«ŞAH ABBAS VƏ XURŞIDBANU»,
«ƏSLI VƏ KƏRƏM» – 90

Raziyə ƏLIYEVA
 

       Opera musiqi sənətinin ən demokratik janrı, kütlə üçün, kütləvi idrak üçün ən əlverişli növüdür. Qədim musiqi mədəniyyətinə və poeziyaya malik Azərbaycan xalqı bu janra ehtiyac duyurdu. Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyov bu ehtiyacı – xalqın, dövrün ictimai estetik tələbi kimi qiymətləndirərək əsl vətəndaş və sənətkar həssaslığı göstərmiş, yaradıcılıq təsəvvüründə uzun müddət yetişdirdiyi və az bir zaman içərisində ərsəyə gətirdiyi ilk Şərq operası olan «Leyli və Məcnun»u yaratmışdır.

       Klassik süjeti olan «Leyli və Məcnun» poeması əsl xalq musiqisi ilə, muğamlarla birləşərək uzun axtarışlar, gərgin əmək bahasına bəstəkar təxəyyülünün süzgəcindən keçmiş,nəticədə xalqın zövqünü oxşayan opera əsəri, meydana gəlmişdir. Bu, Azərbaycanda peşəkar bəstəkar musiqisinin yaranıb inkişaf etməsi üçün əsaslı istinad mənbəyi oldu. 22 yaşlı bəstəkar Üzeyir Hacıbəyovun 1908-ci il, yanvar ayının 25-də Tağıyev teatrının səhnəsində tamaşaya qoyulan «Leyli və Məcnun» operası həm də bütün Şərq musiqisində opera janrının ilk səhifəsi oldu.

       Ilk operasının uğurundan ruhlanan Üzeyir bəy Hacıbəyov bir-birinin ardınca «Şeyx Sənan» (1909), «Rüstəm və Söhrab» (1911), «Şah Abbas və Xurşudbanu» (1912), «Əsli və Kərəm» (1912), «Harun və Leyla» (1915) kimi milli operalarını yaradır.

       Bu il dahi bəstəkarımızın «Şah Abbas və Xurşudbanu» və «Əsli və Kərəm» operalarının yubiley ilidir. Hər iki opera 1912-ci ildə yaranmışdır. Lakin onların səhnə taleləri bir-birindən fərqlidir.

       Ilk tamaşası 1912-ci il, martın 10-da (23-də) Nikitin qardaşları sirkinin səhnəsində oynanılan «Şah Abbas və Xurşudbanu» operasının sujetini bəstəkar bir xalq nağılından götürüb. Operada təsvir olunan əhvalatdan görünür ki, xalq nağılları və xalq rəvayətlərinə məxsus müdrik, ibrətamiz və son dərəcə faydalı fikir müəllifin nəzərini cəlb etmişdir. Bu fikir ondan ibarətdir ki, əmək hər şeydən üstündür. Insanın ən böyük ləyaqəti və məziyyəti əməkdədir.

       Hadisələri və insanları ilə XYI əsrlə bağlı olan bu operanın təbliğ etdiyi ideya o qədər aktual və maraqlıdır ki,onun müasir səslənməsi də olduqca təbii görünür.

       Operanın librettosunda göstərilir ki, adi bir odunçu qızı olan Xurşudbanu camaat arasında aqil və ədalətli bir şah kimi tanınmış Səfəvi hökmdarlarından Şah Abbasın ona evlənmək təklifini bu şərtlə qəbul edir ki, o, bir sənət öyrənsin. Adi kəndli qızı bilir ki, şahlığa, rütbəyə etibar yoxdur və hər bir insan ancaq bir iş, sənət bacar-dığı zaman həm özünə, həm də başqalarına fayda gətirə bilər.

       
Operanın premyerasında rollarda Hüseynqulu Sarabski (Şah Abbas), Əhməd bəy Ağdamski (Xurşudbanu), Məmmədhənəfi Terequlov (Məstavər) və b. çıxış etmiş, operanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Müslüm Maqomayev olmuşdur. Tamaşanı tarzən Şirin Axundovun rəhbərlik etdiyi Şərq orkestri müşayiət etmişdir.

       Dörd pərdədən ibarət olan bu operada bəstəkar öz yaradıcılıq təcrübəsində ilk dəfə olaraq, əsl qəhrəman Şah Abbasın xasiyyətnaməsini yaratmaq üçün musiqi materialı kimi muğama əsaslanaraq musiqili teatr ünsürü olan ariyadan istifadə etmişdir ki, bu da milli operanın artıq yeni inkişaf pilləsinə qədəm qoyduğundan xəbər verir.

        «Şah Abbas və Xurşudbanu» operası o dövr üçün çox vaxtında yazılmış bir əsər idi. Belə ki, operanın yazıldığı illərdə xalqla dil tapa bilən, onun dərdlərindən xəbərdar olan, onların aradan qaldırılması üçün çarələr və yollar axtaran bir hakimə çox böyük ehtiyac duyulurdu. Əsər məhz bu ehtiyacı ödəmək üçün xalqı fikirləşməyə, bir tədbir tökməyə çağırırdı.

       XX əsrin əvvəlində çıxan əksər dövri mütbuatda «Şah Abbas və Xurşudbanu» operası yüksək qiymətləndirilmişdir. O dövrdə çıxan «Baku» qəzetinin 1912-ci il, 11 aprel tarixli sayında oxuyuruq: «Aprelin 9-da Tağıyev teatrında talantlı sa- morodok müsəlman kompozitoru Hacıbəyov cənablarının «Şah Abbas» operası oynandı… Teatr tam mənası ilə ağzınadək dolu idi. Tamaşaçılar Şah Abbasın «xalq kütləsi içərisinə girməsi hadisəsi»ni böyük diqqətlə izləyirdi… Artistlər və Hacıbəyov dəfələrlə səhnəyə çağrılırdılar».


       Dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun «Şah Abbas və Xurşudbanu» operası 20-ci illərin sonuna qədər Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında yer tutmuşdur. Operanın librettosu fars dilinə tərcümə olunaraq Iranın və Zaqafqaziyanın bir neçə şəhərində oynanılmışdır.

       1912-ci ildə Üzeyir bəyin daha bir operası səhnəyə çıxdı. Hələ tamaşaçılar «Şah Abbas və Xurşudbanu»nun sehrli təsiri altında idilər. «May ayının 18-də Mayılov teatrında Üzeyir bəy Hacıbəyovun tərtib etdiyi «Əsli və Kərəm» operası müqtədir artistlər tərəfindən tamaşaya qoyuldu… Üzeyir bəy cənablarının milli musiqişünas, qabil opera və operettaçı olduğunu inkar etməməklə bərabər, bir neçə söz deməkdən çəkinməyəcəyəm… Üzeyir bəyin bu «Əsli və Kərəm» operası «Leyli və Məcnun»dan başqa əsərlərinin ən birincisi olsa gərəkdir. Tərtibatı gözəl, musiqisi əla, xorlar yerli-yerindədir. Gözə çarpacaq bir nöqsan yoxdur. Doğrudan da «Əsli və Kərəm» belə olmalıdır. Camaatın dəxi rəğbətini qazandı. Onun üçündür ki, təkrar oynanması vəd edilmişdir». Bu sətirləri 1912-ci il, mayın 20-də çıxmış «Təzə xəbər» və «Iqbal» qəzetlərində «Əsli və Kərəm» operası haqqında yazılmış resenziyada oxuyuruq.

       O dövrün müasirlərinin xatirələrindən belə məlum olur ki, 1912-ci il, may ayının 18-də (31) Mayılov qardaşları teatrında böyük qələbəlik varmış. Üzeyir bəyin beşinci operası ilk dəfə tamaşaçıların ixtiyarına verilmişdi və həmin gecə səslənən gurultulu alqışlar əsərin yüksək hərarətlə qarşılanmasından xəbər verir.

       Ilk tamaşada əsas rollarda Hüseynqulu Sarabski (Kərəm), Əhməd bəy Ağdamski (Əsli), Məmmədhənəfi Terequlov (Keşiş), Mirzə Muxtar Məmmədov (Isfahan şahı) iştirak edirdilər. Yenə də rejissorluğu Hüseyn Ərəblinski böyük məharətlə yerinə yetirmişdi. Dirijor pultu arxasında isə sevimli bəstəkarımız özü durmuşdu.

       Üzeyir Hacıbəyovun «Əsli və Kərəm» operası muğam əsaslı milli operaları içərisində «Leyli və Məcnun»dan sonra öz demokratikliyi və xəlqiliyi ilə tamaşaçı rəğbətini qazanaraq, həm də bəstəkarın yaradıcılıq imkanlarının nəzərə çarpacaq dərəcədə artdığını, zənginləşdiyini sübut edir.

        «Əsli və Kərəm» operası lirik məhəbbət dastanının motivləri əsasında yazılmışdır. Əsərdə azad məhəbbət, insan şəxsiyyəti və qadın ləyaqətinin qorunması uğrunda mübarizə mövzusu ön plana çəkilmişdir.

       Bir-birlərini hədsiz məhəbbətlə sevən iki gənc (Əsli və Kərəm) öz arzularının həyata keçməsi üçün bir çox çətinliklərə, qadağalara sinə gərməli olurlar, bir çox sınaqlardan çıxırlar, bir-birindən ayrı düşürlər. Nəhayət, axırda, Kərəm uzun ayrılıqlardan sonra, qərib ölkələrə uzun səyahətdən sonra Əslini tapır. Lakin Əslinin atası – mürtəce fikirli erməni din xadimi olan qəddar Qara Keşiş bu izdivacın qəti əleyhinədir. Onun qarğışı Kərəmi öz ürəyinin alovu ilə yandırır, Əsli də bu ayrılığa dözməyib məhv olur.

       Dastan janrını şifahi xalq ədəbiyyatının bir növü kimi qəbul edən bəstəkar operada xalq musiqisindən, aşıq havaları və muğamlardan bəhrələnmişdir. Lakin ilk operası olan «Leyli və Məcnun»dan bir qədər fərqli olaraq, bu operasında Üzeyir Hacıbəyov xalq musiqi nümunələrinə daha yaradıcı surətdə yanaşmış, Avropa opera üslubuna xas olan elementlərdən istifadə etməyə səy göstərmişdir. Belə ki, ilk dəfə olaraq bu operada obrazların təsvirində bəstəkar leytmotiv və reçitativ üsulundan istifadə etmişdir. Bundan əlavə Qara Keşişin musiqi portreti – bütünlükdə bəstəkarın qələminin məhsuludur, həmçinin operanın orkestr epizodlarının, xor nömrələrinin bəziləri də Üzeyir bəyə məxsusdur.

       Dörd pərdədən ibarət olan «Əsli və Kərəm» operasının librettosunu, əvvəlki operalarda olduğu kimi, bəstəkar özü, xalq dastanının milli və xəlqi koloritini saxlamaqla yanaşı, opera janrının dramatik tələblərini nəzərə alaraq tərtib etmişdir.

        «Əsli və Kərəm» operasının böyük sənətkarlıq xüsusiyyətləri onun səhnə ömrünü uzatdı. Illər boyu əsər Zaqafqaziyanın, Dağıstanın, Orta Asiyanın və Iranın bir sıra şəhərlərini gəzdi, yeni quruluşlarda, yeni nəsillərin ifasında oynanıldı.

       «Əsli və Kərəm» operası bir çox opera müğənniləri üçün əsl sənət məktəbi oldu. Qulam Iskəndərov, Böyükağa Mustafayev, Qəmbər Zülalov, Əli Zülalov, Hüseynağa Hacıbababəyov, Ismayıl Eloğlu, Məmmədtağı Bağırov kimi opera müğənniləri uzun illər bu operada Kərəm, Qara Keşiş, Isfahan şahı, Şeyx Nurani kimi rolları ifa edərək əsl sənət laboratoriyası yaratmış, sonra gələn Mustafa Topçuyev, Xanlar Haqverdiyev, Şirzad Hüseynov kim ifaçılar üçün sənət məktəbi olmuşdular. Müasir səhnəmizdə isə «Əsli və Kərəm» operasında kişi rollarını Qulu Əsgərov, Əlövsət Sadıqov, Bakir Haşımov, Əli Mehdiyev, Gülağa Məmmədov, Lütfiyar Imanov, Arif Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov, Alim Qasımov kimi ifaçılar uğurla ifa etmişlər. Ilk dəfə görkəmli opera artisti, Üzeyir bəyin opera və operettalarında qadın rollarının ifaçısı Əhməd bəy Ağdamskinin ifasında səhnə üzü görən Əsli obrazı sonralar Sürəyyə Qacar, Məhbubə Paşayeva, Yavər Kələntərli, Sona Hacıyeva, Həqiqət Rzayeva, Gülxar Həsənova, Sima Haşımova, Zəroş Həmzəyeva, Si muzər Həsənova, Rəsmiyyə Sadıqovanın ifasında maraqlı səhnə həyatı yaşamış, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Məmmədova, Səkinə Ismayılova, Qəndab Quliyevanın maraqlı ifaları ilə müasir teatr tamaşaçısının rəğbətini qazanmışlar.

       1957-ci ildən «Əsli və Kərəm» operası bəstəkar Nazim Əliverdibəyovun yeni redaktəsi ilə M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dəfələrlə tamaşaya qoyulmuş, 1988-ci ildə teatrın səhnəsində yeni quruluşda oynanılmışdır.

       Dünya şöhrətli dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyov dünya musiqi mədəniyyəti tarixinə milli opera janrının yaradıcısı kimi daxil olmuşdur. Onun ölməz əsərləri sonra gələn bütün Azərbaycan bəstəkarlarının yaradıcılıq axtarışları üçün əsl sənət məktəbi olmuşdur.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70