Şərq musiqinin peyğəmbərləri
P. Aşir Oğlu.
 


       Uşağın yadından söz çıxmaz deyirlər. O zaman mən uşaq idim. 7-8 yaşım olardı. Uşaq vaxtı gördüklərim, eşitdiklərim indiki kimi yadımdadır.
       Almanlarla müharibə başa çatmışdı. Sağ-salamat qayıdanlar da olmuşdu, itkin düşənlər də, mənim atam kimi "qara kağızı" gələnlər də. Atam Aşir Nisanoviç bizim Qırmızı qəsəbədə müəllim işləyirdi. Sonralar məktəb direktoru oldu. Müharibə başlayanda o da cəbhəyə getdi, lakin geri qayıtmadı. Gözümüz yolda qaldı...
       40 il keçəndən sonra öyrəndik ki, atam qəhrəmancasına həlak olub, Şimali Qafqazın Diqor şəhərindəki qardaşlıq qəbristanlığında uyuyur.
       Atasız qalan başqa uşaqlar kimi mənim də ürəyim açılmır, üzüm gülmürdü. Nəğmə dərsində bir az qırışığım açılırdı. Dərdimi-sərimi musiqi ilə unutmağa çalışırdım. Bilmirəm burada nə sirr var. Dərd bizi üstələyəndə özümüzü musiqi ilə ovundururuq. Ən çox da qəmli müsiqi ilə. Bu cəhətdən muğamatın əvəzi yoxdu. Milliyyətcə azərbaycanlı olmasam da, muğamatı sevirəm. Bu mənə atamdan keçib. Azərbaycan musiqisini o da çox sevərdi.
       O vaxt Qubanın hər yerində olduğu kimi, bizim Qırmızı qəsəbədə də davadan sağ-salamat və ya şikəst qayıdan əsgərlərin ailələrində qurban kəsilir, musiqi çalınır, şadyanalıq edilirdi. Yadımdadır, qəsəbə sakinlərindən Mişiyevin (təssüf ki, adını unutmuşam) faytonu bütün günü qəsəbəmizin daş döşənmiş küçəsi ilə o tərəf – bu tərəfə gedib-qayıdar, hər dəfə də fayton bizim evin yanından ötəndə qonum-qonşu küçəyə çıxar, faytondan ucalan ecazkar musiqinin sədalarına diqqət kəsilərdi. Daş döşənmiş küçədə at ayaqlarının səsi musiqinin ecazkar səsi ilə uyuşub qəribə ahəng yaradırdı.
       Mişiyev faytonda patefon oxudardı. Qramofon valından çıxan o məlahətli səs mənim kövrək qəlbimə bir təsəlli olar, əsəblərimə sanki sığal çəkərdi. Bu səsdə elə bil cəbhədən qayıtmayan atamı görür, onun məni çağıran harayını eşidirdim. Qocalar deyirdilər: "Oxuyan Cabbar Qaryağdıoğludu".
       Bir dəfə anamdan soruşdum:
       – Cabbar Qaryağdıoğlu kimdir?
       Anam Miryon Yusifovna dedi:
       – Oğul, Cabbar Qarabağın məşhur xanəndəsidir. Onu hər yerdə tanıyırlar. Gedib səsini Varşavada vala yazdırıb...
       Indi anamın 87 yaşı var. Qubadan Bakıya köçüb. Mənim yanımda qalır. Nəvələriynən gününü keçirir.
       O vaxt Qırmızı qəsəbədə Ixiil Adınyayev deyilən bir qonşumuz vardı. Imkanlı adam idi. O da özünə patefon almışdı. Məni ovsunlayan o sehirli səsi təkcə Mişiyevin faytonundan deyil, qonşumuzun evindən də eşitmişdim. Sonralar öyrəndim ki, xanəndə Cabbar Qaryağdıoğlunun oxuduğu o muğam "heyratı" imiş.
        Bu ustad xanəndənin məlhəm səsi hələ uşaqlıqdan mənim qəlbimə hakim kəsilmişdi. Bu səs mənə ürək-dirək verir və sanki deyirdi: "Qorxma, atan ölməyib, nə vaxtsa sağ-salamat qayıdıb gələcək".
       Mən təsəllimi bu səsdə tapırdım. Odur ki, bu səsin sahibi ilə maraqlanmağa başladım, onun haqqında yazılanları oxudum, eşitdiyim rəvayətləri topladım. Cabbar Qaryağdıoğlu barədə məlumatım artdıqca ona ürəkdən bağlandım...
       Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olmuşdur. O, opera və operetta yazan bəstəkarlara yaxından kömək etmişdir.
       Bu haqda professor Bülbül deyib: "1934-cü ilin sonunda Cabbar əmi 200-dən artıq mahnı və təsnifi fonovalik vasitəsi ilə oxuyub. Bunun üçün konservatoriya tərəfindən ona o vaxtın pulu ilə 10 min manat qonorar vermək qərarına gəlmişdilər.
       Bir gün Müslüm Maqomayev ilə Üzeyir Hacıbəyov Cabbar əminin ardınca adam göndərib onu iş otağına çağırdılar. Cabbar əmi içəri daxil olanda hamımız ayağa qalxdıq. O, Müslümün yanında əyləşib tələsik soruşdu:
       – Üzeyir bəy, xeyir ola?
       Üzeyir bəy barmaqları ilə bığını tumarlayıb sözə başladı:
       – Cabbar əmi, bilirsənmi, konservatoriya zəhmətin üçün sənə 10 min manat pul ayırmışdır...
       Cabbar əmi təəccüblənib çiyinlərini çəkdi və dedi:
       – Üzeyir bəy, nə zəhmət, nə pul? Heç kəs mənə bir qəpik də borclu deyil.

       Mən söhbətə qarışıb dedim:
       – Cabbar əmi, sən bizim elmi katibə 220 mahnı və təsnifin həm mətnini, həm də musiqisini vermisən, buna görə də konservatoriya sənə zəhmət haqqı verməlidir. Mən sözümü qurtarmamış qoca əsəbləşdi və narazı qaldı. Söhbətə qarışan Müslüm Cabbar əmini sakitləşdirib dedi:
       – Cabbar əmi, axı sən zəhmət çəkmisən, onları yaddaşında saxlayıb xalqın xəzinəsinə vermisən, buna görə də biz qərara gədik ki, sənə zəhmət haqqı verək.
       Cabbar əmi bu dəfə daha çox əsəbiləşdi və üzünü Maqomayevə çevirib laha hirsli halda:
       – Çox sağ ol, Müslüm bəy, heç sizdən gözləməzdim. Mən o mahnıları pul üçün oxumamışam, mən bunları ancaq xalqımın mənafeyi, gələcək nəsillərin xeyrinə edirəm.
       Cabbar əmi ayağa durub bizimlə xudafizləşdi. O, qapını açıb çıxmaq istəyərkən bir an ayaq saxlayıb Üzeyir Hacıbəyova üzünü tutub dedi:
       – Üzeyir bəy, təvəqqe edirəm, bir də məni belə işlərdən ötrü çağırmayasınız".
       Bəli, səsinin heyranı olduğum Cabbar əmi əsl xalqının oğlu idi.
       Qəsəbədə qocalar danışırdılar ki, Cabbar Qaryağdıoğlunun xanımı Səlimə Xatun bir gün ona deyir ki, mənə qazan al, gətir. O da irili-xırdalı bir neçə qazan alıb arabaya qoyur, qazanları cingildədə-cingildədə evə aparır. Səlimə Xatun bunu görüb soruşur: "Bu qədər qazanı neyləyirdin?". Cabbar əmi cavabında: "Saxla, lazım olacaq", – deyir.
       Klassik Şərq və Azərbaycan muğamlarını yaşadan, onu nəsillərdən-nəsillərə təqdim edən, ona yeni xallar, nəfəslər və ləhcələr əlavə edib zənginləşdirən, azəri xalqının xanəndələrindən biri olan və adı dillərdə dastan böyük müğənnimiz Cabbar Qaryağdıoğlu eyni zamanda bir xalq aşığı idi.
       Azərbaycanda ilk Şərq konserti 1901-ci ildə dramaturq Əbdülrəhimbəy Haqverdiyevin rəhbərliyi ilə Şuşada "Xandəmirovun teatr" salonunda təşkil edilmişdir: həmin konsertdə o dövrün məşhur oxuyan və çalanlarından Keçəçi Məhəmməd, Qasım Abdullayev, Məşədi Dadaş, Cabbar Qaryağdıoğlu, məşhur tarzən Sadıqcan, Məşədi Zeynal, aşıqlardan Abbasqulu, Nəcəfqulu və başqaları iştirak etmişdilər. Konsertdə Cabbar Qaryağdıoğlu böyük ifaçılıq qabiliyyəti göstərərək Azərbaycanın görkəmli şairlərindən Fizulinin, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin və Xurşudbanu Natəvanın qəzəllərini ilham və məhəbbətlə oxumuşdur. Cabbarın doğma ana dilində qəzəl oxuması muğamatın geniş xalq kütlələri içərisində yayılmasına xeyli kömək etmişdir. 1901-ci ildə gənc xanəndə Əlişir Nəvainin "Fərhad və Şirin" səhnəciyindən Fərhad rolunda bacarıq və istedadını nümayiş etdirmişdir.
       Hacı Zeynalabdin Tağıyevin teatrında 11 yanvar 1902-ci il tarixində məşhur xanəndəmiz Cabbar Qaryağoğlu zil və məlahətli səsi ilə tamaşaçıları heyran etmişdir. Əfsuşlar olsun ki, teatrda onun heç bir şəkli yoxdur. Azərbaycan Dövlət Musiqili Komediya teatrının səhnəsindən asılmış xalça üzərində incəsənət xadimlərinin şəkilləri arasında Cabbar Qaryağdıoğlunun şəkli toxunmamışdır. O, şəkillərin içərisində böyük sənətkarların da şəkli olmalı idi. Əlbəttə, bu mənim fikrimdir.
       Filarmoniya xanəndələrin ocağıdır. Burada da Cabbar Qaryağdıoğlunu anan heç bir portret belə yoxdur. Halbuki əvvəllərdə olduğu kimi indi də xaricdə muğamatı və xalq mahnılarını tələb edən və ona qulaq asanlar da vardır. Bu işdə də Cabbar Qaryağdıoğlunun rolu çox olub, onu danmaq olmaz.
       ...Şuşada 1906-ci ildə "Leyli və Məcnun" tamaşasını səhnəyə qoyublarmış. Məcnun rolunu Cabbar Qaryağdıoğlu oynayırmış. Deyirdilər o, başına quş yuvası qoyubmuş. Yuvanın içində bülbül varmış. Cabbar Qaryağdıoğlu Leylinin qəbri üstündə hönkürəndə bülbül uçub gedib.
       Iki ildən sonra "Leyli və Məcnun" indiki Musiqili Komediya teatrında tamaşaya qoyulub.
       1965-ci ildə Moskvada nəşr olunmuş "Pesnya i muzıka Azerbaydjana" kitabında deyilir ki, Cabbar Qaryağdıoğlu 1906-cı ildə Varşavada konsert verib. Bu konsertdən toplanan pul vəsaiti Zaqafqaziya müsəlman tələbələrinə paylanıb. Bu müdrik xanəndə xeyriyyəçi kimi də tanınırdı.
       1906-cı ildə Varşavada Cabbar Qaryağdıoxlunun səsi yazılmış qrammofon valı buraxılmışdı.
       O, Bakıda Mərdəkan qəsəbəsində Yesenin və Şalyapinlə görüşmüşdü. Aralarında müəyyən söhbət də olmuşdu. Cabbar Qaryağdıoğlunun zil və məlahətli səsi, geniş səs diapazonu onları heyrətə salmışdı. Yesenin Cabbar Qaryağdıoğlunu "Şərq musiqisinin peyğəmbəri" adlandırmış və ona bir şer həsr etmişdi.
       Yeri gəlmişkən, Cabbar Qaryağdıoğlunun şairliyi də vardı. Bəstəkar kimi mahnılar da qoşurdu. Amma indiki müğənnilərtək bu mahnılara öz adını qoşmurdu. Onun öz xanımına yazdığı şerdən bir parçanı yada salmaq istəyirəm:
       Sən orda elə seyri-səfa bağ arasında,
       Mən burda yanım piltə kimi yağ arasında.
       Rəngim saralıb, Səlmə xanım, ayrılığından;
       Sanki saralıbdı şamama tağ arasında...

       Allah sənə rəhmət eləsin, Cabbar əmi!
       Azərbaycan milli televiziyasında musiqi tədqiqatçısı Firudin Şuşinski deyirdi: "Cabbar əmi 500-ə qədər xalq mahnısını yaddaşında saxlamışdı. O, bir dəfə Irəvanda bir toy məclisində oxuyurmuş. Məclisin qızğın vaxtında toy sahibi, daha doğrusu, qız atası xanəndədən xahiş edir ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca "Irəvanda xal qalmadı" adlı mahnı bəstələyib oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni alqışlayır...
       Televiziyada Cabbar Qaryağdıoğlu haqqında təkcə Firudin Şuşinskinin deyil, Şahmar Əkbərzadə, Rəfail Hüseynov və başqalarının verilişlərindən də çox şey öyrənmişəm.
       Yaxşı olardı ki, musiqi texnikumları və məktəblərində xanəndəlik sənətindən dərs deyən müəllimlər öz tələbələrinə xatırlatsınlar ki, "Irəvanda xal qalmadı" mahnısı kimi bir sıra qədim mahnılarımızın da müəllifi ölməz sənətkarımız C. Qaryağdıoğludur. Savab iş olardı musiqi tədqiqatçılarımızdan biri Cabbar Qaryağdıoğlunun mahnılarını toplayıb dövlət nəşriyyatlarından birində notu ilə çap etdirsin. Bu mənim öz arzum və təklifimdir.
       Vaxtilə professor Bülbül Cabbar Qaryağdıoğlunun oxuduğu mahnı və təsnifləri tarzən Qurban Primovun müşayiətilə fonovalikə yazmış və nota köçürmüşdür. 1934-cü ildə altı ay müddətində professor Bülbülün rəhbərlik etdiyi "Azərbaycan musiqisini öyrənən elmi kabinet"ə 220 xalq mahnısı, təsnif və 70-ə qədər də xalq musiqi parçası vermişdir. Bir də Cabbar Qaryağdıoğlunun ifa etdiyi 300-ə qədər mahnı və təsnifi professor Bülbül fonovalikə yazmışdı.
       Məşhur sovet bəstəkarı R. M. Qliyer "Şahsənəm" operasını bəstələmək üçün 1923-cü ildə Bakıya gəlir. Qliyer hələ operanın musiqisini yazmaqdan əvvəl Azərbaycan xalqının zəngin musiqisinin xüsusiyyətini dərindən və ciddi bir surətdə öyrənir. Bu işdə Cabbar Qaryağdıoğlu və onun sənət yoldaşı görkəmli tarzən Qurban Primovun bəstəkara böyük köməyi olmuşdur. "Şahsənəm" operasının yaranmasında. Qliyerə kömək etdiyinə görə Azərbaycan SSR Mərkəzi Icraiyyə Komitəsi Cabbar Qaryağdıoğlunu fəxri fərmanla təltif etmişdir.
       Bəstəkarın özü isə Cabbar Qaryağdıoğluna minnətdarlığını bildirərək "Bakinski raboçi" qəzetində yazmışdı: "Operada istifadə etdiyim mahnıların demək olar ki, hamısı Azərbaycanın qədim mahnılarıdır və bunları mənə məşhur xanəndə Cabbar Qaryağdıoğlu vermişdir".
       Sənətşünaslıq namizədi, dosent Bayram Hüseynli 1965-ci ildə nəşr olunmuş "Azərbaycan el nəğmələri" kitabında yazırdı ki, Cabbar Qaryağoğlunun oxuduğu mahnılardan 33-ü (bunun 18-i məhəbbət mövzulu lirik nəğmələrdir) Üzeyir Hacıbəyov və Müslüm Maqomayev tərəfindən nota salınmışdır.
       "Şərq musiqisinin peyğəmbəri" Cabbar Qaryağdıoğlunun mahnılarından təkcə xanəndələr deyil, bəstəkarlarımız da istifadə etmiş və bəhrələnmişlər. Niyazi, F. Əmirov, H. Xanməmmədov, C. Cahangirov, bu ustad sənətkardan çox şey öyrənmişlər. Cabbar Qaryağdıoğlu dəryadı. Hər bəstəkar, hər musiqiçi bu dəryadan bir qətrə götürüb istifadə etsə, Azərbaycan musiqisi daha da zənginləşər.
       Cabbar Qaryağdıoğlu evlənməmişdən qabaq sevgilisi Səlimə Xatuna üçmərtəbəli ev tikdirmişdir. Qırxpilləkənlə üzbəüz. Incəsənəti və mədəniyyəti duymayanlar "Qırmızı kitaba" düşən bu imarəti təssüf ki, dağıdıblar.
       ...Hər dəfə radiodalğalarında Cabbar Qaryağdıoğlunun səsini eşidəndə sevinc və fərəh duyuram. Sevinirəm ki, Azərbaycanın bu cür ölməz sənətkarı var. Fəxr edirəm ki, mən də bu torpağın vətəndaşıyam. Azərbaycan mənim üçün də doğma və əzizdir. Mən bu ölkənin çörəyini yeyib suyunu içmişəm. Bir də ona görə ki, bu gün Azərbaycanda Cabbar Qaryağdıoğlunun varisləri yetişir. Cabbar Qaryağdıoğluna həsr edilmiş müsabiqələr bu dahi sənətkarın irsinə yiyələnən yeni-yeni istedadlı xanəndələri aşkara çıxarır. Indi Cabbar Qaryağdıoğlu adına müsabiqənin qalibi Alim Qasımov bütün dünyaya səs salıb. Sənətinə pərəstiş etdiyim bu xanəndə Azərbaycan muğam və mahnılarını respublikamızdan kənarda da geniş təbliğ edir. Cabbar Qaryağdıoğlu adına muğam üçlüyü dünyanı heyrətə salıb.
       Söhbətimin sonunda fikrən, xəyalən üzümü Cabbar Qaryağdıoğluna tutur və deyirəm: "Mən səni uşaqlıqdan sevmişəm, ustad. Sənin sehirli səsin bir vaxt yaralı qəlbimə məlhəm olub. Mən bu səsdə atamı görmüşəm, dərdimi-sərimi unutmuşam. Bu səs təkcə müsəlmanları deyil, qeyri millətlərdən olan dinləyiciləri də ovsunlayıb. Sənin böyüklüyün də elə bundadır, ustad. Gün o, gün olsun ki, Bakıda sənin heykəlini ucaltsınlar. Gün o gün olsun ki, Musiqi Akademiyasına, musiqi məktəblərinə qəbul olunan gənc xanəndələr gəlib heykəlin qarşısında and içsinlər ki, sənin musiqi irsinə sadiq qalacaq və Azərbaycan musiqisini yad təsirlərdən qoruyacaqlar.
       Mən sənin 140 illik yubileyinə az da olsa yaradıcılığından yazdım. Bu qələmə aldığım kəlmələr və cümlələr Sizə uşaqlığımdan gələn və qanıma, canıma hopan bir məhəbbətdəndir.
       Allah sənə rəhmət eləsin, Cabbar əmi!







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70