EMIN SABITOĞLUNUN MAHNILARINDA SÖZ ILƏ MUSIQININ QARŞILIQLI ƏLAQƏLƏRI
Ceyran MAHMUDOVA
 

Azərbaycan bəstəkarları arasında mahnı janrında çox və səmərəli işləmiş bəstəkarlardan biri də E.Sabitoğludur. Onun mahnı yaradıcılığının başlanğıcı 60-cı illərin ikinci yarısına təsadüf edir. Həmin illərdən etibarən, o mahnı janrında bir sıra maraqlı, yadda qalan nümunələr yaratmağa nail olmuş, tez bir zamanda bu janrda işləyən digər bəstəkarlar arasında özünəməxsus yer tutmuşdur. Bəstəkarın yaradıcılığı təkcə mahnı ilə məhdudlaşmırdı – o, bir çox musiqili komediyaların, dram və kinofilmlərə, sənədli filmlərə musiqilərin, digər əsərlərin müəllifi olmuşdur. Lakin, böyük həmkarları S.Rüstəmov və T.Quliyev kimi, onun da yaradıcılığında mahnı ümdə əhəmiyyətə malik olmuşdur. Adlarını çəkdiyimiz sənətkarlar kimi, E.Sabitoğlunun mahnılarını səciyyələndirərkən, ilk növbədə onun müraciət etdiyi şairlərin adlarını çəkmək lazımdır. Onların arasında S. Vurğun, R. Rza, B. Vahabzadə, N.Xəzri, Z.Cabbarzadə, I.Səfərli, N. Rəfibəyli, V.Səmədoğlu, R.Əhmədzadə və bir çox başqalarının adlarını çəkmək olar. E.Sabitoğlunun mahnıl arının musiqi dilinə gəldikdə isə, burada, konkret nümunədən asılı olaraq, istər xalq, istərsə də estrada musiqisinə yaxın olan mahnılara rast gəlmək olar.

       S.Rüstəmov və T.Quliyevin mahnıları haqda danışdıqda qeyd olunduğu kimi, E.Sabitoğlunun da mahnılarının sayı olduqca çoxdur. Buna görə hazırki məqalədə bəstəkarın mahnı yaradıcılığını sə-ciyyələndirən, söz ilə musiqinin əlaqəsi baxımından ən maraqlı nümunələr üzərində dayanmağı lazım bilmişik.

       Əvvəlcə bəstəkarın 7 hecalı mətnlərə bəstələdiyi mahnılara nəzər salaq. R. Rzanın sözlərinə bəstələnmiş «Insaf da yaxşı şeydir» mahnısının mətni dəyişməz olaraq 7 hecalı misralara əsaslanır. Mahnı bir sıra maraqlı xüsusiyyətlərə malikdir. Ilk növbədə qeyd etmək lazımdır ki, onun bütün cümlələri eyni ritmik formul üzərində qurulmuşdur. Kuplet bölməsində iki dörd misralı şer bəndi səslənir. Onlardan birincisi (qafiyə - ABCB) ilk iki melodik cümləyə təsadüf edir.

       Ikinci bənddə isə qafiyə bir qədər fərqli şəkildə təzahür edir. Belə ki, ikinci bəndin ilk iki misrası əvvəlkilərlə deyil, bir-birilə qafiyələnir. Buna uyğun olaraq, melodiyada yeni cümlə səslənir. Və, nəhayət, mahnının əvvəlində səslənmiş cümlənin yeni mətn ilə təkrarı kupleti tamamlayır.

       Nəqərat bölməsi öz həcminə görə çox da geniş olmayaraq, iki cümləni əhatə edir. Onlardan birincisi mahnının ilk cümləsininin yeni səviyyədə səslənən variantını təşkil edirsə (əgər mahnının ilk cümləsi kvarta yuxarı sıçrayışla başlayırdısa, nəqəratdakı cümlə bir ton yuxarıdan tersiya sıçrayışı ilə başlayır), sonrakı cümlə kupletdə təkrarlanan və mahnının adını müəyyən etmiş «Insaf da yaxşı şeydir» misrası ilə təkrarlanmasından ibarətdir. Bütövlükdə mahnının kompozisiyasına nəzər saldıqda demək olar ki, burada cümlələrin düzülüşü AABACA prinsipinə uyğun şəkildədir (A kimi işarə edilmiş cümlələr burada refren vəzifəsini yerinə yetirir).

       E.Sabitoğlunun 7 hecalı mətnlərə yazdığı mahnılardan biri də N. Rəfibəylinin sözlərinə bəstələdiyi «Güllər» mahnısıdır. Nəqəratlı formada yazılmış bu mahnıda şer bəndləri bayatı qafiyəsinə uyğun – AABA, CCDC kimi qafiyələnir. Mətnin bu xüsusiyyəti mahnıda özünəməxsus şəkildə öz əksini tapmışdır. Belə ki, kupletdə səslənən cümlələr onun ilk cümləsinin variant şəklində inkişafından yaranmışdır. Həmin cümlə yuxarı istiqamətli sekunda və tersiya hərəkəti ilə başlayır, sonra aşağı istiqamətli pilləvari hərəkət nəticəsində tonika pərdəsinə qayıdılır, cümlənin sonunda isə yuxarı istiqamətdə səslənən kvinta sıçrayışı cümləyə sual xarakteri gətirir. Kupletin sonrakı cümlələri də sekunda və tersiya ardıcıllaşması ilə başlayır (bu zaman üçüncü və dördüncü cümlələrin səs yüksəkliyi dəyişir).

       Nəqərat bölməsi, bundan əvvəl nəzərdən keçirdiyimiz mahnıda olduğu kimi, iki cümlədən ibarətdir. Onlardan birincisini mahnının «mülayim» kulminasiyası kimi təyin etmək olar. Həmin cümlənin fərqləndirici cəhəti təkcə onun digərillərinə nisbətən daha yüksək registrdə səslənməsi deyil, həm də onun dönmə şəklində səslənməsindədir – əgər kupletdəki cümlələr sekunda və tersiya səslənməsi ilə başlayırdısa, bu cümlə həmin səslənmə ilə tamamlanır. Bu da onu özündən əvvəl və sonrakı cümlələrdən fərqləndirir.

       Maraqlıdır ki, əgər mahnının kupletində «Güllər» sözü (mahnının qəhrəmanı olan gənc qızın adı) misraların əvvəlində səslənirdisə, nəqəratda bu söz misranın sonuna keçir, bu da yuxarıda göstərilən səbəb üzündən melodiyanın quruluşu ilə həmahəngdir. Mahnı kupletdəki son iki cümlənin yeni misralarla səslənməsi ilə tamamlanır. Mahnıdakı cümlələrin melodik məzmununa nəzər salsaq, onların AABA prinsipi üzrə qurulduğunu görərik (burada AA kupletdəki dörd cümləni, B nəqəratın ilk, digərilərindən fərqli cümlələrini, sonuncu A isə nəqəratı yekunlaşdıran cümlələri işarə edir), bu da bayatının qafiyə prinsipi ilə üst-üstə düşür.

       Kompozisiyanın oxşar quruluşu ilə N.Xəzrinin sözlərinə bəstələnmiş «Sənin üçün» mahnısında rastlaşırıq. Yenə də sabit 7 hecalı mətnə bəstələnmiş bu mahnı sadə quruluşa malikdir – kuplet təkrar olunan bir cümlədən, nəqərat isə iki cümlədən ibarətdir. Dörd misralı şer bəndlərində çarpaz qafiyə nəzərə çarpır – ABAB, CDCD və s. Bəstəkar bu mahnıda da təkrarlanan ritmik formullardan istifadə etmişdir – mahnının bütün cümlələri eyni ritmik özək ilə başlayır. Bunu mahnının ilk cümləsində görmək olar:
        Nümunə ¹ 1
       Mahnının kulminasiya anına təsadüf edən nəqəratda kupletdəki cümlə kvinta yuxarıda səslənir, bu da onu digərlərindən fərqləndirən amillərdən biridir. Cavab cümlədə isə yenidən mahnının əvvəlində səslənmiş cümlə variant dəyişiklikləri ilə səslənir. Beləliklə də, «Güllər» mahnısında olduğu kimi, burada da melodik cümlələr AABA prinsipi üzrə qurulur.

       E.Sabitoğlunun mahnıları arasında Z.Cabbarzadənin sözlərinə bəstələnmiş «Çay» mahnısı da xüsusi qeyd olunmalıdır. «Azərbaycan çayı» kinofilminə yazılmış mahnıda onun həsr olunduğu mövzu mahnının mətnində və musiqisində maraqlı şəkildə əks olunmuşdur. Əvvəlcə mahnının kupletinə nəzər salaq. Buradakı üç melodik cümlənin birinci ikisi bir-birinin variantı kimi səslənir. Həmin cümlələrin səciyyəvi cəhəti ondan ibarətdir ki, onların sonunda uzadılmış səsə təsadüf olunur.

       Kupletdəki ikinci cümlədə həmin uzadılmış səs «çay, çay, çay» sözlərinin ifası ilə əvəz olunur. Həmin tendensiya nəqəratda da öz davamını tapır. Buradakı bütün misralar ya uzadılmış səslə birgə ifa olunan «çay» sözü ilə, ya da həmin sözün bir neçə dəfə təkrarı ilə tamamlanır (mahnının ifası zamanı həmin sözü çox zaman müğənnini müşayət edən ansambldakı musiqiçilər də ifa edirdi) . Göründüyü kimi, bəstəkar şerin məzmunundan bəhrələnərək, «çay» sözünü mahnının özünəməxsus poetik rədifinə (və ya, musiqi dili ilə desək, refreninə) çevirir. Mahnıdakı cümlələrin belə quruluşu digər kupletlərin ifasında da dəyişməz olaraq qalır.


I.Səfərlinin sözlərinə bəstələnmiş «Bakı, sabahın xeyir» mahnısı da 7 hecalı mətnə yazılmış nümunələrdəndir. Bu mahnıda həm kuplet, həm də nəqəratda səslənən şer bəndləri beş misralıdır. Onların üç birinci misrası bir-birilə, dördüncü və beşinci misraları isə sonrakı şer bəndlərinin sonuncu misraları ilə həmqafiyədir. Bir sıra mahnılarda olduğu kimi, bu mahnıda da E.Sabitoğlu mahnı boyu dəyişməz olan ritmik özəklərdən istifadə edir. «Bakı, sabahın xeyir» mahnısında bu səkkizlik və çərək notların triollarla verilməsində özünü göstərir. Mahnının elə ilk cümləsi buna parlaq nümunə ola bilər:
        Nümunə ¹ 2

       Kupletdə iki melodik cümlə dördmisralı bəndlə birgə səslənir, həmin cümlələrin hərəsi sekvensiyanın bir halqasını təşkil edir. Bu bəndin sonuncu, mahnının adını müəyyənləşdirmiş «Bakı, sabahın xeyir» misrası üçüncü cümlədə səslənir və burada əvvəlki sekvensiya sanki iki dəfə qısaldılmış şəkildə təzahür edir. Kulminasiya ənənəvi olaraq mahnının nəqəratına təsadüf edir. Burada da mahnının ritmik quruluşu dəyişməz olaraq qalır. Kupletdə olduğu kimi, nəqəratdakı cümlələr də aşağı istiqamətli sekvensiya şəklində hərəkət edir. Mahnı kupletin üçüncü cümləsinin eyni misra ilə birgə təkrarlanması ilə tamamlanır. Onu da qeyd edək ki, mahnının bütün sonrakı kupletləri də «Bakı, sabahın xeyir» misrası ilə tamamlanır və bununla da poetik refren melodik refrenlə qovuşur. Mətndəki ayrı-ayrı söz, ifadə və bütöv misraların təkrarlanması halları ilə bəstəkarın digər mahnılarında da rastlaşacağıq.

       Belə nümunələrdən biri R. Zəkanın sözlərinə bəstələnmiş «Bura Qafqazdır» mahnısıdır. Bu nümunədə mahnının əsas ideyasının daşıyıcısı olan «Bura Qafqazdır» söz birləşməsi mahnının melodiyasında daha qabarıq şəkildə tərənnüm edilmişdir. Belə ki, mahnının bütün melodik cümlələri təkrarlanan üç çərək notun aşağı hərəkəti ilə əvəzlənməsi ilə başlayır.

       Onu da qeyd edək ki, kupletdəki cümlələr göstərilən cümləni sekvensiya şəklində müxtəlif ton yüksəkliklərində təkrar edir. Nəqəratdakı melodik cümlələr də bu baxımdan istisnalıq təşkil etmir. Onun birinci bölməsində həmin melodik cümlə artıq mi pərdəsində səsləndirilir. Variant şəklində təkrarlanan bu cümlənin ardınca kupletin sonunda səslənmiş iki cümlə ifa olunur. Bundan sonra, mətnin yuxarıda qeyd olunmuş 5 hecalı misrası səslənərkən, ritmik özək və, onunla birgə, melodik ibarələr iki dəfə qısalır. Bundan əlavə, melodik ibarələrin xanə xaricindən səslənməsi onların əvvəlkilərdən fərqli şəkildə qavranılmasına səbəb olur.

       Mətndəki bu misraların mahnıda belə böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, onlar nəqəratdakı digər misralarla qafiyələnmir, hətta mahnını bitirən misra da deyillər – son melodik cümlə bu bəndin ilk cümləsi ilə qafiyələnir və beləliklə də mahnının nəqəratında maraqlı şer bəndini müşahidə etmiş oluruq – ilk üç misra bir-birilə həmqafiyə şəkildə təzahür edir, sonrakı dörd misra isə simmetrik quruluşa malikdir: mahnının kuplet və nəqərat bölmələrinin misralarındakı qafiyə xüsusiyyətlərini belə işarə etmək olar – KUPLET: ABAB, NƏQƏRAT: CCC DEED. Onu da qeyd edək ki, birinci D misrası məna etibarilə əvvəlki C misralarını yekunlaşdırsa da, qafiyə baxımından sonuncu, yeddinci misra ilə bağlıdır. Beləliklə, bu mahnıda, başqalarından fərqli olaraq, poetik mətndə və musiqidə vurğulanan misra kompozisiyanın sonunda səslənsə də, onu tamamlamır.

        Mətndəki əsas məna daşıyıcısı olan sözlərin təkrarlanmasını E.Sabitoğlunun N. Xəzrinin sözlərinə bəstələdiyi «Dərələr» mahnısında da müşahidə etmək olar. Yuxarıda nəzərdən keçirdiyimiz mahnılar kimi, bu mahnının da mətni 7 hecalıdır. Mətnin əsasını təşkil edən dörd altı misralıq bəndin hamısı mahnıda ifa olunur – onun kompozisiyası kupletsiz nəqəratsız formaya aiddir. Bəndlərdə misralar üç-üç qafiyələnir – AAABBB, CCCBBB və s.. Bu zaman bütün bəndlərin son üç misrası «dərələr» sözü ilə qafiyələnir və həmin söz şerin özünəməxsus rədifini təşkil edir. «Dərələr» sözünün təkrarından ibarət hər bəndin beşinci misrası, digərlərindən fərqli olaraq, 9 hecalıdır. Həmin misra mahnının melodiyasında da vurğulanır. Belə ki, mahnıdakı bütün melodik cümlələr eyni ritmik quruluşa malik olsalar da, «dərələr, dərələr, dərələr» misrası səslənən cümlələr başqa ritmik quruluşa malikdir. Bundan əlavə, mahnının bütün melodik cümlələri təkrarlanan dörd notun aşağı istiqamətli sekunda ilə əvəz olunması üzərində qurulmuşdursa, «dərələr» sözləri təkrarlanan cümlədə melodiya yuxarı-aşağı istiqamətlərin növbələşməsinə əsaslanır, bununla da həmin sözlər melodiyada daha qabarıq səslənir.

       Nəzərdən keçirəcəyimiz digər nümunə R. Heydərin sözlərinə yazılmış «Ayrılma məndən» mahnısıdır. Mahnının həm kuplet, həm də nəqəratında 7+7+8+5 heca sayına malik misralar ardıcıllaşır. Bu zaman bütün bəndlərin son iki misraları həmqafiyə olmasa da, təkrarlanır – AABC, DEBC və s. Bu misraların təkrarlanmasının səbəbi ondadır ki, burada mətnin məzmun baxımından ən əhəmiyyətli misraları səslənir:
        Deyir, deyir, deyir, deyir
        Ayrılma məndən.

       Bu misralar mahnıda onlara müvafiq olan melodik cümlə ilə təkrarlanır. Həm kuplet, həm də nəqərat bölmələrinin sonunda səslənən bu cümlə üç qısa ibarəni özündə cəmləşdirir. Onlardan birinci «deyir, deyir» sözləri ilə birgə təkrarlanmaqla, sonuncu misranın səsləndiyi üçüncü ibarəni hazırlayır. Misralaın öz aralarında ümumi qafiyə ilə bağlı olmaması melodiyada qətiyyən duyulmur. Kuplet və nəqəratın 7 hecalı misralar səslənən digər cümlələri öz həcminə görə daha genişdir. Beləliklə də bəstəkar mətndə əsas olan və bəndlərin sonunda təkrarlanan misraları musiqidə daha qabarıq şəkildə tərənnüm etməyə nail olmuş və bunu uzun və qısa, qafiyələnən və qafiyələnməyən misraların və melodik cümlələrin növbələşməsi yolu ilə etmişdir.

       E.Sabitoğlunun 7 hecalı mətnlərə bəstələdiyi növbəti mahnı Ə. Kürçaylının sözlərinə «Belə ola həmişə» mahnısıdır. Bu nümunə ilk növbədə mətninin quruluşu ilə diqqəti cəlb edir. Burada hər iki dörd misralı bənddən sonra «Belə ola həmişə» misrası səslənir. Həmin misra ikinci bəndin sonuncu misrası ilə həmqafiyə olduğundan, bu onun təsadüfi olmayaraq səslənməsi haqqında fikir yürütməyə imkan verir. Nümunə üçün birinci kupletdə misralardakı qafiyələnməni göstərək: ABCB DBEF F (mahnı nəqəratsız formadadır). Lakin «Belə ola həmişə» misrası təkcə mətndə deyil, mahnının melodiyasında da vurğulanır. Belə ki, mahnının bütün cümlələri xanə xaricindən başladığı halda, yalnız bu misranin təsadüf etdiyi cümlə xanə xarici olmadan səslənir.

       Bu mahnını nəzərdən keçirərkən görürük ki, mətndəki ayrı-ayrı söz və misraların təkrarlılığı E.Sabitoğlunun mahnılarında bilavasitə öz əksini tapır.

       Indi isə bəstəkarın I. Kəbirlinin sözlərinə yazdığı «Nə gözəldir» mahnısına müraciət edək. Bu mahnıda mətnin ən əhəmiyyətli anları başqa vasitələrlə vurğulanır. Nəqəratlı formada bəstələnmiş mahnının istər kuplet, istərsə də nəqərat bölmələri iki cümlədən ibarətdir. Onlar kupletdə olduğu kimi, nəqəratda isə kiçik variant dəyişiklikləri ilə təkrarlanır (mahnı üç kupletdən ibarətdir). Mətnə gəldikdə isə, burada dəyişməz olaraq 7 və 5 hecalı misralar növbələşir. Bütün mətni hər ikinci misranın sonunda rədif kimi təkrarlanan «nə gözəldir» söz birləşməsi birləşdirir. Təbiidir ki, mətnin bu xüsusiyyəti melodiyada da öz əksini tapmaya bilməzdi. Yuxarıda qeyd olunduğu kimi, mahnının kifayət qədər lakonik olmasına baxmayaraq, nəqəratın sonunda «gözəldir» sözünün təkrarlanması ilə müşayiət olunan iki əlavə ibarə səslənir. Həmin ibarələrin nəqəratın son cümləsi ilə birgə bir daha səslənməsilə mahnıya özünəməxsus yekun vurulur və, eyni zamanda, mətndə təkrarlanan əsas qafiyə bir daha vurğulanır.


Oxşar hal ilə N. Həsənzadənin sözlərinə bəstələnmiş «Sən bağışladın» mahnısında rastlaşırıq. Bu mahnı nəqəratsız formada yazılsa da, burada da mətndə əsas qafiyə daşıyıcısı olan «bağışladın» sözü kupletin sonunda dörd misralı bəndin sonuncu misrası ilə birgə təkrarlanır və bununla da daha qabarıq səsləndirilir
        Nümunə ¹ 3

       Mahnının əvvəlində səslənmiş cümlələrdən fərqli olaraq, bu cümlədə parçalanma elementləri müşahidə olunur ki, bu da mətndə eyni sözün təkrarlanması nəticəsində baş verir.

       Təkrarlanan sözlərin mahnının melodiyasında başqa bir üsulla tərənnüm olunması ilə N. Xəzrinin sözlərinə bəstələnmiş «Ağ çiçək» mahnısında rastlaşırıq. Bu mahnının kuplet bölməsində dörd, nəqəratında isə altı misralı bəndlər səslənir – KUPLET: ABCB, NƏQƏRAT: DBEB B1 B1. Kuplet və nəqəratdakı bütün B misraları «ağ çiçək», nəqəratdakı son iki misra əvvəlkilərlə «ağ çiçəyim» söz birləşməsi vasitəsilə qafiyələnir. Sadəcə olaraq həmin söz birləşməsində nəqəratda birinci şəxsin təkinə aid mənsubiyyət bildirilmişdir, buna görə də onu şərti olaraq B1 kimi işarə etmişik.

       Indi isə mahnının ilk cümləsinə nəzər salaq. Burada səslənən başlanğıc melodik ibarə daha sonra, mahnının nəqərat bölməsində mühüm əhəmiyyət kəsb edəcək.

       Nəqərat öz-özlüyündə iki bölmədən ibarətdir: onlardan birincisi mahnının kulminasiyasına təsadüf edir, ikincisi isə yekun xarakterli olmaqla, «çiçək, çiçək, ağ çiçəyim, ömrümə bəzək, ağ çiçəyim» misralarının təkrarlanması üzərində qurulur. Mətndəki bu yekun səciyyəsi melodiyada da öz əksini tapır. Belə ki, nəqəratın bu bölməsi mahnının ilk ibarəsinin genişləndirilmiş dönmə şəklində səslənməsindən ibarətdir (əgər ilk melodik ibarə yuxarı istiqamətli kvarta sıçrayışı ilə başlayırdısa, nəqəratın sonunda səslənən cümlə aşağı istiqamətli kvarta ilə başlayır, daha sonra isə ilk ibarədə müşahidə olunan aşağıya doğru pilləvari hərəkət predikt əlavələri ilə həyata keçirilir). Bununla da mətnin quruluş xüsusiyyətləri melodiyada dolğun şəkildə tərənnüm edilmiş olur.

       E.Sabitoğlunun Z. Xəlilin sözlərinə bəstələdiyi «Bu gecə» mahnısında misralardakı qafiyə bir qədər başqa vasitələrlə ifadə olunur. Mahnının mətni 8 və 7 hecalı misraların ardıcıllaşması üzərində qurulmuş dörd misralı şer bəndlərindən ibarətdir. Onların qafiyə xüsusiyyətləri ABCB, DBEB prinsipinə tabedir, yəni hər ikinci misra «bu gecə» rədibi ilə tamamlanır. Mətnin belə quruluşu nəqəratlı formada yazılmış mahnının melodiyasında da öz əksini tapır. Belə ki, burada səslənən hər cümlə (onu da qeyd edək ki, hər cümlədə iki şer misrası səslənir) eyni ritmik quruluşa və variant şəklində inkişaf edən melodik quruluşa malik ibarə ilə tamamlanır. Həmin ibarədə isə şer bəndinin ikinci və ya dördüncü həmqafiyə misrası səslənir.

       Mahnının nəqərat bölməsində həmin cümlə sekvensiya yolu ilə tersiya intervalı üzrə (variant dəyişiklikləri ilə) aşağıya doğru hərəkət edir. Nəqəratın son cümləsini göstərək. Cümlədəki bəzi dəyişikliklərə baxmayaraq, «bu gecə» sözlərinə təsadüf edən sonluq onu mahnının digər cümlələri ilə oxşar edir. Mahnını araşdırarkən gördük ki, təkrarları nəzərə almasaq, o cəmi üç oxşar quruluşlu cümlədən ibarət dir. Buna baxmayaraq, mahnının melodiyasını qətiyyən monoton və yeknəsəgk saymaq olmaz. Əsas səbəb, zənnimizcə, ondadır ki, bəstəkar ifadəli melodiya yaratmaqla yanaşı, bir cümlənin tərkibində bir neçə dəfə ibarələrin ritmik şəklini dəyişməyə müvəffəq olmuş, və bu da ritmik dəyişkənlik ovqatı yaratmışdır. Bundan əlavə, sekvensiyanın bir çox mahnılarda olduğu kimi, aşağı istiqamətli sekundalarla deyil, tersiyalarla hərəkət etməsi də onun dolğun səslənməsini təmin edən şərtlərdən biri kimi qiymətləndirilməlidir.

       Ə. Kürçaylının sözlərinə bəstələnmiş «Heç xəbərin yoxdu sənin» mahnısı da poetik mətnin maraqlı təzahürü ilə diqqəti cəlb edir. Mahnıda üç misralı 8 hecalı şer bəndlərindən istifadə olunur ki, onların da sonuncu misraları – «heç xəbərin yoxdu sənin» hər bəndin sonunda təkrar olunur: AAB, CCB və s. Onu da qeyd edək ki, bu misranın təkrarlanması təkcə mətndə deyil, melodiya da da müvafiq cümlənin təkrarı ilə birgə baş verir:
        Nümunə ¹ 4

       Əgər kupletin ilk, sual xarakterli cümləsində yuxarı-aşağı istiqamətli hərəkət üstünlük təşkil edirsə, nümunə ¹ 4-də göstərilən cümlədə melodiya əsasən aşağı istiqamətli olmaqla, daha çox cavab səciyyəsi daşıyır. Eyni zamanda, burada sekvensiya elementləri də nəzərə çarpır, cümlənin son ibarəsinin təkrarlanması isə cümlədə genişlənməyə gətirib çıxarır.

       Nəqərat bölməsi kulminasiya ilə başlasa da, eyni cümlənin təkrarı ilə başlayır. Daha sonra isə yuxarıda göstərilmiş cümlənin yenidən olduğu kimi səslənməsi mahnını tamamlayır. Bütün bunlar haqqında danışılan cavab cümləsini digərlərindən fərqləndirən cəhətlərdir.

       Anarın «Keçən ilin son gecəsi» tamaşasına bəstələnmiş musiqidən V. Səmədoğlunun sözlərinə yazılmış «Bəlkə də» mahnısında da bəndlərdəki son misralar melodiyada xüsusi olaraq vurğulanır. Nəqəratsız formada yazılmış bu mahnıda üç beş misralı şer bəndindən istifadə olunmuşdur. Onlarda qafiyə xüsusiyyətləri aşağıdakı şəkildə təzahür edir: AAABB, CCCBB və s. mahnının melodik cümlələri bir-birilə mətnin qafiyəsinə görə əlaqələnmir – birinci iki cümlə aşağı istiqamətli, sonrakı iki cümlə isə yuxarı-aşağı istiqamətlidir. Həmin cümlələrin ritmik quruluşu da eynidir.

       Lakin mahnının sonuncu cümləsi mətnin melodiyada tərənnümü baxımından daha çox diqqəti cəlb edir – o, öz ritmik və melodik quruluşuna görə digərlərindən fərqlənir. Burada hər «bəlkə» sözü daha əvvəl melodiyada təsadüf olunmayan aşağı kvarta sıçrayışı ilə müşayiət olunur, «bəlkə də» sözü isə əvvəlki ibarələri yekunlaşdıran kiçik ibarədə səslənir (burada melodiya sıçrayışa əks olan tərəfə hərəkət edərək onu bir növ «doldurur»), və, bununla da sanki şerdə daha əvvəl söylənilmiş sözləri bir gumana çevirir:
        Nümunə ¹ 5

       Göründüyü kimi, bəstəkar mətnin məzmunundun yararlanaraq, hər nümunədə onun məzmun və quruluş xüsusiyyətlərini fərqli vasitələrlə nümayiş etdirir.

       E.Sabitoğlunun 8 hecalı mətnlərə bəstələdiyi mahnılar arasında B. Vahabzadənin sözlərinə yazdığı «Kəpənək» mahnısını göstərmək istərdik. Bu mahnının kupletində dörd misralı, ABCB kimi qafiyələnən şer bəndi səslənir. Kupletin fərqləndirici cəhəti ondadır ki, buradakı iki cümlədə, bir çox mahnılarda olduğu kimi, aşağı istiqamətli deyil, yuxarı istiqamətli sekvensiya səslənir. Maraqlıdır ki, melodik cümlələrdəki ibarələr olduqca qısa və lakonikdir. Onların belə şəkildə olması bir növ mahnının həsr olunduğu kəpənəyin zərif qanadlarının titrəməsini xatırladır.

       Nəqərat bölməsi misralarının quruluşu ilə diqqət cəlb edir. Belə ki, şerin məzmununa uyğun olaraq, onların 8 hecalı qruplaşması pozularaq 12+4 şəklində təzahür edir. Onu da qeyd edək ki, həmin misralar kupletdəkilərlə qafiyə baxımından bağlı deyil:

       Sorağını gül-çiçəkdən alınca mən,
       Gördüm yoxsan.
       Qaçdım sənin dalınca mən, dalınca mən,
       Gördüm yoxsan.

Lakin nəticə etibarilə mətndəki misraların belə yerdəyişməsi yenə də 16 heca (8+8) əmələ gətirdiyinə görə, şerin ümumi ahəngi qətiyyən pozulmur. Mahnının səciyyəvi cəhətlərindən biri də odur ki, burada, kimə və ya nəyəsə həsr olunmuş mahnılardan fərqli olaraq, «kəpənək» sözü mahnının nə nəqərat, nə də kuplet bölməsində təkrar olunmur.

       E.Sabitoğlunun mahnıları arasında elə nümunələr də var ki, onların mətnində misralar bir-birilə qafiyə baxımından deyil, daha çox mənasına görə bağlı olur. Burada ön plana şerin məzmunu çıxdığından, melodiya da, ona uyğun olaraq, daha ifadəli şəkildə təzahür edir. V. Səmədoğlunun sözlərinə bəstələnmiş «Çisək yağışı» mahnısı məhz belələrindəndir. Nəqəratlı formada yazılmış bu mahnının kupletində 9 hecalı dörd misralı şer bəndi səslənir ki, misralardakı qafiyə AAAB prinsipinə tabe olur. Dəyişkən – 3/4 və 4/4 ölçüyə malik melodiyada triol səkkizlik notların üstünlük təşkil etməsi ona sərbəstlik və geniş nəfəs gətirir.

       Digər mahnılardan fərqli olaraq, «Çiçək yağışı» mahnısında kupletdə və nəqəratda cümlə təkrarlarına yol verilmir. Nəqəratda cümlələrdəki sərbəst və axıcı səciyyə daha da güclənir, və bunun nəticəsində, misralarda heca ölçüsünün tez-tez dəyişməsi (9+5+8+10+9) hiss olunmur. Nəqəratın sonunda səslənən cümlə buna parlaq nümunə ola bilər:

        Nümunə ¹ 6
       Göründüyü kimi, mətndəki heca dəyişkənliyi melodiyanın xarakterinə və quruluşuna da bilavasitə təsir göstərmiş və, nəticə etibarilə, mahnıda poetik mətnin heca ölçüləri və qafiyəsi o qədər də böyük əhəmiyyət kəsb etmir.

       Oxşar hal ilə E.Sabitoğlunun «Gün keçdi» kinofilminə yazdığı musiqidən yenə də V.Səmədoğlunun sözlərinə bəstələdiyi mahnıda rastlaşırıq. Bu mahnının sözləri sabit olaraq 11 hecalı dörd misralı bənddən ibarət olsa da, həmin misralar bir-biri ilə ABCB prinsipi üzrə qafiyələnir. Bəstəkar dəyişkən ölçüyə, qısa ibarələrə əsaslanan elə bir melodiya yaratmağa nail olmuşdur ki, burada şerin yalnız məzmunu ön plana çıxır, diqqəti daha çox cəlb edir.

       E.Sabitoğlunun mahnı yaradıcılığında belə nümunələr çox olmasa da, onların mövcüdluğu bəstəkarın dəst-xəttinin maraqlı təzahürü kimi qeyd olunmalıdır. Bu iki nümunənin araşdırılması sübut edir ki, şer misralarında qafiyənin olub-olmaması heç də bütün nümunələrdə mahnının quruluşuna təsir göstərmir. Hər halda, müəyyən mənada istisnalıq təşkil edən mahnıların da təhlili bəstəkarın mahnılarında şer ilə musiqinin qarşılıqlı əlaqələrinin daha dərindən öyrənilməsinə kömək edir.

       Indi isə E.Sabitoğlunun mahnıları arasında 11 hecalı mətnlərə yazılmış nümunələrə nəzər salaq. Onların arasında həm əvvəldən sonadək 11 hecalı misralardan ibarət poetik mətnli mahnılara, həm də 11 hecalı misraların digər ölçülü misralarla növbələşdiyi nümunələrə rast gəlmək olar. Birincilərə aid nümunə kimi N. Xəzrinin sözlərinə yazılmış «Qəlbimdə qaldın» mahnısına müraciət etmək istərdik. Mahnının həm kuplet, həm də nəqəratında 11 hecalı misralar ABAB, CDCD prinsipi üzrə qafiyələnir. Bu mahnının təhlili zamanı görürük ki, digər mahnılardan fərqli olaraq, burada kupletin ilk cümləsi deyil, onu tamamlayan melodik cümlələr daha böyük əhəmiyyət kəsb edir. Mahnının ilk cümləsi kifayət qədər ifadəli olsa da, sonradan inkişaf etdirilmir.

       Bu cümlə nəqəratda bir ton yuxarıda, variant dəyişiklikləri ilə, lakin bölünmüş şəkildə səslənir. Daha sonra, həmin cümlə kupletin sonunda təqdim olunmuş variantda yeni şer misraları ilə təkrarən səslənir.

       11 hecalı mətnlərə bəstələnmiş mahnılar arasında növbəti nümunə bəstəkarın R. Heydərin sözlərinə yazdığı «Özümdən küsürəm» mahnısıdır. Bu nümunənin maraqlı cəhətlərindən biri 11 hecalı misraların melodiyada təcəssümü zamanı təsadüf olunan qeyri-adi heca bölgüsüdür. Kupletdəki dörd melodik cümlələrdə səslənən misraların heca bölgüsü bir çox başqa mahnılarda olduğu kimidir – 6+5 ( onlarda dörd misralı şer bəndi səslənir) .

       Nəqəratda isə vəziyyət dəyişir. Ilk cümlədə heca bölgüsü 2+4+5 şəklində təzahür edir ki, bunun da səbəbi mahnının mətnindədir. Nəqərat «Düzü, üzür məni küsüb barışma» misrası ilə başlayır. Göründüyü kimi, «düzü» sözündə vurğu ikinci hecaya düşür. Melodik cümlə həmin sözün xanənin əvvəlində səslənməsi ilə başlasaydı, xanəninin birinci, vurğulu payına düzgün olmayan vurğu düşərdi. Buna yol verməmək üçün bəstəkar cümləni xanə xaricindən başlayır və, bunun nəticəsində, «düzü» sözündəki vurğu yerinə düşür. Bundan əlavə, həmin söz səslənən ibarə digərlərindən pauza vasitəsilə ayrılır və bu da cümlədə heca bölgüsünün 2+4+5 şəklini almasına gətirib çıxarır:
        Nümunə ¹ 7

       Nəqəratda səslənən şer bəndinin ikinci misrasında da vurğu «görünmür» sözünün ikinci hecasına düşür. Əvvəlki cümlənin quruluşunu təkrarlamamaq üçün bəstəkar bu cümlənin ilk, «görünmür» sözü səslənən ibarəsini səkkizlik pauzaların əhatəsində təqdim edir, sonra həmin ibarə kiçik sekvensiya şəklində bir ton aşağıda səslənir, bu da misradakı hecaların qruplaşmasının 3+3+5 şəklini alması ilə nəticələnir.

       Hecaların 3+3+5 kimi bölünməsi nəqəratın sonunadək dəyişmir. Beləliklə, bu nümunənin təhlili göstərir ki, mətndəki sözlərin düzgün vurğularının melodiyada təcəssümünü təmin etmək üçün bəstəkar həmin misralardakı heca qruplaşmalarını öz məqsədlərinə uyğun dəyişdirir. Bu zaman misraların ümumi ölçüsünə xələl dəymir və onlar bütövlükdə şairin yaratdığı 6+5 çərçivəsindən kənara çıxmır.

       N. Xəzrinin sözlərinə bəstələnmiş «Təkcə ümid qalsın» mahnısında da şer misralarının melodiyada maraqlı şəkildə bölünməsini müşahidə etmək olar. Bu mahnının mətni 11 və 6 hecalı misraların növbələşməsi üzərində qurulmuşdur ( kupletdə yalnız bir 10 hecalı misra istisnalıq təşkil edir ) . Həm kuplet, həm də nəqəratdakı cümlələrin əvvəlində tersiya həcmli melodik ibarə səslənir ki, onu bütövlükdə cümlənin «zapevi» kimi qiymətləndirmək olar. Kupletin ilk cümləsini aşağıda təqdim edirik. Həmin cümlənin nəinki əvvəlində, sonunda da digərlərindən pauza ilə ayrılmış kiçik ibarə səslənir, bunun nəticəsində isə 11 hecalı misra 3+6+2 şəklində bölünür. Sonrakı cümlə özündən əvəlkini inkişaf etdirir və cümlənin əvvəlində sezura vasitəsilə ayrılan ibarələrin sayı artıq ikiyə çatır, üçüncüsü isə ümumiləşdirici səciyyə daşıyır. Burada 6 və 10 hecalı iki şer misrası səslənir.

       Kupletdən fərqli olaraq, nəqəratda ibarələr daha geniş həcmlidir və 11 hecalı misra 6+5 ənənəvi şəklini alır. Nəqərat kuletdəki son cümlələrin təkrarı ilə tamamlanır. «Təkcə ümid qalsın» mahnısının təhlili göstərir ki, bəstəkarın yaradıcı fantaziyasından asılı olaraq, şerin məzmununa və quruluşuna təsir etmədən misralardakı hecaların qruplaşması dəyişdirilə bilər. Zənnimizcə bu, mahnı melodiyalarının daha ifadəli alınmasını müəyyən edən cəhətlərdən biri kimi qiymətləndirilməlidir.

       B. Vahabzadənin sözlərinə yazılmış «Zaman» mahnısının nəqərat bölməsində də oxşar hal ilə rastlaşırıq. Əgər kupletdə yalnız 6 hecalı misralara təsadüf olunursa, nəqəratın əsasını 8 və 10 hecalı misralar təşkil edir. Həmin misraların məhz belə həcmdə təzahür etməsi misralarda «dayan» sözünün təkrarı ilə təyin olunur:
        Dayan, dayan dedim, dayan,
        Dayan, dayan, dayan, zaman, dayan.
        Hicrana olmasın aman.

       Indi isə həmin misraların musiqi təcəssümünə nəzər salaq.
        Nümunə ¹ 8

       Göründüyü kimi, melodiyada hər «dayan» sözü xüsusi olaraq vurğulanır, və, bunun nəticəsində, misralarda heca sayı bölünməyə məruz qalır. Nəqəratın sonuncu cümləsi (ona nəqəratdakı şer bəndinin üçüncü misrası uyğun gəlir) əvvəlki cümlələrlə müqayisədə yekun rolu oynayır və mahnı bununla bitir.

       E.Sabitoğlunun R. Rzanın sözlərinə bəstələdiyi «Gilavar» mahnısında da 11 hecalı misraların bölgüsü ənənəvi 6+5 şəklindən uzaqdır. Mətnə nəzər saldıqda, buradakı misraların 4+4+3 kimi qruplaşmasını görmək olar:

       Gəzib-gəzib dərələri, düzləri
       Nə durmusan, dincəlmisən, gilavar.

       Bəstəkar bütün mahnı boyu bu heca bölgüsünü dəyişməz saxlamaqla yanaşı, melodiyada hər heca qrupunu sezuralar və uzadılmış notlar vasitəsilə ayıraraq, onların bölgüsünü bir daha vurğulayır. Mahnının elə ilk cümləsi buna parlaq nümunə ola bilər. Bəstəkar melodiyada hər heca qrupunun sonuncu hecasını xanənin güclü payında vurğulanması priyomundan istifadə etmişdir. Həmin vurğu cümlənin əvvəlində daha çox xanənin birinci payına düşürsə, cümlənin sonunda artıq üçüncü paya təsadüf edir. Bununla da bəstəkar vurğuların yerləşdirilməsində monoton səslənmədən uzaqlaşmağa nail olmuşdur. Mahnının nəqərat bölməsində də bu tendensiya öz davamını tapır. Sadəcə olaraq, burada hər melodik cümlə çərçivəsində aşağı yönümlü kiçik sekvensiyalar da əlavə olunur. Həmin sekventlilik misraların dəyişməz ölçüsünün və melodik ibarələrin ritmik quruluşunun saxlanılması fonunda mahnının melodiyasını daha da zənginləşdirir. Şer bəndinin son misrası «ay gilavar» söz birləşməsinin təkrarında n ibarətdir (bununla da iki 4 hecalı söz birləşməsi 4+4 kimi birləşir). Həmin qısa ibarələr yekun xarakterlidir və mahnını tamamlayır. Beləliklə, bu nümunədə də şerin məzmununda ən əhəmiyyətli sözlər bir neçə dəfə melodiyada təkrarlanır.


Indi isə E.Sabitoğlunun N. Xəzrinin sözlərinə yazdığı «Mavidir» mahnısı üzərində daha ətraflı dayanaraq, dəyişkən heca sayına malik mahnılarının bəzi xüsusiyyətlərini nəzərdən keçirək. Bu mahnının üç kupleti və nəqəratının mətni 11 və 8 hecalı misraların ardıcıllaşması üzərində qurulmuşdur. Şerin misralarına nəzər saldıqda görürük ki, burada «mavidir» sözü həm misraların sonunda, həm də əvvəlində təkrarlanır. Buradakı 8 hecalı misralar özündən əvvəlki 11 hecalının bir neçə sözünün təkrarından əmələ gəlir (bu xüsusiyyət mətnin digər bəndlərində də dəyişməz qalır). Bu da, çox güman ki, melodiyanın ümumi inkişaf qanunauyğunluqlarından irəli gəlir və mətnin belə quruluşu məhz bəstəkar tərəfindən təklif edilmişdir. Mahnının melodiyasında bu zaman eyni ibarənin variant dəyişiklikləri ilə təkrarlanması nəticəsində genişlənmə baş verir. Bu da, öz növbəsində, mətndə də genişlənmə tələb edir. Nəqəratda da həmin genişlənmə cümlənin variant şəklində səslənməsi nəticəsində baş verir. Göstərilən cəhətləri nəzərə alaraq b elə nəticəyə gəlmək olar ki, «Mavidir» mahnısının mətnində misraların quruluşu melodiyada tam olaraq öz əksini tapır.

       Mətndə sonuncu misraların natamam şəkildə təkrarlanması halı ilə E.Sabitoğlunun G. Fəzlinin sözlərinə bəstələdiyi «Sən olmuşam» mahnısında da rastlaşırıq. Nəqəratsız formada yazılmış həmin mahnının mətnində misraların ölçüsü azalan sıra ilə gedir – 11+8+4 (eyni ölçülü misralar burada göstərilməmişdir). Mahnının mətnini səkkiz misradan ibarət şer bəndi təşkil edir. Bu zaman misralar nəzərdən keçirilən bir çox mahnı mətnlərindən fərqli olaraq, AAABBBBB şəklində qafiyələnir (qeyd etmək lazımdır ki, B kimi işarə olunmuş misralar həmqafiyə sözlərlə deyil, «olmuşam» sözü ilə tamamlanır, bu cəhət mahnıda səslənən üç kupletin üçündə də eynidir – CCBBBBB və s.) . Lakin bəstəkar elə bir melodiya yaratmağa müvəffəq olmuşdur ki, burada son həmqafiyə olan beş misralar bir-birindən fərqlənən melodik cümlələrdə səslənir və bununla da eyni qafiyənin təkrarlanması o qədər də çox duyulmur.

       Mahnının son iki cümlələrində sekvensiya elementləri duyulmaqla yanaşı, mətnin sonuncu, səkkiz hecalı misrası qısaldılmış 4 hecalı şəkildə təkrarlanır və məhz bu təkrar zamanı səslənən melodik ibarə mahnını tamamlayır.

       Z. Cabbarzadənin sözlərinə bəstələnmiş «Nə olar» mahnısının kupletində 11 hecalı misralar bir-birilə qafiyələnir. Kupletdə ifa olunan üç poetik misra uyğun olaraq üç melodik cümlədə səslənir. Onlar öz xarakterlərinə görə sual – cavab – sual səciyyəsi daşıyır. Nəqərat bölməsində səslənən dörd 6 hecalı misralardan iki sonuncusu əvvəlkilərin ayrı-ayrı sözlərinin təkrarı nəticəsində əmələ gəlmişdir. Nəqəratdakı mətnin bu cür quruluşu bir növ «Mavidir» mahnısını xatırladır.

       Lakin bu mahnıda, «Mavidir» mahnısından fərqli olaraq, nəqəratda hecaların sayı dəyişməz olaraq qalır. Bütövlükdə nəqərat sadə quruluşa malik olub, iki melodik cümlənin variant şəklində təkrarlanması üzərində qurulmuşdur.

       Sadə quruluşa malik mahnılardan söhbət açarkən, E.Sabitoğlunun N.Xəzrinin sözlərinə yazdığı «Axtar sən məni» mahnısını da qeyd etmək istərdik. Nəqəratsız formada olan həmin mahnıda cəmi dörd cümlə cüzi variant dəyişiklikləri ilə təkrarlansa da, kifayət qədər inkişaf etmiş melodiya 11 hecalı poetik misraların mənasının çatdırılmasında böyük rol oynayır (burada dörd misralı poetik misra səslənir, qafiyələnmə ABAB kimi işarə oluna bilər). Mahnının ilk melodik cümləsinə nəzər salaq. Buradakı iki ibarə tersiya intervalının yuxarı və aşağıya yönəlmiş pilləvari hərəkət vasitəsilə «doldurulması»na əsəslanır.

       Ikinci cümlədə ilk ibarə yuxarı istiqamətli sekvensiya kimi hərəkət edir, ikinci ibarə isə əksinə, bir ton aşağıda, dönmə şəklində səslənir.

       Mahnının sonunda səslənən iki cümlədən birincisində yenə də tersiya intervalı böyük rol oynayır – o, yuxarı istiqamətli tersiya sıçrayışı ilə başlayır, ikinci ibarə isə onu sekvensiya kimi bir ton aşağıda təkrar edir. Mahnının son cümləsi bu ibarələrin sekventli hərəkətini davam etdirir və yekunlaşdırır. Deyilənlər mahnının lakonikliyinin melodik inkişafın maraqlı tərzdə inkişaf etdirilməsi ilə tarazlaşdırılmasını sübut edir.

       E.Sabitoğlunun nəzərdən keçirəcəyimiz son mahnısı V. Səmədoğlunun sözlərinə bəstələdiyi «Uzaq yaşıl ada» mahnısıdır. Mahnının diqqətəlayiq cəhətlərindən biri odur ki, bəstəkar mahnının melodiyasında minimal melodik vasitələrdən istifadə etsə də, mənalı poetik mətni ifadəli və yaddaqalan melodiyada əks etdirməyə nail olmuşdur. Mahnının kupletində 11 hecalı dörd misralı bənddən, nəqəratda isə altı 7 hecalı misralardan istifadə olunur. Mahnının ilk melodik cümləsi sekunda intervalı həcmini əhatə etsə də, ona daxil olan ibarələrin ritminin variant şəklində dəyişməsi nəticəsində monoton təkrar təəssüratı yaranmır. Onu da qeyd edək ki, kupletdə bütün melodik cümlələr eyni ritmik quruluşa malikdir.
        Nümunə ¹ 9

       Kupletin ilk cümlənin variantlarını təşkil edən digər cümlələrində melodiyanın diapazonu bir qədər genişlənərək, kupletin sonuna kvarta intervalını əhatə edir. Nəqəratı şərti olaraq iki bölməyə ayırmaq olar. Birinci bölmə reçitativ səciyyəli olsa da, kupletin ritmik quruluşu burada da təkrarlanır. Bu bölmə bir növ nəqəratın əsas bölməsi üçün giriş əhəmiyyətini daşıyır. Burada səslənən cümlələr sekvensiya münasibətindədir, onlardakı poetik misralara gəldikdə isə, hər ikinci misra bir-birilə qafiyələnir.

       Nəqəratın ikinci bölməsində mahnının valsvari ritmi bərpa olunur, melodik ibarələrin ritmik quruluşunda isə dəyişiklik baş verir – kupletdə birinci ibarə pauza ilə, ikincisi isə xanənin əvvəlindən başlayırdısa, nəqəratın ikinci bölməsində bu əksinədir.

       Bu cümlə kupleti tamamlayan cümlənin variant şəklində inkişafı üzərində qurulmuşdur. Onun digərlərindən bir qədər fərqlənməsi təbiidir – məhz burada şerin məna baxımından ən əhəmiyyətli misraları səslənir. Bu baxımdan həmin misraların mahnının sonunda bir neçə dəfə təkrarlanması heç də təsadüfi deyil:
        Ayrılıq bir dənizmiş,
        Sən uzaq yaşıl ada…

       Beləliklə, bir çox nümunələr üzərində E.Sabitoğlunun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqələrini araşdırdıq. Aparılan təhlil göstərdi ki, bəstəkar öz mahnılarında müxtəlif heca ölçüsünə malik poetik mətnlərə muraciət etmişdir. Əlbəttə, araşdırılan mahnılar heç də bəstəkarın bütün mahnı yaradıcılığını əhatə edə bilməz və bu məqsəd də qarşıya qoyulmamışdı. Əsas vəzifə kimi ən maraqlı nümunələrin aşkara çıxarılıb təhlil edilməsi olmuşdur. Bu zaman bir neçə səciyyəvi tendensiyanı qeyd etməyi lazım biliik. Bəstəkarı poetik mətn kimi cəlb edən şerlər arasında konkret obrazlara həsr olunmuş poetik nümunələr az deyil – «Güllər», «Gilavar», «Kəpənək», «Dərələr», «Uzaq yaşıl ada» və bir çox başqa mahnılar buna misal ola bilər.

       E.Sabitoğlunun mahnılarını təhlil edərkən onlarda aparıcı rolun mətnin qafiyə və quruluş xüsusiyyətlərinə deyil, şerin məzmununa məxsus olması aşkar olunur (bu mənada E.Sabitoğlunun mahnılarını T.Quliyevin mahnılarına daha yaxın hesab etmək olar). Məhz məzmundan irəli gələrək bəstəkar yaratdığı mahıların mətnlərində ayrı-ayrı söz və söz birləşmələrinin təkrarına, onların misralardan təcrid edilmiş şəkildə səslənməsinə geniş yer vermişdir. Bu cəhət ilə bəstəkarın bir çox mahnılarında rastlaşırıq. O, melodiyada mətni dolğun əks etdirmək məqsədilə minimal vasitələrdən istifadə etməyə çalışmış, tez-tez sadə quruluşa malik kompozisiyalar yaratmışdır. Lakin musiqi dilinin sadəliyi onun ifadəli və yadda qalan olması, dolğunluğu ilə tarazlaşdırılır.

       Bəstəkar mahnılarının ritm xüsusiyyətlərinə, vurğuların düzgün və yerli-yerində işlədilməsinə də diqqət yetirmişdir. Vurğuların lazımi yerdə işlədilməsini təmin etmək üçün bəstəkar melodiyanı mətnin quruluş xüsusiyyətlərinə uyğun tərzdə yaratmağa çalışmışdır. Bəzi mahnılarda E.Sabitoğlu misralarda ənənəvi heca bölgüsündən uzaqlaşır. Belə olan təqdirdə, əsas məqsəd mahnının melodiyasını daha ifadəli etmək və, eyni zamanda, şerin məzmununu, ayrı-ayrı ifadələrini daha dolğun əks etdirmək olmuşdur. Bir sözlə, artıq mahnı yaradıcılıqlarına nəzər saldığımız S. Rüstəmov və T.Quliyev kimi, E.Sabitoğlu da söz ilə musiqinin üzvi sintezinə nail ola bilmiş, və bu da onun mahnılarının xoşbəxt taleyini müəyyən edən əsas amillərdən biri olmuşdur.







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70