ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN SƏSLƏNƏN MƏKANINDA YENI MUSIQI
Zümrüd DADAŞZADƏ
Search

ÊÓËÒÓÐÎËÎÚÈ ÌßÑßËßËßÐ
AZƏRBAYCAN SƏSLƏNƏN MƏKANINDA YENI MUSIQI
Zümrüd DADAŞZADƏ

 


       1989-cu ilin noyabrı. Bakıda «Üzü zirvəyə» devizli Yeni Musiqi Günləri keçirilir. Azərbaycan paytaxtına Norveç, Kuba, Polşa, Yuqoslaviya, Rusiya, Gürcüstan, Özbəkistandan bəstəkarlar axışıb gəliblər. Konsertlər, mühazirələr, görüşlər və paralel olaraq şəhərin mərkəzi küçə və meydanlarında nümayişlər, ədalətə, müstəqilliyə çağırışlar. Bakıdakı hadisələrə qonaqların münasibəti müxtəlifdir: ukraynalı L. Yakub və A. Şetinski yaranmış vəziyyətin bütün təfərrüatları ilə canlı şəkildə maraqlanır, gürcü Z. Nadareyşvili problemlərimizi daha yaxşı anlayaraq dərdimizə tam şərik çıxır, köhnə dostumuz yuqoslav D. Mixalek gördüklərini, eşitdiklərini sakitcə, müdrikcəsinə araşdırmağa çalışır. «Azadlıq adası» ndan qonaqlar: «Kubada belə məzmunlu mitinqlər qeyri-mümkündür. Biz Fidel ataya etibar edirik», - deyə bir qədər karıxmış halda söyləyirlər. Biz, məclis sahibləri, gərgin intizar, dəhşətli təşviş və həyəcan vəziyyətindəyik. 1990-cı ilin qara yanvarına iki aydan az vaxt qalır .. .
       80-ci illərə retrospektiv baxış Azərbaycanın musiqi həyatını həmişə rəngarənglik və zənginlik fərqləndirirdi: burada eyni zamanda bir çox cərəyanlar təmsil olunmuş, müxtəlif üslub və ənənələr – akademik musiqi və caz, avanqard və şifahi ənənəli professional sənət «dic yanaşı yaşamış», səslənən məkanın məxsusiliyini, əlvanlığını doğurmuşdur. Respublikanın mədəni həyatında xüsusi bir canlanma 80-ci illərin ikinci yarısında müşahidə edilirdi. Məhz həmin dövrdə bu rəngarənglik irimiqyaslı tədbirlərin geniş vüsət almasına gətirib çıxardı. Mən müasir musiqi festivallarını, «Xarı bülbül» folklor baxışlarını, V. Mustafazadənin adını daşıyan caz forumlarını nəzərdə tuturam. Özü də Bakıda avanqard sənətin statusu həmişə yüksək olmuşdur. Başqa respublikalarda müasir musiqini təbliğ edən tanınmış ifaçıların qastrolları təxirə salındığı, proqramlardan avanqardçı bəstəkarların əsərləri çıxarıldığı vaxtlarda belə Bakı bir növ yeni musiqi gəmilərinin maneəsiz lövbər saldığ ı sakit liman rolunu icra edirdi. Həmin vəziyyətin başlıca təminatçısı isə Azərbaycan bəstəkarlıq məktəbinin öndəri – «patriarx-novator», «patriarx-üsyankar» (I. Abezqauz) Qara Qarayevin şəxsiyyəti idi. Öz çıxışlarında Q. Qara-yev aşağıdakı fikri dəfələrlə vurğulayırdı: «Biz dünya təcrubəsini daha dərindən öyrənməliyik. Lakin «budur biz, budur dünya nailiyyətləri» - belə düşünmək səhvdir. Axı biz də dünyanın bir hissəsiyik və bizim bugünkü işimiz ümumbəşər işinin bir hissəsidir».
       Dəyərli və layiqli musiqinin böyük hissəsinin Bakıdakı orkestrlərin repertuarından xaricdə qaldığını nəzərə alaraq Qarayev hələ 70-ci illərin sonunda Azərbaycan Konservatoriyasının Opera studiyası nəzdində kamera orkestrini yaratmaq təşəbbüsünü irəli sürdü. Rauf Abdullayevin başçılıq etdiyi həmin kollektivin repertuar siyasəti ilk növbədə müasir sənətin təbliğinə yönəlmişdir. Bu işdg dirijora onun məsləkdaşları bəstəkarlar F. Qarayev və O. Felzer həm təşkilati, həm də yaradıcı yardım göstərirdilər. Orkestr mövcud olduğu illər ərzində Stravinski, Vebern, Ayvz, Keyc, Şnitke, Qubaydulina, Denisovun, habelə dövlət orkestrləri tərəfindən hətta qurultay və plenumlarda ifa olunmayan Azərbaycan müəlliflərinin bir sıra əsərlərini səsləndirdi.
       Müasir musiqinin təbliği işində bəstəkar və pianoçu Firəngiz Əlizadənin səyləri vurğulanmalıdır. Onun məxsusi konsepsiyaya malik, dramaturji baxımdan orijinal quruluşlu konsertləri çoxsaylı auditoriyanı, ilk növbədə ziyalılar və tələbələr sırasından dinləyiciləri cəlb edirdi.
       Bir çox Azərbaycan musiqiçilərinin məqsədyönlü fəaliyyəti 1986-cı ildə məşhur ifaçıların, xarici qonaqların iştirak etdiyi Q. Qarayev adına «XX əsr musiqisi» festivalının keçirilməsi ilə nəticələndi. 1989-cu ildə isə Azərbaycan Bəstəkarlar Ittifaqının gənclər birliyinin təşəbbüsü ilə daha bir sanballı layihə – «Üzü zirvəyə» adlı Yeni Musiqi Günləri reallaşdırıldı. Gənclərin forumunu Qarayev festivalları ilə növbələşdirmək nəzərdə tutulurdu.
       Lakin 1990-cı ilin faciəvi yanvarı Azərbaycanda genişlənməkdə olan festival hərəkatını müvəqqəti olaraq ləngitdi. Sonrakı hadisələrin xronikası belədir: 1990-cı ilin fevralında konsert və yaradıcılıq diskussiyalarından kənarda, tələm-tələsik Azərbaycan bəstəkarlarının VII «təşkilati» qurultayı, həmin ilin dekabrında isə bir növ ətalət üzrə, daha yığcam formada üçüncü və hələ ki axırıncı «XX əsr musiqisi» festivalı keçirildi.
       Çaşqınlıq, məyusluq, itkilər – sonrakı bir neçə ilin musiqi həyatını məhz bu sözlələ səciyyələndirmək olar. Başqa ölkələrlə yaradıcılıq tellərinin qırılması, informasiya qıtlığı, təcridolunma, yüksək ixtisaslı musiqiçi kadrlarının xaricə axını ... Lakin əvvəlki onilliklərin nəhəng təcrubəsi, Azərbaycan musiqi sənətinin Üzeyir bəy tərəfindən dəqiq müəyyənləşdirilmiş başlıca istiqamətləri qısa müddətdə problemləri dəf etməyə kömək göstərdi. Musiqimiz əfsanəvi Feniks quşu kimi küldən dirçəlib yenidən həyata qayıtdı.
       Dünya musiqisi ilə inteqrasiyaya doğru Respublikanın müstəqillik əldə etməsi ilə milli musiqi sənətinin dünya musiqi mədəniyyətinə inteqrasiyası prosesi sürətləndi. Azərbaycan professional musiqi mədəniyyəti daha açıq məkanda, Avropa və dünya incəsənəti kontekstində mövcüdiyyətini davam etdirdi. Bəstəkarlarımızın xarici ölkə ifaçıları, səsyazma firmaları və nəşriyyatları ilə əlaqələri, istedadlı gənclərin sənətlərini xaricdə təkmilləşdirmək imkanları, azərbaycanlı müəlliflərin beynəlxalq festival və müsabiqələrdə müntəzəm iştirakı yeniləşmiş sistemdə musiqi mədəniyyətinin inkişafına təkan verdi.
       MDB ölkələrindən birinci olaraq Azərbaycan ISCM (Beynəlxalq müasir musiqi cəmiyyəti) və ACL (Asiya bəstəkarları cəmiyyəti) kimi nüfuzlu təşkilatlarda təmsil olundu. ISCM-in 1922-ci ildən, yəni yarandığı ildən müntəzəm keçirdiyi «Dünya musiqisi günləri»nə 90-cı illərdə Azərbaycan bəstəkarları da (F. Əlizadə, C. Quliyev, Z. Fərhadov) qoşuldu. Məsələn, 1999-cu ildə Buxarestdə ISCM-in növbəti tədbirində I. Hacıbəyovun fleyta və orkestr üçün «Konzertstück» əsərinin Buxarest radiosunun milli simfonik orkestri (dirijor Lüdviq Baks) və dünya miqyasında tanınmış fleytaçalan Pyer-Ayvz Arto tərəfindən ifası əlamətdar hadisə adlandırıla bilər.
       ACL-ə üzv seçilərkən Azərbaycanın coğrafi mövqeyi ilə bağlı problemlər üzə çıxdı. Təşkilatın rəhbərliyinin fikrincə, Azərbaycan Asiyanın uzaq qərbində yerləşir, daha çox Avropaya aid edilməlidir. Lakin nəticədə məsələ müsbət həll olundu. ACL-in işində iştirak Azərbaycanın yeni musiqisini daha geniş təbliğ etmək imkanı verdi ki, bəstəkarlarımız da bu şansı əldən buraxmadılar.
       Cəmi bir neçə il ərzində təşkilatın Banqkok (1995), Manila (1997), Taybey (1998), Cakarta (1999), Yokohamadakı (2000) festivallarında Azərbaycan musiqisini A. Məlikov, X. Mirzəzadə, I. Hacıbəyov, C. Abbasov, Ə. Əlizadə və E. Mirzəyevin əsərləri təmsil etmişdir.
       Müəlliflərimizin Şərq və Qərb musiqi mədəniyyətlərinin, müxtglif təfəkkür tiplərinin sintezi ideyasına əsaslanan bir sıra irimiqyaslı layihələrdə iştirakı da önəmlidir. Məsələn, Hollandiyanın «Nieuw Ensemble» kollektivinin təşəbbüsü ilə keçirilən «Tokkelfestival»ın, habelə məşhur Amerika violonçelçalanı Yo-Yo-Manın «Ipək yolu» layihəsinin əsas məqsədi Avropa və Şərq musiqi alətləri, daha geniş götürsək, ənənələri arasında ümumi nöqtələrin aşkarlanmasıdır.
       ilə yanaşı, ud (F. Əlizadənin «Ilğım» kompozisiyası) və Azərbaycan tarı (F. Qarayevin «Xütbə, Muğam və Surə» əsəri) də təmsil olunmuşdur (sonuncu əsər barədə daha müfəssəl bax: Dadaşzadə Z. Etiraf anı. «Qobustan», 2000, ¹2).
       1994-cu ildə Amsterdamda «Minilliyə rekviyem» adlı irimiqyaslı festivalda «Nieuw Ensemble» «Yeni dini musiqi» proqramı ilə çıxış edib həmyerlimiz R. Həsənovanın – sufiliklə bağlı mövzunu musiqidə ardıcıl təcəssüm etdirən müəllifin «Səma» əsərini ifa etmişdir.
       Yo-Yo-Manın uzunmüddətli «Ipək yolu» layihəsinə isə Azərbaycandan C. Quliyev (fleyta, saz və violonçel üçün «Karvan») və F. Əlizadə (skripka, viola, violonçel, zərb, ney və qiraətçi üçün «Dərviş») cəlb olunmuşdur.
       2001-ci ilin payızında Almaniyada ABŞ, Avropa ölkələri və Azərbaycanın görkəmli musiqiçilərinin (təkcə onu demək kifayətdir ki, dərviş partiyasını Alim Qasımov təfsir etmişdir) ifasında səslənən F. Əlizadənin kompozisiyası «Ipək yolu» layihəsinin ən uğurlu əsəri kimi qiymətləndirilmişdir. Hal-hazırda Firəngiz xanımın beynəlxalq miqyasda reytinqi çox yüksəkdir. Bəstəkarın adı müasir musiqinin ən önəmli fiqurları (məsələn, S. Qubaydulina, A. Pyart, G. Kançeli) ilə bir sırada çəkilir, onunla ümumdünya şöhrətli ifaçılar (Yo-Yo-Ma, I. Monigetti, «Cronos», «The Hilliard Ensemble») əməkdaşlıq edir, həmyerlimiz haqqında ən nüfuzlu ensiklopediyalar, jurnal və qəzetlər (bu sırada «The New York Times» qəzetinin yüksək rəyi xüsusən seçilir) geniş məqalələr dərc edirlər. Bütün bunlar son nəticədə Azərbaycan musiqisinin nüfuzunun artmasına xidmət edir. Ümumiyyətlə, bu gün Azərbaycan bəstəkarlarının əsərləri müxtəlif festivallarda səslənərək qərb musiqisinin ən yeni, ən təravətl i nümunələri ilə bərabər əsaslarda, uğurla rəqabət aparır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page