HACI XANMƏMMƏDOVUN PORTRETINDƏN CIZGILƏR
Ramiz ZÖHRABOV
 



       Bu il görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, professor, «Şöhrət» ordenli, Prezident təqaüdçüsü Hacı Xanməmmədovun 85 yaşı tamam oldu.

       H. Xanməmmədov 60 ildən artıq yaradıcılıq dövründə musiqi sənətinin bir çox janrlarında parlaq əsərlər ərsəyə gətirmişdir. Hal-hazırda bəstəkarın tar ilə simfonik orkestr üçün 5 Konserti, iki musiqili komediyası, xalq çalğı alətləri orkestri üçün «Simfoniyetta»sı, «Azərbaycan eskizləri», «Bayram», «Azərbaycan» süitaları, bir-birindən təravətli mahnıları musiqi xəzinəmizi zənginləşdirir.

       Hacı Dadaş oğlu Xanməmmədov 1918-ci il iyun ayının 15-də qədim şəhər Dərbənddə dünyaya göz açmışdır. 1933-cü ildə Hacı müəllim Dərbənd orta məktəbini bitirib Bakıya gəlir. Hələ uşaq yaşlarından musiqini dərindən sevən Hacı sənədlərini Bakı orta ixtisas musiqi məktəbinə verir və tar ixtisası sinfinə qəbul olunur. Özünün etiraf etdiyinə görə o, Üzeyir Hacıbəyovla tanış olur və bu xoşbəxtlik onun bir professional musiqiçi kimi yetişməsində böyük rol oynayır. Dahi bəstəkar demək olar ki, ömrünün sonuna qədər Hacı Xanməmmədova qayğı və diqqət yetirir. Üzeyir bəy Hacını Azərbaycan radiosu nəzdində xalq çalğı alətləri orkestrinə işləməyə dəvət edir. 1936-cı ildə Ü.Hacıbəyov «Koroğlu» operasını bitirdikdən sonra opera Azərbaycan Dövlət Akademik opera və balet teatrında tamaşaya qoyulduqda Hacı simfonik orkestrdə tar partiyasını çalardı. Elə 1938-ci ildə Moskvada keçirilən birinci Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə o iştirak edir, həmin teatrla 1941-ci ildə Irand a qastrolda da olur.

       1943-cü ildə Ü. Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyası nəzdində «Xalq musiqisinin əsasları» şöbəsini açdıqda oraya H. Xanməmmədovu da cəlb edir. Musiqi folklorunu dərindən mənimsəyən Hacı Xanməmmədov ilk mahnılarında artıq xalq musiqisindən, muğam çalarlarından zövqlə, yerli-yerində istifadə edirdi. Təsadüfi deyil ki, 1944-cü ildə Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə gənc H. Xanməmmədov «Gözəl Pəri» (sözləri Z. Cabbarzadənindir) mahnısı ilə iştirak edir. O vaxt bu mahnı tez bir zamanda tanınır və ifaçılarımızın repertuarına daxil olur.

       Ikinci dünya müharibəsi illərində H. Xanməmmədov öz həmkarları ilə yanaşı, cəbhədə hünər göstərən qəhrəmanlarımızı tərənnüm edən əsərlər – «Yürüş marşı», xalq çalğı alətləri orkestri üçün «Qəhrəmani» kimi əsərlər bəstələyir.

       1948-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə keçirilir. Bu zaman o, təhsil ala-ala Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bir dirijor kimi də fəaliyyət göstərirdi. Konservatoriyada o, əvvəl görkəmli pedaqoqlar B. Zeydmanın sinfində, sonra isə Q. Qarayevin sinfində təhsil alır. Özünün qeyd etdiyi kimi, Q. Qarayevin sinfində təhsil aldığı müddətdə o, müəlliminin bütün tövsiyələrini, bəstəkarlıq sahəsində yazı prinsiplərini dərindən mənimsəyir.

       Q. Qarayevin sinfində o, simli kvartet, simfonik orkestr üçün «Uvertüra», «Neftçilər haqqında süita», «Sülh uğrunda» (sözləri S. Rustəmindir) kantatasını yazır. «Sülh uğrunda» kantatası hətta Ü. Hacıbəyovun idarəsilə Azərbaycan radiosunun orkestri və xorunun ifasında səsləndirilir və lentə yazılıb fonda daxil edilir.

       Bu iri həcmli əsərdən sonra Q. Qarayev ona təklif edir ki, diplom işi kimi tar ilə simfonik orkestr üçün Konsert yazsın. Bu təklif H.Xanməmmədovun üzərindən olur. Lakin bu sahədə ilk əsər olduğu üçün H. Xanməmmədov öhdəsinə böyük məsuliyyət qoyur.

       Nəhayət, bu I saylı Konsert dövlət imtahan komissiyası tərəfindən rəğbətlə qarşılanır və o, əla qiymətlə Konservatoriyanı bitirir. Onu da deyək ki, «Konsert» ilk dəfə tarzən Əhsən Dadaşovun və Azərbaycan Dövlət simfonik orkestrinin (dirijor Ç. Hacıbəyov idi) ifasında səsləndirilmişdi.

       Q. Qarayev Konserti belə qiymətləndirir: «Bu əsərin mühüm əhəmiyyəti ondadır ki, Şərqin ən populyar aləti olan tar ilk dəfə böyük simfonik orkestrin müşayiətilə əsas aparıcı kimi çıxış edir. Tara mənsub olan mürəkkəb partiyada qədim Azərbaycan xalq çalğı alətinin orijinal ifa xüsusiyyətləri, tembri və bütün imkanları qabarıq şəkildə özünü büruzə verir.»

       Tar ilə simfonik orkestr üçün Konsertin müvəffəqiyyəti H. Xanməmmədovu ruhlandırır və bunun ardınca o, müxtəlif illərdə daha 4 Konsert bəstələyir.

       2 saylı Konsert onun ilk ifaçısı görkəmli tarzən, respublikanın xalq artisti Hacı Məmmədova ithaf olunmuşdur. I saylı Konsertdə olduğu kimi, bu əsərdə də janrın texniki imkanları, orkestr və tar partiyalarının ustalıqla qarşılaşdırılması, ən başlıcası isə musiqi materialının simfonikləşdirilməsi öz təcəssumünü tapır.

       Bu Konsert Moskvanın Sütunlu zalında tanınmış tarzən Əhsən Dadaşovun ifasında dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır. Bu haqda Vilnüs Dövlət Konservatoriyasının professoru Vitautas Vansskus demişdir: «Biz xalq çalğı aləti tarı simfonik orkestrlə «birlikdə» eşitdikdə heyran olduq. «Konsert» klassikdir, forma etibarilə olduqca rəvandır. Bəstəkar heç bir xalq havalarını sitat gətirmir. Lakin əsər öz zəngin melodiyası, mövzularının əsil xəlqiliyi ilə bizi valeh edir. Harmonik dili baxımından elə də murəkkəb olmayan bu Konsert öz qeyri-adiliyi ilə bizi özynə cəlb edir... Bəstəkar tarı, simfonik orkestri, onun ayrı-ayrı qruplarını ustalıqla əlaqələndirir. Nəticədə tar olduqca qabarıq və gür səslənir».

       Onu da xatırladaq ki, 2 saylı Konsert görkəmli rus dirijoru V. Fedoseyevin idarəsilə Ümumittifaq radiosunda lentə yazılmış, Mərkəzi televiziyada onun videoyazısı var.

       V. Fedoseyev bu Konsert haqqında belə demişdir: «Bizim musiqiçilərimiz çoxdan bəri belə yüksək yaradıcılıq marağı ilə əsər ifa etməmişdi. Arzumuz Azərbaycan bəstəkarlarının yeni əsərləri ilə tanışlığımızı davam etdirməkdir».

       H.Xanməmmədovun 3 saylı «Konserti» də Əhsən Dadaşovun ifasında ilk dəfə səslənmişdir. Bu əsər virtuoz üslubu və faktura cəhətindən demək olar ki, əvvəlki «Konsert»lərin davamıdır. Lakin müəllif axtarışlar apararaq tarın müxtəlif ifaçılıq üsullarından, rəngarəng priyomlarından məharətlə istifadə etmişdir.

       H.Xanməmmədov zəmanəmizin böyük bəstəkarı, əziz müəlimi Qara Qarayevi itirdikdən sonra ona 4 saylı Konsertini həsr etdi. Bu Konsertin ilk ifaçısı respublikanın xalq artisti Ramiz Quliyev idi.

       5 saylı tar ilə orkestr üçün Konsertin ilk ifaçısı isə istedadlı tarzən Ağasəlim Abdullayev olmuşdur. Əvvəlki əsərlərdəki kimi bu əsərin partiturasında alətlərdən çox qənaətlə istifadə olunmuşdur. Müəllif tarın zəngin intonasiya xüsusiyyətlərindən, onun texniki məziyyətlərindən bacarıqla bəhrələnmişdir.

       Mən, yeri gəlmişkən, onu da demək istərdim ki, keçmiş SSRI dövründə tez-tez orta Asiya respublikalarının Konservatoriyalarında müxtəlif ixtisaslar üzrə Dövlət Imtahan komissiyasının sədri olmuşam. Xalq çalğı alətləri üzrə imtahan komissiyasının sədri ikən Hacı Xanməmmədovun tar ilə simfonik orkestr üçün Konsertlərinin (1 və 2 saylı Konsertlərin) ifasının şahidi idim. Onun Konsertləri Daşkənd, Alma-atı, Düşənbə Konservatoriyalarının xalq çalğı alətləri kafedrasının proqramlarına daxil edilmişdir.

       H.Xanməmmədovun yaradıcıllığında xüsusi yeri musiqili komediyalar da tutur. Onun məhz Məhərrəm Əlizadənin librettosu əsasında «Bir dəqiqə» və A.Xaldeyevin librettosu əsasında «Bütün ərlər yaxşıdır» (rus dilində) musiqili komediyaları Azərbaycan Dövlət Musiqili Komediya Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuş, tamaşaçıların dərin rəğbətini qazanmışdır. Hətta 1960-cı ildə Moskvada Azərbaycan Dövlət musiqili Komediya Teatrı qastrolda olarkən öz repertuarına «Bir dəqiqə» musiqili komediyasını da daxil etmişdi.

       Musiqisevərlər Hacı Xanməmmədovu gözəl mahnılar müəllifi kimi də yaxşı tanıyırlar. Onun mahnı yaradıcılığı rəngarəngdir. Bu mahnılarda doğma diyarımız, respublikamızın mənzərəli güşələri, adamlarımızın həyatı, nəhayət, saf məhəbbət tərənnüm olunur.

       Xalqımız H.Xanməmmədovun xüsusilə məhəbbət mahnılarını çoxu sevir. Heç də təsadüfi deyil ki, bəstəkarın lirik mahnılarının çoxu ən məşhur müğənnilərimizin repertuarının bəzəyi sayılır. Onun mahnılarının gözəl ifaçıları Şövkət xanım Ələkbərova, Gülağa Məmmədov bu gün yaşamasalar da onların lent və videoyazıları qızıl fonda salınmış və vaxtaşırı bəstəkarın mahnıları efirə və ekrana çıxır. Onlardan sonra gələn müğənni nəsilləri dəyişsə də Hacı Xanməmmədovun mahnıları onların da repertuarında səslənir və bəstəkara şöhrət gətirir.

       Onu da deyək ki, H.Xanməmmədovun mahnıları üçün nikbin emosiyalar çox xasdır. Hətta kədərli mahnılarda belə ümid intonasiyaları güclüdür. Hazırda elə bir müğənni yoxdur ki, H.Xanməmmədovun mahnısını oxumasın. Mən onlardan bəzilərini yada salmaq istərdim: «Yaşa könül», «Getmə amandı», «Qurban olduğum», «Telli», «Ceyran», «Güllü», «Qarşıdan bir sona keçdi», «Qadan alım» və i.a.

       H.Xanməmmədov bir qayda olaraq, klassiklərin şerlərinə çox mahnı bəstələyir. Xüsusilə Aşıq Ələsgərin və Mikayıl Müşfiqin sözləri onun yaradıcılıq zövqünə çox uyğun gəlir. Məhz bunun üçün də bəstəkar hər iki lirik şairin şərlərindən bol-bol istifadə edir. Bu günümüzdə də H.Xanməmmədov öz mahnı qələmini yerə qoymur, vaxtaşırı bir-birindən gözəl, təravətli mahnılar konsert estradalarında, radio dalğalarında və mavi ekranda səslənir, öz müəllifinə şöhrət gətirir.

       H.Xanməmmədovun yaradıcılığında xüsusi yeri xalq çalğı alətləri orketsri üçün əsərlər tutur. Məlumdur ki, H.Xanməmmədovun ən çox sevdiyi musiqi aləti tar olmuşdur. Və o, xalq çalğı alətləri orkestrində bir neçə il işləmiş, orkestri bir növ tədqiq etmişdir. Məhz bunun üçün də o, ilk dəfə olaraq, bu orkestr üçün «Simfoniyetta» kimi mürəkkəb bir əsər yazmağa nail olmuşdur. O, həmiçinin «Kolxoz», «Bayram», «Azərbaycan» süitalarının müəllifidir. Onun mahnılarının əksəriyyəti isə məhz xalq çalğı alətləri orkestrinin müşayiətilə ifa olunmuş və lentə yazılmış, radionun fonduna daxil edilmişdir. Məhz bunun üçün də biz onu deyə bilərik ki, Azərbaycan televiziyası və radiosunun S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin bir peşəkar kollektiv kimi formalaşmasında və püxtələşməsində onun da müəyyən xidmətləri vardır. Onun orkestrdə dirijor işlədiyi müddətdə bir çox bəstəkarlarımızın əsərlərinin təfsirində və təbliğində onun xüsusi əməyi olmuşdur. H.Xanməmmədov öz əsə rləri vasitəsilə orkestrdə bas balabanı, zil (soprano) balabanı, müxtəlif növ tütək və digər nəfəsli alətləri də partituraya salmışdı.

       Milli alətimiz olan kamança ilə simfonik orkestr üçün də ilk Konserti H.Xanməmmədov yazmışdır. 1990-cı ildə o, çox düşüncələrdən sonra bu Konserti bəstələmiş, burada alətin tembr xüsusiyyətlərini, ifadə vasitələrini, ahəng uyğunluqlarını, simfonik alətlər qrupları ilə yarışını əldə etmişdir.

       Bu Konsertin musiqisi emosional məzmunu, ürəyi riqqətə gətirən melodiyaları, maraqlı musiqi forması ilə seçilir. Bu mənada, müəllif klassik musiqimiz olan muğamlarımızdan, təsnif və xalq mahnılarının intonasiyalarından bol-bol faydalanmışdır.

       Konsertin ilk ifaçısı, mərhum sənətkar, respublikanın əməkdar artisti Ədalət Vəzirov olmuşdur. O, bu əsəri xarici ölkələrdə də ifa etməklə bərabər, onu videoya yazdırmış, radionun qızıl fonduna daxil etmişdir.

       Hal-hazırda bu Konserti artıq bir neçə dəfə respublikanın xalq artisti Şəfiqə Eyvazova ifa etmiş və əsər hər dəfə səmimi alqışlarla qarşılanmışdır. Əsər istər Ali, istərsə orta ixtisas musiqi məktəblərinin proqramına daxil edilmişdir.

       H.Xanməmmədovun professional musiqi kadrlarının tərbiyəsində də mühüm rolu vardır. 60 ildən artıqdır ki, Hacı müəllim əvvəl Bakı orta ixtisas musiqi məktəbində, 1957-cı ildən isə Bakı Musiqi Akademiyasında dərs verir. O, dirijor ixtisası üzrə 20 ildir ki, professor vəzifəsini tutur. Indi də o, müəllimlik fəaliyyətini əzmlə davam etdirir.

       H.Xanməmmədov 1951-ci ildən SSRI Bəstəkarlar Ittifaqının Idarə həyətinin üzvü, 1956-ci ildən isə Azərbaycan Bəstəkarlar Ittifaqını Idarə heyətinin üzvüdür. O, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət mahnı və rəqs ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışmışdır.

       H.Xanməmmədovun xətrini onun həmkarları da çox istəyirlər. Çünki, onun xasiyyəti olduqca gözəl, mülayim insanlarla rəftarı pak, təmiz səmimiyyətə söykənir. Bu xüsusiyyətlərinə görə də onun hər yerdə hörmətini əziz tuturlar. Bu günümüzdə Hacı müəllim həm gözəl insan, həm görkəmli və istedadlı bəstəkar, dirijor, müəllim kimi fədakarlıqla çalışır, öz yeni-yeni əsərlərilə musiqi xəzinəmizi zənginləşdirir.

       Biz ona - 85 il ömür sürmüş bir sənətkara möhkəm cansağlığı, gənclik ilhamı ilə yazıb-yaratmağı, ailə sevincləri arzulayırıq. Inanırıq ki, Hacı müəllim bundan sonra da öz pərəstişkarlarını müxtəlif səciyyəli, rəngarəng mündəricəli yeni əsərləriləbizi həmişə sevindirəcəkdir.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70