BIBLIOQRAFIYA...
.
 

AZƏRBAYCAN XALQ ÇALĞI ALƏTLƏRI ALƏMINƏ ƏSRARƏNGIZ SƏYAHƏT



       2002-ci il dekabrın 23-ü. Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin rahat zalında görkəmli sənətçilərin iştirakı ilə xudmani toplantı. Burada təqdimat mərasimi keçirilir. Doğrusu, son zamanlar yeri gəldi-gəlmədi, çox xırda, hətta cılız hadisələrlə bağlı keçirilən dəbdəbəli prezentasiyalara qarşı hamımızda ikrah hissi formalaşmışdır. Lakin sərt dekabr günündə muzeydə qərar tutmuş isti mərasimin həmin rəngbərəng prezentasiyalara, əlbəttə, hes bir aidiyyəti yox idi. Çünki o, əhəmiyyətsiz, ötəri deyil, önəmli, əbədi hadisəyə həsr olunmuşdu - S.Abdullayevanın «Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-orqanoloji tədqiqat)» (Bakı, «Adiloğlu» nəşr., 2002, 454 s.) kitabı təqdim edilirdi. Azərbaycan musiqisini, bütövlükdə Azərbaycan tarixini araşdırmaq baxımından bu kitabın əhəmiyyəti müstəsnadır. Elə kitabın lap başlanğıcında müəllif məhz bu fikri vurğulayaraq qeyd edir ki, çalğı alətləri xalqın mədəniyyətinin ən mühüm göstəricisidir. Onların müxtəlif növlərinin geniş tətbiqi, şübhəsiz, «bir çox əsrlər boyu formalaşan və inkişaf edən zəngin, özünəməxsus incəsənətin olmasına dəlalət edir» (s. 3)

        «Azərbaycan xalq çalğı alətləri» kitabı alimin nə az, nə çox 40 illik məqsədyönlü araşdırmalarının məntiqi nəticəsidir. Səadət xanımın fədakar əməklə aşılanmış fəaliyyəti haqqında düşünərkən Azərbaycan dilində işlənən yığcam, obrazlı kəlamlar yadıma gəlirdi: «Dama-dama göl olar», «iynə ilə gör qazımaq». Bu kəlamlar onilliklər ərzində nadir iradə, səbr, səriştə ilə məqsədinə doğru addımlayan alimin fəaliyyətini səciyyələndirmək üçün necə də yararlıdır! Azərbaycan xalq çalğı alətlərinə dair bir sıra monoqrafiyalarının, onlarla məqalələrinin qənaətlərini ümumiləşdirərək Səadət xanım sanballı bir tədqiqat ərsəyə gətirmişdir.

       Əvvəlcədən bu tədqiqatın işıq üzü görməsində yardımçı olmuş «Azərbaycan mədəniyyətinin dostları» fondunun rolunu vurğulamaq istərdim. Təsadüfi deyil ki, elə kitabın titul vərəqində müəllif fonda və onun sədri Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirir. Özü də cəmi bir il öncə həmin fond çalğı alətlərimiz haqqında tədqiqatı rus dilində nəşr etdirmişdir ki, bu da Azərbaycan milli musiqisinin təbliği üçün son dərəcə önəmlidir. Ümumiyyətlə, «Azərbaycan Mədəniyyətinin Dostları» bu gün xalqımızın yaxşı ənənələrindən biri - xeyriyyəçilik ənənəsini yeni şəraitdə davam etdirir. Köçkün uşaqlara yardım, Azərbaycan tarixinin ən qaranlıq səhifələrinin işıqlandırılması, ölkəmizə dünya sənətinin ulduzlarının müntəzəm dəvət olunması fondun çoxşaxəli fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Onun mövcud olduğu qısa müddətdə dünənimizi bu günlə görüşdürən neçə-neçə kitab işıq üzü görmüşdü! «Molla Nəsrəddin» jurnalının nüsxələrinin faksimile surətinin nəşri, S.Vurğunun məktubları, Qacarlar haqqınd a ciddi tədqiqat, görkəmli şərqşünas-alim A.Imanquliyevaya həsr olunmuş nisgil dolu maraqlı elmi-bədii kitab. Fondun təsis etdiyi «Azərbaycan-Irs» jurnalının şöhrəti isə artıq çoxdan bəri ölkəmizin hüdudlarını aşmışdır. Bu nəşrlər sırasında S.Abdullayevanın kitabı da özünəlayiq yer tutur.

       Bəri başdan deyim ki, kitab yüksək poliqrafik mədəniyyəti ilə fərqlənir. Onun səhifələrində özünə yer tapan çeşidli illüstrasiyalar, fotolar, not nümunələri nəşrə əlavə gözəllik və sanbal aşılayır. Kitabın cazibədar üz qabığı – burada Mir Səid Əlinin «Gecə vaxtı şəhər həyatı» miniatürü və XIX əsr Təbriz xovlu xalçasının montajı verilib – oxucuları ecazkar musiqi alətləri aləminə səyahətə sanki dəvət edir.

       Çalğı alətlərimiz – əcdadlarımızın zəkasının, təxəyyülünün, inadkar əməyi və axtarışlarının məhsulu, əsrlərin mirası. Ulu babalarımızın həyəcanları və sevinclərinin musiqi sədalarında əks olunmuş məxsusi salnaməsi… Azərbaycan xalq çalğı alətləri haqqında söhbət, əlbəttə, Azərbaycan musiqisinin çoxəsrlik keşməkeşli tarixi haqqında söhbətdir.

       Lakin kitabı təkcə keçmişimizlə əlaqələndirmək ən azı səhv olardı. Mən tədqiqat gerçəkliyimiz baxımından dəyərləndirmək, onun siyasi əhəmiyyətini vurğulamaq istərdim. Torpaqlarımızın qarət olunduğu, informasiya müharibəsinin aparıldığı, bədxah qonşularımız tərəfindən milli mədəniyyətimizə hücumların həcminin artdığı dövrdə xüsusən sayıq olmaq, əks-təbliğatı gücləndirmək gərəkdir. Bu gün Azərbaycan tarixini, mədəniyyətini mübaliğəsiz işıqlandıran sakit və sanballı, elmi cəhətdən əsaslandırılmış kitablara necə də böyük ehtiyac duyulur! S.Abdullayevanın kitabı məhz bu ümdə hədəfə ünvanlanıb. Təqdimat mərasimində F.Bədəlbəyli məhz həmin siyasi aspekti vurğulayaraq Səadət xanımın tədqiqatını obrazlı şəkildə «Kalaşnikov avtomatı» ilə müqayisə etmişdir. Doğrudan da, belə tədqiqatlar düşmənin iftiralarına, mənəvi təcavüzünə ən yaxşı, ən tutarlı cavabdır.

       S.Abdullayevanın kitabının başlıca məziyyətini qeyd etmək istəsək, söyləməliyik: alim işini çox əsaslı surətdə, zərgər dəqiqliyi ilə yerinə yetirmişdir. O, zəngin şəxsi təcrübəsinə, ekspedisiyalar zamanı topladığı materiala, mütaliə etdiyi külli miqdarda çeşidli kitablara dayaqlanır, bütün mülahizələrini elmi cəhətdən əsaslandırır. Kitabın üslubu da aydın və dəqiqdir, artıq sözçülükdən, bəlağətdən uzaqdır. Mən onu hətta yığcam, informativ ensiklopedik üslub kimi səciyyələndirərdim.

       Səadət xanımın bəhrələndiyi qaynaqlar isə heyrət doğurmaya bilməz. Burada arxeoloji qazıntıların nəticələri, səyyahların müşahidələri, ələlxüsus şifahi xalq ədəbiyyatından, klassik poeziyadan nümunələr necə də yerli-yerində istifadə olunub. Təqdimat mərasimində sonuncu ana BMA-nın dillər və ədəbiyyat kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent N.Paşayeva toxunaraq zərbi-məsəllərin, atalar sözlərinin, bayatıların müəllif tərəfindən böyük səriştə ilə tədqiqata cəlb olunmasını alqışladı. Doğrudan da, şifahi xalq ədəbiyyatına istinad edən müəllif bir daha aşağıdakı fikri qabartdı: madam ki, çalğı alətlərinə dair xalq tapmacalar qoşursa, onların adlarını bayatılarda hallandırırsa, mənaca çalarlandırırsa, öz həyat təcrübəsini, ali hikmətini onların vasitəsilə obrazlı şəkildə ifadə edirsə, deməli, bu alətlər Azərbaycan xalqının həyatında, məişətində çox dərin kök salıb. Deməli, çalğı alətlərinin tarixi qədimdir. Bu isə öz növbəsində şifahi ənənəli Azərbaycan professional musiqisinin yüks ək səviyyəsinə dəlalət edir. Çünki çalğı alətləri musiqinin uzunmüddətli inkişafı və təkamülünün nəticəsi kimi yaranmışlar.

       Zərrə-zərrə, qətrə-qətrə informasiya toplayan alim çox sanballı bir nəticəyə gəlir – Azərbaycanda müxtəlif dövrlərdə istifadə olunan 88 musiqi alətinin təsvirini verir. Doğrusu, xeyli müddət Azərbaycan musiqi tarixini tədris edən və öz mühazirələrimdə musiqi alətlərimizin xüsusiyyətlərinə də toxunan bir pedaqoq kimi məni bu rəqəm heyrətləndirdi. Məsələn, «Nizami və musiqi» mövzusunu işıqlandırarkən, mən dahi şairin əsərlərində 30-dan artıq musiqi alətinin xatırlandığını qeyd edirdim.

       Ə.Bədəlbəylinin indiyədək maraqla oxunan «Musiqi lüğəti»ndə isə həmin alətlərin bir qismi, onların görkəmi və quruluşu haqqında məlumat alırdım. Səadət xanımın tədqiqatında sələflərinin bütün elmi nəticələri ümumiləşdirilir – mühümdür ki, kitabın səhifələrində onların hamısı hörmətlə yad edilir – sanballı əlavələr və tapıntılarla zənginləşdirilərək, keyfiyyətcə yeni səviyyədə oxuculara çatdırılır. 2002-ci ilin noyabrında Bakıda keçirilən beynəlxalq elmi konfransın iştirakçılarına bir hədiyyə kimi təqdim olunan bu kitab öz həcmi və məzmunu ilə, deyəsən, heç kimi laqeyd qoymamışdı.

       Tədqiqatı fəsil-fəsil, təfərrüatı ilə araşdırmaq imkan xaricində olsa da, - bu, əslində xüsusi bir elmi işin mövzusudur – mən yalnız onu söyləmək istərdim ki, burada Azərbaycan xalq çalğı alətləri haqqında bütün məlumatları əxz etmək mümkündür. S.Abdullayevanın kitabını musiqi alətlərimiz haqqında məxsusi Ensiklopediya adlandırmaq heç də yanlış olmazdı.

       Tarixi səciyyə daşıyan I fəsildə müxtəlif qaynaqlara dayaqlanaraq çalğı alətlərinin təşəkkülü və təkamülünü izləyən müəllif, eyni zamanda onların dürüst təsnifatını da verir, müasir Azərbaycan alətşünaslığının yaranması və inkişafını da işıqlandırır.

       Tədqiqatın mərkəzində çalğı alətlərimizin dörd əsas qrup üzrə (simli alətlər, nəfəs alətləri, dərili alətləri, özüsəslənən alətlər) morfologiya və erqologiya baxımından əsaslı tədqiqi durur. Alətlərin növləri, onların nədən, necə hazırlanması, bəzədilməsi, simli alətlərin pərdələrinin aydınlaşdırılması, ayrı-ayrı ustaların xidmətləri, hazırlanma prosesinin təfərrüatları, yəni hər şey, bütün xırda detallar belə müəllifin diqqətindən yayınmır. Alimin xalq sənətkarları ilə ünsiyyət əsasında əxz etdiyi məlumatlar da çox maraqlıdır. Məsələn, tara aid bölmədə oxuyuruq: «Ustaların təşbeh şəklində dediyi kimi, böyük və kiçik çanaqlar elə bil «ürək»də güclənir və «göbək»dən (böyük çanaqdan kiçik çanağa keçid yeri) keçərək «böyrəyə» süzülür. Çanağın 6 səs «yuvası» vardır. Tarın daha yaxşı səslənməsi üçün çanağın daxili günbəzvarı olmalıdır» (s. 138).

       Başqa bir yerdə müəllif tarın hazırlanması prosesinin xalq içərisində «tar tutmaq, bağlamaq» ifadələri ilə səciyyələndirildiyini qeyd edir. Yeri gəlmişkən onu da söyləyim ki, Səadət xanım üçün əhəmiyyətsiz, ikinci dərəcəli heç nə yoxdur. O, təmasda olduğu informatorlar haqqında səliqə-sahmanla məlumat verir, hətta ayrı-ayrı şəkillərin onlar isə tədqiqatın əsl yaraşığıdır – kimdən, hansı arxivdən götürüldüyünü də qeyd etməyi zəruri sayır.

       III fəsildə S.Abdullayeva çalğı alətlərinin texniki və bədii imknalarından bəhs edir. Bu bölmə bütün ifaçılar üçün ən yaxşı əyani vəsaitdir. Bir cəhətə də nəzər-diqqəti cəlb edərdim. Qərb və Şərq musiqi mədəniyyətləri arasında münasibətlərin keyfiyyətcə yeni səviyyə əldə etdiyi və bu mübadilə prosesinin təzahürlərindən biri olan Avropa və ənənəvi alətlərin vəhdətinə əsaslanan musiqi layihələrinin həyata keçirildiyi dövrdə belə kitablara ehtiyac çox böyükdür. Məsələn, Hollandiyanın «Nieuw Ensemble» kollektivinin bədii rəhbəri C.Bons keçən ilin əvvəlində Bakıda olarkən Azərbaycan çalğı alətləri ilə yaxından maraqlanır, bu mövzuda mövcud ədəbiyyatı mütaliə etmək istəyini bildirirdi. Biz ona V.Əbdülqasımovun, S.Abdullayevanın kitablarını təqdim etdik. Nəticədə həmin ilin payızında holland musiqiçisinin həyata keçirdiyi layihəyə Azərbaycan tarı və kamançası da cəlb olundu, Italiya, Çin, Hollandiya və təbii, Azərbaycan bəstəkarları qeyri-ənənəvi heyətli ansambl üçün əsərlər yazdılar. Onu da qeyd etm ək lazımdır ki, xalq çalğı və simfonik orkestr alətlərinin uzlaşdırılması ideyasını dahi Ü.Hacıbəyov elə ilk yaratması - «Leyli və Məcnun»da təklif etmiş, sonralar da onun mümkün qədər inandırıcı reallaşdırılması yollarını arayıb axtarmışdır. S.Abdullayeva öz kitabında Üzeyir bəyin tövsiyəsini – bəstəkarlar, simfonik okrestrdə xalq çalğı alətlərindən istifadə edin! – yerli-yerində xatırladır. Mən isə düşünürəm ki, Azərbaycanda yaranmış ideya indi əcnəbi ölkələrdə yeni bir şey kimi təqdim olunur. Halbuki başlanğıcda dahiyanə fəhmə malik Ü.Hacıbəyov durmuşdu…

       Çox mühümdür ki, S.Abdullayeva çalğı alətlərimizi muzey eksponatı kimi deyil, gündəlik təcrübədə istifadə olunan mütəhərrik, dəyişkən, daim inkişafda olan canlı orqanizm kimi, özü də musiqi ilə sıx təmasda tədqiq edir. Bu məsələyə IV fəsil – «Çalğı alətləri xalq və peşəkar musiqi yaradıcılığında» - həsr olunub. Doğma diyarımızı qarış-qarış gəzən müəllifin xalq ifaçılarının çalğısından qələmə aldığı, nota saldığı çeşidli nümunələrin dəyəri xüsusidir. S.Abdullayeva xalq musiqi alətlərinin bəstəkar yaradıcılığında ən müxtəlif tətbiqi hallarını, xalq çalğı alətləri orkestrinin yaranışı və təkamülü məsələlərini də diqqətlə araşdırır, mövzuya dair maraqlı məlumatlar verir.

       Nəhayət, məni bir tarixçi kimi sevindirən S.Abdullayeva tədqiqatının kontekst genişliyi oldu. Nə deyək, son zamanlar yazılan, daha doğrusu, tələm-tələsik yapılan elmi işlərin çoxunda müəyyən məhdudluq müşahidə olunur. Bu və ya digər bəstəkarı, problemə həsr edilmiş dissertasiyanı oxuyarkən elə təsəvvür yaranır ki, müəllif predmeti ins-cins olmayan adada, bütün dünyadan təcrid olunmuş şəkildə araşdırır. Odur ki, V fəsildə alətlərimizi onların eynitipli növləri sırasında, yəni çox geniş müstəvidə işıqlandıran Səadət xanımı yalnız alqışlamaq olar. Ön, Yaxın və Orta Şərq ölkələrində yayılan musiqi alətlərini müqayisə edən müəllif onların yaranışı, miqrasiyası haqqında maraqlı fikirlər söyləyir. Alimin müşahidəsinə görə «eynitipli və eyniadlı çalğı alətlərinin ən çox intişar etdiyi sahə türkdilli xalqların yaşadığı ərazilərdir; öz əmələgəlmə «yuvası» olan mürəkkəb quruluşlu simli alətlər adətən alınma olurlar».

       Nəticədə müəllif xalq çalğı alətlərinin inkişaf perspektivlərinə dair mülahizələrini də bildirir. Alətlərin dəqiq akustik ölçülərinin təyin olunmasına, ifaçılıq, repertuar, terminologiya, miqrasiya, xüsusən onların geniş təbliği məqsədilə bərpa və təkmilləşdirmə məsələlərinə diqqətin artırılmasını labüd hesab edir. Burada alimin milli irsimizə məhəbbətdən doğan vətəndaş mövqeyi öz bariz əksini tapır.

       S.Abdullayevanın kitabı artıq musiqi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Həmin rəğbətin ən əyani təzahürünü muzeydəki təqdimat mərasimində sezmək olardı. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyeva tədqiqatın bütün milli sənətimiz üçün, onun təbliği üçün əhəmiyyətindən danışırdı. Kitabın nəşrində əlindən gələn köməyi əsirgəməyən BMA-nın rektoru Fərhad Bədəlbəyli, kitabın elmi redaktoru, Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri Ramiz Zöhrabov, BMA-nın dillər və ədəbiyyat kafedrasının müdiri Nərgiz xanım Paşayeva heyranlıq hissi ilə tədqiqatın ayrı-ayrı məziyyətlərindən danışırdılar. Hamı bir ağızdan alimin işini musiqişünaslığımızın qələbəsi kimi səciyyələndirir, onun ingilis dilinə tərcümə olunmasının vacibliyini söyləyirdi. Bəstəkarlar Ittifaqının birinci katibi Vasif Adıgözəlov isə öz çıxışında sənətdə saxta və həqiqi dəyərlərdən ürək ağrısı ilə söz açaraq, efirimizi, həyatımızı zəhərləyən bayağı nümunələrə qarşı sanba llı tədqiqatlarla, o cümlədən Səadət xanımın kiatbı ilə mübarizə aparmağın zəruriliyini vurğulayırdı.

       Məcnun Kərimovun rəhbərlik etdiyi qədim çalğı alətləri ansamblının çıxışı məclisə xüsusi rövnəq verdi. Axı ansamblın tərkibində özünə yer tapan alətlərin bərpası, Məcnun müəllimin vurğuladığı kimi, həm də Səadət xanımın məsləhətlərinin nəticəsidir. Əcdadlarımızdan miras qalan çeşidli-zərif, qəribə biçimli, qiyafəli, ovsunlayıcı və cazibədar səslənməyə malik alətlər səsləndikcə mən öz-özümə düşünürdüm: bütün tədqiqatların elə ali məqsədi musiqini yaşatmaqdır, bu əsrarəngiz sənəti gələcək nəsillərə çatdırmaqdır.

       Sonda bir cəhəti də qeyd etməyə bilmərəm. Öz işini sakitcə, günbəgün, ilbəil, səbrlə, ağır zəhmətə qatlaşaraq icra edən Səadət xanımın qeyri-adi təvazökarlığı indiki şəraitdə nadir keyfiyyətdir. Yəqin ki, onun ərsəyə gətirdiyi kitab mükafatlara da layiqdir. Düşünürəm ki, alim heç olmazsa sənətşünaslıq doktoru elmi dərəcəsi almaq haqqını çoxdan bəri isbat edib. Lakin Səadət xanım əməyini qabartmağı sevmir, mükafatlar haqqında da düşünür, o, tədqiqatının işıq üzü görməsindən, oxuculara çatdırılmasından böyük məmnunluq duyur. Mən alimə can sağlığı, uğurlar diləmək istərdim. Qoy musiqi alətlərimizin əsrarəngiz aləminə səyahətimizdə müdrik bələdçi olan Səadət xanımın yaradıcılıq ehtirası heç zaman sönməsin!

Zümrüd DADAŞZADƏ


YENI NƏŞRLƏR

       2002-ci ildə «XXI – Yeni Nəşrlər Evi» tərəfindən çapdan çıxmış bəstəkar Rəhilə Həsənovanın «Solfecio» kitabı bu fənnin tədrisi sahəsində müasirliyə doğru atılan ilk, uğurlu addımdır. Qeyd etməliyik ki, solfecio fənni üzrə dərsliklər və tədris vəsaitinə Azərbaycan musiqişünaslıq elmində, ümumiyyətlə, çox az diqqət yetirilib. Belə ki, XX əsrdə respublikamızda nəşr olunan üç solfecio kitabının adını çəkə bilərik. Bunlar Fatma Səmədova və Fatma Zeynalovanın « Azərbaycan ladları üzərində solfecio», Georgi Burşteynin «Solfecio» müntəxəbatı (Bakı – 1960) və Zərifə Bakıxanova ilə Gövhər Hüseynovanın Azərbaycan xalq və professional musiqi nümunələri əsasında birgə tərtib etdikləri «Solfecio» kitabıdır. (Bakı – 1988). Adlarını çəkdiyimiz solfecio kitablarından yalnız biri (F.Zeynalova ilə F.Səmədovanın kitabı) müəllif nümunələrinə əsaslanır. Qalan 2 dərslik isə Azərbaycan və qərbi avropa bəstəkarlarının əsərləri əsasında tərtib edilmişdir. Buna görə də mövcud təhsil sistemimizi sovetlər dövründə nəşr olunmuş dərsliklər üzərində qurmaq məcburiyyəti qarşısında qalmışıq. Bu dərsliklər, əsasən, Rus və Ukrayna xalq mahnıları, eləcə də musiqi ədəbiyyatının nümunələri üzərində qurulmuşdur. Sovet solfecio kitablarında ara-sıra rast gəldiyimiz milli musiqi nümunələrimizə isə – «Erməni xalq mahnısı» – adı verilirdi. Beləliklə, ən vacib məsələ – gələcək nəslin milli musiqi ənənələri əsasında tərbiyə edilməsi – diqqətdən kənarda qalmışdı. Azərbaycanlı bəstəkarlarımızın eşitmə qabiliyyətinin Qərb musiqi mədəniyyətilə yanaşı xalq musiqisi nümunələri əsasında da formalaşması, zənnimizcə, son dərəcə vacibdir.

       Hələ 1948-ci ildə Ü.Hacıbəyovun redaksiyası altında F.Səmədova və F.Zeynalovanın birgə tərtib etdikləri «Azərbaycan ladları əsasında solfecio» kitabı işıq üzünü, yalnız, 1997-ci ildə, sənətşünaslıq doktoru, professor Ə.Isazadənin səyi nəticəsində gördü. Musiqi məktəbləri üçün nəzərdə tutulmuş bu dərslik 7 əsas Azərbaycan ladı üzərində qurulmuşdur. (Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Şüştər, Humayun). Bundan başqa kitabda, həmçinin, Azərbaycan bəstəkarlarının əsərlərindən və eləcə də xalq musiqi nümunələrindən də geniş istifadə olunmuşdur. Azərbaycan musiqisinin təbliği baxımından kitabın praktiki əhəmiyyəti olduqca böyükdür. Mövcud olan solfecio proqramında kitab, əsasən, I-V siniflərin dərs vəsaiti kimi istifadə edilə bilər.

       Rəhilə Həsənovanın «Solfecio» kitabında müəllif, bütün musiqi nömrələrini özü bəstələmişdir. Kitabda müşahidə etdiyimiz bir çox aspektlər müasir solfecio sistemlərinin ayrı-ayrı elementlərini özündə cəmləşdirmişdir. Belə ki, dərsliyin çalışmalarında ritm nömrələri xüsusilə diqqətə layiqdir. Bu tip çalışmalar ilə rus sistemində, əsasən, ali məktəblərdə vokalçılar üçün tərtib olunan solfecio kitablarında rastlaşırdıq. Məsələn, S.Maksimovun «Vokalçılar üçün solfecio», I.Ozeretskovskayanın «Vokalçılar üçün solfecio üzrə ilkin çalışmalar» kitablarında poliritmik nömrələrə çox böyük yer verilir. Bundan başqa Fransız və Belçika solfecio sistemlərində ritmik təksəsli və poliritmik parçaların tədrisinə böyük yer verilir. Bəstəkar-nəzəriyyəçilər – Verkaerenin, Fontenin, Veberin, Dandelotun, Qartenloupun bu sahədə fundamental əsərləri mövcuddur.

       R.Həsənovanın solfecio dərsliyində verilmiş poliritmik çalışmaların orta məktəb proqramının bütün şöbələrini (istər orkestr alətləri, istərsə də xalq çalğı alətlərində) əhatə etməsi təqdirə layiq haldır. Çünki ritm problemi təkcə vokalçılar üçün deyil, eləcə də, bütün ifaçı musiqiçilər üçün böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Avropa solfecio tədrisinin təməlini qoyan Karl Orfun «Şulverq» sistemindən tutmuş müasir dövrümüzdə nəşr edilən bütün dərsliklərin ana xəttini məhz ritm problemi təşkil edir.

       Orfun «Şulverq»indən söhbət açmışkən onu da qeyd edək ki, R.Həsənovanın kitabında təsadüf olunan oyunlarda məhz «Şulverq» ənənələri özünü büruzə verir. Bu cəhətdən «Əks-səda» oyunu diqqəti daha çox cəlb edir. Orfun «Şulverq»ində bu oyun tam bir bölümü təşkil edir. Amma əgər Alman sistemində müəllimin çaldığı fraza tələbə tərəfindən başqa bir alətdə təkrar edilirsə, R.Həsənovanın «Solfecio» kitabında belə dialoq iki şagird arasında aparılır. Beləliklə, Azərbaycan müəllifinin kitabında da «əks-səda» prinsipi saxlanılır.

       Dərsliyin daha bir müsbət cəhəti onun sistemliliyindədir. I sinifdən VII sinfə kimi, demək olar ki, bütün nəzəri mövzular praktiki şəkildə solfecio nömrələrində öz təcəssümünü tapır. (Qammalar, əsas üçsəslilər intervallar, sabit və qeyri-sabit səslər – bir sözlə orta musiqi məktəbinin solfecio proqramının bütün nəzəri mövzuları).

       Kitabda bir sıra solfecio nömrələrinin enharmonik səslər üzərində qurulması çox təqdirə layiqdir. Fransız solfecio sisteminin musiqi nümunələrində də çox geniş təsadüf olunan enharmonik səsin vasitəsilə uzaq tonallıqlara modulyasiya R.Həsənovanın kitabında da öz yerini tapır.

       Dərsliyin nömrələrində mövcud olan nüanslar, temp və artikulyasiya işarələrinin yazılması şagirdlərə gələcək ifaçılıq praktikasında çox böyük yardım göstərən amillərdəndir. Buna görə də solfecio dərslərində müəllimlərimiz bu problemə xüsusi diqqət yetirib, məhz müəllifin təqdim etdiyi şəkildə solfecio nömrələrinin oxunulmasını şagirdlərdən tələb etməlidirlər.

       Kitabın daha bir maraqlı cəhəti son nömrələrin ölçü dəyişkənliyi üzərində qurulmasıdır. Bir nömrə daxilində 2/4-lə 3/4; 12/8-lə 6/8; 3/4-lə 6/8 ölçülərinin ardıcıl surətdə dəyişməsi şagirdlərdən böyük diqqət tələb edir və onları metroritmik cəhətdən inkişaf etdirir.

       Solfecio nömrələrinin bir çoxunun başlıqlarında müəllifin əsərin xarakteri və janrı haqqında qeydləri tələbələri musiqi təhlili dərsləri üçün də hazırlayır. Əsərin xarakterindən – «Küləkli gün», «Meşə quşları», «Məzəli əhvalat», «Qəmgin mahnı» və s. – janrından – «Pəhlivanların rəqsi», «Tarantellasayağı», «Marşvari», «Bayram valsı» və s. – nömrələr xəbər verir.

       Kitabın ən öqəmli cəhəti Azərbaycan musiqisi üzərində qurulmasındadır. Istər R.Həsənovanın yazdığı nümunələr, istərsə də istifadə olunan digər bəstəkarların musiqisi milli ənənələrə əsaslanmışdır. Kitabın sonunda isə müəllifin bəstələdiyi Azərbaycan ladlarına əsaslanan musiqi nömrələri tələbələrin milli musiqiyə olan həvəsini artırmalı, solfecio dərsinə maraq oyatmalıdır. Dərsliyin özünəməxsusluğu milli musiqi nümunələrilə müasir məktəblərin solfecio ənənələrinin sintezindədir.

       Kitabla əlaqədar diqqətimizi cəlb edən bəzi qeydlərimizi də söyləmək istərdik. Müəllif II, V və demək olar ki, VI siniflərdə (VI sinifdə sadəcə Ravelin «Bolero»su üzərində kiçik bir ritmik çalışma var) ritm çalışmalarından istifadə etmir. Zənnimizcə, ritm probleminin bütün siniflərdə eyni səviyyədə və daha ətraflı tədrisi məqsədəuyğun olardı.

       Bundan başqa dərslikdə qarışıq ölçülərə aid (yəni 5/8; 7/8; 5/4; 7/4; 8/8 və s.) musiqi nümunələri yoxdur. Bu tip ölçülər milli musiqimizə yabançı deyil. Buna görə də qarışıq ritmləri heç olmasa VI və VII siniflərin dərs proqramına daxil etmək olardı. Çünki tələbələrimiz belə ölçülərlə ümumiyyətlə heç bir solfecio kitabında rastlaşmırlar. Azərbaycan bəstəkarlarının əsərlərində isə bu ölçülərə çox tez-tez təsadüf edilir. Məsələn: F.Əmirovun «1001 gecə» baletində, T.Bakıxanovun «Xəzər» balladası, Fleyta üçün konserti, Tar və orkestr üçün konsertində, Azər Dadaşovun klarnet və fortepiano sonatasında və s.

       Dərslikdə daha geniş görmək istədiyimiz bir cəhət də açarlar məsələsidir. Belə ki, kitab demək olar ki, kaman açarı üçün nəzərdə tutulub. Bas açarının tədrisinə dair musiqi nümunələri azdır. I sinifdən IV sinfə kimi kaman açarında yazılan nümunələrdən sonra bas açarı yalnız V sinfin son nömrəsində ikisəsli şəkildə (çal-oxu) verilir. Mövcud dərs proqramında isə bas açarının tədrisi I sinifdən başlayır. Bəlkə, ümumiyyətlə, müəllif, bas açarının çalışmalarında tələbələrə başqa dərsliklərdən istifadə etməyi məsləhət görür. Amma milli xalq nümunələri üzərində açarlar və ritm dəyişgənliklərilə zəngin olan dərsliyə də böyük ehtiyacımız var. Buna görə də Rəhilə xanımdan yaxın zamanda belə bir dərslik yazmasını xahiş edərdik. Bir sözlə müəllifə yeni yaradıcılıq uğurları arzu edir, ondan Azərbaycan solfecio sistemini zənginləşdirən dərsliklər və dərs vəsaitləri yaratmasını səbirsizliklə gözləyirik.

AYNUR ELXAN QIZI












Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70