BU DAR FƏNADAN KÖÇMƏK ISTƏYƏN BƏSTƏKAR
Aslan KƏNAN
 

       Dahi bəstəkar son günlərini yaşayırdı. Yanına gəlib-gedənlərin ardı-arası kəsilmədiyindən narahatçılığı get-gedə artırdı. Heç kimlə görüşmək iqtidarında deyildi. Yalnız tək qalıb keçmişə boylanmaq, ağrılı-acılı günlərini xatırlamaq istəyirdi. Lakin heç vəchlə asudə vaxt tapa bilmirdi…

       Axşama yaxın gediş-gəliş səngimişdi, ətrafda sakitlik hökm sürürdü. Sərt payız küləyi əssə də, lakin otaqda divar sobası yandığından bayırdakı soyuqluq hiss olunmurdu.

       Məleykə xanım da adəti üzrə bəstəkarın otağında olan müxtəlif səpkili yazıları səliqəyə salmaqla məşğul idi. Işlərini başa çatdırdıqdan sonra bəstəkarın yuxuya getdiyini zənn edib, barmaqlarının ucu ilə sakitcə otağı tərk etdi.

       Bəstəkar Məleykə xanımın getdiyinə və özünün otaqda tək qaldığına əmin olduqdan sonra uzandığı dəmir çarpayıdan yarı qalxmış vəziyyətdə yastığa söykəndi. O ətrafına yenidən göz yetirdi, heç kəsi görməyəndə dərindən nəfəs aldı, ürəyi bir az sancdı və ani olaraq dostu Səməd Vurğuna nə vaxtsa dediyi sözü xatırladı: «Köçmək gərək bu dar fənadan yavaş-yavaş». Sonra da nədənsə ixtiyarsız olaraq kövrəldi… və şirin xəyallara daldı.

       Doğulduğu, ilk qədəm basdığı Ağcabədi kəndi yadına düşdü. Sonra isə Şuşanın dağ döşündə vurduğu zəngulələr, bir də «muğam» və «təsnif» oxuyanda ustad sənətkarların xüsusi heyranlıqla bu balaca «xanəndə»ni dinləyib və alqışladıqları günlərini xatırladı…

       Ilk dəfə Şuşada «Xandəmirov» klubunda Haşımbəy Vəzirovun rəhbərliyi ilə böyük dramaturq M.F.Axundovun komediyasının tamaşaya qoyulduğu zamandan dahi bəstəkarda gələcəkdə teatr əsəri yazmaq həvəsi oyandığını yadına saldı. Həmin «Xandəmirov» salonunda Ə.Haqverdiyevin «Dağılan tifaq» faciəsində məktəblilərin nəğməsini başqa şagirdlərlə birgə oxuduğunu xatırladı. Lakin bəstəkarı ilk professonal əsər yazmağa həvəsləndirən böyük ədib, «Əkinçi» qəzetinin redaktoru olmuş Həsən bəy Zərdabinin «Sən elə bir teatr yaz ki, iştirak edənlər oxusunlar» sözləri indi də qulaqlarından getmirdi. Buna görə də ona çox minnətdar idi.

       Bir müddət sonra dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyni adlı poeması əsasında məşhur «Leyli və Məcnun» operası tamaşaya qoyulsa da, lakin çox təəssüflər olsun ki, ustadın bu arzusu onun ölümündən düz 45 gün sonra həyata keçir…

       Əsərin səhnəyə yol tapması bəstəkara o qədər də asan başa gəlmir. Ilk növbədə, Üzeyirbəy operada oynanılacaq rollara aktyor tapmaq üçün gözəl səsə malik olan ifaçılar cəlb etməli idi. Ələlxüsus tamaşada oynanacaq qadın rolu üçün ifaçı tapmaq müşkül məsələ idi. Məlum məsələ idi ki, o dövrdə qadın rollarını yalnız kişilər oynamalı idi. Uzun axtarışlardan sonra çayçı şagirdi olmuş Əbdürrəhim Fərəcov Leyli rolunu oynamağa razı salınır. Lakin biləndə ki, o qadın paltarı geyinəcək, xüsusilə də bığlarının üstü örtüləcək bu işə heç bir vəchlə razı olmurdu. Çünki belə bir qiyafə kişi üçün ən alçaq, rəzul hal sayılırdı.

       12 yanvar, 1908-ci il. Azərbaycan musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılacaq gün. Həmin gün «Nicat» cəmiyyətinin təşəbbüsü ilə H.Z.Tağıyev teatrında, Azərbaycan dilində dahi şair M.Füzulinin məhəbbət dastanı olan «Leyli və Məcnun» əsəri ilk dəfə olaraq geniş səhnə həyatı yaşayır.

       Dahi bəstəkar düz 40 il öncə o dövrün hadisələrini göz önündə canlandırmaqla şirin bir xatirə yaşamaq istəyirdi. Bəstəkar ilk tamaşanın qəhrəmanlarını xatırlamağa calışır:

       Əsərin rejissoru - səhnəmizin təkrarsız aktyoru, öz əmisi oğlu tərəfindən qətlə yetirilən Hüseyn Ərəblinski, dirijor yazıçı – dramaturq Əbdürrəhimbəy Haqverdiyev.

       IFAÇILAR: - Məcnun – «səhnəmizin yaraşığı» (Mirzə Cəlil) Hüseynqulu Sarabski, Məcnunun anası – Kazımovski, Məcnunun atası – «Azərbaycan Xalq Musiqisinin mahir bilicisi və ağsaqqalı» (F.Şuşinski) Mirzə Muxtar, Leyli -çayçı şagirdi Əbdürrəhim Fərəcov, Leylinin anası – C.Vəzirov, Ibn Səlam – bəstəkarın kiçik qardaşı, operanın tamaşaya qoyulmasında müstəsna rolu olan Ceyhun bəy Dağıstani (Hacıbəyli – A.K.), Zeyd - Ibrahim Qasımov və b. Tarda məşhur tarzənlər Qurban Primov, salyanlı Şirin çalırdı, Üzeyirbəy isə tamaşanı skripka ilə müşayiət edirdi.

       Əsərin oynanılmasına üç gün qalmış Şamaxıdan Abbas Səhhət tamaşaya baxmaq üçün lojada ona yer saxlamağı da xahiş edir. Bəstəkar tamaşa haqqında tərif dolu məqalələrlə yanaşı, haqsız, qərəzli yazıları da xatırladı. Onun bu xatirələr işığında hiss olunmayacaq dərəcədə dodağı qaçdı, üzündə təbəssümün niyə olduğunun fərqinə varmadı…

       Üzeyirbəy bu əsəri ilə professional milli musiqimizin əsasını qoymaqla, yalnız Azərbaycanda deyil, bütün yaxın Şərqdə, müsəlman dünyasında musiqinin ən mürəkkəb janrını – operanı yaradır və bu sənətin banisi olaraq yüksəlir. Bəstəkarın musiqisi xalq musiqi təfəkkürünün ən dərin qatlarına nüfuz edərək onun canlı və özünəməxsus xüsusiyyətlərini müasir dünya musiqisini üzvi şəkildə birləşdirərək, bununla da yeni keyfiyyətli milli bədii sənəti təmsil edirdi. Təsadüfi deyil ki, onun operalarının ədəbi əsasını folklor, əfsanə, dastan və xalq tarixi ilə əlaqədar hadisələr təşkil edir.

       Dahi bəstəkar, həmçinin, Azərbaycanda musiqili komediya janrının yaradıcısı kimi də şöhrət qazanmışdır. Maraqlıdır ki, komediyaların mətnini də Üzeyirbəy özü yazırdı. Onun «Ər və arvad» (1909), «O olmasın, bu olsun” (1910), «Arşın mal alan» (1913) komediyalarında Azərbaycanın məişəti, xalq adət-ənənələri öz əksini tapmışdır.

       Professor S.L.Ginzburq «Ü.Hacıbəyov Peterburq konservatoriyasında» adlı elmi məqaləsində, Üzeyirbəyin Peterburq konsevatoriyasında təhsilinin müvəffəqiyyətli olmasını, o dövrün bəstəkarın yaradıcılığının püxtələşməsində mühüm rolu olduğunu qeyd edir.

Professorun bu fikri ilə qəti razılaşmaq olmaz. Cünki unutmaq lazım deyil ki, Üzeyirbəy 1914-cü ildə Peterburqda 6 aylıq təhsil almamışdan öncə «Leyli və Məcnun», «Arşın mal alan», «O olmasın, bu olsun» kimi musiqi tarixinə əbədi həkk olunmuş bənzərsiz əsərlər yazmışdı. Unutmaq olmaz ki, Üzeyirbəyə bu müvəffəqiyyəti qazandıran 6 aylıq Peterburq təhsili yox, məhz Ulu Tanrı tərəfindən bəxş edilən fitri istedadı və zəhməti idi.

       Deməli, belə nəticəyə gəlmək olar ki, Üzeyirbəy Peterburqda təhsil almasa idi belə, yenə də «Koroğlu» kimi məhşur opera, neçə-neçə müxtəlif janrda əsərlər yaradacaqdı.

       Qeyd etmək lazımdır ki, dahi bəstəkarın yaradıcılığına bu və ya başqa dərəcədə qısqancılıq hər zaman hakim olub. Fitri istedada, ensiklopedik biliyə malik olan sənətkar elmi-publisistik yazılarına, musiqi və bədii yaradıcılıqda qazandığı yüksək nailiyyətlərə görə bir qrup «tənqidcilər» tərəfindən qısqancılıqla qarşılanmış, sistemli şəkildə tənqid olunmuşdur…



ƏDƏBIYYAT

       1. S.Mümtaz adına ARDƏI arxivi.

       2. Q.Məmmədli. «Üzeyir Hacıbəyov (1885-1948) həyat və yaradıcılığının səlnaməsi».Bakı, Yazıçı,1984.

       3. F.Şuşinski, «Azərbaycan xalq musiqiciləri».Bakı,Yazıçı,1985.

       4. Azərbaycan EA-nın xəbərləri.

       5. «Sədayi-həqq» qəzeti, 1913, 25 oktyabr.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70