərlə adam gəlib bu cazibəli səsə qulaq asardılar. Hacı Hüsünün uzun nəfəsi olmaqla bərabər, zənguləsinin misli-bərabəri yox idi"4.
       Hacı Hüsünün çıxışlarını çox vaxt tarda müşayiət edən böyük tarzən Mirzə Sadıq Əsəd oğlu olmuşdu (1846-1902). Xalq arasında o, Sadıxcan kimi məşhur idi. Mirzə Sadıq Azərbaycanda və Zaqafqaziya xalqları arasında böyük şöhrət və məhəbbət qazanmış ustad sənətkar idi. Onun "Sadıxcan" adlanması da görünür bu məhəbbətin ifadəsi idi. Mirzə Sadıq Iran şahının oğlunun toyunda böyük bacarıq və ustalıq göstərdiyinə görə, şah onu "Şiri-Xurşid" qızıl medalıyla təltif etmişdi.
       Mirzə Sadıqın musiqimizin tarixində xidmətləri böyük idi. O, çoxəsrli tarı rekonstruksiya edərək təkmilləşdirmiş, beş simli zəif səslənən tara altı simi də əlavə edərək simlərin sayını on birə qədər artırmışdı. Tarın qolunda olan pərdələrin sayını isə azaldaraq 17 pərdəyə endirmişdi. Tarın rezonansını artırmaq üçün də Sadıxcan bir sıra işlər görmüşdü, tara zildə səslənən yeni pərdələr əlavə etmiş, həmçinin "lal barmaq" üslubunu icad etmişdi.
       Əvvəllər tarı diz üstə əyilərək çalırdılar. Sadıxcan bu üsulu ləğv edərək, tarı sinə üzərində tutaraq çalmışdı. Mirzə Sadıq yeni Azərbaycan tarının yaradıcısı idi. Onu "tarın atası" adlandırırdılar. Mirzə Sadıq tarla bərabər muğamları da təkmilləşdirmiş, tarın qoluna "Zabul" pərdəsini, "Mirzə Hüseyn Segah"ına isə "Müxalifi" əlavə etmişdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page