SÖNMƏZ SƏNƏT OCAĞI
Jalə ƏLIYEVA
 

       Hər bir xalqın milli şüurunun formalaşması onun mədəniyyətinin, elminin, təhsilinin inkişafı ilə şərtlənir. Təsadüfi deyil ki, sivilizasiyanın ən yüksək göstəricisi elmin və təhsilin üzərinə düşür.

       Mühitin, şəraitin insanın şəxsiyyət kimi formalaşmasında, istedad və qabiliyyətinin lazımi məcraya yönəldilməsində çox böyük rolu var. Məktəb illəri, zənnimcə, bu mənada müstəsna əhəmiyyətə malikdir. Hər bir elm və təhsil ocağı uğurlu göstəricilərlə seçilir, fəxr edir. Belə təhsil ocaqlarından biri Azərbaycan Respublikasında orta ixtisas məktəbi ailəsinin üzvlərindən olan Naxçıvan Musiqi Texnikumudur. Onun keçdiyi uzun və şərəf yola nəzər salarkən belə qənaətə gəlmək olar ki, Naxçıvan musiqi mədəniyyətini bu təhsil ocağından ayrı təsəvvür etmək qeyri mümkündür. Muxtar Respublikada milli musiqiçi kadrların yetişməsində özünəməxsus mövqeyi olan Naxçıvan Musiqi Texnikumu öz qoynunda ancaq peşəkar musiqiçilər bəsləməklə kifayətlənməmiş, onlara eyni zamanda müstəqil düşüncə tərzi, həyat hadisələrinə zamanın fövqündən baxmaq bacarığını da aşılamaq iqtidarında olmuşdur. Bu qocaman təhsil ocağı haqlı olaraq, öz yetişdirmələri – adlı-sanlı ifaçıları, dirijorları, musiqişünasları ilə öyünür.

        “Naxçıvan Musiqi Texnikumunu bitirmişəm” kəlmələrini biz hamımız – texnikumun məzunları neçə illər keçsə də böyük qürur hissi ilə deyirik. Bu müəssisə Azərbaycan Respublikasının çoxsaylı texnikumları içərisində böyük nüfuza malik bir təhsil ocağıdır. Texnikum özünün 30 illik yubileyi ərəfəsindədir. Bu münasibətlə texnikumun tarixi – dünəni, bu günü, sabahı haqda söz açmaq bizcə yerinə düşər.

       Naxçıvan Musiqi Texnikumu 1975-ci ilin aprel ayında yaranmışdır. Yaranan zaman Ü.Hacıbəyov adına orta ixtisas musiqi məktəbi kimi fəaliyyət göstərən bu təhsil ocağı 1992-ci ildən etibarən Naxçıvan Musiqi Texnikumu adlanır.

       Yarandığı zaman burada fortepiano, vokal, xalq çalğı alətləri və simli alətlər tədris olunurdu. Tədricən şöbələrin sayı artmağa başlayır. Texnikumda hazırda 7 şöbə fəaliyyət göstərir. Ilk illərdə burada təhsil alan tələbələrin sayı az idisə, bu gün texnikumda 350-yə yaxın tələbə təhsil alır. Əvvəllər tədris rus və azərbaycan dillərində aparılırdı. 1988-ci ildən etibarən artıq rus bölməsi fəaliyyət göstərmir.

       Məktəbin ilk direktoru Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Səidə Məmmədova olmuşdur.

       Yarandığı gündən etibarən məktəb daxilində bir çox kollektivlər – sekstet, vokal, estrada ansamblı, 1987-ci ildə təşkil edilmiş nəfəsli orkestr fəaliyyət göstərmişdir. Bu orkestrin yaranmasında hal-hazırda da texnikumda dərs deyən Çingiz Axundovun böyük rolu olmuşdur. Nəfəsli alətlər şöbəsinin açılmasında isə texnikumun müəllimi, gözəl musiqiçi, fleyta çalan Firuzə Əliyevanın böyük əməyini qeyd etməmək mümkün deyil.

        Ilk dəfə olaraq, 1987-ci ildə Səidə Məmmədovanın bilavasitə rəhbərliyi ilə kiçik tərkibli simfonik orkestr yaradıldı. Orkestrin heyətində musiqi məktəbinin müəllimləri də (trubada Məmməd müəllim, kontrabasda Fazil müəllim və başqaları) var idi. Buna baxmayaraq, orkestrin əsas tərkib hissəsini texnikumun tələbələri və hərbi hissənin əsgərləri təşkil edirdi. Bu gün də texnikumda Çingiz Axundovun rəhbərlik etdiyi kiçik tərkibli birləşmiş simfonik orkestr fəaliyyət göstərir.

       Texnikum Muxtar Respublikanın demək olar ki, bütün mədəni tədbirlərində, eyni zamanda, Naxçıvanda və Bakıda keçirilən əksər dövlət konsertlərində, Naxçıvan günlərində, Bakıda, Gəncədə keçirilən müsabiqələrdəhəmişə böyük müvəffəqiyyətlərlə çıxış edibdir.

       Bütün bunlar yenicə açılan məktəbdə müəllimlərin və tələbələrin işə, dərsə necə böyük bir məsuliyyətlə yanaşmalarının parlaq təzahürü idi.

       Orta ixtisas musiqi məktəbinin ilk buraxılışı 1979-cu ildə olub. Bu məzunlar arasında Naxçıvanın musiqi-mədəni mühitində özünəməxsus xidmətləri olan Bətulə Məmmədova, Tariyel Abbasov, Bəhlul Abbasov, Məlahət Kəngərli, Əliağa Seyidov, Tağı Tağıyev və başqaları var.

       Onu da qeyd edək ki, ayrı-ayrı illərdə bu təhsil ocağına rəhbərlik etmiş Səidə Məmmədovanın, Rəşid Məmmədovun, Həsənağa Qurbanovun, Əqidə Ələkbərovanın, Tapdıq Bağırovun, Rza Abbasovun məktəbin inkişafında müstəsna xidmətləri olmuşdur.

       Ötən illər ərzində müəllim və tələbələrin sayı dəfələrlə artmış, tədris proqramları əsaslı şəkildə genişlənmişdir.Tələbələrin musiqi estetik tərbiyəsi ilə ilk illərdə cəmi 20-yə yaxın müəllim kollektivi məşğul olurdu. Bunların çoxu rus hərbçilərinin arvadları idi. Bu da Naxçıvanda ali təhsil almış musiqiçi kadrların azlığından irəli gəlirdi. Səidə Məmmədova, Nazim Quliyev, Tatyana Heydərova, Həlimə və Arif Məhərrəmovlar, Siyavuş Əlizadə, Arif Quliyev, Firuzə Əliyeva texnikumun ilk müəllimlərindən olmuşlar. Bu müəllimlərin əksəriyyəti Azərbaycan Dövlət Konservatoriyasının məzunlarıdır.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70