XALQ ÇALĞI ALƏTLƏRI
ORKESTRI ÜÇÜN YAZILMIŞ
ƏSƏRLƏRƏ HƏSR OLUNMUŞ PLENUMU

-
 

Ötən 2003-cü ilin noyabrında Azərbaycan Bəstəkarlar Ittifaqının növbəti Plenumu keçirildi. Bu dəfə Plenum bütövlükdə xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərə həsr olunmuşdu. Xatırladaq ki, Ittifaqın tarixində ilk belə təşəbbüs 1999-cu ildə edilmiş və o zaman Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin ifasında bir sıra həm yeni, həm də artıq klassikaya çevrilmiş əsərlər səslənmişdi. Hazırkı Plenumun maraqlı cəhətlərindən biri burada, nəinki yeni əsərləri dinləmək və musiqimizin bu sahədəki vəziyyətini aydınlaşdırmaq, habelə yeni ərsəyə gəlmiş bir kollektivlə – Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin (bədii rəhbər və baş dirijor – Ağaverdi Paşayev) fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanının yaranması idi.

       Noyabrın 11-də Kamera və Orqan Musiqisi zalında keçirilən konsertin proqramına aşağıdakı əsərlər daxil edilmişdi: Üzeyir Hacıbəyov - «Cəngi», Vasif Adıgözəlov - Piano və xalq çalğı alətləri orkestri üçün Konsert, Nəriman Məmmədov - «Şeyx Sənan» baletindən fraqmentlər (ilk ifa), Şəfiqə Axundova - «Gəl, ey səhər»(ilk ifa), Tofiq Bakıxanov - Tar və xalq çalğı alətləri orkestri üçün Konsert - (yeni redaksiyada), Nazim Quliyev - «Ədalətsiz kaman» (mərhum kamançaçalan Ədalət Vəzirova ithaf olunub) (ilk ifa), Firəngiz Babayeva - «Sözsüz mahnı» (ilk ifa), Azər Dadaşov - «Lətifələr» süitası (ilk ifa). Əsərlərin ifası zamanı solist qismində Azərbaycan Respublikasının xalq artisti Ramiz Quliyev (tar), Zülfiyyə Sadıqova (piano), Xəyyam Məmmədov (kamança) və Ramil Qasımov (vokal) çıxış etdilər.

       Noyabrın 13-də Bəstəkarlar Ittifaqında media nümayəndələrinin iştirakı ilə Plenum konsertinin geniş müzakirəsi keçirildi. Oxucularımıza həmin müzakirənin bəzi önəmli məqamlarını təqdim edirik.

       Vasif Adıgözəlov (Azərbaycan Bəstəkarlar Ittifaqının Birinci Katibi): - Azərbaycan Bəstəkarlar Ittifaqının növbəti Plenumu bütünlüklə xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərə həsr olunmuşdu. Bu əsərlər içərisində artıq orkestrin repertuarında özünə yer tutmuş əsərlər, eləcə də ilk dəfə ifa olunan əsərlər də var idi. Plenumun proqramına həm yaşlı, həm də orta nəsl bəstəkarlarının əsərləri daxil edilmişdi. Janr rəngarəngliyini də xüsusi qeyd etmək olar: mahnı, romans, süita, konsert və s.

       Mən, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinə, onun bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayevə öz minnətdarlığımı bildirirəm. Doğrudur, bəzi əsərlərin ifasında çatışmayan cəhətlər nəzərə çarpdı.. Lakin, ümumiyyətlə, dinləyicilər, bu konsertdən razı qaldılar.

       Konsertin proqramına daxil edilmiş əsərlər sırf Azərbaycan musiqisindən ibarət idi. Azərbaycan bəstəkarları xalq çalğı alətlərinin spesifikasını, tembr çalarlarını, səslənmə diapazonunu nəzərə alaraq, xalq çalğı alətləri orkestrinə xas olan tərzdə əsərlər yazmışdılar.

       Qeyd etmək lazımdır ki, N.Məmmədovun «Şeyx Sənan» baletindən fraqmentlər şübhəsiz ki, simfonik orkestr üçün yazılmışdır. Lakin müəllif onu xüsusi olaraq xalq çalğı alətləri orkestri üçün işləyib. Əsər ilk dəfə ifa edilirdi. N.Məmmədova xas olan yazı üslubu aydın hiss olunurdu.

       A.Dadaşovun «Lətifələr» süitası çox gözəl, orijinal musiqi dili, orkestr səslənməsi ilə diqqəti cəlb etdi. Bu əsər də ilk ifada səsləndi. Həmçinin Ş.Axundovanın P.Qəlbinurun sözlərinə «Gəl, ey səhər» mahnısı, F.Babayevanın «Sözsüz mahnısı» ilk dəfə ifa olunurdu.

              N.Quliyevin mərhum kamançaçalan Ədalət Vəzirova ithaf etdiyi «Ədalətsiz kaman» əsəri çox incə, təsirli səsləndi.

       Bu, Bəstəkarlar Ittifaqının xalq çalğı alətləri orkestri üçün nəzərdə tutulmuş II Plenumudur. Bəstəkarlarımızın bu kollektivə marağı daha da artır. Bununla da sırf Azərbaycan musiqisinin səslənməsinə kömək göstərə bilərik. Bu baxımdan Plenumun konserti çox təqdirəlayiqdir.

       Nəriman Məmmədov (bəstəkar, əməkdar incəsənət xadimi): Sevindirici haldır ki, Bəstəkarlar Ittifadının növbəti Plenumu məhz xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərə həsr edilmişdi. Çünki indiki dövrdə bu əsərlərə çox böyük ehtiyacımız var. Plenumun konserti çox səmərəli və yüksək səviyyədə keçirildi. Filarmoniyanın xalq çalğı alətləri orkestrinə öz minnətdarlığımı bildirirəm. Onlar hər bir əsərə çox ciddi yanaşaraq, əsərlərin hazırlanmasına çoxlu vaxt sərf etmişlər.

       Konsertin proqramında səslənən əsərlər sırasında V.Adıgözəlovun piano ilə xalq çalğı alətləri orkestri üçün Konsertini xüsusi qeyd etmək istərdim. Əsər çox gözəl səsləndi – orkestrin çalarları pianonun intonasiyaları ilə çulğaşırdı. Çox dəyərli, yüksək professional səviyyəli əsərdir.

       A.Dadaşovun «Lətifələr» əsərini maraqla dinlədik. O, həmişə axtarışdadır. Orkestrə xas olan ştrixlər, müəyyən ritmik xüsusiyyətləri ilə əsər çox xoşagəlimli idi.

       Konsertin proqramından göründüyü kimi Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlər həmişə inkişafdadır. Xalqın zövqünə təsir göstərən, onun mədəni səviyyəsini yüksəldən belə əsərlər bu gün çox lazımlıdır. Çünki bəzi adamlar bəstəkarlığa meyl göstərir, özfəaliyyət səviyyəli mahnılarını özəl telekanallarda təbliğ edirlər. Özəl telekanallar peşəkar musiqişünasları dəvət etməli, təsadüfi adamlara qarşı mübarizə aparmalıdır. Bunun qarşısını almaq üçün bəstəkarlarımız layiqli əsərlər yaratmalıdırlar. Belə olsa, musiqimiz də lazımi məcrada inkişaf tapar.

       Güllü Ismayılova (musiqişünas): Azərbaycan Bəstəkarlar Ittifaqının vaxtaşırı keçirdiyi plenumlar müxtəlif janrlı əsərlərə həsr olunur: simfonik musiqi, mahnı janrı, uşaq musiqisi və s. Bu dəfə Plenum xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərə həsr olunmuşdu. Ü.Hacıbəyovun «Cəngi» əsəri simvol kimi səslənərək, plenumun konsertinə açılış verdi. N.Məmmədovun «Şeyx Sənan» baletindən fraqmentlər simfonik orkestr üçün yazılmasına baxmayaraq, onun xalq çalğı altələri orkestri üçün işlənməsi yaxşı təsir bağışladı.

Yüksək peşəkar səviyyəsi ilə seçilən əsərlər sırasında Ş.Axundovanın «Gəl, ey səhər» mahnısını, V.Adıgözəlovun piano və xalq çalğı alətləri orkestri üçün Konsertini, T.Bakıxanovun tar və xalq çalğı alətləri orkestri üçün Konsertini xüsusi qeyd etmək lazımdır.

Bir-biri ilə təzad yaradan iki əsər diqqətimi cəlb etdi. Onlardan birincisi – N.Quliyevin məşhur kaman ustası mərhum Ədalət Vəzirova ithaf edilmiş əsəri insanın qəlbində ifaçını yada salan lirik duyğuları oyatdı. Digər əsər isə – A.Dadaşovun «Lətifələri» - zarafat, yumor xasiyyətli, tamam başqa səpgili bir əsər idi. Bir-birinin ardınca səslənən bu əsərlər insanı düşünməyə vadar edirdi.

       Bir musiqişünas kimi mən bu konserti yüksək qiymətləndirirəm. Çünki səslənən əsərlərdən böyük zövq aldım.

       Lalə Hüseynova (musiqişünas, Azərbaycan Bəstəkarlar Ittifaqının Məsul Katibi): Bu, artıq Azərbaycan Bəstəkarlar Ittifaqının xalq çalğı alətləri orkestrinin repertuarına həsr olunmuş II plenum idi. Bir neçə il əvvəl keçirilmiş I Plenumda S.Rüstəmov adına xalq çalğı alətləri orkestri iştirak etmişdi. Hazırkı plenumda isə altıq yeni bir xalq çalğı alətləri orkestrini də dinlədikdən sonra biz onların ifa səviyyəsini müqayisə etmək imkanı qazandıq.

       Məlumdur ki, xalq çalğı alətləri orkestri üçün əsər bəstələmək ənənəsi keçən əsrin 30-cü illərindən, yəni Ü.Hacıbəyovun ilk notlu xalq çalğı alətləri orkestri yaratdığı dövrdən başlamışdır və bu orkestr üçün repertuar yaradılması məsələsi gündəmə gəlmişdir. Ü.Hacıbəyov «Şur» və «Çahargah» fantaziyalarını yazır. Onun davamçıları, tələbələri olmuş bir çox bəstəkarlar da bu orkestr üçün bəstələməyə başlayır: S.Rüstəmov, H.Xanməmmədov, C.Cahangirov, S.Ələsgərov və b. müəyyən üslub formalaşdırmışlar. Biz hamımız S.Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin çalğısını eşitmişik, lent yazılarını dinləyib, video yazılarını görmüşük. Bu, son dərəcə mükəmməl ifa idi. Indi biz o orkestrlə bu orkestri müqayisə etdikdə sonuncunun bəzi çatışmayan cəhətlərini aydın görürük. Əlbəttə, burada hazırkı xalq çalğı alətləri orkestrinin yeni yaranması faktı əsas rol oynayır. Orkestr təşəkkül dövrünü keçirir. Bu, çox mürəkkəb bir dövrdür. Çünki ifaçılar təzə və təcrübəsizdirlər. Dirijor ifaçıların birgə çalmaq vərdişini əsil orkestr səviyyəsinə çatdırmalıdır. Dirijor yalnız orkestrə temp verən, onun nüanslarını göstərməklə kifayətlənən şəxs deyil, həmçinin dramaturqdur. Hər bir əsər kiçik bir dünyadır və bu dünyanı qurub, dinləyicilərə təqdim etmək lazımdır. Bu baxımdan dinlədiyimiz orkestr hələ püxtələşməli, mükəmməlləşməlidir. Orada çalan ifaçılar müəyyən bir orkestr məktəbi keçməlidirlər. Mən arzu edirəm ki, bu orkestr lazımi səviyyəni əldə edə bilsin, yəni öz sələfinin – vaxtilə S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin səviyyəsini nümayiş etdirə bilsin. Onun adı da, məsuliyyəti də böyükdür. Ümid edirəm ki, dirijor öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.

       Əsərləri dinlədikcə xalq çalğı alətləri orkestrinə uyğun üslub tərzinin nə dərəcədə dəyişməsini, yeniləşməsini və müasirləşməsini izləmək maraqlı idi. Açığını demək lazımdır ki, bəzi əsərlərdə durğunluq da nəzərə çarpırdı. Müasir nəslin nümayəndələri elə fikirləşir ki, xalq çalğı alətləri orkestri üçün elə 30-40-cı illərin üslubunda yazmaq kifayətdir. Əlbəttə, bu çox yanlış fikirdir. Yeni axtarışlar və tapıntılar bu sahəyə də sirayət etməlidir.


V.Adıgözəlovun fortepiano konsertinin 1965-ci ildə yazılmasına baxmayaraq, indi də üslubca çox təravətli, müasir təsir bağışlayırdı. Həm orkestr üslubu, həm də musiqi dili yenilik baxımından maraqlı idi.

       N.Quliyevin «Ədalətsiz kaman» və F.Babayevanın «Sözsüz mahnı»sı üslub baxımından S.Rüstəmov, C.Cahangirov, H.Xanməmmədov ənənələri üzərində qurulub və bu ənənələrdən kənara çıxmayıb.

       A.Dadaşovun «Lətifələr» süitasında yenilik ab-havası hiss olunurdu. Diqqətəlayiqdir ki, bu əsər xüsusi olaraq xalq çalğı alətləri orkestri üçün yazılıb. Ənənələr burada da özünü göstərir: Ü.Hacıbəyovun, A.Əlizadənin üslubuna xas olan cəhətlər hiss olunurdu. Lakin A.Dadaşov özünəxas ifadə tərzi yaradaraq, çox maraqlı, yumoristik ruhlu bir əsər yaratmışdır. Əsərin ideyası da öz-özlüyündə orijinaldır.

       Zənnimcə, bu plenumun dərsləri həm orkestr, həm də bəstəkarlarımızın yaradıcılığı üçün böyükdür: bəstəkarlarımız xalq çalğı alətləri orkestrinin varlığını, mövcudluğunu yaddan çıxarmamalıdır. Əgər Azərbaycanda artıq dövlət səviyyəsində iki orkestr varsa, deməli bəstəkarlar da bu sahədə işləyə bilərlər. Çünki bu orkestr yalnız köçürmələri çalmalı və yaxud mahnıları müşayiət etməli deyil. Sırf onun tərkibi üçün yazılmış əsərləri də ifa etməlidir. Bəstəkarlar da öz növbəsində bu orkestrin püxtələşməsi, kamilləşməsi üçün onun repertuarını formalaşdırmalıdırlar. Mən bu yolda həm orkestrə, həm də bəstəkarlara uğurlar arzulayıram.

       Validə Əlixanova-Şərifova (musiqişünas): Plenumda səslənən əsərlər mənə kifayət qədər müsbət təsir bağışladı. Hətta, mən deyərdim ki, böyük estetik həzz aldım. Məndə xüsusilə güclü təəssürat yaratmış əsərləri qeyd etmək istərdim. Bu, V.Adıgözəlovun piano və xalq çalğı alətləri orkestri üçün Konserti, A.Dadaşovun «Lətifələr»i, T.Bakıxanovun tar ilə xalq çalğı altəlri orkestri üçün Konsertidir. V.Adıgözəlovun əsərini ilk dəfədir ki, eşidirdim. Əsər çox müasir səsləndi: yeni intonasiya dönümləri, rəngarəng, zəngin tembr çalarları ilə diqqəti cəlb etdi. Bu əsər musiqi mədəniyyətimizin, xüsusilə xalq çalğı alətləri orkestri üçün yazılmış musiqi əsərlərinin parlaq səhifəsini təşkil edir.

       A.Dadaşovun «Lətifələr» əsəri məni bir qədər təəccübləndirdi. Bu bəstəkar kifayət qədər çox əhatəli yaradıcılığa malikdir. Bu dəfə o özünü başqa bir tərəfdən təqdim etdi: yumor,sarkazm, qrotesk, çox parlaq və müasir intonasiyalar.

       Mən ümumiyyətlə, bütün bəstəkarları, Bəstəkarlar Ittifaqının rəhbərliyini belə tədbirlərin keçirilməsi münasibətilə təbrik edir, onlara öz minnətdarlığımı bildirirəm. Sözsüz ki, belə plenumlar – müxtəlif musiqi janrlarını və formalarını əhatə edən tədbirlər çox keçirilməlidir. Bu gün bu tədbirdə səslənən əsərlər daim orkestrin repertuarında olmalıdır. V.Adıgözəlovun və A.Dadaşovun əsərləri simfonik orkestr üçün də işlənsə yaxşı səslənər. Lakin məhz xalq çalğı alətləri orkestrində səslənməsi baxımından bu, ənənəvi formaların hüdudlarını genişləndirir, intonasiya dairəsini zənginləşdirir. Belə əsərlər dinləyicilərin də musiqi zövqünü və duyumunu inkişaf etdirməyə qadirdir.

       Azər Dadaşov (bəstəkar): Adətən bəstəkar üçün onun əsərinin səslənməsi böyük sevinc və bayramdır. Bu plenumu mən səbirsizliklə gözləyirdim. Xüsusi olaraq xalq çalğı alətləri orkestri üçün yazdığım «Lətifələr» əsərimin canlı səslənməsini eşitmək istəyirdim. Bu əsərin yüksək səviyyədə ifa edilməsinə görə orkestrin rəhbəri Ağaverdi Paşayevə və Bəstəkarlar Ittifaqının rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Orkestr yeni yaranıb, onun rəhbəri A.Paşayev çox incə zövqlü, təvazökar insandır. Inanıram ki, o, orkestrin tərkibindəki gənc musiqiçilərə düzgün istiqamət verəcək.

       Plenumda səslənən əsərlər, ümumiyyətlə, çox yaxşı təsir bağışladı. Xüsusilə, V.Adıgöəzlovun piano və xalq çalğı alətləri orkestri üçün Konsertini maraqla dinlədim. Əsər o qədər doğma səsləndi ki, sanki bu musiqini özüm yazmışdım.

       Mən plenumun bütün iştirakçılarına uğurlar arzulayıram.

       Ramiz Zöhrabov (Azərbaycan Bəstəkarlar Ittifaqının katibi): Azərbaycan Bəstəkarlar Ittifaqı müxtəlif musiqi janrlarına həsr edilmiş plenumlar keçirir. Bu, Bəstəkarlar Ittifaqının əsas vəzifəsidir: Ittifaq Azərbaycan bəstəkarlarının yeni yazılmış əsərlərini təbliğ etməlidir. Konservatoriyanı bitirmiş gənc bəstəkar Ittifaqın üzvü olur və onun gələcək inkişafı Bəstəkarlar Ittifaqından asılıdır. Bəstəkarlar Ittifaqı bu gənclərin əsərlərinin ifa olunması üçün şərait yaratmalıdır. Bu işlə Bəstəkarlar Ittifaqı məşğul olur. Sovetlər dövründə əsərlərin ifası daha asan idi. Indi isə vəziyyət çətinləşmişdir. Müəyyən konsert salonunun icarəsi, ifaçı kollektivlərin dəvət edilməsi və s. məsələlərdə maddi və texniki çətiinliklərlə qarşılaşırıq. Lakin yaxşı ki, Mədəniyyət Nazirliyi bu işdə bizə köməklik edir. Nazirliyin kollektivləri Bəstəkarlar Ittifaqının plenum və festivallarında bəstəkarlarımızın əsərlərini ifa edirlər. Bəstəkarlar Ittifaqının keçirdiyi tədbirlər «Musiqi dünyası» jurnalında öz əksini tapır. Bu tədbirlərin keçirilməsində əsas məqsəd musiqimizdəki çatışmazlıqları aşkara çıxarmaq, musiqi janrlarının inkişafını izləmək, yeni əsərləri təbliğ etməkdir. Bəstəkarlar Ittifaqının növbəti plenumu xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərə həsr olunmuşdu. Bu sahədə çalışan bəstəkar çox azdır. Əsasən, əvvəllər yazılmış əsərlər – F.Əmirov, S.Rüstəmov, H.Xanməmmədov, Ə.Abbasov, S.Ələsgərov, D.Dadaşovun əsərləri ifa edilirdi. Indi artıq iki xalq çalğı alətləri orkestrimiz var: birinin 3, o birinin 73 yaşı var. Onların arasında 70 yaş fərq var. Əlbəttə, biz yeni yaranmış orkestrdən çox şey tələb edə bilmərik. O, hələ püxtələşir, təkmilləşir. S.Rüstəmov adına xalq çalğı alətləri orkestri son zamanlar iri həcmli əsərləri ifa etmir, yalnız mahnıları müşayiət edir. Lakin bu yeni orkestr bəstəkarlarla daha çox təmasda olur. Bəstəkarları cəlb etməklə öz repertuarını genişləndirməyə çalışır.

       Bir ənənə olaraq simfonik konsertlər Ü.Hacıbəyovun «Koroğlu» operasından Uvertüra ilə başlanır. Bu orkestr də öz ifasını «Cəngi» ilə başladı. Daha sonra isə yeni əsərləri dinlədik. N.Məmmədovun «Şeyx Sənan» baletindən fraqmentlər bəlkə də simfonik orkestrin ifasında daha dolğun səslənəcəkdi, lakin xalq çalğı alətləri orkestrinin ifasında da özünəməxsus tərzdə səsləndi. Lakin biz bu əsəri opera və balet teatrının səhnəsində görməyi arzu edirik.

       A.Dadaşovun «Lətifələr» əsəri bu mövzuda yazılmış ilk əsərdir. Bəstəkar orkestrin ifadə vasitələrindən, alətlərin imkanlarından bacarıqla istifadə edib və «Lətifələr» adını doğruldan musiqi yazıb.

       T.Bakıxanovun tar ilə xalq çalğı alətləri orkestri üçün Konserti yeni redaktədə səsləndi. Görkəmli tarzən R.Quliyevin ifasından həzz aldıq.

       N.Quliyevin – «Ədalətsiz kaman» əsəri də yaxşı təsir bağışladı.

       F.Babayevanı «Sözsüz mahnı»sı S.Ələsgərovun ənənələrini davam etdirir.

       V.Adıgözəlovun piano ilə xalq çalğı alətləri orkestri üçün Konsertini əvvəllər S.Rüstəmov adına xalq çalğı alətləri orkestri çox çalıb. Hətta, vaxtilə V.Adıgözəlov özü solist kimi bu əsəri S.Rüstəmovun rəhbərliyi ilə ifa edib. Çox çətin əsərdir. Bəstəkar pianonun texnikasından, orkestrin imkanlarından böyük zövqlə və məharətlə istifadə edib. Elə əsərlər var ki, həmişəyaşar əsərlərdir. Bu əsərlərin siyahısında V.Adıgözəlovun piano və xalq çalğı alətləri orkestri üçün Konserti bizim musiqi xəzinəmizi zənginləşdirən əsərdir.

       Plenumun yüksək səviyyədə keçirilməsi təqdirəlayiqdir. Bu plenumun konsertlərinin Kamera və Orqan musiqisi zalında keçirilməsinə baxmayaraq, yaxşı nəticə alındı. Əlbəttə, konsert filarmoniyada və ya konservatoriyada keçirilsəydi daha yaxşı səslənməyə nail olardıq. Lakin mən inanıram ki, gələcəkdə belə konsertlər daha çox keçiriləcək. Bəstəkarlarımız bu orkestr üçün yeni-yeni əsərlər yazacaq və Bəstəkarlar Ittifaqı bu əsərləri öz tədbirlərində səsləndirəcək.

       Vasif Adıgözəlov: Mənə belə gəlir ki, əsərlər haqqında söylənilən fikirlər çox qiymətlidir. Plenumun nəticələri göz qabağındadır. Ümümiyyətlə, plenum müvəffəqiyyətlə keçdi. Bir qrup Azərbaycan bəstəkarlarının yeni əsərləri səsləndi.

       Plenumun bütün iştirakçılarına, ifaçı kollektivə, onun rəhbərinə, solistlərə öz minnətdarlığımı bildirirəm.

Materialı hazırladılar:
Lalə Hüseynova və Sevda Əliqızı









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70