«RAST»
musiqili-bədii filminin ssenarisi

Rauf NAĞIYEV,
Oqtay RƏCƏBOV
 



       Qobustan qayalıqları görünür. «Qaval daş» və Qobustan böyük daş qayalıqları üzərindəki rəqs rəsmləri göstərilir. Qərinələrdən gələn səslər akkord kimi orqan alətində səslənir, qaval daşda isə insan-musiqiçi çalır. Bu səslər bir-birinə qarışır, qayalara-kosmosa doğru yönəlir və geri qayıdır. Bu fonun önündə kosmosdan exo şəklində bir səs gəlir:

       Səs: – Ey canlı və düşüncəli insanlar! Mən sizi yaratdım, sizə gözəl təbiət, uca dağlar, sulu çaylar, dənizlər, meşələr, bulaqlar və od bəxş etdim. Indi isə «qəlbiniz və ruhunuz üçün» Avazlar göndərirəm. «Yeddi müğam», «Yeddi səyyarə», «Yeddi rəng», «Yeddi səs», Bu rəqəmi yadda saxlayın! Yeddi-müqəddəs rəqəmdir! Göyün yeddi qatından göndərdiyim avazları qoruyun, təkmilləşdirin və gələcək nəslə çatdırın!

       Səs yoxa çıxır, ekranda Qobustan qayalıqları tədricən alovla əvəz olunur və «Əsrlərin səsi» sözü alovdan yaranır.

       Ekranda Misir piramidaları görünür və piramidaların əzəmətli görünüşü ərəb evlərindən birinə keçir.

       Evdə Pifaqor və onun qulu qara ərəb Əbu Salik (Busəlik) oturublar. Əbu Salik ud alətində nə isə çalır. Pifaqor isə ona diqqətlə qulaq asır. Musiqi bitir, Pifaqor ayağa qalxaraq deyir:

       – Mən Misirdə dərs aldığım müddətdə çox şey öyrəndim. Bu bilikləri mən yunan torpağına aparıb xalqıma çatdıracağam. Çaldığın musiqi aləti necə adlanır və sənnə ifa edirdin?

       Əbu Salik: – Ağa Pifaqoz, bu alətə ud deyirlər, ifa etdiyim isə yeni əsərimdir. Biz Misirlilər buna təqsim deyirik.

       Pifaqor: – Ey mənim qulum, bu əsəri sənin adına uyğun olaraq «Busəllik» adlandıraq» «Əbu Salik-Busəlik». Çox yaxşı səslənir. Mən musiqinin yeddi səsini icad etdim. Bu işdə mənə bazarda bir daşın o birisinə dəyməsi kömək etdi. Bütün bunlar üçün mən öz yuxuma minnətdaram. Mənə yuxuda bir ağ paltarlı qoca dedi ki, «dur və bazara get. Orada sənə hikmətli sirrlərdən biri əyan olaçaq. Bir bax, biz yunanlar hələ səsləri icad edən vaxtdan çox-çox əvvəl siz ərəblər təqsimlər yaratmışsınız.

       Ekranda diktorun deyəcəyi mətn belə bir sxemin üstündə səslənir.

       Bu səslər və rənğlər göstərilən musiqi alətlərinin ifasında – rənglərlə əvvəlcə ayrı-ayrı, sonra isə qammavari tez-tez yuxarı və aşağı çalınır. Diktor: – Avropa musiqişünaslarına görə qədim yunanlar yeddi səma cisimlərindən hər birinin Pifaqor tərəfindən icad edilmiş 7 tondan birinə müvafiq olduğunu zənn edirdilər. Şərq alimləri isə hələ eramızdan əvvəl 1-ci minillikdə öz musiqi kəşflərini planetlərlə belə əlaqələndirmişlər.

       DO – Yupiter – Zirəfkənd
       RE – Saturn – Rəhavi
       MI – Ay – Nəva
       FA – Merkuri – Busəlik
       SOL – Venera – Rast
       LYA – Günəş – Əraq
       SI – Mars – Üşşaq.

       Kadrlara uyğun muğamlardan epizodlar səslənir.

       Səslərə uyğun planetlərin hərəkətləri göstərilir.

       Diktor: – Muğam, Makam, Makom, mukam, Raqa, Dəstgah, Təqsim-Allah, Nildən Qanqa kimi yayılmış bu musiqi necə də ecazkar şəkildə insanların qəlbində özünə yer tapır! Canlı bir orqanizmə bənzəyən bu musiqi nümunələrinin adları müxtəlif olsa da kökləri demək olar ki, eyni bulaqdan su içmiş və yalnız Şərq-Müsəlman xalqlarına məxsusdurlar.

       Ekranda Yer kürəsi qlobus kimi göstərilir. Təqsim. Makam. Dəstgah. Muğam. Mukam. Makom. Raqa. Misir. Ərəbistan Iran. Azərbaycan. Türkmən. Özbək. Hindistan. Türkiyə Uyğur. Tacik.

       Ekranda yenə Kosmos, Yer, Qobustan qayalıqlarındakı təsvirlər göstərilir. Orqan alətinin akkord müşaiəti önündə diktor danışır.

       Diktor: – Muğam nə vaxt və kim tərəfindən yaradılıb? Bunun üçün qədim Azərbaydcan mədəniyyətinin inkişaf mərhələlərini nəzərdən keçirək.

       Qobustan qayaları, mağaralar göstərilir. Maral dərisi geymiş, başında maral buynuzları, əlində zınqırovlu dəf və xoruz olan şaman təsvir olunur.

       Diktor: – Hələ eramızdan əvvəl XII-II minilliklərdə, yəni ibtidai icma quruluşu və onun dağıldığı dövrdə Azərbaycanda animistik əqidəyə, yəni, ruhların ölməzliyinə inam çox qüvvətli idi. Ruhlarla icma adamları arasında rabitəçi olan xadimlərə, o zaman şaman deyirdilər: Türk xalqları arasında onlar Kam da adlanırdılar. Şaman qəbilənin bütün dərdi-sərini öz boynuna götürürdü: adamların sağlamlığı üçün bədxah ruhlarla mubarizə aparır; mal-qaranın qorunması üçün düşmən qüvvələrlə tək başına vuruşurdu. Şer və nağıl deyən, akrobatik tryuklar və rəqs edən, zınqırovlu dəfdə çalıb oxuyan qədim şaman mədəniyyətində muğamlarımızın ən dərin köklərinin, ritmlərinin, qarışığ-cingiltili zəngülələrinin izlərinə rast gəlirik. Şamanlardan ayin zamanı ekstaz-yüksək dərəcədə vəcdə gəlmə mərhələsində şamanın ruhu əcdadının ruhu ilə qovuşur. (Şamanla əlaqədar təsvir bir aktyor vasitəsilə əyani olaraq göstərilir. Bu səhnə zərb alətinin muşaiyətilə olur).

       Şaman yataqda uzanmış xəstənin ətrafında yavaş-yavaş dövr edir və ara bir əlindəki zınqırovu dəfə maral ayağı ilə zərbələr endirir. Bu vaxt şaman dodağı altında nə isə pıçıldayır, gah üfürür, gah dəfi göyə doğru qaldıraraq ona zərbələr endirir. zərbələrin sürəti getdikcə artır və çox güclü emosional vəziyyətdə-şaman ekstaz halında olduqda ağzı köpüklənir, onun daxilində yığılıb qalmış enerji muğamı xatırladan qırıq-qırıq zəngülələrlə şamandan çıxır.

       Diktor: – Zəngulələrin çıxması ilə şaman tədricən sakitləşir, qavala vurulan zərbələr seyrəkləşir və o yerə yıxılır. Şamanın ekstaz vəziyyətdə oxuduğu muğamvari zəngulələr sonrakı minilliklərdə formalaşmış muğam dəsgahlarında öz əksini tapır.

       Ekranda qədim kahin təsvir olunur. O teleskopla göyü müşahidə edir. Şir və Maral-Ögüz bürcləri göstərilir.

       Diktor: – Eramızdan əvvəl 4-cü minillikdə Iraqda Dəclə və Fərat çayları arasındakı bataqlıqları qurudaraq özlərinə məskən salmış türk tayfaları-Şumerlər göy cisimlərini müşahidə etməklə yerdə əkin vaxtını müəyyənləşdirirdilər.


       Hər ilin 22 martında Şir bürcü zenitdə, maral-ökuz bürcü isə ondan eyni müəyyən məsafədə durduğu vaxtda münəccimlər əkinə başlamağı məsləhət görürlər.


       Ekranda Zikkurat göstərilir.

       Diktor: – Bu vaxt Şumer kahinləri Zikkurat adlanan məbədin son 3-cü mərtəbəsindən başı insan formalı şir heykəlini 1-ci mərtəbəyə endirir və bu zaman adamlar əkinlə və səməni ilə əlaqədar mətnləri muğam avazları tərzində oxuyurdular:

       Səməni
       Al məni
       Hər yazda
       Sən, yada
       Sal məni.

       Səməni, saxla məni,
       Ildə göyərdərəm səni.
       Səməni, sazana gəlmişəm,
       Uzana-uzana gəlmişəm.

       Səməni
       Al məni
       Hər yazda
       Sən, yada
       Sal məni.

       Bu avazlar ifa olunduqda səməninin önündə əkinçilərin yerə toxum səpmələri, qadınların səməni bişirmələri və suvan həlvası göstərilir.

       Ekranda 7 mərtəbəli Nabonid Zikkuratının təsviri.

       Diktor: – Eramızdan əvvəl 1-ci minillikdə artıq 7 mərtəbəli Nabonid Zikkuratı mövcud idi. Bu dövr antoqonist siniflərin yaranması Azərbaycanda atəşpərəstlik dövrünə təsadüf edir. Atəşpərəstlərin müqəddəs kitablarının küliyyatı olan Avestanın əsas hissəsini eramızdan əvvəl 6-cı əsrdə dini fəaliyyət göstərmiş atəşpərəstlərin peyğəmbəri midiyalı, azərbaycanlı Zərdüşt yaratmışdır. Bu din sonradan Iranda, Yaxın Şərqdə, Hindistanda geniş yayılır. Bu dövrdə yaxın Şərqdə atəşpərəstlik abidələri çox geniş miqyasda fəaliyyət göstərir.

       Zərdüştün təsviri, Avesta kitabələrinin təsviri göstərilir.

       Diktor: – Belə məbədlərdən Azərbaycanda «Qız Qlası»nı göstərmək olar.

        «Qız Qalası» göstərilir.

       Ekranda hava, torpaq, od və su göstərilir.

       Diktor: – Hava, torpaq, od və suyu müqəddəs hesab edən atəşpərəstliyin göy Allahı baş allah Hörmüzd badxah ruh hesab edilən Əhrimənə qarşı mübarizə aparırdı. Bu obrazlar Avestada olan «Yəşt»lərə – yəni allahlar haqqında poemalara daxil idi ki, onları da atəşpərəst kahinlər qurban vermə və digər dini ayinlərdər xor və solo şəklində oxuyurdular. Çox güman ki, bu musiqi nümunələri muğam sənətinin ilkin variantları, formaları maqlar, kahinlər tərəfindən araşdırılır, yaradılırdı.

       Deyilən ayin səhnələşdirilmiş formada göstərilir:

       Qurban gətirmiş atəşpərəstlər su başında çala qazıyır və qurbanlıq heyvanın qanı bütövlükdə buraya tökülürdü. Kahinlər bir parça qurbanlıq əti mərsim kolu və ya dəfnə budağın üstünə qoyur, çubuqları ətə toxunduraraq və qurban quyruğunu od üstündə tüçtülədərək sehrkarlıq duasını xor və solo şəklində oxuyurlar:

       Odla müqəddəsdir yaratlığı ehtiras,
       Odla müqəddəsdir surulərə hamiliyi,
       Odla müqəddəsdir evə, mülkə hamiliyi,
       Odla müqəddəsdir var-yoxa hamiliyi,
       Odla müqəddəsdir ölkəyə hamiliyi.

       Ekranda atəşpərəstlik məbədlərinin dağıdılması göstərilir. Onları yeni məscidlərin təsviri əvəz edir. Bu məqsədlə Türkiyədə məşhur Ələsəfi məscidi, Iraqda Soltan Məcid məscidi göstərilir.

       Diktor: – 7-ci əsrdə Azərbaycanda ərəb istilası, Islam ideologiyası şaman və atəşpərəstlik mədəniyyətini tənəzzülə uğratsa da islam mədəniyyəti bu yerlərdə öz binasını qədim, yerli mədəniyyətlər üzərində qurmağa başlayırlar. Onlar muğamlardan islam dininin təbliğində, müsəlman dini mərasimlərində istifadə etməyə başlayırlar.

       Məsciddə azan verən, mərsiyyəxanlar, qəbristanlıqda fatehə, quran oxuyan mollalar təsvir olunur.

       Təsvir dəyişir. Ekranda Sufi dərvişlər ekstaz vəziyyətdə təsvir olunurlar. Meyxana ritmi üstündə muğam melodiyası tədricən yuxarı qalxır və sufilərin rəqsi təsvir olunur.

       Diktor: – 8-ci əsrdən Azərbaycanda islam ehkamlarına qarşı kəskin mövqe tutan sufi dini-fəlsəfi cərəyan yaranmağa başlayır. Sufi-dərvişlər sufi ədəbiyyatını, sufi musiqisini təbliğ edir-şaman dünya görüşlərinin izləri hiss olunan yeni sufi mədəniyyəti yaradırdılar. Azərbaydcanda ərəb istilası dövrü və bu dövrdə fəaliyyət göstərən Sufizm, hürufizm dini-fəlsəfi cərəyanların mubarizəsi, çox güman ki, muğam musiqi sənətinin inkişafına və onun bütöv Şərq aləminin musiqi mədəniyyətinə – musiqi dünya görüşünə çevrilməsinə gətirib çıxarmışdı. 11-ci əsrdə Iranda yaranmış və sonradan ətraf ölkələrə, o cümlədən Azərbaycana yayılmış «Maqam» nəzəriyyəsinin əsasını əxlaqi kamillik yolunda insanın keçirdiyi ruhi, psixoloji vəziyyətlərini təmsil edən ideya əks edir. Sufi terminlərinə görə kamillik uğrunda tədricən və ardıcıl surətdə keçilən pillələr ayrı-ayrılıqda «maqam» – dayanacaq, bir sıra «mağam»lardan ibarət «yol» isə «Maqamat» adlanır.

       Ekranda yuxarıdakı fikirlə əlaqədar belə sxem tədriclə verilir.

       Diktor: – Varlığın başlanğıc və sonu bir nöqtədə birləşməlidir kimi panteist, yəni allahı təbiətlə eyniləşdirən sufi-dini-fəlsəfi cərəyanın varlıq haqqındakı əsas prinsipi özünü bütün muğam şöbələrində və ümumiyyətlə muğam kompozisiyalarının strukturunda qabarıq şəkildə göstərir.

        (Sufizm fəlsəfəsilə əlaqədar ekranda bir nöqtədən başlayıb həmin nöqtədə bitən çevrələr göstərilir).

       Diktor: – Qədim dövrlərdə ortaya çıxmış ilk muğam musiqi formaları orta əsr azərbaycanlı musiqiçilərdən Əddülhəsən Bəhmənyar ibn-Mərzban (1066-cı ildə vəfat edib). Səfiəddin Əbdülmömin Bin Yusif Fəxir əl-Urməvi (1216-1293), Əbdülqədir Maraq (1353-1435) və digərləri tərəfindən təkmilləşdirilir, bu sahədə ciddi elmi axtarışlar aparılır.


       Ekranda adları çəkilən musiqiçilərin obrazları göstərilir.

       Diktor: – Beləliklə bu dövrdə «Andaluzadan Çinə kimi və Afrikadan tutmuş Qafqaza kimi» nəhəng bir musiqi «binasının» arxitekturası yüksəlmişdi.

       Ekranda adı çəkilən yerlər xəritədə göstərilir.

       Diktor: – Əbdülqadir Marağı bu binanı belə təsvir edirdi: 12 sütunlu, altı günbəzli başı göyləri dələn əzəmətli tikili. Sütunlar – on iki muğamlar: – Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, Isfahan, Zirəfkənd, Büzürk, Zəngulə, Rəhavi, Hüseyni və Hicaz. Günbəzlər. 6 avazat isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyyə, Güvəştdən ibarətdir.

       Ekranda 12 sütun, 6 gümbəzin şəkli göstərilir və bunların üstündə muğam adları yazılır. Teymurləngin dağıdıcı hucumları ekranda göstərilir.

       Diktor: – 14-cu əsrin axırlarına doğru baş verən ictimai, iqtisadi və siyasi dəyişiklər, yəni Azərbaycana Teymurləngin dağıdıcı hücumları, bu möhtəşəm Musiqi «binasının» divarlarının çatlamasına və sonralar isə büsbütün uçub dağılmasına səbəb olmuşdur.

       Multiplikasiya vasitəsilə «Muğam evi»nin zəlzələ nəticəsində dağılaraq qaranlığa qərq olur və zülmətdən yeni parlaq, şəffaf, rənglərdən ibarət muğam məbədi qurulur.

       Diktor: – Yaxın Şərq xalqları ucub dağılmış bu «Musiqi binasının» qiymətli «parçalarından» istifadə edərək, özlərinin «lad tikinti» ləvazimatı ilə hər bir xalq ayrılıqda özünə məxsus səçiyyəvi üslubda yeni «musiqi barigahı» tikmişlər. 15-16-cı əsrlərdə bu janrın iri kompozisiyalı muğam dəsgahlarına çevrilməsi üçün cəhdlər göstərilirdi.

       Şah Ismayıl Xətainin surəti Təbriz miniatürlərinin, xalçaların təsviri göstərilir.

       Diktor: – 16-18-ci əsrlərdə sufilərin fəlsəfi-etik təliminin Azərbaycan incəsənətinə böyük təsiri Azərbaycan dövlətinin başçısı Şah Ismayıl Xətainin sufi fəlsəfəsini dövlətin rəsmi ideologiyası kimi qəbul etməyinin nəticəsində olmuşdur. Məhz bu ideologiyanın əsasında muğam nəzəriyyəsi də inkişaf edir və yayılır.

       Sufizm fəlsəfəsi konsepsiyasının muğam konsepsiyası ilə tam uyğunluğunu nəzərdən keçirək:

       Ekranda Şaman, Şumer, Kahin obrazı və çevrənin bir nöqtədən başlayıb kulminasiyaya qalxması, sonra enmə insan həyatı, dairəsi göstərilir.

       Diktor: – Beləliklə, muasir muğam kompozisiyasının əsasını şaman, Şumer, daha sonrakı atışpərəst kahinlərin yaradıcılığının və sufi fəlsəfəsini məğzini təşkil edən həyatın bir nöqtədən başlayıb tədricən pillə-pillə inkişaf etdirib kulminasiyaya çatdırılması, «Zil» adlanan bu kulminasiyada insanın ilahi ilə qovuşması, məhz bundan sonra tədricən əvvəlki vəziyyətə qayıtması təşkil edir.

       Ekranda alov görünür. Alovun içindən «Rast» sözü hərfləri qığılcımlar saçaraq görünməyə başlayır. «Rast» yazılan filmin titri «Dəraməd» üstündə gedir. Nurani qoca «Qobustan» qayalıqları arasında peyda olur və «Muğam» haqqında şeri «Dəramədin» «Rast» sözü qurtarandan sonrakı musiqi parçası fonunda intonasiya ilə, aram-aram söyləyir:

       Daş ürüklərdə yanıb daşları sındırdı muğam,
       Haqqa düşmən olanı haqqı tanıtdırdı muğam.
       Onun hər guşəsi bir xatirə, bir canlı kitab.
       Keçilən yolları hərdən bizə andırdı muğam.

       Şer səsləndikcə Azərbaycanın qalaları, mənzərələri və ara bir qədim xəritələr göstərilir.

       Sözlərin axırında Qoca «Qobustan» qayalıqları arasında tədricən qeyb olur.

       BƏRDAŞT (Novruzi Rəvəndə) (Bu şöbəni tar, kamança və balabanın müşaiəti ilə xanəndə oxuyur).

       Çəmənlik, bulaqların şırıltılı qaynaması, bülbüllərin oxuması, çeyranların ayaq saxlayıb nəyə isə qulaq asması kadrları bir-birini əvəz edir. Ekranda sevişən iki göyərcin göstərilir. Göyərçinlər oğlan və qıza çevrilirlər. Araz və Kür göstərilir. Panorama yenidən Araz çayına qayıdır. El-oba Novruz bayramına hazırlaşır. Oğlanlar Arazın o tayındakı sevgililərin bu taya və əksinə keçirtməyə-toy mərasimlərinə hazırlıq görürlər. Baharla əlaqədar qəzəl «bərdaşt» üstündə xanəndə tərəfindən ifa edilir.

       Bahar oldu, gəl, ey dilbər,
               tamaşa qıl bu gülzarə,
       Buraxdı qonçələr pərdə bşarət
        bülbüli-zarə,
       Şəqayiq pərdədən çıxdı, boyandı
        bağ ilə bostan,
       Irişdi gülşənin hüsnü, boyandı
        rəngi əzharə.

       Bu qəzəllə bərabər novruz mövzusunda digər qəzəl də istifadə oluna bilər:

       Bahar oldu və açıldı, üzündən pərdə gülzarın,

       Irişdi qönçənin dövrü, zamanı qalmadı xarın.
       Fərəhdən qönçənin gülgün yanağı güldü, açıldı,
       Ki, mənzuri yenə güldür, çəməndə bülbüli-zarın.

       Axşam düşməyə başlayır. Göydə Zöhrə və Mərrix ulduzlarının bir-birilə sevişməsi-şüalanması göstərilir.

       MAYYƏ – (Bu şöbəni tar və balabanın müşaiətilə xanəndə oxuyur).

       Axşamdır. Tədricən Ay işıq saçır və ulduzlar sayrışırlar. Ara bir ulduzların düşməsi (sönməsi) göstərilir. Nurani qoca ocaq qarşısında oturub nə isə düşünür. Mayənin instrumental hissəsi çalınır. Qoca sakit və düşüncəli musiqinin təranələri fonunda öz daxilində bu şeri səsləndirir:

       Bir aqilin hikmətli məsləhətləridir rast.
       Tarix danışan köhnə rəvayətləridir rast.
       Aqil danışır, canlı misallar çəkir hərdən,
       Bir taleyin ibrətli həkayətləridir rast.


       Instrumental giriş bitir və xanəndə aşağıdakı şer parçasını «Mayə» avazı üstündə oxuyur:

       Atıb imzasını hər kəs varağa
       Əyləşir sakitcə keçib yerinə
       Eynəkli cənabla, təsbehli ağa
       Qalxıb əl də verir bir-birinə.

       Qoyulan şərtlərə razıyam deyə
       Tərəflər qol çəkdi müqaviləyə
       Tərəflər kim idi? Hər ikisi yad!
       Yadlarmı edəcək bu xalqa imdad?

       Musiqi səsləndikcə yarı qaranlıq vəziyyətdə iki əlin bir-birini sıxdığı və Araz çayı boyu əvvəlcə xəritədə, sonra isə Araz çayı ətrafında məftilli sərhədlər göstərilir. Bərdaştda göstərilən sevgililərdən qızlar və oğlanlar sərhəddin müxtəlif tərəflərindən intizarla bir-birinə baxırlar.

       ÜŞŞAQ – (Bu şöbəni xanəndə saz (tənbur) və balabanın müşaiətilə oxuyur).

       Bundan sonra xanəndə «Üç şərqi» parçasını oxuyur:
       Mən sənə həmişə «Buyur» – demişdim.
       Mən səndən haqqımı istəməmişdim.
       Bir işıq görüncə üfüqdə birdən,
       Səndən iynə gözü haqq istədim mən.

       Sən dedim: – De görək haqq nə deməkdir?
       Mənə bol pambığın, neftin gərəkdir.
       Dedim: – Tələbinlə buz kimi donmuş
       Köhnə yaraları gizildədirsən.
        «Gülüstan» paktında məhkum olunmuş
       Haqqını sən indi tələb edirsən?
       Dedim: – Günahımı başa sal mənə,
       Dedin: – Anlamadın məni sən yenə.
       Bilmədin, günahın bir deyil, mindir,
       Amma ən böyüyü gözəlliyindir.

       Bunun ardınca «Üşşaq» şöbəsini xanındə bu misralarla davam etdirir:
       Qoy əysin başını vüqarlı dağlar,
       Matəmi başladı böyük bir elin!
       Mərsiyə söyləsin axar bulaqlar,
       Ağılar çağırsın bu gün qız-gəlin!

       HÜSEYNI – Xanəndə balaban və dəmkəşin muşaiyətilə aşağıdakı sətrləri «Hüseyni» avazları üstündə davam etdirir:

Göy də guruldamış, deyirlər onun
Çölləri, düzləri buludlar sarmış
O göy gurultusu ulu Babəkin
Ruhuymuş, hönkürüb fəryad qoparmış!

Gülüstan kəndinin gül çiçəkləri
Bir günün içində soldu, saraldı.
Gülüstan bağlandı o gündən bəri,
Bu kəndin adında bir ləkə qaldı!

       RƏNG – Burada zəncirlənmiş xalq obrazı rəqs vasitəsilə verilir. Melodiya xor vasitəsilə sözsüz inilti kimi səslənir.

       VILAYƏTI – Bu şöbə «Neylərdin ilahi» qəzəli üstündə ifa olunur (Xanəndə tar və balaban müşaiətilə oxuyur).

Məzlumların göz yaşı dərya olaçaqmış,
Dəryaları, ümmanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olar el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, –
Bilməm belə dövranları neylərdin, ilahi?!

       Vilayəti təsnifi – Bu təsnifi kişi xoru çalğı alətləri ansamblının müşaiətilə oxuyur. Melodiya eyni zamanda rəqslə müşaiyət olunur. Bunun üçün aşağıdakı misralardan istifadə edilir:

1

Araz gəldi, yan axdı
Dibində min can axdı.
Vətən sarı baxanda
Ürəyimdən qan axdı.

Nəqarat: – Dağların sinəsi nə?
Gün qalxıb sinəsinə
Aləmə sığmaz başım
Sığıbdır sinəsinə

2

Əziziyəm gül oldum
Yandım, axır kül oldum.
Bir dilbilməz quş idim,
Oxudum, bülbül oldu.

Nəqarat.

       Təsnif ifa olunanda sahil boyu qara çərşab geymiş anaların əlləri sərhəddə uzanmış halda göstərilir.

       DILKEŞ – (Balaban, ud, tar, kamança və ney alətlərinin instrumenttal ifasında verilir).

       Elin varı-dövləti, musiqi alətləri, misgərlik-zərgərlik işləri göstərilir. Bunun önündə Qoca aşağıda verilən şer parçasını oxuyur:

Iki əsrə yaxın Babək, Cavad xan,
Hərdən təəssüflə qalxdı məzardan,
Tanıya bilmədi millətimizi.
Gördülər dağ düzə, göy yerə enmiş,
Onlardan kölələr, qullar törənmiş,
Onlar inanmadı, biz bir ərik,
O qoç igidlərdən törənənlərik.


       ŞIKƏSTEYI-FARS (Xocəstə) – Bu şöbə aşağıdakı şer nümunələrindən istifadə etməklə səslənir (Şöbənin ifasında xanəndə balaban və udun müşəiətilə iştirak edir).

Ölkənin əlindədir xeyirimiz, şərimiz,
Sərvətimiz daşındı, hey soyuldu dərimiz.
Gözümüz üfüqdədir, açılır səhərimiz,
Bizə düşən səmadan gün tutulmuş ay allah!

Illərlə məhkumluğun keşiyində dayandıq,
Özümüzə biz bunu yoxsa şərəfii sandıq?
Xoşbəxt olduğumuza inandıq, çox inandıq,
Düz yalana, haqq zora demə qulmuş,
ay allah!

       Musiqi səsləndikcə sərvətlərimizin qarət olması, daşınıb aparılması təsvir olunur. Göydə bir qartal, yerdə isə bir maral göstərilir. Qartal Marala tərəf şığıyır.

       Şikəsteyi-fars təsnifi – Təsnifi kişi xoru unison oxuyur və xalq çalğı alətləri ansablı onları müşəiət edir: rəqs ansamblı melodiyaya uyğun hərəkətlər edir.

1

Maral endi sərçeşməyə,
Sərçeşmədən su içməyə.
Bilmədi ki, pusqudadır
Bərəsində «Aman ovçu».

Nəqarat – Yaman ovçu, zalım ovçu
Qabırğası qalın ovçu.
Qaçdı, bir az aralandı
Şaraq-Şaraq! Şaraq-Şaraq.

2

Kürəyindən yaralandı
Qaçammadı... o dayandı.
Göy çemənlik qəzəl qandan
Oda yandı, oda yandı.

Nəqarat.

       IRAK – «Qız qalası» üstündə xalqı ayağa qalxmağa çağıran səhnə. Burada xanəndə tar, balaban və udun müşaiətilə aşağıdakı şer nümunəsindən istifadə etməklə oxuyurlar:

Qoy qalxsın ayağa ruhu Tomrisin!
Babəkin qılıncı parlasın yenə!
Onlar bu şərtlərə sözünü desin
Zənciri kim vurdu şir biləyinə?

Hanı bu əllərin mərd oğulları?
Açsın bərələri, açsın yolları?
Bəs hanı bu əsrin öz Koroğlusu?
Qılınc Koroğlusu, söz Koroğlusu?!

       MARŞ – Buludlar toqquşur. Ildırım çaxır. Döyüş səhnəsi, xalq qırılır. Bu səhnə fonunda aşağıdakı şeri oxunur:

Dəryalara hökm etməkdə tufan,
Səhraları sarsıtmada vulkan,
Sellər kimi axmaqda qızıl qan,
Canlar yaxar, evlər yıxar insan.
Yarəb, bu nə dəhşət, nə fəlakət?
Yarəb, bu nə vəhşət, nə zəlalət?
Yox kimsədə insafü mürüvvət,
Iblisəmi uymuş bəşəriyyət?

       PƏNCIGAH-RAK-GƏRAI şöbələri – Bu şöbələrin ifasında tar, kamança və balabanın müşaiətilə xanəndələr oxuyurlar.

       Məscidin minbərində mola libasında xanəndə görünür.

       Panorama dəfn mərasiminə keçir.

       Qırmızı qərənfil, qara bayrağa, şəhidlərin obrazlarına, yenə qara bayrağa çevrilir. Böyük insan axını azadlıq qurbanlarını aparırlar.

       Xanəndələr bir-birinin ardınca yuxarıda adları göstərilən şöbələri aşağıda verilən şer mətnindən istifadə etməklə oxuyurlar.

Canlı da, cansız da ağlayır bu gün.
Matəm içindədir ölkə büsbütün.
Qızıl qərənfillə qara bayraqlar
Xalqın kədərinə birgə qan ağlar.

Bu el faciəsinə dözmək çətin. Çox çətin!
Bəli yaman büküldü qocaman bir millətin.
Fitrətindən, soyundan ər doğulan bu xalqı
Tarix boyu mərd olan, məğrur olan bu xalqı
Necə təhqir etdilər, gör necə alçatdılar.
Mənliyini, səmini bir «sağ ol»a satdılar.

       Musiqi bitir, Onu orqan aləti əvəz edir və qara bayraqlar rəspublikamızın üç rəngli bayrağına çevrilir. Yenə orqan kəskin akkord çalır, onun üstündə isə tar rast muğamından bir avazı ifa edir. Bu avaz üstündə aşağıdakı şerlər avazla oxunur:

Tarixin ən böyük bir amalı var:
Azadlıq! Bu sözə tapınmış insan.
Azadlıq-səadət, azadlıq-bahar,
Yaranmış insanın arzularından!

Insan azadlığı ilk arzu sanmış,
Bu söz bir işıqdır insana darda
Azadlıq! Azadlıq! Tarix yaranmış
Bu amal uğrunda vuruşmalardan.

       3 rəngli bayrağımızın fonu bütün ekranı üç rəngə boyayır. Bunun qarşısında üç oğlan uşağı rənglərə uyğun geyinmişlər. Onlar «Rast» muğamının «Əraq» şöbəsinin növbə ilə oxuyurlar:

Insan azadlığı ilk arzu sanmış:
Bu söz bir işıqdır insana darda,
Azadlıq! Azadlıq! Tarix yaranmış
Bu amal uğrunda vuruşmalarda.

       Orqanda major akkordu pianissimodan fortissimoya kimi səslənir. Bu akkordun fonunda film üzərində işləyənlərin adları verilir.

FILMIN SONU

       P.S. Ssenaridə Avestadan, B.Vahabzadənin «Yollar, oğullar», «Gülüstan», «Şəhidlər», «Müğam» poemalarından, M.Ə.Sabirin. Nəsiminin qəzəllərindən və H. Cavidin «Iblis» dramından parçalardan istifadə edilmiş, eyni zamanda Ü.Hacıbəyovun, Ə.Bədəlbəylinin, sənətşünaslıq doktoru N.Rzayevin, professor M.Ismaylovun, tarzən K.Əhmədovun, sənətşünaslıq namizədi S.Bağırovanın elmi axtarışlarına istinad olunmuşdur.







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70