AZƏRBAYCAN XALQ RƏQSLƏRININ NOT YAZILARI HAQQINDA
Elnarə DADAŞOVA
 

XIX əsrin birinci yarısından Azərbaycan xalqının musiqisinə maraq artır. Nota salınan və çap olunan əsasən xalq mahnılarımız olur. Xalq rəqslərimiz isə nisbətən az tədqiq və çap edilmiş sahələrdən idi. Rəqslərimizin nota salınması və nəşri keçən əsrin otuzuncu illərində Azərbaycan Dövlət Konservato-riyasının Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasından sonra mümkün oldu. Belə ki, Elmi-Tədqiqat Musiqi Kabineti xalq musiqimizin, eləcə də rəqslərimizin toplanması və nota yazılmasına aid iş planını sözü gedən vaxtdan həyata keçirməyə başlayır. Məşhur müğənni, xalq musiqisinin dərin bilicisi Bülbül bu elmi-tədqiqat kabinetinə rəhbərlik edirdi. Onun E.T.M.K-nin işində, folklorun toplanıb çap olunmasında müstəsna xidmətlərini qeyd etmək lazımdır.

Xronoloji şəkildə xalq rəqslərimizin nəşrlərini izləsək görərik ki, ilk toplunun çapı 1937-ci ilə aiddir. “Azərbaycan rəqs havaları” adlanan bu toplu S.Rüstəmov tərəfindən hazırlanıb. (Müqəddimə V.Belyayevin, redaktor X.Qacar. Azərnəşr. Musiqi sektoru.Bakı. 1937) Məcmuəyə 30 rəqs daxil edilib. Bunlar ən məşhur rəqslərdir. Bu gun də həmin rəqslər öz təravətini itirməyib. Bu məcmuə S.Rüstəmov tərəfindən 1950-ci ildə yenidən redaktə edilmiş və nəşr olunmuşdur. (Bakı, Azərbaycan Dövlət musiqi nəşriyyatı).

Öncə qeyd edək ki, rəqslərimizin proqramlılığı bu nəşrdə tam əksini tapıb. Burada bir sıra rəqslərimizin yaranması ilə bağlı məlumatlar, digərlərinin ifaçıları haqqında açıqlamalar adlarında oxunur. Məsələn “Uzundərə”nin (topluda 6 saylı rəqs) yaşlı kişilərin rəqsi olması; “Şuşanik” (10 saylı), “Xalabacı” (18 saylı), “Gülgəz”in (29 saylı) yalnız qadın və qızlara aid olmaları; qəhrəmanlıq rəqslərinin – “Qıtqılıda” (17 saylı), “Şələxo” (21saylı), “Cığcığa” (23saylı), “Qazağı” (25saylı) - kişi ifaçıları üçün nəzərdə tutulmaları onların məzmunu, tempi və xarakteri ilə bağlıdır.

Rəqəmlərlə adlandırılmış rəqs qrupu da var - “On dörd”, “Yüz bir”, “Altı nömrə”. Topluda diqqəti çəkən əsas məsələ rəqslərin musiqi mətninin əsasən dəqiq qələmə alınmasıdır.

1951-ci ildə Azərbaycan Dövlət Musiqi nəşriyyatı tərəfindən T.Quliyev, Z.Bağırov və M.S.Ismayılovun not yazılarına əsasən “Azərbaycan xalq rəqsləri” toplusu buraxıldı. Toplunu redaktə edən və ona ön söz yazan bəstəkar S.Rüstəmov idi. Bu məcmuəyə qədim xalq rəqsləri daxil edilmişdi.

S.Rüstəmovun qeydlərinə görə nəşr olunan rəqs melodiyaları “xalq arasında adətən toy məclislərində, cıdırlarda və muxtəlif şənliklərdə zurnacılar və ya balamançılar tərəfindən ifa olunur. Bu dəstə iki zurnadan və ya iki balamandan, bir və ya iki, nadir hallarda, üç nağaradan ibarət olur. Zurnaçılardan biri həmişə əsas melodiyanı çalır (buna usta deyirlər), o birisi - dəmkeş isə, melodiyanın tələbinə görə, adətən arası kəsilmədən bir səs çalır, yəni dəm saxlayır.". 1

Ön sözdə S.Rustəmov həm də “Kos” deyilən iri nağara haqqında onun funksiyası ilə əlaqədar açıqlama verir. Eyni zamanda “çürə nağara”ların da ustalıqla ifa olunan rəqsin ya da hər hansı digər bir melodiyanın əsas ritminin ifasını təmin etməsi barədə oxucunu məlumatlandırır.

Redaktorun digər maraqlı qeydləri də nəzərə çatdırılmalıdır. Məsələn, ilk dəfə 6\8 ritmi ilə bağlı spesifik və orijinal tərzli Azərbaycan rəqslərinin fərdiliyini təmin edən xüsusiyyətlərin önə çəkilməsi və izah edilməsi haqqında həm misal gətirilir, həm də qeyd olunur ki, temp, qruplaşma, improvizasiyalar, variantlılıq, məqam xüsusiyyətləri 6\8 vəzninin əsas səciyyəsini yeknəsək etmir. S.Rüstəmovun ön sözdə qeyd etdiyi kimi o, rəqslərin yalnız “bəzi elementləri” barədə məlumat verərək ümumilikdə xalq yaradıcılığına tədqiqi yanaşmanı bir məqsəd kimi musiqişunaslar qarşısında qoyur. Bu sətirlərin müəllifinin rəqslərin təhlili zamanı diqqətini çəkən nota alınmanın dəqiqliyi oldu. Məsələn, “dəmkeş”in “dəm” pərdəsinin, əsas kökün saxlanması ilə ayrıca sətrin verilməsini diqqətəlayiq sayırıq.

Bu, müəllifin məqam araşdırmalarına böyuk kömək və dayaq oldu. Əfsuslar olsun ki, bəzi sonrakı nəşrlərdə belə qeydlər ənənəyə çevrilmədi. Bu səbəbdən də lad-məqamın, kökün təyin olunmasında və təhlilində müəyyən çətinliklər yarandı. Nota salınan nümunələrdə bəzən qeyri dəqiqlik müşahidə olunur. Aşağıda bununla bağlı ətraflı qeydlər verilir.

Diqqətimizi çəkən unison ifadır. Həqiqətən də rəqslərimizin orta bölmələrində, xüsusən də sonlarında zurnaçılar və ya balamançıların ikisi də melodiyanı unison çalırlar. Məsələn, 2 saylı “Şahsevəni” nümunəsində əks olunduğu kimi.

Nümunə 1.

Ümumilikdə toplu ilə əlaqədar qeyd etməliyik ki, nota salanlar: T.Quliyev, Z.Bağırov və M.S.Ismayılov rəqs nümunələrinin melodiyasını dəqiq əks etdiriblər. Bu səbəbdən də tədqiqat işi üçün onların qələmə aldıqları rəqslər çox əlverişlidir.

Nəşrlərin xronologiyasını izləsək qeyd etməliyik ki, 1954-cü ildə R.Hacıyev zurnaçı Əli Kərimovun çalğısından “Sünbülü” və “Yarış” rəqslərini nota salıb və piano üçün işləyib. Bu rəqslər əsasən konsert pyesi kimi maraq doğurur.

Xalq rəqsləri əsasında fortepiano pyesləri bəstələmək Azərbaycan musiqi sənətində yeni idi. Onun əmələ gəlməsi məişətə fortepianonun daxil olması ilə sıx əlaqədardır. Eyni zamanda, bu məziyyət milli fortepiano ifaçılığı üslubunun əsasını da əmələ gətirib. Belə ki, rəqs melodiyalarının işlənməsi sırf instrumental musiqinin (konsert, sonata, simfoniya, ballada, rapsodiya, noktyurn və s.) bünövrəsini qoymuş oldu. Təsadufi deyil ki, Azərbaycan musiqisində milli və avropa musiqisinin sintezləşməsi ilk öncə fortepiano işləmələri ilə əlaqədardır.

Yeri gəlmişkən qeyd edək ki, işləmə səpkili nümunələrdə bəzən rəqs melodiyası (kanto) bir qədər dəyişilmiş, orijinaldan fərqli olduğuna, bəstəkarlarımızın yaradıcılıq süzgəcindən keçdiyinə görə yazımızda onlara əsaslı yer verməmişik. Məsələn: elə R.Hacıyevin “Sünbülü” və “Yarış” adlı yuxarıda sözü gedən Azərbaycan xalq rəqslərinin fortepiano üçün işləmələri belələrindəndir.

R.Hacıyevin yuxarıda qeyd edilmiş 2 rəqsin işləməsi Qlinka və onun davamçıları (xüsusən Balakirev, Rimski-Korsakov və Borodin) ənənələrinin kökündən mənimsənilməsi əsasında mümkun olmuşdur. Onların milli zəmində avropa ənənəsinə əsaslanan homofon-harmonik faktura quruluşu üstündə sintezləşdirmə məlum həqiqətdir. R.Hacıyev də milli zərb alətlərimizin ritmik müşayiətini və sazsayağı harmonik səslənməni orijinal tərzdə sırf avropa fakturasından bəhrələnərək, bu baxımdan vəhdət yarada bilmişdi.




1 "Azərbaycan xalq rəqsləri". Not yazısı T.Quliyevin, Z.Bağırovun və M.S.Ismayılovundur. Azərb.Dövlət Musiqi nəşriyyatı, Bakı, 1951.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70