ÜZEYIR BƏY HACIBƏYOV
Səadət QARABAĞLI
Search


BƏSTƏKARIN MÜQƏDDƏS RUHUNU ƏMƏLLƏRIMIZDƏ YAŞADAQ!
Raziyə ƏLIYEVA
ROSTROPOVIÇLƏRIN NƏSL ŞƏCƏRƏSI
Şeyla HEYDƏROVA
AZƏRBAYCANIN BAŞ ORKESTRI NIyazI epoxası (ARDI)
Nigar ƏLIYEVA Fərəh ƏLIYEVA
ÇARDAŞ VƏ MARKALAR VƏ YAXUD MARKALARDA ƏKSINI TAPAN MACAR RAPSODIYASI
Eldar ISKƏNDƏROV
ÜZEYIR BƏY HACIBƏYOV
Səadət QARABAĞLI

 



Cahanşümul dahi bəstəkar, kəskin qələmli mühərrir, incə yumora malik dramaturq, bənzərsiz pedaqoq, gözəl alim, yorulmaz ictimai xadim Üzeyir bəy Hacıbəyovun yaradıcılıq irsi həmişə diqqət mərkəzindədir. Azərbaycan mədəniyyətində elə bir sahə yoxdur ki, orada Üzeyir bəyin adı çəkilməsin. Böyük sənətkar hər çəhətdən kamildir, əvəzsizdir.
Üzeyir bəy Hacıbəyovun ölməz musiqi əsərləri kimi, onun publisistikası da, dramaturgiyası da həmişə cavandır. Yəni nə qədər oxuyursansa, elə bil ki, yeni bir əsər, yeni bir məqalə ilə tanış olursan. Orası da çox qəribədir ki, XX əsrin əvvəllərində yaranmış publisistik yazılar elə bil ki, bu gün qələmə alınmışdır. Yəni XXI əsrdə də günümüzlə səsləşir, aktuallığını saxlayır.
Ü. Hacıbəyov publisistik yaradıcılığa 1903-cü ildən başlayaraq ömrünün sonuna kimi davam etdirmişdir. Ən kəskin yazılarını 19051920-ci illərdə yazmışdır. O, öz məqalə və felyetonlarında dini fanatizmə, çar Rusiyasının fitnəkarlığına, Şərq qadınlarının hüquqsuzluğuna qarşı cəsarətli yazılarını yazmış, Lenini, bolşevikləri qorxmadan tənqid etmişdir. Bunlardan əlavə Üzeyir bəy mədəniyyətin, maarifin inkişafına öz məqalə və çıxışlarında məxsusi yer ayırmışdır. Üzeyir bəy Hacıbəyov yaradıcılığında ana dili məsələlərinə xüsusi fikir vermişdir. Bu barədə silsilə məqalələr yazmışdır. Üzeyir bəyin fikrincə bir millətin varlığının əsəs amili onun dilidir. Buna görə bütün xalq və birinci növbədə ziyalılar, alimlər öz dilini qoruyub saxlamağa və inkişaf etdirməyə borcludur. 1906-cı ildə "Irşad" qəzetində dərc etdirdiyi bir məqaləsində Ü. Hacıbəyov yazırdı: "Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir m illətin varlığına, yaşamasına isbat vücud onun dilidir".
Möhtərəm prezidentimizin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli xüsusi fərmanı bütün xalqımız kimi Üzeyir Hacıbəyovun ev-muzeyinin əməkdaşları tərəfindən də böyük məmnuniyyət hissi ilə qarşılanmışdır. Uzaqgörən prezidentimizin qəbul etdiyi bu fərman bizim üçün həm də ona görə əlamətdardır ki, xalqımızın qabaqcıl maarifçiləri, ziyalıları arasında Üzeyir bəy Hacıbəyovun adı iki dəfə çəkilir. Tamamilə yerində və gözəl deyilmiş fikirlərdir. Çünki Azərbaycan ədəbiyyatını, publisistikasını, maarifçiliyini, dilçiliyini Üzeyir bəy Hacıbəyovsuz təsəvvür etmək qeyri mümkündür.
Adı çəkilən fərmanda deyilir: "Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsəs yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışdılar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır".
Bəli, Üzeyir bəy hələ pedaqoji fəaliyyəti zamanı şagirdlərin dərslik sarıdan çətinlik çəkdiklərini görmüş və bunu aradan qaldırmaq üçün 1907-ci ildə hüquqi, siyasi, hərbi terminlərin "Azərbaycan-rus, rus-Azərbaycan" lüğətini tərtib etmiş və Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr etdirmişdir. 1908-ci ildə isə "Hesab məsələləri" dərsliyini yazmış, yenə də həmin mətbəədə kitab işıq üzü görmüşdür. Bu kitablardan nə qədər şakirdlər, ziyalılar bəhrələnmişlər.
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" xüsusi fərmanda daha sonra deyilir: "Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi körkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar".
Ü. Hacıbəyov dəfələrlə öz məqalələrində ana dilinin saflığı məsələsinə toxunmuş, bu dilin xarici sözlərdən təmizlənməsinə, sırf Azərbaycan türkcəsi olmasına çalışmışdır. Bu xüsusda onun "Bir xanım əfəndinin bizlərə hüsni-təvəccöhi" məqaləsi maraqlıdır. Demək olar ki, 20 yaşlı mihərrir bu məqalə ilə əsl jurnalistlik fəaliyyətinə başlamışdır. Məqalə "Həyat" qəzetinin 1905-ci il 10 sentyabr tarixli 62-ci sayında "Üzeyir" imzası ilə çap edilmişdir. Burada müəllif "Peterburqskiye vedomosti" qəzetində Maqda Neyman adlı bir yazar tərəfindən dilimizin saflığı əleyhinə yürüdülmüş həyasız böhtana öz nifrətini bildirmişdir.
Ana dilinin tədrisini irəli sürərək Üzeyir Hacıbəyov bir-birinin ardınca üç məqalə yazmışdır. Bu məqalələr "Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik" sərlövhəsi altında "Irşad" qəzetinin 1906-cı il 15, 16 və 20 fevral tarixli saylarında "Üzeyir bəy Hacıbəyov" imzası ilə dərc edilmişdir.
Bu məqalələrdə Üzeyir bəy ana dili haqqında çox qiymətli fikirlər irəli sürmüşdür. Mühərrir dilini bilməyənlərə istehza ilə yanaşmaqla, onlara "zavallı" deyə məraciət edir, həm də ana dilini öyrənmək üçün həmin "zavallı"lara yollar göstərir. Təbii ki, böyük ədib heç vaxt çox dil bilməyin əleyhinə olmamışdır. Lakin öz dilini bilməyib ərəb, fars, rus, fransız, ingilis dillərində "bülbül" kimi ötənlərə istehza ilə gülmüş, buna qarşı vaxtında mübarizəyə başlamışdır. Üzeyir bəy özü ana dilimizi bütün incəlikləri ilə bilməklə yanaşı, bir neçə dilə ərəb, fars, türk, tatar, rus, gürcü, ləzgi dillərinə də yiyələnmişdir. Ona görə də istedadlı mühərrir dil məsələsinə tez-tez müraciət etmiş, zəngin, lirik Azərbaycan türkcəsini mükəmməl öyrənmək üçün xalqına faydalı məsləhətlər vermişdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page