QARA QARAYEV BALETLƏRINDƏ ƏNƏNƏVILIKLƏ MÜASIRLIYIN VƏHDƏTI
Ilhamə MƏMMƏDLI
 

XX əsrin görkəmli bəstəkarı, ictimai xadim və pedaqoqu, dərin düşüncəyə malik, intellektual musiqiçi – alim və publisist Q.Qarayevin bir tək Azərbaycan musiqisinin deyil, bütövlükdə müasir bəstəkarlıq yaradıcılığının inkişafındakı rolu əvəzsizdir. Onun özünəməxsus yaradıcılığı Azərbaycan mədəniyyətini dünyəvi musiqi prossesi ilə birləşdirən körpü rolunu oynamışdır. Müasir musiqini və onun yazı texnikasını mənimsəməsi, milli mədəniyyətlə daxili bağlılığı bəstəkarın fərdi yaradıcılıq yolunu müəyyənləşdirmişdir. Nəticədə özünəməxsus Qarayev musiqisi yaranmışdır.

       Q.Qarayev Avropanı daxildən dərk etmiş və onu Azərbaycan musiqi mədəniyyəti üçün geniş şəkildə açmışdır. O, buradakı insanların həyatını, kədəri və sevincini duyur və əsərlərində bunları əks etdirirdi.

       Q.Qarayevin musiqisində Azərbaycan koloriti həmişə duyulur. Bu da onun folklora, xalq musiqisinə daima müraciət etməsindən irəli gəlir. Ümumiyyətlə, xalq musiqisi Azərbaycan bəstəkarlıq məktəbinin təşəkkülü üçün təkanverici qüvvə olmuşdur. Bəstəkar yaradıcılığının folklorla qarşılıqlı əlaqəsi - yəni «bəstəkar və xalq yaradıcılığı» problemi həmişə diqqət mərkəzində olan faktordur. Azərbaycan musiqisində bu məsələ dahi Ü.Hacıbəyov tərəfindən ilk dəfə olaraq qaldırılmış və həll edilmişdir (əvvəl sitat, sonra Avropa musiqi texnikası ilə sintezdə).

       Q.Qarayev isə xalq musiqisinə müasir mövqedən yanaşır. O, milli özünəməxsusluq anlayışını Ü.Hacıbəyov ənənələrindən təkan alaraq daha sərbəst tərzdə həll edirdi. O, özünün dediyi kimi, sitat metodundan qətiyyətlə imtina edir, xalq musiqisinin intonasiyalarını müasir musiqinin texniki vasitələrilə qovuşdurur. Bəstəkar əsərlərində xalq həyatının zahiri cəhətlərini deyil, onun dünyagörüşünü müasir nöqteyi - nəzərdən əks etdirir. Onun yaradıcılığında elə əsərə rast gəlmək olmaz ki, orada xalq qarşısında yaradıcılıq məsuliyyəti ön plana çəkilməsin. O qeyd edirdi ki, «xalq musiqisi» inkişaf etmiş, çoxobrazlı incəsənət olaraq, kütləvi, vokal, instrumental, rəqsvari və kameralıq xüsusiyyətə malikdir. Ona görə də təkcə mahnı ilə kifayətlənmək olmaz. 1 Q.Qarayev öz xalqının bədii irsini dərindən bilir, onu çox sevirdi: «Azərbaycan musiqisi - bu mənim doğma dilimdir, bir bəstəkar kimi mən Azərbaycan xalq melosunda yetişmişəm və onun təsirindən azad olmaq fikrində deyiləm» 2

       Q.Qarayev yaradıcılığı boyu milli mövzularla yanaşı, digər milli mövzular əsasında da əsərlər yaratmışdı və bununla da o, Qərbin Şərqə münasibətinin dəyişməsinə çalışmışdı. Q.Qarayevin nəzərincə, sənətkarın milli təbiəti müxtəlif şəraitlərdə üzə çıxa bilər. Hətta digər xalqların həyatından bəhs edən və onların musiqi folkloruna müəyyən qədər əsaslanan əsərlərdə belə Azərbaycan bəstəkarının dəsti-xətti özünü aydın şəkildə biruzə verməlidir. Bu barədə bəstəkar belə deyirdi: Milli ənənələr yaradıcılıqda düşünmədən, bilmədən peyda olur. Mən ispan, bolqar, vyetnam mövzularına musiqi yazıram, lakin mənə deyirlər ki, onlarda mənim milliliyimin izi qalır. Bu necə baş verir, mən izah edə bilmərəm, bu barədə fikirləşmirəm də. 3

       Bəstəkarın milli və qeyri-milli musiqi haqqındakı fikirləri öz parlaq təsdiqini onun müxtəlif dövrlərdə yazdığı «Yeddi gözəl» və «Ildırımlı yollarla» baletlərində tapır.

       Bu baletlərlə Azərbaycan baletinin inkişafında əhəmiyyətli və yeni mərhələnin başlanğıcı qoyuldu. «Yeddi gözəl» və «Ildırımlı yollarla» baletlərində bəstəkar rəqs səhnələri ilə zəngin əyləndirici tamaşadan uzaqlaşaraq realist musiqili-xoreoqrafik dram yaratdı. Bu baletlər rus klassik balet ənənələri ilə bağlı olaraq Çaykovski simfonizminin əsas prinsiplərini saxlamış, eyni zamanda Prokofyevin son baletlərindəki (əsasən «Romeo və Cülyetta» baletindəki) novatorluğu inkişaf etdirmişdir. O, öz baletlərində Prokofyevin yolunu davam etdirərək məzmundakı təzadlı obrazları göstərən musiqili – xoreoqrafik pyeslər yaratmağa cəhd göstərmişdir. «Yeddi gözəl» və «Ildırımlı yollarla» baletlərindəki fərdi xarakterlərin aydın, musiqili təqdimi buna gözəl nümunədir. Qarayev baletlərinin Prokofyev baletləri ilə daha bir yaxınlığı musiqinin teatral dəqiqliyidir. Hər iki baletdə bəstəkar musiqi ilə obrazların vəhdətini yaradır, bununla da qəhrəmanların daxili aləminə sirayət etmiş olur. Qarayev baletlərində rəqs formasın ı saxlamaqla musiqini simfonik səviyyəyə qaldırır. Bunun sayəsində bu baletlərin musiqisi proqramlı - simfonik janr kimi səhnədən kənarda da yaşamaq hüququ qazanmışdır.

       Məlum olduğu kimi, «Yeddi gözəl» baleti dahi Azərbaycan şairi, mütəffəkir və filosofu Nizaminin əsasən eyni adlı poemasının süjeti əsasında yazılmışdır. Bütün digər poemalarında olduğu kimi, «Yeddi gözəl»də də şair humanist - filosof kimi çıxış edərək məhəbbəti, insan həyacanını, kədəri, iztirabı və həyat sevincini açmışdır. Dünya ədəbiyyatına «Yeddi gözəl» adı altında daxil olan poema uzun müddət «Bəhramnamə» və «Həft Peykər» kimi məşhur olmuşdu.

       Görkəmli dramaturq və balet tarixçisi Y. Slonimski tərəfindən yazılmış librettoda obrazlar dəyişikliyə uğramış, yeni personajlar daxil edilmişdir. Poemadan fərqli olaraq baletin librettosunda Bəhram şah əvvəldə müsbət olmağına baxmayaraq get-gedə qəddarlaşır, yalnız özünü düşünən bir hökmdara çevrilir. Librettoçunun Bəhramı mənfi obraz kimi təqdim etməsi əlbəttə ki, dövrün tələbindən irəli gəlirdi. 50-ci illərin ictimai-siyasi vəziyyəti buna vadar edirdi - yəni şah ideallaşdırıla bilməz.

       Poemadan fərqli olaraq librettoçular tərəfindən yaradılmış yeni obrazlar Ayişə, onun qardaşı Mənzər və yeddi sənətkar xalqın nümayəndələri kimi təqdim olunur. Vəzir poemadan eyni ilə baletə köçürülmüş mənfi obrazdır. Baletdə Bəhramla bir cərgədə durur. Yeddi gözəlin obrazı poemada real şəkildə Bəhramın hərəmləri kimi verilmişdisə, baletdə bu obrazlar fantastik aləmi təsvir edir.

       Nizami üçün o dövrün insanı, onun taleyi, xalqının azad, firavan yaşamaq arzusu, orta əsrlərdəki zülm və əsarətə qarşı etirazı, ümumiyyətlə xalqla hakimiyyət arasındakı uçurum poemalarda əsas mövzulardan biridir. Bu mövzu bütün dövrlər üçün aktual olduğuna görə dahi şairi günümüzün müasiri kimi təqdim etməyə əsas vardır. Nizami dühasından gələn bu fikirlər baletin musiqisi və qurluşunun əsasını təşkil edir. Beləliklə, Nizaminin «Yeddi gözəl» poemasın süjeti nağıl və əfsanə kimi deyil, ictimai dram kimi izah olunmuşdur.

       Baletin ideyasını simfonikləşdirən bəstəkar personajların fərdi xarakteristikalarının açılmasında geniş nəfəsli melodikaya, dəqiq rəqs ritmlərinə müraciət edir. Kütləvi xalq səhnələrində, Ayişə, Mənzər və sənətkarların xasiyyətnamələrində musiqinin milli - lad əsası ifadə olunur.

       Qeyd etdiyimiz kimi Qarayev musiqisinin kökləri milli – lad intonasiyaları ilə sıx bağlıdır. Məhz lad - intonasiya milliliklə müasirliyi üzvi surətdə bir-birnə qovuşduran amildir. Azərbaycan ladlarının ifadəli intonasiyaları Qarayevin əsərlərində sintez olunur və buna müasir mövqedən yanaşma bəstəkarın fərdiliyini daha qabarıq şəkildə biruzə verir. Bu sintez Qarayev yaradıcılığının müxtəlif mərhələlərində bir-birindən fərqlənir. Əgər ilkin əsərlərində bəstəkar xalq musiqisinə daha ehtiyatla, həssaslıqla yanaşırdısa, artıq «Leyli və Məcnun» simfonik poemasında cəsarətli addım atdı və bunun davamı daha böyük janrda «Yeddi gözəl» baletində zirvəyə gətirib çıxartdı. Bəstəkar burada musiqi folklorundan demək olar ki, heç bir sitat götürməmişdir. Lakin Azərbaycan xalq musiqisinin təbii və orijinal intonasiyaları, ritmik quruluşu baletin bütün partiturasında dərindən-dərinə duyulur. Xalqın mahnı və rəqs sənəti, aşıq yaradıcılığı, muğam ənənələri ilə sıx və üzvi surətdə bağlılıq «Yeddi gözəl»də özünü göstərir.

       Qeyd etdiyimiz kimi Qarayev musiqisinin kökləri milli – lad intonasiyaları ilə sıx bağlıdır. Məhz lad - intonasiya milliliklə müasirliyi üzvi surətdə bir-birnə qovuşduran amildir. Azərbaycan ladlarının ifadəli intonasiyaları Qarayevin əsərlərində sintez olunur və buna müasir mövqedən yanaşma bəstəkarın fərdiliyini daha qabarıq şəkildə biruzə verir. Bu sintez Qarayev yaradıcılığının müxtəlif mərhələlərində bir-birindən fərqlənir. Əgər ilkin əsərlərində bəstəkar xalq musiqisinə daha ehtiyatla, həssaslıqla yanaşırdısa, artıq «Leyli və Məcnun» simfonik poemasında cəsarətli addım atdı və bunun davamı daha böyük janrda «Yeddi gözəl» baletində zirvəyə gətirib çıxartdı. Bəstəkar burada musiqi folklorundan demək olar ki, heç bir sitat götürməmişdir. Lakin Azərbaycan xalq musiqisinin təbii və orijinal intonasiyaları, ritmik quruluşu baletin bütün partiturasında dərindən-dərinə duyulur. Xalqın mahnı və rəqs sənəti, aşıq yaradıcılığı, muğam ənənələri ilə sıx və üzvi surətdə bağlılıq «Yeddi gözəl»də özünü göstərir.


1 Karaqiçeva L.-Kara Karaev: Liçnostğ.Sucdenie ob iskusstve-M., «Kompozitor», 1994. str.215
2 Elə orada.səh.215
3 Karaqiçeva L.-Kara Karaev: Liçnostğ. Sucdenie ob iskusstve-M., «Kompozitor», 1994. str.217


Baletin əsas istiqamətverici süjet xətti-xalq və hökmdardır. Şah ilə xalq arasındakı uçurum xalqı xoreoqrafik dramın baş qəhrəmanına çevirir. Xalq obrazının təccəssümü olan «Sənətkarlar meydanı»nı təsvir edən səhnədə intonasiya cəhətdən şur ladına yönəlmə vardır. Xalq obrazını təqdim edən digər rəqs epizodlarında olduğu kimi, «Sənəkarlar rəqs»ində Azərbaycan musiqi folklorundan elementlər verilir. Məhz bu nömrələrin obrazlığı, əhval – ruhiyyəsi, lad – intonasiya əsası aşıq musiqisinə yönəldir. III pərdənin I şəklini açan rəqs yenidən xalq obrazını canlandırır. Rəqsin döyüş ruhunu göstərmək üçün bəstəkar rast muğamının intonasiyalarından istifadə edir.

       Baletin əsas qəhrəmanlarından olan Ayişə və onun qardaşı Mənzər xalqın nümayəndələridirlər. Ayişə obrazı Bəhramı sevən və bütün əsər boyu onunla yanaşı addımlayan bir personaj kimi baletə salınmışdır. Ilk dəfə bu obrazla tanışlıq, baleti açan prelüddə verilir. Onun variasiyası xalq üslubunda saxlanılmışdır. Melodiyanın inkişafı Azərbaycan xalq rəqslərinin inkişaf prinsipinə yaxındır. Intonasiya cəhətdən bu nömrə çahargah ladına yaxındır. Bəhramla olan «Adajio»su saf məhəbbəti yaxınlaşmaqda olan bədbəxtliklə birlikdə təsvir edir. Bu lirik musiqi Azərbaycan xalq musiqi elementləri ilə zəngindir. Duet aydın do rast ladında bəstələnmişdir. Ayişə ilə Mənzərin rəqsində çahargah ladı üçün xarakterik olan art. 2 intonasiyalarından istifadə edilmişdir. Ayişənin rəfiqələri ilə rəqsində isə aşıq musiqisinə xas ritmika, lad – intonasiya quruluşuna görə «Bayatı - Şiraz» ladı özünü göstərir. «Adajio və Ayişənin ölüm» səhnəsi Qarayevin instrumental lirikasının ən yüksək nümunələrin dəndir. Bu nömrədə obrazın açılmasında melodiya başlıca amil kimi verilir, müşayiət isə demək olar ki, yox dərəcəsindədir. «Şur» ladının gözəlliyi aydın ifadə olunmuşdur.

       Baletin əsas qəhrəmanı Bəhram şahın obrazı qeyd etdiyimiz müsbət qəhrəmanlara qarşı qoyulmuşdur. Bəhramla Ayişənin münasibəti baletin başqa dramatik xəttini təşkil edir. Burada bir – birinə zidd iki sevgi anlayışı toqquşur. Ayişənin məhəbbəti saf, təmiz hissləri ifadə edir. Bəhramın isə ona münasibəti yalnız ehtirasdır.

       Əfsanəvi yeddi gözəlin portretlərini canlandıran səhnə əsərin dramaturgiyasında mühüm yeri tutaraq boş, xəyali bir səadəti təcəssüm etdirir. «7 portret» süitası Qarayev musiqisinin digər milli səhifələrinə aiddir. Dünyanın dörd bir tərəfindən saraya gətirilən gözəllər yeddi gecə ərzində Bəhram şaha nağıl danışırlar. Hər gözəlin musiqi portreti özunə xas milli koloritlə təqdim olunur. Hind gözəlinin portreti əsl benqal melodiyası ilə təqdim olunur. Onu Bizans gözəlinin ekzotik rəqsi əvəz edir. Xarəzm gözəlinin rəqsində şən, ritmik özbək xalq melodiyası səslənir. Slavyan gözəlinin portretində Qarayev rus milli üslubuna xas vasitələrdən, həmçinin natural minor, plaqal kadensiya sonluqlardan və s. istifadə edir. Ispan bolerosunun ritmi Məğrib gözəlinin rəqsini müşayiət edir. Çin gözəlinin rəqsi isə pentatonikanın intonasiyaları üzərində qurulmuşdur. Nəhayət, Iran gözəli olan «Gözəllər gözəli» rəqslər silsiləsini bitirir. Musiqi ehtiraslı, eyni zamanda həyəcanlı səslənir . Süitanı Bəhramla gözəllərin valsı tamamlayır. Özünün görünüşünə, ritmin kövrəkliyinə görə vals öz başlanğıcını muğamdan - çahargah muğamının Maye şöbəsindən götürür. Daha dəqiq desək, bu şöbənin «Balu Kabutər» guşəsini xatırladır. Valsın ilkin xanələri ritmik cəhətdən fərqlənərək intonasiyaya görə muğam orijinalı ilə oxşardır.

       Fantastik aləmdən ayrılaraq gerçəkliklə üz-üzə qalan Bəhram şah xalqına xəyanət edir, Ayişə buna qarşı çıxdıqda isə onu ölümcül yaralayır. Balet Ayişənin ölümü və Bəhramın hakimiyyətdən uzaqlaşdırılması ilə tamamlanır («Adajio və Ayişənin ölüm səhnəsi»)

.        Beləliklə, Nizami dühasından ilham alan görkəmli bəstəkar Q.Qarayev bu əsərdə xalqla hakimiyyət arasındakı uçurumu, hakimiyyət hərisliyi üzündən pak məhəbbətin məhv olmasını açıb göstərmişdir. Bu mövzu bütün dövrlər üçün keçərli olduğuna görə daima müasirdir, onun milliliklə vəhdəti folklor və xalq ənənələrinə arxalanmasıdır.

       Q.Qarayev bütün yaradıcılığı boyu digər milli mövzulara maraq göstərmiş ilk Azərbaycan bəstəkarıdır. O, digər xalqların musiqi folkloruna müraciət etdikdə də milli musiqidə olduğu kimi, sintezləşmədən istifadə edir. Cənubi Afrika folkloru ilə bağlı olan «Ildırımlı yollarla» baleti bu baxımdan diqqətə layiqdir.

        «Ildırımlı yollarla» baleti Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazılmışdır. Bu əsərlə bəstəkar Azərbaycan musiqisinə (ümumiyyətlə XX əsrin bəstəkar yaradıcılığına) müasir milli – azadlıq hərəkatı mövzusunu gətirmişdir. Romanın əsasını o dövrün müasir mövzusu sayılan irqi - ayrıseçkilik, müstəmləkə halında yaşayan xalqların, ilk növbədə zəncilərin ağlar tərəfindən əzilməsi və onların öz hüquqları, azadlıqları uğrunda mübarizəyə qalxması təşkil edir. Əsərin qəhrəmanları Lenni ilə Sarinin təmiz, ideal məhəbbəti, onların faciəvi taleyi zülmə, qəddarlığa qarşı etiraz kimi səslənir. Bu aktual məsələyə biganə qalmayan bəstəkarın digər milli mövzuya toxunması onun müasir təfəkkürə malik olmasından irəli gəlirdi.

        «Ildırımlı yollarla» baletində Q.Qarayev «Yeddi gözəl» baleti üçün xarakterik olan xüsusiyyətləri davam etdirmişdir: süjet və musiqi inkişafının dramatik dinamikliyi, dramaturji fikrin vəhdəti və s. romanda yer alan böyük hiss və həyacanlar baletin musiqisində öz ifadəsini tapmışdır. Bəstəkar əsas qəhrəmanların xarakterini mövzuların bütün əsər boyu simfonikləşməsi hesabına təqdim edir. Əsərin partiturasında, musiqi dramaturgiyasında, qəhrəmanların və xalqın inkişaf xətləri bir – birini tamamlayır. Lenni və Sarinin məhəbbəti şəxsi konflikt çərçivəsindən kənara çıxaraq, irqi ayrı seçkilik və müstəmləkə siyasəti ilə mübarizə mövzusunun ifadəçisi olur. Məhz bu qəhrəmanların taleyi vətənin, xalqın taleyindən ayrılmazdır. Məhəbbətləri faciə ilə bitən Leyli və Məcnun, Romeo və Cülyettadan fərqli olaraq Abrahamsın qəhrəmanları mübarizə aparırlar və bu işdə xalq onlara köməklik göstərir. Çünki onların mübarizələri artıq millətçilik və müstəmləkəçiliyə qarşı mübarizəyə çevri lmişdir.

       Baletin musiqisində, hər şeydən əvvəl onun milli üslubunu qeyd etmək lazımdır. Əsərin süjeti Azərbaycan bəstəkarı qarşısında Cənubi Afrika məişətinin, onun xalqlarının xarakter cizgilərini göstərmək kimi mürəkkəb bir məsələni qoydu. Afrika musiqi folklorunu öyrənən Q.Qarayev zənci xalqlarının mahnı və rəqsləri, həmçinin, müxtəlif əcnəbi müəlliflərinin bu mövzudakı tədqiqatları ilə tanış olur. Musiqidə özgə xalqın taleyini düzgün təsvir etmək üçün Q.Qarayev klassik ənənələrə arxalandı: o, yabançı musiqi folklorunu zahirən deyil, onun daxilinə vararaq təsvir etmişdir. Baletin musiqisində zənci Afrikasının xalq musiqisinə xas lad, özünəməxsus ritm, melodik intonasiyalar yer almışdır. Amerika zəncilərinə məxsus «blyuz»un axıcı oxunuşu, zənci çoxsəsliliyinin tipik üsulları, zərb alətlərinin tembr çalarları, əsl zənci rəqs və melodiyalarının nümunələri ilə həmahənglik təşkil edir. Lakin bəstəkar bunlardan sitat kimi istifadə etmir. Qarayev üçün yeni olan bu müsiqi onun fərd i bəstəkarlıq «dəsti-xətti» ilə sintezdə verilir. Bunun da özəyini Azərbaycan xalq mahnı mədəniyyəti, keçmiş və müasir dünya musiqi mədəniyyətinin təcrübəsi təşkil edir.

       Lenninin anası ilə dueti axıcı «blyuz» üslubunda verilir. «Kənddə bayram» səhnəsi zənci çoxsəsliliyini inkişaf etdirir. Qarayev tərəfindən qeydə alınmış uşaq mahnıları öz əksini «Məktəblilər və Lenni», Mako ilə «qara dərili» uşaqların rəqsində tapır. «Mulatların rəqsi» və «Qaraların rəqsi»ndə bəstəkar milli özünəməxsusluğu böyük ustalıqla göstərir.

       Q.Qarayev baletdə etnoqrafik ekzotikanın təsvirindən yan keçmişdir. Məzmunu və janr təbiətinə görə əsl zənci mahnı və rəqslərinə yaxın epizodlarda, məsələn, «Ümumi rəqs», «Qaraların rəqsi» və s. hər şeydən əvvəl xalqın xarakteri təsvir olunmuşdur. Bəstəkar həmçinin, zənci folklorunun Qərb və ABŞ-ın müasir caz musiqisi ruhunda verilməsindən də yan keçmişdir. Burada «buqi-vuqi», «rok-n roll» formalarına da yaxınlıq duyulmur.

       Əsərdə ən azı üç dramatik xətt təsvir olunur. Birincisi, Lenni ilə Sarinin taleyi, ikincisi, onların xalqa münasibəti, üçüncüsü isə xalq və onların qəhrəmanlara münasibəti.

       Obrazların simfonikləşməsi üçün Qarayev «Yeddi gözəl» baletindən də çox leytmotiv sistemindən istifadə edir və bununla da xarakterlərin fərdiləşməsinə çalışır. Bəstəkarın musiqili – xoreoqrafik pyes janrına bəxş etdiyi işlərdən ən qiymətlisi rəqs nömrələrinin olmadığı yerlərdə musiqinin rəqs ölçüsünü saxlamaq prinsipidir. Buna misal olaraq final «Yürüş» səhnəsini göstərmək olar ki, burada bir mövzunun variasiyalı inkişafı ilə hadisələr davam edir. Bu metod yalnız instrumental musiqidə istifadə olunurdu.

        «Ildırımlı yollarla» Qarayevin digər xalqların həyatından bəhs edən ilk əsəri deyil. Bundan əvvəl o, «Alban rapsodiyası» simfonik əsəri; «Vyetnam»; «Don Kixot», «Bir məhəlləli iki oğlan» filmlərinin və s. əsərlərin müəllifi olmuşdur.

        «Ildırımlı yollarla» baletini Q.Qarayev S. Prokofyevin xatirəsinə ithaf etmişdir. Bu təkcə, dərin hörmət və məhəbbətin əlaməti deyil, görkəmli bəstəkarın sənətkarlıq prinsiplərinə Qarayevin mühüm yaradıcılıq yaxınlığının sübutudur.

       Indiki müasir nöqteyi-nəzərdən əsərə baxdıqda, artıq onun öz aktuallığını itirdiyindən danışmaq olar. Məlumdur ki, bir sıra xalqlar kimi zəncilər də öz mənafelərini müdafiə etməyi bacarmış, onlara qarşı tam olmasa da, o dövrdəki haqsız münasibət dəyişmiş və ağ dərili insanla ailə qurmaq kimi problem aradan göturulmuşdür. Lakin milliyyətindən asılı olmayaraq saf, təmiz məhəbbət uğrunda mübarizə həmişə diqqət mərkəzində olan mövzu olaraq qalmaqdadır.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70