TOFIQ QULIYEVIN
MAHNILARINDA POETIK MƏTNIN
VƏ MELODIYANIN ƏLAQƏLƏSI

Ceyran SABITOĞLU
 

       Azərbaycan musiqi sənətində bir çox mahnı yazan sənətkarlar olmuşdur. Onların hər biri musiqi tarixində özünəməxsus yerə malikdir. Lakin bu sənətkarlar içərisində Tofiq Quliyev və onun mahnı yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Bəstəkarın mahnılarını dinlədikdə onlara xas olan melodiklik dinləyicini valeh edir. T. Quliyevin ömür səhifələrinə nəzər salsaq, bunun heç də təsadüfi olmadığını görərik. Məlum olduğu kimi, o 30-cu illərdə ilk Azərbaycan caz orkestrinin rəhbəri olmuş, həmin illərdə muğamların, xalq mahnı və rəqs nümunələrinin nota salınması ilə fəal məşğul olmuşdur. Çox güman ki, bu iki amil birlikdə gənc bəstəkarın forma-laşmaqda olan üslubuna təsir etmiş, onun əsərlərinini musiqi dilinin ifadəliliyinə, melo-dikliyinə səbəb olmuşdur. Tofiq Quliyevin heç kimə bənzəməyən fərdi mahnı üslubu var. Bu üslubun bütün tərkib hissələrini təhlil etmək maraqlı olsa da, hazırki məqalədə əsas məqsəd bəstəkarın mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqələrini və onların səciyyəvi xüsu-siyyətlərini ü zə çıxarmaqdan ibarətdir. Bu səbəbdən biz T. Quliyevin müxtəlif illərdə yaratdığı mahnılara müraciət etmiş və onlarda mətn ilə melodiyanın hansı şəkildə uzlaşdığını müəyyənləşdirməyə çalışmışıq. Xüsusilə qeyd etmək istərdik ki, T. Quliyevin mahnı yaradıcılığı böyük və ayrıca tədqiqat sahəsini təşkil edir.

       Tofiq Quliyevin mahnılarına nəzər saldıqda görürük ki, o Azərbaycanın ən istedadlı şairlərinin sözlərinə mahnılar bəstələmişdir. Onların arasında Rəsul Rza, Nəbi Xəzri, Zeynal Cabbarzadə, Ənvər Əlibəyli və başqalarını qeyd etmək olar. Bu şairlərin poetik misralarını lirik əhvali-ruhiyyə, parlaq obrazlar qalereyası, incə qafiyə düzümü fərqləndirir. Bəstəkarın çoxsaylı mahnılarının mətn xüsusiyyətlərinin araşdırılması göstərir ki, burada istər nəqaratlı, istərsə də nəqəratsız mahnılara təsadüf olunur. Onlarda heca sayı sabit və ya dəyişkən olan poetik mətnlərdən istifadə olunur. Heca sayı sabit olan mahnı mətnləri arasında « Qızıl üzük», «Arzular», «Ağacda leylək» və bir çox başqalarını göstərmək olar.

       T. Quliyevin yaradıcılığı haqqında danışarkən onun əksər mahnılarının uğurlu taleyini, uzunömürlülüyünü qeyd etmək vacibdir. Lakin onların arasında elələri də var ki, Azərbaycan musiqi xəzinəsinə həmişəlik daxil olmuşdur. Rəsul Rzanın sözlərinə yazılmış «Qızıl üzük» mahnısı belə klassik nümunələrdəndir. «Bəxtiyar» kinofilmində unudulmaz Rəşid Behbudov tərəfindən ifa edilmiş bu mahnı tez bir zamanda böyük şöhrət qazanmışdır (onu da qeyd edək ki, istər «Bəxtiyar» kinofilmi, istərsə də bəstəkarı olduğu başqa filmlər üçün T. Quliyev bir çox gözəl mahnılar yaratmışdır). «Qızıl üzük» mahnısı nəqəratsız kuplet formasındadır. Mahnıda üç 11 hecalı şer bəndindən istifadə olunur. Onlar bir-birilə AABA prinsipi əsasında qafiyələnir:

       Üzüyümün qaşı firuzədəndir, A
       Könlüm açılmayır bu gün nədəndir. A
       Yaman gündə dost əlindən bərk yapış,B
       Dünyanın həvəsi keçib gedəndir. A

        Melodik xəttinin inkişafında maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, burada mətnin həmqafiyə A misraları aşağı hərəkətli melodik ibarələr, bəndin fərqli qafiyəyə malik üçüncü misrası isə yuxarı istiqamətli, kulminasiya xarakterli ibarələrlə səslənir.

       Nümunə ¹ 1







Yuxarıdakı nümunədən aydın olur ki, melodik ibarələr şer misralarının sətirdaxili bölgüsünə (burada 11 hecalı misra 6+5 kimi qruplaşır) uyğun olaraq bölünür. Bu da şerin quruluş xüsusiyyətlərinin mahnının melodiyasında dolğun şəkildə tərənnüm olunmasını göstərir.

       Ə. Əlibəylinin sözlərinə bəstələnmiş «Ağacda leylək» mahnısı da nəqəratsız mahnılara aiddir (bu mahnı həmçinin «Bəxtiyar» kinofilmi üçün yazılmışdır). Mahnının mətn əsasını 11 hecalı şer bəndləri təşkil edir. Bu bəndlər bir-biri ilə iki-iki qafiyələnir:

       Ağacda leylək yuva bağlar gedər, A
       Qız sevən oğlan hava bağlar gedər. A

       Ağacda alma yanağı qırmızı B
       Dər səbətə yığ onu bağban qızı B
və s.

        Üç hissəli formada bəstələnmiş bu mahnıda mətnin beş bəndinin hamısından istifadə olunur. Mahnının melodik cümlələrinin əksəriyyəti iki dəfə təkrarlanır. Bu, ilk növbədə, mahnının birinci və sonuncu hissələrinə aiddir. Həmin hissələrdə melodik ibarələr aşağı istiqamətdə hərəkət edir:

       Nümunə ¹ 2






       Mahnının orta bölməsində ibarələr təkrarlanmır, melodik inkişafda isə aşağı istiqamətli hərəkət yuxarıya doğru hərəkətlə növbələşir:

       Nümunə ¹ 3









       Nəqəratsız mahnılar sırasında növbəti nümunə Süleyman Rüstəmin sözlərinə bəstələnmiş «Azərbaycana gəlsin» mahnısıdır. Bu mahnıda da bəstəkar öz prinsiplərinə sadiq qalaraq, şerin təntənəli, vətənpərvərlik ruhlu misralarını geniş nəfəsli, ifadəli melodiyada dolğun təcəssüm etməyə nail olmuşdur. Həmin mahnının poetik mətni 14 hecalı dörd misralı bəndlərdən ibarətdir.

       Sabit hecalı mətnin mahnıda təcəssümünə daha bir nümunə – Rəsul Rzanın sözlərinə yazılmış «Axşam görüşləri» mahnısıdır. Bu mahnı da illər boyu olduqca məşhur olmuş, hətta Azərbaycan radiosunda eyni adlı verlişin musiqili girişinə çevrilmişdir. Nəqəratlı mahnılara aid bu nümunədə istər kupletin, istərsə də nəqəratın mətninin bütün misraları 7 hecalıdır:

       Ulduzlar yaxın-uzaq, A
       Düzülüb çıraq-çıraq. A
       Ulduzları çağıraq A
       Axşam görüşlərinə. B

       NƏQƏRAT:

       Hər könüldə bir bahar, C
       Gəlsin dostlar, tanışlar, C
       Gəlsin nəğməli quşlar C
       Axşam görüşlərinə. B

       Mətndən göründüyü kimi, mahnının adını müəyyənləşdirmiş misra nəqərat bölməsinin sonunda da təkrarlanaraq şerin rədifi kimi səslənir. Həmin təkrarlanan misra eyni melodik ibarə ilə birlikdə səslənir:


       Kupletdə:

       Nümunə ¹ 4







       Nəqəratda:

       Nümunə ¹ 5









       Şəkər Aslanın sözlərinə yazılmış «Lənkəran qızları» mahnısı da nəqəratsız formaya aiddir. Bu mahnının bəndləri 7 hecalı misralardan ibarətdir. Mahnının melodiyasının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, burada səkkizlik və çərək notların növbələşməsi özünəməxsus sinkopa əmələ gətirir ki, bu da dinləyici qarşısında şıltaq gənc qızların obrazını yaradır:

       Nümunə ¹ 6





       Mətnin sonuncu misrası bir neçə dəfə yekunlaşdırıcı xarakter daşıyan melodik cümlə ilə birlikdə təkrarlanır:

       Nümunə ¹ 7





       T. Quliyevin nəqəratsız mahnı formasında yazdığı digər mahnı - «Görüş» filmi üçün bəstələnmiş «Arzular» mahnısıdır. Zeynal Cabbarzadənin sözlərinə yazılmış bu mahnıda mətnin əsasını hər bənddə birinci üç misranı 11 hecalı, dördüncünü 13 hecalı misralar təşkil edir. Onların qafiyələnməsi bir qədər başqa şəkildədir: AABB. Iki bənddən ibarət bu mətndə hər iki bəndin son misrası eynidir:

       Hər yanda al-əlvan çiçək açılır, A
       Baxdıqca üz gülür, ürək açılır. A
       Bəs neçin, yerində tutmayır qərar B
       Arzular, arzular, şirin arzular. B

       «Qızıl üzük» mahnısında olduğu kimi, burada da bir şer misrasına uyğun olan melodik cümlə iki melodik ibarənin birləşməsi nəticəsində əmələ gəlir. Mətnin 11 hecalı misraları 6+5 prinsipi üzrə qruplaşdırılır:

       Nümunə ¹ 8







       Vals ritmində bəstələnmiş bu mahnının səciyyəvi xüsusiyyətlərindən biri də odur ki, burada bütün melodik ibarələr dəyişməz ritmik quruluşa malikdir:

       Digər xüsusiyyət ondan ibərətdir ki, həmqafiyə birinci və ikinci misralar nümunə ¹ 8-də göstərilən melodik cümlə ilə təkrarlanır, üçüncü misra isə kulminasiya xarakterli sual intonasiyalı melodik cümlədə səslənir. Nəhayət, mahnının dördüncü, yekunlaşdırıcı melodik cümləsində istər melodiyada, istərsə də mətndə « bölünmə» baş verir, şerdə hecalar artıq 3+3+7 şəklində qruplaşır:

       Nümunə ¹ 9





       Indi isə T. Quliyevin sayca daha çox olan heca sayı dəyişkən mətnli mahnılarını nəzərdən keçirək. Qeyd etmək lazımdır ki, bu mahnılar arasında şer ilə melodiyanın əlaqəsi nöqteyi-nəzərindən müxtəlif səpkili nümunələr var. Onlardan bir neçəsi üzərində daha ətraflı dayanmağı lazım bilirik. Zeynal Cabbarzadənin sözlərinə yazılmış «Bakı haqqında mahnı» nəqəratsız formada yazılmışdır. Mahnının mətnində 11, 8, 10 və 5 hecalı misralar növbələşir:

       Sən ana Xəzərimin sahilində, A
       Şən Bakı, şöhrətin var el dilində. A
       Hər axşam işıqlar yanır, B
       Ürəyim bir səni anır. B
       Harda olsam anam, gözüm Bakı, C
       Ey cavan Bakı, C
       Mehriban Bakı! C

       Vals ritmində bəstələnmiş mahnıda hər şer hecasına bir çərək not düşdüyü halda, bəzi səslərin yarım not və daha artıq uzadılması melodiyaya axıcı nəqledicilik gətirir. Həmin uzadılmış notlar, bir qayda olaraq, xanənin əvvəlində, vurğunun ilk, güclü payına təsadüf edir:

       Nümunə ¹ 10









       Mətnin sonunda səslənən beş hecalı misralar yekun xarakterli melodik cümlələrdə səslənir, bununda da mahnının bütün poetik və melodik məzmunu bir növ ümumiləşdirilir:

       Nümunə ¹ 11







       Mətnin melodiya ilə bir heca-bir not prinsipi ilə uzlaşmasına nümunə olaraq bəstəkarın digər mahnısını – «Möcüzələr adası» kinofilmi üçün yazdığı «Coş, dənizim» mahnısını göstərə bilərik. Burada notların metrik uzunluğu və ona uyğun olaraq, ifa tempi iki dəfə tez olsa da, həmin üsul yenə də özünü göstərir. Mahnının mətnində diqqəti cəlb edən cəhətlərdən biri odur ki, burada tez-tez təkrar olunan sözlərdən istifadə olunur. Bu təkcə birinci kupletdə deyil, digər iki kupletdə özünü büruzə verir:

       Əs, küləyim, coş dənizim. A
       Qanad açır quş kimi sularda gəmimiz B
       Dalğa bizim, tufan bizim, C
       Anamızdır bu dəniz, bu dəniz, bu dəniz. B

       NƏQƏRAT

       Qızdan bizə göy dəniz əzizdir,
        Göy dəniz əzizdir.
       Sevgilimiz dənizdir, dənizdir.

       Onu da qeyd etməliyik ki, nəqəratlı formada yazılmış bu mahnının kupletlərində 8-13, nəqəratda isə 11-7 hecalı misralar növbələşir:

       Nümunə ¹ 12








       Nümunədən göründüyü kimi, melodik cümlə iki qısa ibarənin üçüncü, ümumiləşdirmə xarakterli ibarədə birləşməsindən əmələ gəlir. Kupletdəki aşağı istiqamətli ibarələrdən fərqli olaraq, nəqəratda onlar yuxarı-aşağı istiqamətli hərəkətlidir. Nəqərat bölümü ümumilikdə çox lakonik olaraq, iki cümlədən ibarətdir (burada iki şer misrası səslənir):

       Nümunə ¹ 13







       Melodiyanın oxşar inkişafı ilə biz «Möcüzələr adası» kinofilminə bəstələnmiş «Lirik mahnı»da rastlaşırıq (sözləri Nəbi Xəzrinindir). Burada da, «Coş, dənizim» mahnısında olduğu kimi, iki qısa ibarə (hər birinin «payına» dörd heca düşür) üçüncüdə «toplanır»:

       Nümunə ¹ 14







       Nəqərat bölümündə ibarələr bir qədər genişlənir, onun başlanğıcında səkkiz hecalı misralar səslənir:


       Nümunə ¹ 15








       Nəqərat bölümü öz-özlüyündə geniş həcmə malikdir və qısa ibarələr üzərində qurulur. Onun nümunə 15-də göstərilmiş ilk fraqmentindən fərqli olaraq, sonluğu bütövlüklə dörd hecalı misralara əsaslanır:

       Nümunə ¹ 16





       Beləliklə, mahnının melodiyasında 8 və 4 hecalı misralar maraqlı şəkildə növbələşir. Yuxarıdakı nümunələrdən göründüyü kimi, bu mahnının melodiyasında da hər hecaya bir not düşür, melodiya isə sinkopalarla zəngin şəkildə təzahür edir.



       Dəyişkən hecalı mətnlərə digər nümunə Zeynal Cabbarzadənin sözlərinə yazılmış «Ilk bahar» mahnısıdır. Mahnı nəqəratsız formada yazılsa da, mətnin birinci hissəsi 12 hecalı misralardan, ikinci hissəsi isə 7 və 13 hecalı misralardan ibarətdir və bununla da mahnı bir növ iki hissəyə ayrılır. Melodiya mahnının ümumi lirik ruhuna uyğun olaraq, həzin, sanki bir nəfəsə ifa olunan melodik cümlələrdən ibarətdir. Əvvəl mahnının ilk cümləsini göstərək:

       Nümunə ¹ 17






       Mahnının ikinci bölümündə melodik ibarələr daha lakonik tərzdədir. Onlarin ikisi daha qısa, üçüncüsü isə yekun xarakterli olmaqla bir qədər uzundur (misraların heca ölçüsü belədir – 7+7+13):

       Nümunə ¹ 18







«Bəxtiyar» kinofilmi üçün yazılmış «Bakı nəğməsi»ndə (sözləri Ə. Əlibəylinindir) də mətn ilə musiqi oxşar şəkildə uzlaşır. Nəqəratlı formada yazılmış bu mahnıda kupletdə 11 hecalı misralar, nəqəratda isə 6 və 8 hecalı misralar səslənir:

       Bakı, əziz şəhər, mehriban diyar, A
       Sinəndə boy atıb oldum bəxtiyar. A
       Səndə ilk eşqimin yadigarı var. A

       NƏQƏRAT

       Sən mənim söhbətim, B
       Şərəfim, şöhrətim, B
       Tükənməz dövlətim, B
       Əzizimsən, gözəl Bakı. C

       Mətnə nəzər saldıqda görürük ki, kuplet ənənəvi olaraq dörd deyil, üç misradan ibarətdir. Kupletdəki melodik cümlələr mətnə uyğun olaraq, daha uzundur:

       Nümunə ¹ 19






       Nəqərat bölümü isə qısa-qısa ibarələrin səslənməsinə əsaslanır:

       Nümunə ¹ 20







       Kupletdə daha uzun, nəqəratda isə qısa melodik cümlələrin səslənməsi ilə T. Quliyevin «Bəxtiyar» filmi üçün bəstələdiyi digər mahısı – Ə. Əlibəylinin sözlərinə yazılmış «Sevgi valsı»nda da rastlaşırıq. Bu mahnının kupletində 11 və 13, nə-qəratında isə 3, 4, 7, 9 hecalı misralar növbələşir:

       Bir vaxt uşaq idik, dost idin mənə,        Baş açıq, ayaq yalın gəzirdik bağları.        Səni gördüm, dostum, yad etdim yenə        Bir şirin yuxu kimi ötən çağları.

       NƏQƏRAT

       Ah niyə, nə üçün
       Mən beləyəm bəs bu gün,
       Ah niyə, sənin mən
       Tuta bilmirəm əllərindən.        Nə qəşəngsən, nə gözəlsən
       Bu axşam sən əziz dost.

       Adından da bəlli olduğu kimi, mahnı vals ritmində yazılmışdır. Burada yarım not – çərək not ritmik ardıcıllaşması, demək olar ki, bütün kuplet boyu dəyişməz qalır:

       Nümunə ¹ 21







       Nəqəratda hecaların sayı kimi, bu ritm də dəyişir, beləliklə də həmin bölüm istər ritmika baxımından, istərsədə mətn baxımından kupletdən fərqlənir:

       Nümunə ¹ 22




       Nəqərat isə, artıq qeyd olunduğu kimi, üç bölümdən ibarətdir. Kənar bölümlərdə qısa melodik ibarələr səsləndiyi halda, orta bölüm öz xarakteri etibarilə kupletə daha yaxındır:

       Nümunə ¹ 24









       Göründüyü kimi, araşdırılan mahnıda nəqərat mürəkkəb bir formaya malikdir, onun quruluşunda simmetriya cizgiləri nəzərə çarpır. Buna oxşar hal ilə bəstəkarın digər mahnısı – Z. Cabbarzadənin sözlərinə yazılmış «Tez gəl» mahnısında rastlaşırıq. Nəqəratsız formada olan həmin mahnıda sətirlərin heca ölçüsü aşağıdakı kimi göstərilməlidir:

       11+10+7+8+7+5 7+6+6 7+6+6 10+7+8+7+5

       Sxemdən göründüyü kimi, qıraq bölümlərdə, cüzi dəyişikliklərlə də olsa, eyni heca sayı, orta bölümdə isə tam eyni quruluşlu misralar səslənir. Melodik cümlələr də şerin xüsusiyyətlərinə tam uyğun şəkildə qurulmuşdur. Belə ki, birinci və sonuncu bölümlərin melodik cümlələri də bir-birinin variantını təşkil edir. Orta bölümdəki iki melodik cümlə isə eyni sekvensiyanın elementlərini təşkil edir. Nümunə üçün orta bölümdən bir fraqment göstərək:

       Nümunə ¹ 25





       Sonuncu nəzərdən keçirəcəyimiz mahnı Z. Cabbarzadənin sözlərinə bəstələnmiş «Yox, yox, yox» məzəli mahnısıdır. Həmin mahnı deyişmə janrına aiddir. Məlum olduğu kimi, mahnı-deyişmələr iki cür olur – onların bir qismində mahnı iki ifaçı tərəfindən, digərində isə bir şəxs tərəfindən ifa olunur. «Yox, yox, yox» mahnısı bir ifaçı üçün nəzərdə tutulmuşdur. Nəqəratlı formada bəstələnmiş bu mahnının kuplet bəndlərində sual cümlələri 6 hecalı, cavab cümlələri isə 7 hecalıdır. Mahnıda ikinci şəxs kimi göstərilmiş gənc qızın dilindən ifa olunan nəqəratda isə 9 və 13 hecalı misralar növbələşir:

       Qara gözün badam?
       O dedi: - yox, yox, yox, yox.
       Mənə gəlsin qadan?
       O dedi: - yox, yox, yox, yox.
       Dedim: Insaf elə?
       Dedi: gülə-gülə
       Səndən yar olmaz mənə.

       NƏQƏRAT

       Düz dolan, düz otur, ay kişi,
       Yaş ötüb, deyəsən yetmişi,
       Bir dənə ağzında yox dişi.
       Bir utan, qızına aşiq olarmı adam?

       Mahnının melodiyası da özünəməxsus cizgilərə malikdir. Burada sual cümlələri yuxarı istiqamətli, cavablar isə aşağı istiqamətli hərəkətlidir. Bundan əlavə, mətndəki «yox, yox» nidaları bir-birindən pauza ilə ayrılmış notların səslənməsi ilə daha qabarıq verilmişdir:

       Nümunə ¹ 26








       Nəqəratın melodik cümlələri aşağı yönəlmiş sekvensiya şəklində hərəkət edir:

       Nümunə ¹ 27









       Beləliklə, qısa da olsa, Tofiq Quliyevin mahnılarında söz ilə musiqinin qarşılıqlı münasibətlərini nəzərdən keçirdik. Araşdırdığımız nümunələrin sayını bir neçə dəfə artırmaq da olardı – bəstəkarın zəngin yaradıcılığı buna yetərincə imkan verir. Lakin göstərilən nümunələr də bəzi nəticələrə gəlmək imkanı verir. T. Quliyevin mahnıları arasında istər sabit, istər dəyişkən heca sayına malik mətnlərə rast gəlmək olar. Onların quruluş, məzmun və heca xüsusiyyətləri melodiyada tam olaraq öz əksini tapır. Mahnıların təhlili göstərir ki, bir çox nümunələrdə kupletin mətnində hecaların sayı nəqərat bölümünə nisbətən daha artıq olur. Nəqərat bölümünə gəldikdə isə qeyd etmək lazımdır ki, burada misraların ölçüsü, bir qayda olaraq, dəyişkən olur, nəqərat bölmələri təkcə poetik mətnin quruluşuna görə deyil, melodik cümlələrin məzmununa görə də çox zaman kupletdən fərqlənir. Bunu əldə etmək üçün bəstəkar bir çox üsullardan istifadə edir – məsələn, kupletdə melodik cümlələr təkrarla nırsa, nəqəratda buna yol verilmir, kupletdə melodik ibarələr qısadırsa, nəqəratda onlar birləşdirilir və əksinə,nəqəratın həcmi bəzən geniş olur və s. Nəzərdən keçirdiyimiz mahnıların bir qismində bəstəkar bir heca - bir not prinsipindən istifadə edir, bu da musiqi dilinin lakonikliyinə səbəb olur. Buna baxmayaraq, bəstəkar öz ifadəliliyinə görə unikal melodiyalar yaratmağa müvəffəq olmuşdur. Zənnimizcə, bu işdə o mətnlə musiqini ən yüksək səviyyədə əlaqələndirmək bacarığını nümayiş etdirmişdir. Bir sözlə, həmişəlik yaddaşlarda həkk olunmuş mahnıların sirri, yəqin ki, məhz bundadır – fitri istedad, ifadəli melodiya yazmaq bacarığı, unikal şer duyumu. Bütün bunlar Tofiq Quliyevin mahnı yaradıcılığını daim maraqlı araşdarma mövzusu edəcəkdir.






Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70