INTERNET SƏHIFƏLƏRINDƏ...
 

AZƏRBAYCAN MUSIQI MƏDƏNIYYƏTININ VIRTUAL ALƏMI

       Qəribədir, jurnalın hər bir nömrəsində redaksiyamızın hazırladığı yeni INTERNET saytlarından ətraflı materiallar veririk... Bəlkə də bu yeni bir ənənə kimi qavranmalıdır?

       Həqiqətən, 1999-cu ildən başlayaraq (jurnalın ilk nömrəsinin çap olunması tarixi), jurnalın yaradıcı qrupu 10 INTERNET saytı hazırlayıb və bu fakt, təbii ki, yüksək tərifə layıqdır. Razılaşın ki, həm də çox sevindirici bir haldır. Birincisi, Azərbaycan musiqi mədəniyyətinin uğurlarını bütün dünyaya tanıtdırmağa imkan yaranıb və bu baxımdan INTERNET-ə salınan hər bir məlumat bizim üçün artıq dərəcədə vacib və əhəmiyyətlidir. Eyni zamanda, bünün özü də hər bir Azərbaycan vətəndaşı üçün böyük fəxrdir.

       Onu da deyək ki, hər bir yeni saytın təqdimat mərasimi bu çətin və zəhmətli işi öhdəsinə götürmüş «Musiqi dünyası» jurnalının yaradıcı qrupu üçün demək olar ki, bir bayramdır. Əlbəttə, öz əməyinin nəticəsini görmək, onun vacibliyini hiss etmək hər hansı bir insanı çox fərəhləndirir və gələcək uğurlara ilhamlandırır. Elə fikirləşməyin ki, söhbət təkcə özümüzü tərifləməkdən gedir. Yox, sadəcə olaraq ədalət xatirinə demək lazımdır ki, bu üç il ərzində «Musiqi dünyası» jurnalının yaradıcı qrupu doğrudan da çox iş görüb, və biz hamımız buna ürəkdən sevinirik.

       Sonuncu dəfə də, qarşınızdakı jurnal çapa hazırlanan zaman, "Musiqi dünyası" jurnalının yaradıcılıq qrupu 2 yeni saytın ictimai baxışını keçirdi. Həmin saytlar haqqında ayrıca söhbət açmaq istərdim.

* * *

       Iyun ayının 11-də, imtahan sessiyasının qızğın çağında, Bakı Musiqi Akademiyasının həyatında diqqətəlayıq xüsusi bir hadisə baş verdi: "Bakı Musiqi Akademiyası" INTERNET səhifəsinin açılışı. Saytın yaradılması BMA-nın 80-illik yubileyi ərəfəsində keçirildi.

       Layihənin müəllifi BMA-nın rektoru, SSRI-nin və Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəylidir.        Saytın yaradıcılarının qarşısında 80 il ərzində BMA-nın tarixi, professor-müəllim heyəti, rektorluq, dekanlıqlar, kafedralar, uzun illər boyu keçirilən müsabiqələr və s. və i.a. haqqında tam informasiya toplamaq və sistemləşdirmək, kimi çox çətin və məsul bir iş durmuşdu: .

       Yeri gəlmişkən, qeyd etməliyik ki, həmin materialların toplanmasında «Musiqi dünyası» jurnalının yaradıcı qrupuna BMA-nın professor-müəllim heyətinin dəyərli köməyi olub və bununla bağlı redaksiya bu xeyirxah işin bütün iştirakçılarına minnətdarlığını bildirir.

       Belə bir işin yekunindan sonra, artıq inamla deyə bilərik ki, Azərbaycandakı Ali məktəblərdən heç biri bu cür sayta malik deyil, ümumiyyətlə, respublikamızda bu şəkildə saytlar yox dərəcəsindədir. Özü də söhbət təkcə saytın həcmindən getmir, baxmayaraq ki, həmin fakt da ayrıca diqqətə layiqdır (460 Mb.!). Texniki tərəqqi baxımdan saytda ən müasir və qabaqcıl imkanlardan istifadə olunub. Bir sözlə, Bakı Musiqi Akademiyası eyniadlı saytda respublika üzrə «ən yüksək intellektual və mədəni Ali Məktəblərdən biri» titulunu təstiqlədi.

       Qeyd edək ki, saytda BMA-nın yaradılması tarixindən başqa, musiqi elitasının yaradıcılığı, keçirilən müsabiqələrin şərtləri, BMA-na tələbə qəbulunun tələbləri və s. ilə yaxından tanış ola bilərsiniz. Lakin, saytda elə bölmələr də var ki, orada, necə deyərlər, «dincəlmək» də mümkündür. Məsələn, «Musiqili vernisaj» qalereyasında Ü.Hacıbəyovun «O olmasın, bu olsun», «Arşın mal alan» operettasına, C.Verdinin «Aida» operasına, bir sıra tanınmış bəstəkarlarımıza və musiqi xadimlərinə yazılmış dostluq şarjları ilə tanış oluruq. Bundan başqa, «Musiqiçilər gülür» rubrikası da var və orada həmin şəxslərin həyatından məzəli əhvalatlarla rastlaşırıq. Hətta dahi Ü.Hacıbəyovun felyetonları da orada təqdim olunub.

       Saytın texniki imkanlarından istifadə məsələsini bir qədər geniş açıqlamaq istərdik.

       "Bakı Musiqi Akademiyası" saytı mövcüd şaquli və üfiqi saytları ilə yanaşı, korporativ portallara aiddir. Yəni, bu cür ümumtəhsil portalının yaradılması, onun infrastrukturu, bir tərəfdən, INTERNET sisteminin imkanlarından kommunikasiya vasitəsi kimi istifadə edilməsi üçün, digər tərəfdən isə – distant təhsil almaq üçün əvəzsiz imkanlar yaradır. Demək olar ki, "Bakı Musiqi Akademiyası" portalı 3-cü minilliyin musiqiçiləri üçün distantn təhsil almaq prossesində həm metodoloji özül, həm də metodik işləmələr rolu oynayır. Bütövlükdə məqsədimiz təhsil softuna geniş multimediya yardımından, informasiyaya vahid bir yol açılmasından və korporativ saytların portal şəklində təşkili və istifadəsindən ibarətdir.

       Uzun illər boyu yığılmış tarixi sənədlər nəinki daxili, həm də kənar oxucular üçün hər bir rubrikaya personal yol açır, və təqdim olunan multimediya fraqmentləri hər bir şəxsin marağına səbəb olur.

       Ilk dəfədir ki, Azərbaycanda mədəni – tarixi kitabxananın yeni bir növü yaranıb: elektron kitabxana, yaxud müasir dillə desək – "mediateka". Bildiyimiz kimi "biblos" sözü yunan dilindən tərcümədə "kitab, kağız, papirus" deməkdir, "teka" sözü isə-nəyisə saxlamaq üçün xüsusi yer. Sözümüz elə başa düşülməsin ki, kitabxanaların vaxtı keçib. Yox, sadəcə olaraq, kitabxananın yeni bir funksiyası meydana gəlib – elektron kitabxana.

       Belə kitabxana hər bir sənədin tez bir zamanda axtarılıb tapılması üçün hərtərəfli imkan yaradır. Bundan savayı, saytın üstünlükləri – interaktivlik, effektli informativ axtarış, kitabxana-biblioqrafiya prosesinin avtomatlaşdırılması, informasiyanın saxlanmasının və təklifinin yeni üsulları (elektron kataloqlar, kartotekalar və s.) – hamısı bütövlükdə oxucular üçün olduqca vacibdir.

       Elektron kitabxananın şöbələrində müxtəlif janrlı musiqi əsərləri ilə tanış olmaq da mümkündür. Hətta, oxuculara Azərbaycan bəstəkarlarının klassik əsərlərinin notları da təqdim olunur. Nəhayət, saytda oxucular üçün unikal bir imkan da var: təqdim olunan əsərləri Azərbaycan musiqi sənəti korifeylərinin ifasında dinləmək imkanı.

       Təkcə yadda saxlamaq lazımdır ki, bütün yeniliklər bir şərtlə həyata keçirilir - kiberməkanda müəllif hüquqlarının qorunması şərti ilə.

       Bir sözlə, "Bakı Musiqi Akademiyası" saytı Azərbaycan Respublikasının bütün Ali məktəbləri üçün örnək sayıla bilər. Beləliklə, həmin sayt INTERNET aləminə qürürla daxil oldu.



Onun ünvanı belədir:

http://musakademiya.musigi-dunya.az







* * *

       Cəmi 3 ay sonra, sentyabr ayının 17-də respublikamızda Üzeyir musiqisi günü ərəfəsində "Musiqi dünyası" jurnalının yaradıcı qrupu yeni INTERNET saytının ictimai baxışını keçirtdı: Azərbaycanda musiqi quruculuğunun özülünü qoymuş görkəmli musiqi xadimi, dahi bəstəkar Ü.Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları" kitabının elektron versiyası (330 Mb).



Onun ünvanı:
http://musbook.musigi-dunya.az










       Layihənin müəllifi "Müsiqi dünyası" jurnalının baş redaktoru, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovdur.

       Ü.Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları" kitabını bütün klassik incəsənət qaydaları əsasında yazılmış XX əsrin musiqili-ədəbiyyat abidəsi saymaq olar. Ilk dəfə olaraq, Şərq və Qərbin çoxəsrlik nəzəri fikirlərini qovuşduran Ü. Hacıbəyov öz elmi axtarışlarında irəli gedərək, Azərbaycan milli musiqisinin təsnifatını vermişdi.

       "Azərbaycan xalq musiqisinin əsasları" kitabının INTERNET variantı elektron-sistemli məlumatların nəşri bölümünə aiddir. Müstəqil tamamlanmış sayt kimi o, çap orijinalına uyğün bütün məlumatları özündə saxlayır (səhifələr üzrə bölmələr, fəsillər, not nümunələrinin nömrələnməsi və s.) və elektron məhsul kimi geniş şəkildə istifadə imkanları yaradır.

       Qeyd etmək lazımdır ki, elektron formasında məlumatların yayılması onun çap orijinalı ilə müqayisədə daha böyük üstünlüyə malikdir. Belə ki, hər bir şəxs kitabı öyrənərkən, not nümunələrinin səslənməsini eşidə bilər, bundan başqa, hər bir lada aid Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət notlar təqdim olunub və oxucu onların səslənməsi ilə də tanış ola bilər.

       Xüsusi demək lazımdır ki, Ü.Hacıbəyovun kitabı elektron nəşri kimi ənənəvi tədris dövrünün çərçivəsini genişləndirməyə imkan verir. Veriliş və biliklərin qavranılması prosesində multimediya texnologiyalarından istifadə (musiqili nümunələrin səsləndirilməsi, hiper istinad, qrafik fayllar), nəinki çatdırma kanallarının, hətta öyrədilənin hisslərinə təsir kanallarının müxtəlifliyini nəzərdə tutur. Beləliklə, indiki zamanda, Azərbaycanda musiqi tədrisinin distant formasının, elektron dərsliklərinin hazırlanması, virtual məktəb dinləyicilərinin müstəqil işinin təşkili aktual bir məsələ kimi qarşıya çıxır.

       Təqdim olunan INTERNET səhifəsinin əsas vəzifəsi musiqili didaktikanın yeni metodunun işlənib hazırlanmasından ibarətdir. Metodik sistemin yaradılması işinə verilən bu cür tələblər başlıca olaraq Ü.Haçıbəyovun kitabında Azərbaycan məqamlarının (ladlarının) quruluşuna həsr olunmuş nəzəri materialın praktiki mənimsənilməsi xarakterilə müəyyən edilir.

       Ü. Hacıbəyovun kitabının belə bir şəkildə təqdimi yaxın zamanlarda "Harmoniya", "Polifoniya", "Azərbaycan musiqisinin tarixi" və s. dərsliklərin də elektron variantının meydana çıxacağına ümid verir. Bu da INTERNET vasitəsi ilə əsaslı təhsilalma bazası yaradılmasına xidmət edəcək.

       Bundan başqa, yaxın qələcəkdə hətta INTERNET – konfrans keçirilməsi də mümkündür ki, bu da olduqca dəyərli və maraqlı bir hadisə olardı. Bir sözlə, INTERNET-in geniş imkanları danılmazdır, və indiki zamanda inamla deyg edə bilərik ki, hətta musiqiçilər də INTERNET-in "köməyilə" təhsil ala bilərlər.

       Bir məsələyə ayrıca toxunmaq istərdik. Ü.Hacıbəyovun kitabının kiberməkanda elektron nəşrinin geniş yayılması müəlliflik hüquqlarının və ənənəvi biliklərin Ümumdünya şəbəkəsində müdafiə problemlərini aktuallaşdırır. Lakin, Ümumdünya Intellektual Mülkiyyət təşkilatının (WIPO) qəti tələbinə görə müəllif hüquqlarının qorunması üçün maddı daşıyıcıların fiksasiyası vacibdir. Fiksasiya vasitələri isə müxtəlif şəkildə təqdim oluna bilər.

       Onu da xatırladırıq ki, E-book Ü.Hacıbəyovun müəllif-mülkiyyət hüquqlarını pozmur, belə ki "Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun III hissəsinin 25-ci maddəsinə uyğun olaraq, "müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun olümündən sonra 50 il müddətində qüvvədə qalır". Bildiyimiz kimi, ilk dəfə 1945-ci ildə çap olunmuş mövcud kitab ümumistifadə sırasına aid edilir və Azərbaycan xalqının milli sərvətidir. Ən əsası da odur ki, şəbəkə icmalında Ü.Hacıbəyovun E-book kitabı Azərbaycan xalq musiqisinin məqam (ladlar) sisteminin varlığının təsdiqinə və qeydiyyatına imkan yaradacaq.

       Beləliklə, Ü.Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları" elektron kitabı elmi və tədris vəsaiti kimi şəbəkə oxucularının vətənimizə aid ənənəvi biliklərlə tanışlığına şərait yaradacaq, Şərq və Qərb musiqi elminin bilik və bilgilərinin inteqrasiyasını gücləndirəcək.

       Xüsusi qeyd etmək lazımdır ki, hər iki sayt INTERNET-ə azərbaycan, ingilis və rus dillərində təqdim olunub ki, bu da geniş ictimai faydalanmaya imkan verir.

       "Musiqi dünyası" jurnalın yaradıcılıq qrupu saytlar yaratmaq üzrə işini indi də fəal surətdə davam etdirir və yəqin ki, jurnalın qələn nömrələrində biz yeni saytlardan söhbət açacağıq. Planlarımız, arzularımız çoxdur və Azərbaycan musiqi mədəniyyətini dünya səviyyəsində ləyaqətlə təqdim etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

                                   Leyla FƏRƏCOVA

Fərhad BƏDƏLBƏYLI
Bakı Musiqi Akademiyasının rektoru, SSRI və Azərbaycan Respublikasının xalq artisti, professor «Bakı Musiqi Akademiyası» saytının layihə müəllifi

       Mən elə hesab edirəm ki, yeni texniki metodları əldə etmək indiki zamanədə çox vacibdir. Ən vacibi də odur ki, biz texniki inkişafdan geri qalmamalıyıq. Dünyanın bir çox ölkələrinin Musiqi Akademiyalarında olmuşam və orada texniki inkişafı, kitabxanaları görmüşəm, hər bir Ali məktəbin INTERNET sistemi ilə tanış olmuşam. Şahid olmuşam ki, onlar nə qədər bizdən irəlidədirlər. Əlbəttə, axır vaxtlar biz bu istiqamətdə çox iş görmüşük, lakin biz yenə də çox-çox gecikirik. Ona görə də mən hesab edirəm ki, bu iş mümkün qədər tez irəli getməlidir, biz aktiv olaraq sponsorlar, fondlar axtarmalıyıq, hətta hökumətdən də kömək tələb etməliyik.
       Müasir dövrdə informasiya mübarizəsi əsl müharibədən daha əhəmiyyətlidir, çünki bu müharibədə insanlar ictimai fikirdən qorxurlar, çəkinirlər. Demək olar ki, bütün dünyada ən vacib amil – məlumat müharibəsidir. Yəni ayrı-ayrı informasiya bloklarının arasında daima «soyuq müharibə» aparılır və bu döyüşdə biz qalib gəlməliyik və çalışmalıyıq ki, bu müharibədə bizim ən güclü ordumuz olsun. Əks təqdirdə bizim əsərlərimiz gah erməni, gah fars, gah da allah bilir nə kimi hesab olunacaq. Həmişə qabaqda və həmişə göz qabağında olmaq – bu bizim əsas məqsədimiz olmalıdır.
       Bu mənada «Musiqi Dünyası» jurnalının apardığı iş çox əhəmiyyətlidir. Qarşıda hələ çox problemlərimiz var. Biz birinci növbədə kitabxanamızı yeni texniki metodlar ilə təchiz etməliyik, yəni kitabxanamızı elektron kitabları ilə zənginləşdirməliyik.
       Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elektron kitabı bu işdə birinci və çox dəyərli addımdır və şəxsən mən öz tərəfimdən belə proyektlərə mümkün qədər kömək edəcəyəm. Hətta fikrim var ki, indiyyə kimi hazırlanan saytları birləşdirib, tamamlayıb «Azərbaycan musiqi mədəniyyəti» ümumi bir sayt təşkil edək, necə deyirlər – portal. Orada bütün bizim zəngin mədəniyyətimiz haqqında məlumat verilsin, məsələn xalq musiqisi, elmi əsərlər, görkəmli bəstəkarlarımız, o cümlədən F.Əmirov, C.Hacıyev və b. haqqında yeni saytlar, bir sözlə ən yüksək nailiyyətlərimiz barədə.
       Bir məsələ də var: indiki cavanlarımız, təəsüflər olsun ki çox nadir hallarda teatra, operaya gedirlər, kitab oxuyurlar, lakin bütün günü kompüterlər qarşısında vaxtını keçirirlər. Biz də çalışmalıyıq ki, onların daxili aləmini zənginləşdirək. Zənnimcə, Azərbaycanın gələcəyi üçün bu çox vacibdir.



Vasif ADIGÖZƏLOV
Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə heyətinin Birinci katibi,
Azərbaycan Respublikasının xalq artisti,
Dövlət mükafatı laureatı, professor


       Zaman keçdikcə, sübut olunur ki, Ü.Hacıbəyov təkrarolunmaz bir şəxs idi. Yəqin ki, Ilahi Azərbaycan xalqına ən gözəl münasibət bəsləyib ki, Üzeyir bəy kimi bir şəxs məhz bizim xalqımıza məxsus olub. Doğrudan da, Üzeyir bəy olmasaydı, biz milli musiqi mədəniyyətimizin, demək olar ki, 50%-ni itirərdik. Çünki bu gün də, musiqi mədəniyyətimizin müxtəlif sahələrində, Ü.Hacıbəyov ənənəsinin izlərini, onun qoyduğu bünövrəni daima görürük.

       Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elmi əsəri bizim musiqi elmimizin ən qiymətli nümunəsidir. Üzeyir bəy bu kitabında bizim muğamlarımızdan o qədər səlis, tam və sərrast yazıb ki, bu gün də, mən inamla deyə bilərəm ki, heç bir xalqda bizim muğamlarımız qədər tam klassik quruluşda verilən muğamlar yoxdur. Bu da şəxsən Üzeyir bəyin, eləcə də Azərbaycan xalqının böyük müvəffəqiyyətidir.

       «Azərbaycan xalq musiqisinin əsasları» kitabının INTERNET səhifəsinin yaradılması, əlbəttə, bizim musiqi elmimizdə böyük hadisədir. Hazırda imkan yaranıb ki, bütün dünyada Azərbaycan musiqisini sevənlər INTERNET vasitəsi ilə bu kitabı öyrənə bilsinlər. Zənnimcə, ən vacibi də odur ki, Azərbaycan musiqisinin əsası Azərbaycan xalq muğamlarındadır və Azərbaycan muğamlarını bilən, Azərbaycan musiqisinin bu günkü səviyyəsini də tam dərk edə bilər.

       Ona görə də mən hesab edirəm ki, «Musiqi dünyası» jurnalı, Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar Ittafaqı bu kitabın saytını INTERNET-ə daxil etməkdə çox böyük və səmərəli iş görüblər.



Elxan BABAYEV
Bakı Musiqi Akademiyasının tədris üzrə I prorektoru,
sənətşünaslıq doktoru, professor «Bakı Musiqi Akademiyası» saytının baş məsləhətçisi.


       Sözsüz ki, bu cür saytların yaradılması çox təqdirə layıqdır. Azərbaycan musiqi mədəniyyəti haqqında INTERNET-də kifayyət qədər məlumat yoxdur və elə buna görə də «Bakı Musiqi Akademiyası» saytı, eləcə də Ü. Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» kitabının elektron versiyasının INTERNET aləminə daxil edilməsi çox vacib və lazımi idi.
       Ümumiyyətlə, sovet imperiyasında oldugumuz 70 il ərzində bizim musiqi mədəniyyətimiz, demək olar ki, kölgədə qalmışdı. Və indinin özündə də, biz bir sıra Avropa, yaxud Amerika Musiqi Akademiyalarına, konservatoriyalarına yollananda görürük ki, Azərbaycan musiqisi barədə informasiya çox azdır. Lakin «Bakı Musiqi Akademiyası» saytının yaradılması və bu saytın tərkibində olan bütün kitablarımızdan – təcrübəli müəlliflərdən başlayaraq gənc musiqişünaslara qədər, böyük bəstəkarlıq və ifaçılıq məktəbimizdən ətraflı məlumat verilməsi xarici oxucular üçün bizim musiqimiz barədə tam informasiya toplamaqda geniş imkanlar yaradır.
       Bu baxımdan, Ü. Hacıbəyovun yaradıcılığına xüsusi diqqət, onun kitabının elektron variantının INTERNET-ə daxil edilməsi çox təbiidir. Ü. Hacıbəyov öz məqaləsində qeyd etdiyi kimi, «Leyli və Məcnun»dan, «Köroğlu»yadək keçən tarixi dövr ərzində, yəni 29 il ərzində o, öz yaradıcılığı və elmi fəaliyyəti ilə Azərbaycan musiqisini təqribən 3 əsr irəli atmışdır və Azərbaycan musiqi mədəniyyətini Avropa mədəniyyətinin magistral yoluna çıxartmışdır. Ona görə də elektron kitabların yaradılmasının məhz Üzəyir bəyin «Azərbaycan xalq musiqisinin əsasları» elmi əsərindən başlanması, təqdirəlayiqdir.
       Mən elə hesab edirəm ki, «Musiqi dünyası» jurnalının rəhbərliyi, eyni zamanda da Bakı Musiqi Akademiyası və Azərbaycan Bəstəkarlar Ittifaqı çox vacib iş görür və bu saytların yaradılması ilə bağlı hamını ürəkdən təbrik edirəm.



Gülnaz ABDULLAZADƏ
Bakı Musiqi Akademiyasının elmi-yaradıcıllıq və tədqiqat işləri üzrə prorektoru,
fəlsəfə elmləri doktoru,
professor «Bakı Musiqi Akademiyası» saytının məsləhətçisi


       Bu il ərzində «Musiqi Dünyası» jurnalı 2 yeni sayt yaratdı və ədalə naminə demək lazımdır ki, onların ikisi də hamımıza böyük təsir bağışladı.

       Bu saytları Azərbaycan musiqi elminə bir əmanət saymaq olar – necə deyərlər, «INTERNET Mədəniyyəti» səviyyəsində və qeyd etmək lazımdır ki, hər iki saytda həmin INTERNET mədəniyyəti özünü ən əlverişli şəkildə göstərir.

       Bizim üçün isə ən vacib cəhət odur ki, xalqımıza və elmimizə məxsus ən qiymətli əsərlərin yenidən canlanması prosesi başlanıb, özü də ən müasir vasitə ilə. Ümumiyyətlə, Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elmi əsəri Şərq və Qərb musiqisi arasında bir körpü kimi görünür və məhz bu kitabın elektron variantının yaradılması yəqin ki, elə bu səbəblə bağlıdır. Bu saytla əlaqədar xüsusi qeyd etmək istərdim ki, kitabın didaktik materialları yüksək professionallıqla seçilib. Bunlar hamısı bir də təsdiq edir ki, layihənin rəhbərliyi çox çətin və məsuliyyətli işi böyük müvəffəqiyyətlə başa çatdırdılar.

       «Bakı Musiqi Akademiyası» saytı da, məni çox sevindirir, nəhayət, bizim Musiqi Akademiyamız da dünya səviyyəsində layiqincə təqdim olunub. Arzu edərdim ki, yaxın gələcəkdə də bu istiqamətdə işlər uğurla aparılsın, «Musiqi Dünyası» jurnalı Azərbaycan musiqi mədəniyytini bütün dünyada tanıtdırsın, onun təbliği ilə məşğul olsun və bu işdə öz professional səviyyəsini, öz bədii zövqünü və xalqımıza məhəbbətini yüksək zirvədə saxlasın.

.

Ramiz ZÖHRABOV
Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə heyətinin katibi,
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq doktoru, professor Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elektron kitabının baş məsləhətçisi


       Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» kitabı artıq 3 dildə çap olunmuşdur (azərbaycan, rus, ingilis) və dünyanın bir çox ölkələrində bu kitab yayılıbdır. Çox təqdirə layiqdir ki, həmin kitab artıq elektron variantında INTERNET-də çıxmışdır və hazırda həmin vasitə ilə bu kitabdan bütün dünyada istifadə edə bilərlər.
       «Azərbaycan xalq musiqisinin əsasları» kitabı INTERNET-ə bütövlüklə düşüb və bu da çox nadir hallarda olur. Lakin, xüsusi diqqətə layiq bir cəhətdir ki, həmin kitabda didaktik material yoxdur, ancaq bu dəfə didaktik material da verilmişdir. Yəni hər bir laddan söhbət gedəndə, onun didaktik materialları da istifadə olunur, özüdə ki, səslənən didaktik materiallar, təkcə not yox, bura xalq mahnıları, xalq rəqsləri, təsniflər, rənglər, eyni zamanda da bu lada aid olan muğamlar daxildir. Sonrakı mərhələdə – bəstəkarlarımızın yaradıcılığı da mahnılardan tutmuş simfonik əsərlərə qədər orada təqdim olunub.
       Belə didaktik material bizdə yox idi. Biz dərs prosesində özümüz çalırıq, göstəririk və yaxud da plastinkalardan istifadə edirik. Amma burada bütün məlumat bir birinin ardınca verilibdir, çox aydın, şəffaf nümunələr hər bir ladı əks etdirir və bu çox önəmlidir.        Hal-hazırda, təkcə biz özümüz yox, hər bir xalq, istər elmi işi yazmaq üçün, istər tədris üçün bundan istifadə edə bilər. Lakin, unutmaq lazım deyil ki, hər bir kitab INTERNET-də çıxandan sonra heç bir kəs plagiatlıqla məşğul ola ğilməz.
       Bu il Ü.Hacıbəyovun artıq 117 yaşı tamam olub və kitabın INTERNET-ə verilməsi, əlbəttə, bizim musiqimiz üçün böyük hədiyyədir. Mən ümüd edirəm ki, bu vasitə ilə Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» fundamental əsəri bütün dünyada tanınacaq.


Cavanşir QULIYEV
bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elektron kitabının musiqi redaktoru

       Zaman-zaman milli musiqimizin təcavüzə uğramasını, xalq mahnılarımızın yabançılar tərəfindən mənimsənilməsini, hətta bəstəkarlarımızın əsərlərini oğurlayanların sayının çoxalması musiqi ictimaiyyətimizin həyəcanına və narahatlığına səbəb olur. Bu təcavüz faktlarının sayı hər gün çoxalır, artıq təhlükəli həddə yaxınlaşır. Torpaqlarımızın itirilməsi ilə bərabər musiqimizin də itirilmək təhlükəsi musiqiçilərimizin gündəlik düşüncələr siyahısının başında özünə möhkəm yer edib. Mütləq nə isə etmək lazımdır! Özü də, bu, bir-iki nəfərin işi deyil, Vətəni həqiqətən sevən, musiqimizi sevən, onun qorunması yolunda əlindən gələni əsirgəməyən hər bir kəs gərək səfərbər olsun!
       Şükrlər olsun ki, heç bir göstəriş, tapşırıq, fərman-filan gözləmədən ilk qaranquşlar artıq işə başlayıblar. Bu da – sənətşünaslıq doktoru, professor, «Musiqi Dünyası» jurnalının baş redaktoru Tariyel Məmmədov və onun yaratdığı INTERNET saytlarıdır. Ümumiyyətlə son illər o, musiqimizlə bağlı 10-a qədər INTERNET saytı yaradıb və bu saytlar daim yeni-yeni materiallarla zənginləşir.
       Sonuncu saytı, yuxarıda adı çəkilən problemlər işığında, xüsusilə əlamətdar hesab edirəm. Bu sayt, Ü.Hacıbəyovun fundamental əsəri – musiqi elmimizin baş kitabı olan «Azərbaycan xalq musiqisinin əsasları» adlı, hamımızın ömürlük dərsliyi olan, XX əsr Azərbaycan bəstəkarlıq məktəbini formalaşdıran elmi-nəzəri əsərinin Internet saytında elektron versiyasıdır. Özü də, elektron kitaba əlavə olaraq, Azərbaycan musiqisindən çox sayda nümunələr həm notla, həm də səslənmə ilə yerləşdirilmişdir.
       Arzumuz gələcəkdə bütün musiqimizi INTERNET-də yerləşdirməkdir! Belə olan halda, onları xüsuisi qorumağa artıq ehtiyac qalmayacaq, çünki INTERNET bütün dünyanın gözü önündədir və oğurluq faktı həmən aşkarlanacaqdır. Bu yolda T.Məmmədova və onun yardımçılarına uğurlar arzulayıram!











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70