SƏFIƏDDIN URMƏVI VƏ ÜZEYIR HACIBƏYOV
Zemfira SƏFƏROVA
 

       XIII əsrin böyük musiqişünas alimi Səfiəddin Əbdülmömin ibn Yusif ibn Fahir əl Urməvi özünün məşhur «Kitab əl-Ədvar» risaləsinin əvvəlində yazırdı ki, əməllərinə tabe olduğu və qəlblərinin istəklərinə əməl etməkdə xoş əlamət gördüyü, ona tapşırdı ki, «nəğamə»nin tərifi, «bu‘d» və «daur»ların nisbətləri, «iqa» və onların növləri haqqında qısa məlumat yazsın ki, bu elmə və təcrübəyə bir xeyir versin. Bu tapşırığa itaətkarlıqla əməl edərək, Urməvi hafizəsində olanları yazdı və qeyd etdi ki, «bu sənəti diqqətlə öyrənən, əvvəllər bilmədiyi və çoxsunu zamanın məhv etdiyi bir sıra şeylərə vaqif olar»1.

       Artıq 7-8 əsrdir ki, Şərqin və Qərbin bir sıra alimləri böyük musiqişünas Səfiəddin Urməvinin «Kitab əl Ədvar», eləcə də «Şərəfiyyə» risaləsində verilən çox qiymətli, alimin özünün böyük təvazökarlıqla qeyd etdiyi «bir sıra şeylərə vaqif olurlar» və Urməvinin ölməz ənənələrini davam etdirirlər.

       Ingilis alimi Corc Farmerin dediyinə görə, Səfiəddindən sonra gələn bütün ərəb, fars, türk dilli müəlliflərin hamısı onun nəzəriyyəsinin davamçıları olmuşlar. Bu alimlərdən biz Məhəmməd Cürcanini, Əbdülqadir Marağaini, Qütbəddin Şirazini, Mahmud Amulini, Əbdürrəhman Camini, Zeynəlabdin Hüseynini, Kavkabi Buxarini, Dərviş Əlini, Mirzə bəyi, Mir Möhsün Nəvvabı və XX əsrdə böyük alim və bəstəkar Üzeyir Hacıbəyovu göstərə bilərik.

       Urməvinin risalələri orta əsrin qaranlıqlarını yararaq, unikal elmi əsərlər kimi bu gün də yaşayır və dünyanın bir sıra şəhərlərinin kitabxanalarında qiymətli əlyazmalar kimi saxlanılır: Nyu-Yorkun, Parisin, Berlinin, Vyananın, Qahirənin, Istanbulun, Sank-Peterburqun, Tehranın, Bakının və sair.

       Məşhur Avropa alimi Rafayel Georq Kizevetter Urməvini «Şərqin Zarlinosu» adlandırmışdır. Böyük ingilis alimi Çarlz Parri Səfiəddinin cədvəlini o vaxta qədər yaranmış cədvəllərin ən mükəmməli hesab edirdi. Corc Farmer isə Səfiəddini parlayan ulduzla müqayisə edib, onu «Sistemçilik məktəbinin» banisi adlandırmışdır.

       Səfiəddin Urməvinin əsərləri Şərq musiqi nəzəriyyəsinin, elminin inkişafında yeni dövrdür. O, musiqi elminə «Sistemçilik» məktəbinin yaradıcısı kimi, tabulaturanın banisi kimi daxil olmuşdur. Urməvinin böyük nailiyyəti, ümumən Şərqin səs sisteminin qaydaya salınmasından ibarət idi. Onun sisteminin əsasını təşkil edən on yeddi pilləli qamma əl Kindinin 12 tonlu xromatik qammasından, həm də əl Fərabinin 22 tonlu qammasından fərqlənir. O, Şərq musiqisinin 12 muğam dairəsinin və 6 avazının səs qatarını diatonik qammanın çərçivəsində vermişdir.

       Urməvi «Əbcəd notasıyla» musiqinin ən qədim melodiyalarını risalələrində yazıb yaşada bilmişdir. Ondan sonra gələn alimlər, ta XVI əsrə qədər bu not yazı sistemindən geniş istifadə etmişlər. Urməvi həm də «Muğni» və «Nüzhə» kimi musiqi alətlərinin ixtiraçısı və udun mahir ifaçısı olmuşdur. Onun ecazkar ifası və həmçinin xəttatlıq, nəqqaşlıq bacarığı və məharəti haqqında Şərqdə müxtəlif rəvayətlər gəzirdi.

       7 əsr sonra, yəni XX əsrin ortalarında Üzeyir Hacıbəyov özünün «Azərbaycan xalq musiqisinin əsasları» kitabında yazırdı: «Yaxın Şərq xalqları musiqisinin nəzəri və əməli inkişafı tarixində başlıca yeri dunyada məşhur olan iki nəfər Azərbaycan alimi, nəzəriyyəçi, musiqişünas tutur: Səfiəddin Ədbülmömin ibn Yusif əl Urməvi (XIII əsr) və Əbdülqadir Marağai (XIV əsr)» 2.

       Ü.Hacıbəyov öz əsəri üzərində işlərkən böyük miqdarda kitablar arasında məhz «Kitab əl-Ədvar»ın xüsusi əhəmiyyət kəsb etdiyini anlayaraq, onun foto surətini Nurosmaniyə kitabxanasından gətirdib bu əsəri araşdırmışdır. Hacıbəyovun yazdığı «Azərbaycan xalq musiqisinin əsasları» əsəri onda qaldırılan və həll edilən məsələlərə, həm də quruluşuna, üslubuna görə «Kitab əl-Ədvara» çox yaxındır. Xüsusilə də lad sistemi nəzəriyyəsində «Kitab əl-Ədvar»ın ona təsiri böyükdür. Bu əsər Urməvinin risaləsinin elmi müddəalarını müasir Azərbaycan musiqi elminin tələblərinə cavab verən səviyyədə davam etdirmişdir. Ona görə də «Azərbaycan xalq musiqisinin əsasları»nı yeni dövrün risaləsi adlandırmaq olar.

       Ümumiyyətlə, bu elmi əsərləri tədqiq və təhlil etdikcə onlar arasında oxşarlıqların, ümumiliklərin çox olduğunu görürsən. Deməli, XX əsrdə Azərbaycanda Səfiəddin Urməvinin ənənələri yaşayırdı və onun bu sahədə xələfi, davamçısı Üzeyir Hacıbəyov olmuşdur. O, əsərinin «Tarixi məlumat» hissəsində yazırdı: «Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü «bina» (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın bütün dörd tərəfi: Əndəlisdən Çinə və Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür… Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi»3. Hacbəyova görə Azərbaycan xalqının musiqi sənəti də çox mütənasib və ciddi bir sistemə əsaslanır. Azərbaycan xalq musiqisinin bütün elmi nəzəri məsələləri də öz əsasını bu sistemdən alır. Hacıbəyov XX əsrdə nəinki xalq musiqimizin əsaslarını müəyyən etmiş, onun ciddi qanunlara tabe olduğunu göstərmiş, həm də Şərqdə ilk muğam operası «Leyli və Məcnun»un yaradıcısı olmuşdur. Hal-hazırda Azərbaycanda elə musiqi janrı və musiqi forması tapmaq çətindir ki, bu və ya digər şəkildə musiqimizin klassiki Üzeyir Hacıbəyovun adıyla bağlı olmasın. Onun yaradıcılığına böyük qiymət verən ulu öndər Heydər Əliyev 1995-ci ildə çox önəmli bir fərman imzalamışdır. Bu fərmana görə Üzeyir Hacıbəyovun doğum günü 18 sentyabr Azərbaycanda «Musiqi günü» kimi bayram edilir.

       Hər iki əsərin – «Kitab əl-Ədvar» və «Azərbaycan xalq musiqisinin əsasları»nın birinci fəsli səsə, onun əsas xüsusiyyətlərinə həsr edilir. Qeyd edək ki, Urməvinin elə «Şərəfiyyə» risaləsinin də ilk fəsli səsə həsr edilmişdir. Alim «Kitab əl-Ədvar»da «Nəğamə» terminini səs və ton mənasında işlədərək onun müəyyən vaxt ərzində hansısa zillik və bəmlik səviyyəsində davam edən səs olduğunu və ona təbii meyl duyulduğunu göstərmişdir. Hər tonun zillik və bəmlik cəhətdən öz nəzirəsi, ekvivalenti vardır. Urməvi göstərirdi ki, «nəğamə»ni yalnız başqasıyla müqayisə etdikdə onun yüksəkliyi və aşağı olması barədə danışmaq olar. Həm də zil və bəm səslərin səbəblərini alim gərilmiş və ya gərilməmiş uzun, yoğun və ya qısa, nazik simlərlə bağlayırdı4. Urməvi səsin musiqi və fiziki xüsusiyyətlərini şərh etmiş və bu barədə daha geniş «Şərəfiyyə» risaləsində danışmışdır.

       Hacıbəyov isə kitabının «Səs sistemi» hissəsində yazırdı ki, musiqişünasların rəyinə görə «Şərq musiqisində («Azərbaycan musiqisi də buraya daxildir) bütöv və yarım tondan başqa 1/3 və 1/4 ton da vardır. Lakin o, qeyd edirdi ki, bu iddia ən kiçik intervalı yarım ton olan Azərbaycan xalq musiqisinə aid ola bilməz. Avropa musiqisində olduğu kimi, Azərbaycan musiqisində də oktava 7 diatonik və 12 xromatik pərdədən ibarətdir. Fərq ancaq temperasiya məsələsindədir ki, o da bir komma qədərdir.

       Istedadlı alim, həm də mahir ud çalan Səfiəddin Urməvi «Kitab əl-Ədvar» əsərinin çox əhəmiyyətli ikinci fəslində oxucuları ud alətinin pərdələri ilə, dövrün terminologiyası ilə desək, udun siminin «dəstan»lara bölünməsi ilə tanış edir. Bu fəsildə alim Şərq tonlar sisteminin əsas səs qatarı olan on yeddi pərdəli qammasını oxuculara təqdim edir. Urməvi onun ekvivalentliyini (nəzir) göstərir və yazır ki, bu qammanı o biri oktavalarda da, digər yüksəklikdə eynilə səsləndirmək mümkündür. (Biz onun qammasını nota köçürərək sent ölçüləriylə təqdim edirik).



1 Səfiəddin Urməvi. «Kitab əl-Ədvar», Istanbul, Nurosmaniyə. ¹3653, v. 2.

2 Üzeyir Hacıbəyov. «Azərbaycan xalq musiqisinin əsasları». Bakı, 1950, s. 14.

3 «Azərbaycan xalq musiqisinin əsasları», s. 14.

4 «Kitab əl-Ədvar», v. 4.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70