VIKTOR BELYAYEV
VƏ AZƏRBAYCAN XALQ MUSIQISI

Ellada HÜSEYNOVA
 



       Başa vurduğumuz yüzillik bəşər yaddaşına həm sürətli elmi-texniki tərəqqi, həm qaynar siyasi hadisələr palitrası, mədəniyyətin inkişafı kimi həkk olunmuş, həm də müxtəlif sahələrdə çalışıb, tarixdə silinməz iz qoyub gedən görkəmli şəxsiyyətlərlə mənalanmışdır. Bu şəxsiyyətlərdən biri də böyük rus alim etnomusiqişünası Viktor Mixayloviç Belyayevdir. Lakin onu yalnız musiqişünas adlandırmaq düzgün olmazdı. Çünki bu alimin elmi maraq dairəsi və elmi yaradıcılıq irsi olduqca geniş əhatəlidir. Belyayev etnomusiqişünas olmaqla yanaşı, həm də musiqi tarixçisi, musiqiçi – türkoloq, alətşünas, nəzəriyyəçi alim və gözəl pedaqoqdur. Göründüyü kimi, çox geniş elmi diapazona malik alimin müxtəlif səpgidə yazdığı hər bir elmi işi bu gün də öz dəyərini itirməmiş, həmişə akutal və istiqamətverici əhəmiyyətə malik olmuşdur.

       V.M. Belyayev böyük rus musiqişünaslıq məktəbinin, onun gözəl ənənələrinin davamçısı, keçmiş sovet musiqişünaslıq elminin yaradıcılarından biridir.

       Bu mənada onun rus və qərb bəstəkarlarının yaradıcılığına, qədim rus musiqisinə həsr olunmuş tədqiqatlarını misal göstərmək olar. S.P.Prokofyev, N.Myaskovski, A.Aleksandrov, R.Xindemit və b. haqda ilk elmi araşdırmaları qələmə alan Belyayevin bu əsərləri onun hərtərəfli biliyə, analitik təfəkkürə malik olduğunu nümayiş etdirir.

       Laikn Belyayevin maraq dairəsi yalnız rus və qərb musiqisilə kifayətlənmir.

       O, ümumiyyətlə XX əsr musiqişünaslığında müstəsna rol oynayaraq keçmiş SSRI məkanında musiqi elminin klassik baxımdan formalaşıb inkişaf etməsinə zəmin yaratmış və böyük təsir göstərmişdir. Bu mənada məhz onun təşəbbüsü ilə yaranmış «SSRI xalqlarının musiqisi» kursunu və bu kursun çərçivəsində onun tədqiqat obyektinə çevrilən Yaxın və Orta Şərq xalqlarının, qədim Xarəzm və türk xalqlarının musiqi tarixinə, şifahi ənənəli professional musiqisinə, xalq çalğı alətlərinə, ifaçılarına olan marağı vurğulamaq lazımdır. Bu tədqiqatların qiymətli cəhəti ondan ibarətdir ki, alim müraciət etdiyi hər bir xalqın musiqi yaradıcılığını birtərəfli deyil, ətraflı şəkildə onların tarixi, folkloru, etnoqrafiyası, adət-ənənələri, bir sözlə mentalitetilə birgə tədqiq edir. Bu prinsip hər bir xalq haqqında hərtərəfli təsəvvür yaratmağa imkan verməklə yanaşı, həm də alimin əsas tədqiqat metodologiyasına çevrilir. Indi XXI yüzilliyin astanasında da bu metod öz aktuallığını itirməyib. Əksinə, müxtəlif incəsənət sahələr inin müqayisəli təhlili XXI əsr musiqişünaslığının ən önəmli problemlərindəndir.

       V.M. Belyayevin bir qədər dolğun portretini yaratmağa səy etmək üçün onun həyat səlnaməsinin bəzi bioqrafik məqamlarına diqqət yetirmək istərdim.

       V.M. Belyayev 1888-ci il yanvar ayının 25-də (5 fevral) Uralsk şəhərində anadan olmuşdur. 1906-cı ildən o, Xarkov musiqi məktəbində təhsil alır, sonra isə Peterburq konservatoriyasına daxil olmuş və buranı 1914-cü ildə bitirmişdir. Hələ tələbə ikən o, bir publisist və tədqiqatçı kimi öz qələmini sınayır.

        «S.Prokofyevin fortepiano üçün pyesləri haqqında», «Kratkoe izlocenie uçeniə o kontrapuntkte i uçeniə o muzıkalğnıx formax», «Fuqi N. Rimskoqo-Korsakova» (Muzıka, 1914), «B.A. Laromnıy: kontrapunkt stroqoqo pisğma S.Ş.Taneeva (Muzıkalğnıy sovremennik, 1916)» əsərləri buna misaldır.

       1919-cu ildə V.Belyayev Petroqrad (indiki Sankt Peterburq) Konservatoriyasına musiqi nəzəriyyəsi üzrə professor vəzifəsinə təyin olunur.

       1922-ci ildən Moskvada yaşayan V.Belyayev həm Dövlət Musiqi Akademiyasına bədii elmlər üzrə fəxri üzv seçilir, həm də Moskva Konservatoriyasında nəzəriyyə fənlərindən dərs deyir. Onun A.K. Qlazunov və S.V.Raxmaninovun yaradıcılığına həsr olunmuş məşhur monoqrafiyalarının çapı da bu dövrə aiddir.

       1924-cü ildən V.Belyayev «Muzıkalğnaə kulğtura» jurnalının xarici ölkələr şöbəsinin müdiri vəzifəsində çalışır. O zamandan başlayaraq alimin yaradıcılığında sanki bir dönüş baş verir. O, xüsusilə Şərq mühiti, etnoqrafiyası, dili, psixologiyası və dünyaduyumuna böyük maraq göstərir və Şərq motivi ömrünün sonunnədək onun əsas tədqiqat obyektinə çevrilir.

       Bir-birinin ardınca Şərq, Orta Asiya, Azərbaycan xalqlarının musiqi folkloruna həsr olunmuş məqalələr silsiləsi yaranır. Bunlardan «Muzıka i revolöüiə» jurnalında (Moskva, 1925) çap olunmuş «Turkmenskaə muzıka» məqaləsini, sonra isə Nyu-Yorkda dərc olunmuş türkmən musiqisi haqda fundamental tədqiqat əsərini (1928, özbək musiqisi haqda «Drevniy period», «Soqd, Baktriə», «Xorezm v Axmedinskoy period», «Arabskoe zavoevanie sredney Azii», «Arabskaə kulğtura i muzıkalğnaə teoriə i ix svəzi s Uzbekskoy muzıkoy», «Uzbekskoe zavoevanie i muzıka uzbekskix xanstv», «Ob uçastii monqol v formirovanii uzbekskoqo stilə» adlı elmi əsərlərini, «K voprosu obrazovaniə narodnıx ladovıx sistem» (1962), «Ladovıe sistemı v muzıke narodov SSSR» (1967, 1968), «Kirqizskaə narodnaə muzıka» (1939-40), «Kompozitorı sovetskoy Qruzii», «Afqanskaə muzıka» (1960), SSRI xalqlarının musiqi tarixi oçerkləri (1962-1963), «Naüionalğnıe osobennosti pesennoy ritmiki narodov SSSR», «Melodika, stixoslocenie i ritmika v pesnəx narodov SSSR» (1966, 1967) adlı elmi tədqiqat işlərini göstərmək olar.

       Digər xalqların musiqi mədəniyyətini qədim dövrlərdən ta müasir dövrə qədər izləyib, araşdıran alim əsl vətənpərvər bir şəxs kimi öz soykökünü, milli dəyərlərini də unutmur, rus musiqi mədəniyyətinin qədim laylalarını tədqiq edir. Bu mənada, onun bir səsli, sonra isə çoxsəsli kilsə musiqisinə aid elmi işlərini misal çəkmək olar. Bunlardan «Znamennıy raspev. Opıt podxoda k analizu eqo melodiçeskoqo stroeniə», «Rannee russkoe mnoqoqolosie», «Pamətniki drevne russkoy muzıkalğnoy pisğmennosti», «Krökov: sbornik stixov i psalm Petrovskoy gpoxi», «Russkaə srednovekovaə muzıka» əsərlərini xatırlamaq yerinə düşərdi. Bu əsərlərdə Belyayev çoxsəsli kilsə musiqisinin forma və növlərini üzə çıxarır, rus milli musiqi mədəniyyətinin inkişafında onun böyük rolu və əhəmiyyətini vurğulayır.

       Alimin elmi yaradıcılıq irsinin ən parlaq səhifələrindən birini də görkəmli rus bəstəkarı və nəzəriyyəçisi S.I.Taneyevin yaradıcılığına həsr olunmuş araşdırmalardır. Bu araşdırmalar «Uçenie o kanone», «Rannee russkoe mnoqoqolosie», «S.I.Taneev i muzıkovedenie», «S.I.Taneev uçenıy», «S.I.Taneev i narodnoe muzıkalğnoe tvorçestvo» və başqa əsərlərində öz dərin elmi ifadəsini tapmışdır.

       Belyayevin elmi maraq dairəsi olduqca geniş və çoxistiqamətlidir. Onu musiqi tarixi və nəzəriyyəsi ilə yanaşı müxtəlif xalqların musiqi alətləri, onların inkişaf tarixi, təkamül prosesi, müqayisəsi cəlb edirdi. «Muzıkalğnıe instrumentı Uzbekistana», «Russkie narodnıe instrumentı» əsərləri buna bariz nümunədir.

       Azərbaycan musiqi alətlərinə, xüsusilə tara onun temperasiyası, pərdə düzümü məsələlərinə toxunmaqla, o milli lad təfəkkürü haqda da müəyyən nəticəyə gəlmişdir.

       Alimi musiqi folkloru abidələrinin, xüsusilə də Şərq ölkələrində toplanması məsələsi həmişə düşündürürdü. O, qədim musiqi nümunələrinin toplanıb nota köçürülməsini çox önəmli bir vəzifə hesab edir, onların həm tarixin yaddaşına həkk olunmasın, həm də elmi tədqiqatlar üçün geniş imkan yaratdığını vurğulayır. Hətta bir çox respublikalarda, o cümlədən Azərbaycanda 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində elmi tədqiqat musiqi kabinetinin yaradılmasında alim mütəxəssis kimi V.M. Belyayevin də əməyi, köməyi, yararlı məsləhətləri olmuşdur. Bu məqsədilə onun oxuduğu mühazirələr Azərbaycan musiqisinin inkişafı perspektivlərinin açıqlanması üçün, xalq musiqisinin müxtəlif janrlarının tədiqi üçün, alətşünaslığının inkişafı və digər problemlərin həlli üçün real elmi-praktiki əhəmiyyət daşıyırdı.

       1944-cü ildə Belyayev sənətşünaslıq doktoru elmi dərəcəsinə layiq görülür (müdafiəsiz). 1947-ci ildə professor elmi adını alır. 1946-cı ildə isə Moskva Konservatoriyasının 80 illiyi ilə bağlı Əmək Bayrağı Ordenilə təltif olunur.

       V.Belyayev həm də gözəl pedaqoqdur. Etnomusiqişünasıq tarixi və nəzəriyyəsində Belyayev özünün çox bəhrəli nəticə verən məktəbini yaratamışdır. Bu, alimin elmə verdiyi daha bir qiymətli tövhədir. O, xalq musiqi mədəniyyətini tədqiq edən musiqişünas kadrları yetişdirilmiş, həmçinin, ayrı-ayrı respublikalardan olan müəllim və aspirantların elmi rəhbəri olmuşdur. Biz fəxr edirik ki, bir sıra Azərbaycan musiqişünasları Bayram Hüseynli, Əminə Eldarova, Ramiz Zöhrabov onun rəhbərliyi altında elmin sirlərinə yiyələnmişdir. Bu alimlərin hər biri milli musiqimizin müxtəlif problemləri ətrafında çalışmış və sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülmüşlər. Onlara böyük alim şəxsiyyət Belyayev tərəfindən aşılanan milli-mənəvi varislik ənənəsi öz bəhrəli nəticəsini verdi. Bu alimlərin hər biri milli dəyərlərimizin müxtəlif şaxələrinin - folklor, aşıq yaradıcılığı və muğam sənətinin ilk tədqiqatçıları olmaqla yanaşı, həm də artıq özləri dəyərli alimlər yetişdirən şəxsiyyətlərdir. Belyayevin metodolo ji prinsiplərilə silahlanan bu alimlər onu daha da inkişaf etdirərək, müasir musiqişünaslığın əsas prinsiplərindən birinə çevirir.


       Beləliklə, biz mütəfəkkir alim V.M. Belyayevin, yığcam, da olsa yaradıcılıq portretini əks etdirməyə səy göstərdik.

       Indi isə onun bilavasitə Azərbaycanla, milli musiqimizlə bağlı tədqiqatları üzərində dayanmaq istədik. Çünki digər Şərq xalqları ilə yanaşı, Belyayev Azərbaycan xalqının musiqi yaradıcılığını hərtərəfli- həm tarixi, həm etnik-mədəni, həm də janr klassifikasiyası baxımından sistematik təhlilini verən ən böyük «azərbaycanşünas» rus musiqi alimidir, desək, səhv etmərik. Onun Azərbaycan xalq və şifahi ənənəli professional musiqisinə həsr olunmuş elmi əsərləri yaradıcılığında önəmli yer tutur, həmçinin, Azərbaycan etnomusiqişünaslığının inkişafına təkan verən alimlərdən birinə çevrilir. Bu hansı əsərlərdir? «Tar. K voprosu notopisaniə dlə gtoqo instrumenta» (M.1935), «Narodnıe muzıkalğnıe instrumentı Azerbadcana» (Iskusstvo 1938), «Azerbaydcanskaə narodnaə pesnə» (V.M.Beləev. "O muzıkalğnom folklore i drevney pisğmennosti") (M., Sovetskiy kompozitor" 1971 s. 108-162), «Azerbadcanskaə muzıkalğnaə kulğtura» (Oçerki po muzıke narodov SSSR. 2-oy vıp usk, M."Sovetskiy kompozitor", 1963). Bu əsərləri açıqlayarkən Belyayevin milli dəyərlərimizə aid metodoloji prinsipləri, elmi baxışları sistemi üzərində dayanmaq istərdim. Bu sistemin ən parlaq təzahürü «Azerbaydcanskaə narodnaə pesnə» məqaləsində öz ifadəsini tapır. Burada alim xalq musiqimizin çox dəyərli və hərtərəfli janr klassifikasiyasını verir.

       Onun sistemində ilk tədqiqat obyekti Azərbaycan xalq mahnıları idi. Milli musiqimizin bu janrı haqda çox yüksək fikrə malik olan Belyayev qeyd edirdi ki, «Azərbaycan xalq mahnı yaradıcılığı həddən ziyadə zəngin, çoxcəhətli və özünəməxsusdur ki, bu da artıq öz-özlüyündə onun milli xarakteristikasıdır»1

       Belyayev hər şeydən əvvəl qeyd edirdi ki, hər hansı bir xalqın mahnılarını təhlil edərkən onun musiqisilə yanaşı, mətnini də təhlil etmək lazımdır. Onun fikrincə, məhz mahnını mətni, məzmunu hər bir xalqda öz milli cizgilərilə seçilir və xalqın psixologiyası, onun tarixi «məni» öz əks olunur.

       V.Belyayev Azərbaycan xalq mahnı yaradıcılığını son dərəcə zəngin, çoxobrazlı və spesifik xüsusiyyətlərə malik miniatürlər hesab edir. lirik mahnıları nəzərdən keçirərkən o mahnıların məzmununa böyük diqqət yetirirdi. Alimin fikrincə, Azərbaycanı məhz füsunkar təbiəti belə dərin mənalı mahnı lirikasının yaranaması üçün münbit bir mənbə olmuşdur. Belə ki, "təbiətin bu cür poetikləşdirilməsi, gənc qızın öz sevimlisi tərəfindən dağ keçisinə, kəpənəyə, kəkliyə bənzədilməsi Azərbaycan xalq mahnıları üçün səciyyəvi olan cəhətlərdir" deyən alimi obrazların poetikliyi, onların ətraf təbiətin obrazları ilə bilavasitə bağlı parlaq simvolikliyi və bunların bahəm şəkildə bir-birini tamamlaması maraqlandırır. Belyayevin fikrincə, burada 2 faktor diqqəti cəlb edir. Birincisi, «ümumi plan», ikincisi isə «tərtibat mühiti». Ümumi plan dedikdə, Belyayev nəyi nəzərdə tuturdu? Burada mahnının məqsədyönlü təsir bağışlaması üçün musiqi ilə mətnin bir-birini tamamlaması, vəhdət təşk il etməsi əsas şərtdir. «Tərtibat mühiti» (Belyayev) dedikdə isə o həm də aydın musiqi nitqi ilə əsaslandırılmış quruluş faktorları qeyd olunmalıdır.

       Deməli, Azərbaycan xalq musiqisinin obrazlar sisteminin estetik əsasları Belyayev tərəfindən Azərbaycan mədəniyyətinin səciyyəvi cəhətləri kimi nəzərdən keçirilirdi. Məhz bu fakt alimə xalq mahnılarına, xüsusilə kənd-əmək mahnılarını milli musiqi mədəniyyətimizin fundamenti nöqteyi-nəzərindən baxmağa əsas verirdi. O, xalq mahnılarını bəşər tarixi qədər qədim olduğunu, insanla, onun əməyi ilə ekiz yarandığını və ümumi musiqi təkamülü prosesinin ilk layı olduğunu hesab edir, məhz xalq mahnılarında bir rüşeym halında milli musiqimizin potensial imkanlarının gizləndiyi vurğulanır. Rus bəstəkar və musiqişünaslarının da milli mahnılarımıza daha çox diqqət yetirməsini alim bununla izah edir.

        Belyayev milli musiqi materialının təhlilində sadədən mürəkkəbə doğru məlum nöqteyi-nəzərə əsaslarnırdı. Buna görə də onu ilk növbədə Azərbaycan xalq musiqisinin ilkin intonasiya modellərini təmsil edən nümunələri nəzərdən keçirmək, xalq nəğməkarlığının, onun mənbələrinin formalaşma prosesini üzə çıxarmaq maraqlandırırdı. Bəs bunu alim hansı yolla açıqlayırdı?

       Ilk növbədə, onu xalq mahnısı yaradan, formalaşdıran alimlərin təhlil metodikası maraqlandırırdı. Bir sıra xalq mahnısını , məsələn «Çoban reçitativi», «Lay-lay», «Qərib öldü», «Gəlmə-gəlmə», «Dağların başında», «Qarabağ şikəstəsi» mahnılarının təhlili ona bu nəticəyə gəlməyə əsas verir:

       1. Melodiyada enişli hərəkət və enişli sekvensiya halqaları üstünlük təşkil edir.

       2. Eyni melodik törəmələrin - frazaların bir neçə dəfə təkrarı – mahnıların bənd quruluşunda monotematizm – mahnı formalarının milli səciyyəsi kimi nəzərə çarpır.

       3. Emosional obraz dairəsinin müxtəlif əhval-ruhiyyə ilə qatılaşdırılması, zənginləşdirilməsi

       4. Melodiyanın enən pilləvari hərəkəti zamanı predyomlar səciyyəvidir. Belyayev hesab edirdi ki, Azərbaycan xalq mahnıları diatonik əsaslıdır. Lakin müəllif eyni zamanda qeyd edir ki, Azərbaycan xalq mahnılarında diatonik lad xromatizmə uğrayır və bu xromatikləşmənin üç növünü göstərir.

       Belyayev mahnıların melodik-ritmik quruluşunu poeziyada 8, 7, 11 hecalı misralı nümunələrlə şərtlənir. Digər xalqlarda onlar ikisaylı ritmik quruluşda özünü göstərirsə, Azərbaycanda daha mürəkkəb, üçpaylı ritmdə ifadə olunur.

       Azərbaycan mahnı ritmikasının başqa səciyyəvi cəhətlərindən biri də frazanın əvvəlində pauzanın əlavəsi hesabına şer sətrinin ilk hecalarının deklamasiyasının tezləş dirilməsi ilə bağlıdır.

       Belyayev müxtəlif milli xüsusiyyətləri üzə çıxararkən, ilk növbədə, xalqın dilini, milli ifaçılıq üslubunundərindən öyrənidi və milli səciyyələrin köklərini məhz bu faktorlarda axtarmağı tövsiyə edirdi. Melos və onun tipik cəhətlərinin müəyyən lad çərivəsində xüsusi ifaçılıq manerası ilə uzlaşması bütün xalqların musiqi mədəniyyətlərinin və milli özünəməxsusluğunun həqiqi və əsas təməlidir.

       Bu faktın müşahidə edilməsi mühüm əhəmiyyətə malikdir. Çünki onlar artıq 1930-40-cı illərdə rus alimləri tərəfindən müqayisəli musiqişünaslığın bünövrəsinin qoyulmasını sübut edir.

       Belyayev hesab edirdi ki, musiqi nitqinin əsasında danışıq nitqi durur. Yəni hər bir mahnının özəyini mətnin axıcı melodik deklamasiyası təşkil edir. Buna görə də instrumental musiqinin inkişafı yalnız o vaxt mümkün olur ki, birincisi, alətlər kifayət qədər inkişaf edir, ikincisi isə bu alətlərlə artıq xalq mahnılarında səslənmiş melodiyaları ifadə etmək mümkün olur. Instrumental musiqini də Belyayev xalq mahnıları kimi araşdırır. Burada instrumental musiqinin mənşəcə çox erkən növlərindən söhbət gedir. Onlara tütək və tulum zurnada ifa olunan instrumental əmək mahnıları aid edilir. Belyayev bu melodiyaların spesifik intonasiya quruluşunu, kiçik motivin dəfələrlə variantlı şəkildə təkrarını qeyd edir.

       Maraqlıdır ki, Belyayev instrumental musiqi nümunələrinin təhlilini alətlərin spesifik xüsusiyyətlərilə əlaqələndirir. Məsələn, o, «Çoban bayatısı» mahnısı müxtəlif alətlərdə ifa olunan zaman bu alətlərin xarakterindən, ifa tərzindən asılı olaraq, onların inkişaflı (tütək) və fakturası etibarı ilə sadə (tulum zurna) variantlarını göstərir.

       Mahnının sadə variantının tulum-zurna alətinin bir qədər məhdud imkanları ilə bağlı olduğu vurğulanır.

       Alim instumental alətlər tərəfindən ifa olunan melodiyaların janr rəngarəngliyini də onların imkanları ilə bağlayırdı. Məsələn, zurna alətinin bayramsayağı, təntənəli təbiəti onun repertuarına məişət bayram şənliklərilə bağlı, bütün melodiyaların daxil olmasını, bu alətin güləş üzrə yarışları və ümumxalq bayramlarını müşayət etməsini təmin etmişdir. Hələ çox qədim zamanlarda bu alət hərbi orkestri də əvəz etmişdir.

       Belyayev instrumental musiqinin təkamül yolunu izləyərkən onun ən erkən növünün çobanların zəhmətilə bağlı mahnıların olduğunu vurğulayır. Bu mahnıların əmək mahnıları ilə bir sırada durduğunu qeyd edir. Belə ki, hər ikisi improvizə quruluşludur, çünki ilkin motivin dəfələrlə təkrarına əsaslarnır. Bu melodiyaların istər vokal istərsə də instrumental variantının ilkinliyini alim ladintonasiya ifadəsinin səbatsızlığında görürdü, yəni ladın formalaşma prosesinin natamamlığı ilə əlaqələndirirdi.

       Alimin fikirincə, «xalq rəqs musiqisi musiqi mədəniyyətinin» «müstəsna» şəkildə instrumental növü deyildir. Onun erkən növü rəqsvari mahnı, yəni vokal mədəniyyətinin bir növü olmuşdur.»1

       Belyayev qeyd edirdi ki, azərbaycan xalq rəqs musiqisinin spesifikliyi rəqsin özünün quruluşu ilə bağlıdır. Bu isə 30-40-cı illərdə sovet musiqişünaslığında yeni bir fikir idi.

       Belyayev Azərbaycan xalq rəqslərinin müxtəlif çeşidli olduğunu qeyd edir aşağın onları tətbiqi xarakterinə uyğun differensasiya etməklə yanaşı (hərbi, məişət, əmək, satirik və s.) onların xoreoqrafik bölgüsünü verir (yavaş, tez, solo, qoşa, xorovod (yallı))


       Rəqs melodiyalarının əsas inkişaf prinsipi variantlılıqdır. Bu prinsip rəqs musiqisinin intonasiya avaz quruluşunun əsasını təşkil edir, onu inkişaf etdirir. Instrumental musiqini araşdırarkən, Belyayev belə bir nəticəyə gəlir ki, Azərbaycan xalq musiqisinin müxtəlif janrlarını bir-birinə yaxınlaşdıran, onların arasında körpü olan məhz alətlər olmuşdur. Bundan əlavə milli alətlər Azərbaycan instrumental musiqisinin inkişafının əsaslandığı xüsusi bir tembr mühiti idi. Zurnaçılar ansamblının ifa etdiyi musiqini nəzərdən keçirərkən Belyayev burada «milli partitura» rüşeymlərinin olduğunu qeyd edirdi.

       Belyayevin metodologiyası musiqi folklorşünaslığında artıq məlum bir istiqamətə - sadədən mürəkkəbə doğru, yəni diatonikanın ilkin sadə təbəqə, xromatizmin isə mürəkkəb lay kimi nəzərdən keçirildiyi bir nəzəriyyəyə əsaslanır. O, hesab edir ki, musiqi alətlərində diatonik səslərlə yanaşı, xromatik səslərin varlığı bu alətlərdən istifadə edən xalqın musiqi mədəniyyətinin ümumən, yüksək inkişafı haqda şəhadət verir.

       Klassik ərəb ud alətinin səs sırasını Azərbaycan tarının səs sırası ilə müqayisə edərkən Azərbaycan tarının səs sırasının mürəkkəbliyini bütövlükdə Azərbaycan xalq musiqi mədəniyyətinin inkişafı ilə əlaqələndirir.

       Rəqs melodiyalarını da Belyayev sadədən mürəkkəbə doğru təhlil edir. Əvvəlcə vahid intonasiya əsasına malik nümunələr, sonra isə mürəkkəb nümunələr nəzərdən keçirilir. Mürəkkəbliliyi Belyayev nədə görürdü? Əlbəttə ki, ladmodulyasiya əsasının inkişaflılığında. O, hesab edirdi ki, məhz bu faktor Azərbaycan xalq rəqs melodiyalarının quruluşunun mütəşəkkilliyini, kompozisiya vahidliyini təmin edir.

        «Oçerki po istorii muzıki» kitabının «Ranniy period razvitiə muzıki (do 7-oy v isklöçitelğno)» fəslində Belyayev xalqımızın çoxəsrlik tarixinin aynası, mədəniyyətinin carçısı kimi yüksək professional mədəniyyət növü olan aşıq sənəti haqqında elmi açıqlamalar verir, mənəviyyatımızın həmişəyaşar epik səhifəsini böyük bir elmi maraqla vərəqləyir. Alim aşıq yaradıcılığının sintetikliyini belə şərh edir: aşıq həm solist, həm sazçalan, həm də şair, dastan nəql edən, mahnı melodiyalarının bəstəkarıdır. Azərbaycan aşıqlarının sənəti çoxcəhətlidir. Onlar hər şeydən əvvəl dstanları qoruyub saxlayan, rəvayət edən mühafizəçidir, onlar lirik məzəli və satirik mahnıların ifaçısı, gündəlik həyat hadisələrinə o dəqiqə hay verən improvizatorlardır. Tədqiqatçının marağına səbəb olan faktlardan biri də aşığın istedadının parlaq göstəricisi kimi aşıq repertuarının musiqili poetik tapmaca forması «deyişmədir». Belyayev onun səciyyəvi cəhətlərini, yəni tapmacanın - sualın da, cava bın da eyni hava üstündə mahnı improvizasiyası şəklində şərh olunduğunu vurğulayır. Bundan əlavə, deyişmənin Azərbaycan aşığına məxsus hazırcavablığın, fərasətin, öz sənətində mahir ustalığın kulminasiya nöqtəsinin göstəricisi olduğunu açıqlayır.

       Belyayevin tədqiqatlarının təhlili onun xalq yaradıcılığının bu və ya digər növünün mükəmməl konsepsiyasını yaratmaq cəhdini nümayiş etdirir. Bu, onun aşıq musiqisinə münasibətində özünü göstərir.

       Məsələn, «Duraxanı» aşıq mahnısını təhlil edərkən Belyayev onun spesifik aşıq prinsipinə xas cəhətlərilə yanaşı, muğamlar üçün tipik olan faktoru qeyd edir:

       1. Ifanın prelyüdiya xarakterli olması;

       2. Tematik özəyin variantlı inkişafı;

       3. Ortada yüksək kulminasiya həddinin olması;

       4. Ladın istinad pərdələri ətrafında gəzişmə;

       5. Ladın tonikasına sekvensiya halqası ilə enmə.

       Belyayev aşıq sənətinin böyük yaradıcılıq kamilliyini göstərən dastanların da xarakteristikasını vermişdir. Onu böyük ədəbi musiqili əsər kimi səciyyələndirərək aşıq sənətinin əsas istedad göstəricisi olduğunu vurğulamışdır. Alim hesab edir ki, dastan formasının inikşafı ilə bağlı çoxlu havalar yaranmışdır. Hal-hazırda 120-ə qədər hava məlumdur. Bunların hər birinin özünün müstəqil adı var.

       Aşıq havacatlarının musiqi dilini təhlil edərkən Belyayev aşıq musiqisinin Azərbaycan xalq mahnılarının varisi olduğunu qeyd edir. Aşıq ifaçılıq praktikasındakı 2 hissəli təkralanma prinsipinə əsaslanan formanı təhlil edərkən alim II bəndin nəqarətinin rolunu xüsusilə qeyd edir.

       Aşıq musiqisinin xalq mahnı və instrumental yaradıcılığı ilə çıx əlaqəsini dəfələrlə təsdiq edən alim, həm də aşıq musiqisinin fərqli cəhətlərini də göstərir və dastanlardakı mahnı epizodları ilə xalq mahnıları arasındakı bu fərqi aşıq musiqisinin aydın ifadlə olunmuş reçitativliyində görür.

       Xalq mahnılarında olduğu kimi, aşıq musiqisinin də lad əsası diatonikdir. Lakin xromatik mürəkkəbləşmələr saz alətilə, onun səs sırası ilə əlaqələndirilir. Aşıq havacatının lad-intonasiya, melodiya, forma yaranma qanunauyğunluqları yaradıcı prosesin ayrılmaz hissəsi olan sazın konstruksiyası ilə əlaqədə təhlil edilir.

       Belyayev aşıq sənətinin kənd həyatı, məişətilə bağlı olduğunu qeyd etdiyi halda muğamların «Şərq şəhərinin yaradıcılıq məhsulu, onun yayıldığı mühitin isə şəhər ziyalıları mühiti olduğunu vurğulayır. Muğamın mövcud formasını alim belə izah edir: «Muğam xalq yaradıcılıq əsəridir, burada ənənəvi şifahi musiqi yazılı professional poetik yaradıcılıqla uzlaşır və nəinki onun musiqili ifadəsinə, eyni zamanda, onun elmiliklə yayılması vasitəsinə çevrilir».

       Başqa sözlə desək, Belyayevin əsas nöqteyi-nəəzəri muğamların poetik özülü olan qəzəllərə yönəldilir. Şübhəsiz, burada ədalətli bir məntiq var. Çünki alimin sözlərilə desək, muğamların melodiyalarının əmələ gəlməsində, təkamülündə, «əruzun» metrikasının təsiri böyükdür. Əruzun metrikası melodiyanın ritmik əsasını təşkil edir.

       Belyayev Azərbaycan muğamlarının tarixi və mədəni faktorlarla şərtlənmiş daha bir mühüm tərkib hissəsini vurğulayır. Burada söhbət ifaçılıq sənətindən, onun şifahi professional musiqi nümunələrinin təbliğində mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də ümumiyətlə muğamları yaşatmaqda, təkmilləşdirməkdə, cilalayıb nəsildən-nəslə keçirməkdə böyük rolu olduğundan gedir.

       Alimin muğamın ilkin materialının tematik əhəmiyyətini, onda muğamın lad-intonasiya əsasının təsbit edildiyini, variantlılığın bir inkişaf vasitəsi olduğunu, melodik kadansların tematik rolunu vurğulamışdır.

       Qeyd etmək istərdim ki, məhz Belyayev ilk dəfə olaraq, Azərbaycan muğamlarının müxtəlif ifa variantlarını arasdırmışdır.

       Belyayev öz tədqiqatında muğam ifasının ayrılmaz hissəsini təşkil edən tar alətinə xüsusi diqqət vermişdir. Məhz ilk öncə bu alətin dərindən öyrənilməsi ona Azərbaycan xalq musiqisinin zənginliyini təsdiqləməyə imkan vermişdir.

       Alimin fikrincə, musiqi alətlərindəki xromatik səs sırası diatonik səs sırasından fərqi olaraq, musiqi mədəniyyətinin inkişaflılığından xəbər verir. Lakin Belyayev hesab edirdi ki, 17 pilləli səssıralı mürəkkəb quruluşa malik tarın lad-intonasiya imkanı 12 pilləli səs sırasından daha çoxdur. Alim tar alətini digər alətlərlə müqayisə edərək onun hissələr palitrasını ifadə etmək mənasında daha çox potensial imkanlara maliu olduğunu vurğulayır.

       Beləliklə, biz bu məqalədə XX əsrin görkəmli şərqşünas – musiqişünası olan Belyayevin yaradıcılığını, onun Azərbaycan, xalq musiqilə bağlı tədqiqatlarını işıqlandırmağa çalışdıq. «Belyayev və Azərbaycan xalq musiqisi» mövzusu böyük bir tədqiqat mövzusudur. Biz isə yalnız onun ayrı-ayrı fraqmentlərinə toxunduq.

       Son söz olaraq, mən bir daha qeyd etmək istərdim ki, V.M.Belyayevin yaradıcılığı, onun metodologiyası həm Azərbaycan, həm də digər regionların musiqi elmi üçün bir örnək, böyük bir yaradıcılıq məktəbi olmuş və olaraq qalacaqdır.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70