QIRX YAŞLI MUSIQI MƏKTƏBI
Ariz Abduləliyev
 


       Azərbaycanda musiqi mədəniyyətinin inkişafında hər bir şəhər və rayonun, hər bir bölgənin özünəməxsus rolu və əhəmiyyəti var. Əgər respublikanın musiqi mədəniyyəti, musiqi həyatı bütöv bir sistemdirsə, ayrı-ayrı şəhər və rayonların hər birinin musiqi həyatı və musiqi mədəniyyəti bu sistemin ayrılmaz tərkib hissələridir. Əslində, bu hissələr olmasa, bütöv bir sistem mövcud ola bilməz.
       Şəhər və rayonlarda müxtəlif mədəniyyət ocaqları, musiqi kollektivləri, musiqi-təhsil müəssisələri, həmçinin ömrünü sənətə bağlayan sənət adamları özünəməxsus fəaliyyətləri ilə yerlərdə musiqi mədəniyyəti sahələrində müəyyən işlər görür, bu sahədə insanlara xidmətlər göstərir, musiqi sənətini yaşadır, sənətin davamçılarını yetişdirir və beləliklə də, musiqi mədəniyyətimizin yaşamasının, inkişafının bilavasitə iştirakçılarına çevrilirlər.
       Bu fikirləri sözün tam mənasında Əli Bayramlı şəhər yeddiillik uşaq musiqi məktəbi haqqında da söyləmək olar. Ilk baxışdan qəribə görünə bilsə də, bu, həqiqətdir.
       Əli Bayramlı şəhərinin musiqi məktəbi indiyə qədər ölkədə musiqi kadrlarının yetişdirilməsində, uşaq və gənclərin musiqi tərbiyəsində, insanlara mədəni xidmət göstərilməsində çox dəyərli işlər görtmüşdür. Nəzərə alaq ki, professional musiqi təhsilinin ilk pilləsi məhz uşaq musiqi məktəbindən başlayır və mövcud musiqi təhsili sistemində həmin ilk pillə olmadan, ali pillələrə də çatmaq qeyri-mümkündür. Bu baxımdan Əli Bayramlı uşaq musiqi məktəbi 40 illik fəaliyyəti ərzində yalnız şəhərin deyil, ümumən respublikanın musiqi-mədəni tərəqqisinə xidmət etmişdir və məktəbin hər cür tərifə mənəvi haqqı çatır.
       Əli Bayramlı şəhər musiqi məktəbinin 2001-ci ilin may ayında 40 yaşı tamam olmuşdur. Uşaq musiqi məktəbi üçün bu yaş, bu fəaliyyət əlbəttə, böyük göstəricidir, böyük yaşdır.Qırx illik yubileyini keçirmək, həm də nailiyyətlərlə, təntənə ilə keçirmək hər musiqi məktəbinə nəsib olmur. Qırx il ərzində yaşamaq, uğurla fəaliyyət göstərmək, respublikada nüfuz qazanmaq və bu nüfuzu, bu hörməti həmişə saxlamaq hər mədəniyyət ocağına nəsib olmayan xoşbəxtlikdir. Əli Bayramlı musiqi məktəbi 40 illik fəaliyyəti ərzində tədris illərini uğurla yola salmış, öz vəzifəsini layiqincə yerinə yetirmiş, hər gələn yeni dərs ilini üzüağ qarşılamışdır. 40 illik ömrü ərzində musiqi məktəbi şəhər əhalisi qarşısında, respublikanın musiqi ictimaiyyəti, musiqi pedaqoqları, əlaqədar təşkilatlar qarşısında daim başı uca olmuşdur. Elə buna görə də məktəbin yubileyi bütün şəhər ictimaiyyəti üçün, şəhərin mədəni həyatı üçün, bu məktəbi yaxından tanıyan mütəxəssislər üçün böyük mədəniyyət bayramına, xüsusi bir hadisəyə çevrildi və bu cür əhval-ruhiyyə ilə də qeyd edildi. Şəhər icra hakimiyyətinin, mədəniyyət şöbəsinin, təhsil işçilərinin, çoxsaylı valideynlərin, ziyalıların, respublika Təhsil nazirliyi və Mədəniyyət nazirliyi əməkdaşlarının birgə iştirakı ilə keçirilən yubiley tədbirində məktəbin məzunları, müəllim və şagirdləri də öz ürək sözləri ilə çıxış etdilər.
       1961-ci ilin avqustun 1-dən fəaliyyətə başlayan musiqi məktəbində ilk əvvəl 4 (tar, kamança, fortepiano və akkardeon) ixtisas tədris edilirdisə, hazırda 9 ixtisas üzrə 670 şagird təhsil alır. Bu gün məktəbdə şagirdlərin musiqi təhsili ilə yüz nəfər müəllim məşğul olur.
       Qeyd etmək önəmlidir ki, müəllimlərin böyük əksəriyyəti həmin musiqi məktəbini bitiriblər. Müəllimlərin altı nəfəri ali təhsilli, digərləri orta ixtisas təhsillidirlər. Ümumiyyətlə 40 il ərzində bu məktəbi 3094 şagird bitirmişdir. Bunlardan 178 nəfəri öz ixtisaslarını musiqi ilə bağlamış, respublikanın ali və orta ixtisas məktəblərini bitirmişlər. Məktəbin məzunlarından hal-hazırda burada işləyənlərdən başqa 78 nəfəri respublikanın digər şəhər və rayonlarında, uşaq və orta ixtisas musiqi məktəblərində, həmçinin ali musiqi məktəbində öz ixtisaslarına uyğun dərs deyirlər. Göründüyü kimi, məktəbin kadr sahəsindəki uğurları həqiqətən də böyükdür, fərəhləndiricidir. Şübhə yox ki, Əli-Bayramlı məktəbi bu gün də gələcəyin peşəkar musiqi müəllimlərini və ifaçılarını yetişdirməkdə uğurla davam edir.
       Başqa bir məsələni də qeyd etmək yerinə düşər. 60-90-cı illər ərzində respublikanın orta ixtisas musiqi məktəblərini, Konservatoriyanı müxtəlif ixtisaslar - tar, kamança, balaban, zərb alətləri, skripka, qarmon, musiqi nəzəriyyəsi, musiqişünaslıq, fortepiano, xor dirijorluğu ixtisasları üzrə bitirən yüzlərlə mütəxəssis ilk pedaqoji təcrübəsini məhz Əli Bayramlı musiqi məktəbində işləməklə qazanmış, sonra Bakının orta ixtisas və xüsusi təmayüllü məktəblərdə müəllimlik fəaliyyətlərini davam etdirmiş və, beləliklə, Əli Bayramlıda qazandıqları ilk təcrübə sayəsində uğurlar qazanmışlar.
       Şəhər əhalisi də, yaşlı nəsil müəllimlər də həmişə deyirlər ki, Əli Bayramlının musiqi məktəbi çörəkli yerdir və buranın çörəyi bu gün çox insanlara qismət olub. Əlbəttə, həqiqətə uyğun fikirdir. Çünki müəllim zəhməti həmişə halal işdir, xeyirli əməldir. Çünki insanlar həyatda bütün mərtəbələrə müəllim zəhməti sayəsində çatır və maddi-mənəvi durumlarını bu zəhmət sayəsində təmin edirlər. Bu baxımdan, Əli Bayramlı musiqi məktəbində vaxtilə təhsil alanlar öz əmək fəaliyyətlərinə neçə il əvvəl ilk dəfə bu məktəbdə qədəm qoysalar da, həmin bu təhsil ocağını daim minnətdarlıqla xatırlayırlar.
       Şəhərin musiqi məktəbi respublikada ad-san, nüfuz qazanmış məktəblərdəndir. Bu ad-san, bu nüfuz isə illər ərzində müəllimlərin, şagirdlərin, məzunların uğurları ilə, tədris-təlim işlərinin düzgün qurulması ilə, müəllimlərin öz peşə borclarına məsuliyyətli münasibəti ilə qazanılıbdır. 40 il ərzində məktəbin qazandığı nailiyyətlərdə direktor, tədris-hissə müdiri işləmiş şəxslərin, müəllimlərin hər birinin, bütün işçilərin özünəməxsus əməyi və payı vardır. Məktəb bu ad-sanı təkcə tədris işindəki müsbət göstəriciləri ilə deyil, həm də səliqə-sahmanı, təmizliyi, tərtibatı, əyani vəsaitləri, şəraiti ilə qazanıbdır.
       Məktəbin yubileyinə toplaşanlar, o cümlədən, təhsil və mədəniyyət nazirliklərindən dəvət almış hörmətli qonaqlar bu təhsil ocağının keçdiyi fəaliyyət yolu nailiyyətləri istedadlı yetirmələri və şagirdləri barədə, rəhbərlik barədə ürək dolusu danışdılar, müəllim və işçi kollektivinə təşəkkür etdilər. Xüsusilə Əli Bayramlı şəhər Icra Hakimiyyəti başçısı S.Qəhrəmanovanın və Icra hakimiyyətinin məsul işçilərinin bu yubileydə iştirak etmələri və olduqca maraqlı çıxışları - təbrikləri tədbirə toplaşanlar tərəfindən rəğbətlə qarşılandı və şəhər mədəniyyətinə göstərilən diqqət kimi qiymətləndirildi. Çox səmimi və təntənəli şəkildə keçən rəsmi bölmədən sonra müəllim və şagirdlərin iştirakı ilə yubiley konserti verildi.
       Məktəbin yubileyi münasibətilə öz fikirlərini oxucularla bölüşdürmək istəyənləri təqdim edirik.
       Sədaqət Qəhrəmanova – Əli Bayramlı şəhər Icra Hakimiyyətinin başçısı:
       - Həyatım, ictimai-siyasi və əmək fəaliyyətim həmişə bu şəhərlə, şəhərin inkişafı ilə bağlı olub. Müxtəlif illərdə məsul, rəhbər vəzifələr tutduğum üçün bütün imkanlarım daxilində Əli Bayramlının bir sənaye şəhəri kimi inkişafına, bu gözəl şəhərin mədəniyyətinin tərəqqi etməsinə çalışmışam.

       Mən bu şəhərin həyatı ilə bağlı bir siyasi-tarixi həqiqət üzərində dayanmaq istərdim. Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişindən sonra respublikanın şəhər və rayonlarında olduğu kimi Əli Bayramlıda da bütün sahələr üzrə həyat durmadan fəallaşmağa başladı. Həmin dövrlərdə Əli Bayramlı sənaye kompleksindən ibarət bir şəhər kimi dayanmadan, günbəgün çiçəklənib inkişaf etməyə istiqamət aldı. Xatırladım ki, bu şəhər nəinki respublika miqyasında, hətta SSRI miqyasında tanınırdı. Burada Ittifaq əhəmiyyətli sənaye obyektləri işləyir və istehsalla məşğul olurdu. Əli Bayramlı az zaman içərisində bütün Ittifaqda əhəmiyyətli sənaye şəhəri, neftçilər və energetiklər şəhəri kimi tanındı. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi sayəsində Əli Bayramlı respublika və Ittifaq səviyyəli mədəniyyət tədbirlərində, festivallarda, mədəniyyət sahələri üzrə müxtəlif müsabiqələrdə uğurla iştirak edərək, həm də inkişaf etmiş bir mədəniyyət şəhəri ki mi tanındı. Nəzərə alaq ki, Əli Bayramlıda 1961-ci ildə musiqi məktəbi yaradılarkən o qədər də lazımi kadrlara, imkanlara malik deyildik. Bununla belə məktəbin yaranması şəhərin mədəni həyatında mühüm bir hadisə idi və şəhərdə mədəniyyətin inkişafında təsiredici gücə malik olmuşdur. Heydər Əliyev Azərbaycanın hər yerində əhalinin mədəni səviyyəsinin yüksəlməsinə daim xüsusi diqqət və qayğı ilə yanaşırdı. 70-ci illərin əvvəllərindən etibarən şəhərin mədəniyyət işlərində bir canlanma, tərəqqi, bir fəallıq yarandı. O cümlədən, şəhər musiqi məktəbi də məhz həmin illərdən etibarən daha real perspektivlər əldə etdi. Əvvəllər musiqi məktəbi hansısa isə təsərrüfat idarəsinə məxsus və bir neçə sinifdən ibarət kiçik bir yerdə yerləşirdisə və məktəbin müəllim, şagird heyəti çox kiçik idisə, bu göstəricilər 70-ci illərdən etibarən köklü surətdə dəyişdi. Musiqi məktəbinin şagirdləri respublika müsabiqələrində uğurla çıxış edərək, məktəbin nüfuzunu daha da artırdılar. Məktəbin ayrıca binasının olması, şərait və imkanla rının xeyli yaxşılaşması sayəsində burada ixtisaslı pedaqoji kadrların da işləmək marağı artdı, şagirdlərin sayı çoxalmağa başladı. Mən 70-80-ci illərdə işləmiş məktəb direktorlarından Miryusif Manafovun, Oqtay Həsənovun və Nazim Kazımovun məktəbin nailiyyətlər qazanmasında xidmətlərini xüsusi ilə qeyd etmək istəyirəm.
       Bu gün isə məktəbin bütün imkanları və göstəriciləri əvvəlki illərlə nisbətən on dəfələrlə irəli gedibdir. Şəhərin ictimai tədbirlərini, mədəni həyatını musiqi məktəbi olmadan təsəvvür etmək mümkün deyil. Təhsil alan şagirdlərin musiqi tərbiyəsi, musiqi zövqü ilə tərcübəli, ixtisaslı müəllimlər məşğul olurlar. Biz şəhərin mədəniyyətinin, mədəniyyət ocaqlarının inkişafı üçün, əhaliyə mədəni xidmət işinin daha da yüksək səviyyəyə çatması üçün əlimizdən gələni əsirgəmirik. Möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin ölkədə yaratdığı siyasi sabitlik bütün sahələrdə olduğu kimi təhsil və mədəniyyət sahələrinin inkişafı üçün də real imkan və şərait yaratmışdır. Əli Bayramlılar bu şəraiti yüksək qiymətləndirirlər.
       Məktəbin yubileyi münasibəti ilə müəllim kollektivini, bütün işçi heyəti, bu məktəbdə vaxtilə işləmiş mütəxəssisləri, məktəbin valideyn və şagirdlərini, bütün şəhər ictimaiyyətini təbrik edirəm, onlara bundan sonra da dəyərli işlərində uğurlar arzulayıram.
       Nazim Kazımov – Təhsil Nazirliyinin nümayəndəsi (hazırda Bakı Musiqi Kollecinin direktoru), Musiqi Akademiyasının dosenti, pedaqoji elmlər namizədi:
       - Mən 70-ci illərin əvvəllərində A.Zeynallı adına Musiqi texnikumunu bitirib Əli Bayramlıya təyinat aldım. Müəllimlik fəaliyyətinə ilk dəfə bu məktəbdən başladım. Qazandığım təcrübəyə, müəllim nüfuzuna və rəhbərlik bacarığıma görə bu məktəbə ömrüm boyu minnətdaram. Bütün sonrakı həyatım, fəaliyyətim bu məktəblə, bu şəhərlə bağlı oldu. Mən Konservatoriyanı bitirindən sonra da həmin məktəbə təyinat aldım. Dərs hissə müdiri, 1983-1992-ci illərdə isə direktor işlədim. Məktəbin çox səmimi, çox bacarıqlı, işini yaxşı bilən, məsuliyyətli kollektivi var. Məktəbdə işlədiyim illəri əmək fəaliyyətimin və həyatımın ən parlaq, ən gözəl səhifəsi hesab edirəm. Xoşbəxtəm ki, bu məktəbin uğurlarında, respublikada nüfuz qazanmasında mənim də əməyim var. Əli Bayramlı əhalisi musiqiyə, sənətə, uşaqların bədii tərbiyəsinə çox önəm verən, müəllim əməyini qiymətləndirən insanlardır. Onlardan həmişə diqqət, səmimiyyət, sənətə və müəllimə hörmət görmüşəm.
       Mən fəxr edirəm ki, məktəbin sənət arxasınca gedən məzunlarının böyük əksəriyyətinə dərs vermişəm. Vaxtilə dərs dediyim şagird və tələbələr indi həmin məktəbdə,eləcə də ali və orta ixtisas musiqi məktəblərində dərs verirlər. Bunların sırasında Bakı, Sumqayıt, Lənkəran, Quba, Gəncə orta ixtisas musiqi məktəblərində, musiqi təmayüllü məktəblərdə, hətta Musiqi Akademiyasında işləyənləri var. Bəziləri musiqi məktəblərinə rəhbərlik edirlər. Məsələn, Əli Bayramlı musiqi məktəbinin hazırkı direktoruna vaxtilə Konservatoriyada ixtisas dərsi vermişəm.
       Mən qəlbən həyatım boyu bu təhsil ocağına bağlıyam. Məktəbin yubileyi hamı kimi mənim üçün də böyük hadisədir, toy-bayramdır. 40 il ərzində qazanılan nə varsa müəllimlərin zəhməti, ictimaiyyətin dəstəyi hesabınadır. Bu məktəbdə vaxtilə və indi işləyən müəllimləri də, bütün məzunları da, bütün işçiləri, valideynləri və şagirdləri də ürəkdən təbrik edirəm. Yubileydə iştirak etdikləri üçün təhsil və mədəniyyət nazirliklərinin əməkdaşlarına və şəhər icra hakimiyyətinin başçısına minnətdarlığımı çatdırıram. Hamıya möhkəm can sağlığı və xeyirxah əməllərində nailiyyətlər arzulayıram. Bu məktəbin hər bir uğuruna ürəkdən sevinirəm. Arzum budur ki, məktəb 100 illiyini də belə uğurla, təmtəraqla, belə alnıaçıq, başıuca keçirsin.
       Mubariz Dadaşov – Əli Bayramlı uşaq musiqi məktəbini direktoru:
       - Mən özüm ilk musiqi təhsilimi bu məktəbdə almışam. O vaxt mənə dərs verən müəllimlərin bəziləri artıq həyatda yoxdurlar. Mənə ilk musiqi təhsili verən bütün müəllimləri minnətdarlıqla yad edirəm. Hesab edirəm ki, məktəbin bu günkü yubileyində, uğurlarında onların da xüsusi zəhməti var. Müxtəlif illərdə məktəbə direktorluq etmiş Aydın Babayevi (1961-1964), Camal Qasımovu (1964-1970), MirYusif Manafovu (1970-1974), Elmar Hacıyevi (1974-1979), Oqtay Həsənovu (1979-1983) bu yubileydə xatırlamamaq, onlara təşəkkür etməmək olmaz. Məktəbin sürətli inkişaf mərhələsi respublikada böyük nüfuz qazandığı illər pedaqoji elmlər namizədi, dosent Nazim Kazımovun direktor və Adil Israfilovun tədris-hissə müdiri işlədiyi dövrə (1983-1992) düşür. Bu müəllimlərin musiqi məktəbinin nailiyyətlərində, dərs keyfiyyətinin yüksəlməsində, məktəbin abadlaşdırılmasında, yerli kadrların yetişdirilməsində xüsusi əməyi var.
       Bu gün şəhər Icra Hakimiyyəti, mədəniyyət şöbəsi, bütün şəhər ictimaiyyəti, mədəniyyət və təhsil nazirlikləri məktəbimizin problem və qayğılarının həllində yaxından köməklik göstərirlər. Ölkəmizdə keçid dövrü ilə bağlı yaranmış bəzi ötəri çətinliklər məktəbimizdə də yox deyildir. Lakin onların arada qaldırılmasına birgə səylə çalışırıq.
       Məktəbdə 35 sinif otağı və 100 nəfərlik konsert zalı var. Xor kollektivi, skripkaçılar ansamblı, xalq çalğı alətləri orkestri, «Arazbarı» xalq ansamblı, nağaraçalanlar ansamblı, qızlardan ibarət mahnı qrupu məktəbimizi şəhərin bütün ictimai və mədəni tədbirlərində layiqincə təmsil edirlər. Bu kollektivlər tez-tez şəhərdə məskunlaşmış qaçqınlar üçün və yaxın ətrafdakı qaçqın düşərgələri üçün, həmçinin hərbçilərimiz üçün də konsertlər verirlər.
       Məktəbimizin şagirdləri son illər bütün respublika müsabiqə və festivallarında iştirak etmiş, 1-2-3-cü dərəcəli diplom və fəxri fərmanlarla mükafatlandırılmışlar. Müəllimlərdən Vahid Bünyadov, Şəfaqət Məmmədova, Mürvət Verdiyev, Vaqif Məlikov, Afət Şirəliyev, Telman Qurbanov, Rəhman Həsənpur, Cəfər Qafarov, Fəridə Həsənova, Təranə Məlikova, Ilhamə Soltanova, Vaqif Abuzərov, Yaqut Quliyeva, Sevda Bağırzadə, Kəmalə Qafarova, Vəfa Qəmbərova, Mahir Fərəcov artıq neçə illərdir ki, məktəbdə dərs verirlər. Onların əksəriyyəti vaxtilə bu məktəbdə ilk musiqi təhsili alıblar. Bütün şəhər ictimaiyyəti qabaqcıl və təcrübəli müəllimləri ilə fəxr edir. Bu gün uşaq və yeniyetmələrin musiqi tərbiyəsi kimi şərəfli bir işin ağırlığını, məsuliyyətini bu müəllimlər layiqincə öz çiyinlərində daşıyırlar. Ümumiyyətlə, məktəbimizin çox səmimi, mehriban, sağlam kollektivi var. Müəllimlərin hamısı çalışır ki, məktəbin 40 il ərzində qazandığı hörməti, ad-sanı öz işləri ilə layiqincə davam etdirsinlər və yaşadaraq gələc ək nəsillərə ötürsünlər.
       Onu da qeyd edim ki, məktəbimizin şagird kollektivi son illərdə radio və televiziya vasitəsilə çıxışlar edib, hətta 1995-ci ildə radio-televiziyanın «Yaşıl yarpaq» respublika müsabiqəsinin qalibi də olmuşuq.
       Məktəbimizdə yaxşı ənənələr var. Məsələn, müəllimlərin əmək fəaliyyətini, yaş yubileylərini keçiririk. Tanınmış, görkəmli sənət, elm, mədəniyyət xadimləri ilə görüşlər təşkil edirik. Süleyman Ələsgərov, Ramiz Mirişli, Arif Babayev, Alim Qasımov, Oqtay Quliyev, Ramiz Quliyev, Mirəli Seyidov, Nazim Kazımov, Səid Hacıyev və bir çox başqaları bu görüşlər sayəsində məktəbimizlə yaxşı tanışdırlar.
       Mən istər bu məktəbin yetirməsi,istər müəllimi, istərsə də direktoru kimi 40 il ərzində məktəbin yaşayıb inkişaf etməsində, durmadan uğurlar qazanmasında böyük, yaxud kiçik zəhməti olan hər bir həmkarıma dərin təşəkkürümü bildirirəm. Yubileyin təşkil olunmasında iştirak edənlərə, məktəbin yubileyinə qoşulanlara, bütün qonaqlara və Əli-Bayramlı ictimaiyyətinə, bütün işçilərimizə və valideynlərimizə ürəkdən «sağ olun» deyirəm. Söz verirəm ki, məktəbin müəllimləri istedadlı Azərbaycan balalarının musiqi tərbiyəsi işində bundan sonra da bütün səylərini əsirgəməyəcəklər və ölkəmizin musiqi mədəniyyətinin tərəqqi etməsində bundan sonra da öz rollarını layiqincə yerinə yetirəcəklər. Inanıram ki, şəhərimizin musiqi məktəbi 100 illik yubileyini də beləcə uğurlarla, sevinclə və başucalığı ilə qarşılayacaqdır.
       Yubiley təbriklərinə qoşulmaqla və hörmətlə








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70