ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN SƏSLƏNƏN MƏKANINDA YENI MUSIQI
Zümrüd DADAŞZADƏ
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN SƏSLƏNƏN MƏKANINDA YENI MUSIQI
Zümrüd DADAŞZADƏ

 



Səssiz kino, mavi dəniz, improvizasiya

       Azərbaycan kinematoqrafçıları tərəfindən 1930-cu ildə çəkilmiş «Lətif» səssiz filminin (ssenari müəllifi və rejissor M. Mikayılov) «Bakustik Jazz» qrupunun (pianoçu S. Qəmbərov, kamançaçalan F. Dadaşov, nağaraçalan E. Qafarov) improvizasiyaları altında nümayişi, məncə, festivalın əsl kulminasiyası adlandırıla bilər. Məhz burada axtarılan sintez əldə olundu: təsvir, musiqi, landşaft («Crescent Beach Hotel»in yaz meydançası) ahəngdar sürətdə uzlaşıb vahid tam yaratdı.
       Məşhur Azərbaycan kinoşünası və rejissoru, bu tədbirin təşəbbüskarlarından biri olan Ayaz Salayevin «Musiqiyə qulaq asmaqla məhdudlaşmayıb ekrana da baxmaq» çağırışlarına cavab olaraq toplaşanlar ilk növbədə məhz təsviri sıranı maraqla izləyirdi. Bu işdə isə onlara musiqi kömək edirdi. Ayaz müəllimin narahatçılığına yer qoymayaraq tamaşaçılar bir qədər sadəlövh bu lentin qeyri-adı poetikliyini lazımınca qiymətləndirmək iqtidarında oldular. Filmin başlıca məziyyəti isə ondadır ki, müəlliflər dünyaya uşağın, Lətif adlı oğlanın gözləri ilə çox təbii, səmimi, lirik tərzdə baxa bilmişlər. «Lətif»ə tamaşa etdikcə qeyri-iradi olaraq çox-çox sonra çəkilmiş başqa bir filmi – A. Tarkovskinin «Ivanın uşaqlığı»nı xatırlayırdım. Hərçənd mənə tam aydın idi ki, bu iki film sənətkarlıq baxımdan müqayisə olunmazdır.
        «Bakustik Jazz»ın ixtiraçılıq, təxəyyül, bəzən incə yumor hissi ilə aşılanmış improvizasiyaları ekrandakı hadisələrlə (filmdə isə xalq-janr, rəqs səhnələri kifayət qədərdir) bir unison yaradır, bəzən isə bu və ya digər kadrın təsir qüvvəsini artırırdı. Belə ki, epizodlardan birində pianoçu Salman Qəmbərov səssiz filmlərin sabit atributu – valsın bayağı motivlərini, A. Zeynallının şairanə «Ölkəm» romansından ayrı-ayrı ibarələri və ... dövrün məxsusi rəmzi – «Vzveytesğ kostrami» pioner mahnısının səciyyəvi dönümlərini (bu, sonuncu, kənddə kollektivləşdirmənin ilk illərindən bəhs edən filmin ideoloji tərəfinə incə eyham kimi qavranılırdı) virtuozcasına bir-birinə calayıb auditoriyanın alqışlarını qazandı.
Gözəllik bir xəyaldır
...
        «SoNoR» ansamblı Azərbaycan Bəstəkarlar Ittifaqının foyesində çıxış etdi. XX əsrin əvvəllərinə aid bu memarlıq abidəsi – Ittifaqın binası bərbad bir vəziyyətdədir: qırılmış şüşələr, çat vermiş divarlar, uçulmaqda olan tavan – bu mənzərə heç də könül açmır, acınacaqlı təəssürat doğurur.
        «SoNoR»un «Gözəllik bir xəyaldırmı?» çoxmənalı başlığı altında Ittifaqın ürəksıxıcı, tozlu, ustəlik zəlzələdən zərər çəkmiş binasında keçirdiyi tədbir, «Kosmopolitika» rəssamlar qrupu tərəfindən buradaca təşkil olunan performanslar, uzlaşmayan anlamlar – gözəllik, harmoniya və dağıntı, miskinliyin paradoksal tərzdə uzlaşdırılması, daha dəqiq desək, qarşılaşdırılması güclü effekt yaratmalı, ictimaiyyətin diqqətini binanın problemlərinə cəlb etməli idi. Yəni tədbir adi konsertdən çox bir aksiya kimi düşünülmüşdü. Bəstəkarlar Ittifaqının girəcəyində qəmli «Sarı «Gəlin»i tütəkdə çalan dilənçinin tənha fiquru bu kontekstdə rəmzi məna kəsb edirdi.
       Mühümdür ki, «SoNoR»un aksiyası üçün ingilis C. Klark, ukraynalı I. Qromadski, fransız F. Sərxan xüsusi əsərlər bəstələyərək öz azərbaycanlı həmkarlarının (F. Qarayev, E. Mirzəyev) etirazına qoşuldular. Həmin axşam ifa olunan bütün əsərlərdə bir nostalgiya, itirilmiş idealdan ötrü nisgil hissi duyulurdu. Bu ovqat istedadlı gənc ukraynalı bəstəkar I. Qromadskinin «Cizgilər» kompozisiyasında daha bariz üzə çıxdı.
       Ingilis Ceyms Klarkın «Concetto spaziale» əsəri də rəğbətlə qarşılandı. C. Klark «new complexity», yəni «yeni mürəkkəblik» cərəyanının ardıcıl tərəfdarıdır. Həmin cərəyanın nümayəndələri sırasında onun həmvətəni, XX əsr musiqisinin ən önəmli fiqurlarından biri B. Förnihounun adı seçilir.
        «Concetto spaziale» italyan minimalist rəssamı Luçio Fontanonun sərgisindən alınan təəssürat nəticəsində yazılıb. L. Fontano öz lövhələrini çox qeyri-adi tərzdə, bıçaqla «çəkir», Klarkın yozumunda gözəlliyi zorakılıqla yaradırdı. Ingilis müəllifinin kompozisiyasının təməlində məhz bu ideya durur: burada ayrı-ayrı alətlərin kəskin fərdiləşdirilmiş kəskin şaxələri (klarnet, skripka, percussion, fortepianoya maqnitofon yazısı əlavə edilir) qarşılıqlı əlaqəyə girərək əcaib bir tam, özünəməxsus «səslər qalereyası» yaradır. Özü də bu səsləri həm ayrı-ayrılıqda, həm də bir-birilə rabitədə izləmək maraqlıdır.
Yeni musiqinin təbliği yollarının müxtəlifliyi

       Əlbəttə, festival konsertlərinin heç də hamısı eynilə inandırıcı adlandırıla, müsbət qiymətləndirilə bilməz. Məsələn, «Tunnel» gecə klub-diskotekasında «Kyberia» Norveç qrupunun «Navigations» adı ilə göstərdiyi musiqili multi-media şousu ziddiyyətli hisslər doğurdu. Proqrama minilliyin sonu ərəfəsində qrupun xüsusi sifarişi ilə Norveç bəstəkarlarının yazdığı qısa pyeslər daxil idi.
        «Biz yeni minilliyin naviqatorlarıyıq, məqsədimiz də müxtəlif sənət sahələrinin, heterogen oyun fəzasının yaranmasına istiqamətlənib. Biz eyni zamanda musiqiçi, bəstəkar, dizayner və memarıq. Müasir Norveç landşaftında yeni musiqinin heç bir xəritədə qeyd olunmamış yolunu açmaq arzusundayıq». «Kyberia» qrupu – Tanya Orninq (violonçel), Viktoriya Yonson (skripka) və Rendi Neylor (digital – xoreoqrafiya və saksofon) öz yaradıcılıq kredosunu bir qədər nümayiş karanə tərzdə belə müəyyənləşdirir. Norveçlərin şousunda hər şey sanki qəsdən qeyri-akademik xarakter daşıyırdı: T. Orninq və V. Yonsonun kosmos aləmi ilə assosiasiya doğuran gümüşü, işıq saçan kostyumları, əcaib makiyaj, pank üslubunda saç düzümü, sərbəst davranış tərzi. Belə sərbəstlik populyar skripkaçalan V. Meyin çıxışlarından bizə tanışdır.
       O saat qeyd edim ki, qrupun musiqiçilərinin professional səviyyəsi əsla şübhə doğurmur, onların virtuozluğu isə hətta heyrətləndirirdi. Lakin, fikrimcə, nəyin bahasına olursa-olsun gənclərdən ibarət auditoriyanın xoşuna gəlmək niyyəti bədii nəticənin aşağı enməsinə, zövq baxımdan qüsurlara gətirib çıxarırdı. Belə ki, finalda qrup öz kollektiv yaradıcılığının bəhrəsini – «Play learning sequence» adlı «kompozisiya»nı təqdim edərkən musiqi oyuncaqlarını – uşaq qarmonları, tütəkləri, klaksonlarını işə salıb, küy effektlərindən bolluca istifadə edib hamını karıxdırdılar. Göstərilən səhnəçik (burada musiqiyə çox cüzi bir yer ayrılmışdı) hal-hazırda dəbdə olan sirk tamaşası estetikası ilə səsləşsə də, bədii nəticəni inandırıcı adlandırmaq çətindir.
       Şəxsən mənə, eləcə də festivalın digər dinləyicilərinə XX əsr Amerika musiqisinin üslub müxtəlifliyini və hətta əlvanlığını – proqrama A. Koplend, E. Karter, C. Kramb kimi məşhur bəstəkarlarla yanaşı, bizə bəlli olmayan müəlliflər – H. Kouell, P. Şönfild, U. Mamlok, R. Syerranın əsərləri salınmışdır – nümayiş etdirən «Continuum»un konserti daha güclü təsir bağışladı. Ansamblın çıxışı səs nüanslarının tükənməz müxtəlifliyi, üslub duyumu, sərbəstlik, daha dəqiq desək, unikal ifaçılıq təbiiliyi, artistizmi ilə heyran etdi. Bu keyfiyyətlər F. Şvartsın «Kannibal-Kaliban» kompozisiyasının təqdimatında – məxsusi «emosiyalar teatrı»nda özünü daha parlaq büruzə verdi: müxtəlif musiqi replikalarına müvafiq olaraq ansambl uzvlərinin sifətləri dəyişir, qorxu, qəzəb, sevinc, heyrət ifadə edirdi ...
       Fleytaçalan Lars Qrauqaardın yapon müəlliflərinin (T. Rai, M. Haşida, Ş. Matsuda) əsərlərindən ibarət konsertində dinləyicilər səsin kompüter vasitəsilə dəyişdirilməsini, səsin «sərgüzəştlər»ini maraqla izləyir, özlərini ecazkar bir aləmə düşmüş kimi hiss edirdilər. Danimarkada K. Nilsen adına Musiqi Akademiyasının kompüter musiqisi şöbəsinin müdiri, görkəmcə xeyirxah cəngavər – Don Kixotu xatırladan professor L. Qrauqaard konsertdən sonra sualıma cavab verərkən aşağıdakı anları vurğuladı: «Mən kompüteri adi bir alət kimi qiymətləndirirəm, onu fleyta və yə fortepianodan fərqləndirmirəm. Əslinə qalsa, məni həqiqətən narahat edən məsələ bədii nəticə, musiqinin keyfiyyətidir. Yaradıcılıqda mənim üçün nə daha əsasdır – ifaçılıq və ya bəstəkarlıq? – sualına isə belə cavab verərdim: fleytaçalan kimi mən daha geniş üslub diapazonunu, müxtəlif region və ölkələrin musiqisini əhatə edə bilərəm. Odur ki, özünüz nəticə çıxarın».
       Əslən Çilidən olan, hal-hazırda Danimarkada yaşayan arfaçalan Sofiya Asunsyon Klaronun konserti də bizim üçün faydasız olmadı. O, stereotip təsəvvürlərə əks olaraq nümayiş etdirdi ki, Latın Amerikası ölkələrində nəinki gözəl romanlar və sentimetal seriallar, habelə kifayət qədər maraqlı «akademik» musiqi bəstələnir. Belə ki, arfanın özünəməxsus imkanlarını audioyazı ilə orijinal tərzdə uzlaşdıran meksikalı Havyer Alvaresin «Acuerdos por Diferencia» kompozisiyası yadda qaldı. Onu da qeyd edim ki, proqramın bir neçə nömrələrində S. A. Klaronun partnyoru kimi onun həyat yoldaşı L. Qrauqaard çıxış etdi.
       Mənimlə söhbətimdə bu məlahətli, gülərüz, temperamentli sənətçi xanım aşağıdakı məqamlara diqqət yetirdi: «XX əsrin sonu bütün dünyada arfa sənətinin renessansı dövrü adlandırıla bilər. Latın Amerikasında isə arfa, onun folklor növü olduqca geniş intişar tapıb. Odur ki, regionumuzun bəstəkarlarının bu alətə müraciəti təbiidir».

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page