RƏŞID BEHBUDOV FENOMENI (ARDI)
Kamil ŞAHVERDIYEV
Search


ZƏRIF GÖZƏLLIK QƏLB SIRDAŞI
Ceyran Mahmudova
CAHAN TALIŞINSKAYA
Əfruz MƏMMƏDOVA
RƏŞID BEHBUDOV FENOMENI (ARDI)
Kamil ŞAHVERDIYEV


 



1962-ci ilin yazında Irandan qayıdan Rəşid Behbudov bəstəkar Rauf Hacıyevin Romeo mənim qonşumdur operettasının ekranlaşdırılmasında iştirak edir.
Sənətkar bu əsərdə əsas partiyanı ifa edir. Eyniadlı filmdə səslənən bir çox mahnılar Romeo mənim qonşumdur filmi ekranlara çıxan kimi tamaşaçılar tərəfindən hərarətlə qarşılanmış və hətta bu günə qədər öz təravətini itirmir. Sevgilim, Bakı mahnıları Rəşid Behbudovun ifasında qızıl fonda daxil olmuş, istər bəstəkara, istərsə də müğənniyə böyük şöhrət gətirmişdir. Həmin mahnılar bu gün də Azərbaycanda ən populyar, ən sevilən və heç zaman unudulmayan mahnılardır.
Həmin il martın sonunda görkəmli sənətkar SSRI Bəstəkarlar Ittifaqının III Ümumittifaq Qurultayına nümayəndə kimi dəvət olunur. Qurultay çərçivəsində təşkil olunmuş bütün konsertlərdə iştirak edən Rəşid Behbudov Azərbaycan bəstəkarlarının yazdıqları yeni vokal əsərləri yüksək səviyyədə ifa edir. SSRI Bəstəkarlar Ittifaqının sədri T.Xrennikov sənətkara yazdığı məktubda qeyd edir: SSRI Bəstəkarlar Ittifaqının katibliyi Sizə SSRI Bəstəkarlar Ittifaqının III Ümumititfaq qurultayının konsertlərində iştirak etdiyinizə görə dərin təşəkkürünü bildirir. Sizin tükənməz istedadınız və parlaq sənətkarlığınız bəstəkarlarımızın yeni əsərlərinin qurultayın konsertlərində yüksək səviyyədə və tammiqyaslı ifasını təmin etdi....
Moskvadan, SSRI Bəstəkarlar Ittifaqının III qurultayından Bakıya qayıdan Rəşid Behbudov tezliklə Rumıniyaya səfərə yola düşür. Qeyd etməliyəm ki, Rumıniya ilə Azərbaycan Respublikası arasında ikinci dünya müharibəsindən sonra möhkəm iqitsadi, ticari və mədəni əlaqələr mövcud idi. Qəhrəman Bakı neftçiləri Rumıniyada Ployeşti neftçiləri ilə tez-tez görüşür və qazandıqları təcrübələrini onlarla bölüşürdülər. Mədəniyyət sahəsində də xalqlarımız arasında geniş əlaqələr yaranmışdı. Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri rumın dinləyiciləri tərəfindən yüksək qiymətləndirilir və sevilirdi. Xüsusilə də Arşın mal alan filmi 15 ilə yaxın bir müddətdə bu ölkədə təkrar-təkrar ekranlarda göstərilirdi. Buxarest teatrı Arşın mal alanı bir neçə dəfə səhnələşdirmişdi. Ona görə də bu ölkədə çox sevilən filmin baş qəhrəmanı Tacir Əsgərin rolunu məharətlə ifa edən görkəmli sənətkar Rəşid Behbudovun yolunu səbirsizliklə gözləyirdilər. Buxarestdə böyük təmtəraqla qarşılanan müğənni elə ilk gündən Rumıniyada sonsuz sevgi və ehtirama malik olduğunun şahidi olur. 10 gün davam edən səfər zamanı Rəşid Behbudov Buxarestdə 7 konsert verir. Eyni zamanda o Buxarest radiosunda 30-dan artıq mahnını lentə alır. Bu mahnıların arasında Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları ilə yanaşı Rumın mahnıları da var idi. Rəşid Behbudovun verdiyi bütün konsertlər yüksək səviyyədə keçərək müğənninin bu ölkədə şöhrətini daha da artırdı. Dinləyicilər böyük sənətkarın ifa etdiyi bütün mahnıları sürəkli alqışlarla qarşılayırdılar, onu səhnədən buraxmaq istəmirdilər. Xüsusilə Rəşid Behbudov bu ölkədə çox məşhur olan və sevilən Rumın xalq mahnısı Bütün günahlara bais sənin gözlərindir, Mariya mahnısını ifa edərkən zaldakılar vəcdə gələrək 15 dəqiqə sənətkarı ayaq üstə alqışlayırlar.
1963-cü ildə Azərbaycanda səfərdə olan Rumıniya ilə SSRI arasında dostluq əlaqələri cəmiyyətinin sədri, Babeş adına Kluj universitetinin prorektoru Aleksandru Roşka Kommunist qəzetinə verdiyi müsahibədə bildirirdi:
... Maraqla qeyd etməliyəm ki, Rumıniyanın hər bir kuşəsində SSRI xalq artisti Rəşid Behbudovun ifasında Azərbaycan mahnıları səslənir və sevilir. Bu mahnıların lent yazıları Buxarest radiosu ilə tez-tez efirdə səslənir...
Rumıniyadan qayıtdıqdan sonra Rəşid Behbudov Tula silah zavodunun 250 illiyinə həsr olunmuş Ümumittifaq incəsənət bayramına dəvət olunur. Bir neçə gün davam edən bayramda müğənni müxtəlif proqramlarla çıxış edir. Şəhər zəhmətkeşləri ilə, Tula silah zavodunun əmək kollektivi ilə maraqlı görüşlər keçirir. Görkəmli sənətkar Tuladan birbaşa Kubana gedir. Burada neçə ildən bəri Rəşid Behbudov sənətinin pərəstişkarları onun yolunu səbirsizliklə gözləyirdilər. Nəhayət, o, Kubandakı pərəstişkarları ilə də görüşmək imkanı əldə edir. Rəşid Kubanda, daha doğrusu Krasnodar şəhərində bir neçə konsert verməyi planlaşdırır. Onun ilk konserti Krasnodar filarmoniyasında keçir. Həmin gün filarmoniyanın ətrafında minlərlə insan konsertə bilet əldə etmək ümidi ilə toplaşmışdı. Ən maraqlı odur ki, bu insanlar bilet əldə edə bilməsələr də, konsertin sonuna qədər gözləmiş, hətta konsert bitdikdən sonra belə, uzun müddət dağılışmamışlar. Onlar konsertə baxa bilməsələr də heç olmasa Rəşid Behbudovu yaxından görmək arzusu nda idilər. Nəhayət, müğənni filarmoniyadan çıxarkən gecə saat 12-yə az qalmasına baxmayaraq on minlərlə insanın ətrafda durduğunu görür. O binadan çıxar-çıxmaz ətrafı alqış sədaları bürüyür. Rəşid sənətinin pərəstişkarları sevimli kumiri fasiləsiz, heyrətlə, məhəbbətlə alqışlayırlar. Bu mənzərədən təsirlənən müğənni konsertdən sonra onun şərəfinə ziyafət verən şəhər rəhbərliyinə bildirir ki, sabahkı konserti filarmoniyada deyil, 25 minlik şəhər stadionunda təşkil etsinlər. Çünki onu dinləmək istəyənlərin hamısını filarmoniyanın zalına toplamaq mümkün deyil. Vaxt da çox azdır. Kubandan sonra o, Bakıya dönməli və bir neçə gündən sonra Moldovaya getməlidir. Şəhər rəhbərliyi bu təklifi sevinclə qarşılayır və 3 gün stadionda Rəşidin konserti təşkil olunur. Bu konsertlər çox böyük uğurla keçir və yerli mətbuat konsertləri geniş işıqlandırır.
1962-ci ilin may ayında Rəşid Behbudov Moldovanın paytaxtı Kişinyova yola düşür. Kişinyovda sevimli müğənnini yüksək səviyyədə qarşılayırlar. Konsertlər çox böyük uğurla keçir. Sənətkar Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, dünya xalqlarının mahnılarından ibarət maraqlı, rəngarəng proqramlarla çıxış edir. Sonuncu gün isə Moldova səfərinin kulminasiya nöqtəsi olur. Kişinyov Dövlət opera və balet teatrında təşkil olunan son konsertin başlanmasına bir neçə saat qalmış tamaşaçılar zalda yerlərini tutmağa başlayırlar. Nəhayət konsertin başlandığına işarə verilir. Zalda işıqlar söndürülür. Zülmət qaranlıqda tamaşaçılar nəfəslərini dərib gözlərini görünməz səhnəyə zilləyirlər. Qısa bir müddətdən sonra işıqlar yandırılır və pərdə açılır. Zalda uğultu başlanır və bu uğultu getdikcə güclənir. Uğultu şiddətli alqışlara keçir. Tamaşaçılar müxtəlif vasitələrlə heyrətlərini ifadə edirlər. Bir anın içində bütün zal ayağa qalxır və uzun müddət (konsert anlamında) insanlar ayaq üstə sevimli müğənnini alq ışlayırlar. Çünki onlar səhnədə gördüklərini heç cür ağıllarına belə gətirə bilməzdilər. Rəşid Moldav milli geyimində əllərini açaraq səhnənin tən ortasında dayanaraq tamaşaçılara səmimi alqışlarına görə təşəkkürünü bildirirdi. Rəşidi müşayiət etmək üçün isə səhnədə, onun arxasında Moldav xalq çalğı alətləri ansamblı düzülmüşdü. Ansamblın üzvləri də milli geyimdə idi. Konsert başlayır. Rəşid Moldav xalq mahnıları ilə Azərbaycan mahnılarından ibarət olduqca maraqlı repertuarla çıxış edir. Bu konsert əsil bayrama çevrilir. 1962-ci il 10 may tarixli Sovetskaya Moldaviya qəzeti yazırdı:
...Bu qeyri-adi bir musiqili gecə idi. Həmin gecə sanki iki qardaş xalqın Azərbaycan və Moldaviya xalqları dostluğunun nümayiş gecəsi idi. Unudulmaz gecənin qəlbi isə Rəşid Behbudov idi....
Hər yayda olduğu kimi, Rəşid 1962-ci ilin yayında da doğma Azərbaycanın bir çox rayonlarına səfərə çıxır. Gəncə, Xanlar, Əli-Bayramlı, Ağdaş, Göyçay, Mingəçevir və başqa rayonlarda o doğma xalqı ilə çoxlu sayda görüşlər keçirir, elə torpaqlarda, müəssisələrdəcə zəhmətkeşlər üçün konsertlər verir. Bütün dünyanı gəzən müğənni öz xalqını, Azərbaycan tamaşaçılarını heç zaman unutmur və demək olar ki, hər yay bir neçə rayonda saysız-hesabsız konsertlər verir. Ən maraqlısı budur ki, dünyanın ən gözəl, ən məşhur, ən elitar səhnələrində misli görünməmiş uğurla konsertlər verən sənətkar Azərbaycanın rayonlarında doğma xalqı ilə görüşmək üçün ən ağlasığmaz imkanlardan istifadə edirdi. O, pambıq tarlalarında, üzüm, çay plantasiyalarında yük maşınlarının üzərində ekspromt səhnələr qurdurur və elə tarladaca konsertlər verirdi. Çünki xalqın sevimli sənətkarı, əsil xalq artisti çox gözəl bilirdi ki, sadə, əməksevər kənd camaatı ağır iş günündən sonra rayon mərkəzinə gəlib onun konsertinə qulaq asa bilməyəcək. On a görə də o özü xalqın hüzuruna gedir və birbaşa iş yerlərində camaatla görüşürdü. Eyni ilə zavod və fabriklərdə. Neft daşlarında olduğu kimi. Əlbəttə ki, bütün bunlar Rəşidin xalqına sevgisinin, məhəbbətinin parlaq nümunəsi idi.
Azərbaycanın rayonlarında keçirdiyi saysız-hesabsız görüşlərdən sonra Rəşid Moskvada, Kremldə konsertə hazırlaşır. Moskvada verilən konsertlər də artıq ənənəvi xarakter daşıyırdı. Çünki, görkəmli sənətkar demək olar ki, hər il Moskvada, Sankt-Peterburqda (Leninqrad) və keçmiş SSRI-nin başqa mərkəzi şəhərlərində geniş konsert proqramı ilə çıxış edirdi. Bu konsertlərdə Azərbaycan bəstəkarlarının yeni mahnılarını məharətlə ifa edərək olduqca geniş dinləyici auditoriyasını Vətəninin mədəniyyəti, incəsənəti, musiqisi ilə yaxından tanış edirdi. Beləliklə, Rəşid Behbudov Azərbaycan musiqisinin təbliğində misilsiz xidmətlər göstərməklə yanaşı bəstəkarlarımızın yaradıcılığının, mahnı janrının inkişafına əvəzsiz təkanlar verirdi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page