Tofiq Bakıxanov 70
C. Həsənova-Ismayılova.
 


         Görkəmli bəstəkarımız, Azərərbaycan Respublikasının xalq artisti, professor Tofiq Bakıxanovun anadan olmasının 70 illiyi, yaradıcılıq fəaliyyətinin isə 50 illiyi tamam olur. Bu əlamətdar tarixlə əlaqədar olaraq, Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Tofiq Bakıxanov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Bu münasibətlə möhtərəm prezidentimiz T. Bakıxanova təbrik məktubu göndərərək, müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi kimi onun sənətini yüksək dəyərləndirmişdir. Məktubda deyilir: "Əlli illik yaradıcılıq yolunuz həm ifaçı, həm də bəstəkar kimi xalqa sədaqətli xidmət, musiqi sənətinə möhkəm bağlılıq olmuşdur. Azərbaycan milli musiqi xəzinəsinin dərin köklərindən bəhrələnən çoxşaxəli yaradıcılığınız müasir musiqinin ümumi kontekstində inkişaf edərək, sənət aləmində sizə böyük hörmət qazandırmışdır".
        Bəli, bu gün Tofiq Bakıxanovun sənətkarlığı kamillik zirvəsindədir. T. Bakıxanov əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən bəstəkar, həm solist, həm də kamera ansamblı tərkibində mahir ifaçılıq imkanlarına malik skripkaçı, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, musiqimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi tanınmışdır.
        Danılmaz həqiqətdir ki, sənətkarın yetişməsində, dünyagörüşünün formalaşmasında onun boya-başa çatdığı mühitin, onu əhatə edən aləmin, şəxsiyyətlərin böyük rolu vardır. T. Bakıxanovun da bir bəstəkar kimi püxtələşməsində onun ailəsinin və müəllimlərinin təsiri göz qabağındadır.
        Azərbaycanın məşhur nəsillərindən biri kimi tarixə görkəmli şəxsiyyətlər vermiş Bakıxanovlar nəslinin nümayəndəsi olan Tofiq müəllimin atasından – görkəmli tarzən, muğam bilicisi və pedaqoq Əhməd Bakıxanovdan öyrəndiyi muğamlar onun yaradıcılığı üçün əsaslı bünövrə oluşdur. Zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin sinfində əxz etdiyi bəstəkarlıq üsülları isə onun sənətdə öz yolunu tapması, öz dəst-xəttini yaratması üçün geniş imkanlar açmışdır. T. Bakıxanovun öz sözlərilə desək, o, Qara Qarayevdən musiqinin incəliklərini öyrənmiş, bəstəkarlığın necə çətin və şərəfli bir sənət olduğunu dərindən duymuşdur.
        T. Bakıxanovun sənət zövqü, dünyagörüşü, yaradıcılıq üslubu məhz o dövrdə, Q. Qarayevin təsiri altında formalaşmış, professional keyfiyyətlər kəsb etmişdir. Məhz bu səbəbdəndir ki, T. Bakıxanovun yaradıcılıq üslubunda xalq musiqisi ilə dərin bağlılıq müasir bəstəkarlıq yazı texnikası ilə üzvi vəhdət yaratmışdır. Bu da onun Azərbaycan bəstəkarlıq məktəbinin qabaqcıl nümayəndəsi kimi ad-san qazanmasına gətirib çıxarmışdır.
        Görkəmli bəstəkarımız Tofiq Quliyev deyirdi: "Tofiq Bakıxanov ona görə xoşbəxt sənətkardır ki, elə bir ailədə doğulub, böyük bəstəkar və gözəl insan Qara Qarayevin sinfində təhsil alıb. Belə bir şəxsin Azərbaycan musiqisində mühüm rol oynaması təbiidir. T. Bakıxanov musiqinin bütün janrlarında fəal yaradıcılıq göstərən bir sənətkardır. Onun simfonik, kamera, səhnə musiqisindən ibarət əsərləri dəyərli sənət nümunələridir".
        T. Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. O, operadan başqa, musiqinin demək olar ki, bütün janrlarına müraciət etmiş və maraqlı əsərləri ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdir. T. Bakıxanovun bədii irsinə nəzər salsaq, çox samballı bir siyahı ilə rastlaşarıq. Bəstəkar skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün iyirmidən artıq sonatanın, trio, kvartet, kvintet və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsertin müəllifidir. Qeyd etmək lazımdır ki, Azərbaycan musiqisində viola, violonçel, fleyta üçün sonata və konsert janrına, o cümlədən, qoboy, klarnet, truba alətləri üçün konsert janrına ilk dəfə olaraq Tofiq Bakıxanov müraciət etmişdir. T. Bakıxanov, eyni zamanda, üç balet, üç musiqili komediya, bir sıra mahnı və romanslar bəstələmişdir. Simfonik musiqi sahəsi isə bəstəkarın yaradıcılıq irsində altı simfoniya, beş simfonik muğam, beş simfonik poema, simfonik süitalar, uvertyuralar və s. əsərlərlə təmsil olunmuşdur.
        Skripkaçı kimi sənət aləminə gəlmiş T. Bakıxanov öz ilhamlı çalğısı ilə musiqisevərlərin rəğbətini qazanmışdı. Vaxtilə dahi Üzeyir Hacıbəyov T. Bakıxanovun hələ onillik musiqi məktəbində oxuduğu illərdə çalğısını dinlədikdən sonra onun böyük gələcəyi olacağını söyləmişdi. Uzaqgörənliklə deyilmiş bu sözlər çox tezliklə həyata keçməyə başladı. N. I. Tsimberov, S. L. Bretanitski, A. N. Amiton kimi professorlardan dərs almış T. Bakıxanov skripkaçı kimi sənətini təkmilləşdirərək, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin mahir ifaçısı kimi tanındı.
        1945-ci ildə Ü. Hacıbəyovun anadan olmasının 60 illiyi münasibəti ilə keçirilən konsertdə T. Bakıxanov solist kimi dirijor L. Qinzburqun rəhbərliyi altında simfonik orkestrin müşayiətilə "Arşın mal alan" musiqili komediyasının mövzuları əsasında fantaziyanı, 1947-ci ildə Nizaminin 800 illik yubileyində Vyetanın 4-cü Konsertini ifa etmiş və bu, onun yaddaqalan çıxışlarından olmuşdur. T. Bakıxanov 1950-ci illərdən başlayaraq, Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki trioda skripkaçı kimi də fəaliyyət göstərmişdir. O, həm də Azərbaycan bəstəkarlarının bir sıra əsərlərinin ilk ifaçısı olmuşdur. Bu baxımdan F. Əmirovun skripka, fortepiano və simfonik orkestr üçün Ikili konsertinin, C. Cahangirovun skripka və fortepiano üçün Sonatinasının, Skripka və simfonik orkestr üçün Konsertinin, S. Ələsgərovun "Xatirə", "Romans" triolarının (S. Əliyev və E. Əliyeva ilə birgə), skripka və fortepiano üçün Sonatasının ilk ifası T. Bakıxanovun sənət uğurlarındandır.
        T. Bakıxanovun pedaqoji fəaliyyəti də bu sahə ilə bağlıdır. Belə ki, o, uzun illərdir ki, Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kamera ansamblı kafedrasında, A. Zeynallı adına Bakı Musiqi Kollecinin simli alətlər şöbəsində dərs aparır, skripka və kamera ansamblı ixtisası üzrə musiqiçi kadrlar hazırlayır.
        Elə ifaçılıq və pedaqoji fəaliyyətini bəstəkarlıqla əlaqələndirməsi də T. Bakıxanovun instrumental əsərlərinin meydana gəlməsi üçün stimul olmuş və bu sahə onun yaradıcılığının aparıcı xəttinə çevrilmişdir. Təsadüfi deyil ki, kamera-instrumental əsərlər T. Bakıxanovun irsində mühüm yer tutur.
        Kamera-instrumental musiqi janrlarına müntəzəm müraciət edən bəstəkar bu sahədə öz üslubunu daha dolğunluqla reallaşdıra bilmişdir. Hər bir əsər onun yaradıcılıq simasının müxtəlif tərəflərini açıqlamaqla yanaşı, həm də onun musiqi üslubunu, musiqi dilini yeni keyfiyyətlərlə, yeni cizgilərlə zənginləşdirmişdir. Bu əsərlərdə müasir kamera musiqisinin əsas xüsusiyyətləri bəstəkarın sərbəst ruhlu, zəngin və milli səciyyəli musiqi dili ilə üzvi surətdə qovuşmuşdur. Bu səbəbdəndir ki, T. Bakıxanovun kamera əsərləri ifaçılıq praktikasında və tədris repertuarında möhkəm yer tutmuşdur. Xatırlatmaq yerinə düşərdi ki, 1995-ci ildə bəstəkarın kamera əsərləri Moskvada keçirilmiş beynəlxalq festivalın proqramına, 1998-ci və 2000-ci illərdə Kiprdə keçirilən II və IV beynəlxalq musiqi festivallarının proqramına daxil edilmişdir.
        Xüsusilə T. Bakıxanovun ən çox sevdiyi və kiçik yaşlarından bütün qəlbi ilə bağlandığı bir alət – skripka üçün yazdığı əsərləri böyük maraq kəsb edir. Bəstəkar bütün yaradıcılığı boyu mütəmadi olaraq, bu alət üçün kiçik həcmli pyeslərdən tutmuş, konsertə kimi bütün janrlarda əsərlər, o cümlədən, on sonata və sonatina bəstələmişdir. Onlardan 5-ci sonata türk, 6-cı sonata iran, 7-ci sonata ərəb, 8-ci sonata azəri xalq musiqisi əsasında bəstələmiş və müəllif bunları "Şərq sonataları silsiləsi" adlandırmışdır. Göründüyü kimi, bu sonatalarda bəstəkar Şərq xalqlarının musiqi folkloruna müraciət etmiş, bu ölkələrdə yaradıcılıq ezamiyyətində olarkən topladığı materiallar əsasında həmin əsərləri bəstələmişdir. O, hər bir xalqa məxsus milli koloriti təbiət təsvirləri, lirik-dramatik obrazlar vasitəsilə özünə xas bir tərzdə əks etdirmiş, xalq musiqi elementlərindən bacarıqla faydalanmışdır. Məsələn, o, türk sonatası haqqında deyir ki, "Türkiyə xalq musiqisi lad-məqam əsasına görə Azərbaycan musiqisinə yaxınd ır. O, məni ritmik şəkillərin gözəlliyi ilə cəlb edir".
        Azərbaycan xalq mövzuları əsasında yazılmış 8-ci Sonatanı isə bəstəkar, öz etirafına görə, "hər bir yeni əsərinin, istər balet, istərsə də kamera əsərləri, romans və mahnılarının ilk dinləyicisi" olmuş Tofiq Quliyevə həsr etmişdir.
        T. Bakıxanovun skripka sonatalarından 2-cisi "Romantik" sonata, 10-cusu "Cazsayağı" sonata adlanır, bu da bəstəkarın üslubunun rəngarəng çalarlarını açıqlayır.
        Bundan başqa, T. Bakıxanov viola və violonçel üçün də sonatalar bəstələmişdir. Onu da deyək ki, Azərbaycan musiqisində viola üçün sonata janrının yaranması T. Bakıxanovun adı ilə bağlıdır. Musiqişünas Z. Qafarovanın yazdığı kimi, "kompozisiya quruluşuna görə klassik silsilə kimi təqdim olunan sonataların hər birinin məzmunu özünəməxsus xüsusiyyətlərə malikdir. Müasir insanın obrazı, onun zəngin daxili aləmi və işıqlı, nikbin dünyaduyumunun təsviri bu əsərlərin əsas məzmununu təşkil edir".
        Bəstəkarın yaradıcılığından danışarkən, onun fleyta və fortepiano üçün sontalarını da qeyd etməliyik. Belə ki, bu əsərlər bəstəkarın yaradıcılıq imkanlarının genişliyini və onun kamera-instrumental musiqinin inkişafındakı rolunu bir daha nümayiş etdirir.

        T. Bakıxanov, həmçinin, çox sayda instrumental konsertlərin müəllifidir. Bunlardan skripka, viola, violonçel, fleyta, qoboy, klarnet, truba və tar üçün konsertləri musiqimizdə bu janr sahəsini zənginləşdirən əsərlərdir. T. Bakıxanovun bu alətlər üçün yazdığı konsertləri özünəməxsus səs koloriti, simfonik təfəkkürün dərin qatlarına varması ilə diqqəti cəlb edir. Xüsusilə bəstəkarın violonçel üçün birinci Konserti musiqi dilinin parlaq boyaları, ehtiraslı melodik inkişafı və emosional dolğunluğu ilə yaddaşlara həkk olunmuşdur.
        Həmin Konsert ilk dəfə Moskvada professor S. Knuşevitskinin ifasında, sonra isə Bakıda professor S. Əliyevin ifasında səslənərək, böyük müvəffəqiyyət qazanmışdır. Bu yaxınlarda isə musiqisevərlər Violonçel konsertinin daha bir uğurlu və maraqlı təfsirini eşitdilər. Tofiq Bakıxanovun 70 illik yubileyi münasibəti ilə keçirilən konsertdə bu əsəri bəstəkarın yetirməsi, respublikanın əməkdar artisti, professor Eldar Isgəndərov məharətlə ifa etdi.
        Əlamətdardır ki, 1958-ci ildə Azərbaycan Bəstəkarlar Ittifaqının idarə heyəti tərəfindən T. Bakıxanovun violonçel ilə simfonik orkestr üçün birinci Konsertinin ilk dinləyişindən sonra Qara Qarayev bəstəkarı təbrik edərək demişdir: "T. Bakıxanov fəxr edə bilər ki, Azərbaycan musiqi tarixində ilk violonçel konsertinin müəllifidir". Müəlliminin yüksək rəyindən ruhlanan T. Bakıxanov sonrakı illərdə də Azərbaycan musiqisində hələ istifadə olunmamış janrlara müraciət etmişdir. Bu qəbildən onun fleyta, qoboy, klarnet, truba, viola üçün konsertləri Azərbaycan musiqisində bu alətlər üçün yazılmış ilk konsertlər kimi qeyd olunmalıdır.
        T. Bakıxanovun instrumental yaradıcılığında ikili konsertlər də mühüm yer tutur. Ümumiyyətlə, bəstəkarlar tərəfindən çox az müraciət olunan bu janrda T. Bakıxanov 2 əsər yaratmışdır: skripka, violonçel və simfonik orkestr üçün Ikili konsert, həmçinin, tar, skripka və simfonik orkestr üçün Ikili konsert. Sonuncu adını çəkdiyimiz əsər bəstəkarın Azərbaycan xalq çalğı aləti tarın və Avropa musiqi aləti skripkanın səslənmə və ifaçılıq imkanlarının uzlaşdırılması baxımından maraqlıdır. Bu, Şərq və Qərb musiqi ənənələrinin qovuşdurulması yolunda bəstəkarın uğurlu nailiyyətlərindəndir. Haqqında danışdığımız Ikili konsertin ilk ifaçıları tarzən, əməkdar artist Həmid Vəkilov və skripkaçı Əlimuxtar Babayev olmuşlar.
        T. Bakıxanovun instrumental konsertlərinə xas olan xüsusiyyətlərdən biri ifaçı üçün sərbəst improvizasiya imkanlarının yaradılmasıdır. Bu da bəstəkarın konsert janrının əsas xüsusiyyətini – solist ilə orkestr arasında yarışmanı gözəl duymasından və alətin texniki imkanlarını nümayiş etdirmək bacarığından irəli gəlir. Bu baxımdan bəstəkarın ifaçılar ilə yaradıcılıq ünsiyyəti gözəl bəhrə verir.
        Ümumiyyətlə, T. Bakıxanov əsərlərini yaradarkən, janrından asılı olmayaraq, çox zaman konkret ifaçıları nəzərdə tutur və əsərin yaranma prosesində bu ifaçılarla aparılan iş diqqətəlayiq nəticələrə gətirib çıxarır. Bu qəbildən T. Bakıxanovun instrumental əsərlərinin ilk ifaçıları violonçelçalan S. Əliyev, skripkaçılar A. Əliyev, B. Axundov, Ə. Babayev, S. Qəniyev, A. Əlizadə, fleytaçılar A. Isgəndərov, T. Hacıyev, pianoçular Z. Adıgözəlzadə, A. Abdullayev, V. Vəkilova, A. Əliyeva, S. Behbudova və başqalarını qeyd etmək olar.
        Bu, əlbəttə ki, T. Bakıxanovun əsərlərinin ifaçılarının tam siyahısı deyil. Onu da deyək ki, bəstəkar çox zaman özü də öz əsərlərinin ifaçısı olmuşdur. Xüsusilə müəllif konsertləri ilə keçmiş SSRI-nin – Moskva, Daşkənd, Tbilisi, Ufa, Xabarovsk şəhərlərində, eləcə də xaricdə – Sofiyada, Kiprdə, Istambulda və Izmirdə çıxış etmişdir. 1988-ci ildə P. I. Çaykovski adına Moskva Konservatoriyasında və 1990-cı ildə SSRI Bəstəkarlar Ittifaqının konsert zalında iki hissədən ibarət müəllif konsertləri bəstəkarın yaradıcılıq yolunun yaddaqalan hadisələrindən olmuşdur.
        Bəstəkarın müxtəlif ifaçılar tərəfindən ifa olunmuş əsərləri isə lentə yazılaraq, Azərbaycan və Moskva radiosunun qazıl fonduna daxil edilmişdir. Tez-tez efirdə səslənən bu əsərlər həmişə dinləyicilərin marağına səbəb olur, qəlblərə sirayət edir.
        T. Bakıxanovun kamera-instrumental əsərləri onun simfonik yaradıcılığı ilə yanaşı inkişaf etmiş, buna görə də bu iki sahənin bir-birinə qarşılıqlı təsiri olmuşdur. Əgər kamera musiqisi T. Bakıxanovun üslubunun formalaşması üçün, bir növ, yaradıcılıq laboratoriyası idisə, simfonik musiqi onun sənətkarlıq səviyyəsinin göstəricisinə çevrilmişdir.
        Bəstəkarın simfonik əsərləri onun iri həcmli formaya bələdçiliyini, professionallığını parlaq surətdə nümayiş etdirir. Müxtəlif illərdə yazılmış simfoniyaların partiturası milli koloriti, obrazlı tematizmi, musiqi obrazlarının aydınlığı, ifadəli mövzuları ilə yanaşı,həm də bəstəkarın ifadə vasitələrindən məharətlə istifadə etməsini göstərir. Bəstəkarın son dövrdə bəstələdiyi əsərlərdən 5 saylı "Nigar" simfoniyasını xüsusilə qeyd etmək istərdik. Bəstəkarın vaxtsız həyatdan getmiş qızına həsr olunmuş bu simfoniya psixoloji təsir qüvvəsinə, qəlbləri riqqətə gətirən musiqisinə görə milli simfonizmin gözəl nümunələri ilə bir sırada durur. Əsərin musiqi dili xalq musiqi mənbələrindən qidalanan və klassik musiqi qanunları ilə müasir ifadə vasitələrinin qovuşmasından yaranan T. Bakıxanovun yaradıcılıq üslubunun yüksək professional səviyyəsini nümayiş etdirir. Simfoniyada öz əksini tapmış bəstəkarın həyatının gərgin anları, həyəcanları, duyğuları dolğunluqla ifadə olunmuş dur.
        Bəstəkarın Altıncı simfoniyası isə "Türk simfoniyası"dır. Bu da çox əlamətdardır. Çünki son illərdə Türkiyədə T. Bakıxanovun yaradıcılığına marağın artdığını görürük. Artıq qeyd etdiyimiz kimi, bəstəkarın əsərləri Kiprdə keçirilən beynəlxalq musiqi festivallarının proqramına daxil edilmiş, Istambulda, Izmirdə onun müəllif konsertləri keçirilmişdir. Bununla əlaqədar olaraq, bəstəkar dəfələrlə Türkiyədə yaradıcılıq ezamiyyətində olmuş və həmin vaxtda da skripka ilə simfonik orkestr üçün "Türk rapsodiyası"nı skripka üçün 5 saylı "Türk sonatası"nı, kamera orkestri üçün "Quzey Kıbrıs fasılları"nı, ("Şimali Kipr lövhələri") "Quzey Kıbrıs" süitasını, böyük simfonik orkestr üçün "Türk simfoniyası"nı bəstələmişdir. "Quzey Kıbrıs fasılları"nı və "Quzey Kıbrıs" süitasını bəstəkar həm də skripka və fortepiano üçün işləmiş və həmin əsərlər Türkiyədə skripkaçı Rövşən Müzəffərov və pianoçu Çiydem Borlak tərəfindən ifa olunaraq böyük uğur qazanmış, eyni zamanda, nəşr olunmuşdur . Bu, bəstəkarın son nailiyyətlərindən biri kimi qeyd olunmalıdır.
        Şimali Kipr Türk cumhuriyyətinin prezidenti Rauf Denktaş T. Bakıxanovun musiqi festivalında iştirakından böyük zövq, sevinc və bəxtiyarlıq duyduğunu vurğulayaraq, nümayiş etdirdiyi parlaq sənəti və qazandığı müvəffəqiyyətlər münasibətilə təbriklərini çatdırmış və bəstəkara ünvanladığı məktubunda onu yenidən Türkiyəyə dəvət etmişdir.
        T. Bakıxanovun yaradıcılığında diqqəti cəlb edən xüsusiyyəti onun xalq musiqisinə dayaqlanmasıdır. Xalq musiqisinə və muğamlara məhəbbət lap uşaqlıqdan onun ürəyində kök salmış, yaddaşına həkk olunmuş və illər keçdikcə yaradıcılığı üçün bəhrəli zəmin olmuşdur. Xalq musiqi elementləri və muğam intonasiyaları bəstəkarın irili-xırdalı bütün əsərlərinin musiqi mətninə hopmuş, onun musiqi dilinin tərkib hissəsinə çevrilmişdir. Biz onun yaradıcılığında həm də Azərbaycan xalq mahnılarının xor üçün, skripka və fortepiano üçün işləməsinə təsadüf edirik. Bəstəkarın tar üçün yazdığı pyeslər və konsertlər isə həm Əhməd Bakıxanovun ənənələrinin yaşarılığını sübuta yetirir, həm də Azərbaycan xalq musiqi yaradıcılığının professional bəstəkar əsərlərində müxtəlif cəhətlərdən təcəssüm olunduğunu aydın nümayiş etdirir.
       T. Bakıxanov tar və simfonik orkestr üçün konsertlərində, xüsusilə atasının xatirəsinə həsr olunmuş Birinci konsertdə klassik konsert janrının ənənələrinə əsaslanaraq, eyni zamanda, Ə. Bakıxanovun öz ifaçılıq təcrübəsində işlətdiyi bir çox üsullardan, məsələn, lal barmaq, sürüşdürmə barmaq, santur və başqa cizgilərdən istifadə etmiş, tarın texniki və ifadə imkanlarını göstərə bilmişdir.
        Yeri gəlmişkən qeyd edək ki, T. Bakıxanov tar və simfonik orkestr üçün 4 konsertin müəllifidir. Onların hamısı məşhur tarzən, xalq artisti, professor Ramiz Quliyev tərəfindən ilk dəfə ifa olunaraq, fond üçün lentə yazılmış, tarzənlərin konsert və tədris repertuarında özünəməxsus yer tutmuşdur (onu da deyək ki, bəstəkar 2-ci və 3-cü tar konsertlərini Ramiz Quliyevə həsr etmişdir).
        T. Bakıxanovun yaradıcılığının kamil bir dövründə simfonik muğam janrına müraciət etməsi də qanunauyğun bir haldır. Bəstəkar beş simfonik muğamın – "Nəva", "Humayun", "Dügah", "Rahab", "Şahnaz" simfonik muğamlarının müəllifidir. O, bu muğamları atası Əhməd Bakıxanovun ifasından qələmə almış, bununla da, bir növ, atasının ruhu qarşısında mənəvi borcunu yerinə yetirmişdir. Bu əsərlər həm də bəstəkarın muğamı necə dərindən duyması və dərk etməsini büruzə verir.
        Xalq artisti, professor Süleyman Ələsgərov T. Bakıxanovun "simfonik muğam yaradıcılığını Azərbaycanın görkəmli muğam ustası... Əhməd Bakıxanovun sənətkarlığı haqqında bəstəkarın simfonik xatərələri" adlandırmışdır. O, yazırdı: "Muğamat incəliklərinin bilicisi olan Əhməd Bakıxanov yaddaşında qayğı ilə qoruyub saxladığı bir çox şifahi-peşəkar Azərbaycan musiqisi yadigarını bizə çatdırmışdır. Muğamın improvizəsi sahəsində müasir axtarışlar yolu ilə gedən bəstəkar Tofiq Bakıxanov bir-birini əvəz edən koloritli, dekorativ, dəqiq epizodları kəskin təzadlarla verməyə səy göstərməyib, hüdudsuz muğam ahənginə uyğun musiqinin fikir axınının ardıcıllığına çalışmışdır".
        S. Ələsgərov T. Bakıxanovun simfonik orkestrin imkanlarından ustalıqla istifadə etdiyini təqdirəlayiq cəhət kimi ön plana çəkirdi. O, xüsusilə "Nəva" muğamının "Dəşti" şö'bəsində musiqi alətlərinin aşağı registrli təbəqisindən başlayaraq, tədricən zil səs registrini əldə etməsini bəstəkarın tapıntısı hesab edirdi.

        T. Bakıxanov müasir dövrdə az ifa olunan muğamlara müraciət etmiş, klassik mənbədəki şöbələri saxlamaqla, onlara simfonik təfəkkür prizmasından yanaşmışdır. Beləliklə, musiqimizdə əsası böyük bəstəkarımız Fikrət Əmirov tərəfindən qoyulan simfonik muğam janrını T, Bakıxanov müasir dövrdə inkişaf etdirmişdir. T. Bakıxanovun simfonik muğamları yeni, orijinal orkestr boyaları ilə, təravətli səslənməsi ilə diqqəti cəlb edərək, geniş dinləyici kütləsinin rəğbətini qazanmışdır.
        Körkəmli bəstəkarımız Arif Məlikov T. Bakıxanovun zəngin xalq musiqisindən incəliklə bəhrələnməsini, muğamlarımıza sənətkarlıqla yanaşmasını onun bəstəkarlıq texnikasına hərtərəfli bələd olması ilə əlaqələndirərək, bunu bəstəkarın ən yaxşı cəhətlərindən biri hesab edir.
        Tofiq Bakıxanov yaradıcılığı boyu səhnə janrlarına da müraciət etmiş, üç balet bəstələmişdir. Qeyd etmək lazımdır ki, bəstəkar bu sahədə də öncül olaraq, bir pərdəli baletlərin ilk nümunəsini yaratmışdır. Onun Xəzər neftçilərinin əməyindən bəhs edən "Xəzər balladası", rus şairi Sergey Yeseninin həyat və yarıdıcılığına həsr olunmuş "Şərq poeması", Nizami Gəncəvinin "Xəmsə"sinin motivləri əsasında "Xeyir və Şər" baletləri Azərbaycan balet sənətini zənginləşdirmişdir.
        Xüsusilə "Xəzər balladası" baleti müəllifinə ölkəmizdə də, onun hüdudlarından kənarda da böyük şöhrət gətirmişdir. Bu bir pərdəli balet 1968-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrında tamaşaya qoyulduqdan sonra (baletmeysterlər R. Axundova və M. Məmmədov) tezlikdə Moskva, Sankt-Peterburq, Kiyev və keçmiş SSRI-nin digər şəhərlərində, eləcə də Fransanın bir neçə şəhərlərində, Lüksemburqda və Monte-Karloda göstərilmişdir. Əlamətdardır ki, "Xəzər balladası" baleti Moskvanın Qurultaylar Sarayında oynanılmışdır, Xaricdə isə bu balet 30 dəfədən çox nümayiş etdirilmiş, Fransanın Amyen, Bezanson, Dijon, Le-Krezo, Nansi, Eks-Provans, Monpelye şəhərlərində tamaşaya qoyulmuşdur. Əsər Parisdə keçirilən VII Beynəlxalq rəqs festivalında "Şan Elize" teatrında oynanılaraq böyük uğur qazanmışdır.
        Bu haqda Fransa mətbuatında da bir sıra müsbət rəylər çap olunmuşdur. Məsələn, "Parizyen libere" yazırdı ki, "Xəzər balladası" baleti koloritli və şəbbaf tərzdə instrumentləşdirilmiş musiqidən ibarətdir". "Le Monde" qəzetində çıxmış rəydə belə deyilirdi: "Bu əsər həqiqətən dəniz neftçilərinin həyatından bəhs edən gözəl bir himndir... Bu musiqi əsərində maşınların işləməsi, neftin necə əldə olunması və s. geniş surətdə qələmə alınmışdır".
        Müsahibələrinin birində Qara Qarayev qürurla qeyd edirdi ki, "Paris Azərbaycan baletinin varlığını etiraf etdi". Həmin festivalda Fərəc Qarayevin "Qobustan gölgələri" və Rauf Hacıyevin "Azərbaycan süitası" bir pərdəli baletləri də böyük uğurla nümayiş etdirilmişdi. Və buna işarə edərək, Q. Qarayev deyirdi: "Paris tamaşaçıları qarşısında sanki qısa şəkildə xaqımızın tarixi – qədim Qobustandan başlamış Neft Daşlarına kimi inkişaf dövrü canlanır".
        Musiqi tarixində "Xəzər balladası" dəniz neftçilərinin çətin və rəşadətli əməyinə həsr olunmuş ilk baletdir. Qara Qarayev bu baleti "Xəzər neftçilərinin qəhrəman, romantik əməyini əks etdirən əzəmətli musiqi" adlandırmışdır. Musiqişünas E. Abbasova baletin janrını "balet-novella", "balet-poema" kimi müəyyən etmişdir.
        Baletin dramaturji konflikti əmək prosesinin özündən yaranır. Fəlakətlə mübarizədə həlak olmuş neftçi həyatı bahasına neft buruğunu yanğından xilas edir. Ümumiləşdirilmiş neftçi obrazı baletin qəhrəmanına çevrilir. Bu obrazı dərindən açmaq üçün, ilhamlı əməkdən doğan hünərin mahiyyətini tamaşaçıya çatdırmaq üçün müəllif, eləcə də baletmeysterlər musiqinin və xoreoqrafiyanın bədii ifadə vasitələrindən geniş surətdə istifadə etmişlər. Əsərin musiqisində gah sakit, gah da möhtəşəm, vüqarlı dənizin təsviri böyük yer tutur və bu peyzaj neftçilərin – mərd və qorxmaz insanların xarakteri ilə vəhdət təşkil edir. Bəstəkar əsərdə əzəmətli, coşğun dənizi ram edən romantik qəhrəman obrazını canlandırmağa nail olmuşdur.
        Sonrakı illərdə isə bəstəkar baletin musiqisi əsasında 10 nömrədən ibarət simfonik süita yaratmışdır ki, bu da dirijorların repertuarına daxil olaraq, konsert proqramlarını bəzəmişdir.
        Qeyd etdiyimiz kimi, T. Bakıxanov, Həmçinin, Nəriman Məmmədovda birlikdə üç musiqili komediya bəstələmişdir. Bunlar "Altı qızın biri pəri: (librettosu Ə. Əlizadənindir), "Məmmədəli kurorta gedir" (librettosu A. Babayevindir), "Qız görüşə tələsir" (librettosu A. Babayevindir) musiqili komediyalarıdır. Bu əsərlərin mövzusu gündəlik həyatımızdan götürülərək, məişətimizdə kök salmış eybəcər cəhətlər, mənfi tiplər, fırıldaqçılar satirik planda tənqid atəşinə tutulur. Vaxtilə Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bu musiqili komediyalar böyük uğurla səhnəyə qoyulmuşdu.
        T. Bakıxanov rəngarəng məzmunlu, gözəl mahnı və romansların da müəllifidir. Onun "Sevməyir qoy sevməsin", "Gözəlliklər məskəni", "Özbək bacım", "Sevən könül" mahnıları xalqımızın sevə-sevə dinlədikləri mahnılardandır.
        Vokal yaradıcılığında bəstəkar klassik və müasir Azərbaycan şairlərinin şerlərinə müraciət edir. Bəstəkarın yaratdığı vokal məcmuələr də diqqətəlayiqdir. Bunlardan "Firdovsini yad edərkən", "Nigar", "Ürək sözü", "Qüdsidən söz düşərkən", 2 dəftərdən ibarət "Qüdsi" romanslar məcmuəsini qeyd etmək olar. Xüsusilə onun ulu babası Abbasqulu ağa Bakıxanovun (Qüdsinin) sözlərinə yazdığı romansları incə zövqlü vokal miniatürlərdir. T. Bakıxanovun mahnı romansları dəfələrlə çap olunmuş və müğənnilərin repertuarında özünəməxsus yer tutmuşdur. Bəstəkar Abbasqulu ağa Bakıxanovun sözlərinə yazılmış ən gözəl mahnı və romansların müəllifi kimi 1994-cü və 2000-ci illərdə A. Bakıxanov adına mükafata layiq görülmüşdür.
        T. Bakıxanovu bir bəstəkar kimi fərqləndirən cəhətlər onun qeyri-adi işgüzarlığı, məqsədyönlüyüdür. O, daima axtarışda olub, müasir bəstəkarlıq texnikasının müxtəlif üsullarını mənimsəməyə cəhd edir.
        Bəstəkarın yaradıcılığı möhkəm klassik bünövrəyə əsaslanaraq, əsərdən-əsərə inkişaf edir, dövrün yeni üslub axtarışlarını səciyyələndirən ifadə vasitələri ilə zənginləşir.Buna görə də onun əsərlərində alışdığımız, adət etdiyimiz xüsusiyyətlərlə yeni cəhətlər arasında təbii müvazinət mövcuddur. Zahirən yeni cəhətlər o qədər də qabarıq nəzərə çarpmır. Ilk dinləyişdən biz ənənəvi xüsusiyyətləri daha tez eşidirik. Formanın mütənasibliyi, harmoniyalardan və tembr vasitələrindən qənaətlə istifadə etməsi T. Bakıxanovun əsərlərinin səciyyəvi cəhətləridir. Eyni zamanda, bəstəkarın əsərləri özünəməxsus təsir gücünə malikdir.
        Tanınmış bəstəkar Murad Kajlayev "T. Bakıxanovun musiqisinin gücü nədədir?" sualını belə cavablandırırdı ki, "hansısa yeni formaların, mürəkkəb harmoniya uyarlığının açılmasında deyil, orijinal intonasiyaların təsvirində... xalq musiqisinin təsir gücünü özündə böyük səmimiyyətlə uyuşduran istedadının inkişaf təbiiliyindədir. Bəstəkarın musiqisi vadar edilmədən axır, varlığımıza daxil olur və bizi valeh edir. Onun musiqisinə sirayət etmiş gözəl keyfiyyətlər bizə hərarət, xeyirxahlıq və nə isə bir doğmalıq hissi gətirir".
        Onu da deyək ki, millilik, insanpərvərlik, həyati mövzulara müraciət, lirik-dramatik səpkili obrazlar dairəsi T. Bakıxanovun yaradıcılıq dəst-xəttinin səciyyəvi xüsusiyyətləri kimi daima diqqəti cəlb edir. Məhz buna görədir ki, T. Bakıxanovun milli ruhla aşılanmış əsərləri zəngin melodiya, lad-intonasiya, metroritmik quruluşu ilə fərqlənir. Bu da onun əsərlərinin ifaçılıq praktikasında və tədris repertuarında möhkəm yer tutmasını və Azərbaycandan kənarda da müvəffəqiyyətini təmin edən amildir.
        Gürcüstan Respublikasının xalq artisti, professor Vaja Azarişvili yazır: "T. Bakıxanovun adı təkcə Azərbaycanın musiqi ictimaiyyətinə deyil, gürcüstanlı həmkarlarına da yaxşı tanışdır. O, musiqinin, demək olar ki, bütün janrlarında istedadını sınamış və yaratdığı əsərləri ilə geniş şöhrət qazanmışdır".
        T. Bakıxanovun musiqisi həmişə respublikamızda da, xarici ölkələrdə də uğurla səslənir. Bəstəkarın əsərlərinin ilk dəfə səsləndirilməsinə Ç. Hacıbəyov, R. Abdullayev, R. Məlikaslanov, K. Əliverdibəyov, Ə. Israfilzadə, Ə. Cavanşir, I. Şpiller (Moskva), C. Dalqat, K. Eliasberq (Sankt-Peterburq), L. Viqner (Vilnüs) kimi dirijorlar rəhbərlik etmişlər. Onun əsərləri nəinki respublikamızın tanınmış ifaçıları, eləcə də S. Knuşevitski, V. Simon, E. Altman, T. Priymenko (violonçel, Moskva), Q. Baykov (skripka, Bolqariya), K. Korneyev (fleyta, Moskva), V. Oqlobin (fleyta, Novosibirsk), R. Branovskaya (fortepiano, Moskva), E. Pudoviçkin (skripka, Belqorod) kimi xarici ifaçılar tərəfindən geniş dinləyici kütləsinə çatdırılmışdır.
        T. Bakıxanov özü də Azərbaycan musiqi sənətinin təbliği yolunda fəal çalışır. Onun Macarıstan, Rumıniya, Yuqoslaviya, Bolqariya, Türkiyə, Iran, Avsriya, Isveçrə, Fransa, Almaniya, Belçika, Ingiltərə, Şotlandiyada yaradıcılıq səfərləri sənət dostları ilə ünsiyyət qurmaqla yanaşı, həm də Azərbaycan musiqisini dünyaya tanıtmaq marağı ilə bağlı olmuş və o, musiqimizin layiqli təmsilçisi kimi tanınmışdır. Bu baxımdan T. Bakıxanovun son illərdə Iranda Tehran universitetində Azərbaycan professional bəstəkarlıq məktəbi haqqında, musiqimizin inkişaf yolları və bu güngü vəziyyəti haqqında məruzəsi diqqətəlayiqdir.
        T. Bakıxanovun musiqi xadimi kimi daha bir fəaliyyət sahəsi onun musiqi problemləri ilə bağlı dövri mətbuatda çıxışlarıdır. Bəstəkar həmişə öz səfər təəssuratlarını, yaradıcılıq planlarını öz dinləyicilərilə bölüşərək, musiqi həyatımızda baş verən hadisələri dəyərləndirir, fəal vətənlaşlıq mövqeyini nümayiş etdirir. Bəstəkar vaxtaşırı Azərbaycan zəhmətkeşləri ilə yaradıcılıq görüşləri keçirir, öz dinləyicilərinə yaradıcılıq hesabatları verir.
        "Azərbaycan telefilm" yaradıcılıq birliyinin itehsalı olan "Tofiq Bakıxanov" sənədli filminin ekranda nümayişi də bəstəkarın yaradıcılığının xalqımız və ictimaiyyətimiz tərəfindən dəyərləndirildiyinin bariz nümunəsidir. Xalq rəssamı Mikayıl Abdullayev bu haqda belə deyir: "Təbii ki, bunun səbəbi, hər şeydən əvvəl, əsl istedadla bağlıdır. Bu film istər ümumi kompozisiya, istərsə də melodik cəhətdən tamaşaçılara çox gözəl təsir bağışladı... Tofiq Bakıxanov Qara Qarayev məktəbinin əsl istedadlı davamçılarındandır... Onun müəllif konsertləri nəinki respublikamızda, eyni zamanda, onun sərhəllərindən qat-qat uzaqlarda müasir mələniyyətimizin müvəffəqiyyətlərindən xəbər verir".
        Bəstəkarın yaradıcılığı onun ömür yolu deməkdir. Biz bəstəkarın, ötəri də olsa, ömür yolunu vərəqlədik, yaradıcılıq mərhələlərini işıqlandırmağa çalışdıq.
        Bu gün Tofiq Bakıxanov ömrünün yetkin dövrünü yaşayır. Lakin o, əldə etdiyi uğurlarla qane olmayaraq, yenə də irəli getməyə çalışır, axtarışlar aparır, yaradıcılıq planları qurur. Tələbələri ilə yenə də əlində skripka öz sinif otağında məşğul olur. Bəstəkarlar Ittifaqının yığıncaqlarında, plenumlarında, respublikanın musiqi həyatında, keçirilən tədbirlərdə fəal iştirak edir. Biz də hörmətli bəstəkarımıza cansağlığı və yeni-yeni sənət uğurları arzulayırıq.







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70