POLAD BÜLBÜLOĞLU – 60
Vasif ADIGÖZƏLOV
 

Hörmətli Polad Bülbüloğlu!

       Azərbaycanın bəstəkar və musiqişünasları Sizi, Azərbaycan Respublikasının xalq artistini, görkəmli Azərbaycan bəstəkarı və müğənnisini həyatınızda çox mühüm və əlamətdar bir hadisə - 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirlər.

       Sizin milli musiqi mədəniyyətimizin inkişafında, onun dünya miqyasında tanınmasında xidmətləriniz böyükdür.

       Bir insan və musiqiçi kimi taleyiniz əzəldən çox uğurlu başlayıb. Axı Sizin, dahi Bülbül kimi atanız və Qara Qarayev kimi dahi müəlliminiz olub. Azərbaycan mədəniyyəti üçün bu iki əvəzsiz şəxsin xeyir-duası ilə sənətə gəlib, onun inkişafında və çiçəklənməsində özünəməxsus imzanızı qoymusunuz.

       Siz, artıq gənc yaşlarınızdan vaxtilə dünyanın altıdan bir hissəsini əhatə edən SSRI kimi nəhəng dövlətin ən populyar və sevilən müğənni bəstəkarlarından biri kimi məşhurlaşmısınız. Sizin mahnılarınız ötən yüzilliyin 70-90-cı illərində ən məşhur estrada müğənnilərinin repertuarında möhkəm yer tutmuşdur. “Şən Azərbaycan”, “Gəl, ey səhər”, “Dolalay”, “Dilin can incidəndir”, “Durnalar”, “Azərbaycan - odlar yurdum mənim” və s. mahnılarınız dillər əzbəri olub və indi də öz təravətini, gözəlliyini itirməyib. Sizin bəstəkarlıq fəaliyyətiniz çoxcəhətlidir: yaradıcılıq çantanızda irihəcmli simfonik əsərlər, kamera-instrtumental musiqi nümunələri, müzikllər, vokal silsilələr vardır. Bu əsərlər musiqi üslubunun orijinallığı, texniki kamilliyi və melodikliyi ilə seçilir. 20-dən artıq kinofilmə, o cümlədən “Istintaq davam edir”, “Uşaqlığın son gecəsi”, “Babək”, “Abşeron ritmləri”, “Qorxma, mən səninləyəm” filmlərinə, bir sıra teatr və televiziya tamaşalarına musiqi yazmaqla yanaşı Siz, kino aktyoru kimi də yaddaqalan obrazlar yaratmısınız. Təsadüfi deyil ki, Moskva şəhərindəki məşhur “Ulduzlar”, meydanında öz “Ulduzu” olan ilk Azərbaycan musiqi xadimisiniz.



       Hörmətli Polad müəllim!



       Siz, 17 ildir ki, Mədəniyyət Naziri kimi respublikamızda çox mühüm, vacib və çətin bir sahəyə başçılıq edirsiniz. Biz, bəstəkar və musiqişünaslar, Sizin öz həmkarlarınıza olan həssas və qayğılı münasibətinizi daim hiss edirik.

       Sizin, bir ictimai xadim kimi çoxşaxəli və məhsuldar fəaliyyətiniz, gözəl təşkilatçılıq bacarığınız özünü həm də beynəlxalq təşkilatlarda tutduğunuz nüfuzlu mövqelərdə və vəzifələrdə də bariz şəkildə göstərir. Bu baxımdan Sizin 12 ölkənin daxil olduğu “TÜRKSOY” Beynəlxalq təşkilatında 1994-cü ildən e’tibarən direktor vəzifəsində çalışmağınız, 2001-ci ildə türk dünyasına xidmətlərinə görə TÜRKSAV mükafatına (Türk dünyası yazarlar və sənətçilər vəqfi), 2002-ci ildə Gürcüstan Respublikasının “Şərəf” ordeninə, bu yaxınlarda isə Rusiya Federativ Respublikasının “Xalqlar Dostluğu” ordeninə, “Sankt-Peterburqun 300 illiyinə” medalına layiq görülməyiniz mədəni-tarixi hadisə kimi çox əlamətdardır.

       Bütün bunların nəticəsidir ki, dövlətimizin başçısı - möhtərəm Prezidentimiz, cənab Ilham Əliyev Sizi, vətənimizin ən ali mükafatı - “Istiqlal” ordeninə layiq görmüşdür. Bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edirik. Qoy həyatınız gələcəkdə parlaq və yaddaqalan anlarla dolu olsun. Sizə möhkəm can sağlığı, uzun ömür və daim işləyib-yaratmaq əzmi arzulayırıq.













Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70