ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
RƏŞID BEHBUDOV FENOMENI (ARDI)
Kamil ŞAHVERDIYEV
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
ZƏRIF GÖZƏLLIK QƏLB SIRDAŞI…
Ceyran Mahmudova
CAHAN TALIŞINSKAYA
Əfruz MƏMMƏDOVA
RƏŞID BEHBUDOV FENOMENI (ARDI)
Kamil ŞAHVERDIYEV
ÑßÈÄ ÐÖÑÒßÌΠÂß ÀÇßÐÁÀÉÆÀÍ ÕÀËà ×ÀËÜÛ ÀËßÒËßÐÈ ÎÐÊÅÑÒÐÈ
Íàçèì ÊÀÇÛÌÎÂ

 



       Rəşid hələ uşaqlıq yaşlarından atası, məşhur xanəndə Məcid Behbudovun ifasında xalq mahnılarımızın vurğunu idi. Bu haqda yazının başlanğıc hissəsində geniş məlumat verildiyinə görə onun yaradıcılığının bir qədər sonrakı – Bakı dövrünün ilk illərindən başlayaraq xalq mahnılarına aid olan məqamlar üzərində dayanmaq istərdim. Məlum olduğu kimi, 1945-ci ildə «Rəşid Behbudov «Arşın mal alan» filminin çəkilişi ilə əlaqədar Bakıya dəvət olunur və bundan sonra ömürlük taleyini doğma, əziz şəhərə bağlayır.
       1945-ci ildən başlayaraq Rəşid yaradıcılığının yeni dövrü, yeni erası başlanır. Görkəmli bəstəkar Tofiq Quliyevlə Rəşid Behbudov misli görünməmiş bir tandem yaradaraq Azərbaycan musiqisinin yeni, daha parlaq səhifələrini yaradırlar. Bu dövrdə onların yaradıcılığında xalq mahnıları əsas yer tutur. Rəşid bir çox xalq mahnılarını tamamilə yeni sərgidə, o zaman dəbdə olan caz üslubunda ifa edir. Əlbəttə ki, Tofiq Quliyevin müşayiəti ilə. Əldə etdiyimiz məlumatlara görə, Rəşid Behbudovla Tofiq Quliyev Azərbaycan xalq mahnılarından ibarət bir neçə silsilə hazırlayıblar. 12 mahnı tamamilə yeni formada, yeni redaksiyada və yeni ifa tərzində dinləyicilərin ixtiyarına buraxılıb. Əfsuslar olsun ki, bu gün həmin silsilədən yalnız beş mahnı – «Qalalı», «Qalanın dibində», «Ağacda leylək», «Güloğlan» və «Yar bizə qonaq gələcək» mahnıları bizə gəlib çatmışdır. Digər mahnıların, daha doğrusu Tofiq Quliyevin tərtibatı və müşayiəti ilə Rəşid Behbudovun ifa etdiyi xalq mahnılarının axtarışı davam edir və ümid edirik ki, biz həmin qiymətli əsərləri tapıb üzə çıxara biləcəyik. Çünki həmin mahnılar Azərbaycan musiqisində yeni bir dövrün, yeni bir canrın, yeni bir epoxanın başlanğıcı deməkdir. Müasir estrada canrının inkişafı məhz bu dövrdən başlayır. Əlbəttə ki, xalq mahnıları ilə yanaşı Rəşid Tofiq Quliyevin özünün bəstələdiyi mahnıları da gözəl, böyük məharətlə ifa edirdi. «Züleyxa», «Gözəldir Vətənim», «Bakı», «Nəsrəddin və kölgəsi» və s. mahnılar o dövrdə nəinki Azərbaycanda, keçmiş SSRI ərazisində də çox məşhur idi. Lakin bu yazıda mən «Rəşid Behbudovun yaradıcılığında xalq mahnıları» mövzusu üzərində dayanmaq istəyirəm.
       Rəşid Tofiq Quliyevin müşayiəti ilə ifa etdiyi xalq mahnılarını mütləq bir neçə variantda ifa edirdi. Ən maraqlı cəhət isə ondan ibarətdir ki, görkəmli sənətkar uşaqlıqdan əzbər bildiyi və həddən artıq çox sevdiyi xalq mahnılarını tamamilə yeni formada təsdiq edirdi. Artıq məlumat verildiyi kimi, 1945-ci ildən Rəşidin şöhrəti bütün dünyaya ildırım sürəti ilə yayılır. O SSRI-nın müxtəlif şəhərlərinə tez-tez qastrol səfərlərinə dəvət olunur və bu səfərlər zamanı onu Tofiq Quliyev müşayiət edir. Hər iki sənətkar ənənəvi Azərbaycan xalq mahnılarını müasir dinləyicinin millətindən asılı olmayaraq başa düşə bildiyi musiqi dilində və tərtibatında ifa edir və onları təbliğ edirdilər. Eyni zamanda görünməmiş bir hal idi ki, Rəşid xalq mahnılarımızın bir hissəsini oricinalda, yəni Azərbaycan dilində, digər hissəsini isə Rus dilində ifa edirdi. Dünyanın 6/1-ni təşkil edən keçmiş SSRI kimi nəhəng bir dövlətin milyonlarla dinləyicisi görkəmli sənətkarın ifasında Azərbaycan xalq mahnılarını dinləyir və onlar ı sevirdi. Bu sevgi bu günümüzə qədər yaşamaqdadır.
       1993-cü ildə mən Moskvada olarkən dəvət olunduğum bir məclisdə ev yiyəsinin anası haralı olduğumu soruşdu. Mənim cavabım o alicənab, ziyalı, olduqca məlumatlı qadının yaşlı olmasına baxmayaraq həyat eşqini itirməmiş gözlərində, mülayim çöhrəsində, zərif simasında xoş bir təbəssüm yaratdı. O baxışlarını yuxarı qaldıraraq intonasiyası tanış olsa da, mənə məlum olmayan bir mahnını zümzümə etməyə başladı və sonra məndən soruşdu: - Siz bu mahnını eşitmisinizmi? Tərəddüd keçirdiyimi görən xanım – bu Azərbaycan xalq mahnısı «Güloğlan»dır – dedi. Mən çox təəccübləndim. Baxmayaraq ki, bizim mahnıları çox sevirəm, ancaq bu mahnını deyəsən eşitməmişdim. Yaşlı rus qadını mülayim səslə «Güloğlan» mahnısını ifa etməyə başladı. Bu hadisədən qürur hissi keçirirdim: ulu babalarımızın yaratdığı nadir incilər əsrlərin süzgəcindən keçərək bu gün nəinki azərbaycanlıları, hətta digər millətlərin də nümayəndələrini həyəcanlandırır.
       Bütün bunlardan sonra mənim doğma, yaxın bir adamıma çevrilən rus xanımı yerindən qalxıb qonşu otağa keçdi. Bir qədərdən sonra xanım əlində bir val geri döndü. O titrəyən əllərində tutduğu valı mənə uzadaraq dedi: «Bu gəncliyimdən xoş xatirədir. O dövrdə, müharibədən sonrakı dövrdə həyatımız çox ağır olsa da, bu vallar bizi özümüzə qaytarırdı. Elə bir şənlik yox idi ki, orada Rəşid Behbudovun valı səslənməsin. Bizim nəsil bu mahnılarla böyüyüb. Hər axşam bir yerə toplaşıb həmin valı təkrar-təkrar dinləyər və əylənərdik».
       Mən valı götürüb baxdım. «Azərbaycan xalq mahnısı «Güloğlan». O oxuyur Rəşid Behbudov. Tərtibat və fortepianoda müşayiət edir Tofiq Quliyev».
       Həmin gün mən valdakı mahnını dinləyə bilməsəm də, sonralar «Güloğlan» mahnısının bir neçə variantını əldə etdim, 40-cı illər üçün həqiqətən də çox cəsarətli bu mahnı Tofiq Quliyevin qeyri-adi gözəllikdə caz improvizləri ilə başlayır. Bəstəkar 2 dəqiqəyə yaxın royalda improvizə edir və bundan sonra Rəşid oxumağa başlayır.
       Beləliklə, Rəşidin Bakıya gəlişi Azərbaycan bəstəkarlarının yaradıcılığında güclü sıçrayışa səbəb olur. Bir faktı da qeyd etmək yerinə düşər. «Arşın mal alan» filminin rejissoru, görkəmli sənətkar Rza Təhmasib 1943-cü ildən, Rəşidi ilk dəfə səhnədə gördüyü andan onu Əsgər roluna çəkməyə qərara alır. O, həmin dövrdə Ermənistan cazının əsas solisti Rəşidi hər vasitə ilə Bakıya dəvət edir. Lakin Yerevanda bu dəvətlərə olduqca qısqanc yanaşır və müğənnini müxtəlif təkliflərlə, bəhanələrlə dəvətlərdən yayındırmağa çalışırlar. Bu haqda jurnalın əvvəlki saylarında geniş məlumat verdiyim üçün istəkli oxucuların diqqətini başqa bir maraqlı və nadir fakta cəlb etmək istəyirəm. Rza Təhmasib 1944-cü il may ayının 10-da Rəşidə növbəti dəfə məktub yazır. Məktubdan mövzuya aid bir hissəni nəzərinizə çatdırıram.
        «…Sizin məktubunuzu aldım. Diqqətinizə görə təşəkkür edirəm. Çox şadam ki, Siz bizim işlərlə maraqlanır və xəbər tutursunuz. Bir az tələsin. Biz Sizinlə çox şeylər haqqında danışmalıyıq, hələ çox işlər görməliyik. Tələsin, əks halda hər gün bizim birgə qələbələrimizin və xoş əməyimizin «kisəsindən» gedir.
       Sizi dəvət etmək üçün yanınıza xüsusi adam göndərilib. Filmdən əlavə Siz həm də burada caz yaratmaq üçün dəvət olunursunuz. Əminəm ki, Siz maksimum enerci, təşəbbüs və əzmkarlıq göstərəcəksiniz.
       Sizi sevinclə gözləyirəm.
       Əlinizi sıxıram. Rza Təhmasib.
       10.5.44».
       Məktubdan göründüyü kimi, o dövrdə Rəşid Bakıya «arşın mal alan» filmində çəkilməklə yanaşı həm də burada 40-cı illərdə çox dəbdə olan caz janrını yaratmaq üçün dəvət olunur. Sözün açığı, hal-hazırda əlimizdə kifayət qədər məlumat, fakt olmadığı üçün Rəşidin Bakıda caz yaratmaq istiqamətindəki fəaliyyəti üzərində geniş dayanmırıq. Bu sahədə tədqiqatlar davam edir və ümid edirəm ki, yaxın gələcəkdə bu mövzunu daha geniş və ətraflı işıqlandırmaq üçün kifayət qədər məlumat əldə olunacaq.
       Rəşid Behbudov Tofiq Quliyevlə paralel olaraq görkəmli bəstəkarımız Fikrət Əmirovla da xalq mahnıları üzərində işləyir. Tofiq Quliyevdən fərqli olaraq Fikrət Əmirov xalq mahnılarımızı klassik vokal nümunəsi kimi – romans şəklində işləyir və Rəşid həmin əsərləri çox yüksək səviyyədə, olduqca klassik bir formada ifa edir. Sözün açığı, Fikrət Əmirovun konkret olaraq neçə xalq mahnısını işlədiyini dəqiq söyləyə bilmərəm. Bu istiqamətdə də axtarışlarımız davam edir. Ancaq 5 mahnını tapıb üzə çaxarmışıq. Həmin mahnılar – «Küçələrə su səpmişəm», «Kəklik», «Qoy gülüm gəlsin», «Evləri ar xanə-xanə» və «Laçın» mahnılarıdır. Qeyd etməliyəm ki, «Küçələrə su səpmişəm» və «Kəklik» mahnılarını ölməz bəstəkarımız royalda özü müşayiət edir. 1946-cı ildə yazılan əsərlər «Qızıl fond»un ən nadir incilərindəndir. Maraqlıdır ki, Fikrət Əmirovla da Rəşid xalq mahnılarını bir neçə variantda lentə aldırır. «Qoy gülüm gəlsin» və «Evləri var xanə-xanə» mahnılarını görkəmli bəstəkar simfonik orkestr üçün işləyir. Bununl a da Azərbaycan xalq musiqisi tarixində yeni bir dövrün əsası qoyulur. Rəşid ilk dəfə olaraq xalq mahnılarını böyük simfonik orkestrin müşayiəti ilə ifa edir. Maestro Niyazinin dirijorluğu ilə bu əsərlərdən hər biri şedevrə çevrilir. Bir müddət sonra Niyazi daha bir xalq mahnısını, «Küçələrə su səpmişəm»i simfonik orkestr üçün işləyir və Rəşid bu mahnıya da ölməzlik ruhu verir. Beləliklə, qədim xalq mahnılarımız tarixdə ilk dəfə olaraq dünya vokal canrının ən gözəl nümunələri kimi klassik romans şəklində dahi Rəşid Behbudov tərəfindən dinləyicilərə təqdim olunur.
       Rəşid Behbudov yaradıcılığının bütün dövrlərində xalq mahnılarına müraciət etmiş və hər dövrdə onları müasir tələbata uyğun musiqi janrlarının dünya musiqisindəki axınlara uyğun şəkildə dinləyicilərə təqdim etmişdir. O, xalq mahnılarımızın təbliğində misli görünməmiş xidmətlər göstərmişdir.
       Jurnalın ötən saylarında məlumat verildiyi kimi, 1957-ci ildə Rəşid «Azərbaycan» adlı möhtəşəm, unikal bir kollektiv yaradır. Bu kollektivin də repertuarında xeyli sayda xalq mahnıları özünə yer alır. Həmin kollektivi yaradanda ölməz sənətkar demək olar ki, bütün bəstəkarlarımıza yeni əsərlərlə yanaşı xalq mahnılarını da yenidən tərtib etməyi sifariş edir. Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələskərov, Rauf Hacıyev, Cahangir Cahangirov və başqa görkəmli bəstəkarlarımız «Azərbaycan» orkestri üçün xalq mahnılarını yenidən işləyirlər. Əfsuslar olsun ki, biz həmin mahnıların lent yazılarını əldə edə bilməmişik. Ümid edirik ki, nə zamansa biz bu nadir əsərləri tapacağıq. Həmin kollektivin ifasında bir neçə bəstəkar mahnısı ilə yanaşı bir xalq mahnısının lent yazısı bu günə qədər qorunub saxlanır. Bu Tofiq Quliyevin tərtib etdiyi «Qalanın dibində» mahnısıdır. Olduqca gözəl işlənmiş, qeyri-adi gözəlliklə ifa olunan mahnı Rəşid Behbudov yaradıcılığının həmin dövrü ilə əlaqədar fikir söyl əməyə tam əsas verir. «Qalanın dibində» mahnısı «simfocaz» janrına aid xalq mahnılarımızın yeni bir formada həyata vəsiqə almasına sübutdur. Həmin mahnını da biz «Səni tərənnüm edirəm, doğma Azərbaycanım» adlı disklər toplusuna daxil etmişik.
       1960-cı illərdə Rəşid Behbudov yenidən xalq mahnılarına müraciət edir və gənc, istedadlı bəstəkar Vasif Adıgözəlovu bu işə cəlb edir. Vasif Adıgözəlovla da ölməz sənətkar xalq mahnılarını silsilə şəklində hazırlayır. Bu silsilədən günümüzə gəlib çatan «Getdi yar», «Dağlarda çiçək», «Ləbu-ləb - Bülbüllər oxur», «Güləbatın», «Güloğlan» mahnılarıdır. Bu dəfə dahi sənətkar xalq mahnılarını xalq çalğı alətləri ansamblının müşayiəti ilə ifa edir. Gözəl tarzən Əliağa Quliyevin rəhbərliyi ilə təşkil olunan xalq çalğı alətləri ansamblı klassik ənənələri qoruyub saxlamaqla mahnılara eyni zamanda yeni ahəng, müasir səslənmə və dinləyici zövqünü oxşaya biləcək harmonik quruluş vermişlər. Vasif Adıgözəlov bu mahnıları böyük ustalıqla işləmiş və həmin mahnılar bu gün də sevilir və həvəslə dinlənilir.
       Ölməz sənətkar Rəşid Behbudov yaradıcılığının ən son dövrü olan Mahnı Teatrı dövründə də xalq mahnılarına müraciət etmişdir. Gözəl musiqiçi Rafiq Babayevlə də onlar xalq mahnılarından ibarət yeni silsilə yaratmışlar. «Qalalı», «Çal oyna», «Gözəlim sənsən», «Bayatılar» və s. xalq mahnıları musiqimizdə tamamilə yeni bir mərhələnin əsasını qoymuşdu. Bəstəkarın bu dövrü haqqında gələcək saylarımızda daha ətraflı və geniş məlumat verəcəyik.
       Rəşid Behbudov xalq mahnılarımızı müxtəlif manera ilə, müxtəlif forma və janrlarda ifa etdiyi kimi, həmin ifaların müşayiətləri də müxtəlif idi. O daim axtarır, yeni-yeni formalar tapırdı. Artıq qeyd etdiyimiz kimi, Tofiq Quliyevlə o xalq mahnılarını sırf estrada, caz stilində ifa edirdi. Fikrət Əmirovla xalq mahnılarını klassik romans janrına uyğunlaşdırırdı. Niyazi ilə simfonik orkestrin müşayiətində bu mahnıları dünya vokal janrının gözəl nümunələri kimi təqdim edirdi. «Azərbaycan» orkestri ilə «simfocaz» janrına, Vasif Adıgözəlovla xalq çalğı alətləri ansamblının müşayiətinə üstünlük verirdi. Rafiq Babayevlə isə tamamilə yeni formada, ultra müasir instrumental səslənmədə xalq mahnılarımız dünyaya yayılırdı. Bəzən caz-rok elementlərindən istifadə olunurdu. Çünki 70-80-ci illərdə musiqidə bu janr daha çox qəbul olunurdu. Bundan başqa, Rəşid Behbudov ənənəvi üçlüyün müşayiəti ilə də (tarda Hacı Məmmədov, kamançada Habil Əliyev, dəfdə Rəşid Behbudov) çıxış edirdi. O bir çox eksperimentlərin də müəllifi idi. Bəzi xalq mahnılarını tar və fortepianonun müşayiəti ilə oxuyurdu (tarda Əhsən Dadaşov, fortepianoda Çingiz Sadıxov). Eyni zamanda tar, skripka, fortepiano və dəf (tarda Əhsən Dadaşov, skripkada Azad Əliyev, fortepianoda Çingiz Sadıxov, dəfdə Əzizağa Nəcəfzadə) kimi alətlərin də sintezini yaradır və xalq mahnılarını ifa edirdi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page