G.G.ŞAROYEV ADINA 35 SAYLI ONBIRILLIK MUSIQI MƏKTƏBI: ƏNƏNƏLƏRIN DAVAMI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
 


       Respublikamızda çox sayda uşaq musiqi məktəbləri fəaliyyət göstərir. Musiqi məktəblərində təhsil alan uşaqların əksəriyyəti üçün bu incəsənətlə təmas vasitəsi, başqa sözlə desək, musiqi məşğuliyyətidir. Lakin musiqi sahəsində ilkin addımlar sonradan professional sənətin bünövrəsinə də çevrilir. Uşağın musiqi zövqünün formalaşmasında, ondakı istedad rüşeymlərinin inkişaf etdirilərək, yetişməsində sənətə vəsiqə verən musiqi müəllimlərinin üzərinə ciddi məsuliyyət düşür.Çünki uşağın sonradan musiqini özünə peşə seçməsi və professional musiqiçi kimi yetişməsi məhz ilk musiqi müəllimindən, geniş mənada isə musiqi məktəbində təhsilin səviyyəsindən, tədrisin ixtisas və nəzəri fənlər baxımından kompleks şəklində məqsədyönlü xarakter daşımasından çox asılıdır.
       Tədris prosesinin və müəllimlərinin yüksək professional səviyyəsi ilə seçilən musiqi məktəblərindən biri G.G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbidir. 65 ildən artıq bir dövrdə fəaliyyət göstərən bu musiqi məktəbini Azərbaycanda professional musiqi təhsilinin və fortepiano ifaçılığı məktəbinin inkişafında böyük xidmətləri olmuş mahir pianoçu, təcrübəli pedaqoq Azərbaycan respublikasının əməkdar incəsənət xadimi, professor G.G.Şaroyev təşkil etmişdir. Məktəb hal hazırda onun adını yaşadaraq, ənənələrini davam etdirir.
       G.G.Şaroyevin əsil mənada, yaradıcılıq məhsulu olan bu məktəb haqqında söhbət açmazdan əvvəl, bir qədər onun özünün həyat və fəaliyyəti barədə məlumat vermək istərdik. Zənnimizcə G.G.Şaroyevin ömür yolu həm respublikada musiqi təhsilinin inkişaf tarixinin, həm onun uzun illər boyu çalışdığı Bakı Musiqi Akademiyasının tarixinin, həm də elə 35 saylı musiqi məktəbinin tarixinin mühüm səhifələri kimi oxucular üçün maraqlı olar.
       G.G.Şaroyev 1890-cı ildə iyunun 13-də Moskvada anadan olmuşdur. O, gözəl təhsil almış, 1900- cü ildə, 10 yaşında olarkən Moskva konservatoriyasına qəbul olunmuşdur. Burada o, Q.A.Paxulski, V.I.Safonov, K.N.Iqumnov kimi məşhur pedaqoqlardan dərs almışdır. Onların ailəsi Peterburqa köçdükdən sonra isə , o, təhsilini Peterburq konservatoriyasında davam etdirmiş və görkəmli rus pianoçuları M.K.Benua və A.N.Yesipovanın tələbəsi olmuşdur. Bütün bu pedaqoqlar onun bir pianoçu və müəllim kimi yetişməsində böyük rol oynamış və Georgi Georgiyeviç sonrakı pedaqoci fəaliyyətində onların ənənlərinə əsaslanmışdır.
       Peterburq konservatoriyasını bitirdikdən sonra «Azad sənətkar diplomu» almış bu istetadlı musiqiçi 1918-ci ildə Bakıya musiqi müəllimi kimi dəvət olunmuş və taleyini ömürlük bu şəhərlə bağlamışdır. O, respublikamızda mədəniyyətin inkişafı işinə rəhbərlik edən musiqimizin korifeyləri Ü.Hacıbəyov və M.Maqomayevlə çiyin-çiyinə milli musiqiçi kadrların yetişdirilməsi ugrunda əzmlə yorulmadan çalışmışdır.
       Ü.hacıbəyov G.G.Şaroyevə böyük hörmət bəsləyir, istedadlı pianoçu və pedaqoq kimi onu yüksək qiymətləndirir, musiqi təhsili ilə bağlı məsələlərdə ona çox etibar edirdi.
       G.G.Şaroyev müəllim kimi Bakı musiqi texnikumunda fəaliyyətə başlamışdır. O, həmçinin, Azərbaycan Konservatoriyasının (indiki Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının) yaradılmasında böyük əmək sərf etmiş, 1921-ci ildən ömrünün sonuna kimi burada çalışmış, müəllimlikdən professora kimi şərəfli bir yol keçmişdir. O, uzun illər boyu ixtisas fortepiano kafedrasının müdiri (1934-1952), fortepiano fakultəsinin dekanı, sonra isə koservatoriyanın elmi və tədris işləri üzrə prorektoru olmuşdur.
       Əlbəttə ki, Bakı Musiqi Akademyasının yaradılmasının 80 illik yubileyi ərəfəsində həyat yolu respublikanın ali musiqi məktəbinin tarixi ilə çarpazlaşan bir şəxsiyyətin xatirəsinin anılması vacibdir.
       G.G.Şaroyev geniş dünyagörüşünə, nadir erudisiyaya və tükənməz yaradıcılıq qüvvəsinə malik bir şəxs idi. O, həm gözəl pianoçu və konsertmeyster kimi, həm də musiqi sənətinin müxtəlif məsələləri barədə məqalə və resenziyaların, bir sıra elmi işlərin müəllifi kimi tanınmışdır.
       Lakin o, musiqi pedaqogikası sahəsində xysusilə böyük nailiyyətlər əldə etmişdi. Müəllimlik onun həyat amalı idi. O, bütün ömrünü yüksək səviyyəli professional musiqiçi kadrların yetişdirilməsinə həsr etmiş, bununla da Azərbaycanda musiqi mədəniyyətinin inkişafına əhəmiyyətli xidmət göstərmişdir.
       G.G.Şaroyev böyük bir pianoçular nəsli yetirmişdir.Yetirmələrinin əksəriyyəti sonradan onunla birlikdə çalışaraq, Azərbaycan fortepiano ifaçılığı məktəbinin inkişafında mühüm rol oynamış, respublikanın hüdudlarından kənarda da çox məşhurlaşmışlar. Onlardan respublikasının əməkdar insəsənət xadimi, xalq artisti, professor kimi yüksək fəxri və elmi adlara layiq görülmüş Kövkəb xanım Səfərəliyeva, Elmira Nəzirova,Çingiz Sadıxov və başqalarının adlarını qeyd edə bilərik. Müxtəlif illərdə G.G.Şaroyevin sinfini bitirmiş tələbələrdən, həmçinin, V.Mustafazadə, Z.M.Stelnik, E.M.Nikomarova, I.V.Abezqauz, E.Kremer, L.N.Yeqorova, S.Xanina, Y.I.Perevertaylo, I.Q.Plyam, S.T.Daşdəmirova, F.Quliyeva, N.A.Yujanin, E.Vəlizadə, A. Abdullayev, V.Apresov, N.A.Qasımova – Şaroyeva, N.V.Tsinam – Dzqravişvili, N. Dadaşlı və başqalarını göstərmək olar. G.G.Şaroyevin yetirdiyi mütəxəsislər, eyni zamanda, onların da tələbələri hal – hazırda Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında, Bülbül adına orta ixtisas musiqi məktəbi ndə, A.Zeynallı adına Bakı Musiqi Kollecində, G.G. Şaroyev adına 35 saylı onbirillk orta musiqi məktəbində və respublikanın hüdudlarından kənarda yerləşən digər şəhərlərdəki musiqi təhsili ocaqlarında çalışırlar. Bütün bunlar G.G.Şaroyevin böyük bir ifaçılıq məktəbi yaratdığını sübut edir.
       Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev də vaxtilə G.G.Şaroyevin tələbəsi olmuş, fortepiano sənətinin sirlərini bu böyük müəllimdən əxz etmişdir.Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində saxlanılan Q.Qarayevin G.G. Şaroyeva yazdığı məktubunda belə sözlər diqqəti cəlb edir: «Siz mənə atamdan da artıq köməklik göstərmisiniz». Bu fikir G.G.Şaroyevin bir insan kimi qiymətli keyfiyyətlərini bariz şəkildə əks etdirir.
       Ümumiyyətlə G.G.Şaroyevin bir pedaqoq kimi ən gözəl xüsusiyyəti onun tələbələrinə və sənət yoldaşlarına qarşı qeyri – adi səmimi, qayğıkeş münasibəti, təmənnasız yardım etməsi idi.
       Tələbələri xatırlayırlar ki, G. G. Şaroyev tələbənin zövqünü və istedadını qiymətləndirir və onları həvəsləndirməyi bacarırdı. O, hər bir tələbəyə fərdi yanaşırdı. Bu, onun əsas pedaqoci prinsiplərindən biri idi. Buna görə də onun hər bir tələbə ilə iş metodu muxtəlif idi.
       G.G.Şaroyev tələbənin istedadını tam şəkildə üzə çıxarılmasına böyük diqqət yetirir, onun fantaziyasına sərbəstlik verirdi.O,ifaçılıq texnikasını əsərin bədii təfsirinə tabe etməyi tövsiyyə edir, ifaçılığın bədii və texniki cəhətlərini qovuşdurmağı tələbəyə öyrədirdi.Bu da çox müsbət nəticələr verirdi. O,həmçinin müəllif mətninin dürüst öyrənilməsinə, ifa olunan əsərlərin təhlilinə çox fikir verir, çalğı texnikasını artırmaq məqsədiilə tələblərə xüsusi məşğələlər təklif edirdi. Dərslərdə tələbələrə bu və ya digər əsərin təfsirini verərkən,o özü gözəl ifaçılıq qabilyyəti nümayiş etdirdi. Xüsusilə onun konsertlərdə ilhamlı çıxışları yaddaşlarda həkk olunaraq, xatirələrdə yaşayır.
       O, eyni zamanda, tələbələrin dünyagörüşünün inkişafına çox diqqət yetirir, dərsdə onlarla ədəbiyyat,təsviri sənət barədə söhbətləraparır, opera tamaşalarına və konsertlərə getməyi tövsiyyə edirdi.

       G.G.Şaroyev fəaliyyətini elmi tədqiqat və metodiki işlə əlaqələndirirdi. Elmi tədqiqatlarında o, fortepiano pedaqogikası problemlərinə böyük fikir vermiş, öz pedaqoji prinsiplərini əsaslandırmışdır. O, həmçinin, pedaqoji repertuarın zənginləşdirilməsi məqsədilə Azərbaycan xalq və bəstəkar mövzuları əsasında virtuoz transkripsiyaların yaradılmasının təşbbüskarı olmuş və bu ideya Ü.Hacıbəyovun köməyi sayəsində həyata keçirilmişdir.
       G. G. Şaroyev ictimayi işlərlə fəal surətdə məşğul olmuş , bacarıqlı təşkilatçı kimi tanınmışdır. Onun təşəbbüsü və rəhbərliyi ilə 1934-35-ci illərdə Müdafiə Nazirliyinin Bakı Dairəsi Zabitlər Evinin nəzdində fəaliyyət göstərən musiqi dərnəklərinin bazasında uşaq musiqi məktəbi təşkil olunmuşdu. Həmin məktəbə, o, əsil atalıq qayğısıyla yanaşır, onunla övladı kimi fəxr edirdi. Öz tükənməz enerjisi və təşkilatçılıq bacrığı sayəsində o, cözəl bir kollektiv yaratmış, 35 il ərzində (bunun 20 ilini isə ictimai əsaslarla) məktəbin direktoru olmuşdur.
       G.G. Şarayev bu məktəbdə dərs demək üçün öz sənət yoldaşlarını və tələbələrini, konservatoriyanın professor və müəllimlərini: S. A. Bretanitskini, S. I. Berolskini, V. T. Anşelleviçi, K. Səfərəliyevanı, Y.I. Plyamı, Y. I. Perevertaylonu, L. N. Yeqorovanı, P. I. Siroviçi, N. D. Mironovu, A.S. Şvartsı və bir çox başqalarını dəvət etmişdir. Indi həmin müəllimləri məktəbdə dərin ehtiramla xatırlayırlar. Yüksək mədəniyyətə malik bu musiqiçilər böyük əzmkarlıqla uşaqlarla təmənnasız məşğul olur, onlarda musiqiyə məhəbbət hissi aşılayırdılar.
       Tezliklə məktəb profesioanal səviyyəsi ilə diqqəti cəlb edərək respudlikada tanınmağa başladı. Məktəbin müəllim və şagirdlərinin təşkil etdikləri açıq konsertlər, musiqi lektoriyları, mühazirə – konsertlər yüksək səviyyədə keçirdi. Çox zaman G.G.Şaroyev özü də bu konsert və mühazirələrdə çıxış edirdi.
       G.G. Şaroyev özünə qarşı qeyri- adi dərəcədə tələbkar bir insan idi, həmçinin, məktəbin bütün müəllimlərindən və tələblərindən işə məsüulliyyətlə yanaşmağı tələb edirdi.
       Illər keçdikcə, məktəbi bitirən şagirdlər konservatoriyada ali təhsil aldıqdan sonra yenidən doğma məktəbə müəllim kimi qayıdaraq, öz taleyini musiqiyə bağlayırdılar.
       Məktəbdəki ruh yüksəkliyi, müəllimlərin təmənnasız, fədakar işi bəhrəsiz qalmadı.1975-ci ildə tədris prossesinin səviiyyəsinin yüksəldilməsi ilə əlaqədar olaraq, məktəb 10 illik orta ixtisas musiqi məktəbi statusu aldı.Tədris prosesinin bütün mərhələləri üzrə ixtisas və nəzəri fənlər genişləndirildi. 1961 –ci ildən isə məktəb 11 illik tənsil sisteminə keçirildi.
       1969-cu ildə G.G. Şaroyev vəfat etdikdən sonra məktəbə onun adı verildi.
       G.G.Şaroveyin ruhu sanki yenə də bu məktəbdə yaşayır.Burada keçirilən hər bir tədbirdə – istər sinif konsertlərində və imtahanlarda, yubileylərdə və musiqi sevərlər dərnəyinin toplantılarında, istərsə də müsabiqələrdə, baxış,müsamirə və festivalarda həmişə onun adı anılır, xatirəsi ehtiramla yad edilir. Musiqi məktəbinin illərdən bəri formalaşmış gözəl müəllim kollektivinin hər bir üzvü G.G. Şaroyevin ənənələrinə sadiq qalaraq, öz işi ilə məktəbin adını ucaltmağa çalışır,öz sənətinə tam məsuliyyətlə yanaşır, bu hissi şagirdlərə də aşılayırlar.
       2000-ci ildə G.G.Şaroyevin anadan olmasının 110 illiyi və onun yaratdığı 35 saylı onbirillik musiqi məktəbinin isə 65 illiyi musiqi ictimaiyyəti tərəfindən ceniş qeyd olundu. Bu yubilleylərə öz yüksək nailiyyətlərini töhvə edən 35 saylı musiqi məktəbinin kollektivinin silsilə konsertlərlə Azərbaycan Dövləi Musiqi Mədəniyyəti muzeyində, Kamera və Orqan musiqi zalında, Bakı Musiqi Akademiyasının Böyük zalında çıxışları musiqi həyatında diqqətəlayiq hadisəyə çevrildi.Yubiley ərəfəsində məktəbin respublikanın hüdudlarından kənarda yaşayan məzunlarından, G.G Şaroyevin tələbələrindən çoxlu teleqramlar gəlmişdir.G.G Şaroyevin oğlu Anton Şaroyevin və nəvəsi Nataliya Şaroyevanın yubileyə göndərdiyi teleqram xüsusilə təsirli idi.
       Mədəiyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən G.G. Şaroyev adına 35 saylı 11 illikmusiqi məktəbinin bugünkü həyatı, tədris prosesi barədə müəllim kollektivinin işi və şagirdlərin müvəffəqiyyətləri barədə bir qədər geniş danışmaq məqsədəuyğun olardı.
       Məktəbin direktoru musiqişünas Yusif Vəliyevin gözəl təşkilatçılığı və rəhbərliyi sayəsində ildən – ilə professional səviyyəsini artıran 35 saylı musiqi məktəbi bu gün respublikanın ən güclü musiqi təhsili ocaqlarından biri kimi tanınır. Məktəbdə fortepiano ixtisası, simli alətlər, nəfəs alətləri, xalq çalğı alətləri,nəzəriyyə şöbələri,o cümlədən, bəstəkarlıq sinfi, vokal, xanəndəlik muğam, xor sinifləri fəaliyyət göstərir. Burada pedaqoji işdə böyük səriştəsi olan müəllimlər çalışır.Məktəbin şagirdləri isə öz müəllimlərinin yorulmaz əməyi sayəsində konsertlərdə, festivallarda mütəmadi olaraq çıxış edir, gözəl nəticələr nümayiş etdirirlər.
       Ilk növbədə G.G Şaroyevin ənənələrinin bir başa davamı kimi məktəbin fortepiano şöbəsinin işini qeyd etmək lazımdır. Bu şöbənin aparıcı müəllimlərindən Tsiala Vaxtanqovna Tsinamdzqvarişvili, Nelufər xanım Tabasaranskaya, Irina Mixaylovna Semyonova, Irina Akimovna Qrinik və başqaları çox məhsuldar çalışırlar. Rəna xanım Qasımova – Heydərova, Stella xanım Ərəbova, Qalina Mixaylovna Zıkova, Kamran Səlimzadə kimi müyəllimlər də yaxşı iş göstəriciləri nümayiş etdirirlər. Gənc müəllimlərdən isə Səburə Mirzəyevanın, Ismət Hüseynovanın, Nuridə Suleymanovanın fəaliyyəti diqqətə layiqdir.
       Adətən müəllimin işi onun hazırladığı şagirdlərin səviyyəsinə görə qiymətləndirilir.Hər bir yadda qalan istedadlı şagird isə müəllimin fəxridir. Bu baxımdan da müəllimlərin ağır zəhmətinin bəhrəsi kimi onların yetirmələrinin əldə etdiyi nailiyyətləri qeyd etmək lazımdır.
       Ts.Tsinamdzqvarişvilinin yetirmələrindən biri, məktəbin fəxri sayılan Səriyyə Babayeva 1996, 1998, 2000-ci illərdə «Qönçə» festivallarının diplomatı, Qara Qarayev adına müsanqibənin (1999 ) diplomantı olmuşdur. 2000-ci ildə orta ixtisas musiqi məktəbləri arasında keçirilən VIII respublika müsabiqəsində III mükafata layiq görülərək , laureat adını qazanmışdır. Hal –hazırda Səriyyə Fransanın Qajjard şəhərində yerləşən Beynəlxalq Musiqi Akademiyasının I kurs tələbəsidir. Ts. Tsinamsdzqvarişvilinin istedadlı yetirmələrindən olan Yuliya Milyutina da adlarını çəkdiyimiz festival və müsabiqələrdə iştirak edərək, diplomlarla təltif edilmişdir. O cümlədən, Yuliya Nazim Əliverdibəyov adına müsabiqənin də diplomantı, A.S.Puşkinin anadan olmasının 250 illiyinə həsr edilmiş yubiley konsertinin iştirakçısıolmuşdur. Tsiala Vaxtanqovnanın şagirdlərindən Ülviyyə Vəliyeva və Ayan Ziyadxanlı da bir sıra festival və müsabiqələrin iştirakçısı olub, məktəbin cənc ümidverici pianoçularından sayılır, onların məktəb kons ertlərindəki inamlı çıxışları təqdirə layiqdir.

       Respublikada fortepiano ixtisası üzrə tanınmış pedaqoqlardan biri, özünəməxsus tədris metodikasına malik Nelüfər xanım Tabasaranskayanın şagirdləri yüksək professional hazırlıqı ilə seçilir. Onlardan N. Əlivedibəyov adına müsabiqədə III mükafata layiq görülmüş Rzayeva Fəridə bu il Tbilisidə keçiriləcək gənc musiqiçilərn Zaqavkaziya müsabiqəsində iştirak etmək üçün dəvət almışdır.
       I.Qrinikin sinfinin şagirdlərindən Aysel Abdullazadə N. Əliverdibəyov adına müsabiqənin ən gənc iştirakçısı kimi fəxri diploma layiq görülmüşdür. Bu müəllimin sinfində məşqul olan şagirdlərdən Samirə Fərəcova, Mehman Abdullayev, Ülviyyə və Süleyman Süleymanzadələr də məktəb konsertlərinin fəal iştirakçısıdır. Onu deyək ki,Ülviyyə və Suleyman Süleymanzadələr fortepiano ilə yanaşı, skripka ixtisası üzrə müəllim Səbuhi Məmməbovun da sinfində məşğul olur, həm pianoçu, həm də skripkaçı kimi bacarıqlarını numayiş etdirirlər.
       I.Semyonovanın yetirməsi Aytən Hüseynova və K. Səlimzadənin şagirdi Əziz Mürşüdlünün, Tofiq Quliyevin xatirəsinə həsr olunmuş festivalda fortepiano duetində ifa etdikləri bəstəkarların mahnıları əsasında popurri festivalın yekun konsertində xüsusi qeyd olundu.
       Hər tədris ilinin sonunda orqan və kamera musiqi zalında məktəbin hesabat konserti keçirilir.Bu konsertdə şagirdlər həm solo, xor, ansanbl nömrələrilə, həm də simfonik orkestrin müşayəti ilə çıxış edir, il ərzində qazandıqları naliyyətləri musiqi ictimayyətinə təqdim edirlər.Xüsusilə şagirdlərin Ü. Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri ilə çıxışı onlarda yüksək hazırlıq və məsuliyyət tələb edir.Hər belə bir konsertin arxasında isə gərgin iş prosesi, gündəlik məşqlər dayanır.
       Məktəbin şagirdləri dirijorlardan B.Buxin (Sankt-Peterburq ), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Teymur Göyçayev, xalq artisti, professor Rauf Abdullayevin rəhbərliyi altında həm xarici ölkə bəstəkarlarının, həm də Azərbaycan bəstəkarlarının instrumental konsertlərini ifa etmişlər. Uşaqların həvəslə ifa etdikləri əsərlərdən I.S. Baxın, L.V. Bethovenin, Y.Haydnın, V.A.Motsartın klassik fortepiano konsertlərilə yanaşı, F. Əmirov və E.Nəzirovanın «Ərəb mövzuları əsasında konserti A.Rzayev, G.Səfərəliyevanın konsertləri də çox sevilir. Xüsusi ilə dirijor T.Göyçayevin gənc pianoçularla işləməsi, onların ifaçılıq imkanlarını üzə çıxarmaqla yanaşı, həm də daha ciddi sınaqlara ruhlandırır. Maestro Rauf Abdullayevin rəhbərliyi ilə bu il S. Babayeva tərəfindən C.Gerşvinin «Rapsodiyasının və L.Eyvazova (müəllim R.Qasımova-Heydərova) tərəfindən L.V.Bethovennin III konsertinin ifası isə musiqisevərlərə əsil töhfə oldu.
       Qeyd etmək yerinə düşər ki, 35 saylı musiqi məktəbi Bakı şəhər mədəniyyət idarəsinin təşkil etdiyi «Qönçə-2000» musiqi festivalında III dərəcəli diploma layiq görülmüşdür. Bu müvəffəqiyyətin qazanılmasında məktəbin fortepiano müəllimlərilə yanaşı, digər ixtisas müəllimlərinin də böyük əməyi vardır.
       Bu baxımdan məktəbin xalq çalğı alətləri şöbəsinin fəaliyyəti diqqətə layiqdir. Bu şöbədə tar, kamança, xanəndə, saz, nağara, qanun, qarmon, balaban ixtisasları üzrə bacarıqlı müəllimlər çalışır. Onlardan respublikanın əməkdər müəllimi Ramiz Firudunbəyli, Arif Məhərrəmov, Qüdrət Məmmədov (tar), Əlbəndə Əliyev (kamança), Vüsalə Suleymanova (qarmon), və başqalarının adını çəkə bilərik.
       Istedadlı, savadlı şagirdlər yetişdirən Əlbəndə Əliyevin kamança sinfində təhsil alan Pərvanə Əliyeva musiqi qabiliyətilə seçilir. Kanon sinfi üzrə müəllim Aida Məmmədtağıyeva bu aləti uşaqlara sevdirə bilmişdir. Yüksək professional keyfiyyətlərə malik konsertmeyster Dürdanə Axundovanın xalq çalğı alətləri ifaçılarını fortepianoda müşayiət etməsi tədris proqramlarında bəstəkar əsərlərinə daha geniş yer verilməsinə şərait yaratmışdır.
       Tarzən Elbrus Məmmədyarov və kamançaçı Əlbəndə Əliyev həm də xanəndəlik sinfində kosertmeyster kimi fəaliyət göstərir, festival və müsabiqələrdə çıxış edən məktəbin gənc xanəndələrini böyük məharətlə müşaiyət edirlər.
       Xanəndəlik sinifinin müəllimi, muğam sənətinin gözəl bilicisi, Xan Şuşinski ənənələrinin davamçısı Əlisəfa Hüseyinov öz şagirdlərinə də bu ənənələri aşılayaraq, onlara muğam sənətinin dərin sirlərini öyrənməyə çalışır.Xüsusilə «Qönçə-2000» festifalında xanəndəlik sinifinin şagirdlərinin çıxışı uğurlu olmuş, Sadıxov Rəşad I mükafata, Zemfira Ibrahimova fəxri diploma layiq görülmüşlər. Gənc muğam ifaçılarının respublika müsabiqəsində Sadıxov Rəşad I mükafat, Rəcəbov Cavid III mükafat qazanmışdır.
       Məktəbdə çalışan saz ustası Qəzənfər Tağıyevin də işi təqdirə layiqdir.Onun şagirdlərinə həvəslə öyrətdiyi xalqımızın qədim saz-söz sənəti ildən-ilə daha çox diqqəti cəlb edir. Qəzənfər müəllimin həm şer qoşması, həm saz çalıb–oxuması uşaqların bu sənətə marağını artırır. Onun istedadlı şagirdlərindən Lamiyə Səfərova müəlliminin yolunun layiqli davamçısıdır. Bayramov Toğrul və Təmirov Fariz isə «Qönçə - 2000» festifalında müvəffəqiyyətlə çıxış edərək diploma layiq görülmüşlər.
       Musiqi məktəbində direktor Y.Vəlievin təşəbbüsü ilə yaradılmış xalq çalğı alətləri orkestri də fəaliyyət göstərir. Bu orkestrə təcrübəli mütəxəssis Arif Məhərrəmov rəhbərlik edir. Arif müəllimin məhz uşaqlarla ünsiyyəti, onların diqqətini səfərbər etmək bacarığı, şagirdlərə orkestrdə ifaçılıq vərdişlərini aşılaması gözəl bəhrələr vermişdir. Orkestrlə iş prosesində, həmçinin, xalq çalğı alətləri üzrə ixtisas müəllimlərinin də əməyi az olmamışdır.Orkestrin ilk çıxışı məktəbin bu ilki hesabat konsertində oldu və onun ifasında «Heyratı» zərbi muğamı böyük müvəffəqiyyətlə qarşılandı.
       Məktəbdə şagirdlərdən təşkil olunmuş daha bir ansambl fəaliyyət göstərir. Bu, skiripkaçılar ansamblıdır. Müəllim Səbuhi Məmmədovun rəhbərlik etdiyi bu ansamblın nümunəvi çıxışları rəğbətlə qarşılanır. Bununla yanaşı, simli alətlər şöbəsinin aparıcı müəllimlərindən Yuri Tolbinin və Təranə Hacıyevanın da səmərəli əməyi qeyd olunmalıdır.
       35 saylı musiqi məktəbində 20 ildən artıq bir müddətdə fakultativ bəstəkarlıq sinfi fəaliyyət göstərmişdir. Uzun illər boyu onun rəhbəri məktəbin qocaman müəllimlərindən biri, Q.Qarayevin yetirməsi A.A.Semenkov olmuşdur. Ondan sonra isə bir müddət məktəbdə çalışmış Fərəc Qarayev və Oleq Felzer bəstəkarlıq sinfinin işində yaxından iştirak etmişlər.
       Müəyyən bir dövrdə bəstakarlıq sinfinin fəaliyyəti dayandırılsada, 1996-cı ildə tanınmış bəstəkar, Q. Qarayevin yetirməsi və layiqli davamçısı, maraqlı əsərlərilə musiqi ictimayyətinin diqqətini cəlb etmiş Cəlal Abbasovun əməyi sayəsində fakultativ bəstəkarlıq sinfi öz fəaliyyətini bərpa etmiş, demək olar ki, öz ikinji həyatını yaşamağa başlamışdır.
       Onu da qeyd etmək lazımdır ki, bu sinifdə məşğul olan şagirdlər sonradan öz peşə marağını məhz bu sahəyə yönəldərək, məktəbi bitirdikdən sonra BMA-nın bəstəkarlıq şöbəsinə qəbul olunurlar. Bu da müəllim C. Abbasovun professional səviyyəsinin göstərijisi kimi diqqətə layiq faktdır. Belə ki musiqi məktəbində C.Abbasov sinfinin məzunları Səbinə Əhmədova, Şəhla Abbasova hal-hazırda BMA-nın tələbələridir. XI sinif şagirdi lazura Eyvazova da bəstəkarlıq şöbəsinə daxil olmağa hazırlaşır. Bu şagirdlər həmişə konsertlərdə öz əsəiləri ilə çıxış edərək hərarətlə qarşılanırlar. Fortepiano şöbəsinin şagirdi Ülviyyə Vəliyeva da, həmçinin, C.Abbasovun bəstəkarlıq sinfində məşğul olur. 1998-ci ildə R.Behbudov adına Mahnı Teatrında Ülviyyə öz mahnısı ilə çıxış etmiş və onu bacısı Nərmin müşayiət etmişdir.

       2000-ci ildə Cəlal Abbasov Bakı şəhər mədəniyyət idarəsi tərəfindən bəstəkarlıq üzrə yüksək səviyyəli şagirdlər hazırlandığına görə fəxri fərmanla təltif edilmişdir.
       C. Abbasov məktəbin xor kollektivi ilə də səmərəli əməkdaşlıq edir, xorun repertuarında onun əsərləri əhəmiyyətli yer tutur. Belə ki, məktəb xorunun ifasında C. Abbasovun 6 hissədən ibarət Azərbaycan uşaq folkloru nümunələri əsasında bəstələdiyi «Düzgülər» kantatası «Qönçə –1998» festivalında səslənmişdir. 2000-ci ildə respublika üzrə keçirilmiş Vətəni tərənnüm edən mahnılar müsabiqəsində «Şəhriyar qəsidəsi» III mükafata layiq görülmüşdür. «Qönçə –2000» festifalında isə bəstəkarın «Qönçəyə töhfə» və «Vətən çağırır» mahnıları böyük müvəfəqiyyət qazanmışdır. Yeri gəlmişkən, məktəbin xorunun fəaliyyətindən bir qədər ətraflı danışaq.
       Məktəbdəki xor kollektivi yarandığı vaxtdan da çox məhşur olmuşdur. Uzun illər boyu xorun rəhbəri məktəbin məzunlarından biri, hal-hazırda Sankt-Peterburq radio və televiziyası simfonik orkestirin baş dirijoru S.Qorkovenko olmuşdur. Ondan sonra bir neçə xormeyster bu kollektivlə işləmişdir. Onlardan ixtisasca vokalçı olan, məktəbdə həm vokal, həm də xor-dirijorluğu şöbəsinin müdiri V. Vlasenkonun, məhşur «Atikva» xorunun rəhbəri M.S.Şapironun fəaliyyəti məktəbin tarixinin yaddaqalan səhifələrindən olub, indi də xoş təəssuratla xatırlanır.
       Son illərdə məktəbin xoruna xormeyster Svetlana Qrişeçkina başçılıq edir.Xorun repertuarsında həm xarici ölkə bəstəkarlarının, həm də Azərbaycan bəstəkarlarının əsərləri, həm də xalq mahnı işləmələri mühüm yer tutur.
       Xor kollektivinin müxtəlif festivallarda, məktəbin hesabat konsertlərində, ənənəvi bayram konsertlərində müvəffəqiyyətli çıxışları şagirdlərin yüksək hazırlığından xəbər verir.Bu baxımdan «Qönçə-1998 və 2000» festvallarında xorun çıxışı diplomlarla qeyd olunmuşdur. Xor kollektivinin uğurları siyahısında yuxarıda qeyd etdiyimiz kimi, 2000-ci ildə « Vətəni tərənnüm edən mahnılar» respublika müsabiqəsində bəstəkar C.Abbasovun « Şəhriyar qəsidəsi»nin ifası bu müsabiqədə iştirak edən bütün kollektivlər arasında yeganə canlı ifa olmuşdur. «Qönçə-1998»-də isə C.Abbasovun «Düzgülər» kantası xorun ifasında Azərbaycan Radiosu tərəfindən lentə alınaraq, radionun fonduna daxil edilmişdir. «Qönçə-2000»də ifa olunmuş C.Abbasovun «Qönçəyə töhfə» mahnısı da çox bəyənilərək, festivalın yekun konsertində səslənmək hüququ qazanmış və çox hərarətlə qarşılanmışdır.
       Şagirdlərin böyük həvəs göstərdikləri fakultativ məşğələ siniflərindən biri vokaldır.Vokal sinifinin müəllimi Səidə Xudiyeva öz yetirməsi Şəhla Abbasova ilə fəxr edə bilər. Çünki Şəhla « Qönçə-2000» festivalında məhz vokalçı kimi diploma layiq görülmüşdür. Hazırda BMA-nın II – kurs tələbəsi kimi, görkəmli müğənni, xalq artisti, professor Xuraman Qasımovanın vokal sinfində təhsil alır.
       Güclü səsə, gözəl texnikaya malik bu istedadlı qız musiqi məktəbinin fortepiano şöbəsini (müəllim C.Səfərovanın sinfi) bitirmiş, həm vokal, həm də yuxarıda qeyd etdiyimiz kimi, bəstəkarlıq üzrə fakultativ məşğul olmuşdur. Bütün bunlar onun istedadının hərtərəfli inkişafı üçün bünövrə yaratmışdır. Belə ki, bir sıra festivallarda Ş. Abbasova öz əsərlərilə çıxış etmişdir. O cümlədən, «Qönçə – 2000» festivalında Şəhla öz sonatasının ifasına görə diplom almışdır. Orta ixtisas musiqi məktəbləri arasında keçirilən VIII respublika müsabiqəsində də Ş. Abbasova pianoçu kimi diplomla təltif olumuşdur.
       BMA-da vokalla yanaşı, Şəhla tanınmış bəstəkar Azər Dadaşovun bəstəkarlıq sinfində məşğul olur. Keçən il bəstəkarlıq şöbəsi tələbələrinin konsertində Şəhla bəstələdiyi əsərləri – sonata və prelyudiyaları pianoçu kimi, romanslarını isə vokalçı kimi ifa edərək, mütəxəssislərin diqqətini cəlb etmiş, müəllimələrinin yüksək rəyini qazanmışdır.
       Məktəbin ümidverici vokalçılarından biri də Esmira Rzayevadır.O, T. Quliyevin xatirəsinə həsr olunmuş festivialda gözəl səsi ilə münsflər heyətinin diqqətini cəlb etmişdir.
       Göründüyü kimi, musiqi məktəbində şagirdlər bir neçə ixtisasa yiyələnirlər, bu da onların musiqi istedadının hərtərəfli üzə çıxmasına şərait yaradır.
       Məktəbdə uşaqların estetik tərbiyəsinə də çox böyük fikir verilir. Bu baxımdan, nəzəriyyə şöbəsinin müəllimlərinin əməyi əvəzolunmazdır.
       Hər tətildə Alla Konstantinovna Fyodorovanın şagirdlərini Musiqi mədəniyyəti muzeyinə və digər muzeylərə aparması onların dünyagörüşlərinin genişləndirilməsinə böyük təsir göstərir. Bununla yanaşı, A.K.Fyodorovanın dünya bəstəkarlarının anadan olduğu tarixləri mühazirələrlə qeyd etməsi ənənə halını almışdır. «Musiqi entuziastları» klubunun fəaliyyəti də diqqətə layiqdir. Əvvəllər müəllimlərdən L.Y.Kunakovanın və I. Y. Zininanın, indi isə N. Ismayılovanın rəhbərlik etdiyi bu klubun məşğələlərində xarici ölkə və Azərbaycan bəstəkarlarının tədris proqramına daxil olmayan əsərlərini dinləyirlər. Eyni zamanda, bu məşğələlərdə şagirdlər özləri də bu və ya digər bəstəkarın yaradıcılığı, musiqi cərəyanları haqqında hazırladıqları mülahizələri oxuyur və müzakirə edirlər.

       Solfecio, harmoniya, musiqi ədəbiyyatı, musiqi əsərlərinin təhlili kimi fənlərin tədrisində L.Y. Kunakova, I. Y. Zinina, N.Ismayılova, Z.Iskəndərova kimi yüksək ixtisaslı müəllimlər öz bilik və bacarıqlarını əsirgəmirlər. Onların əməyi sayəsində hər il məktəbin məzunları qabiliyyət imtahanlarını müvəffəqiyyətlə verərək, Bakı Musiqi Akademiyasına, Mədəniyyət və Incəsənət Universitetinə qəbul olunurlar.
       Gənc nəzəriyyə müəllimlərindən Könül Kərimova, Rəna Pənahova, Vəfa Həziyeva da şagirdlərə hərtərəfli biliklər aşılamağa çalışırlar.
       Bütün bunlar, əlbəttə ki, 35 saylı onbirillik musiqi məktəbinin müəllim və şagird kollektivinin yüksək göstəriciləri, nailiyyətləri kimi təqdirəlayiqdir.
       Onu da deyək ki, məktəb 1980-ci illərdə itirdiyi orta-ixtisas musiqi məktəbi statusunun bərpa etmək uğrunda əzmlə çalışır. Inanırıq ki, məktəb tam layiq olduğu bu statusu bu günkü fəaliyyəti ilə, müstəqil respublikamızın musiqi mədəniyyətinin yüksəldilməsi naminə əməyini əsirgəməyən, Azərbaycan incəsənətini irəli apara biləcək professional musiqiçilərin hazırlanmasını özünün vətəndaşlıq borcu hesab edən müəllim kollektivinin səyi ilə qazanacaqdır.
       Azərbaycan professional musiqi təhsilinin beşiyi başında duran şəxslərdən biri olmuş G.G. Şaroyevin adını daşıyan məktəbin yarandığı dövründən bu günə kimi məhz professional milli musiqiçi kadrların yetişdirilməsində böyük xidmətləri vardır. Illər boyu onun məzunlarının adı respublikamızın qabaqcıl mədəniyyət xadimləri sırasında, Bakı Musiqi Akademiyasının tələbə və müəllim kollektivinin ön cərgəsində çəkilir, həmçinin, onların xoş sorağı xarici ölkələrdən gəlir. Əminik ki, bu gün G.G.Şaroyevin musiqi təhsili sahəsindəki ənənələrini yaşadan və inkişaf etdirən məktəb nümunəvi bir musiqi təhsili ocağına çevrilərək, bu ənənələri gələcək nəsillərə çatdıracaq.





Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70