BIR MUSIQIŞÜNAS ÖMRÜNÜN SƏHIFƏLƏRI
Səadət SEYIDOVA, Imruz ƏFƏNDIYEVA
 

Şərqin dünyaya öz baxışı, münasibəti var.

       Təvazökarlıq, iddialı olmamaq, böyüyün kiçiyi olmaq, Şərq xalqlarının ədəb kompleksinə daxil olan insani keyfiyyətlərin müsbət xüsusiyyətlərindən sayılıb. 1960-cı illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında oxuyan tələbələrə məhz ədəb kateqoriyasından olan belə keyfiyyətləri aşılayırdılar. O dövrün tələbə və şagirdləri ailədə də bu tərbiyəni alırdılar. Abdullayeva Səadət Abutalıb qızı məhz bu dövrdə doğulub boya-başa çatmış, oxuyub yetkinləşmiş Azərbaycan musiqişünaslarındandır. Əsl mədəni insan simasına məxsus olan ağayanalıq (sözün yaxşı mənasında) Səadət xanımın daxilindən sezir. Məhz onun bu aurasına görə onun yaxınları, həmkarları, tələbələri Səadət müəllimənin yanında özlərini sakit, təmkinli, ürəkli, inamlı hiss edirlər. Özünə tələbkarlıq, həmişə öz üzərində işləmək bacarığı və hər işə ciddiyyətlə yanaşmasının nəticəsidir ki, musiqi elminin bir sahəsindən o biri sahəsinə atılmadan, uzun illər boyu yorulmaq bilmədən, gənc yaşlarından seç diyi, tamamilə öyrənilməmiş bir sahənin tədqiqi ilə məşğul olub, musiqi elminin alətşünaslıq bölümünü işıqlandırmışdır. Başlaşağılığımızın səbəbi kimi, biz çox vaxt həmyaşıdlarımız olan həmkarlarımızı layiqincə xarakterizə etmək üçün gur səslənən sözlərlə qiymətləndirməkdən ehtiyat edib çəkinirik. Biz bu məqalədə Səadət xanımın Azərbaycan musiqişünaslığındakı xidmətlərinə qiymət vermək üçün müəyyən qədər ürəkli danışmağı özümüzə borc bilirik.

       Abdullayeva Səadət xanım Azərbaycan musiqi elminin layiqli nümayəndəsidir. Onun Azərbaycan alətşünaslığı sahəsində gördüyü işlər musiqi elmi üçün böyük əhəmiyyət kəsb edir. Səadət xanımı Azərbaycan orqanologiya elminin banisi hesab etmək olar. Çünki dahi Üzeyir Hacıbəyovun tövsiyələrinə sadiq olan həmkarımız ilk musiqişünasdır ki, Azərbaycan çalğı alətlərinin öyrənilməsi ilə məşğul olmuşdur. O, ömrünü bu işə sərf edərək, Azərbaycan rayonlarının ən ucqar kəndlərini belə birər-birər gəzərək, dürr dənələri kimi Vətənimizin müxtəlif ərazilərinə səpələnmiş, xalqımızın nadir çalğı alətləri haqqında məlumatları toplamış, bəzən də qədim çalğı alətlərinin özünü üzə çıxarmağa nəsib olmuşdur. Sonralar uzun illər boyu gərgin elmi araşdırmalar nəticəsində Azərbaycan xalqının əsrlərdən xəbər verən qədim, zəngin çalğı alətləri xəzinəsi ilə oxucuları tanış etmişdir.

       Təkrarən çəkinmədən qeyd edirik ki, Səadət xanım Abdullayeva Azərbaycan musiqişünaslığında orqanologiya (alətşünaslıq) elminin metodoloji əsasını qoymuşdur.

       Həmişə müxtəlif çətinliklərlə rastlaşan ilk addım atanların ardınca başqaları da həmin mövzu ilə maraqlanmış, bu sahədə çalışmağa can atmışlar. Bu, elm aləminin qanunauyğunluğudur və ilk tədqiqatçının uğuru kimi qiymətləndirilməlidir. Onu da qeyd etmək gərəkdir ki, sonradan həmin sahədə addım atan ikinci, üçüncü və s. davamçıların elmdə atdıqları addımlar artıq müəyyən qədər yüngünləşir, çünki əsaslanmaq üçün təməl qurulub. Yeni davamçılar nəslinin yaranması müəyyən məktəbin yaranmasına dəlalət edir. Bütün çətinliklərlə üzləşən, əlində kiçik «şamla» zamanın, həyatın udduğu mədəniyyət ünsürlərini ilk dəfə üzə çıxaran alimlərin xidmətləri danılmazdır və onlar bütün xoş və gur səslənən sözlərə layiqdirlər.

       Bu gün Səadət xanım Abdullayeva Bakı Musiqi Akademiyasının professorudur. Əlbəttə, onun bu dərəcəyə çatmasının səbəbkarları əvvəl onun valideynləri, ailəsi və sonra müəllimləridirlər. Səadət Abdullayeva 1940-cı ilin 18 yanvarında əsl Bakı ziyalısı ailəsində dünyaya göz açıb. Musiqini sevən valideynləri, onu Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbinə gətirirlər. 1958-ci ildə həmin məktəbi başa vurub, Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, 1962-ci ildə Azərbaycan xalq musiqisi ixtisası üzrə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirir və Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və Incəsənət Institutunda kiçik elmi işçi vəzifəsinə təyinat alır.

       Konservatoriyada ona həm xalq musiqisinin sirrlərini, həm də müxtəlif musiqi dərslərini tədris edən müəllimlərinin adlarını Səadət xanım böyük ehtiramla yad edir.

       Səadət xanımın bu günkü uğurlarında onun müəllimləri – M.S.Ismayılovun, Ə.Bakıxanovun, S.Ələsgərovun, X.Məlikovun, Elmlər Akademiyasında işləyərkən şöbə müdiri olmuş Q. Qasımovun, aspiranturada oxuduğu illərdə Sovet folkloristikasının veteranlarından sayılan görkəmli alim Q.Z.Çxikvadzenin adlarını qeyd etməmək olmaz. Onların verdikləri bilik və mənəvi qida bu gün Səadət xanımın simasında göz qabağındadır (Allah dünyasını dəyişənlərə rəhmət eləsin).

       1968-ci ildə o sənətşünaslıq doktoru, Tbilisi Konservatoriyasının kafedra müdiri, professor Q.Z.Çxikvadzenin rəhbərliyi altında sənətşünaslıq namizədliyi dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

       1971-ci ildən bu günə kimi Səadət Abdullayeva Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasında müəllimlik vəzifəsinin mürəkkəb mərhələlərini addım-addım adlarayaraq, əvvəl müəllim, sonra baş müəllim, dosent və nəhayət, professor vəzifəsinə kimi yüksəlmişdir. O, kafedrada «Azərbaycan xalq yaradıcılığı», «Azərbaycan xalq musiqisinin əsasları», «Orkestrləşdirmə» üzrə mühazirələr, həmçinin həmin fənn üzrə məşğələ fənnlərini tədris edir. Bu uzun illər ərzində bir sıra musiqiçi-mütəxəssislərin yetişməsində və bir çoxunun elmə gəlməsində Səadət xanımın əməyi böyükdür. O, dörd sənətşünaslıq namizədinin rəhbəri olmuş və hal-hazırda da böyük səylə yeni aspirant və dissertantlara rəhbərlik edir. Hazırladığı mütəxəssislərin minnətdarlığını Səadət xanım ən böyük mükafat kimi qəbul edir.

       Həqiqətən, çox vaxt mürəkkəb bir hadisəyə çevrilən tələbə-müəllim münasibəti (xüsusən ixtisas kurslarında) özü-özlüyündə tədqiqat obyektidir. Həmişə minnətdarlıqla yad edilən müəllim də onun fəaliyyətində bu tədqiqat obyektinin bir hissəsidir.



Materiallarla bütövlükdə tanış olmaq üçün jurnalın çap variantına müraciət edə bilərsiniz.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70