ZÜLFÜQAR HACIBƏYOVUN BIR ƏLYAZMASI
Fidan NƏZIROVA
 

       XX əsrin ilk onilliklərində Bakının musiqi həyatı o dövrün təlatümlü ictimai-siyasi həyatı kimi zəngin və maraqlı olmuşdur. 1905-ci il Rus inqilabı ictimai- siyasi və mədəni həyatın axarına xüsusi təsir göstərdi. Azərbaycan musiqi tarixində də inqilabi dəyişikliklər də baş verirdi. Bu dövr musiqisinin mühüm tarixi xüsusiyyəti, xalq musiqisinin geniş təbliği - Şərq konsertləri adlandırılan böyük konsertlərin təşkili, Azərbaycanda milli operanın yaranması, qrammafon vallarının yazılması oldu. Azərbaycanın mütərəqqi dünyagörüşlü ziyalıları xalqın yeni mədəni ənənələrlə tanışlığı istiqamətində böyük işlər görürdü. Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasının tamaşaya qoyulması Azərbaycanın musiqi həyatına xüsusi bir yenilik gətirdi. Bu nəinki Azərbaycanda, bütün Yaxın Şərqdə ilk opera idi və bu opera ilə yeni sənətin möhtəşəm özülü qoyuldu. Üzeyir Hacıbəyovla yanaşı qardaşı Zülfüqar Hacıbəyov də əsrimizin ilk illərindən başlayaraq Azərbaycan musiqili teatrının yaranmas ı uğrunda mübarizəyə qoşulmuş, məhz onun müstəqil bəstəkarlıq fəaliyyətinin ilk təcrübələri də həmin dövrlə bağlıdır: «Əlli yaşında cavan» (1910), «Evliykən subay» (1911), «On bir yaşında gəlin və ya «Varlı» operettaları, «Aşıq Qərib» operası (1915), bir sıra kütləvi mahnılar və s.

       1911 – ci ildə Üzeyir bəy və Zülfüqar bəy Hacıbəyovların rəhbərliyi ilə opera-operetta artistləri truppası yarandı. O dövrün bir sıra məşhur artistləri truppanın tərkibinə daxil olmuş, Bakıda Qafqazın başqa şəhərlərində tamaşalar göstərmişlər. Truppanın qastrol səfərlərində repertuarı Ü.Hacıbəyovun «Leyli və Məcnun», «Əsli və Kərəm» operaları, «Ər və arvad», «O olmasın, bu olsun» musiqili komediyaları, Z.Hacıbəyovun «Aşıq Qərib» operası, «Evliykən subay» musiqili komediyasından ibarət idi. Sonralar bu truppanın yerinə «Türk aktyorları ittifaqı» yaradılmışdır.

       Bəstəkarın M.Füzuli adına Azərbaycan Əlyazmalar Fondunda saxlanılan şəxsi arxivi ilə tanışlıq nəticəsində başqa musiqili komediyaların libbrettosu və musiqi qeydləri ilə də rastlaşdıq. Əfsuslar olsun ki, bu əsərlərin adı mətbuat səhifələrində işıqlandırılmamışdır. Bunlar: «Onda elə, indi belə», «Yarış» operettaları «Mən ağlaram, o gülər» komediyası, «Biçarə Xavər», «Məşədi Xudu» operettaları, «Məlikməmməd», «Nüşabə» operaları və s. musiqili komediya, opera librettosu, musiqi qeydləri ilə yanaşı, bəstəkarın bir neçə məqaləsi də saxlanılır: Onlar arasında diqqətimizi «Musiqi dərsliyi» adlı məqaləsi cəlb etdi. Belə ki, Z.Hacıbəyov teatr mədəniyyətinin inkişafına, Şərq mühitində milli səhnəmizin tərəqqisinə, həmçinin onun inkişafına mane olan bir neçə səbəbə toxunur. M.Füzuli adına Azərbaycan Əlyazmalar Institutunda bəstəkarın şəxsi fondunda Azərbaycan dilində ərəb əlifbası ilə «Teatr və musiqi haqqında» əlyazması saxlanılır. Bu şifrə altında saxlanılan əlyazma materialın dakı məqalə bir neçə variantda qələmə alınıb; «Türk səhnəsi», «Teatr və musiqi haqqında» adlı əlyazmalar, zənnimizcə «Teatr və musiqimiz» adlı əlyazmanın ilkin variantıdır. «Musiqi və ədəbiyyatımız» adlı əlyazma isə yarımçıqdır. Həmin əlyazmanı orjinalda olduğu kimi nəzərinizə çatdırırıq.

       Açılmamış səhifələr

       Teatr və musiqimiz

       Hər bir tərəqqipərvər millətin mədəniyyətini isbat edən vəzifələrdən biri də o millətin milli musiqi və ədəbiyyatının olması zəruridir. Bu sırada Şura Azərbaycan başqa millətlərdən və onların ümumi-mədəni tərəqqisindən geri qalmamışdır. Azərbaycan Şərq aləmində ilk addım ataraq, «Leyli və Məcnun», «Əsli və Kərəm», «Şah Abbas», «O olmasın, bu olsun», «Ər və arvad», «Əlli yaşında cavan», «Evliykən subay», «Arşın mal alan», «Üç aşiq», «Harun ər-Rəşid» kimi opera və operettalar yaranmışdır. Deməli, mədəni-tərəqqi və sənayenin inkişafı əsrimizin ən ali müvəffəqiyyətli sayılan operalar öz nəfis və bədii tərtibatı ilə ümumşərq mühitində milli səhnəmizin canlandırılmağı və bərpa edilməsinə səbəb olmuşdur. Belə ki, bu operalar meydana çıxarkən «Şeyx Sənan», «Iblis» və qeyrilərinin mövzu və məzmunca teatr xadimlərinin arasında şöhrət qazanmış ədəbi dramların «rəqabət» mənasında yaradılmasına bir vasitə olmuşdur. Dram aktyorlarının operada iştirak etməsinə və yaxud opera aktyor larının dramada iştirakına lüzum bilinmişdir, halbuki, opera mövsümu teatr mövsümünün axırınadək davam etdirilərək, mayın 1-də bağlanıldı. Bu da teatr və musiqi gedişinə bir zərbə vurdu. Əgər, opera mövsümünün ömrü belə az olsa idi, o vaxt opera mövsümü açmaq qətiyyən lazım deyildi, və yaxud elə dram mövsümü ilə başlayıb, bununla da bitirmək daha düz olardı. Çünki, opera pərəstişkarları buraxılan afişaları oxuyub, opera mövsümündə nəinki köhnə, hətta bir neçə təzə operaların tamaşaya qoyulmasında və iştirakında vaxtından qabaq hazırlanmışdılar. Təəssüflər olsun ki, tamaşaçılar nəinki təzə operaları görməyə, bəlkə də köhnələrinin mövsümün axırınadək oynanılmasından belə məyus qaldılar. Burasını qeyd etməliyik ki, Bakı əhalisi, xüsusən fəhlə sinfi 1908-cı ildən bəri, yəni ilk dəfə olaraq «Leyli və Məcnun» adlı Azərbaycan operası meydana çıxandan başlayaraq opera tamaşası ilə maraqlanır, tamaşalarda iştirak edirdilər. Əlbəttə, bu zövqü, daha doğrusu bədii zövqü həmin opera pərəstişkarlarının əlindən almaq yers izdir. Çünki, ilk Azərbaycan operası səhnəyə qoyularkən Nikolay istibdadı dövründə bəslənmiş, böyümüş, tərbiyələnmiş və milli hissini unutmuş bəzi Azərbaycan ziyalıları bu cür başlanğıca təhqiranə nəzər ilə baxmağa başladılar. Amma, əksinə olaraq, həmin fəhlə kütləsi tərəqqi səylərini başa düşür və bunu səmimi-qəlblə qarşılayıb, milli operaları görüb və eşitmək üçün böyük həvəslə, izdiham ilə teatro tərəfə axışmağa başladı. Hətta çarşab altında yaşayan ailə üzvlərini də mədəniyyətin müəyyən bir hissəsini təşkil edən tamaşalara götürməyə başladılar.

       Deməli, Azərbaycan operası get-gedə el operası səviyyəsinə qalxdı və ümumi Azərbaycan miqyasında kəndli və fəhlə kütlələrini teatra cəlb etməyə imkan yaratdı. Təbidir ki, kütlənin öz musiqisi ilə tərtib olunmuş bir əsər kütlə üçün bir bədii zövq verəcəkdir. Çünki bu cür, milli başlanğıc başqa millətlər arasında artıq, dərəcədə yayılmaqda idi. Bu baxımdan opera musiqisinin maddi cəhətini nəzərə almayıb, məhz mənəvi cəhətinə opera pərəstişkarlarının tərbiyəvi istirahətini və yaxşılaşmasını qoruyub opera mövsümünü başa verməsi idi.



       ƏDƏBIYYAT

       1. C.Cəbrayılbəyli. «Z.Hacıbəyov». «Işıq», Bakı 1985

       2. F.Şuşinski. «Azərbaycan xalq musiqiçiləri» Az.Dövlət Nəşriyyatı. Bakı 1970

        3. M.Dilbazova «Iz muzıkalğnoqo proşloqo Baku» «Işıq», Bakı 1985

       4. E.Abbasova və Q.Qasımov «Oçerki muzıkalğnoqo isskustva sovetskoqo Azerbaydcana» Izdatelğstvo «Elm», Baku, 1970

       5. «Xalq qəzeti» 31.01.02. «Qu quşunun nəğməsi». A.Hüseynov.

       6. «Bakı» 22.04.95. «Görkəmli bəstəkarların xatirə gecəsi». R.Qənbəroğlu.

       7. «Azərbaycan» 18.04.04. «Üzeyir bəyin böyük qardaşı» D.Bayramov.

       8.«Bakı». 17.05.74. «Bolğşoy kompozitor, strastnıy propoqandist muzıkalğnoy kulğturı». C.Şəfiyeva

       9. «Ədəbiyyat və incəsənət». 2.10.71. «Z.Hacıbəyovun naməlum əsərləri» C.Şəfiyeva











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70