Gocaman mədəniyyat ocağı 60
illik ərəfəsində

G. Gulieva.
 


       "Həqiqətən sevərkən sevgidən danışmaq çətindir. Xüsusən yubiley günlərində". Görkəmli azərbaycan bəstəkarı Qara Qarayevin bu sözlərinin mənasını mənim üçün daha əlamətdar və həyəcanlı olan bu günlərdə, həyatımın mühüm tərkib hissəsi olan R. Behbudov adına 2 saylı Bakı musiqi məktəbinin 60-cı ildönümünün bayram edilməsi ərəfəsində daha dərindən anladım.
       Doğrudan da öz doğma evinə, özünə məhrəm və əziz olan insanlara bəslədiyin sevginin qüvvəsini sözlərlə izhar etmək çox çətindir. 1986-ci ildən rəhbərlik etdiyim məktəb, gənclərin musiqitərbiyəsi və onun təşəkkülü yolunda əl-ələ verəçək çalışdığım müəllimlərə bəslədiyim hisslər belə əzizdir. Bu yol çox asan olmamışdır, onun başlanğıcı bizim tariximizdən – xalqımızın, mədəniyyətimizin tarixindən başlanır.
       Məlum olduğu kimi Azərbaycanda professional musiqi təhsili XIX əsrin sonunda yaranmışdır. Əgər 2 saylı musiqi məktəbinin "nəsil tarixini" (qeneoloqiçeskoe drevo) izləsək, 1922–23-cü illərə – Xalq təhsilinin Bakı şöbəsinin musiqi texnikumunun yarandığı dövrə qısa səyahətə çıxmalıyıq.
       1932-ci ildə texnikum fəhlə mədəniyyət sarayları nəzdində filialları olan musiqi kombinatına çevrilir. 1938-ci ildən musiqi kombinatına 2 saylı musiqi texnikumu adı verilir. Azərbaycan ədəbiyyatı və incəsənətinin Mərkəzi Dövlət arxivinin məlumatına görə 2 saylı musiqi məktəbinin 2 saylı musiqi məktəbinin (texnikumunun) bazasında yarandığını təsdiq etmək olar.
       Yubileyə hazırlıq ərəfəsində bir sıra faktların təsdiq edilməsi imkanı verən arxiv materialları araşdırılmışdır. Azərbaycan SSR Xalq Komitəsi Şurası nəzdində incəsənət işləri üzrə idarənin müdiriyyətinin 64 saylı əmrinə əsasən 7 avqust 1940-cı il tarixdən etibarən Səmədova Fatma Əliəşrəf qızı Bakı şəhərindəki 2 saylı məktəbə müdir təyin edilmişdir. Müdir müavini L. M. Rudolf tərəfindən imzalanmış digər sənəd isə 2 saylı musiqi məktəbində görülən işlər haqqında məlumat vərəqəsidir (Azərbaycan ədəbiyyatı və incəsənəti üzrə Mərkəzi Dövlət Arxivi f. 345, s. 2, s. 113, v. 15). Burada yazılana əsasən, 1 sentyabr 1940-cı il tarixdən etibarən 2 saylı Bakı Musiqi məktəbi müstəğil vahidə çevrilmişdir. Buna qədər o, 2 saylı musiqi texnikumunun tərkibində mövcud olmuşdur.
       Ilk addımları atmaq həmişə mürəkkəbdir. Nə yaxşı ki, azərbaycan torpağı xalqımızın musiqi – estetik tərbiyəsində əvəsiz rol oynayan Üzeyir Hacıbəyov kimi görkəmli, hərtərəfli şəxsiyyəti dünyaya bəxş etmişdir. Onun istedadlı gənclərə göstərdiyi yorulmaq bilməyən diqqəti və qayğısı, insanda musiqiçiyə verilən ilahi vergini dərk edib duymaq baçarığı və nəhayət, qeyri-adi insanpərvərliyi sayəsində Üz. Hacıbəyov azərbaycan xalqının pərəstişgahına çevrilmişdir.
       Bu baxımdan bizə birincilər sırasında durmaq şərəfi nəsib olmuşdur. Müharibədən əvvəlki çətin illərdə məktəbin rəhbərliyi Üzeyir bəyin özünün başçılıq etdiyi konservatoriyanın ilk tələbələri sırasında olan, Üzeyir bəyin tələbəsi və davamçısı Fatma xanım Səmədovaya həvalə olunmuşdur.
       Fatma xanımı şəxsən tanıyan insanların fikrincə, bu qadın çox böyük iradəyə, tükənməz enerjiyə malik idi. Onun yüksək şövqü və ruh yüksəkliyi, fədakarlığı və borc hissi Fatma xanıma etibar edilmiş məktəbin müəllim və şagirdlərinin qarşısında keyfiyyətli iş nümayiş etdirmək istəyini qoyurdu.
       Üzeyir bəyin yetişdirdiyi musiqişünaslar nəslinin nümayəndəsi olan Fatma Səmədova öz həmkarı və eyni zamanda Bakıdakı I saylı musiqi məktəbinin müdiri Fatma Zeynalova ilə yanaşı, azərbaycan musiqisi tarixində ilk musiqişünaslardan idi. Taleləri bir-biriylə sıx bağlı olan bu iki qadın öz həyatını azərbaycan professional musiqi təhsilinin inkişafına həsr etmiş, həm də tədris-metodik işlə məşğul olaraq, uşaqların milli musiqi əsasında tərbiyəsi üçün nəzərdə tutulan "Azərbaycan ladları əsasında solfecio" dərsliyi yaratmışlar.
       Fatma Səmədova öz müəllimi Üz. Hacıbəyovun nümunəsində gözəl kadr "duyumu" bacarığını əsirgəmirdi. Onun başçılıq etdiyi məktəbdə gözəl nəzəriyyəçi, S. I. Taneyevin tələbəsi L. M. Rudolf, pianoçu Leyla Muradova (professor I. S. Aysberqin şagirdi), Qelman Revvekka, V. I, Siroviç, elmlər doktoru Əhməd Isazadə, bəstəkar Nazim Əliverdibəyov, Ruqiyyə Zeynalova,A. Qorbaçova, tarzən Adil Gəray, Krupkin, V. Qalyavkin (skripka), Nigar Qəmbərova, E. Vəlizadə işləmişlər.

       2 saylı musiqi məktəbində violonçel şöbəsi geniş şöhrət qazanmışdı. Bu şöbədə öz sənətinin vurğunu olan yüksək səviyyəli mütəxəssislər – Müller, Daşdəmirov, Krupkin çalışırdı.
       Məktəbin yarandığı ilk gündən formalaşan xor kollektivinə K. Abdullayev, bir qədər sonra isə E. Abusəlimov (hal – hazırda Moskva Musiqili komediya teatrının baş dirijoru) rəhbərlik etmişdir.
       Lakin bütün bu görülən işlər asanlıqla başa gəlməmişdir.
       Məktəbə uyğun gələn bina olmadığı üçün məktəb Kommunist küçəsindəki yaşayış binasının ikinci mərtəbəsində yerləşdirilmişdir. 1949-cu ildə Azərbaycan Dövlət Filarmoniyasının yay zalının altında yerləşən dörd otaq, sonra isə daha iki otaq (1950-ci il) məktəbə verilmişdir.
       Daha sonra 190 saylı orta məktəbin zirzəmisində 8 sinif musiqi məktəbinə həvalə olundu.
       Qazanılan hər qələbə çətinliklə başa gəlirdi. Burada çox maraqlı bir faktı qeyd etmək yerinə düşərdi. 1957-ci ildə Fatma Səmədova Azərbaycan MK-nin 1 katibi I. D. Mustafayevin qəbuluna düşmək üçün onun yaşadığı evin qapısında düz bir həftə gözlədikdən sonra katibə məktubu təqdim edə bilmişdir. I. Mustafayevin tapşırığına əsasən 1957-ci ilin yayında Üz. Hacıbəyov küçəsindəki bina məktəbə ayrıldı.
       2-3 ay ərzində binada təmir işləri aparıldı və təyin edilən müddətdə məşğələlər başlandı.
       Sonradan F. Səmədovanın işini Üz. Hacıbəyovun qohumu Zivər xanım Ibrahimova davam etdirmişdir. O, bir neçə il Fatma Səmədovanın başçılıq etdiyi məktəbdə tədris hissə müdiri işləmişdir. Bu illər ərzində Zivər xanım Azərbaycan SSR əməkdar müəllimi F. Səmədovanın mənəvi-etik prinsiplərini və normalarını əxz etməyə nail olmuşdur. Bu, Zivər xanımın yüksək pedaqoji və şəxsi səviyyəsini müəyyən etmişdi.
       Bu gün – yubiley günlərində bütün bunları xatırlatmaq lazımdırmı? Əlbəttə ki, lazımdır. Bu, respublikamızın musiqi təhsilinin təşəkkülündə meydana çıxan bütün maneələri dəf edib keçən şəxsiyyətlərin qarşısında, onların xatirəsinə ehtiram hissi və borc duyğusu ilə bağlıdır.
       Pedaqoji işin çox çətin bir sahə kimi, fədakarlıqla yanaşı, həm də incəlik və zəriflik, nəzakətli olmağın tələb edildiyi bir sahə olduğu hamıya məlumdur.
       Müəllimlik fəaliyyətinin mənbəyində duranların yüksək ənənələrinə istinad edən məktəbimizin müəllimləri musiqi təhsilinin bütün sisteminə, artıq uşağın musiqi ilə ilk ünsiyyətinin ən başlanğıc mərhələsindən böyük əhəmiyyət verirlər. Müəllimlərimiz öz işlərində hər uşağa fərdi münasibəti vurğulayır, onun şəxsiyyətinə hörmətlə yanaşırlar. Çünki belə mövqe həmişə müsbət nəticələr verir.
       Burada Üzeyir Hacıbəyovun məşhur bir replikasını xatırlatmaq yerinə düşərdi. Müəllimlərdən birinin tələbələrin məşğələlərə qeyri-qənaətbəxş dəvamiyyətindən şikayətlinə, Üzeyir Hacıbəyov belə cavab vermişdir: "Mühazirələrinizdə tələbələrin dəvamiyyətinin belə pis olmasında yalnız onların günahkar olduğuna əminsinizmi?".
       Metodik dairəyə bu qısa "gediş" təsadüfi deyildir. Yüksək peşəkarlıq və öz işinə məhəbbət üzərində qurulan Hacıbəyov pedaqoji məktəbinin ənənələrini davam etdirən 2 saylı musiqi məktəbinin nüfuzunun daimi sabitliyi bununla izah edilə bilər.
       Yubiley bayram olmaqla yanaşı həm də qazanılan nailiyyətlər haqqında hesabatdır. Biz vaxtilə məktəbimizdə təhsil almış xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Zöhrab Adıgözəlzadə, musiqişünas, elmlər namizədi Nərminə Əliyeva, Zemfira Qafarova, əməkdar incəsənət xadimi Musa Mirzəyev, bəstəkar Azər Dadaşov, tarzən Adil Gəray Məmmədbəyli, kamança çalan Şəfiqə Eyvazova, gənc musiqiçilər nəslini təmsil edən kamançaçalan Elnur Əhmədov, tarzən Eyyub Quliyev, pianoçu Nigar Məlikova kimi yetirmələrimizlə fəxr edirik.
       Məktəbimizin məzunları arasında elə tanınmış şəxsiyyətlər də vardır ki, onlar musiqini əsas ixtisas kimi seçməyiblər. Lakin bu gözəl sənət növü-musiqi ilə ünsiyyət onların gələcəkdə müxtəlif peşələrə yiyələnməsinə gömək etmişdir: Onların arasında gözəl rejissor, memar, həkim və digər peşə sahibləri var. Zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin ədalətli sözləri burada yada düşür: "Mənə elə gəlir ki, uşaq əlifba ilə yanaşı, spektrin əsas rəngləri kimi qammanın əsas səsləri ilə də tanış olmalıdır. Bu, onu zəngin, güclü, hərtərəfli edəcəkdir... Qoy o, gələcəkdə sənətkar, musiqiçi olmasın... Uşaqlar sadəcə musiqini dinləməyi bacarsınlar! Bu, onların qarşısında yalnız özləri üçün deyil, bütün insanlar üçün xoşbəxtlik və sevinc axtarışına yola düşəcəkləri böyük, əsrarəngiz gözəlliklər ölkəsini açacaq".

       2 saylı musiqi məktəbi bu gün fəal yaradıcılıq həyatını yaşayır. Valideynlər yenə ən mühüm işlərini və görüşlərini təxirə salaraq, öz uşaqlarını buraya gətirirlər. Həmişə olduğu kimi məktəbin girəcəyində açıq dərslər, metodik mühazirələr, imtahanlar və konsertlər haqqında elanlar asılır. Məlumat stendləri şagirdləri və valideynləri dünya musiqi mədəniyyətinin əlamətdar tarixləri ilə tanış edir. Lakin buna yeni, mürəkkəb, fəal, parlaq dörvrün ritmi və ruhu axıb qarışır. Hal-hazırda məktəbdə 66 müəllim çalışır. Bunlar öz yetirmələrinə bütün biliklərini səylə sərf edən Azərbaycan Dövlət Konservatoriyasının (hal-hazırkı Bakı Musiqi Akademiyası) məzunları, eləcə də Bakı Dövlət Musiqi Kollecinin yetirmələridir.
       Son illərdə məktəbin pedaqoji kollektivi çox "cavanlaşmış", məktəb yeni tərəvətli, həyatverici qüvvələrlə zənginləşmişdir. Bu qüvvələr məktəbin yaradıcı mühitində də fəal iştirak edirlər. Bununla yanaşı, gənc müəllimlər çox təcrübəli müəllimlərdə dayaq tapıb, onlara isnad edirlər.
       Kamilliyin və gəncliyin belə ittifaqı hiss olunan nəticələr verir. Belə bir faktı nəzərə çatdırmaq istərdim ki, son onillikdə bizim musiqi məktəbinin şagirdləri bütün baxışlarda, gənc ifaçıların respublika müsabiqələrində, caz festivalı, "Qönçə" müsabiqəsində uğurla çıxış edərək, ən yüksək yerlərə layiq görülmüşlər.
       Məktəbin müəllimləri dəfərlə Bakı şəhərinin musiqi məktəblərinin müəllimlərinin ümumşəhər konsertində iştirak edərək, tərifnamələrlə təltif olunmuşlar.
       990-cı il, fevralın 9-da 2 saylı musiqi məktəbinə görkəmli müğənni, dünya şöhrətli sənətkar Rəşid Behbudovun adı verilmişdir. Ötən ilin dekabrında məktəbdə R. Behbudovun anadan olmasının 85-ci ildönümü təntənə ilə qeyd edilmişdir.
       Ümumiyyətlə, məktəbimizdə görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubiley tarixlərinin qeyd edilməsi artıq xeyirxah bir ənənə halın almışdır. Məktəbimizdə dahi müğənni Bülbülün anadan olmasının 100 illiyi, eləcə də əvəzsiz sənətkar Tofiq Quliyevin anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edilmişdir.
       Ümumiyyətlə, belə tədbirlər uşaqların musiqi sənəti nümunələri ilə ünsiyyətinə, onların dünyagörüşünün yüksəldilməsinə imkan yaradır. Onu da qeyd edək ki, belə yaradıcılıq tədbirlərinə respublikanın məşhur sənətkarları, tanınmış peşə sahibləri ilə yanaşı xarici qonaqlar da dəvət edilir. Dəvət edilən xarici qonaqlar azərbaycan bəstəkarlarının, müğənni, ifaçı, musiqiçilərin sənəti ilə yaxından tanış olurlar. Mənim fikrimcə bu, azərbaycan musiqi yaradıcılığının təbliğində çox mühüm bir andır.
       Məktəbimizdə təhsil alan uşaqlar yalnız müxtəlif alətlərdə çalğı vərdişlərinə yiyələnməklə kifayətlənmirlər. Burada ixtisas fənləri, ibtidai musiqi savadı və solfecio fənninin əsasları öyrədilməklə yanaşı, həm də uşaqların yaradıcılıqla ünsiyyətinə şərait yaradılır.
       Məktəbin şagirdlərindən ibarət xalq çalğı alətləri orkestrinin (rəhbər Hüseynov K.) repertuarında xalq musiqisi nümunələri, azərbaycan bəstəkarlarının əsərləri vardır.
       Konsert proqramlarını həmişə caz ansamblı (rəhbər Ə. Bayramov) bəzəyir. Ansamblın ifasında caz improvizələri və aranjimanlar yüksək peşəkarlıqla səslənir.
       Məktəbin yarandığı ilk gündən burada xor kollektivi ənənələri yaşamaqdadır. Hal-hazırda məktəbdə başlanğıc siniflərin xoru (rəhbəri Sazonova A.) və yuxarı siniflərin xoru (rəhbəri Göyçayskaya S.) fəaliyyət göstərir.
       Onların repertuarında dünya musiqi klassikasının mürəkkəb əsərləri mühüm yer tutur.
       Məktəbin adi günləri – sevinc və məyusluq, uğur və çətinliklər deməkdir. Əslində bu, böyük xoşbəxtlikdir. Bəzən siniflərin yarıaçıq qapılarından səslənən kakafoniyanı eşidərkən, fərəhdən ürəyimiz çırpınır.
       Klaviaturada ilk inamsız "qədəmlər", eyni zamanda yetkin texniki passajlar, caz improvizəsi və xalq çalğı alətləri orkestri, incə uşaq səsi və solo alətlər – bütün bunlar məktəbin tam və məhsuldar həyatla yaşadığından, yubilyarı qarşıda gözləyən uzun və yaradıcılıqla dolğun olan zəngin bir həyatdan xəbər verir.
       Ad günün mübarək, 2 saylı məktəb!







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70