AZƏRBAYCAN – TÜRKIYƏ MƏDƏNI-KULTUROLOJI ƏLAQƏLƏRI
Fərqanə HÜSEYNOVA
 

Hazırkı mərhələdə müstəqil Azərbaycan dövlətinin Avropa və Yaxın Şərq ilə ikitərəfli sosial-iqtisadi və mədəni əlaqələri xeyli genişlənib. Bu əlaqələrin genişlənməsində ümummilli liderimiz, H. Əliyevin misilsiz xidmətləri vardır. Heydər Əliyev öz hakimiyyəti dövründə “bir millət, iki dövlət” adlandırdığı qardaş Türkiyə ilə mədəni əlaqələrin yaradılmasına xüsusi önəm vermişdir. Uzun illər boyu Azərbaycan Respublikasının beynəlxalq mədəni fəaliyyətə birbaşa qoşulmaq hüququ olmamışdır. Lakin istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından bir-birinə çox yaxın olan hər iki xalq mədəni-kulturoloji əlaqələr yaratmağa böyük ehtiyac duymuşdur.

       Azərbaycan – Türkiyə mədəni əlaqələrinin inkişafında 1964-72-ci illərdə Sovet Ittifaqı ilə Türkiyə arasında bağlanan mədəni-elmi saziş xüsusi rol oynamışdır. Məhz bu saziş imzalandıqdan sonra 1967-ci ildə XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin yubileyi ilə əlaqədar olaraq Bakıda keçirilən təntənəli tədbirdə Türkiyənin də mötəbər elm, mədəniyyət xadimləri iştirak etmək imkanı əldə etmişlər. Elə həmin ildə Bakıda Asiya və Afrika ölkələrinin yazıçılarının beynəlxalq konfransı təşkil olunmuş və bu tədbirdə də Türkiyə nüməyəndələrinin iştirakına şərait yaradılmışdır.

       Türkiyə– Azərbaycan mədəni əlaqələri 1973-cü ildə Nəsiminin yubileyinə həsr olunmuş mədəni-kütləvi tədbirdə yeni mərhələyə qədəm qoydu. Bu səfərdə Türk nümayəndələri Azərbaycanın mədəni həyatı ilə daha yaxından tanış oldular. Hətta, türk şairi Fazil Hüsnü Dağlarca Bakıya, Göygölə şerlər həsr etdi1.

       Sovet hakimiyyəti illərində Azərbaycanla Türkiyənin birbaşa mədəni əlaqələri 1987-ci ildə baş tutdu. Belə ki, 1987-ci ilin iyulunda Azərbaycan Respublikasının Mədəniyyət Naziri Zakir Bağırov Türkiyənin Mədəniyyət Naziri Məsud Yılmazla Ankarada görüşdü və bu görüşdə iki qardaş ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu.

       Ermənistanın Azərbaycan ərazisinə təcavüzü zamanı qardaş Türkiyə Dövləti ilə Azərbaycan arasında əlaqələr daha da genişləndi. 1990-cı ilin yanvar ayında Azərbaycanın Mədəniyyət Naziri Polad Bülbüloğlu ilə Türkiyənin Mədəniyyət Naziri N. K. Zeybək arasında mədəni əməkdaşlıq haqqında saziş imzalandı. Elə bu sazişə əsasən 1990-cı ildə Türkiyədə Azərbaycanın mədəniyyət günləri keçirildi. Həmin vaxt Türkiyə əhalisi Azərbaycanın bir çox görkəmli mədəniyyət və incəsənət xadimləri ilə yaxından görüşmək imkanı əldə etdi. Bu əlaqələrin reallaşmasında «Vətən» cəmiyyətinin, xüsusilə həmin cəmiyyətin sədri Elçin Əfəndiyevin xüsusi xidmətləri olmuşdur.

       Ən maraqlısı odur ki, Sovet Ittifaqının rəhbər orqanlarında böyük vəzifələrdə çalışan ermənilər Türkiyə ilə Azərbaycanın mədəni əlaqələrinin genişlənməsinə hər vəchlə mane olmağa çalışırdılar. Onlar imperiya rəhbərlərinə belə fikir aşılamağa çalışırdılar ki, Azərbaycanın qardaş ölkə ilə əlaqələr yaratması Türkiyəyə meylin güclənməsinə səbəb ola bilər. Ancaq ermənilərin Azərbaycana qarşı düşmən münasibətləri aşkarlandıqdan sonra xalqımızda Türkiyəyə olan meyl doğrudan da gücləndi. (Bu səbəbdən də 1988-ci ilin əvvəllərindən başlayaraq Bakının küçə və əyləncə yerlərində Türk mahnıları eşidilməyə başladı). 1988-ci ildə Azərbaycanın incəsənət xadimləri Türkiyənin Izmir şəhərində Bakı günləri təşkil etdilər. Azərbaycanın incəsənət xadimləri türk tamaşaçıları qarşısında bir çox konsert proqramları ilə çıxışlar etdilər. Bundan sonra türk tamaşaçılarının da Azərbaycan musiqisinə marağı artdı2. Bu hadisə hər iki dövlətdə ayrı-ayrı şəhərlərin qardaşla şmasının və mədəni əlaqələrinin genişləndirilməsinin əsasını qoydu. Belə ki, Gəncə və Naxçıvan şəhərləri ilə Bursa şəhəri arasında da qardaşlıq əlaqələri yaradıldı. Bursa şəhəri ilə Azərbaycanın Gəncə və Naxçıvan şəhərləri dostluq və mədəni əlaqələri inkişaf etdirmək haqqında xüsusi müqavilə imzalandı və həyata keçiriləcək mədəni- kulturoloji tədbirlər planı hazırlandı3.

       Artıq 1990-cı ildən başlayaraq Azərbaycan – Türkiyə mədəni əlaqələri sürətlə inkişaf etməyə başladı. Bu dövrdə Türkiyənin mədəni aləmində Azərbaycan klassik ədəbiyyatına böyük maraq göstərildi. Həmçinin, türk ictimaiyyəti müasir yazarlarımızla da tanış olmaq imkanı əldə etdi. Türkiyədə Azərbaycan poeziyası və nəsri antologiyası nəşr olundu. Görkəmli türk şairi və jurnalisti Yusel Feyzioğlu Səməd Vurğunun şerlərini çap etdirdi4. Ankarada milli folklor tədqiqatları nəşriyyatları və başqa nəşriyyatlar «Azərbaycan Respublikası», «Azərbaycan xalçaları», «Aşıq Ələsgər» adlı kitabları türk oxucularına təqdim etdilər. Azərbaycan və Türkiyə aşıq poeziyasının inkişafına böyük təsir göstərən Qaracaoğlunun ədəbi irsi Azərbaycan şairi və alimi mərhum Rəfiq Zəka Xəndan tərəfindən araşdırılmışdır.

       «Qaracaoğlunun xatirəsinə həsr olunmuş musiqi və poeziya bayramı» təntənəsində iştirak etmək üçün Respublikamızın görkəmli musiqi və poeziya ustaları türk aşığının vətəni Adana şəhərində oldular. Azərbaycan nümayəndə heyətinə 40 nəfər musiqi və folklor ustaları daxil idilər. Onlar 1990-cı il noyabrın 25-də başlayıb davam edən beynəlxalq mədəniyyət və incəsənət həftəsində iştirak etdilər5.

       Bu tədbirdən sonra Azərbaycan-Türkiyə aşıqları arasında qarşılıqlı əlaqələr genişləndi. Türkiyənin bir çox şəhərlərində qədim xalq sənətini qoruyub yaşadan sənətkarların ictimaiyyətlə görüşləri təşkil olundu. 1990-cı ildə Türk filosofu, sufi şair Yunis Imrənin 700 illik yubileyi münasibəti ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi mərhum Hüseyn Arifin rəhbərliyi ilə bir qrup aşıq sənətçilərimiz Əskişəhərdə, Ankarada və Mələkkədə çıxışlar etdilər. Həmin vaxt «Şairlər şöləni» adlı poeziya bayramında həm aşıqlarımız, həm də bir çox şairlərimiz iştirak etdilər. Bu təntənəli mədəni- kulturoloji tədbirlər zamanı Azərbaycan və Türkiyə sənətkarları arasında yaradıcılıq əlaqələrini inkişaf etdirdiyinə görə şair Hüseyn Arif «Kamal Atatürk Qızıl medalına» layiq görülmüşdür6.

       Qeyd etmək lazımdır ki, Azərbaycanın bir çox dünya şöhrətli sənətkarları hələ Sovet imperiyasının Türkiyəyə qarşı radikal yanaşdığı dövrlərdə də qardaş ölkə ilə mədəni-kulturoloji əlaqələr yaratmaqdan çəkinməmişlər. Xüsusilə maestro Niyazi, Arif Məlikov, Zeynəb Xanlarova, Lütfiyar Imanov və başqaları daim Azərbaycan incəsənətini Türkiyə ictimaiyyətinə təqdim edə bilmişlər. Görkəmli sənətkarımız maestro Niyazi Ankara Dövlət Opera və Balet teatrında P.I. Çaykovskinin “Yevgeni Onegin” operasını tamaşaya qoymuşdur. Həmin operada German rolunu Lütfiyar Imanov ifa etmişdir.

       Maestro Niyazinin Türkiyə ilə əlaqələri daha çox olmuşdur. O, burada P.I. Çaykovskinin “Qu gölü” baletini, C. Verdinin “Aida” operasını da tamaşaçılara təqdim etmişdir. Türk tədqiqatçıları Niyazini müasir dövrün ən qabaqcıl drijorlarından biri kimi qiymətləndirmişlər7.

       Xalq artisti Zeynəb Xanlarova isə Türkiyəyə etdiyi qastrollar zamanı Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə onun mahnı janrının ecazkar gücə malik olduğunu nümayiş etdirmişdir. O, türk tamaşaçılarının ən sevimli müğənnisi statusunu qazanmışdır. 1970-ci ildə bu görkəmli müğənnimizi Türkiyə prezidenti Cövdət Sunay xüsusi diplomla təltif etmişdir. 1977-ci ildə isə Zeynəb Xanlarova Leyla Vəkilovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs ansamblı ilə birlikdə Türkiyənin Istanbul, Ankara və Izmir şəhərlərində çox uğurlu çıxışlar etmişlər. Həmin vaxt demək olar ki, bütün türk qəzetləri Zeynəb Xanlarovanın ecazkar ifasından, sənətkarlıq qüdrətindən yazmışlar.


1 Bax. Mahir Abdullayev. Azərbaycan – Türkiyə əlaqələri. Bakı, Mütərcim, 1998, s.56, 112 səh.

2 «Kommunist» qəzeti, 1988, 9 aprel.

3 Qasımov M. Azərbaycan Respublikası dünya meridianlarında, s.75, Bakı 1992

4 «Kommunist» qəzeti, 1989, 13 dekabr.

5 Bax. Mahir Abdullayev. Azərbaycan – Türkiyə əlaqələri. Bakı, Mütərcim, 1998, s.61

6 «Bakinskiy raboçiy» qəzeti, 1990, 2 iyun

7 Kurbanov V. Iskusstvo Azerbaydcana za rubecom. Baku, s. 127-128



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70