ÖMRÜN MƏNASI
Inna PAZIÇEVA (Tərcümə edən - Şəhla MAHMUDOVA)
 

       Azərbaycanda Hacıbəyovşünaslığın təşəkkülü və inkişafı tanınmış musiqişünas alim Elmira xanım Abasovanın elmi fəaliyyətilə qırılmaz surətdə bağlıdır. Bu tədqiqatçının adı XX əsrin dahi Azərbaycan klassiki haqda musiqi elminin təşəkkül mərhələsinə aiddir. Üzeyir Hacıbəyova həsr edilmiş işlərin ən böyük hissəsi məhz E.Abasova tərəfindən yaradılmışdır ki, bunların müstəsna əhəmiyyəti vardır.

       Uzun illərdən bəri E.Abasova həm milli incəsənətin ümumi panoramı fonunda, həm də daha geniş – Avropa mədəniyyəti kontekstində bəstəkarın yaradıcılıq şəxsiyyətinin müxtəlif aspektlərini öyrənir, onun əsərlərini müfəssəl təhlil edərək, əsərlərinin musiqi dilinin, ideya konsepsiyasının təbiəti və xüsusiyyətlərini üzə çıxarır.

       E.Abasova qəzet, jurnal, toplularda çıxmış çoxsaylı məqalələrin, dərslik və ensiklopediyalardakı bölmələrin, konfrans və elmi sessiyalarda oxunmuş məruzələrin, eləcə də müxtəlif broşür və monoqrafiyaların müəllifidir. O, Azərbaycan və rus dillərində çıxmış «Üzeyir Hacıbəyov» biblioqrafiyasının (1978 və 1985) redaktoru, Üzeyir Hacıbəyov irsinin Akademik nəşrinin redaksiya heyətinin üzvü, 1996-cı ildə çap olunmuş «Üzeyir Hacıbəyov» ensiklopediyasının redaksiya heyətinin üzvü olmuşdur. E.Abasova öz işlərində ilk dəfə olaraq Üzeyir Hacıbəyovun tarixi rolunu çox dəqiq və düzgün müəyyənləşdirərək, onu Azərbaycan bəstəkarlıq məktəbinin və bütün müasir milli musiqi mədəniyyətinin banisi kimi qiymətləndirmişdir.

        «Ü.Hacıbəyovun opera və musiqili komediyaları» (rus dilində) və iki yubiley monoqrafiyası bəstəkarın yaradıcılığının öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

       1961-ci ildə çıxmış kitabında1 Azərbaycanın musiqi elmində ilk dəfə olaraq Ü.Hacıbəyovun musiqili səhnə əsərlərinin ardıcıl və müfəssəl təhlili verilmişdir. Muğam operaları, musiqili komediyalar və «Koroğlu» operasının kitab müəllifi tərəfindən verilmiş təhlili iki musiqi mədəniyyəti tipi – Şərq və Qərb musiqisinin yaxınlaşması baxımından Ü.Hacıbəyovun yaradıcılıq üslubunun təkamülünü bütün dolğunluğu ilə qavramağa imkan verir. Kitabda Ü.Hacıbəyovun hər əsəri bəstəkarın sənətkarlığının yeni pilləsi kimi təqdim edilir. Kitabın müəllifi bir-birinin ardınca bəstələnən əsərləri müqayisə edərək, bunların qohum xüsusiyyətlərini və eyni zamanda bədii kəşf kimi qəbul edilən yeni keyfiyyətlərini üzə çıxarır. Məsələn, iki muğam operası – «Leyli və Məcnun» və «Əsli və Kərəm»i tutuşduran tədqiqatçı nəinki Ü.Hacıbəyov irsində, ümumiyyətlə, Azərbaycanın bəstəkar yaradıcılığında bunların tarixi rolunu müəyyən edir. O, haqlı olaraq qeyd edir ki, «Leyli və Məcnun» Azərbaycanda müasir profess ional musiqisinin inkişafı üçün çıxış nöqtəsi olmuşdur». 2 Maraqlıdır ki, E.Abasova bu əsərlərdə dahi klassikin üslubunun kristallaşması prosesini izləməyə can atır ki, bu da sonradan «Koroğlu» operasında mükəmməl ifadəsini tapmışdır. Məsələn, «Əsli və Kərəm»də aşıq musiqisi üslubunda yazının hazırlanmasından danışarkən müəllif qeyd edir ki, «Koroğlu»da bəstəkar aşıq musiqisinin intonasiya quruluşunu klassik opera üslubunadək inkişaf etdirmişdir. 3 Başqa bir nümunə – Ü.Hacıbəyovun ilk dəfə «Arşın mal alan»da istifadə etdiyi «lad modulyasiyaları» «Koroğlu»da mühüm dinamik inkişaf vasitələrindən birinə çevrilmişdir. 4

       Bu işdə Ü.Hacıbəyovun əsərlərinin sistematik tədqiqi prosesində əsərlərin yaranma tarixi və səhnə taleyilə bağlı məsələlərə toxunulur, obrazların ifaçı təfsiri və müxtəlif redaktor yanaşması səciyyələndirilir, ədəbi mənbə ilə fərqli cəhətləri müəyyən edilir. E.Abasova bu əsərlərin dramaturgiyasının xüsusiyyətlərini müəyyənləşdirir, bunlardakı leytmotiv sistemini açıqlayır. O, hər bir obrazın inkişafını izləyərək, intonasiya təbiətini aşkara çıxarır. Məsələn, «Koroğlu» operasında yalnız bir qəhrəmanın deyil, personajlar qrupunun musiqi səciyyəsindəki intonasiya əlaqələri üzə çıxarılır. Söhbət müsbət qəhrəmanların partiyasındakı intonasiya komplekslərinin fasiləsiz inkişafından gedir ki, müəllif bunları «qəhrəmanlıq motivi» adlandırır.

       Intervallardan tutmuş musiqi formasınadək musiqinin bütün elementlərinin təhlilinə əsaslanaraq E.Abasova Ü.Hacıbəyovun yaradıcılıq nailiyyətlərinin əhəmiyyətini, onun musiqi ifadəsinin bütün sahələrinə gətirdiklərini üzə çıxarmış və «Koroğlu» operasında əldə olunmuş ideya qayəsi ilə bədii hadisənin kamilliyini göstərmişdir.

       Bəstəkarın 90 illiyilə əlamətdar olan 1975-ci ildə E.Abasovanın ikinci kitabı nəşr edilir ki, burada Ü.Hacıbəyovun həyat və yaradıcılığının bütün mərhələləri xronoloji ardıcıllıqla işıqlandırılır. 5 Burada tarixi faktlar barədə məlumatlar və bəstəkarın başlıca əsərlərinin təhlili verilir.

       Ü.Hacıbəyovun 100 illiyinə həsr olunmuş ikinci monoqrafiya dahi sənətkarın tarixi missiyası, onun yaradıcılıq kəşflərinin əhəmiyyəti barədə düşüncələrin nəticəsi oldu. 6 Bəstəkar haqda ədəbiyyatdan və öz işlərindən istifadə edərək, E.Abasova əvvəlki mülahizələrini xeyli zənginləşdirir və dərinləşdirir, həmçinin yeni fikirlər irəli sürür. Bunu da qeyd etmək vacibdir ki, Ü.Hacıbəyovun əhəmiyyəti milli mədəniyyət çərçivəsindən daha geniş – dünya musiqisi miqyasında təqdim edilir. Bu baxımdan müəllif maraqlı faktoloji materiallar cəlb etməklə bəstəkarın ayrı-ayrı əsərlərini yeni mövqedən səciyyələndirir.

       Sənətkarın həyat və yaradıcılıq yolundan bəhs edən fəsillərdə çoxlu faktoloji materialdan istifadə edilir. Istedadlı bəstəkar, nəzəriyyəçi alim və folklorşünas, maarifçi-pedaqoq, ədib-dramaturq və publisist, ictimai xadim Ü.Hacıbəyovun çoxcəhətli şəxsiyyəti oxucu qarşısında bütün dolğunluğu ilə açılır. E.Abasova sənətkarın ədəbi-publisistik işlərini araşdıraraq, Ü.Hacıbəyovun estetik görüşlərinin formalaşmasında bunların əhəmiyyətini qeyd edir. Müəllif Şərqdə ilk musiqi teatrının, ilk xor kollektivinin və xalq çalğı alətlərindən ibarət notlu orkestrin yaradılmasında bəstəkarın tarixi rolunu vurğulayır. O, bir çox ictimai tədbirlərin – 1928-ci ildə aşıqların ilk qurultayının, 1938-ci ildə Moskvada Azərbaycan musiqisi dekadasının, 1944-cü ildə Tbilisidə Zaqafqaziya musiqisi dekadasının və s. hazırlanması və keçirilməsində Ü.Hacıbəyovun təşəbbüskarlığını qeyd edir. Müəllif, respublikada professional musiqi təhsili sahəsində bir sıra tədris müəssisələrinin, o cümlədən Azərbaycan Dövlət Konservatoriyasının açılmasında Ü.Hacıbəyovun əsas rolunu qeyd edir. Bir sözlə, kitabın səhifələrində bu görkəmli şəxsiyyətin fəaliyyət göstərdiyi bütün sahələr səciyyələndirilir.




1 Abasova G. Operı i muzıkalğnıe komedii U.Qadcibekova. Baku, 1961

2 Yenə orada, s. 62

3 Yenə orada, s. 148

4 Yenə orada, s. 172

5 Abasova G. Uzeir Qadcibekov. Baku, 1975

6 Abasova G. Uzeir Qadcibekov. Putğ cizni i tvorçestva. Baku, 1985



       Kitabda bəstəkarın yaradıcılığı, onun üslubunun və yaradıcılıq metodunun xüsusiyyətləri barədə mühüm müddəalar vardır. Kitabın hər səhifəsində E.Abasova sübut edir ki, Ü.Hacıbəyovun yaradıcılığı və fəaliyyəti milli incəsənətin köklü problemlərinin dahiyanə həllindən ibarətdir. Ü.Hacıbəyov Zamanın onun çiyninə qoyduğu tarixi vəzifəni yerinə yetirmiş, tipik milli ifadə vasitələri xəzinəsinə bəstəkar yaradıcılığının vasitələrini cəlb etmiş və bununla da nəinki Azərbaycan musiqisinin – daha geniş götürsək, Şərq musiqisinin inkişaf perspektivlərini təsdiq etmiş, eləcə də bəstəkar yaradıcılığının ifadə vasitələri sistemini əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. 7

       Dahi sənətkarın yaradıcılıq irsi bu gün də E.Abasovanın elmi marağı dairəsindədir. O, iki əlyazma məqalənin – «Üzeyir Hacıbəyovun lad nəzəriyyəsi» və «Üzeyir Hacıbəyov - XX əsrin novator bəstəkarıdır» (hər ikisi rus dilindədir) məqalələri, eləcə də «Arşın mal alan» - Üzeyir Hacıbəyovun yaradıcılıq təkamülünün mühüm mərhələsi kimi» (rus dilində) böyük monoqrafik tədqiqatın da müəllifidir.

       Adları çəkilən məqalələrdən birincisində müəllif qeyd edir ki, bəstəkar faktiki olaraq Azərbaycanda müasir bəstəkar yazısının elə bir lad sistemini işləyib hazırlamışdır ki, bu sistem Avropa major-minorunun eşidilməsi aspektində şifahi ənənəli musiqinin dərin köklərinə əsaslanır. Məqalədə deyilir ki, ladları oktava hüdudundan kənara çıxarmağa imkan verən, səssırasının tetraxord quruluşu prinsipi müasir mərhələdə poliladlıq və politonallığın istifadəsi üçün zəmin yaratmışdır.

        «Arşın mal alan» musiqili komediyasının hərtərəfli öyrənilməsinə həsr edilmiş monoqrafik tədqiqatda təcrübəli alimin bu məşhur əsərin musiqi üslubu, ideya konsepsiyasına dair yeni baxışları təqdim olunur.

       Ü.Hacıbəyovun yaratdığı bütün əsərləri götürsək, müəllifin fikrincə bu komediya bəstəkarın «yaradıcılıq təkamülünün ən mühüm mərhələsi» kimi müəyyənləşdirilir.

       E.Abasova qeyd edir ki, «Arşın mal alan»da bəstəkar-vətəndaşın mühüm dünyagörüşləri və mövqeyi, cəmiyyətin ədalətli gələcəyi barədə onun arzuları, utopik təsəvvürləri öz ifadəsini tapmışdır. O, yazır: «Burada pafos işığın, sevincin, səadətin mütləq gəlişinə inamdan ibarətdir; bu pafos Üzeyir Hacıbəyov yaradıcılığının və ümumiyyətlə bəstəkarın bütün bədii musiqi fəaliyyətinin başlıca ideya-məzmun xəttinə çevrilmişdir». 8

        «Arşın mal alan»da janr əsasından bəhs edərkən müəllif üç intonasiya qolunu – «folklor elementlərilə müasir məişət musiqisini özündə qovuşduran xətti və yaradıcı surətdə dəyişdirilmiş folklor tipli melodikanı» izləyir. Üçüncü qol «xalq mahnısının tarixən intişar tapmış sabit cəhətlərilə bunlar üçün yeni olan və bəstəkarın təxəyyülündə yaranan melodik hərəkət formalarını üzvi surətdə birləşdirir». 9

       Rəqsvarilikdən geniş istifadə olunması E.Abasovaya bunu komediyanın «janr leytmotivi» adlandırmağa əsas verir. Işdə rəqsvariliyin bütün qəhrəmanların partiyasına, hətta mahiyyətcə lirik olan partiyalara sirayət etməsi nəzərdən keçirilir.

       Monoqrafiyanın xüsusi bölməsi «Arşın mal alan»ın harmonik üslubundakı ən mühüm tendensiyaların açılmasına həsr edilmişdir. Bununla əlaqədar olaraq E.Abasova ilk dəfə olaraq yeni nəzəri termin – «polisistem musiqi təfəkkürü» terminini irəli sürür. O, bu nəticəyə gəlir ki, «Arşın mal alan»da özünəməxsus bir harmonik üslub formalaşır və yalnız melodikada ifadə olunmuş milli lad ilə yalnız harmoniyada ifadə olunmuş major-minora əsaslanır. Tədqiqatçı yazır ki, «Faktiki olaraq Hacıbəyov musiqisində şaquli istiqamətdə polisistem (ikisistemli) lad əmələ gəlir». 10

       Işdə major-minorla milli ladın qarşılıqlı təsirinin müxtəlif formaları nəzərdən keçirilir ki, bu da orijinal musiqi ahəngləri və özünəməxsus modulyasiya sistemlərinin yaranmasında öz ifadəsini tapır.

       Kitabın müəllifi «Arşın mal alan»da musiqi formasının təşəkkülündə iki aparıcı təmayülü qeyd edir: 1) kuplet forması ilə üçhissəli formanın sintezi nəticəsində tematik reprizliliyin tətbiqi; 2) periodikliyin dəyişdirilib klassik perioda çevrilməsi. Özü də bəstəkar bir qayda olaraq Azərbaycan ladının funksional münasibətlərinə dayaqlanır.

       Bu məqalənin bəzi müddəaları E.Abasovanın bəstəkarın yubileyinə həsr edilmiş topludakı məqaləsində öz əksini tapmışdır. 11 Müəllif Ü.Hacıbəyov yaradıcılığının təkcə musiqi mövqeyindən deyil, Azərbaycanın bütün bədii mədəniyyəti baxımından nəzərdən keçirilməsi üçün yeni rakurs tapır. Nəticədə Nizami Gəncəvi, Füzuli, Mirzə Fətəli Axundovla maraqlı analogiyalar meydana gəlir.

       Məqalədə tədqiqatçı tərəfindən irəli sürülmüş yeni anlayış – «polisistem musiqi təfəkkürü» mövqeyindən yüksək səviyyəli ümumiləşdirmələr verilir. Bu terminin mənası Ü.Hacıbəyovun Avropanın bəstəkar yaradıcılığının uzun sürən təkamülü prosesində tarixən formalaşmış klassik musiqi vasitələri, janrları, ənənələri ilə milli şifahi (xalq və professional) musiqinin fəal qarşılıqlı əlaqəsi və qarşılıqlı təsirinə yönəldilmiş novator tendensiyalarının mahiyyətinin açılmasından ibarətdir. 12

       XX əsrin dahi sənətkarının sənət fenomeninin öyrənilməsi, onun yaradıcılıq təfəkkürü və üslubunun qanunauyğunluqlarının tədqiqi həqiqətən bu alimin həyatı boyu apardığı böyük iş olmuşdur.




7Yenə orada, s. 13

8 Əlyazma, s. 4

9 Yenə orada, s. 17

10 Əlyazma, s. 49

11 Abasova G. Uzeir Qadcibekov – osnovopolocnik kompozitorskoy şkolı Azerbaydcana / «XX əsrin Azərbaycan musiqisi». II buraxılış, Bakı, 1997, s. 5-20 12 Yenə orada, s. 10










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70